Dan-ahşam yerlərə əylər nəzər.
Dəxi Allah qorqusunun fikridir,
Bu fikir dün-gün könlümün zikridir.
(“Hədisi-ərbəin” tərcüməsi)
Ortaçağ tərcümə əsərlərinin səciyyəvi dil xüsusiyyətlərindən biri də onlarda frazeologizmlərə geniş yer verilməsidir. Qeyd etmək lazımdır ki, klassik mütərcimlər bir çox hallarda frazeoloji birləşmələri orijinaldan asılı olmayaraq müstəqil şəkildə işlətmiş, bəzən isə orijinaldakı bu qəbildən olan birləşmələri onların ana dilindəki qarşılıqları ilə ifadə etməyə çalışmışlar. Məsələn, Əhmədi Təbrizi “Əsrarnamə”nin farsca orijinalında işlənmiş aşağıdakı fars frazeologizmlərini çox ustalıqla onların türkcə qarşılıqları ilə vermişdir: dər çeşm amədən – çöpünə almamaq, dəst əfşandən - əl yumaq, sər baxtən – baş qomaq və s. Bu birləşmələrdən birincisi çöpə saymamaq şəklində digər klassik türk mətnlərində də işlənmişdir (13, I, 954). İkinci ifadəyə isə eynilə həm Nəsiminin, həm də Füzulinin dilində rast gəlirik (13, III, 1455). Sonuncu frazeologizm isə həm “Kitabi-Dədə Qorqud”da (3,153), həm də Nəsiminin dilində işlənmişdir (4,123).
Fars frazeoloji birləşmələrinin türkcə qarşılıqları ilə tərcüməsi baxımından “Şühədanamə” daha çox zəngindir. Məsələn, Nişati farsca mətndə olan aşağıdakı fars frazeologizmlərini bu şəkildə çevirmişdir: zəhr ab şodən – bağrı yarılmaq, kar əz dəst rəftən – iş işdən keçmək, kin xastən – qanını almaq, təəlloğ vərzidən – könül bağlamaq və s.
“Şühədanamə”də Nişatinin orijinaldan asılı olmayaraq sərbəst şəkildə işlətdiyi frazeologizmlər də vardır. Məsələn: ayağ kəsmək, bel bağlamaq, fikir atına minmək, könlin almaq, qanı qaynamaq, söz qapusı bağlamaq, səbr qalxanı yüzinə çəkmək, sözündən dönmək və s.
Şirazi də “Gülşəni-raz” tərcüməsində orijinaldan asılı olmayaraq bir sıra frazeoloji birləşmələri çox ustalıqla işlətmişdir. Məsələn:
Yenə gündüz ilə gecə qarışdı,
Bu yerdə kim od ilə su barışdı.
Xilas eylər səni kəndüligindən
Görürsin anı kim keçməz ogindən.
Necə Həqdən bu aləm ayru düşdi,
Fəna adın takındı, sayru düşdi.
Birinci beytdə iki frazeoloji birləşmə işlənmişdir: gündüz ilə gecə qarışdı və od ilə su barışdı. Bu birləşmələrin heç biri müasir ədəbi dilimizdə işlənmir: onlardan birincisi “erkən səhər çağı” anlamında, ikincisi isə “imkansız bir şeyin baş tutması” mənasında işlənmişdir. İkinci beytdəki “keçməz ogindən” frazeologizmi isə “ağlına bir şey gəlməmək” anlamındadır. Üçüncü beytdəki ayru düşmək, sayru düşmək frazeoloji birləşmələrinə gəldikdə isə, onlar müasir ədəbi dilimizdə də işlənir, sadəcə olaraq ikinci ifadədəki “sayru” əvəzinə onun sinonimi – fars mənşəli “xəstə” sözü işlənir: xəstə düşmək.
Yuxarıdakı nümunənin ilk beytindəki “od ilə su barışdı” frazeologizmi ilə bağlı qeyd edək ki, bu ifadəni böyük Azərbaycan şairi-dramaturqu Hüseyn Cavid bir şeirində bu şəkildə işlətmişdir:
Bən yetişdim atəşlə su
Dostları ilə paylaş: |