Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə51/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   47   48   49   50   51   52   53   54   ...   232
Həsənağa NƏCƏFOV

(Əlyazmalar İnstitutu)
Hafİz Hüseyn Kərbəlayİnİn təzkİrəsİ Məğrİbİ Təbrİzİ haqqında
Klassik irsin öyrənilməsində lazım olan məlumatlar ilkin qaynaq­lardan əldə edi­lir. Buraya ədib və şairlər, onların əsər­ləri haqqında ümu­mi və yığcam mə­lu­mat verən müxtəlif ədəbi təz­kirələr, toplular, şəxsiyyətlər barədə soraq kitabları, ta­rixə aid əsərlər və s. daxildir. Süfi şairlərin haqqında isə çoxsaylı təz­kirələr və baş­qa qaynaqlardan məlu­mat almaq mümkündür. Belə qaynaqların çeşidi müx­tə­lif olmaqla ya­naşı, burada top­lanan məlumatlar öz həcmi və əhəmiyyəti ba­xı­mın­dan da fərq­lənir. Bəzən isə ilkin qaynaqlarda yanlışlıqlar və qeyri-dəqiq mə­­lu­matlar da olur. Ona görə də araşdırıcılar ayrı-ayrı mən­bələrdən aldığı ma­te­rial­la­rı saf–çürük etməli, dəyərləndirməli və müqayisəli təhlil əsasında daha mötəbər mə­lumat verməli olurlar. Qeyd etmək lazımdır ki, ayrı-ayrı sənətkarların haq­qın­­da xüsusi araş­dırma aparmayan, ümumi ədəbiyyat tarixin­dən bəhs edən təd­qi­qat­çılar onlar ba­rədə yığcam məlumat ver­məklə kifayətlənir, yalnız əldə etdiyi tək-tək ilkin qaynaqlar əsasında ümumi fikir söyləyirlər. Ona görə də klassik ədib­lərin dövrü, həyatı və yaradıcılığını ayrıca elmi araşdırma mövzusu kimi qar­şı­ya qoyduqda, burada bütün qaynaqlar diqqət mərkə­zində da­yanır.

XV əsrdən başlayaraq yazılan müxtəlif qay­naq­larda – təz­ki­rə, cüng, tarixi mənbə, biblioq­ra­fi­ya, en­siklo­pediya və əl­yazma kata­loq­­­larında Mə­həm­məd Şirin Məğribi Təbrizi haqqında mü­­əy­yən məlumat ve­rilmiş, şeirlərindən nümunələr gös­tə­rilmişdir. Bunlardan başqa, İran, Türkiyə, Hin­distan, Orta Asi­ya, Avropa və Rusiya şərqşünasları Məğ­­ri­binin həyat və ya­radıcılığı haqqında çox qı­sa məlumat vermiş, şeirlərindən nü­mu­nələr gətirmişlər.



Məğribi Təbrizi haqqında məlumat ve­rən mən­bə­lər­dən növ­bəti əsər Hafiz Hüseyn Kərbəlayi ibn Kər­bəlayi ibn Dərviş Həsən Baba Fə­rəcinin «Rövzatül-cinan və cənnatül-cinan» ad­lı kitabıdır. Bu əsər üzə­rin­də xü­su­si dayanmaq lazımdır. Çünki bu qaynaq istər özün­dən əv­vəl­ki, istərsə də özün­dən son­ra yazılan təzkirə və digər qaynaqlarla mü­qa­yi­sə­də həm Məğ­ribi Təbrizi, həm də başqa şəxsiyyətlər haqqında daha ətraflı və da­ha mötəbər məlumatlarla zən­gindir. Əv­və­la, əsərin müəllifi haqqında bir neçə söz demək lazım gəlir. Belə ki, Azər­bayca­nın XVI əsr məş­hur sufi təriqə­ti­nə mən­sub olan bu alim və şair haq­qında heç bir mə­lu­mat gəlib bizə çatmamışdır. Müəllif Əmir Səfiyəddin Şah Müc­təba bin Əmir Bədrəddin Əhməd Laləvinin (h.892-983/­m.1486-1575) mü­rid­lər­in­dən olmuşdur. Onun təriqət silsiləsi Əmir Səfi­yəd­din vasitəsilə Əmir Seyyid Ab­dul­­lah Bərzeşa­ba­di­yə, Əmir Seyyid Əli Həmədani (vəf. h.786/m.1384) və Əlaüd­­­döv­­lə Simnani (h.659-736/m.1260-1335) vasi­tə­silə məş­­hur sufi Nəc­məd­din Küb­ra­ya (h.540-618/ m.1145-1221) çatır. Kitabı çapa ha­zır­­layan Cəfər Sultanül-Qur­­rai əsərin məziyyətlərindən bəhs edərkən qeyd edir ki, burada Təb­ri­zin gör­kəm­li me­marlıq abi­də­ləri, məscidləri, mə­bədləri, tarixi şəx­siyyətlər, məşhur şeyx­lər, ülə­ma­lar, şairlər, xət­tatlar, incəsənət xadimləri və s. haqqında geniş məlumat ve­­ril­­miş­dir. Əsərin mötəbərliyinə də­la­lət edən cə­hətlərdən bi­ri də budur ki, müəl­lif bu­­rada bəhs olunan şəxsiyyətlər haqqındakı mə­lu­mat­la­rı ixtiyarında olan mən­­­­bə­­lərdən başqa mürşid və müridlərindən, o cüm­lə­dən mür­­şidi Səfiyəddin Şah Müc­­təba, onun qardaşı Əmir Şiha­bəd­din Abdullah Laləvi (h.886-947/ m.1481-1540) və Sə­fi­yəddinin oğlu Əmir Xəlilullahın (vəf. h.955/ m.1548) dilin­dən, onlar isə ataları Əmir Bəd­rəddin Əh­məd Laləvidən (h.840-912/m.1436-1506) eşit­miş­lər (1, 9). Məğ­ribi Təbrizi haqqında bəhs olunan hissənin ilkin təh­­lili gös­tərir ki, müəl­lif onun haqqında olan məlumatları həm Caminin «Nə­fəhatül-üns», Sey­yid Mə­həm­məd Nurbəxşin «Sil­silətül-övliya» əsərlərindən, həm mür­şi­di Əmir Sə­fi­yəddin, həm də onun atası Əmir Bəd­­rəddinin qeyd­ və söhbətlərindən gö­tür­müş­dür. İndi isə həmin məlumatların təhlilinə keçmək lazım gəlir. Yuxarıda gös­tə­ri­lən məlu­mat­dan aydınla­şır ki, Məğribinin adı müəl­lif tərə­fin­dən Mövlana Mə­həm­məd Şirin əl-müştəhər bil-Məğribi, mən­şə və doğulduğu yer isə Təbrizin Ru­də­qat ma­ha­lının Ən­bənd (Əm­mənd) kəndi göstərilmişdir. Kərbə­la­yi Hüseyn şairi «qüd­­və­­tül-ari­fin» (ariflərin rəhbəri) və «züb­dətül-vasilin» (ən yax­şı­ların cövhəri) kimi epi­­tet­lər­lə ad­landırmışdır. Müəllif bu arif şairə qiy­mət verərkən qeyd edir ki, onun fə­zilət və ka­ma­lının zahiri və mənə­vi zən­gin­liyi məş­riq və məğribi bürü­müş­dür. O, zahiri və ba­tini elm­­lərə yiyə­lənmiş, lətif şeirlər və qiymətli əsərlər ya­rat­mış­dır. Kər­bəlayi Hüseynin verdiyi məlumatdan bəlli olur ki, şair təh­silini Təb­rizdə məş­hur şeyxlərin və alimlərin ya­nın­da almış, tə­səvvüfün seyr və sülu­kundan (mürşidin rəhbərliyi altında keçirilən təri­qət mərhələləri) də bəh­rə­­lən­miş­dir. Müəllif tə­rəfindən Məğ­ribi Təbrizinin aşağıdakı əsər­­lərinin adı çə­ki­lir:

1. Divan. 2. «Əsrari-Fatihə» («Fatihənin sirləri»). 3. «Cami-cahan­nü­ma» 4. «Dü­rə­rül-fərid fi mərifətit-tövhid» («Tövhidi ta­­nı­­maq­da ye­ga­nə dürr»). 5. «Nüz­hətüs-Sasaniyyə» («Sasani­lər hərəkatı») və s. (1, c.1, 67).

Kərbəlayi Hüseyn Seyyid Nur­­bəx­şin «Silsilətül-övliya» əsə­rinə istinad edərək gös­tə­rir ki, Mə­həmməd Şirin Məğribi Təbrizi böyük övliyalar­dan olmuş, tövhid həqi­qət­lə­­rinə yi­yə­lənmiş, təsəvvüfün kəşf və şühud (daxili işıq­lanma və mistik hal) an­lam­­­ların­dan bəhrələnərək bu möv­­zuda əsərlər yaz­mış­dır. Onun təsəvvüf və töv­hid möv­zu­sun­da yazdığı şeirləri incə mət­ləblərdən soraq verir. Həmin əsərə əsas­la­nan Kər­bəlayi Hü­seyn Təbrizi Məğribinin şeirlərini hirzi-can (canın til­simi) və tə­vizi-rə­van (ruhu əvəz edən) adlan­dır­mışdır. Məğ­ribinin təsəvvüf yoluna düş­mə­sindən bəhs edən bu qaynaq onun Şeyx İsmayıl Sisinin müridi olması, Məğrib di­ya­rına səfəri və İbn Ərəbi təriqətinə mə­n­sub olan bir şey­xin əlindən xirqə geyməsi haqqında mə­lumat verir.

Bəlli olduğu kimi, təsəvvüfün təşkilatlanma prosesində təri­qət­lər və silsilə önəm­li yer tutur. Bu prosesdə böyük təriqətlər çoxlu şöbə və şa­xə­lərə də ayrılır. Adə­tən, silsilə dedikdə bu və ya digər təriqətə mənsub olan sufilər öz şəcərə sil­si­lə­sini Həz­rəti-Məhəmmədə (s.ə.) (570-632) bağlayırlar. Əsərin dəyərli cə­hətlərin­dən biri də Məğribi Təb­ri­zinin təri­qət silsiləsinin Kər­­bəlayı Hüseyn tərəfindən müəy­yən­ləş­dirilməsidir. O, Əmir Səfi­yəd­­di­nin öz əlilə yazdığı qeydə əsaslanaraq şai­rin mənsub olduğu tə­ri­qət silsi­lə­sini tam ardıcıllıqla aşağıdakı kimi açıq­lamış­dır:

1. Şirin adı ilə məş­hur olan Məhəmməd ibn İzzəddin ibn Adil ibn Yusif Təb­rizi elm və təlqini Şeyx Bə­haəd­din əl-Hə­mədani, o isə öz növbəsində Şeyx Qüt­­bəddinin atası və ustadı Şeyx Ziyaəddindən, o da İzzəddin Tavusi­dən, o, Şeyx Sədəd­din əl-Həməvi əl-Cüveyni, o, Şeyx Nəcməddin Əhməd əl-Küb­ra, o, Şeyx İmar Yasir əl-Bidli­si, o, Şeyx Əbin-Nəcib (Əb­dül­qa­hir) əs-Söhrəvərdi, o, Şeyx Əhməd əl-Qəzali, o, Şeyx Əbi Əli əl-Katib, o, Şeyx Əbi Əli ər-Rudbari, o, Şeyx Cüneyd əl-Bağ­dadi, o, Sirri Səqtadan, o, Şeyx əl-Kərki, o, imam Əli ibn Mu­­­sa ər-Riza (ə), o, atası Musa əl-Kazimdən(ə), o, atası Cəfər Sadiq­dən (ə), o, atası Mə­­­­həmməd əl-Baqir (ə), o, atası Zeynalabidin­dən (ə), o, Hüseyni-Şəhiddən (ə), o, ata­sı Əli ibn Əbi Talibdən (ə), o da Rəsulallah Mə­həmməd ibn Abdullah­dan (s.ə.) əxz et­miş­dir.

Mövcud təzkirə və tarixi mənbələrdə Şeyx Bəhaəddin Hə­mə­dani haqqında heç bir məlumat yoxdur.

2. Həmçinin Qütbəddin Əbil-övliya Şeyx Mühyəddin əl-Ərə­­bi, o isə Əbil-Ab­­­basdan, o da öz növbəsində Əbil-Həsən Əli ibn Əbd ibn Came, o da Xızr Əli­dən bəh­rə­lən­mişdir.

Kərbəlayi Hüseyn Təbrizinin Məğribinin Mühyəddin ibn Ərəbinin müridi ol­­­ması haqqındakı qeydi isə tarixi gerçəkliyə uyğun deyildir. Caminin yazdığı kimi şairin h.809/m.1407-ci ildə 60 yaşında vəfat etməsini nəzərə alsaq, Məğri­binin doğum ta­ri­xi­nin h.750/m.1350-ci ilə təsadüf etdiyini təxmin etmək olar. İbn Ərəbi isə h.637/­m.1240-cı ildə vəfat etmişdir.

3. Həmçinin Şirin adı ilə məşhur olan Şeyx Məhəm­məd Şeyx Sədəddindən, o, atası Mahmud əz-Zəfərani­dən, o, Əli ibn Əbi­bəkr əs-Sivasi, o, Şeyx Sədrəddin əl-Qunyəvi, o, Şeyx Mühyəddin Ələvi, o, Şeyx Əvhədəddin (Hamid) əl-Kirmani, o da Şeyx Rüknəddin əs-Səcaci, o da Şeyx Qütbəddin (Əhməd) əl-Əbhəri, o da Əbin-Nəcib əs-Söh­rəvərdidən öyrənmişdir.

Şeyx Sədəddinin dövrü və tərcümeyi-halı haqqında isə heç bir mən­bədə mə­lu­mat yoxdur. Kərbəlayi Hüseyn «Rövzatül-ci­nan» əsərinin I cildində Məğ­ri­bi­nin müridi Əbdürrəhim Xəl­vəti və onun ustadlarından bəhs edərkən Mövlana Sə­dəddin Təbrizinin adını çəkir. Məğribinin mürşidləri sırasında adı çə­ki­lən Şeyx Sədəddinin, Əbdürrəhim Xəlvəti Məşriqinin Təb­rizdə xəttat müəllimi olan Şeyx Sə­dəddinlə eyni şəxs olmasını təxmin etmək olar, çünki onların hər ikisi təbrizli ol­muşdur. Buna görə təsəvvür etmək olar ki, Məğribi Əbdürrəhim Xəlvə­tinin xət­tat müəllimi olan həmin Şeyx Sədəddindən xirqə alıb geymişdir (2, 14).

4. Həmçinin adı çəkilən Şeyx İsmayıl Sisidən, o, Şeyx Bür­ha­nəddin əs-Sa­ğər­çi, o, Şeyx Əlaüddovlə əs-Sim­na­ni, onların hər ikisi Bağdadi adı ilə məşhur olan Şeyx Nu­rəd­din Əbdür­rəh­man əl-Əsfərayini, o, Şeyx (Cəmaləddin) Əhməd əl-Cur­­­fani, o, Şeyx Rəziyəddin Əli əl-Lalə, o, Şeyx Məcdəddin Şərəf əl-Bağ­dadi, o, Şeyx Nəcməddin Əhməd əl-Kübradan əxz et­mişdir.

Kərbəlayi Hüseynin Məğribinin kübrəviyyə təriqətinə mən­sub olan İsmayıl Si­sinin müridi olması haqqında təzkirələrdə yetərincə məlumat vardır.

5. Həmçinin adı çəkilən Şeyx Əbdülmömin əs-Səravi­dən, o, İzzəddin ət-Ta­hir əs-Səravidən, o, Şeyx Mahmud əl-Məkki­dən, o, Şeyx Şi­ha­bəddin əs-Söh­rə­vər­di, o, Şeyx Əbin-Nəcib (Əb­dülqahir) əs-Söh­rəvərdidən (Allah onların ha­mı­sın­dan razı ol­sun) əxz etmişdir (3, 71).

Qaynaqlara görə, Məğribi bir neçə silsiləyə mənsubdur ki, bu da qəribə de­yil, çün­ki sufilər bir şeyxdən iradət xırqəsi aldıqda, başqa şeyxlərdən də təbərrük xır­qə­si ala bilmişlər (3, 327). Beləliklə, Məğribi bir yolla Sədəddin Həməvi (vəf. h.665/ m.1266)­, onun vasitəsi ilə Nəcməddin Kübra, başqa bir yolla Sədrəddin Konyəvi (vəf. h.671-673/m.1272-1276-ci illər arasında), onun vasitəsi ilə Şeyx Müh­yəddin ibn Ərəbi məktə­binə, Əvhədəddin Kirmani (h.673-739/m.1274-1338) vasitəsi ilə Əbu Nəcib Söhrəvərdi (h.490-563/m.1096-1167), nəhayət, Sisi və Şi­ha­bəddin Ömər Söhrəvərdiyə (h.539-632/m.1144-1234) mənsubdur. Əbdürrəhman Cami onu söhrəvərdiyyə təri­qətinə mənsub bilmişdir, yəni o, əsl xirqəsini Söh­rə­vər­di­dən al­mışdır, qalan xirqələr isə təbərrük xirqəsi sayılır. Məlum olduğu kimi, İs­ma­­­yıl Sisi onun əsas mürşidi olmuşdur. O isə kübrəviyyə təriqətinə mən­subdur. Bu təriqətin banisi Nəcməd­din Kübra özü də Əbu Nəcib Söhrəvərdinin şagirdi Ruz­­behan əl-Vəzzan əl-Misrinin (vəf.h.584/m.1188) yanında mistik təc­rü­bə keç­miş­­dir. O, sonra öz təriqətini yaratmışdır. Bu təriqətin qollarından biri əs-Sim­na­ni­­nin (vəf.736/m.1335) şagirdi Nu­rəd­din Əbdürrəhman Əsfəraini (vəf.h.712 /­ m.1312), o birisi isə Məhəmməd ibn Abdullah Nurbəxş tərəfindən yaradılmışdır (4, 55).

Sonra müəllifin Əmir Səfiyəddinin atası Əmir Bədrəd­di­nə is­nad edərək ver­di­yi məlumata görə Məğribinin bir şeyx və sufi kimi kəramətləri də olmuşdur. Onun həyatı ilə bağlı mü­əy­yən hadisələr, bəzən qəribəlik hiss olunan məqamlar da nə­zə­rə çarpır. Onu da qeyd etmək lazımdır ki, orta əsrlər sufi ənənə­­lə­rində bu sa­yaq qəribəliklər, kəra­mətlər, röyalara inam və s. adi bir hal kimi qəbul edi­lir­di. Fə­ridəddin Əttarın «Təz­ki­rə­tül-övli­ya» («Övliyalar haq­qın­da təzkirə») əsərində də ay­­rı-ayrı şeyxlər və su­filər haqqında bu cür maraqlı əh­va­latlar çoxdur. Məğ­ribi haq­qında bu kitab­da bəhs olunan maraqlı bir hadisəni qeyd et­mək lazım gə­lir. Çünki bu hadisədə müəyyən kəramət mə­qam­larına işarə olun­sa da, Məğri­bi­nin bir sufi şeyxi kimi nə də­rə­cədə ehtirama malik olması qə­naə­tinə gəl­mək olur. Baş­­qa bir tərəfdən şairin ölüm tarixi ilə həmin döv­rün tarixi ha­di­­sələri ara­sında eynizamanlılıq və uyğunluq da tarixi həqiqətdir.

Yenə də Əmir Səfiyəddinin dilindən nəql olunur ki, bir dəfə Məğribi bir məc­­­lisə dəvət olunmuş, içəri daxil olar­kən məclis­də­kilər ehtiram əlaməti olaraq aya­­ğa durmuş və ona təzim et­miş­lər. Lakin rəsmi din xadimlərindən biri cahi­l­lik­dən yerin­dən qalxmamış, şairə etinasızlıq göstər­miş­dir. Məğribi ondan so­ruş­muş­dur ki, nə üçün dərviş­lə­rin və fəqirlərin ehtiramını sax­­la­mır və ayağa qalx­mır­­san? O isə cavab vermişdir ki, qalx­mı­ram. Məğribi də öz növbəsində d­e­miş­dir ki, qalx­­ma. Məc­lis qurtaran­dan sonra həmin bəxtidönmüş adam ye­rin­dən qal­xa bi­l­mə­­miş, onu bir kilimə büküb çaşbaş salaraq başqa bir mən­zilə apar­mışlar (1, c.1, 71).

Ayrı-ayrı qaynaqlarda Məğribinin ölüm tarixi kimi müxtəlif illər gös­tərilir. Ca­mi (158, 400), Qiyasəddin Xandəmir (5, 177), Qüdrətullah Qopaməvi (6, 616), Rzaqulu xan Hidayət (7,134; 8, 30), Seyyid Nurülhəsən (9, 99), Şəm­­səd­din Sami (10, c.4, 2858; 10, c.6, 4347) şairin ölüm tarixini h.809 / m.1406-cı il, Kəmaləddin Hüseyn (11, 92), Seyyid Ra­qim (12, 140) h.807 / m.1404-cü il, Mə­həm­mədəli Tərbiyət (13, 353) və Mə­həm­mədəli Müdərris (14, 353) h.808/ m.1405-ci il, h.809/m.1406, hətta h.819/m.1416-cı il kimi tarixləri gös­tər­miş­lər. Şai­rin ölüm tarixinin də­qiq­ləşdirilməsində Kərbəlayi Hü­seynin əsərin­də verilən mə­­­­lu­mat daha çox diqqətəlayiqdir. Müəllif bu tarixi hə­min dövrün ic­timai-siyasi ha­di­sələri ilə əlaqələndirir. O gös­tə­rir ki, Miranşahın oğlu Mirzə Əbubəkr (öl.­ h.­811/m.1409) Qa­ra­qo­yunlu hökm­darı Qara Yusif (h.756-823/ m.1355-1420) tə­rə­fin­dən məğlubiy­yə­tə uğrayandan sonra yenidən qoşun toplayıb Təbrizə hücum et­­mişdir. Miranşah Qa­ra Yusifi məğlub edən­dən sonra Təbriz­də kütləvi qırğın tö­­rədəcəyini və şə­hə­ri yerlə-yeksan edəcəyini söy­ləmişdi. Həmin dövrdə Təbrizdə taun xəstəliyi də ya­yıl­mış­dı. Miranşahın bu niy­yə­tindən təşvişə düşən Təbriz ca­maa­tı Məğribinin ya­nına tələsmiş və xalqın dərdini ona bildir­mişlər. Şair onların iz­ti­ra­bı­nı görərək təs­kinlik vermiş, səbrli olmağı və qəlb­lərini Haq­qa bağlamağı töv­siyə etmişdir. Bir saat keçən­dən sonra isə Məğ­ribi onlara cavab verərək de­miş­­dir: «Mən Tanrı dər­gahına üz tutdum, hadisəni danışdım. Bu bə­lanın dəf olun­­­ması üçün qur­ban­lıq tələb etdilər. Mən özü­mü qurban et­dim. Sabah mən bu dün­y­adan kö­çə­cə­­yəm. Məni Surxabda Baba Məzidin qəbri ya­nında dəfn edər­si­niz. Oradan qa­yı­dar­kən Miranşahın oğlu Mirzə Əbubəkrin qoşun­la­rı­nın dar­ma­dağın edi­lə­rək pə­rən-pə­rən olduqlarının şahidi olarsınız» (1, c.1, 73).

Əlbəttə, təbrizlilərin məhz Məğribiyə müraciət etmələri, onun bir övliya ki­mi nə qədər böyük kəramət və inam sa­hibi ol­­du­ğunu göstərir. Həqiqətən də, ha­di­sə­lər elə cərə­yan edir ki, Əmir Qara Yusif, Əmir Bəstam Cagir və Azər­bay­ca­nın baş­qa igid sərdarları ilə birlikdə Miran­şah və oğlu Əbubəkrin qoşun­la­rını dö­yüş­də məğlubiyyətə uğra­dır­lar. Kərbəlayi Hüseynin yazdığına görə, həmin dö­yüş və Mi­ranşahın öldü­rülməsi hicri 809/m.1407-cı ilin sonu, h.810/m.1408-ci ilin əv­vəl­lə­rinə təsa­düf edir. Tarixi mənbə­lə­rin göstərdiyinə görə Qara Yusiflə Mi­ran­­şah ara­sındakı döyüş hicri 810-cu il zilqədə ayının 4-də Təbriz ya­xınlığın­dakı Sər­d­rud çayı sahilində baş vermişdir ki, bu da miladi ta­rixlə 21 aprel 1408-ci ilə tə­sa­dü­f edir (15, 134). Elə Məğribi də həmin ərə­fədə vəfat et­miş­dir. Məğribinin mü­rid­lərindən olan Xacə Əbdür­rə­him Xəl­vəti (vəf.h.859/m.1454) şairin vəfat ta­ri­xi­ni aşağıdakı mad­deyi-tarixlə (xro­noqramma) h.810/m.1408-ci il göstər­miş­dir:

ﭽون مغربى از ﻤﺸﺭﻕ تن رفت به مغرب

در جنت فردوس بديدم كه به سير است

ﭙرسيد مش از عاقبت و سال وفاتش

(1, c.1, 75) خندان و خرامان شد و ﮔفتا كه «خير» است


(Məğribi can məşriqindən məğribə köçən kimi

Cənnət bağında seyr etdiyini gördüm.

Aqibətini və vəfat tarixini soruşdum,

Güldü, sevindi, buyurdu ki, «xeyrdir»).

Yuxarıdakı şeirin sonuncu misrasındakı «xeyr» sözü əbcəd hesabı ilə h.810 / m.1408-ci ilə bərabərdir. Beləliklə, Məğri­bi­nin vəfat tari­xi­ hicri 810-cu ilin əv­vəl­lə­­rinə təsadüf olunur ki, bu da miladi tarixlə 1408-ci ilə bərabərdir. Qay­naq­la­rın ək­səriyyəti Camiyə isnad edərək şairin 60 il ömür sürdüyünü gös­tərmişlər. Bu he­sab­la onun do­ğum tarixi h.750/m.1350-ci ilə təsadüf edir. Kərbəlayi Hü­seyn Məğ­­ribi Təbrizi haqqında verdiyi son də­­rə­­cə qiymətli mə­lu­matlarını şairin üç qə­zə­­lin­dən (2 fars, 1 ərəb) nümunə gətirməklə tamam­la­yır (1, c.1, 75). Müəl­li­fin əsə­rinin ayrı-ayrı səhifələrində başqa şeyxlər, sufi­lər və şəx­siy­yət­­lər haqqında mə­­lu­mat verilərkən Məğ­ri­bi Təbri­zi ilə bağlı maraqlı məqam­lara rast gəlmək olur ki, bunların içə­risində onun həyatı və şəxsiyyətini açıqla­yan cə­hət­ləri qeyd et­mək ye­­rinə düşər. Məsələn: Kərbə­la­yi Hü­seyn Məğribinin müasir­lə­rindən biri olan şey­xülis­lam Mövlana Kəma­ləddin Əb­dül­qadir Naxçıvaninin (vəf.h.801/ m.1398) və­fatı haqqında bəhs edər­kən göstərir ki, Məğ­ribi ona eh­ti­ram əlaməti ola­raq yas məc­lisi qurmuş və ehsan vermişdir (1, c.1, 60). Məlum ol­­duğu kimi Məğribi bir su­fi şeyxi mərtəbəsinə yük­səl­miş və onun özü­nün də müridləri ol­muş­dur. Məğri­bi­­nin mü­rid­lərindən biri onun ölümünün maddeyi-tari­xi­ni verən Xa­cə Əb­dür­rə­him Xəlvətidir. Maraqlıdır ki, Xəl­və­ti­nin atası Şəm­səd­din Mə­həm­məd (vəf. h.812 / m.1409) də onun müridlərindən ol­­muş­­dur. Müəl­lif göstərir ki, Xəl­vəti həm ata­sından, həm də Məğribi­dən fay­da­lan­mışdır (1, c.1, 83). Kərbə­layi Hüseynin sözü gedən təzkirə­sində daha bir maraqlı məsələ diqqəti cəlb edir. Kərbəlayi Hü­seyn gös­tərir ki, Əb­dül­həy h.825/­m.1421-ci il­də Qara Yu­si­fin oğlu İskəndərin (öl. h.841 / m.1437) səltə­nə­­tinin əv­vəl­lərində vəfat etmiş və Məğribinin məzarının ya­nında dəfn olun­­muşdur. Məğ­ri­bi onu öz öv­ladı adlan­dır­ırmış (1, c.1, 85). Əsə­rin başqa bir yerində isə Əmir Bədrəddin La­ləvi­nin öz əli ilə yazılmış qeyd­lər­də ayrı-ayrı şəxsiyyətlərin do­ğul­du­ğu yerlərin ad­ları qeyd olunmuşdur ki, bu­ra­da Məğribinin Ən­­bənd kən­din­dən olduğu təs­diq­lənir (1, c.1, 272). Əsərin bir yerin­də isə görkəmli Azər­baycan şairi Əs­sar Təbri­zi­­nin Şeyx Kamal Xo­cəndi və Möv­lana Məhəmməd Məğribi ilə müa­sir və həm­söh­bət olması gös­tə­rilmişdir (1, c.1, 361).

