Möhsün Nağısoylu
(Əlyazmalar İnstitutu)
Orta əsr Azərbaycan-türk tərcümə əsərlərİnİn səcİyyəvİ dİl xüsusİyyətlərİ
Azərbaycan türklərinin uzun əsrlər boyu ərəblərlə və farslarla sıx ictimai-siyasi və ədəbi-mədəni əlaqədə olmaları bədii tərcümənin tarixi bir zərurət kimi ortaya çıxmasını şərtləndirmişdir. Bu məsələdə islamın müqəddəs kitabı Qurani-Kərimin mollaxana və mədrəsələrdə tədris edilməsinin müstəsna rolu olmuşdur. Belə ki, Quranın Azərbaycandakı yerli təhsil ocaqlarında tədrisi zamanı istər-istəməz bu İlahi Kitabdakı ayrı-ayrı mətləblərin yerli xalqın dilinə - türkcəyə tərcüməsinə ehtiyac yaranmış, beləliklə də, öncə Kitabın ayrı-ayrı ayələrinin şifahi tərcüməsi, sonra isə yazılı tərcüməsi ortaya çıxmışdır. Oğuzların ana kitabı sayılan Dədə Qorqud dastanlarında Qurani-Kərimin İxlas surəsinin bədii və müəyyən qədər sərbəst tərcüməsinin yer alması buna əyani sübut olmaqla yanaşı, bu cür tərcümə ənənəsinin islamın ilk dövrlərindən başlayaraq mövcudluğundan xəbər verir.
Quranın tam mətninin Oğuz türkcəsinə, deməli, həm də Azərbaycan türkcəsinə sətri tərcümələri verildiyi qədim əlyazmalar da günümüzə qədər gəlib çatmışdır. Onlardan biri İstanbulda Türk-İslam əsərləri muzeyində saxlanılır (şifri: 73). 734/1333-cü ildə tamamlanmış bu nadir və olduqca dəyərli əlyazmanın katibi və türkcə sətiraltı tərcümənin mütərcimi Hacı Dövlətşah bin Məhəmməd Şirazidir. Mütərcimin nisbəsinə əsasən onun Azərbaycan türkü olduğunu düşünürük, çünki Şirazda əski çağlardan bəri qaşqayların yaşaması bəllidir. Yeri gəlmişkən qeyd edək ki, “Gülşəni-raz”ın XV əsrə aid türkcə tərcüməsi Şirazdan olan Vəli Şiraziyə məxsusdur. Eləcə də XVI yüzilliyə aid “Şühədanamə” və “Şeyx Səfi təzkirəsi” kimi məşhur Azərbaycan-türk tərcümə əsərləri şirazlı Məhəmməd Katib bin Hüseyn Nişatinin qələmindən çıxmışdır.
Günümüzə qədər gəlib çatan Azərbaycan-türk tərcümə mətnlərinin əlyazmaları, əsasən XV-XVI yüzilliklərə aiddir. Ərəbcədən, daha çox farscadan tərcümə olunmuş bu mətnlər istər ədəbiyyat tarixinin, istərsə də ədəbi dil tarixinin araşdırılması baxımından çox önəmli və dəyərli yazılı qaynaqlardır. Onlar sırasında Şirazi təxəllüslü şair-mütərcimin “Gülşəni-raz” (1426), Əhmədi Təbrizinin “Əsrarnamə” (1478), Həzininin “Hədisi-ərbəin” (1524), Nişatinin “Şühədanamə” (1539) və “Şeyx Səfi təzkirəsi” (1543) tərcümələri xüsusi yer tutur (bax: 5; 6; 7; 8; 9; 11). Bu klassik tərcümə nümunələrindən ilk üçü nəzmlə, son ikisi isə nəsrlədir. Tərcümələrdən dördünün qaynağı fars dilində yazılmış əsərlərdir, yalnız Həzininin tərcüməsinin orijinalı ərəbcədir.
Orta əsr Azərbaycan-türk tərcümə mətnləri ilk növbədə dilinin sadəliyi, ümumxalq danışıq dilinə yaxınlığı və əski türkcəyə aid sözlərin istər bolluğu, istərsə də rəngarəngliyi ilə seçilir. Bu tərcümə örnəkləri ərəb və fars dillərini bilməyən türklər üçün hazırlandığı üçün sadə və anlaşıqlı bir dillə qələmə alınmışdır. Müşahidələr göstərir ki, ortaçağ mütərcimləri orijinalda işlənmiş ərəb və fars mənşəli sözlərin çoxunu onların doğma ana dilindəki qarşılıqları ilə verməyə daha çox meyil göstərmiş və əsasən, türk mənşəli sözlərə üstünlük vermişlər. Məsələn, Şirazinin “Gülşəni-raz” tərcüməsinin müxtəlif yerlərindən seçilən aşağıdakı beytlər yalnız türk mənşəli sözlər üzərində qurulmuşdur:
-
Bir od vardur dəmürdə, taşda gizlü,
Nə içdədür ol od, nə taşda gizlü...
-
Qovan arısınun balda dişi var,
Tonuzlan qurdunun dəxi işi var...
-
Oq içün oldısa qartal yeləgi,
Gümişlənür asılur qurd ənəgi...
-
Yemişlü ağacın yemişi tamlar.
Kim, anunla tolisər neçə tamlar...
-
İşinü tezrak tut, qoma gecə,
Gecəyi gündüz et, gündüzi gecə...
Şirazinin sadə və axıcı bir dillə qələmə aldığı bu beytlərdə cinas qafiyələrdən ustalıqla istifadə olunması da diqqəti çəkir. Belə ki, şair-mütərcim birinci beytdəki taş sözünü həm bərk cisim (“daş”) anlamında, həm də “dış”, “çöl”, “bayır” mənasında işlətmişdir. Dördüncü beytdəki tamlar sözü ilk misrada tamlamaq/ damlamaq (“damcıldamaq”) felinin indiki zamanındadır, ikinci misradakı tamlar isə tam/dam (“ev”) anlamını daşıyır. Sonuncu nümunədə qafiyə yerində işlənən birinci gecə sözü gec zərfinin yönlük hal şəkilçisi qəbul etmiş forması, ikincisi isə axşam anlamında olan gecə zərfidir. Bu cür nümunələrin sayını artırmaq da olar (bax:7,90-95).
Əhmədi Təbrizinin “Əsrarnamə”si, Həzininin “Hədisi-ərbəin” tərcüməsi və Nişatinin nəsr tərcümələrində də bu qəbildən olan, olduqca sadə və anlaşıqlı bir dillə qələmə alınan beytlər, cümlələr çoxdur. Nişatinin “Şühədanamə”sindən verilən aşağıdakı kiçik parça buna əyani sübut ola bilər: “Yaqubun oğlanları ol gecə quyunın üstində yatdılar. Uyxu anları apardı. Yəhudanun uyxusı gəlməz idi. Həman kim gördi kim, qərdaşları uyudılar, qənimət bulub, yalğuz qalxub ol quyunın başına vardı və avaz verdi ki: Ey qərdaşum Yusif, aya dirimisən, ya ölü? Yusif anun ünin eşidüb cavab verdi kim: Sən kimsən ki, biçarələrün halın sorarsan və qəribləri anarsan? Dedi: Mənəm-Yəhuda, sənün qərdaşun. Ey qərdaş halun nədür? Yusif ağlamağa düşüb dedi: Ey qərdaş, nola bir kimsənün halı ki atasınun kənarından ayrılmış ola və quyınun dibində yaxınlamış ola” (12,32a-b).
Orta əsrlər Azərbaycan-türk tərcümə mətnlərində xalq dilindən alınma söz və ifadələrin, ayrı-ayrı deyim və atalar sözlərinin işlənməsi də diqqəti cəlb edir. Bu baxımdan yenə də Şirazinin “Gülşəni-raz”ı və Nişatinin “Şühədanamə”si xüsusilə zənginliyi ilə seçilir. Öncə Şirazinin tərcüməsindəki aşağıdakı beytlərə nəzər salaq:
-
Ağız tatlumı olur bal deməkdən,
Məgər ləzzət gələ anı yeməkdən...
-
Kilimincə uzatğıl ayağüni,
Ayağündən sıyırmağıl bağüni...
-
İkindüyə demədi kimsə öylə,
Dedilər: Əgri otur, doğru söylə...
Yuxarıdakı birinci beytin ilk misrası atalar sözüdür və çağdaş dilimizdə bu şəkildə işlənir: “Halva-halva deməklə ağız şirin olmaz”. Qeyd edək ki, Şirazi bu atalar sözünü başqa bir yerdə də azacıq dəyişikliklə belə işlətmişdir:
Həqiqətdə məcazi hal olmaz.
