2.2. Müasir şəraitdə Azərbaycanda büdcə-vergi siyasəti və onun
dövlət gəlirlərinə təsirinin təhlili
İnteqrasiya şəraitində makroiqtisadi sabitliyin əldə olunmasında çevik və məqsədyönlü siyasətinin aparılması həlledici rol oynayır. Ona görə də, ilk növbədə məhz büdcə-vergi siyasətinin tarazlaşdırılmış şəkildə aparılması ölkədə makroiqtisadi sabitliyin vəziyyətinə həlledici təsir göstərir. Yeni iqtisadi sistemin formalaşmasına xidmət edən iqtisadi siyasət sistemli şəkildə həyata keçirilərək ölkədə maliyyə sabitliyinə nail olmağa yönəldilməlidir.
Respublika iqtisadiyyatında əldə edilmiş nailiyyətlər içərisində aparılan iqtisadi islahatların avanqardı kimi çıxış edən büdcə-vergi sistemi özünəməxsus yer tutur. Maliyyə sistemində aparılan islahatlar təkcə hökumətin fiskal siyasətini deyil, eyni zamanda bu sistemin daxili strukturunu da əhatə etmişdir.
Hazırda Ümumi Daxili Məhsulun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinin artdığı, ölkəmizdə bazar iqtisadiyyatına keçidin getdikcə daha da sürətləndiyi bir şəraitdə dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsinin əsas alətləri olan fiskal siyasətlə monetar siyasətin düzgün nisbəti xüsusi rol oynamışdır. Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tərkibi ciddi dəyişikliklərə məruz qalmışdır. Fiskal siyasətdə xərclərin tərkibində sosial sfera xərclərinin, investisiya və əsaslı xərclərin xüsusi çəkisi artırılmış, dövlət büdcəsindəki əmək haqqı, pensiya və təqaüdlər üzrə olan borclar minimuma endirilmiş, dövlət büdcəsi ilə yerli büdcələr arasında, həmçinin sosial müdafiə büdcəsi və digər büdcədən kənar fondlar ilə münasibətlər və qarşılıqlı əlaqələr prinsipi üzərində qurulmuşdur .İqtisadiyyatın sabitləşməsi müasir dünyada iqtisadi proseslərin sürətləndiyi və iqtisadi təhlükəsizliyin qorunmasının gücləndiyi bir şəraitdə maliyyə siyasətinin, o cümlədən, onun tərkib hissəsi olan büdcə-vergi siyasətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün geniş imkanlar yaradır. Büdcə-vergi siyasəti büdcə gəlirlərinin formalaşmasının kəmiyyət parametrlərinin və əsas vəzifələrinin müəyyənləşdirilməsi üzrə dövlətin məqsədyönlü fəaliyyəti kimi iqtisadi siyasətin əsas alətləri kimi qiymətləndirilir.
Büdcə gəlirlərinin formalaşması, büdcə öhdəliklərinin yerinə yetirilməsi, büdcə kəsirinin idarə olunması büdcə-vergi siyasətinin mühüm istiqamətləri olduğu üçün bu siyasətin səmərəliliyi göstərilən istiqamətlər üzrə icraedici hakimiyyət orqanlarının fəaliyyəti kimi dəyərləndirilir. Dövlətin büdcə-vergi siyasəti inflyasiyanın aşağı tempinin, kredit bazarında nisbətən ucuz faiz dərəcələrinin saxlanılmasını təmin edən dövlət xərclərinin məhdudlaşdırılmasına əsaslanmalıdır.
Büdcə-vergi siyasətinin səmərəli həyata keçirilməsi real iqtisadiyyata güclü təsir göstərir. Buna görə də əsas makroiqtisadi göstəricilərin dinamikası həyata keçirilən büdcə-vergi siyasətinin səmərəlilik meyarı kimi çıxış edir.
Müasir şəraitdə mülkiyyətin yeni formalarının yarandığı, təsərrüfat subyektlərinə və idarəetmə orqanlarına sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsində geniş hüquqlar verildiyi üçün büdcə-vergi siyasətinin səmərəli istiqamətləndirilməsinin aktuallığı və əhəmiyyəti daha da artır.
Büdcə gəlirlərinin artırılması mənbələrinin, dövlət xərclərinin idarə edilməsinin və ona nəzarətin təkmilləşdirilməsi, göstərilən problemlərin həlli üçün geniş imkanlar yaradır.
Dövlət büdcəsinin gəlirləri iqtisadiyyatda fəaliyyət göstərən bir sıra qanunlar, iqtisadi kateqoriyalarla yanaşı qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət göstərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan - maliyyə münasibətlərinin müəyyən bir tərəfini ifadə edir. Büdcə-vergi münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə və təşkilatlar və əhali arasındakı əlaqələri ifadə etməklə bərabər, həmin münasibətlərin məcmusu kimi çıxış edir.
Son vaxtlarda iqtisadi ədəbiyyatda ÜDM-in adambaşına düşən həcmi ilə hesablanan iqtisadi inkişaf səviyyəsi ilə ÜDM-də dövlət xərclərinin xüsusi çəkisi arasında əlaqənin xarakterini adambaşına düşən ÜDM-in həcmi ilə ÜDM-də dövlət xərclərinin xüsusi çəkisi arasında sabit bir asılılığın olduğunu müəyən etmək üçün cəhdlər göstərilməkdədir. Aparılan tədqiqatların əksəriyyətindən belə məlum olur ki, bu iki göstərici arasında pozitiv korrelyasiya əlaqəsi mövcuddur.
Vergi daxilolmaları özəl bölmənin dövlətə transfert ödəmələridir. Dövlətin özəl bölməyə transfertləri xərclər kimi qeydiyyata alınır. Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 2007-ci ildəki 30%-dən 2014-cü ildə 73,3%-ə, 2014-cü ildə isə 84%-ə çatmışdır (Bax: cədvəl 2.1.).
Cədvəl 2.1.
Ümumi Daxili Məhsulda qeyri-dövlət bölməsinin payı, % -lə
Dostları ilə paylaş: |