Məğribi ilə əlaqədar daha bir şəxsiyyətin bu əsərdə xatır­lan­ması diqqəti cəlb edir. Bu, Mövlana Əbu Mə­həm­məd Nurəd­din Əbdür­rəhim əl-Bəz­za­zi­ni­dir. Kər­bəlayi Hüseyn göstərir ki, o, Ziyaəddin Bəzzazini­nin oğlu və Məğ­ri­bi­nin müridi ol­muş­dur. Onun yazdığı bir qeyd­də Məğ­ribininin epitetləri belə sa­da­­la­­nır: Əbu Abdullah Mə­həmməd ibn «əş-şeyxül-abidün-nasi­küz-zahid» («mömin şeyx, din­dar zahid») Şeyx İzzəddin ibn Adil ibn Yusif ət-Təbrizi müvət­tə­nən, əl-Məğ­­­­ribi məz­həbən, əl-müştəhər bi Mövlana Məhəmməd Şirin. Həmin qeyd­dən bəl­­­li olur ki, Məğribinin atası İzzəddin şeyx olmuş, «əş-şeyxül-abidün-na­si­küz-zahid» ad­lan­dırıl­mış­dır (1, c.1, 336). Bu məsələyə toxunan müasir İran alimi Əb­­­­dül­hüseyn Zərrinkub Məğribinin atasının onun təlim-tərbiyə­sin­də rolu ol­du­ğu­­­nu qeyd et­miş­dir (16, 151). Nurəddin Əbdür­rə­him Məğ­ribiyə qarşı son dərəcə sə­mimi ol­muş və öz mürşidi Məğ­ri­biyə olan iradətini ifa­də etmək üçün bir dəfə Təb­­rizdə ya­­şa­dığı Bəttalabad küçəsindən Məğribinin yaşadığı Ətku kü­­çə­si­nə­dək mayallaq aşa-aşa get­miş­dir (1, c.1, 336). Bu qeyd­də hətta şairin Təbrizdə ya­şa­dı­ğı kü­çənin də adı çəkilmişdir. Kərbəlayi Hüseyn «Rövzatül-cinan» əsərinin II cil­din­də də Məğribi ilə bağ­lı bəzi məqamlara toxunur, onun mürid­lərindən Xacə Müin, Xacə Məşayix Bə­ni­si və həmçinin Şeyx İsmayıl Si­sinin də müridlərinin ad­la­rını çək­miş­dir (1, c.2, 48). Kərbəlayi Hü­seynin sözü gedən əsərindən sonra ya­zı­­­lan mən­bə­lərdə, demək olar ki, Məğribi haqqında olduqca qısa və əvvəlki mənbələri təkrar edən mə­lu­mat­­lar verilmişdir.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin