Aybəniz Rəhİmova
(Əlyazmalar İnstitutu)
“Xavərnamə” dİnİ-qəhrəmanlıq dastanınının Bakı nüsxələrİ
Dastanlar onu yaradan xalqın keçmişi qədər qədimdir. Şifahi xalq ədəbiyyatımızın mühüm qollarından sayılan dastanlar, insanların igidliyini, mərdliyini, qəhrəmanlığını, sevgisini və məhəbbətini müharibələrini, tarixi hadisələrin gedişatını bir sözlə həyatını özündə tərənnüm edən bir janrdır. Bu olaylar şifahi variantda gəzərək, ağızdan-ağıza keçir, yaddaşlarda formalaşır və yazılı ədəbiyyata bir mənbə, bir qaynaq kimi daxil olur.
XII-XIII yüzilliklərdən etibarən ümumtürk dastanları yazıya alınmağa başlamış, XV-XVIII yüzilliklər isə yazıya köçürülmənin yüksəliş dövrü hesab olunur. XVIII-XIX əsrlərdə də dastanların qələmə alınması, xüsusilə də müxtəlif katiblər tərəfindən nüsxədən-nüsxəyə köçürülmə işi sürətlə davam etmişdir.
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun xəzinəsində sənətkarlarımızın yaratdıqları nümunələrlə yanaşı, müxtəlif çağlarda qələmə alınmış, hələ də işıq üzü görməyən xalq dastan abidələri rəflərdə yatmaqdadırlar.
Keçmiş yüzilliklərdə yazıya alınmış hər bir qədim dastan abidələrinin üzə çıxarılması tədqiqi və nəşri ədəbiyyatşünaslıq, mətnşünaslıq, dil tarixi, coğrafi ərazilərin öyrənilməsi və tarixi faktların aşkarlanması üçün elmi əhəmiyyət daşıyan zəngin materiallar verir. Yeri gəlmişkən müdriklərin dastan abidələri haqqında söylədiklərini yada salaq: “Dastanlar millətlərin keçmiş həyatlarının qırıq-sökük aynasıdır. Onları bir yerə toplamaqla millətin mədəniyyəti, ədəbiyyatı, tarixi, etnoqrafiyası və nəhayət özü bu aynada əks olunur. Bu nöqteyi-nəzərdən yazılı dastan abidələrimizin oxunması, tədqiqi, öyrənilməsi və nəşri vacib məsələlərdəndir.
Sovet dönəmində Azərbaycan folklorşünaslığının inkişafı zəif olmuşdur deyə bilmərik. Əksinə bu illərdə folklor ədəbiyyatının geniş hissəsini təşkil edən məhəbbət və tarixi qəhrəmanlıq dastanları “Şah İsmayıl”, “Əsli-Kərəm”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Xəstə Qasım” və s. abidələrimiz tədqiq olunmuşdur və dəfələrlə nəşr edilmişdir. Dövrün tələblərinə uyğun, sənətkarların yaratdığı yazı nümunələrində təsəvvüf, ürfan öyrənilmədiyi kimi, dini-qəhrəmanlıq yazılı dastan abidələrinə də münasibət eyni olmuşdur. Bu da bizi ötən zaman içində yaşananları, baş vermiş hadisələri dərindən öyrənmək imkanından məhrum etmişdir. Halbuki islamın gəlişi Yaxın Şərq ölkələrinə, eləcə də Azərbaycan mədəniyyətinin inkişafına özünə məxsus müsbət təsiri ilə yaranmış mütəfəkkir yazarlarla yanaşı, xalqın dini-tarixi-qəhrəmanlıq mövzusunda yaratdığı xalq nümunələrinin də tədqiqinə, nəşrinə ehtiyac duyulur.
Əlyazmalar İnstitutunda qorunmaqda olan əlyazma abidələri içərisində dini-tarixi-mifoloji dastan abidələri kimi yer alan “Qəhrəmannamə” və “Xavərnamə” əlyazmaları diqqəti çəkəcək dərəcədə maraqlıdır.
