Tahirə Nurəlİyeva
(Əlyazmalar İnstitutu)
Vəqf olunmuş əlyazmaların bİr neçə nüsxəsİ haqqında bəzİ qeydlər
Qədim tarixə malik xalqımızın əsrlər boyu yaratdığı yazılı abidələr, onların öyrənilməsi və tədqiqi Azərbaycan xalqının, eləcə də Yaxın və Orta Şərq xalqlarının ədəbi irsini, elmə gətirdiyi nailiyyətlər xüsusi qiymətləndirilir. Yazılı abidələr nəsillərdən-nəslə keçərək, ayrı-ayrı şəxslər, əlyazmaları sevən, onlara böyük hörmətlə yanaşan əlyazma kolleksionerləri tərəfindən qorunub-saxlanılmış və əlyazmalar İnstitutunun yaranmasına əsas olmuşdur.
Zəngin və tarixi inkişaf yolu keçmiş Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünya mədəniyyəti xəzinələri arasında qiymətli yazılı abidələrin dəyəri, özünəməxsusluğu ilə qiymətləndirilir. Milli kitab – mədəniyyətimizin zənginliyi, orta əsr alimlərimizin və onların əsərlərinin çoxluğu anlamıdır. Yaradılmış zəngin əsərlər geniş xalq kütləsinin maraqlarına ədəbi zövqlərinə uyğun olduqlarından həmin əsərləri özlərinin daimi malı, şəxsi kolleksiyası, abidəsi olsun deyə onları vəqf edir, həmişəlik mənimsəyir, sonra övladdan-övlada, nəsildən-nəslə keçməsini vəsiyyət edirlər.
Əlyazmalar İnstitutunda elmin müxtəlif sahələrinə dair külli miqdarda müxtəlif müəlliflərin əsərlərinin vəqf olunmuş nüsxələri saxlanılır.
Vəqf etmək ənənəsi orta əsrlərdə əsasən müsəlman ölkələrində daha geniş yayılmışdır. Vəqf islam mülki hüququnda geniş yayılmış əmlak formasıdır. Ümumiyyətlə, dini, xeyriyyəçilik məqsədilə dövlətin və ya ayrı-ayrı şəxslərin öz istəyi ilə verilən və bağışlanan daşınar və daşınmaz əmlak vəqf adlanır.
“Vəqf” ərəb sözü olub “bir yerdə durmaq”, “sakin olmaq”, “Allah yolunda bağışlamaq” və s. mənalar kəsb edir. Yaranma tarixi islam dönəminə VII-VIII əsrlərə aid edilsə də, tarixçi alimlər bir sıra mənbələrə əsaslanaraq vəqfin ictimai kökü məbəd təsərrüfatı-ictimai təsərrüfat forması kimi cəmiyyətə ibtidai icma dövründən keçdiyini yazırlar. Məbəd təsərrüfatı (Хромовой сообственность) – islama (VII əsr) qədər ki, xristian dininə məxsus termindir. Vəqfin idarə edən şəxs “Mütəvəlli” və ya “Nazir” adlanırdı ki, onun da vəzifəsi gəlirin toplanmasına nəzarət etmək idi. Bu vəzifə irsi də olurdu. Vəqf edilən əmlak nə satıla, nə girov qoyula, nə də bağışlana bilərdi.
Əlyazmalar İnstitutunda saxlanılan vəqf olunmuş əlyazmalardan başqa “Vəqfiyyə” və yaxud “Vəqfnamə” adı ilə yazılmış əsərlər vardır ki, bunlar da çox maraqlıdır. Bu əsərlərdə vəqfin qanun-qaydaları, vəqf etmək məqsədilə vermək xeyriyyəçi kimi mülk tikdirmək, Quran oxuyanlara vəqf haqqında məlumat vermək və s. bəhs edilir. Quranın oxunmasında vəqf – fasilə, pauza və nəfəslə bərabər səsi kəsməkdir.
İnstitutda olan vəqf olunmuş əlyazmaları ayırmaq üçün bütün formatlardan olan abidələr bir-bir nəzərdən keçirilmiş, vəqf edən şəxsin möhürü, eləcə də şəxsi qeydi ilə müəyyənləşdirilmiş, 500-dən artıq əsər qeydə alınmışdır. Həmin əsərlər tədqiqata cəlb edilmiş iki cilddə “Vəqf olunmuş əlyazmalar kataloqu” yazılmışdır.
Bu məqalədə “Amili Zeynəddin bin Əli bin Əhməd əl-Şaminin ərəb dilində “Rövzətül-bəhiyyət” fi şərhül-ləməətüd-Dəməşqiyyə” əsərinin vəqf olunmuş nüsxələrindən bəhs edilir. Amili Zeynəddin h.966(=1558-59m.)-ci ildə vəfat etmişdir. Müəllif Şəhidi Sani adı ilə də məşhurdur.
Şəriətdən bəhs edilən əsər (D-399/10376) iyirmi üç hissədən (babdan) ibarətdir:
Birinci hissə - “Kitabüs-səlat” adlanır və bir neçə fəslə bölünür. Burada namazın savabı, yeddi şərtinin yerinə yetirilməsi, namaz qılarkən bədənin təmiz olması, qiblənin düzgün müəyyən edilməsi, namaz qılarkən yayınmamaq və başqa qanun-qaydalarından bəhs edilir. Həmçinin, səfər və ziyarət namazları, vacib və müstəhəb namazların qaydaları, təriqətlərin yolları, ölü basdırmaq, qorxu namazı, caamatla birlikdə namaz qılma qayda-qanunlarından danışılır.
İkinci hissədə - zəkat, ticarət, fitrə və başqa müstəhəq, vergi qaydaları.
Üçüncü hissədə (xums) –seyidlərə yetişən dini və zəkat formaları.
Dördüncü hissədə - oruc tutmaq qaydaları.
Beşinci hissədə - cihad qaydaları.
Altıncı hissədə - kəffarət haqqında (günahların bağışlanması üçün dini cəza (uzun ibadətlər, pəhriz və s.), günahlardan xilas olmaq üçün kasıblara verilən pul və ya bir şey haqqında).
Yeddinci hissədə - məhkəmə və şəriət məsələrinə dair qanunlar.
Səkkizinci hissədə - şahidlik kitabı və onların hansı keyfiyyətlərə malik olması.
Doqquzuncu hissədə - hədiyyə və sədəqə vermək.
Onuncu hissədə - haram və halallıq.
On birinci hissədə - ticarətin qaydaları.
On ikinci hissədə - borc vermək.
On üçüncü hissədə - rəhim məsələsi.
On dördüncü hissədə - qadağalar və onların səbəbləri.
On beşinci hissədə - girov qoymaq.
On altıncı hissədə - vəkalət (başqasının işini görməyə təyin olunma), vəkillik.
On yeddinci hissədə - sülh bağlamaq.
On səkkizinci hissədə - şəriklik.
On doqquzuncu hissədə - vergi məsələləri.
İyirminci hissədə - əmanət məsələsi.
İyirmi birinci hissədə - faizsiz borc.
İyirmi ikinci hissədə - əkinçilikdə hüquqi qaydaların tənzimlənməsi haqqında.
İyirmi üçüncü hissədə - məsafələr (iki yer arasındakı ara, fasilə).
Mətn ağ və göy vərəqlərə nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Başlıqlar, sözlərin altından çəkilmiş xətlər qırmızı mürəkkəblədir (ölçüsü: 19x33sm., həcmi: 270 vərəq). Cildi qəhvəyi rəngli meşindən, hər iki üzərində turunc var, həndəsi cizgilidir.
3b vərəqində əsərin mündəricatı verilmişdir. Əsərin mətni 4b vərəqindən başlanır. Başlanğıcda ərəb dilində yazılmış vəqf qeydinin məzmunu aşağıdakı şəkildədir: “Həmin kitab Məhəmməd Rəfi Molla Baba Şirvani oğlu (Bakıda sakin olub), öz övladlarına, nəsildən-nəslə vəqf etmişdir. Kitabın savabı, duası rəhmətlik Ümmi Cahan Məhəmmədqulu bəy qızının ruhuna çatsın. Vəqf şəriət qanunları əsasında yerinə yetirildi”.
Fiqh - şəriətdən bəhs olunan əlyazmanın 1a vərəqində Səlyandan Kərbəlaya gedən yolüstü kənd və şəhərlərin adları (Təlkə, Əlibəyli, Germi, Ərdəbil, Daşbulaq və s.), sonra İmamzadələrin adları, daha sonra isə h.1281(=1864)-ci ildə məhərrəm ayının 26-da (2 iyul) Molla Məhəmməd Rəfinin Kərbəladan qayıtması ilə əlaqədar qeydlər vardır.
5a-24a vərəqlərinin haşiyələrində hər vərəqin üç yerində ərəb əlifbası ilə وقف sözü yazılmışdır. 18a-da “Bu xüsusi vəqf Məhəmməd Rəfinin Axund Molla Baba Şirvani tərəfindən edilmişdir”. Bütün vəqf qeydlərinin hamısı Axund Molla Məhəmməd Rəfiyə məxsusdur.
Zəngin paleoqrafik xüsusiyyətlərə malik bu əlyazma h.1229(=1813-14m.)-cu ildə Zeynalabidin ibn Baba Səlyani tərəfindən köçürülmüşdür.
Əlyazmanın ikinci nüsxəsi D-400/10377 şifrə altında saxlanılır. Ağ, saya vərəqlərə nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Yarımbaşlıqlar və sözlərin altından çəkilmiş xətlər qırmızı mürəkkəblədir. Əvvəldən bir neçə vərəq boşdur. 6b vərəqindən müxtəlif qeydlər, sual-cavablar, müəmmalar verilmişdir (ölçüsü: 22x32sm., həcmi: 192 vərəq). Cildi qara rəngli meşindən, üzərində turunc var, həndəsi cizgilidir.
Əsərin mətni 9a vərəqindən başlanır. Başlanğıcda “Övlada xüsusi vəqf” və “Bu kitabı Məhəmməd Rəfi ibn Axund Molla Baba Şirvani vəqf etdi” – qeydləri vardır. Həmin vərəqdə 3, sonuncu 192a vərəqində iki yerdə eyni möhür basılmış və üzərindəمحمد رفيع ١٢٥٧ (Məhəmməd Rəfi 1257(=1841)-ci il sözləri yazılmışdır. Haşiyələrdə qeydlər çoxluq təşkil edir.
Şəriətdən bəhs olunan bu əlyazma h.1249(=1833)-cu ildə zilhiccə ayının 27-də köçürülmüşdür və Məhəmməd Rəfiyə məxsus möhürlə təsdiqlənmişdir. Xəttinə əsasən və təsdiqlənmiş möhürə görə əlyazmanın katibi Məhəmməd Rəfidir.
Abidənin digər nüsxəsi D-786/10783 şifrəlidir. Əlyazmanın mətni ağ, saya vərəqlərə qara mürəkkəblə nəsx xəttilə yazılmışdır. Yarımbaşlıqlar, sözlərin üstündən çəkilmiş xətlər, mətnarası işarələr qırmızı, bəzi sözlərin üstündən çəkilmiş xətlər qara mürəkkəblədir (ölçüsü: 20,5x 32,5sm., həcmi: 170 vərəq). Cildi qara meşindəndir, üzərində turunc var. Əvvəldən bir neçə vərəq boşdur.
Əsər “Kitabi-təharət”, “Kitabi-salavat”, “Kitabi-cihad”, “Kitabi-kəfalət”və s. başlıqlarladır.
1b vərəqində fars dilində yazılmış vəqf qeydinin tərcüməsi belədir: “Bu xüsusi vəqf Axund Baba Bakui (əslən məskəni Rudbaridən) tərəfindən öz oğlan övladlarına, nəsildən-nəslə, nəsil kəsildikdən sonra şiə alimlərinə şəriət qanunları əsasında edilmişdir. Qeydin yanında Məhəmməd Rəfiyə məxsus iki müxtəlif möhür basılmışdır. Birinci möhürdə ال محمد رفيع بند ه (Bəndeyi Ali Məhəmməd Rəfi) yəni Məhəmməd nəslinin bəndəsi Rəfi), ikincidə شا فعى يوم حسابا" محمد رفيع ين بابا (Hesab günündə (qiyamət) əhf etmək üçün vasitəçi olan Məhəmməd Rəfi ibn Baba) sözləri yazılmışdır. 2a vərəqində iki dəfə təkrarən وقف خاص (xüsusi vəqf) və yuxarıda göstərilən birinci möhür iki dəfə basılmışdır.
Haşiyələrdə qeydlər, şərhlər çoxluq təşkil edir.
Əlyazmanın əvvəlindəki boş vərəqlərin axırıncı səhifəsində Əhməd adlı bir şəxsin vəfatı haqqında şənbə günü məhərrəm ayının 7-də h.1283 (=22 may 1866m.) tarixli qeyd və bayatı yazılmışdır.
Mən aşıq yaşa mənsiz,
Bağların yasəmənsiz,
Mən oldum gülə həsrət,
Gülşənsiz yasəmənsiz.
Yox ağlayan dost kuyində,
Getməyin yasa mənsiz.
--------
Mən aşıq bu dağ haray,
Qəm məni bu dağ haray,
Könül istər əl yetməz,
Əgilməz bu dağ haray.
Titul vərəqində əsərin mündəricatı, müxtəlif qeydlər, təvəllüd tarixi və şeir parçası verilmişdir.
Əlyazmanın sonuncu vərəqində kiçik bir qeyddə deyilir: “Bu nüsxə müəllif nüsxəsinin əsli ilə tutuşdurulmuş və müqayisə edilmişdir” və əsər h.956(=1549 m.)-cı ildə tamamlanmışdır.
Fiqh elminə aid bu əsərin birinci cildinin tam olmasına baxmayaraq, katibi və köçürülmə tarixləri qeyd olunmamışdır.
Zəngin paleoqrafik əlamətlərə malik olan bu abidəni XIX əsrə aid etmək olar.
S-423/9376 şifrə altında saxlanılan bu nüsxə ağ, göy və boz rəngli vərəqlərə nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Yarımbaşlıqlar və bəzi sözlərin altından çəkilmiş xətlər qırmızı mürəkkəblədir. Əvvəldən bir neçə vərəq bərpa edilmişdir (ölçüsü: 18,5x30sm., həcmi: 298 vərəq). Cildi qara rəngli meşindən və hər iki üzü həndəsi cizgilidir.
1a vərəqində ərəb dilində olan vəqf qeydinin tərcüməsi belədir: “Bu kitab şəriət qanunu ilə Molla Məhəmməd Həsən ibn mərhum Axund Molla Fəzləli Nəvahili tərəfindən və həmin kitabın savabı isə anasının ruhuna keçirmək şərtilə vəqf edilmişdir. Molla Məhəmməd Həsən əslən Nuxalı olub-Bakıda yaşayır, h.1286(=1869-70m.) –cı ilin şəvval ayının 15-də (19 yanvar)”.
Sonuncu 298b vərəqində ərəb dilində evlənmə və boşanma haqqında yazı verilmişdir.
Mətnarası yazılar, haşiyələrdə müxtəlif qeydlər çoxluq təşkil edir.
Fiqhə aid əsərin sonu II qırmızı yazılmış cildin adı yazılmış mürəkkəblə “Kitabi-əlcarə” sözləri ilə bitmişdir. Köçürülmə tarixi qeyd edilməmişdir. Əsərin II cildi, S-504 şifr altında saxlanılır. Hər iki əlyazmanı müqayisə etdikdə xətlərin müxtəlif olduğu aydınlaşır.
Əsərin S-504/9457 şifrəli nüsxəsi ağ və boz rəngli vərəqlərə qara mürəkkəblə nəstəliq və nəsx xəttilə yazılmışdır. Yarımbaşlıqlar və sözlərin bir hissəsi qırmızı, bir hissəsi isə qara mürəkkəblədir (ölçüsü: 20x 30 sm., həcmi: 221 vərəq). Cildi qəhvəyi rəngli meşindəndir və üzərində turunc var.
1a vərəqində vəqf qeydi vardır. Qeyd aşağıdakı məzmundadır: “Məhəmməd Hüseyn, Hacı Molla Qasım və Xurşidbanu “Dəməşkiyyənin – şərhi” kitabını öz övladlarına və nəsildən-nəslə vəqf etdilər. Savabı isə qanuni şəkildə babalarının ruhuna çatsın.” 1a və sonuncu vərəqə basılmış möhür üzərində “Ali Məhəmməd Musa, sənə 1260” (Məhəmməd Musanın nəslindən, h.1260(=1844 m.) – sözləri yazılmışdır. Fiqhə aid bu əsər h.1256(=1840 m.)-cı ildə Məhəmməd ibn Əli İsfəhani tərəfindən köçürülmüşdür.
Beləliklə, vəqf olunmuş əsərlərin çoxluğu xalqın tarixən elmə maarifə və kitaba nə qədər bağlı olduğunu bir daha təsdiqləyir.
Dostları ilə paylaş: |