ƏDƏBİYYAT:
-
А.К.Рзаев Мухаммед Али М. Казем-Бек. Москва, 1989.
-
А.К.Рзаев Азербайджанские востоковеды XIX века Баку, 1986.
3. Кононов А.Н. История изучения тюркских языков в России. Москва, 1972, с. 206.
Sevinc Rəhnulla
(Əlyazmalar İnstitutu)
Şeyxülİslam Əbdüssəlam Axundzadənİn
həyatı
(arxiv sənədləri əsasında)
Qafqaz Ruhani İdarəsinin şeyxülislamları arasında Ə.Axundzadə dərin biliyi, xidmətləri, dinin müxtəlif sahələrində yazdığı əsərləri ilə seçilmişdir.
Tiflis-Kutaisi şiə quberniya məclisinin sədri Axund Hacı Baba Həsənzadə, üzvlər Axund Mustafa Talıbzadə, Axund İsmaıl Yusifzadə tərəfindən 1877-ci il fevral ayının 17-də təsdiq olunmuş şəhadətnaməyə əsasən Əbdüssəlam Axundzadə Salyan sakini Axund Vəliməhəmməd Allahverdi oğlunun Xanım Əliverdi qızı ilə qanuni nigahından hicri tarixi zilhiccə ayınin 12-si 1258-ci il, xristian təqvimi 2 yanvar 1843-cü ildə anadan olmuş doğma oğludur.
Dövlət müşaviri, Tiflis müsəlman gimnaziyasının ştatlı nəzarətçisi Ə.Axundzadə tam elmi kursu bitirdikdən sonra 1864-cü il yanvarın 1-i Salyana prixod mollası təyin olunub.
Əlahəzrət İmperatorun xidmətinə daxil olduğu üçün 1872-ci il 1 oktyabrda ruhani rütbəsindən azad edilmişdi.
Qafqaz Namestniki tərəfindən 25-26 yanvar 1873 cü il № 873 qərarı ilə Tiflis müsəlman gimnaziyasına şiə şəriət müəllimi təyin olunmuşdur.
1 yanvar 1878-ci il Senat rəhbərliyinin № 1 qərarı ilə xidmətlərinə görə Quberniya Katibliyinə üzv seçilir.
Yenə də Senatın 1 noyabr 1879-cu il № 128 qərarı ilə xidmətlərinə görə Kollegial katib vəzifəsinə keçirilib.
Qafqaz təhsil mərkəzinin rəhbərliyi tərəfindən 6 oktyabr 1879-cu ildə Zaqafqaziya müəllimlər seminariyasının Tatar şöbəsində şiə şəriəti müəllimi vəzifəsini yerinə yetirmək icazəsi verilmişdir.
Senat rəhbərliyinin 24 sentyabr 1880-cı il № 165 qərarı ilə Dövlət məmuru vəzifəsinə keçirilib.
Qafqaz təhsil dairəsi rəhbərliyi tərəfindən Zaqafqaziya müəllimlər seminariyasının Tatar şöbəsinə 28 iyul 1880-cı № 4041 qərarı ilə şiə şəriəti müəlləmi təsdiq olunub.
Senat rəhbərliyinin 11 noyabr 1882-ci il № 110 qərarı ilə xidmətlərinə görə Kolleg Asessoru (Çar Rusiyasında mülki rütbə, məhkəmə iclasçısı) təyin olunub.
Əla xidmətlərinə görə Mərhəmətli çar tərəfindən 1884-cü il dekabrın 26-da 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunub.
Senat rəhbərliyinin 11 iyun 1886-cı il № 11 qərarı ilə Saray müşaviri (Çar Rusiyasında 7-ci dərəcəli mülki rütbə) təyin olunub.
Senat rəhbərliyinin 1890-cı il 30 aprel № 94 qərarı ilə Kolleg Asessoru (Çar Rusiyasında mülki rütbə, məhkəmə iclasçısı) təyin olunub.