“Xavərnamə” dastanının Azərbaycan folklorunda dini-mifoloji-qəhrəmanlıq mövzusu olaraq geniş yayılmış, özündən sonra yaranan qəhrəmanlıq dastanlarına xüsusilə də “koroğlu”ya öz təsirini göstərmişdir. “Xavərnamə” dastanının əsli, XV əsr fars ədəbiyyatından götürülmüşdür. Dastan şifahi şəkildə ağızdan-ağıza keçərək yayılmış, dili müxtəlif ərazilərdə yerli danışıq şivələrinə uyğunlaşdırılmış hətta, əsərdəki surətlərin adları belə fars dilində olan orijinal çap nüsxələrindən fərqli adlarla dəyişdirilmişdir. Misal üçün 1328 h. (1910 m.) tarixində Təbrizdə Məhəmməd Hüseyn əl-Təbrizi tərəfindən yazılan və çap edilən mətndən fərqli olaraq əsərin əsas qəhrəman surətinin adı Əbül-Möcəm olduğu halda, əlimizdə işlədiyimiz nüsxədə Əbül Möhsün kimi getmişdir.
Əsərdə islam carçısı Həzrət Əlinin və səhabələrin islamı yayması yolunda etdikləri müharibələr və döyüşlərdə göstərdikləri görünməz əfsanəvi qəhrəmanlıqları, təsvir olunur. Dastanda real tarixi hadisələr və başda Hz.Məhəmməd peyğəmbər (ə) və Hz.Əli olmaqla bərabər digər tarixi şəxsiyyətlər də təsvir olunur. Bunlarla yanaşı mifoloji surətlər ümumiyyətlə, mifoloji aləmin təsviri burada öz əksini tapmışdır.
Əsərin həm fars, həm də türk dillərində əlyazma variantları ilə yanaşı “Xavərnamə” adı altında çap nüsxələri də mövcuddur.
İlk dəfə bu mövzu hicri 830 (1426-cı ildə) məşhur İran şairi İbn Hüssam Qaini tərəfindən nəzmə çəkilmişdir. Ömrünü doğma kəndində keçirən İbn Hüssam bu əsəri də vətənində yazmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, dini-qəhrəmanlıq mövzusunda yazılan əsərdə Hz.Əli ibn Əbütalibin qeyri adi şücaətlərindən din yolunda göstərdiyi qəhrəmanlıqlarından bəhs edilir. Müəllif əsəri Firdovsinin “Şahnamə” poemasına nəzirə olaraq yazmışdır. Dastanda təsvir olunan əsas surətlər, coğrafi ərazilər, baş vermiş hadisələr həqiqətlər əsasındadır. Bununla bərabər qeyd etdiyimiz kimi, əsərdə əfsanəvi mifoloji səhnələr, qeyri real surətlər, (divlər, cadular, pərilər, sehrikarlar, nəhənglər və s.) tilsimli şəhərlər büllür divarlar, yanar qayalar öz əksini tapmışdır.
Hadisələr müqəddəs torpaqlarda Məkkə, Mədinədə və İran, Azərbaycan ərazilərində cərəyan edir. “Qaf” və “Bülür” dağların adları sıx-sıx çəkilir.
Dastanın əsas surətləri müqəddəs şəxsiyyətlər: Hz.Məhəmməd peyğəmbər, Hz.Əli Əbutalib, Malik Əjdər, Əbül Mösüm, Səd Vəqqaz, Qubad şah, Təhməz şah və digərləridir. Sehrkar obrazlar: Babayi-Əmr, Əyyar kimi düşmən surətlər də əsərdə yer almaqdadır.
Pakistan və İran fars tədqiqatlar mərkəzi tərəfindən tərtib olunmuş “Fehristi əlifbaye nüsxayiye xətti kitabxaneye” Gəncbəxş kataloqunda göstərilir ki, kitabxanada “Xavərnamə” (480s.) və “Xavərannamə” (484s) adı altında iki daş basma, bir nüsxə isə (233s) əlyazma şəkilində olan dastan abidələri qorunmaqdadır. Abidənin nüsxələri nəsx və nəstəliq xəttilə yazılmışdır. Ümumiyyətlə “Xavərnamə” dastanının nüsxələri Bombey 1309-189-92 m. Tehran (1305, 1329, 1354), Təbriz (1860m) Lahur (1933m.) şəhərlərində daşbasma və digər üsullarla çap olunmuşdur.
Əlyazmalar İnstitutunun xəzinəsində də “Xavərnamə” dastanının üç nüsxəsi qorunmaqdadır. Xəzinədə olan yazılı dastan abidələri haqqında təsəvvür yaratmaq üçün əlyazmaların qısa təsvirini vermək gərəkdir.
-
B-1591/3216 şifri altında saxlanılan “Xavərnamə” dastanı, 159 vərəq həcmində olub, Şərq istehsallı saya kağızlara nəstəliq xəttilə h.1316 (m.1898) da katib Vəliyulla Molla Əhməd Qazaği tərəfindən köçürülmüşdür. Bu nüsxə əsərin mənzum variantıdır.
-
S-22/8976 şifrilə mühafizə olunur. Əlyazma h.1312 (m.1894) tarixində səfər ayında Rusiya istehsallı ağ sadə kağızlara nəstəliq-şikəstə xəttilə iki sütunda katib Sahibi Əbdüləziz tərəfindən köçürülmüşdür. Kitabın sahibi də həmin şəxsdir.
-
Bu nüsxə bizim çapa hazırladığımız əlyazmasıdır ki, yuxarıda təsvirini verdiyimiz nüsxələrdən mükəmməlliyi ilə fərqlənən B-6117 şifri altında qorunur. “Xavərnamə” və ya “Xavərzəmin” dastanı h.1174 (m.1760)-cü il tarixində kustar sarımtıl saya, qalın Şərq kağızına, nəstəliq xəttilə köçürülmüşdür. Mətn qara mürəkkəblə yazılmışdır. Əlyazmanın üzərinə əsgi sadə qara təbi dəridən cild çəkilmişdir. Hazırda həmin dəri üzlük qopulmuş vəziyyətdədir. Dağılan cild qalın saplarla əlyazmaya bərkidilmişdir. Əlyazmanın dili çox arxaik olub, “Şu”, “Şöylə”, “bu kəz”, “əvəz” (78-9), bir qaç gün (75a-7), baba (70a-6), yarmaqlamaq (70b-7) kimi bir çox söz və ifadələrin sonluqları əsərin Türkiyə ərazisində yazılması ehtimalını yaradır.
Abidənin sətr sayı 16, ölçüsü 21,5x16,5sm, mətn ölçüsü 17,5x12sm.
Başlanır: اى ياركلر بر قاج كونلر كه سعد ابن وقاص گورونمز
Bitir: بورادا تامام اولدى اوقويانى ديکابانى يازدوره نى رهمتوله
Əsərin həm fars, həm də türk dillərində əlyazma variantları və “Xavərzəmin” adı altında bir çap nüsxəsi də mövcuddur. Bizim çapa hazırladığımız nüsxə öz mükəməlliyilə xəzinəmizdə yerləşən digər nüsxələrdən fərqlənir. Qədim görünüşü ilə də digər nüsxələrdən fərqlənən əlyazma kitabı diqqətsizliyə məruz qaldığından mətnin əvvəlində naqislik və ön vərəqlərində cırıq-qopuq vəziyyət müşahidə olunur. Bu da mətnin rahat oxunmasına çətinlik törətmişdi.
Əlimizdə olan nüsxə “Ey yarənlər, bir qaç gündür ki, Səd Vəqqaz görünməz, hal nədür? Pəs əshabları ayıtdı: - Bəli, Ya Rəsul Allah, bir qaç gündür ki, Səd Vəqqaz qızı Diləfruz ilə Qum qəbiləsinə köyə getmişlərdir. Mətn Hz.Peyğəmbərin səhabları arasında olan dialoqu ilə başlayır. (v.1a).
Səd Vəqqaz qızı Diləfruz ilə köylərinə getdiyi zaman yolda düşmən qüvvələr ilə rastlaşıb tutulurlar. Dörd gündən sonra Hz.Əlinin oğlu Əbül-Möhsün isə tək şikara gedir. Yolda azıb, Sədin qızı tutulduğu yerə çeşmənin üstə gəlib çıxır. Xavərzəmin padşahı Xavəran, bu zaman Yəmən sultanına göndərdiyi elçi qayıdıb gələrkən, Mədinə səhrasında Hz.Əlinin nökəri Qənbəri at otaran görür. Əlinin ikinci atı olan Üqabı və nökəri Qənbəri tutub aparırlar. Digər at Düldül qaçıb evə gəlir və qapıda kişnəyir. Qapıya Hz.Fatimə çıxır. Atın belə kişnəməsini pis hal kimi qəbul edir. Bu zaman bir ərəb qapıya gəlir Üqabın və Qənbərin oğurlanmasını xəbər verir. Hz.Əli məsələni anlayıb qılıncı “Zülfüqara” qurşanıb Düldülə suvar olur və onların arxasınca gedir. Burada Hz.Peyğəmbər Cabrailə müraciətindən sonra, Cəbrail Allahın sözünü Məhəmmədə yetirir ki, Əli Əxzərzəminə Əbülmöhsünü, Sədi, Qənbəri və Üqabı xilas etməyə yollanmış, Əxzərzəmini fəth edəcəkdir”. (v.1b). Hz.Əli yetişüb kafir qoşunu – həramilərin başçıları ilə bu yerdə döyüşür və onları qılıncdan keçirir və bir neçə döyüşçü ilə bəzirgan sifətilə Xavərzəmin adlı böyük bir şəhərə yetişirlər. Beləliklə hadisələr bu istiqamətdə davam edir.
“Xavərnamə” dastanının mövzusu ərəblərdən gəlir. Lakin nəşrə hazırladığımız abidənin dili arxaiq türk dilində yazılmışdır. XVIII yüzillikdə yazılmasına baxmayaraq, əlyazmanın imla şəkilinə və qrammatik xüsusiyyətlərinə görə daha qədim nüsxədən köçürülməsi müşahidə olunur. Dövrünün yazı qaydalarına əsasən cümlənin əvvəlində, ortasında çün, çünki, çünkim, pəs, dəxi, nagah və s. ədatlardan istifadə olunmuşdur. Dastanın dili sadə və qısa cümlələrdən ibarət olsa da əski türkcə yazılmış və şübhəsiz ki, ərəb və fars sözləri ilə də zəngindir. Mətndə səs dəyişmələrinə və ya cümlədə eyni sözlərin müxtəlif qrafik variantlarına rast gəlinir. Nüsxənin tədqiqi dilçilik baxımından çox əhəmiyyətlidir. Əsərin dilinin lüğət tərkibi arxaik türk mənşəli sözlərlə çox zəngin olub, dil tarixi baxımından çox maraq doğurur. Bu baxımdan qədim türk dastanları ilə müqayisəyə gələcək qədər arxaikdir. “Xavərnamə” dastanı “Dədə-Qorqud”, “Koroğlu” və yaxud 2009-cu ildə çap etdirdiyimiz ümumtürk abidəsi, dini-qəhrəmanlıq dastanı “Kitabi-Battal Qazi” abidəsi ilə müqayisəyə gələ biləcək qədər dəyərli bir dastan abidəsidir. Buradakı ayruq (başqa, savayı), qıyurmaz (əhəmiyyətsiz, mənasız), qarınqay (qarışqa), ayrucuq (bundan başqa, savayı), iritməz (çatmaz, yetməz), qaqımaq, qancır, qanda və s. əski türk mənşəli sözlər ilə zəngindir.
Lakin Anadolu ləhcəsiilə yanaşı Azərbaycan dilinə məxsus ifadə və sözlərə də rast gəlmək olur. Məs: “Əvət”lə yanaşı “Bəli” sözünə də rast gəlinir.
“Çıqa gəldi”, “Ayıtdı” ifadələri də mətndə çox fəaldır.
Ümumiyyətlə əsərin lüğət tərkibini öyrənmək vacib və əhəmiyyətlidir.
“Xavərnamə” dastanlarını ömrünün çox hissəsini əlyazmaların tədqiqinə həsr etmiş dədəqorqudşünas alim, Əməkdar elm xadimi mərhum Şamil Cəmşidov vaxtı ilə bizə transfoneliterasiya etmək üçün təqdim etmişdir. 145 səhifəlik əlyazma kitabını 1994-1995-ci illər ərzində əski əlifbadan, o zaman hakim olan kiril əlifbasına çevirdik. Bu prosesin uzun çəkməsinin səbəbi bizim əlyazma oxumaqda ələxsus da nəsr abidələrilə işləmək təcrübəsizliyilə bağlı idi. Buna ramən mürəkkəb dili olan əlyazmanı oxuduğumuz zaman çətinlik çəkdiyimiz məqamlarda Şamil Cəmşidov öz köməkliyini əsirgəməyib və transfoneliterasiyanın tez başa çatması üçün əsərdən müəyyən parçaları da çevirmişdir. 1995-ci ildən etibarən yatıb qalan çevrilmiş mətn 2013-cü ildə Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə əlyazmanın üzərində yenidən işlənməsi və qısa bir zaman içində çapa hazırlanması nəzərdə tutulmuşdur.
Azərbaycanda “Xavərnamə” dastanı ilk dəfə Ş.Cəmşidov tərəfindən tədqiq olunmuşdur. 2002-ci ildə f.e.n. Alik Əliyevin redaktorluğu ilə alimin “Azərbaycan yazılı dastan abidələrinin tədqiqi” adlı monoqrafiyası çapdan çıxır. Əsərin VII fəslini Şamil müəllim Dini-mifoloji yazılı dastan abidələrinə həsr etmiş və burada “Xavərnamə” dastanı ətrafında apardığı ilkin tədqiqatlarını və əsər haqqında gəldiyi nəticələri vermişdir. Ş.Cəmşidov “Seyfəl-mülk”, “Qəhrəmannamə” və “Xavərnamə” dastanlarını müqayisə edərək bir xətt üzrə mifik obrazların qəribə inkişaf silsiləli hərəkətlərinin diqqəti çəkməsindən söhbət açmış və hər üç dastan abidəsində cadular, ifrtitlərin əfsanəvi qeyri bəşəri varlıqların mövcudluğu ilə bir-birinə zəncirvari bağlılıqlarından danışmışdır. Alim “Xavərnamə” dastanının yazılı ədəbiyyatda ilk dəfə, fars şairi Mövlanə Məhəmməd ibn Hüsaməddin tərəfindən hicri 830 (m.1426)-cu ildə məsnəvi şəkilində qələmə almasını da qeyd etmişdir.
Üzərində işlədiyimiz nüsxənin el ədəbiyyatı deyil, əksinə müstəqil folklor abidəsi kimi qiymətləndirmişdir. Yazılı dastan abidəsinin fars, türk dillərində olması barədə, həm də çap variantının varlığı haqqında məlumat vermişdir. “Xavərnamə”nin şifahi variantındakı obrazları 1) dünyavi surətlər, 2) müqəddəs şəxsiyyətlər, 3) real qəhrəmanlar, 4) sehirkar obrazlar, 5) mifik obrazlar adı ilə sistemləşdirərək beş qrupa ayırmışdır. Dini məzmunda olan əsərin ədəbiyyatşünaslığımız üçün əhəmiyyətindən və Azərbaycan xalq dastanlarının bir çoxu ilə müqayisə edərək bədii-tarixi və sənətkarlıq əlaqələrinin, ümumi motivlərinə oxşarlığını qeyd etmişdir.
Prof. Ş.Cəmşidovun “Xavərnamə” dastanı haqqında monoqrafiyada apardığı ilkin tədqiqatlar və verdiyi məlumatlar abidənin gələcək tədqiqatçıları üçün ilkin mənbə və dəyərli məlumatlardır.
“Xavərnamə” dastanının adı Hz.Əlinin əsas rəqibi olan Xavəran şahın adı ilə bağlıdır. Əsərin nəşrlə əlaqəli tədqiqi davam edir.
Dini-qəhrəmanlıq dastanı olan “Xavərnamə”nin ümumtürk dastanları kontekstində, xüsusilə də azərbaycanda yaranan dastan abidələrilə müqayisəli tədqiqi Azərbaycan folklorşünaslığı üçün mühüm əhəmiyyət kəsb edir.
Cəmşidovun və bu sətrlərin müəllifi tərəfindən hazırlanan, yuxarıda haqqında bilgi verdiyimiz 61-17 şifrəli yazılı dastan abidəsinin yaxın zamanlarda nəşr olunacağı ümüdindəyik.
Dostları ilə paylaş: |