Azərbaycan miLLİ elmlər akademiyasi


III BÖLMƏ SÖZ SƏNƏTİ VƏ ÖMÜR-GÜN QAYĞILARI



Yüklə 0,88 Mb.
səhifə18/20
tarix28.12.2021
ölçüsü0,88 Mb.
#17085
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20
III BÖLMƏ

SÖZ SƏNƏTİ VƏ ÖMÜR-GÜN QAYĞILARI
ADAM DİLİNDƏ YAZIN”
Müsahibimiz folklorşünaslıq sahəsində tanınmış Azər­baycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının müx­bir üzvü, AMEA Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü Muxtar Kazımoğlu – İmanovdur.
8 uşağın hamısı oxuyub
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində dünyaya göz açıb. Ailədə səkkiz uşaq olublar: beş qardaş, üç bacı. Atası Kazım müəllim əvvəl fin, sonra isə rus-alman müharibəsində iştirak edib. Müharibədən qayıdandan sonra bir müddət raykomda (rayon icra hakimiyyətində - L.M) təlimatçı işləyib. Atasız-anasız qalmış qardaş-bacısına və müharibədən qayıtmayan böyük qardaşının uşaqlarına da Kazım müəllim baxmalı olub. Uzun illər məktəb direktoru, yaxud sıravi müəllim kimi çalışıb. Məktəbdən evə qayıdandan sonrakı vaxtlarında böyük ailəni dolandırmaq üçün arıçılıq təsərrüfatı ilə məşğul olub. Bütün günü başı işə qarışsa da, övladlarının oxumağına xüsusi fikir verib. Bu ailədə böyüyən səkkiz uşaqdan yeddisi ali, biri texnikum təhsili alıb.
Şuluq olmağın badına getdim”
Müsahibimiz balaca vaxtı şuluq uşaq olmasından danı­şır: “Məktəbə qədərki dövrdə və ibtidai siniflərdə oxuduğum ilk illərdə çox şuluq uşaq olmuşam. Bir dəfə şuluqluğumun ucbatından qonşunun iti qolumdan qapıb. Qış tətili idi. Ata­mın dayısı oğlu Aşıq Salmangilə getmişdik. Salman əmimin yoldaşı ilə anam evdə nəsə iş görürdülər. Mən də evdəki uşaq­­lara göz verib, işıq vermirdim. Anam məni başından elə­mək üçün dedi ki, Salman əmin tüfəngi götürüb kəklik vur­mağa gedib, sən də onun dalınca get, kəklik vursun, gətir evə. Anamın bu sözləri ağlıma batdı və tez-tələsik evdən çıxdım. Möhkəm qar yağmışdı. Həyətdən xeyli aralanıb üzüyuxarı da­ğa tərəf getmək istəyəndə, gördüm, dizə qədər qara batı­ram, getmək mümkün deyil. Evə qayıtmaq əvəzinə qonşu uşaq­ları tapıb onlarla qartopu-filan oynamaq fikrinə düşdüm. Qonşu­mu­zun həyətinə təzəcə ayaq basmışdım ki, zorba bir it üstümə şığıyıb qolumdan qapdı. Pencəyimin qolundan qar üstünə qan dama-dama evə qaçdım. Anam qoluma bal qoyub bağladı. Atam mənim “qəhrəmanlığımdan” xəbər tutandan sonra kən­din feldşeri – rəhmətlik Baba “doxduru” evə çağır­malı oldu. Beləcə, şuluq olmağın badına getdim”.
Samanlığa od vurdum”
Bir dəfə də 4-5 yaşlı Muxtar samanlığa od vurur: “Ha­vanın qızmar istisində həyət-bacada heç kim yox idi. Anamla əmim arvadı – əmcanım bizim əl damımızda palaz toxuyur­du. Getdim onların yanına. Gah kirkitə əl atdım, gah həvəyə əl atdım (aydınlıq üçün deyim ki, bunlar palazdan-kilimdən ötrü lazım olan toxuculuq alətlərdir). Anam gördü mən işlə­məyə aman vermirəm, üstümə acıqlandı və mən əl damından çıxmalı oldum. Özümə bir iş tapıb başımı qatmaq istədim. Təndirəsərin (yəni çörək yapılan yerin) taxçasından kibrit qutusu götürdüm. İçərisində bircə dənə kibrit çöpü vardı. Öz-özümə fikriləşdim ki, görən bir dənə kibrit çöpü ilə saman­lıqda nəm çəkmiş lazımsız samanı yandırmaq olarmı? Kibriti çəkdim və bir az keçməmiş qara tüstünün qalxdığını gördüm. Gözlərim acışdı. Birdən saman alovlandı və mən samanlığın yanacağından qorxub eşiyə qaçdım. Anam tüstünü görüb ha­ray saldı, qonum-qonşu tökülüb samanlığa düşən od-alovu sön­­dürdü. Qonşu kənddə dərs deyən atam evə qayıdanda anam məndən giley-güzar eləməyə başladı. Atam məni vur­ma­­dı, dedi, yaxşı ki, özünə bir şey olmayıb. Amma xeyli öyüd-nəsihət elədi, başıma ağıl qoymağa çalışdı ki, bir də belə iş görməyim”.

Uşaqlıqda bu cür dəcəl olan Muxtar məktəbə gedəndə yavaş-yavaş sakitləşməyə başlayır. Şuluq etmək, dalaşmaq, bir yerdə durmayıb ora-bura qaçmaq kimi vərdişləri tədricən çəkilib gedir.


Bitlə birənin nağılı”
Həmsöhbətimiz ailəsində ədəbiyyata olan maraqdan da söz açır: “Atam riyaziyyat müəllimi olsa da, ədəbiyyata çox böyük maraq göstərirdi. Qalın bir dəftəri vardı, cavan vaxtı həmin dəftərə şeirlərini yazmışdı. Şeirlərin çoxu təmsil idi. Xəlvətcə dəftəri götürüb o şeirləri oxuyardum. Anam təhsil al­masa da, iti zehinli idi. Bizə nağıllar danışardı. “Bitlə birənin nağılı”nı elə məzə ilə danışardı ki, ona bu nağılı tək­rar-təkrar söylətməkdən doymazdıq. Onu da deyim ki, mənim cibimdə həmişə bir dəftərçə olur, söhbət zamanı adamlardan eşitdiyim maraqlı atalar sözü və məsəlləri ora qeyd edirəm. O dəftərçəni vərəqləyəndə görürəm ki, ordakı sözlərin əksəriy­yəti anamın dilindən yazdıqlarımdır. Anam cavan vaxtları yaxşı tikiş də tikərdi (indinin özündə də boş dayanmağı sev­mir, evdə hansısa işə hökmən əl atır). O vaxt kasıb idik, anam bizə də, əmim uşaqlarına, hətta qonşuların uşaqlarına da şalvar, köynək tikər­di. Paltar tikəndə öz-özünə oxuyardı və oxuya-oxuya ağlayardı. Ağlamasının səbəbini soruşanda de­yər­di, babam (müharibədən qayıtmayan atasını nəzərdə tutur­du) yadıma düşüb”.
Ədəbiyyatı seçməyimin “günahkarları””
Orta məktəbi bitirib ali məktəbə sənəd verərkən atası hü­quq fakültəsinə getməyi məsələhət görsə də, Muxtar Ka­zı­moğlu dediyindən dönmür, sənədlərini Azərbaycan Dövlət Uni­versitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə verir və qəbul olur: “Atam deyirdi ki, hüquq fa­kül­­­təsini qurtarsan, qohum-qardaşa köməyin dəyər, onlara əl tutarsan. Universiteti bitirəndən sonra üç il qonşu kənddə müəl­lim işlədim. Sonra aspiranturaya qəbul oldum. Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olanda dərk etdim ki, atam düz deyirmiş, elmi işçi ola-ola adamlara istədiyin kö­mə­yi etmək mümkün deyilmiş. Müxtəlif işlərdən ötrü kəndi­mizdən yanıma adamlar gələrdi. Mən bir elmi işçi kimi onlara nə kömək edə bilərdim? Nə elə pulum vardı ki, ciblərinə pul qoyam, nə də elə böyük əlaqələrim vardı ki, kiməsə zəng edəm, kəndçilərimin dərdinə çarə qılam”.

Hüquq sahəsini yox, ədəbiyyatı seçməyinin səbəbinə gə­lincə, Muxtar Kazımoğlu deyir ki, bunun “günahkarları” qar­daşı Akif İmanlı və onun dostu İsa Həbibbəylidir: “İsa Hə­bib­bəyli ilə qardaşım bir kursda oxuyublar, yataqxanada da ey­ni otaqda qalıblar. İsa müəllim bizim kəndə gələr, ya da qar­daşım Akif onların kəndinə gedərdi. İsa müəllim bizə gə­ləndə mən bir tərəfdə oturub qardaşımla onun söhbətinə qulaq asar­dım. Ədəbiyyatçı olmağımda o söhbətlərin çox böyük tə­siri oldu”.


Adam dilində yazın”
Beləliklə, filologiya fakültəsini seçən Muxtar Kazımoğ­lu sevdiyi ixtisas üzrə çalışaraq cəmiyyətdə kifayət qədər tanınır. Amma bu, çox sonralar olur. Ona kimi müsahibimiz uzun bir yol keçir, tanınmış müəllimlərdən dərs alır: “Bizə Mir Cəlal Paşayev, Səlim Cəfərov, Muxtar Hüseynzadə, Fər­had Zeynalov, Yusif Seyidov, Firudin Hüseynov, Mehdi Məm­­mədov, Bəkir Nəbiyev, Qulu Xəlilov və b. ustad müəl­limlər dərs deyib. Mir Cəlal Paşayev ədəbiyyatşünaslığın əsas­larını tədris edirdi. Mir Cəlal müəllim dilə, fikrin dildə ay­dın ifadə olunmasına xüsusi diqqət yetirərdi. Onun gözəl bir sözü vardı. Deyərdi ki, adam dilində yazın, adam dilində. Mən aspiranturada oxuyarkən ilk ciddi məqalələrimi yazanda “adam dili” deyən Mir Cəlal müəllimin nəyi nəzərdə tutdu­ğu­nu daha dərindən başa düşdüm. O vaxt qələm yoldaşlarımın bəziləri qəliz cümlələr qurub özlərini savadlı adam kimi gös­tərmək istəyirdilər. Mən o cür yolla getməməyə çalışdım. Ən mürəkkəb məsələləri də sadə dildə ifadə etmək istədim”.
Mənim dekabristlərim”
Qulu Xəlilovla bağlı xatirələrindən danışan müsahibimiz deyir ki, Qulu müəllim digər müəllimlərdən fərqli olaraq təkcə dərs keçmirdi, həm də tələbələrini mübahisələrə çəkirdi: “Təzə çıxan bədii əsərləri dərsdə - ədəbi tənqid kursunda qızğın müzakirə edirdik. Sərbəst müzakirə və mübahisələrə şərait yaratmaqla Qulu müəllim bizim dilimizi açdı. Dilimiz o dərəcədə açıldı ki, bəzən Qulu müəllimin özü ilə də mübahisə etməkdən çəkinmədik. Qulu müəllim bizə zarafatla “mənim dekabiristlərim” deyərdi”.
Ata haqqı
Müsahibimiz tələbə vaxtı yataqxanada qaldığını bildirir. Folklorşünas alim tələbə vaxtı atasının göndərdiyi 30 manat və öz aldığı təqaüdlə dolanırmış: “Universiteti bitirəndən son­ra bacım Pərvanənin dediyi bir söz heç yadımdan çıxmır. Deməli, bir dəfə atamın mənə pul göndərəcəyi vaxt yaxınla­şıbmış, amma işdə maaşlar nədənsə gecikirmiş. Bacım deyir ki, sənə pulu vaxtında göndərə bilmədiyinə görə atam özünə yer tapa bilmirdi, çox narahat idi. Hardansa pul tapıb sənə göndərəndən sonra kişinin eyni açıldı, üzü güldü. Bacımın bu sözlərini xatırladıb demək istəyirəm ki, uşaqlıq, gənclik il­lərindən danışanda valideynlərimizin üstümüzdəki haqqını heç vaxt unutmamalıyıq”.
Müsahibəni aparan: Lalə MUSAQIZI

Kaspi” qəzeti, 13 fevral 2015-ci il




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin