Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 0,6 Mb.
səhifə5/16
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#1166
1   2   3   4   5   6   7   8   9   ...   16
II FƏSİL. BÜDCƏ GƏLİRLƏRİNİN FORMALAŞMASI

XÜSUSİY­YƏT­LƏ­Rİ VƏ MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ

2.1. Dövlət gəlirlərinin formalaşması və büdcələrarası bölgüsü xüsusiyyətləri

Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən olun­muş tədiyyələr üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında böl­güsü regionların inkişaf proqramları nəzərə alınmaqla, hər il qəbul olunan döv­lət büdcəsi haqqında qanunla tənzimlənir. Ölkəmizdə gəlirlərin büdcə sis­te­minin həlqələri arasında bölgüsü aşağıdakı prinsiplərə əsaslanır:


  • büdcənin gəlirlər sisteminin müvafiq ərazinin iqtisadi inkişafından asılı olaraq onların gəlirləri hesabına formalaşması;

  • tədiyyələrin ardıcıl və fasiləsiz daxil olması təmin edilməklə, kassa kəsirinin əmələ gəlməsinin qarşısının alınması;

  • hər bir büdcənin xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin edilməsi;

  • müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq büdcənin təminatı;

  • büdcələrin balanslaşdırılmasına nail olunması.

Dövlət gəlirləri sisteminin əsas tərkib hissəsi olan büdcə gəlirləri dövlətin maliyyə ehtiyatlarını özündə cəmləşdirir. Büdcə gəlirlərinin yaradılması döv­lət tədbirlərini həyata keçirilməsi üçün ərazi, sahə və məqsədli təyinatı üzrə formalaşdırılır. Büdcə gəlirləri iqtisadi əlaqələri ifadə etməklə bütün mülkiyyətdən olan müəssisə, təşkilatlar və əhalinin gəlirləri hesabına ölkənin büdcəsini formalaşdırır. Bu iqtisadi əlaqələr müəssisə, təşkilat və əhalinin dövlət büdcəsi gəlirlərinə müxtəlif növ tədiyyələr ödənilməsində özünü göstərir.

Müxtəlif səviyyəli büdcələrin xərclərinin təmin olunması üçün onlar müvafiq gəlirlərə malik olmalıdır. Bu məqsədlə, müasir tələblərə cavab verən büdcə təsnifatı büdcənin gəlir və xərclərinin uçotunun beynəlxalq standartlara uyğun həyata keçirilməsinə imkan verməlidir. Adətən, büdcə təsnifatı əsasən büdcənin ayrı-ayrı gəlirlərini və xərclərini qruplaşdıran «Büdcə gəlirlərinin təsnifatı»ndan, büdcə xərclərini bölmələr səviyyəsində qruplaşdıran «büdcə xərclərinin funksional təsnifatı»ndan, büdcə xərclərini ayrı-ayrı xərc yarımmaddələri səviyyəsində «Büdcə xərclərinin iqtisadi təsnifatı»ndan və büdcə xərclərini təşkilatlar səviyyəsində qruplaşdıran «Büdcə xərclərinin inzibati təsnifatı»ndan iarətdir.

Nəzərə almaq lazımdır ki, gəlirlərin mövcud təsnifatı ilə inkişaf etmiş ölkələrin gəlirlərinin təsnifatı arasında uyğunsuzluq mövcud olduğundan, ölkələrarası məlumatların müqayisəsində, həmçini həmin məlumatların beynəlxalq maliyyə qurumlarına təqdim edilməsində bəzi anlaşılmazlıqlar yaranır. Buna görə də, gəlirlərin təsnifatına görə ölkəmizin iqtisadi göstəricilərinin digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilməsi üçün mövcud nöqsanlar aradan qaldırılmalıdır.

Adətən, büdcə gəlirlərinin təsnifatı - vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlərdən ibarət dörd kateqoriyaya bölünür. Mövcud təsnifatda gəlirlər əsasən, spesfik xüsusiyyətlərinə, o cümlədən müxtəlif vergi dərəcələri, mülkiyyət növləri, vergi orqanlarında qeydiyyata alınma üsulu və sair nəzərə alınmaqla, vergi ödəyiciləri üzrə təsnifatlaşdırıldığından, vergi dərəcələrinə əlavə və dəyişikliklər edildikdə, bu qaydaların həyata keçirilməsinə xeyli vaxt tələb olunur. Buna görə də, gəlirlərin təsnifatında müvafiq qanunvericilik aktlarında ola biləcək dəyişikliklər maksimum dərəcədə nəzərə alınmalıdır.