İran Şahı tərəfindən 1893-cü il 22 sentyabrda fars dilininin qrammatikasını tərtib etdiyinə görə 4-cü dərəcəli Şir və Günəş ordeni ilə təltif olunub.
7-ci dərəcəli mülki rütbədən aşağı olmayaraq 12 illik eyni vəzifədə qüsürsuz və səmimi fəaliyyətinə mükafat olaraq Rəhimdil çar tərəfindən 3 fevral 1894-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Əlahəzrətin mülki hissəyə 1aprel 1903-cü il № 25 əmrinə əsasən Dövlət müşaviri təyin olunmuşdur.
Əlahəzrətin təyinatı ilə 21 iyun 1894-cü ildə Zaqafqaziya Şeyxülislamı, Şiə Ruhani İdarəsinin sədri olmuşdur. Qafqaz Mülki işlər üzrə Baş idarənin 22 avqust № 7402 qərarında göstərilir:
“Daxili işlər nazirliyi Baş idarəni xəbərdarlıq edir ki, Əlahəzrət İmperator Zaqafqaziya Müəllimlər seminariyası Tatar şöbəsinin şiə müəllimi Kollegiya sovetniki Ə.Axundzadə Zaqafqaziya Şeyxülislamı təyin etmişdir.
Ruhani İdarəsinə bu təyinat barəsində xəbardarlıq edilsin. Qafqaz Təhsil dairəsinin müdirinə təklif olunur ki, haqqında danışılan Ə.Axundzadəni yeni təyininatı ilə əlaqədar vəzifəsini yerinə yetirmək üçün göndərilsin”.
Əlahəzrətin icazəsi ilə 21 aprel-26 may 1896-cı ildə Moskvada İmperator həzrətlərinin təntənəli müqəddəs tacqoyma mərasimində olmuşdur. Qeyd edək ki, Qafqaz Ruhani İdarəsinin şeyxülislamlarından yalnız Ə.Axundzadəyə belə bir mötəbər məclisdə iştirak etmək nəsib olmuşdur.
Böyük İran şahı tərəfindən 3-cü dərəcəli Şir və Günəş ordeni ilə təltif olunmuşdur. (Əlahəzrətin icazəsilə göndərdiyi şəxsin qəbuluna görə)
Rəhimdil çar tərəfindən qüsursuz və səmimi fəaliyyətinə mükafat olaraq 8 oktyabr 1896-cı ildə 2-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
1897-ci ildə 1-ci ümümxalq siyahıyaalınmadakı zəhmətinə görə bürünc medal təqdim olunmuşdur. Mərkəzi Statistika Komitəsinin direktoru tərəfindən Axundzadəyə 2 aprel 1897-ci il № 3648 qərarında bildirilir:
“Qibleyi-aləmin 30 yanvarda, Əlahəzrətin əmri ilə 1-ci ümümxalq siyahıyaalınmadakı zəhmətinə görə, siyahıyaalınmada və ya onun uğurla sona çatmasında iştirak edən şəxslərin 21 noyabr 1891-ci ildə Əlahəzrətin icazəsi ilə yaradılmış bürünc medal taxmaq hüququnun verilməsi haqqında ali fərmanı olmuşdur. Əlahəzrətə ayrı-ayrı şəxslər arasında paylanacaq medalların Daxıli İşlər Nazirliyinə təqdim etmək sevindirici idi. Daxıli İşlər nazirinin əmrinə əsasən, sizin 1-ci ümümxalq siyahıyaalınmadakı iştirakınıza görə mən sizə, № 144 şəhadətnaməsi ilə adı çəkilən medalı göndərməyi şərəf bilirəm. Acizanə xahiş edirəm, mənim tam hörmət və sədaqətimə inanasınız.”
Xeyirxah çar tərəfindən 1 yanvar 1902-ci ildə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif olunmuşdur.
1905-ci il erməni-müsəlman davası zamanı müxtəlif vaxtlarda Bakı, Naxçıvan, Yerevan, Yelizavetpol və Şuşa şəhərlərində qırğının dayandırılması, zərər çəkmiş müsəlmanlara yardım edilməsi işinə rəhbərlik etmişdir.
Əlahəzrət tərəfindən 6 oktyabr 1905-ci ildə 3-cü dərəcəli Müqəddəs Vladimir ordeninə layiq görülmüşdür.
Ə.Axundzadə 1907-ci il 18 noyabrda vəfat etmiş, Tiflisdə M.F.Axundovun dəfn olunduğu “Nəbatat bağı”nda torpağa tapşırılmışdır.
3 dəfə ailə həyatı qurub. Üçüncü nigahı Sona xanım Cavadbəy qızı ilədir. Vəfat etmiş birinci həyat yoldaşı Ummu-Sələmə Abdul-Əlibəy qızından beş övladı dünyaya gəlmişdir:
1) 28 dekabr 1879-cu il də Əbdül-Lətif bəy (başqa sənətdə 18 avqust 1877), 2) 28 mart 1880-cı ildə Əbdür-Rəşid bəy, 3) 20 noyabr 1882-ci ildə Asəf bəy, 4) 20 dekabr 1884-cü ildə Validə xanım, 5) 1 may 1887-ci ildə Zabitə xanım.
Vəfat etmiş ikinci həyat yoldaşı Gülarə xanim Hacı Ələkbər qızından 25 sentyabr 1901-ci ildə bir övladı - Asiya xanım anadan olmuşdur. Həyat yoldaşı və uşaqları onunla birlikdə Tiflisdə yaşayıblar.
Ə.Axundzadə vəfat etdikdən sonra ailəsi ağır maddi durumla üzləşib.
Qafqaz Canişinliyinin 6 yanvar 1908-ci il də Zaqafqaziya Ruhani İdarəsinə göndərdiyi № 47 əmrdə bildirilir:
“Canişinin qərarı ilə Əlahəzrətin sərəncamından rəhmətlik Zaqafqaziya Şeyxülislamıının dəfninə və başsız qalmış ailəsinə müavinət olaraq 300 manat verilib.
Bu gün rəhmətliyin dul qalmış arvadı Sona xanım və oğlu universitet tələbəsi Rəşid bəy pul yardımı göstərilməsi üçün Canişinə ərizə ilə müraciət etmişlər. Tələbə Rəşid bəy izah etdi ki, rəhmətlik atasını müalicə etmiş həkimlərin Rudenko, Çudnovsko, Krasovskaya aylıq zəhmət haqqları indiyə qədər ödənilməyib.
Dəftərxana Əbdüssəlam Axundzadənin ağır maddi vəziyyətlə üzləşmiş, həyatda hər bir vəsaitlərdən məhrum olmuş ailəsi uçun, 1907-ci ilə İdarənin saxlanılması üçün ayrılmış məbləğin qalığının İdarə üzvlərinə paylanılacaq pulundan müəyyən miqdarda vəfat etmiş Şeyxülislamıın ailəsinin ehtiyyacları üçün ayrılmasını xahiş edir. Həmçinin, bu ailəyə Tiflis şiə məscidindən pul yardımı göstərilməsinin mümkünlüyü məsələsinin həllinə baxılsın.
Dəftərxana xahiş edir ki, hesabat üçün nəticəsi bildirilsin.”
İmza edən: Hofmeyster rəhbərliyi (Çar Rusiyasında dəftərxanaya, xəzinəyə rəhbərlik edən yüksək rütbəli məmuru)
Müəyyən yardım göstərilsə də, onun ailəsi maddi və mənəvi sıxıntılar içərisində yaşamışdır.
Şeyxülislamın dul qalmış qadını Sona xanım Cavad bəy qızı tərəfindən 14 yanvar 1908-ci ildə edilən № 790-li xahişnamədən sonra 31 iyun 1908-ci ildə Qafqazdakı canişin dəftərxanasından Zaqafqaziya Şiə Ruhani İdarəsinə № 15233 əmr göndərilmişdir ki, Sona xanıma təcili təqaüd təyin olunsun.
Dostları ilə paylaş: |