(Bakı Dövlət Universiteti)
Ərəb ədəbİ dİlİndə söz yaradıcılığının spesİfİk xüsusİyyətlərİ
Dilin lüğət fondu ehtiyatının zənginləşməsində özünəməxsus yerlərdən birini tutan amil də müxtəlif ləhcələrdən ədəbi dilə keçmiş vahidlər məcmuyudur.
Onu deyək ki, haqqında istər orta əsr, istərsə də müasir ərəb dilçilərinin tam yekdil olduqları bu yeganə üsulu müxtəlif ərəb ləhcələrindən alınan sözlərin ərəb ədəbi dilinə keçməsi vasitəsilə leksikanın zənginləşməsi yolu kimi də müəyyənləşdirə bilərik.
Ərəb ədəbi dilində mövcud olan yaxin mənalı sözlər toplusunun böyük bir qisminin müxtəlif ərəb ləhcələrindən əxz olunması fikrini görkəmli orta əsr dilçilərindən ər-Racib əl-İsfəhani, İbn Cinni və Əhməd İbn Faris də müdafiə etmişdir [10; 29, 7; 374, 8; 33].
Bu məsələyə aydınlıq gətirmək üçün dilçilər ilk növbədə Qüreyş qəbiləsinin ləhcəsinin bazasında yaranmış ədəbi dilin tarixinə müraciət edir və müştərək ərəb ədəbi dilinin başqa ləhcələrlə təması olmayan saf Qüreyş ləhcəsinin əsasında formalaşdığını iddia edirlər [12; 214].
Mənbələrdə qeyd olunur ki, hər il müxtəlif bölgələrdən olan ərəblər Allahın evini ziyarət etmək üçün Məkkəyə Həcc ziyarətinə gələr və qüreyşlilərlə sıx təmasda olardılar. Qüreyş qəbiləsinin dili isə öz yüksək bəlağəti, gözəl fəsahəti və incəliyi ilə bütün qəbilələrin dillərindən fərqlənirdi. Həcc ziyarətinə gələnlər Qüreyş dilinin ən gözəl cəhətlərini əxz edir, şairlər isə öz şerlərini məhz bu dildə yazmağa üstünlük verərdilər [8; 33]. Lakin, təbii ki, bu təmas birtərəfli olmur, Qüreyş ləhcəsi də öz növbəsində bu qəbilələrin ləhcələrindən müəyyən sözlər əxz edirdi.
Çox maraqlıdır ki, başqa bir qrup orta əsr dilçiləri isə hələ cahili dövründə Qüreyş qəbiləsinin başqa qəbilələrlə təmasından danışır və onların bu qəbilə və tayfaların dillərindən müəyyən sözlər əxz etdiklərini qeyd edirlər. Məsələn, görkəmli orta əsr Misir dilçi alimi Süyuti bu barədə belə qeyd edir:
...كانت العرب تحضر الموسم في كل عام وتحج البيت في الجاهلية وقريش يسمعون لغات العرب فما استحسنوا من لغتهم تكلموا به فصاروا افصح العرب وجلت لغتهم من مستبشع اللغات مستقبح الالفاظ ...
[12; 221].
«Cahiliyyə dövründə ərəblər hər il mövsümdə Məkkəyə gəlir və Allahın evini ziyarət edirdilər. Qureyşlilər də başqa ərəblərin danışıqlarına qulaq asır, onların dillərindən xoşlarına gələnləri götürür və onlarla ünsiyyət qururdular. Buna görə də onların dili zəif ifadə və qəbih sözlərdən təmizlənir və onlar (qüreyşlilər - M.G.) ərəblərin ən fəsahətlisinə çevrilirdilər» .
Onu da demək yerinə düşər ki, bu fikri hələ Süyutidən qabaq Əhməd İbn Faris də söyləmiş və özünün «əs-Sahibi» kitabında Qüreyş qəbiləsinin Qeys, Təmim və Əsəd qəbilələrindən əxz etdiyi xeyli söz göstərmişdir [8; 52].
Professor Hakim Əz-Ziyadi isə öz növbəsində qeyd edir ki, «ərəb qəbilələri Qüreyş ləhcəsindən çox şey götürmüşlər» deyənlər unudurlar ki, Qüreyş qəbiləsi də bu ləhcələrdən heç nə əxz etməmiş deyildir. Müəllif həm də yazır ki, müştərək ərəb dili ancaq qüreyşlilərin dili demək deyildir, o, bütün ərəb qəbilələrinin dilindən ibarətdir və müəllifin təbirincə desək, «هي مولفة من مجموع لغات العرب » [ 11; 254].
Biz bu məqamda həmin məsələyə özünün « دراسات في اللغة » kitabında böyük bir fəsil həsr etmiş doktor İbrahim Samərrainin də adını çəkmək istərdik. O da, müasiri Hakim Əz-Ziyadinin fikri ilə razılaşaraq məsələyə münasibətini belə bildirir:«Bu gün bizə miras qalmış ərəb dili özündə «ləhcələr» adlanan bədəvi qəbilə dillərindən bir çox şey ehtiva edir. «Quran dili və ya ədəbi dil əslində Qüreyş və ya Hicaz dilidir» demək doğru deyildir. Ən doğrusu odur ki, bu dil bir birindən fərqli mühitlərdə yaşamış bir çox qəbilənin dillərindən toplanmışdır [6; 117].
Bugün alimlərin gəldiyi əsas qənaət isə ondan ibarətdir ki, zaman keçdikdə yaxin mənalı vahidlər cərgəsini təşkil edən onlarla sözdən hansı birisinin məhz hansı qəbilədən əxz olunması unudulmuş və müxtəlif ləhcələrdən ədəbi dilə keçid almış leksemlər vahid Qüreyş dilində «vətəndaşlıq hüququ» qazanaraq, ərəb ədəbi dilinin hazırki mükəmməl lüğət fondunun formalaşmağına güclü təkan olmuşdur [10; 29].
Yaxin mənalı sözlərin əmələ gəlməsinin ikinci üsulu sözlərin lüğətlərə toplanması yolu ilə əmələ gəlməsi yoludur. Qeyd edək ki, vaxtilə ərəb dilçiləri bu dili tədqiq etmək və ərəb dilinin leksik fondunu yaratmaq üçün səhralara üz tutmuş və öncə bəhs etdiyimiz kimi, burada məskunlaşmış bədəvi ərəblərlə həftələrlə, aylarla və bəzən də illərlə yaşamışlar. Onlar bu gün leksik fonda daxil olan sözləri ən fəsahətli dilə malik olmuş qəbilələrdən topladıqlarını iddia etsələr də, cəm etdikləri sözlərin arasında mövcud olan الخمر «xəmr» («şərab») sözünün sinonimi olan الخندريس «xəndəris» kimi yunan mənşəli, الاسفنط «isfənt» kimi fars mənşəli sözlərin olması onu sübut edir ki, sözlər lazımi diqqətlə seçilməmişdir. Lüğətlərə daxil edilən sözlər isə artıq dilin malı olur və ondan geniş şəkildə istifadə olunurdu. Belə sözlər bu və ya digər şəkildə lüğətlərdən lüğətlərə ötürülürdü ki, bu da sinonim vahidlərin sayını artırırdı.
Ərəb ədəbi dilində yaxin mənalı sözlərin yaranmasının üçüncü üsulu əşyanın əlamətlərindən birisini ifadə edən sözün substantivləşərək ismə çevrilməsi yoludur. Məsələn, العباس sözü vaxtilə «şir» isminin yalnız bir əlamətini ifadə etsə də, zaman keçdikcə o, bu məfhumu tam mənada ifadə etməyə başlamış və «əsəd» sözünün tam hüquqlu sinoniminə çevrilmişdir.
Biz bu məqamda adı çəkilən müddəaya nümunə olaraq elmi işə çoxsaylı «qılnc», «quyu», «bulud» və s. kimi sözlərin sinonim cərgə nomenklaturasını cəlb etmək fikrində deyilik, təkcə onu demək istəyirik ki, orta əsr müəlliflərinin əsərlərində məsələnin bu tərəfi ilə əlaqədar olaraq çox maraqlı məqamlar vardır ki, bunlardan biri də görkəmli ərəb ədibi olan Əbu-t-Tayyib əl-Mütənəbbinin öz divanlarının birində السيف sözündən 104 dəfə istifadə etdiyi halda, onun keyfiyyətini ifadə edən vahidlərdən 139 dəfə istifadə etməsi faktıdır. Bu rəqəmləri şairin həmin divanına diqqətlə nəzər salarkən bir az da dəqiqləşdirmək olar. Məsələn, o, «hüsam»dan 18 dəfə , «sarim»dən 17, «muhənnəd» sözündən 13, «məşrəfi»dən 8, «adab»dən 5, «mənasil»dən 9 dəfə, «samsamə»dən isə 2 dəfə istifadə etmişdir. Bu statistik məlumat السيف sözünün yaxin mənalı sözlərinin onların domanintın özündən heç də az işlənmədiyini göstərir. Özü də bu sözlərin hamısı əl-Mütənəbbi tərəfindən konkret cəhət və ya keyfiyyət mənasında deyil, məhz «qılınc» anlamında işlədilmişdir. Əl-Mütənəbbi ilə eyni dövrdə yaşamış başqa bir qüdrətli ərəb şairi, Əbu Faris əl-Həmədani də şerlərində «qılınc» sözünün müxtəlif yaxin mənalı sözlərindən istifadə etmişdir. Məsələn, o, şerlərinin birində «seyf» dominantının adını 62 dəfə xatırlatdığı halda, onun sinonimlərindən 74 dəfə istifadə etmişdir [ 11; 135- 138].
Qeyd edək ki, dilin yaxin mənalı vahidlərlə zənginləşməsində sözün semantik baxımdan inkişafının bir növü olan xüsusinin ümumiləşməsi kimi, ümuminin də xüsusiləşməsi العام تخصيص və mənanın daralması تضييق المعنى kimi amillərin də rolu az deyildir. Məsələn, vaxtilə البعير (dəvə) sözü həm الجمل (erkək dəvə), həm də الناقة (dişi dəvə) anlamını ifadə etmişdir. Sonra bu sözün mənası daralmış və o, yalnız الجمل sözünün sinoniminə çevrilmişdir. Elə məşhur orta əsr dilçisi İbn Mənni əs-Səqlinin də bu xüsusda rəyi belədir ki, müəyyən səbəblərdən الغنم sözü yalnız الضأن vahidinin sinonimi olub ancaq «qoyun» məfhumuna aid edilsə də, vaxtilə o, həm «qoyun», həm də «keçi» isminə şamil edilərdi. Zaman keçdikcə, insanlar bu sözlərin arasındakı fərqi unudaraq onların mənasını darlaşdırmış və nəticə etibarilə ümumi məna xüsusiyə keçərək dildə sinonim vahidlərin yaranmasına gətirib çıxarmışdır [11; 89].
Maraqlı cəhət burasıdır ki, bugün orta əsr dilçilərinin العامة لحن (qara camaatın səhvi) səpkisində yazdıqları əsərlərində bu növdən olan minlərlə sözün yer aldığından bəhs edən müasir dilçilər də yox deyildir [ 9; 134]. Və belə müasir dilçilərin rəyinə görə bu əsərlərin müəllifləri olan orta əsr dilçiləri mənanın daralmasını sözün semantik inkişafında deyil, sözün istifadəsi zamanı buraxılan səhvlərində axtarırdılar. Buradan belə qənaətə gəlmək mümkündür ki, orta əsr dilçiləri sözün mənasına dəyişməz bir hal kimi baxır, sözün etimologiyası və bir sıra tarixi amillərin sözün özünə etdiyi təsiri qəbul etmir və ya etmək istəmirdilər [9; 138]. Məsələ burasındadır ki, ərəb dilçiliyinin özündə XX əsrin 30-cu illərindən sonra rəvac tapmış sözə semantik inkişaf baxımdan yanaşılma məsələsi və bu problemin tədqiqini orta əsr ərəb müəlliflərinin əsərlərində araşdırmaq nə dərəcədə doğrudur?! Zənnimizcə bu mümkünsüzdür.
Eyni məsələni müasir dövr ərəb dilçiliyində araşdırsaq görərik ki, sözün mənasının daralması və ya konkret mənanın ümumilik kəsb etməsi məcaz yolu ilə, ərəblərin özlərinin مجاورة adlandırdıqları «yaxınlıq» üsulu ilə baş verir. Semantik baxımdan yaxın mənaları ifadə edən sözlər arasındakı fərqlər zaman keçdikcə unudulur və onlar yaxin mənalı vahidlərə çevrilirlər. Müasir dilçilər də sözün vaxtilə daşımış olduğu mənanı yeganə meyar hesab etmək fikrindən daşınır və həmin sözlərin hazırda kəsb etdikləri mənalardan çıxış edirlər. Elə bu baxımdan, bu məqamda hörmətli alim əz-Ziyadinin rəyi olduqca böyük maraq kəsb edir – «sözün ilkin (həqiqi) mənası ilə sonrakı (məcazi) mənaları arasında qəti bir hədd qoymaq mümkün deyildir. Sözün məna dairəsi daimi olaraq «hərəkətdədir» [11; 103].
Məsələn, elə alimin bu mülahizələri iddia etdikdən sonra gətirdiyi misallarda - klassik ərəb dilində biri digərinə sinonim mənada işlədilən المزادة və ية و الرا sözlərinin timsalında da bunun bir daha şahidi ola bilərik ki,المزادة vahidi vaxtilə «içərisində su saxlanılan qab»ı, ية و الرا isə «üzərində su daşınan dəvə və ya uzunqulaq» anlamında işlənsə də, zaman keçdikcə ية و الرا öz ilkin mənasını itirərək o da, «su qabı» mənasını kəsb etmişdir. Müasir dilçi bu faktın İbn Düreyd, İbn Sikkit və İbn Qüteybə tərəfindən də qeydə alındığını və onların da bu hadisəni sözün semantik inkişafı ilə əlaqələndirməyərək, onu «qara camaatın səhvi» kimi qələmə verdiklərini iddia edir [11; 109].
Məsələ burasındadır ki, bu və ya digər cütlüklərin gələcəkdə də müəyyən semantik dəyişikliklərə uğrayaraq daha yeni mənalar kəsb edəcəyi istisna olunmur. Belə ki, barəsində söhbət açdığımız bir sıra cütlükləri bugün müasir lüğətlərin birində izləyərkən الراوية vahidinin qeyd olunan mənalarla yanaşı, hətta «içki» məfhumunu da ifadə etməsinin, ikincinin isə, ümumiyyətlə, orada yer almadığının, özünün həm ilkin, həm də məcazi mənasının itirdiyinin şahidi oluruq [ 4; 322].
Yuxarıda qeyd etdiyimiz kimi, orta əsr dilçilərinin bir qismi sözlərin mənalarının inkişaf edərək dəyişməsi nəticəsində əmələ gəlmiş yaxin mənalı sözlərlə yanaşı onların səs tərkibində baş verən dəyişmə nəticəsində əmələ gələn yaxin mənalı sözlərin də olduğunu qeyd edirlər. Bəzi müasir dilçilər sözün səs tərkibinin dəyişməsi və ya əvəzlənməsi nəticəsində yaxin mənalı sözlərin yarana bilməsi fikrini qəbul etmir və ona qarşı çıxırlar. Məsələn, hörmətli professor Sübhi Saleh məşhur orta əsr dilçisi İbn Cinninin هتفت السماء və هتلت السماء cümlələrində verilmiş هتل və هتف fellərini yaxin mənalı söz kimi hesab etməsi ilə razılaşmayıb, yazır ki, bu fellər bir-biri ilə sinonim ola bilməzlər, çünki burada ya هتف feli هتل felinin ف – ل səslərinin əvəzlənməsi, ya da هتل feli ikincininل- ف əvəzlənməsi nəticəsində yaranmış variantıdır. Müəllif bu məqamda öz fikrini qüvvətləndirmək üçün daha bir neçə misal gətirir və دعس، طعس، طعز، دعز طحس، طحز، دعظ fellərinin də bu qəbildən olmasından və onların hamısının vahid دعس felinin səs əvəzlənməsi yolu ilə yaranmış müxtəlif variantlarından biri kimi çıxış edə bilməsindən bəhs edir [13; 321].
Onu da qeyd etmək lazımdır ki, orta əsr dilçilərinin səs əvəzlənməsi ilə yaxin mənalı sözlərin yaranmasının mümkünlüyünə ifadə olunan etiraz tək doktor Sübhi Salehin mövqeyi deyildir. Onun bu mövqeyi ilə digər müasir dilçilər, o cümlədən doktor Fəthulla Saleh əl-Mısri də həmrəydir. Belə ki, sonuncunun «əl-Ləhəcat» əsərində biz belə fikrə rast gəlirik:
Dostları ilə paylaş: |