Ki, bal deyənün ağzı bal olmaz.
Şirazinin ikinci beytindəki “Kilimincə uzatğıl ayağüni” atalar sözü isə müasir dilimizdə “Yorağanına görə ayağını uzat” və ya “Adam yorğanına görə ayağını uzadar” şəklində işlənir. Üçüncü beytdəki “Əgri otur, doğru söylə” atalar sözünün qarşısında Şirazi dedilər sözünü işlətməklə onun məhz xalq deyimi-atalar sözü olmasına işarət etmişdir. Bu atalar sözünün müasir ədəbi dilimizdəki variantı arasındakı fərq son iki sözün onların sinonimləri ilə əvəzlənməsindədir: “Əyri otur, düz danış” və ya “Əyri oturaq, düz danışaq”. Qeyd edək ki, “Əgri otur, doğru sözlə” atalar sözü prof. Samət Əlizadənin nəşrə hazırladığı “Oğuznamə”də də eynilə bu şəkildədir (10,33).
İndi isə Nişatinin “Şühədanamə”sindən verilən bir neçə nümunəyə diqqət yetirək:
-
Su içrə kim ki qərq oldı, anı qorqutma yağışdan...
-
Ya İbn Mərcanə, sənün ol qədər zəhrün yoxdur ki, mənüm başümdən bir tük əksük eləyəsən...
-
Ey hümayun qanatlu quş, qanatun belə qanlu nədən və gəlişün xandan?
-
Məhəmməd Kəsir anı hayqırdı ki, ey Ziyad oğlı, nə küklərsən? Mən səni tanımanam?! Sənün atan haramzadə idi, güc ilən Əbu Süfyanə bağladılar. Sənün nə həddün var ki, məni sögəsən?!
Nişatinin birinci cümləsi məzmunca müasir dilimizdəki “İslanmışın yağışdan nə qorxusu” atalar sözünə uyğun gəlir. İkinci nümunədə isə mütərcim xalq danışıq dilindən alınmış “mənüm başümdən bir tük əksük eyləyəsən” deyimini işlətmişdir. Yuxarıdakı üçüncü cümlə bütünlüklə xalq danışıq dilinə yaxın bir biçimdə qurulmuşdur. Burada işlənmiş “gəlişün xandan” deyiminə “Kitabi-Dədə Qorqud”da da eynilə rast gəlirik: “Bəg, gəlişün qandan” (3,47). “Şühədanamə”dəki sonuncu cümlədə də xalq danışıq dilinin təsiri açıq-aşkar şəkildə özünü göstərir. Burada işlənmiş “hayqırmaq”, “kükləmək” (“kükrəmək”) sözləri xalq dilindən alınmadır.
Ortaçağ Azərbaycan-türk tərcümə mətnlərindəki türk mənşəli sözlərin çoxu müasir ədəbi dilimiz üçün də ümumişlək səciyyə daşıyır. Onların bir hissəsi isə türkcənin daha əski qatlarına aiddir və müasir ədəbi dilimiz üçün köhnəlmiş sözlər – arxaizmlər sayılır. Bu qəbildən olan sözlər sırasında aşağıdakılar xüsusilə diqqəti çəkir: Alu – dəli, axmaq, ağıılsız; anca – o qədər, elə, eləcə, belə; arxuru/arquru - əyri, tərs, tərsinə; assı – fayda, qazanc, gəlir; bərx/barx– ev, saray; bayıq – açıq, açıqca, aşkar, gerçək; bunalmaq – huşunu itirmək, özündən getmək, bukavul - əsgəri birləşmə, əsgər bölüyü; canğı – məşvərət, müqavilə, söyləşmə; çaq – lap, düz; çav – səs, yüksək səs, şöhrət; çoqramaq – coşmaq, qaynamaq, çüçük – şirin; dək/tək durmaq – susmaq, səssiz durmaq, dəmrən – oxun ucuna keçirilən dəmir parçası; gədük-qüsur, nöqsan, çatışmazlıq, zədə, deşik; ig – xəstəlik, naxoşluq; isrə - ön, qarşı, irəli; key – yaxşı; kirtü – gerçək, həqiqi, sadiq; qalaqlanmaq – havalanmaq, özünü göylərdə hiss etmək, qırğıl – orta yaşlı kişi; öləng – otlaq yeri, örüş; uz – yaxşı, münasib və s.
Bu sözlərin işləndiyi bir neçə nümunəyə nəzər salaq:
Giyahiydin gül ilə bilə bitdün,
Çəmən bülbülləriylə anca öttün. (“Gülşəni-raz”)
Keçə qaburğaları ol dəm qamu,
Heybətindən bir-birindən arquru.
(“Hədisi-ərbəin” tərcüməsi)
Gücün sənün orada heç yetməz,
Bunı bildügün anda assı etməz. (“Gülşəni-raz”)
Hər kim evi ilən barxı istər, məndən ayrılsun.
(“Şühədanamə”)
Yəni kim canğı evi derlər ana,
Danışıq yeri idi öndin sona. (“Hədisi-ərbəin” tərcüməsi)
Çüçüklə acıya keçmiş qəza əzəl gündə. (“Şühədanamə”)
Birinci beytdə işlənmiş anca əski türk sözlərindəndir və eyni mənada bir sıra əski mətnlərdə işlənmişdir (14,23). İkinci nümunədəki arquru sözünün də uyğur yazısı ilə köçürülmüş qədim türk mətnlərində və ortaçağ türk yazılı abidələrində işlənməsi qeydə alınmışdır (13, I, 221-222). Bu sözün kökündə Mahmud Kaşğaridə “iki dağ arası”, “uçurum” mənasında işlənmiş “arğu” sözünün durduğunu düşünürük. Dədə Qorqud dastanlarında da bu söz işlənmiş, lakin eposun Bakı nəşrində yanlış mənalandırılmışdır (3,172). “Gülşəni-raz”dan verilən nümunədəki “assı” sözü eyni anlamda qədim və orta əsrlər türk mətnlərində bol-bol işlənmişdir. “Şühədanamə”dən verilən nümunədəki “barx” sözü “bark” şəklində Kül-Tegin abidələrində işlənmişdir (14,84). “Hədisi-ərbəin” tərcüməsindəki “canğı” sözünə “Şühədanamə”də də eyni mənada rast gəlirik. “Şühədanamə”də “canğı” ismindən düzəlmiş “canğıtmaq” feli də “sözləşmək”, “razılığa gəlmək”, “yekdil olmaq” mənalarında işlənmişdir. Maraqlıdır ki, “canğı”, və “canğıtmaq” felləri, əsasən, orta əsrlərə aid Azərbaycan-türk mətnləri üçün səciyyəvidir. Sonuncu nümunədəki “çüçük” sözü əski türk mətnlərində sücik şəklində işlənmişdir ki, onun “sücimək” felindən düzəlməsi qeyd olunur.
Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərindəki bəzi türk mənşəli arxaizmlərin digər əski türk mətnlərində işlənməsi haqqında məşhur qaynaqlarda heç bir qeydə rast gəlmirik. Bu qəbildən olan sözlər daha çox Nişatinin “Şühədanamə”sində işlənmişdir. Məsələn: əyğağ-casus; ğəcərçi – bələdçi, yol göstərən, kölük – minik atı, kutəl- yedək atı; qəytul-hərbi düşərgə qonğay – tədbir sahibi ağsaqqal, tabın – nökər, qulluqçu, təvacı – həri dəstə başçısı ulca - əsir və s. Bu sözlərin monqol mənşəli olmasını da istisna etmək olmaz.
Yuxarıda qeyd olunan orta əsr tərcümə örnəklərindəki arxaizmlər sırasında semantik qrup baxımından ən çox hərbi anlayışları, heyvan adlarını və dini anlayışları bildirən sözlər çoxluq təşkil edir. Hərbi leksikologiyaya aid arxaizmlər: bəglərbəgi – baş komandir çalış – çarpışma, əlbəyaxa döyüş; çəri – qoşun, ordu; qol – ordunun yan tərəfi; tip – ordunun mərkəzi; tuqçı – bayraqçı, bayraqdar; uğraş – çarpışma; döyüş və s. Əyğağ – casus, ğəcərçi - bələdçi, qəytul – hərbi düşərgə, təvacı - əsgəri dəstə başçısı, ulca - əsir sözlərini də bu qrupa aid etmək olar.
Dostları ilə paylaş: |