Dövlət gəlirlərinin və vergi sisteminin əsasını təşkil edən dövlət vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilən və ölkənin bütün ərazisində ödənilməli olan vergiləri əhatə edir. Dövlət vergilərinin növləri, vergiqoyma obyektləri, imtiyazların növləri və dərəcələri, vergilərin ödənilməsi qaydaları və onların büdcə və ya büdcədənkənar fondlara hesablanması dövlət icra strukturlarının müvafiq aktlarına əsasən tətbiq edilir. Bu aktlara - qərarlar, əmrlər, sərəncamlar, qaydalar, təlimatlar və əsasnamələr daxildir. Respublikamızda hal-hazırda tətbiq edilən vergilərə fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin əmlak vergisi, əlavə dəyər vergisi, aksizlər, mədən vergisi, yol vergisi və sadələşdirilmiş sistem üzrə vergi aiddir. Bu göstərilən vergilərin bir çoxu tənzimləyici büdcə gəlirlərinə aid edilir. Tənzimləyici gəlirlər normativlər əsasında maliyyə ili üçün dövlət büdcəsinin bələdiyyə büdcələrinə növbəti və ya uzun müddətə ayırdığı maliyyə vəsaitidir. Eyni zamanda büdcənin tənzimləyici gəlirlərinə transfert ödənişləri də daxildir.

Bütün hakimiyyət səviyyələri arasında səmərəli gəlir və xərclərin formalaşması, habelə büdcə münasibətləri sisteminin hazırlanması keçid iqtisadiyyatlı ölkələrdə islahatların həyata keçirilməsinin həlledici şərtidir. Yerli səviyyələrdə tarazlaşdırılmış büdcə - makroiqtisadi sabitliyin təmin olunmasının başlıca amilidir. Bəzi hallarda büdcə tarazlığının pozulması uzun müddət ərzində davam edə bilər, çünki yerli səviyyəyə keçirilmiş vergilər eyni səviyyəyə keçirilmiş xərclərdən daha aşağı sürətlə arta bilər.

Müvafiq gəlirlər əldə etmək vasitəsilə dövlət və bələdiyyə orqanları öz vəzifə və funksiyalarını ye­rinə yetirmək üçün iqtisadi imkan əldə etməklə yanaşı, sosial-mədəni tədbirlər hə­yata keçirir, iqtisadiyyatı tənzimləyir. Dövlətin sosial-iqtisadi vəzifələrinin hə­ya­ta keçirilməsinin əsasını təşkil edən dövlət büdcəsi iqtisadi münasibətlərin mü­hüm tərkib hissəsi olmaqla, maliyyə münasibətləri sistemində əhəmiyyətli rola ma­likdir.

Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin vergiləri isə müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsindən əldə olunun gəlirlər, onların tabeliyində olan büdcə idarələrinin göstərdikləri pullu xidmətlər və bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər bələdiyyələrin gəlirlərinə aid edilir.

Bələdiyyə büdcələrinin gəlirləri əsasən yerli vergilər, fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəət vergisi, reklam haqqı, kurort, mehmanxana, avtomobillərin dayanacaqları üçün rüsumlar, pul-şey lotoreyalarının satışından daxilolmalar və digər ödəmələr hesabına formalaşdırılır.

Büdcə gəlirlərinin formalaşmasında vergilərdən daxilolmalarla yanaşı vergi olmayan gəlirlər də xüsusi əhəmiyyət kəsb edir. Bu gəlirlərə mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, büdcə təşkilatının xüsusi vəsaitlərindən daxilolmalar, maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən gəlirlər, qeyri-maliyyə dövlət müəssisə və təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, pul-şey lotoreyaları üzrə daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən sair gəlirlər, maliyyə təşkilatlarından gəlirlər, Milli Bankın mənfəətindən daxilolmalar, maliyyə təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, maliyyə təşkilatlarından alınan dividendlər, xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər, xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər, daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər, mülkiyyətdən daxil olan sair gəlirlər, inzibati tədiyyələr, dövlət rüsumlarf, cərimə və sanksiyalar üzrə daxilolmalar aid edilir.

Büdcənin xüsusi gəlirlərinə qeyri - vergi gəlirləri daxildir. Bunlar dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər, büdcə sisteminin digər səviyyəli büdcələrdən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlərdir. İstər dövlət, istərsə də bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam həcmdə müvafq büdcələrə köçürülür.

Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlərin hökumətləri tərəfindən əvəzsiz köçürülən vəsaitlər də büdcə gəlirlərinə daxildir. Büdcə gəlirləri, həmçinin qarşılqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr hesabına da ola bilər. Qarşılıqlı hesablaşmalar üzrə vergi və büdcə qanunvericiliklərində dəyişikliklər aparılması ilə əlaqədar büdcə sisteminin müxtəlif səviyyəli büdcələr arasında vəsaitlərin verilməsi , büdcə haqqında qanunda nəzərdə tutulmayan xərclərin maliyyələşməsi üzrə səlahiyyətlərin və ya gəlirlərin verilməsi üzrə əməliyyatlar da daxildir.

Təcrübə göstərir ki, transfert ödənişlər formasında vəsaitlərin verilməsi yerli icra orqanlarına təsərrüfatı inkişaf etdirməyə imkan vermir, bölgədə baş verən iqtisadi və sosial proseslərə təsir etmə dairəssini, büdcələrin gəlir hissəsinin yerinə yetirilmə imkanlarını azaldır, maliyyə nəzarətini zəiflədir və son nəticədə, büdcə ilində maliyyə vəsaitlərindən qeyri-səmərəli istifadəsinə şərait yaradır. Bu çatışmazlığı aradan qaldırmaq üçün bələdiyyə büdcələrinin yerli vergi, gəlir və sair daxilolmaların hesabına möhkəmləndirilməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi zəruridir.

Bazar münasibətləri sistemində büdcə siyasəti dövlət siyasətinin ən vacib və lazımi bir ünsürüdür. Büdcə siyasətində büdcə gəlirləri mənbələrinin düzgün müəyyənləşdirilməsi gəlirlərin vaxtında və tam toplanmasının vacib şərtidir..

Hal-hazırda büdcə gəlirlərini mahiyyəti bazar münasibətlərinin tələblərinə uyğun olaraq bir qədər də dəyişmiş və bu, dünyanin əksər ölkələrində büdcənin idarə edilməsinə də təsir etmişdir. Bu dəyişikliklər, hər şeydən əvvəl büdcə gəlirlərinin daha geniş sisteminin yaradılması ilə əlaqədardır. Çünki hər bir dövlətin iqtisadi potensialı, onun inkişaf səviyyəsi büdcə gəlirlərinin həcmindən asılı olduğundan, struktur dəyişiklikləri, iqtisadi inkişafın mərhələləri yeni-yeni gəlir mənbələrinin yaranmasına şərait yaradır, dövlət gəlir­lə­ri­nin tərkibinin dəyişərək genişlənməsinə təsir göstərir. Bazar iqtisadiyyatlı ölkələrində daha çox gəlir gətirən sahələrin inkişafına diqqətin artması, eyni zamanda həmin sahələrə böyük həcmdə sərmayə qoyuluşunu stimullaşdırır. Gəlirlərin tərkibinə aşağıdakı gəlir növləri: vergilərdən daxilolmalar, dövlət sərvətlərindən istifadəyə görə borclanmadan gələn gəlirlər və xəzinənin imkanından istifadə etməklə əldə edilən gəlirlər daxildir. Bu gəlirlərdən dövlətin sərvətindən istifadəyə görə və vergilər həqiqi dövlət gəlirləri, xəzinə imkanlarından istifadə etməklə əldə edilən gəlirlər isə fövqəladə dövlət gəlirləridir. Çünki, xəzinənin buraxdığı dövlət qiymətli kağızları və alınmış borc gələcəkdə mütləq ödənilməlidir.

Azərbaycan Respublikasının dövlət büdcəsi ilə Naxçıvan Muxtar Res­pub­li­kasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı münasibətlərin tənzim­ləyicisi kimi mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları ya­rat­maq, maliyyə ehtiyat­larını bölüşdürmək prinsipləri əsasında qurulur.

Yerli büdcələrlə dövlət büdcəsi arasında münasibət­lər yerli sosial-iqtisadi inkişaf proqram­larını yerli büdcələrin vəsaiti hesabına maliyyə­ləşdirmək müm­kün olmadıqda dövlət büdcəsin­dən subvensiya və dotasiya ayrılması, müvafiq qanunverici və icra hakimiyyəti orqanları tərəfin­dən bələdiyyələrə verilmiş əlavə səlahiy­yətlərin həyata keçirilməsi üçün dövlət büdcəsin­dən zəruri maliyyə vəsaitinin ayrılması, müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarlar əsasında yerli büdcələrin gəlirlərinin azalması və xərclərinin artması məbləğləri qərar qəbul edən orqanlar tərəfindən kompensasiya edilməsi qaydasında, dövlət büdcəsi ilə dövlət fondları arasında münasibətlər isə bu orqanlar arasında təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçirilir.

Regional və yerli büdcələrin gəlir mənbələri əsasən əmlak vergisi və satışdan (dövriyyədən) vergi təşkil edir. Son illərdə regional və yerli büdcələrin tərkibində gəlir vergisi və mənfəətdən vergilərin payı artmaqdadır. Vergi tədiyyələrinin bölgüsündə ədalətliliyin təmin olunması üçün ərazinin tədiyyə qabiliyyətinin nəzərə alınması da vacibdir. Eyni zamanda, yerli vergilər dövlətin maliyyə imkanlarını zəiflətməməli, dövlət və yerli vergilər birlikdə iqtisadi subyektlər üçün müsadirə xarakterli olmamalıdır.

Vergilər və vergi xarakterli ödənişlərin konkret ərazilərin regional və yerli hakimiyyət qurumlarına təhkim olunması və ərazi gəlirlərinin formalaşması aşağıdakı metodlarla həyata keçirilməlidir:

• tənzimləyici vergilər (vahid, qrup və diferensial) üzrə faiz ayırmaların uzunmüddətli əsasda müəyyən edilməsi;

• mərkəzləşdirilmiş büdcədən əvəzsiz yardımların ayrılması (dotasiya, subvensiya, büdcə kompensasiyaları);

• yuxarı büdcədən (büdcədaxili) və maliyyə bazarından (mərkəzləşdirilmil və bələdiyyə) müvəqqəti olaraq borc vəsaitlərinin əldə edilməsi.

Azərbaycan Respublikasının büdcə gəlirlərinin strukturunun təkmilləşdirilməsində mühüm məqamlardan biri – ərazilərin sabit sosial-iqtisadi inkişafını təmin edən məqbul vergi «yüklənməsinin» tətbiq edilməsidir. Məsələn, investisiya cəlb etmək istəyən ərazilər üçün vergiqoyma aşağıdakı ardıcıllıqla tətbiq edilməlidir:

• xidmətlərə görə birbaşa tədiyələr;

• təbiətdən istifadəyə görə tədiyələr;

• torpaqdan və şəhər əmlakından istifadəyə görə tədiyələr;

• əmlak vergisi;

• satışdan vergilər;

• müəssisələrin gəlirlərindən vergilər;

• vətəndaşların gəlirlərindən vergilər.

Hər bir konkret rayon və şəhərin şəraitinə uyğunlaşdırılmış «vergi yüklənməsi» ardıcıllığı həmin ərazinin malik olduğu vergi potensialından istifadənin ortimal üsulunu seçməyə imkan verir. Belə variantların seçilməsi və həyata keçirilən büdcə siyasətinin istiqamətlərinin dəqiqləşdirilməsi bu işlə məşğul olan müvafiq maliyyə qurumlarının və hakimiyyət orqanlarının daima diqqət mərkəzində olmalıdır. Ölkəmizdə aparılan büdcə islahatlarında dövlətin sosial-iqtisadi inkişafında qəbul edilən prioritetlərlə yanaşı, hər bir regionun (rayon və şəhərin) tarixi, təbii və iqtisadi xüsusiyyətləri, ərazinin coğrafi yerləşməsi (sərhəd, anklav, dağlıq və s.) nəzərə alınmalıdır.

