Yeganə Rəhnulla
(Əlyazmalar İnstitutu)
“Raudət əl-bəhİyyə fİ şərh əl-ləmat
əd-dəməşqİyyə” əsərİnİn əlyazma nüsxələrİ
İslam aləmində fiqh bəhsinə aid yazılmış ən məşhur əsərlərdən biri Zeynəddin bin əl-Həsən bin Əli əl-Amilininروضة البهية فى شرح اللمعة الدمشقية”” “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsəridir. Bu şərh Cəmaləddin əbu Abdulla bin Məkki bin Əhməd əl-Amili əl-Cəzzini əş-Şeyx əl-Əvvəl əl-Uləma əs-Səninin (ö.h.784/m.1382) “Əl-ləmat əd-dəməşqiyyə” əsərinə yazılmışdır. Bu əsərlər Orta əsrlərdə Azərbaycan məscid və mədrəsələrində tədris vəsaiti kimi istifadə olunmuşdur. Əsər şiə məzhəbinə aid müxtəlif şəri məsələləri əhatə edir. 51 kitabdan ibarət olan bu şərh iki cilddən ibarətdir. Birinci cildə 27 kitab daxildir. Onlardan “Kitabu təharət”, “Kitabu salat”, “Kitabu zəkat”, “Kitabu xums”, “Kitabu hacc”,“Kitabu nəzr”, “Kitabu mutacir” və s. qeyd etmək olar. İkinci cild isə 24 kitabı əhatə edir. Onlardan “Kitabu icarə”, “ Kitabu vəkalə”, “ Kitabu nikah”, “ Kitabu talaq” və s. göstərmək olar. Əsərin müəllifinə gəlincə, o, tanınmış İslam alimlərindən biridir. Zeynəddin Amili h.1078 (m.1667-68)-ci ildə həcc ziyarətindən qayıdan zaman Yəməndəkən yolda vəfat etmişdir. O, “ Tarixi farsi”, “ Divan əş-şeir”, “ Mutəvasitu-l-futuh beynə-l-mutun va-ş-şuruh fi ilmi-l-heyə”, Əl-Mənasiku-l-mərviyyə fi şarhi-l-isnə işriyyə əl-həciyyə”, “Risalə ət-təqiyyə” və s. əsərlərin müəllifidir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Zeynəddin Amilinin “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsərinin əlyazma nüsxələri qorunub saxlanılır. Əlyazmalar institutunda 2 hissədən ibarət olan bu əsər həm bütöv şəkildə bir cilddə, həm də ayrı-ayrı cildlənmiş şəkildə mühafizə olunur.
S-224/6177 şifrəsi altında qorunub saxlanılan bu əlyazma hər iki hissəni əhatə edir. Şərh Avropa istehsalı olan sarımtıl rəngli, yarı ahərlənmiş və filiqranli vərəqə qara mürəkkəblə nəsx xətti ilə köçürülüb. Əsərdə bəzi söz və ifadələr qırmızı mürəkkəblə yazılb. Həmçinin bəzi söz və ifadələrin üzərindən qırmızı və qara mürəkkəblə xətt çəkilib. Haşiyələrdə və sətirlərin arasında qeydlər var. Şərq üsulu ilə səhifələnən bu əlyazmanın cildi kartona keçirilmiş açıq qəhvəyi rəngli dəridir. Şərh katib əl-Əbdul Qasir tərəfindən h.1268/m.1852-ci ildə köçürülüb. Həcmi 324 vərəq, ölçüsü isə 35x29 sm-dir.
S-732/9685 şifrəsi altında qorunub saxlanılan əsər Avropa istehsalı olan sarımtıl rəngli, nazik, yarı ahərlənmiş və filiqranlı vərəqə qara mürəkkəblə nəsx xətti ilə köçürülüb. Mətndə bəzi söz və ifadələr qırmızı mürəkkəblə yazılıb. Haşiyələrdə müxtəlif istiqamətlərə yazılmış qeyd və izahlar var. Binonimlər və orta əsr mətnşünaslığında tətbiq olunan şərti işarələr qırmızı və qara mürəkkəblə verilib. Əsərin sonunda kolofonun içində müəllifin adı (Zeynəddin Amili) və əsərin yazılma tarixi (h.957/m.1550) qeyd olunub. Cildi kartona keçirilmiş açıq qəhvəyi rəngli dəridir. Üzəri bir böyük və iki balaca basma medalyonla bəzədilmişdir. Əlyazmanın həcmi 312 vərəq, ölçüsü isə 26x16 sm-dir.
D-413/10390 şifrəsi altında qorunub saxlanılan bu əsər Avropa istehsalı olan həm göyümtül və həm də sarımtıl rəngli, yarı ahərlənmiş, filiqranlı vərəqə qara mürəkkəblə nəstəliq xətti ilə köçürülüb. Sətirlərin arasında və haşiyələrdə qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Bəzi söz və ifadələrin üzərindən qara mürəkkəblə xətt çəkilib. Əsərin əvvəlində kitabın fehristi verilmişdir. Burada əsərə daxil olan 51 kitabın adı qara mürəkkəblə yazılıb. Əlyazmanın arasında Həzrət Abbasa yönəldilmiş ərizə var. Şərq üsulu ilə səhifələnən əlyazmanın cildi kartona keçirilmiş tünd qəhvəyi rəngli dəridir. Həcmi 204 vərəq, ölçüsü isə 32,5x20,5 sm-dir.
Göstərilənlərdən başqa M-370/30763, S-423/21145 və D-618/10595 şifrələrində də əsərin digər nüsxələri qorunub saxlanılır. Əlyazmalar İnstitutunda “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsərinin birinci cildinin əlyazma nüsxələri tam hissəyə və ikinci cildə nisbətən daha çoxdur. D-96/3737 şifrəsi altında qorunub saxlanılan əsərin birinci hissəsi Avropa istehsalı olan sarımtıl rəngli, yarı ahərlənmiş və filiqranlı vərəqə qara mürəkkəblə nəsx xətti ilə köçürülüb. Bəzi söz və ifadələr qırmızı mürəkkəblə yazılıb. Həmçinin bəzi sözlərin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Mətnin haşiyələrində və sətirlərin arasında müxtəlif istiqamətlərə qara və qırmızı mürəkkəblə yazılmış qeyd və izahlar var. Şərq üsulu ilə səhifələnən əsər kolofonla bitir. Əlyazmanın cildi kartona keçirilmiş tünd qəhvəyi rəngli dəridir. Üzərinə xətlərlə bəzək vurulub. Əsərin katibi Həsən bin Məhəmməd, həcmi 304 vərəq və ölçüsü 32x20,5 sm-dir.
D - 149/11466 şifrəsi altında saxlanılan əsər Avropa istehsalı olan sarımtıl rəngli, nazik vərəqə qara mürəkkəblə şagird nəsxi ilə köçürülüb. Bəzi sözlər o cümlədən, əsərin adı və başlıqlar qırmızı mürəkkəblə yazılıb. Həmçinin bəzi söz və ifadələrin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Mətnin haşiyələrində həm müxtəlif istiqamətlərə yazılmış qeyd və izahlar, həm də qırmızı mürəkkəblə yazılmış binonimlər var. Əlyazmanın son səhifəsində kitabın fehristi verilmiş və burada 27 kitabın adı yazılmışdır. Abidə Şərq üsulu ilə səhifələnib və əsərin sonu kolofonla bitir. Bu kitab vaxtı ilə məşhur Azərbaycan alimi və katibi Əbdülqəni Nuxəvi Xalisəqarizadənin kitabxanasına məxsus olmuşdur. Cildi basma xətlərlə işlənmiş kartona keçirilmiş tünd qəhvəyi rəngli dəridir. Əsər h.1230/m.1814-cü ildə İsmayıl bin Mirzə Baba Təbrizi tərəfindən köçürülmüşdür. Əlyazmanın həcmi 166 vərəq və ölçüsü 33,5x21 sm-dir.
D-713/10690 şifrəli əlyazmada bu əsər Avropa istehsalı olan sarımtıl rəngli, filiqranlı və yarı ahərlənmiş vərəqə qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə köçürülüb. Vərəqlərdə D, R, A, C hərfləri qeyd olunub. Şərhdə bəzi sözlər o cümlədən, kitabların adları qırmızı mürəkkəblə yazılıb. Sətirlərin arasında və mətnin haşiyələrində müxtəlif istiqamətlərə qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Bəzi söz və ifadələrin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Haşiyələrdə binonimlər qara mürəkkəblə yazılıb. Şərq üsulu ilə səhifələnən əlyazma kolofonla bitir. Kitabın cildi açıq qəhvəyi rəngli kartona keçirilmiş dəridir. Üzərinə bir böyük və dörd balaca basma medalyon vurulub. Əsər İsmayıl Xan Xəlil tərəfindən h.1316/m.1898-ci il Oktyabr ayının 20-də cümə günü köçürülmüşdür. Əlyazmanın həcmi 219 vərəq, ölçüsü isə 30,8x18sm-dir. “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsərinin birinci hissəsinin digər nüsxələri B-127/1745, B-3862/5487, S-2/8956, S-326/9279, S-360/9313, S-366/14103, S-478/22316, D-105/10082, D-170/10147, D-324/10301, D-339/20783, D-479/ 10456, D-761/10738, D-786 /10763, D-858/10835, D-863/10840, D-905/10882 şifrələrində də qorunub saxlanılır.
Əlyazmalar İnstitunda Zeynəddin Amilinin fiqhə aid olan bu əsərin ikinci cildi də qorunub saxlanılır. Onlardan D-616/10593 şifrəsi altında saxlanılan ikinci hissə Avropa istehsalı olan həm göy və həm də sarımtıl rəngli filiqranlı vərəqə qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə köçürülüb. Mətndə bəzi söz və ifadələrin üzərindən qara və qırmızı rəngli mürəkkəblə xətt çəkilib. Sətirlərin arasında və haşiyələrdə müxtəlif istiqamətlərə qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Əsərdə fəsillərin adları qırmızı mürəkkəblə yazılıb. Əlyazmanın birinci səhifəsində əsərin fehristi verilmişdir. Bu fehristə ikinci cildə daxil olan 24 kitabın adı qara mürəkkəblə yazılıb. Abidə Şərq üsulu ilə səhifələnib, cildi isə kartona keçirilmiş açıq qəhvəyi rəngli dəridir. Cildin kənarına basma çərçivə, ortasına isə bir böyük və iki balaca basma medalyon vurulub. Şərh Əli bin Kərbalayi Baba tərəfindən h. 1240/m.1824-cü ildə köçürülüb. Həcmi 200 vərəq, 33,5x21,5 sm-dir. D-756/10733 şifrəsi altında saxlanılan bu şərh Avropa istehsalı olan sarımtıl rəngli, nazik, filiqranlı vərəqə qara mürəkkəblə narın nəsx xətti ilə köçürülüb. Mətn qırmızı mürəkkəblə çərçivəyə salınıb. Əsərdə ikinci cildə daxil olan kitabların adları qırmızı mürəkkəblə yazılıb. Həmçinin bəzi söz və ifadələrin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Mətnin haşiyələrində və sətirlərin arasında qara mürəkkəblə nisbətən kiçik şriftlə yazılmış qeyd və izahlar var. O cümlədən, haşiyələrdə qırmızı mürəkkəblə nisbətən iri şriftlə yazılmış binonimlər var. Şərq üsulu ilə səhifələnən əsərin sonunda müəllifin və əsərin yazılma tarixi (h.957/ m.1550) qeyd olunmuş kolofon var. Bu kitab da vaxtı ilə məşhur Azərbaycan alimi və katibi Əbdülqəni Nuxəvi Xalisəqarizadənin kitabxanasına məxsus olmuşdur. Cildi kartona keçirilmiş qəhvəyi rəngli dəridir. Üzərində basma çərçivənin içində bir böyük və iki balaca basma medalyon var. Əlyazma Ərdəbil şəhərində katib İbrahim bin Hüseyn tərəfindən h.1130/ m. 1717-ci ildə köçürülmüşdür. Həcmi 184 vərəq, ölçüsü 30x20,5 sm-dir.
D-860/10837 şifrəli əlyazma Avropa istehsalı olan sarımtıl rəngli yarı ahərlənmiş vərəqə qara mürəkkəblə narın nəsx xətti ilə köçürülüb. Əsərdə bəzi sözlər o cümlədən, kitabların adları nisbətən iri xətlə qırmızı mürəkkəblə yazılıb. Həmçinin bəzi söz və ifadələrin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Sətirlərin arasında və mətnin haşiyələrində qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Şərq üsulu ilə səhifələnən əlyazmanın birinci səhifəsində əsərin fehristi verilmişdir. Cildi kartona keçirilmiş tünd qəhvəyi rəngli dəridir. Əsərin katibi və tarixi qeyd olunmayıb. Həcmi 201 vərəq, ölçüsü isə 30x18,5 sm-dir.
Zeynəddin Amilinin “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsərinin ikinci hissəsi qeyd olunan nüsxələrdən əlavə S-504/ 22804, D-400/20778, D-606/10583, D-613/10589 şifrələrində də mühafizə olunur.
Dostları ilə paylaş: |