Əliəkbər ƏHMƏDİ MÜQƏDDƏM
(Əlyazmalar İnstitutu
XII ƏSR ŞEİRİNİN ƏSAS JANRLARI
Qəsidə XII əsrşeirinin ən mühüm janrı kimi: Qəsidə XII əsrin ən mühüm janrlarından biridir. Bu dövr bir tərəfdən qəsidə janrının zirvəyə yüksəldiyi dövr, digər tərəfdən fars şeirində qəsidə yaradıcılığının son dövrüdür. Sənai, Əməq Buxarayi, Zəhirəddin Faryabi, Ədib Sabir, Xaqani, Ənvəri, Cəmaləddin İsfahani, Kəmaləddin İsfahani və başqaları bu dövrün məşhur qəsidə yazan şairləridirlər. Bu dövrün divanlarında qısa, orta və uzun qəsidələr vardır. Həm əvvəli qəzəl ilə başlayan, həm də qəzəlsiz başlayan qəsidələrə də rast gəlmək mümkündür. Ənvəri kimi bəzi şairlər qəzəl ilə başlayan qəsidələrində qısa qəzəllər vermişlər, Xaqani kimi şairlər isə uzun-uzadı qəzəllər qələmə almışlar. Bu dövrün qəsidələrində “təcdide-mətlə” adət halını almışdır (yəni qəsidənin ortasında mətlə beyti kimi hər iki misrasının qafiysi olan bir beyt yazmaq). Ən qədim nümunəsi Fərruxi Sistaninin şeirində tapılan təcdide-mətlə Xaqani tərəfindən bəyənilmiş və o öz qəsidələrinin çoxunda dörd dəfə təcdide-mətlə etmişdir. Həmçinin Ənvərinin divanında da təcdide-mətlə görünür. Xaqaninin təcdide-mətlələrində adətən müxtəlif mətlələr arasında xüsusi əlaqə olmur. Amma Ənvəri öz təcdide-mətlələrinin bəzisində Fərruxi Sistaninin üslubu ilə sonrakı mətlələr üçün müqəddimə hazırlamışdır.
XII əsrin xüsusiyyətlərindən biri də çətin rədiflərin işlənməsi zərurətidir. Xaqani, Sənai, Cəmaləddin və Kəmaləddin İsfahaninin və digər şairlərin divanında çoxsaylı ismi və feli rədiflər işlənmişdir. XII əsrin qəsidələri mövzu baxımından da əvvəlkilərdən rəngarəngdir.
Dostları ilə paylaş: |