Nailə Süleymanova
(Əlyazmalr İnstitutu)
ANA DİLİMİZDƏ YAZILMIŞ ƏLYAZMA TƏFSİR
Müsəlmanlar tərəfindən Qurani-kərimin müxtəlif dillərə tərcümələri Həzrət Muhəmmədin (s.) dövründən başlanmışdır. Belə ki, Həzrət Muhəmməd (s.) bəzi dövlət rəhbərlərinə döndərdiyi diplomatik məktublara onların dilinə tərcümə edilmiş Quran ayələrini də yazdırırdı. Bunula yanaşı, peyğəmbərin Mədinədəki səhabələrində biri olan Səlmani-Farisi Quranın Fatihə surəsini onun izni ilə fars dilinə tərcümə etmişdir. Mənbələrdə 745-ci ildə Qurani-kərimin tam olaraq ilk dəfə bərbər dilinə, 883-ci ildə hind dillərindən birinə, 956-ci ildə isə fars dilinə tərcümə edildiyi göstərir. 1
Türk dilində olan tərcümələrə gəldikdə isə, islamı qəbul edən ilk türklər ana dillərinə tərcümə etdikləri Quran ayələrini uyğur əlifbasında yazırdılar. Ədib Əhməd bin Mahmud Yükenkinin “Atabətul-Haqayiq” adlı tərcüməsi cəmi 20 ayədən ibarət olub uyğur əlifbası ilə yazılmışdır. Bu tərcümə 1951-ci ildə İstanbulda nəşr edilmişdir. Başqa bir uyğur əlifbası ilə yazılmış bir neçə ayənin tərcüməsi isə əlyazma halında İstanbul Universitetinin kitabxanasında qorunub saxlanılmaqdadır2. Türk dilinin muxtəlif ləhçələrində ilk tam tərcümə və təfsirlər ərəb əlifbası ilə yazılmışdır. Professor M.Hamidullah ən əski türk dilinə tərcümənin əlyazma nüsxələrinin İstanbul, Peterburq və Mançestrdə olduğunu bildirir3. Bu tərcümə Samanoğulları zamanında, Mənsur bin Nuh (961-977) dövründə tərtib edilən heyət tərəfindən hazırlanmışdır. Bundan başqa Şirazlı Muhəmməd bin əl-Həcc Dövlətşah tərəfindən 1333-cü ildə türk dilinə tam tərçümə edilən sətiraltı Qurani-Kərim əlyazma nüsxəsi (№73) İstanbulda “Türk-İslam əsərləri müzeyi”ndə qorunmaqdadır. Professor M.Nağısoylu və bir sıra digər mütəxəssislər tərcümənin dilinin oğuz türkcəsində olduğu qənaətindədirlər.4
XII əsrdən başlayaraq isə ərəb əlifbası ilə Qur`ani-kərimi türk dilinə tərcüməsi sürətlə artmağa başlamışdır. Yazılması bəzi istisnalar ilə XX əsrin əvvəllərinə qədər davam edən belə tərcümə və təfsirlərin sayı təqribən səksəndən çoxdur. Bu tam mətnli tərcümə və təfsirlərdən ikisinin müəllifi Azərbaycan alimləridir. Bunlardan birincisi Bakı qazısı Mir Məhəmməd Kərim bin Mir Cəfər əl-Hüseyni əl-Bakuviyə məxsus, 1904 və 1906-ci illərdə nəşr edilmiş “Kəşf əl-həqaiq ən nükət əl-ayəti vəd-dəqaiq” isimli üçcildlik tərcümə və təfsirdir. Digəri isə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvinin 1908-ci ildə Tiflisin “Qeyrət” mətbəəsində çap olunmuş “Kitab əl-bəyan fi təfsir əl-Quran” adlı ikicildlik təfsiridir. Hər iki müəllif müqəddimə də bu təfsirlərin yazılmasında əsas səbəb olaraq azəri-türkcəsində təfsirin olmadığını göstərirlər.
Sovet dövründə isə, 1962-ci ildə Əhməd İsrafil oğlu Haşımzadə ərəb əlifbası ilə Azərbaycan dilində “Təfsir əl-Quran əl-Azim” adlı üçcildlik təfsir yazmışdır. Əlyazma olan bu təfsir (C-697; C-698; C-699) hal-hazırda AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır. Əlbəttə ki, belə təfsirlər daha erkən, IX-XI əsrlərdə Azərbaycanın ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən mədrəsələrində də ortaya çıxmağa başlamışdı. Qur’an və şəriət dərsləri ərəb dilində tədris olunsa da, müəllimlər hələ bu dili bilməyən şagirdlərə ayrı-ayrı mətləbləri anladarkən öz şərh və izahlarını istər-istəməz ana dilində söyləməli olurdular5. Lakin bu tərcümələrin şifahi olaraq tələbələrə çatdırıldığı və dəftərlərə yazıldığı üçün tam mətni və ya cildləri haqqında mənbələrdə heç bir məlimat yoxdur.
Müasir dövrdə davam edən araşdırmalar sayəsində türk dilində yazılmış tərcümə və təfsirlər sayı artır. Məsələn, Professor M.Nagisoylu Cexiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun kitabxanasında apardığı araşdırma zamanı Osman ən-Nuri İbnu Muhəmməd bin əl-Həci Ömər əl-Bosnəvinin 1812-ci ildə türk dilinə tərcümə etdiyi sətiraltı, ərəb əlifbası ilə yazılmış Qurani-Kərimin əlyazma nusxəsini (R-III20) aşkar etmişdir.
Digər, bir cild türk dilində yazılmış təfsir isə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan müxtəlif məzmunlu 24 mindən artıq əlyazma əsərlər arasındadır. Bu əlyazma təfsir (B-7624) XVII əsrdə yazılmış və müəllifi, katibi və köçürülmə yeri haqqında heç bir məlumat yoxdur. Lakin buna baxmayaraq, bu günə qədər paleqrafiq təsvirdən6 başqa araşdırılayan və heç bir tədqiqata cəlb edilməyən bu əlyazma abidənin təfsir tarixinin öyrənilməsində mühim bir yeri olacağına inanırıq.
İlk öncə əlyazmanın paleqrafiq xüsusiyyətlərinə nəzər salaq. Əlyazma qara mürəkkəblə düzgün nəstəliq xətti ilə avropa istehsalı olan qalın, ağ saya kağızda yazılmışdır. Katib sürələrin adı, nazil olma yeri, ayələrin sayının yazılmasında qırmızı mürəkkəbdən istifadə etmişdir. Nəstəliq elementli nəsx xətti ilə əsas mətnə nisbətən daha böyük hərflərlə yazılmış Quran ayələri üstündən qırmızı mürəkkəblə xətlər çəkilərək qeyd olunmuşdur. Bəzi səhifələrin haşiyələrində müxtəlif istiqamətli qısa şərhlər verilmişdir. Haşıyələrdə cüzlərin nömrəsi qırmızı mürəkkəblə qeyd olunmuşdur. Əlyazma hind, şərq və sadə qələmlə müasir üsulla səhifələnmişdir. Son səhifədə təfsirin yazılma tarixinin hicri 1086 (1676)-ci ildə məhərrəm ayının əvvəlində olduğu haqqında qeyd vardır. Ola bilsin ki, müəllif adının ya birinci cilddə vəya ən son cilddə yazmışdır.
Cildi miqləbli, hər iki tərəfdən ornamentli medalyon basılmış, tünd qəhvəyi meşindir. Ölçüsü 15x21 sm, həcmi isə 299 vərəqdir. Əlyazmanın dilçi alim, filologiya elmləri doktoru M.Ə.Dəmirçizadənin (v.1979) şəxsi kolleksiyasına aid olmasını təsdiqləyən 2b, 9a, 29b, 89b vərəqlərdə basılmış möhürlər vardır.
Əlyazmanın mətninə gəldikdə isə bu əsər, türk dilində yazılmış Qurani-Kərim təfsiridir. Əl-Ənəm surəsi ilə başlayan əl-Kəhf surəsi ilə sona çatan bu təfsir ikinci cilddır. Çox güman ki, tam təfsirin cildi dörddür. Hər surəsnin təfsirindən öncə ayələrin, bəzi sürələrdə isə kəlmələrin sayı, surənin nazil olma yeri yazılmışdır. Müfəssir təfsirində Quranın Quranla təfsirinə və Quranın hədislərlə təfsirinə müraciət etmişdir. O, təfsirdə Abdullah İbnu Abbas (v.687), Əli ibn Əbu Talib (v.661), Osman ibn Xəttab (v.656) və başqaları tərəfindən rəvayət edilən hədislərdən istifadə etmişdir. Müfəssir ayələri bəzən tam, bəzən isə bitmiş ifadələr ilə hissələr bölərək ərəb dilində yazmış, tərkiblərini təhlil və tərcümə etmədən təfsir etmişdir. Həmçinin müfəssir təfsirdə kəlmələrin lüğəti mənalarının açıqlanmasını və izahını verməmiş, ərəb dili qramatikasının qaydalarından istifadə etməmişdir.
Müfəssir ayələrin izahını “yəni, Haqq Təala buyurdu ki.....” və ya “yəni, ey Muhəmməd (a.s.) .....” və ya da “yəni....” ifadələri ilə başlayır. Təfsirdə bəzi ayələrin nazil olma səbəbləri haqqıında da məlumat verilmişdir. Bununla isə müfəssir müxtəlif səbəblərə və hadisələrə görə nazil olan ayələrin hökmlərini izah etmişdir. Huruful-muqatta7 ilə başlayan ayələrə gəldikdə müfəssir İbnu Abbasdan gələn rivayətlərə isnadan bu ayələrin mutəşəbih8 olduğunu yazmışdır. Lakin buna baxmayaraq, daha sonra isə bu ayələri təfsir etməyə çalışmışdır. Məsələn, “əlif, ləm, mim, sad” hərfləri ilə başlayan əl-Əraf surəsində ilk öncə “İbnu Abbas (r.a.) deyir ki, bu hərflər mütəşəbihdəndir. Murad bundan nədir Allah bilir” yazır. Daha sonra isə : “Əlif , ləm Allahın sənə (peyğəmbərə) işarət qılır. Mim isə musavvira işarətdir, pəs mənası böylə olur ki, ol Allah cəmi məxluqi surəti üzrə sənə təsvir edir. Əvvəldə əlif yazır ki, bu ismi Əhədə işarət ola, ləm ismi Cəlalə işarət ola, pəs mənası böylə ola ki, Allah Əhəddir, Şəriki yoxdur......sad qadir, qulunda yoxdur”.
Müfəssir ayələri səlist və aydın bir dildə təfsir etmişdir. Digər bir ayəyə keçmədən fikirləri tamamlayaraq ardıcıllığa riayət etmiş və dəlillərlə Qurandakı hikmətləri ortaya çıxartmışdır. Təfsirin metoduna gəldikdə isə, müfəssirin rəvayətlərə müraciət etməsinə baxmayaraq, rəy daha üstünlük təşkil edir. Təfsirdə müfəssir istifadə etdiyi mənbələr haqqında məlumat verməmişdir.
Sonda isə bunu bildirmək istərdik ki, təfsir ana dilimizdə yazılmış və çox güman ki, məktəblərdə və mədrəsələrin ilk tədris illərinin təfsir dərslərində istifadə edilmişdir.
Dostları ilə paylaş: |