Dünyanın müxtəlif ölkələrində büdcə sistemi daxilində funksiyaların bölüşdürülməsi həmin ölkənin tarixi, iqtisadi və siyasi inkişaf səviyyəsindən asılı olaraq bir-birindən fərqlənir. Federativ dövlətlərdə büdcə sistemlərin arasında funksiyaların bölgüsü daha kəskin ifadə olunur, federasiyanın subyektləri geniş büdcə hüquqlarına malik olur. Unitar dövlətlərdə inzibati-ərazi vahidlərinin hüquqları çox da geniş olmur. Lakin istənilən halda, büdcə vəsaitlərinin bölüşdürülməsində aşağı büdcə səviyyələrinə müəyyən müstəqillik verilir. Yerli hakimiyyət xərclərinin istiqamətləri və ümumi xərclərdə payı ölkə konstitusiyasında və maliyyə qanunvericiliyində müvafiq səviyyəli orqanlara verilən səlahiyyətlərdən asılıdır.

Yerli hakimiyyət orqanlarına tabe olan ərazilərdə iqtisadiyyatın inkişafı, sahibkarlıq təşəbbüslərinin fəallaşması onların bu sahədəki məqsədəyönlü fəaliyyətindən, yerli və xarici investisiyalar cəlb etmək üçün büdcə-vergi stimullaşdırmasından nə dərəcədə istifadə etmələrindən asılıdır. Bu sahədə görülən əhəmiyyətli işlər – yeni müəssisələrin açılması, investorları cəlb edərək infrastrukturun yaradılması və s. digər fəaliyyət sahələrinin də canlanmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxarır.

Gəlir daxilolmalarını bölüşdürərkən əsas diqqət yerli büdcələrin gəlir bazasının formalaşmasına yönəldilir, çünki belə vəziyyət yerli səviyyədə stabil, səmərəli büdcə münasibətlərinin qurulma məqsədlərinə də daha çox uyğundur. Lakin bunun öz mənfi cəhətləri də vardır. Yerli hakimiyyət orqanlarına tam vergi səlahiyyətlərinin verilməsi vergi rejimlərinin qeyri-bərabərliyinə və onun nəticəsi kimi artıq formalaşmış təsərrüfat əlaqələrinin qırılmasına, istehsal obyektlərinin yerləşdirilməsində proporsiyaların pozulmasına, investisiya şərtlərində əhəmiyyətli fərqlərin yaranmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-bərabərliyi şəraitində vergilərin təhkim olunma metodu ilə bölüşdürülməsi büdcə təminatı səviyyələrində də qeyri-bərabərliyə səbəb olur və yerli büdcə sisteminin özünü qeyri-sabit, operativ büdcə tənzimlənməsi olmadıqda isə sosial cəhətdən gərgin edir.

Buna görə də gəlir daxilolmalarının bölüşdürülməsində vergilərin təhkim olunması metodu onun pay bölgüsü metodu ilə birləşdirilərək tətbiq edilir. Vergilərin əksər hissəsi mərkəzi büdcə tərəfindən tutulsa belə, vergi daxilolmalarının müəyyən hissəsi yerli səviyyəyə verilməlidir. Bu metodun üstünlüyü ondadır ki, yerli hakimiyyət orqanları gəlir daxilolmaları üçün zəmanət almış olur, həm də bu metodun özü sadədir. Payın ötürülməsi iki üsulla həyata keçirilir. Birinci üsulla, vergilər müəyyən edilmiş faiz normativlərinə görə onun yığıldığı ərazinin yerli orqanının sərəncamında qalır. Vergi daxilolmalarının əldə olunmasının digər üsulunda yerli hakimiyyət orqanlarına ümumdövlət vergilərinə müəyyən hədlə məhdudlaşdıran əlavələr etmək hüququ verilir. Vergilərin istər təhkim olunma, istər payla iştirak metodu ilə bölüşdürülməsi, dövlət strukturularının səviyyələri arasında bölüşdürülməyə yararlı büdcə daxilolmalarının düzgün seçilməsini tələb edir.

Büdcə münasibətlərinin təşkili - idarəetmənin yerli səviyyəsində büdcə sisteminin stabillik şərti kimi gəlir və xərclərin tarazlaşdırılmasına; inzibati büdcə sisteminin ədalətliliyi və açıqlığı şərti kimi ərazi vahidlərinin büdcə təminatı səviyyələrinin bərabərləşməsinə; büdcə sisteminin nəticəlilik şərti kimi yerli hakimiyyət orqanlarının gəlirlərin cəlb olunması və xərclərə qənaət üzrə səylərinin stimullaşdırılmasına istiqamətləndirilməlidir. Bu istiqamətlərin hər biri müvafiq subsidləşdirmə (dotasiya və subvensiyalar) üsulları ilə təmin olunur.

Dünya təcrübəsində mərkəz və regionlar arasında qarşılıqlı büdcə münasibətlərinin təşəkkülünə üç yanaşma mövcuddur:

• hər bir regionla ayrılıqda vergi daxilolmalarının bölüşdürülməsi və digər şərtlər haqqında ayrıca müqavilə bağlanmasını (məsələn, Çində) nəzərdə tutan «fərdi-müqavilə»;

• gəlir və xərclərin formalaşması və icrası məsələlərində ayrı-ayrı regionlara müstəsna hüquqlar verilməsini nəzərdə tutan, xüsusi büdcə rejimlərinin yaradılması (məsələn, Filippində, Avstraliyada, Malayziyada);

• normativ-hesablama düsturlarının tətbiqi əsasında unifikasiya edilmiş subsidiyalar verilməsi (əksər ölkələrdə regionların büdcə şərtlərinin qismən bərabərləşdirilməsi məqsədilə istifadə edilir).

Yerli büdcələrin struktur quruluşunda ciddi dəyişikliklər edilməsi yolunda qarşıya çıxan çətinliklər təkcə hüquqi xarakterli deyildir. Doğrudan da, bəzi ərazilərin inkişafının xeyli geridə qalmasını aradan qaldırmaq üçün yerli özünüidarəetmə orqanlarının tənzimləyici funksiyalarına daha çox zərurət yaranmasına baxmayaraq, istər xərc, istərsə də gəlir maddələrini çox vaxt iqtisadi səbəblərdən də dəyişmək çətindir.

Əlbəttə, xarici ölkələrdə uğurla tətbiq edilən büdcələrarası münasibətlərin Azərbaycanda eyni qaydada istifadə edilməsi qeyri-mümkündür. Azərbaycanın hətta unitar dövlət kimi quruluşundakı bəzi fərqlər (geniş səlahiyyətlərə malik prezident idarəçiliyinin mövcudluğu), region bölgüsünün ancaq iqtisadi rayonlar səviyyəsində (Naxçıvan MR-dən savayı) müəyyən olunması, inzibati rayonların ərazisinə və əhalinin sayına görə nisbətən çox olması, büdcə sistemini faktiki olaraq 2 səviyyədə – mərkəzi və yerli (rayon və şəhər) büdcələr səviyyəsində müəyyən etmişdir. Bunu nəzərə alaraq, inkişaf etmiş ölkələrin təcrübəsində diqqəti cəlb edən və nəzərə alınması zəruri olan aşağıdakı məqamları qeyd etmək olar:

• büdcə-maliyyə qanunvericiliyinin mükəmməlliyi və dəqiqliyinin, onun təməl prinsip və məqamlarının stabilliyinin təmin edilməsi;

• ərazi büdcələrinin səlahiyyətlərinin dövlətin inzibati-ərazi quruluşuna müvafiq olaraq ­- ərazinin sahəsinə, əhalinin sayına, tarixi, iqtisadi, siyasi inkişafın və milli-mədəni ənənələrə uyğun bölüşdürülməsi;

• regional inkişaf proqramlarının işlənməsi və reallaşmasında demokratizm prinsiplərinə əməl olunması;

• yerli özünüidarəetmə orqanlarının müstəqilliyini və məsuliyyətinin genişləndirilməsi əsasında büdcə sisteminin manevretmə qabiliyyətinin yüksəldilməsi;

• yerli büdcə vəsaitlərindən öz ərazilərində iş qüvvəsinin təkrar istehsal prosesində və təsərrüfat fəaliyyətinin tənzimlənməsində daha geniş istifadə edilməsi;

• ərazilərin büdcə tənzimlənməsinin konseptual və təşkilati baxımdan qurulması və reallaşmasına kompleks yanaşma.

Hazırda iqtisadi ədəbiyyatda əhalinin hansı ehtiyaclarının mərkəzləşdirilmiş qaydada, hansı ehtiyaclarının və hansı nisbətdə yerli büdcələr səviyyəsində ödənilməsi, onların mənbələri, keyfiyyəti və s. məsələlər kifayət qədər mübahisə obyekti olan mövzulardandır. Azərbaycan Respublikasının «Büdcə sistemi» haqqında qanunda da bir sıra sahələrin və funksiyaların hər iki büdcə səviyyəsində birgə yerinə yetirilməsi nəzərdə tutulduğundan, göstərilən problemin aktuallığı bir qədər də aşkar görünür.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin