Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə47/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   43   44   45   46   47   48   49   50   ...   232
Lalə Əlİzadə

(Ədəbiyyat İnstitutu)
Fələkİ Şİrvanİ dİvanının əlyazma nüsxələrİ və nəşrİ tarİxİndən
Klassik Azərbaycan ədəbiyatında önəmli yerlərdən birini tutan, XII yüzil korifey sənətkarları sırasında dəsti–xətti ilə se­çilən Məhəmməd Müəyyəddin Fələki Şirvani irsindən dövrü­mü­zədək cüzi bir hissə gəlib çatmışdır.Ümumiyyətlə, XII əsr Azərbaycan mədəni həyatında tutduğu mövqeyi,onun ictimai – siyasi tarixinin bir sıra səhifələrini özündə əks etdirmək ba­xımından bu şeir nümunələrinin əhəmiyyəti misilsizdir. Fə­ləki Şirvani irsindən təşkil olunmuş divan iki dəfə nəşr olunmuş, bir dəfə isə elektron kitabxana seriyasından – disk formasında işıq üzü gör­müş­dür. İlk dəfə Hind alimi Hadi Həsənin təşəb­büsü ilə Londonda iki cild­də nəşr olunan “Falaki – i Shirwani : his times, life, and works” adlı kitab dünyanın müxtəlif kitab­xanalarında, şəxsi fondlarda saxlanı­lan 12 əlyazma nüsxəsi, təz­kirə və cünglərə əsasən tərtib olunmuşdur. Həmin əlyazma nüsxələrindən dördü Britaniya muzeyinin kitabxana­sına, ikisi Münhen, biri Leninqrad (Sankt – Peterburq), biri Hindistan, biri Paris, ikisi şəxsi fond, biri İran kitabxanalarına məxsus­dur. Hadi Həsən haqqında söz açılan kitabının birinci cildində Şirvanşahlar döv­rünə ekskurs etmiş, şairin şeirlərindən gətir­di­yi nümunələrlə Fələki döv­rü­nü işıqlandırmışdır. (1) Həmin əsə­rin I cildi 5 bölmədən ibarətdir. Bölmələr aşağıdakı təs­ni­fat­dadır:

Şirvanın şahları (səh. 1 – 3)

Hicri VI əsrdə Şirvanşahlar (səh.4 40)

Fələki Şirvaninin həyatı (səh.41 – 66)

Fələki Şirvaninin divanı (səh. 67 – 94)

Əlavələr (səh. 95 – 96)

Birinci fəsildə şirvanşahların nəsil şəcərəsini göstərən cəd­vəl də Hadi Həsən tərəfindən tərtib olunmuşdur. Şirvanşahlar dövlə­ti­nin coğ­ra­fi arealını təqdim edən alim hökmdarların hakimiyyət illərini, qo­hum­luq əlaqələrini də açıqlayır. Əsərdə I Fəriburz, I Mənuçehr, I Fəridun (bəzi mənbələrdə Afridun), II Mənuçehr, onun bacısı İsmətəddin, I Axsitan haqqında məlumat verilmişdir. Hadi Həsən I Fəriburzun Fələ­ki­nin məmduhu II Mənuçehrin babası olduğunu qeyd edir. (1,12) Mənbə­lərdə Fələkinin məmduhu kimi III Mənuçehr göstərilsə də, bunu şairin divanındakı qəsidələrin ünvanı təsdiqləsə də, nədənsə H.Həsənin əsərində II Mənuçehr kimi qeyd olunmuşdur. Hadi Həsən heç III Mə­nuçehrdən öz əsərində bəhs etmir, onun dövründə olmuş hadisələri II Mənuçehrin adı ilə əlaqələndirir.

İkinci fəsil nisbətən geniş həcmə malik olub, 36 səhifədən ibarətdir. Bu fəsil sonraki dövrlərdə bir sıra tarixçi alimlərin tədqiqlərində sıx olaraq müraciət olunan mənbə rolunu oyna­mış­dır. O çümlədən, Sara Aşurbəyli “VI – XVI əsrlər Şirvan­şahlar dövləti” adlı fundamental mo­noqrafi­yasında Hadi Hə­sə­nin gətirdiyi faktlara söykənir.(3)

“Fələki Şirvaninin həyatı” adlı III bölmədə Hindistanlı alim əldə etdiyi sənədlərə əsasən şairin həyatını, onun anadan ol­duğu və vəfat et­diyi tarixləri dəqiqləşdirməyə səy etmiş­dir. Alim, eyni zamanda, tarixdə Fələki təxəllüsü ilə tanınan üç nə­fərin mövcudluğunu, onlardan birin­cisinin hicri 429 – cu ildə vəfat etmiş, “Muntahal – kamal fi marifati –r Rical” adlı kita­bın müəllifi Əbülfəzl Əli bin Hüseyn Fələki olduğunu qeyd edir. Adı çəkilən kitabın ənənəvi motivləri əks etdirərək Əska­la­ni­nin “Nuzhatu – l əlbab fi- l əlqab” əsərinin üslubunda oldu­ğu da vur­ğulanır (1,41). Alim, tarixdə mövcud olan ikinci Fələki kimi Şirvanşah III Mənuçehrin (Hadi Həsənin təd­qiqində II Mənuçehrin - L.Ə.) məd­dahı Fələki Şirvanini qeyd edir (1,41). Nəhayət, Fələki imzası ilə tanı­nan üçüncü şəxsin Mövlana Musa Fələki olduğunu, əsərinin Britaniya muzeyində saxlandığını, “Mövlana Cəmaləddin ibn Hüsama cavab” baş­­lıqlı müstəzadın müəllifi kimi tanındığını qeyd edir və həmin şeiri tam şəkildə misal gətirir (1,43).Alimin fikrincə, şərti ola­raq üçüncü ad­landırılan Fələki hicri VIII əsr şairi olmuşdur. Hadi Həsən bu mülahi­zə­sini Britaniya muzeyi kitabxanasında saxlanılan or 4110 şifrəli namə­lum müəllifin əlyazma nüsxəsi əsasında irəli sürmüşdür.

“Fələki Şirvaninin həyatı” adlı bölmədə H.Həsən əlyazma və mən­bələrə əsaslanaraq şairin doğum və ölüm tarixini də mü­­əy­yən­ləşdirir. Şairin vəfat tarixinə toxunarkən Xaqaninin Fələkinin ölümünə həsr et­diyi aşağıdakı beytləri sitat kimi göstərir:

عطسه سحر حلال من فلکی بود بود به ده فن ز راز نه فلک آگاه

زو د فرو شد که عطسه دیر نماند آه که کم عمر بود عطسه من آه

جانش یکی عطسه داد و جسم پرداخت هم ملک الموت گفت بر حمد الله

(1, 44)


(Mənim sehrimin asqırığı Fələki idi. On fənn və doqquz fə­lək sirrinə bələd idi. Tez keçib getdi, çünki asqırıq uzun (müd­dət) qalmır. Ah! Mə­nim asqırığım az ömürlü oldu, ah! Canı bir asqırıq ilə cismini tərk etdi. Ölüm mələyi də “ona Allahın həm­di olsun!” –dedi.)

Şairin anadan olduğu ili müəyyənləşdirmək üçün Hadi Hə­sən aşa­ğı­dakı beytləri şairim divanından önə çəkir:

روزطرب رخ نمود روزه بپایان رسید

رایت سلطان عید بر سر میدان رسید

دیده ابر آب ریخت چهره آبان بشست

تاب مه آب رفت تری آبان رسید

چون فلکی در جفا با فلکی طرفه نیست

گر فلکی را ز درد بر فلک افغان رسید

(1,45)

(Şadlıq günü üz göstərdi, orucluq sona çatdı. Bayram sul­ta­nı­nın bay­rağı meydan başına çatdı. Buludun gözü su tökdü, Abanın üzünü yudu. Ab ayının istisi getdi, Abanın nəmliyi ye­tiş­di. Fələki cəfada fələk ilə həmfikir deyil, (ona görə) Fələkinin dərdindən fələyin üzərinə əfqan (göz yaşı) çatdı.)



Fələki divanından aşağıdakı beytləri nümunə gətirərək mü­qa­yi­­səli şəkildə hər iki sitatda adları çəkilən ayları Yəzdigird təqviminə əsasən müəyyənləşdirir:

رایت عید شد عیان موکب روزه شد نهان

سنت عید فرض دان فرض صیام نافله

گر چه بصحن گلستان از پی نزهت روان

نیست صفیر بلبلان هست صفیر بلبله

عید و خزان و مهرگان هر سه شدند هم قران

گشت میان هر سه شان بندگی تو واصله

هر سه بشکل صوفیان خرقه نهاده در میان

پیر تویی بکن بیان مشکل این مشاکله...

(1,45-46)

(Bayram bayrağı göründü, müşaiyət edənlərin orucu aşkar oldu. Bayram adətini fərz bil, orucluğun fərzi qənimətdir. Bax­ma­­yaraq ki, ruhunu təzələmək üçün getdin, bülbüllərin cəh-cəhi yoxdur, bülbülənin (şərab kuzəsinin) səsi orada var. Bay­ram, xəzan və mehriqan, hər üçü yaxınlaşdı. Onların hər üçü­nün ortasında sənə qulluq bir vasitədir. Hər üçü sufilər sayağı xir­qələrini ortaya qoymuşlar, yol göstərən sənsən, bu oxşarlıq­la­rın çətinliyini söylə).

Əsərinin 47-48-ci səhifələrində həmin təqvimə əsasən ab, aban, şəv­val aylarının şairin yaşadığı dövrdə hansı günə, aya, ilə təsadüf et­məsini təyin edərək miladi təqvimlə ekviva­len­tini təqdim edir. Əlbəttə, bu alimdən böyük hövsələ tələb edirdi. Beləliklə, Hadi Həsən birinci şeirin hicri 523, ikincinin isə hicri 525 – ci ildə, müvafiq olaraq miladi 1129 və 1131-ci illərdə yazıldığı qənaətinə gəlir. (1,48-49). Alimin qənaə­tin­cə, bu qəsidələrin qələmə alındığı vaxt Fələkinin, heç olmasa, 20 yaşı olmalı idi. Buna əsasən də şairin təqribən 1108 – 1110 – cu illər arasın­da anadan olmasını əsaslandırır. (1,52)

Dördüncü bölmədə Hadi Həsən “Fələki Şirvaninin diva­nı”nın tərtib prinsiplərindən bəhs edir. 12 əlyazma nüsxəsinə, təzkirə və cüngə mü­ra­ciət etdiyini, həmin mənbələrin saxlan­dığı ünvanların siyahısını təq­dim edir.(1,67)

Həmin bölmədə “Fələki divanının orijinalı” sərlövhəli ya­zı­da, alim, Təğiəddin Kaşinin “Külliyyati əşar və zübdətül əf­kar” (“Şeirlərin kül­liy­yatı və fikirlərin ən seçılmişi”) təzkirə­sində getmiş bir fikrə diqqəti yönəldir: “Deyilənə görə, Fələki divanındakı şeirlərin sayı 7000 beytə yaxın olub, qəzəl,qəsidə, rübailəri əhatə edir. Lakin nadir, tapılmaz nüs­xədir. Katib çox zəhmətdən sonra ondan bir neçə qəsidə toplayaraq bu “xülasə” yə artırmışdır. Inşallah, o divanı tapdıqdan sonra, yerdə qalan şeirlər də seçilərək bu vərəqlərə artırılacaq” (1,67). Doğrudan da, Fələki şeirlərinin nə üçün tarixin keşməkeşlərindən qoru­naraq tam şəkildə əldə olunmaması təəssüf doğurur. Hadi Hə­sən XVI yüzildə Təğiəddin Kaşi­nin qələmə aldığı sözlərə əsa­sən, həmin divanın sorağını bir sıra kitab­xana fondlarında, əl­yazma xəzinələrində axtardığına diqqəti yönəldir, lakin şairin divanı kimi təqdim edilən kataloqlarda çox cüzi sayda beyt­ləri əhatə edən material ilə üzləşir. Bu nümunələri toplayıb, müqa­yisəli təhlil apararaq şairin yalnız 1197 beyt şeirini əldə edə bilir ki, kitabın ikinci cildi də həmin şeirlərin təqdimindən ibarətdir.

Şairin divanı ikinci dəfə də çap olunmuşdur. Onu İran alımı Tahiri Şəhab hicri 1345-ci (miladi 1966) ildə Tehranda nəşr etdirmışdir. Ta­hi­ri Şəhabın təşəbbüsü ilə nəşr olunmiş “Di­van”a Fələkinin 1193 beyt şeiri toplanmışdır. Şairin məşhur qəsidəsindən bir parça olan 4 beytlik “Kür çayı üzərindəki Ba­qilani körpüsünün yenidən qurulması ilə bağlı mədhiyyə” bu divana salınmamışdır. Kitab 6 əlyazma nüsxəsi əsasında tərtib olunmuşdur. Divanın müqəddiməsində Fələkinin adı, ləqəbi, kün­yəsi, təxəllüsü, doğulduğu yer, təhsili, ustadları,şerinin üs­lubu, elmi bi­liyi, məzhəbi,ailə vəziyyəti, müasiri olduğu şair­lər, müasiri olduğu hökm­darlar haqqında 16 səhifəlik xülasə verilmişdir.(2) Həmin xülasə­ni qısa şəkildə oxucuların diqqəti­nə yetiririk. Alim şairin qəsidə­ləri içə­ri­sindən aşağıdakı beytə əsasən adının Məhəmməd olduğunu göstərir:

بنده محمد بمدیحت شها گوی سخن برد بشعر دری ( 2.1)

(Ey şah! Sənin mədhində bəndən Məhəmməd dəri şeirində söz qu­yu­nu (quy - çovqan oyunundakı topu nəzərdə tutur- L.Ə.) apardı . (Yəni dəri şeirində uğur qazandı – L.Ə.)

Tahiri Şəhab müxtəlif məxəzlərdə şairin adının fərqli göstə­rilməsinə diqqəti yönəldir. Belə ki, “Reyhanətül ədəb” adlı təz­kirənin müəllifi Məhəmməd Əli Müdərris Təbrizi Fələki­nin adının Məhəməd Mömin, Rzaquluxan Hidayət və Əmin Əhməd Razi Nəcməddin və ya Əfsəhəd­din, Xaqani divanının tədqiqatçısı Əbdülvahab Hüseyni isə Müəy­yəd­din olduğu qənaətindədirlər. Yeri gəimişkən, Mücirəddin Beyləqaninin Fə­lə­kinin ölümünə həsr etdiyi mərsiyənin sərlövhəsində də şair Müəy­yəddin kimi xatırlanır. Lakin şairin ən doğru tə­xəl­lüsünü əlbəttə ki, onun öz şeirlərindən süzülüb gələn məlumat təsdiqləyir. Şair divanı bo­yu bir neçə yerdə öz təxəllüsünü qeyd etmişdir . Tahiri Şəhab da on­lar­dan bəzilərini misal kimi göstərir. Aşağıdakı beytlər bu baxımdan sə­ciy­yəvidir:

چه زادی ای فلکی زین نوایب ایام که در سخن سیم بو تمام و نواسی ( 2.2)

(Ey Fələki, bu əyyamda katib kimi niyə doğuldun?!

Ki,sən söz yaratmaqda Bu Təmmam və Nüvasdan sonra üçüncü­sən.)



ای فلکی زآن دو لبش بوسه جوی تو باری ز چه غم میخوری( 2.2)

(Ey Fələki, onun iki dodağından öpüş axtar. Sən bir daha niyə qəm çəkirsən?

افغان و ناله فلکی بیتو بر فلک چندان رسید کز فلک افغان بر آمده( 2.2)

(Sənsiz Fələkinin fələyə doğru (çəkdiyi) nalə və əfqanı fələyə elə çatdı ki ,fələk əfqana (ağlamağa) başladı).

“Fələkinin doğum yeri” sərlövhəli yazıda Tahiri Şəhab onun tam adı­nı və künyəsini belə verir: “Şəmsüş­şüəra, Məli­külfüzəla, Əbunizam Hə­kim Cəlaləddin Məhəmməd Fələki. Alim, şairin hicri VI yüzildə Şa­maxı qəsəbəsində anadan oldu­ğunu, yaradıcılığında Şirvanşahlardan baş­qa kimsəyə həsr et­diyi şeirin mövcud olmadığını xüsusi vurğulayır. ( 2.3)

Tahiri Şəhab Fələkinin təhsili ilə bağlı müxtəlif tədqiqat­çıla­rın fik­rindən iqtibas edir. Belə ki, o, Rzazadə Şəfəqin İran ədə­biyyatı tarixi ki­tabına əsasən, şairin təhsilinin ardıcıl olma­sı və astronomiya elmi sa­həsində püxtələşdiyini yazır (2.3) Lütfəli bəy Azərin təzkirəsindən belə bir sitat verir: “Cavan­lığında ... nücum elmi sahəsində təhsil alaraq döv­rü­nün birin­cisi olmuşdur. Fitri istedadı sayəsində şeir deməyə başla­mış, Fələki təxəllüsünü də həmin elmə əsasən təxəllüs kimi seç­mişdir. Həkim Xaqani ilə nəzmin incəliklərinə Əbüləla Gəncə­vinin yanında dərs almış, az bir zaman ərzində dünyanın məş­huru olmuşdur.”( 2.3) Əmin Əhməd Razinin “Həft iqlim” təz­kirəsinə istinadən Tahiri Şəhab onun şair haqqında söylədiyi bu fikri önə çəkir: “Fəzlin dəryası onun təbi qədər fələklərə məx­sus olmayıb, fazillər onun elminin dənizini (çox­luğunu L.Ə.) etiraf etmişlər” ( 2.3).

Tahiri Şəhabın tərtib etdiyi kitabın “Fələki şeirinin üslubu” adlı bölməsində şairin bədii irsi haqqında fikir yürüdən müx­təlif müəllif­lərin mülahizələrindən seçmələr təqdim olunur. Dövlətşah Səmər­qəndinin, Rzazadə Şəfəqin, Zəbihullah Səfa­nın, Həsən Sadat Naserinin, Bədiüzzaman Foruzanfərin və baş­qa ünlü alimlərin Fələki Şirvani haqqında fikirləri maraq doğurur.(2.4-6)

Fələkinin bilik dairəsinin genişliyini Tahiri Şəhab da yük­sək dəyər­ləndirir, onun ərəb dili və ədəbiyyatından bəhrələn­di­yi­ni, hətta özünü “şeir aləmində Əbu Nüvas və Əbu Təm­mam­­dan sonra üçüncü” adlan­dır­dığını,heyət, nücum elmləri­ni, ri­yaziyyatı, botanikanı dərindən bildi­yini nəzərə çatdırır ( 2.7).

Şairin etik görüşlərindən bəhs edərkən, tərtibçi – alim, onun o qədər də zöhdə maraq göstərmədiyini, “dikbaşlıq edərək dünyanın bütün ge­niş­liyini özünə dar etməsini” – həbsə düş­mə­sini də qeyd edir ( 2.7). Fə­ləkinin ailə vəziyyətinə də T.Şə­hab diqqət yetirmiş, onun həyat yolda­şını, qohum - əqrəbasını itirərək təkcə bir oğlu ilə qalmasını əks etdirən beyti nümunə gətirmişdir:

کز نر و ماده جز من و طفلی هیچکس زنده در تبارم نیست ( 2.8)

(Kişi və qadın (cinsindən) məndən və bir körpəmdən başqa

Nəslimdə heç kəs sağ deyil. )

Şairin məzhəbi haqqında verdiyi məlumatında Şirvan şahla­rı­nın sün­ni məzhəbinə, onun isə şiə məzhəbinə meyl göstərmə­sinə, imam Əli­ni öyməsinə diqqəti çəkən müəllif, Fələkinin zin­da­na salınmasının şiə­liyə meylli olmasından da irəli gələ bilməsini ehtimalının mümkün­lüyünü qeyd edir ki, ( 2.9) bu da az inandırıcı görünür. Sonrakı səhi­fə­lərdə Tahiri Şəhab Fələkinin müasiri olduğu şairlər və şahlar haqqında məlum həqiqətləri açıqlayır ( 2.9-16).

Tahiri Şəhab Fələki divanının mətnindən sonra kitabın sonunda “Bi­rinci haşiyə” və “İkinci haşiyə” sərlövhəli iki his­sə­dən ibarət şərh xa­rak­terli yazısını da oxuculara təqdim edir. “Birinci haşiyə”də on üç xü­susi ad haqqında,”İkinci haşiyə”də isə Şirvanşahlar dövlətinin tarixini qısa şəkildə diqqətə çat­dırır, hicri 6 – cı əsrdə Xaqani, Fələki, İzzəddin Şirvanilərin, hicri VII yüzildə Seyid Zülfəqar Şirvaninin, hicri 13-cü əsrdə Bahar Şirvaninin,Təmkin ləqəbi ilə məşhurla­şan,sufi şair və səy­yah Hacı Zeynalabdin Şirvaninin bu tor­pağın yetirməsi olduqlarını xüsusi vurğulayır. Tahiri Şəhab, eyni zamanda, tarixən Şirvan adlı üç coğrafi məkanın möv­cudluğunu, birinin Xorasanın məşhur “Qoçan vi­layətinin şalı ilə şöhrət tapmış kən­di”, ikincinin “İndiki Lorestanda ki­çik bir yaşayış yeri olduğunu”, üşüncünün isə “Aran, Azərbaycanla bağ­lı”lığını qeyd edir. O, Şirvan toponimində “Ş” hərfindən sonra “i” hər­fi­nin işlənməsini kobud səhv adlandırır və fikrini Xaqani, Fələki şeirlərində “Şərvan” şəklində ifadə olunmuş beytlərlə əsas­landırır, həmin sözün “Şirvan” şəklində işlənmə­sini mon­qol hücumlarından son­ra rəvac tapmasına işarə edir (2.129-131). Yaqut Həməvinin “Möcəm əl Buldan” əsərində öz ifadəsini tapmış belə bir fikrə diqqəti yönəldir: “...oranı Ənuşərvan (Ənuşirəvan - L.Ə.) saldırdığından onun adı ilə “Şərvan” kimi tanınmışdır ( 2.131). Tahiri Şəhab isə bu fikirlə razılaş­mır, Ənuşirəvan kəlməsinin iki hissədən “Ənuş” və “rə­van”-dan ibarət olmasını, mənasının isə “asudə ruha malik” anlamına gəlməsinə fikri yönəldir, “ənuş” –sözündən “ş” hərfi­nin heç bir vəchlə “rəvan” kəlmə­sinə artıraraq toponim for­malaşdırmağın mümkün olmamasını söyləyir. “Şərvan” to­po­nimi ilə bağlı mötəbər orta əsr coğrafiya kitablarına mü­ra­­ciət edən T.Şəhab fikrini o mənbələrə əsasən sübuta yetirərək topo­nimin “Şərvan” şəklində yazılması və oxunmasını vacib sayır ( 2. 132-133).

Kitabın sonunda Tahiri Şəhab “Tamamlama” başlıqlı üç səhifədən ibarət yazısında Şirvanşahlar dövləti haqqında Bar­told, Minorskinin tədqiqlərinə söykənərək bu diyarın hakimlə­rinin növbə ilə adlarını qeyd edib, onların şahlıq etmə tarix­lə­rini göstərir ( 2.137-139).

Kitabın sonunda ədəbiyyat siyahisi, xüsusi və coğrafi adla­rın gös­təricisi də təqdim olunmuşdur ( 2.140-148)

Yuxarıda da qeyd etdiyimiz kimi şairin divanının elektron kitabxana seriyasından – disk şəklində hazırlanaraq işüq üzü görməsi də təqdirə­la­yiq bir hadisə kimi qeyd olunmalıdır. Fələki Şirvani divanının bu ver­siyası üzərində qeyd edilməsə də Tahiri Şəhabın tərtibi ilə nəşr olunmuş divan əsasında hazırlanmış, şeirlərin ardıcıl sırasında qəzəllər və tərkib­bəndlər bölmələrinin yeri dəyişdirilmişdir ( 3).


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin