N.Q. QAZIYEVA
ƏDƏBİ DİL VƏ DİALEKT MÜNASİBƏTLƏRİ
Açar sözlər: ədəbi dil, dialekt, keçid şivə, qarışıq şivə.
Ключевые слова: литературный язык, диалект, говор.
Key words: literary language, dialect, subdialect.
Daxili qanunları ilə idarə olunaraq sistem təşkil edən dil varlıq kimi nizam və prinsipial daxili ardıcıllığa malikdir. Hətta tipoloji baxımdan müxtəlif dillərin mövcudluğu onların təbiətən vahid prinsiplər əsasında idarə olunması faktlarını inkar etmir. Bunu müxtəlif dillərin timsalında ümumi qanunauyğunluğu əks etdirən nəzəriyyələr də sübut etmişdir. Təsadüfi deyil ki, dillər üçün ümumi, universal nəzəriyyələr ortaq cəhətlərin müəyyən olunması ilə ümumilikdə dil qanunlarını və ümumi inkişaf meyillərini müəyyən etməyə imkan verir. Bir zamanlar «dalğa nəzəriyyəsi»nin irəli sürülməsi (X.Şuxardt, G.Şmidt) areal dilçilikdə bir sıra həlli vacib problemlərin müəyyənləşməsi və dilçilik sahəsi kimi bu sahədə araşdırma perspektivlərinə aydınlıq gətirilməsinə yol açmışdı. Dillərin inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərin öyrənilməsində dilin və xalqın tarixini vəhdət halında özündə birləşdirərək əks etdirən dialektlərin dərindən araşdırılması və eləcə də dillərin müasir inkişaf mərhələsində ədəbi dil və dialekt münasibətindəki bəzi məqamların meydana çıxarılması vacib məsələlərdəndir. Lakin dialekt faktlarının araşdırılması ilə bağlı, ümumiyyətlə, metodologiyanın dəyişilməsinə, burada struktur metodların tətbiqinə ehtiyac hiss olunur. Dialektlərə məhz belə ciddi münasibət bir sıra ümumi dil qanunlarının aşkar olunmasına şərait yarada bilər. Əvvəla, «dialekt» termininin anlayış kimi doğurduğu assosiasiyaya aydınlıq gətirmək lazımdır, bunun «qapalı, konkret, sərt sərhədləri olan areal» kimi anlaşılması bəzən bir sıra məsələlərlə bağlı yanlış fikirlərin irəli sürülməsinə səbəb olur. Dialektlər eyni bir dilin daxilində olduğundan burada, təbii ki, dil hadisələri baxımından sərt keçidlər, qapalı sərhədlərdən söhbət gedə bilməz. Sadəcə izoqlosların aydın xətlə seçildiyi sahələrdə fərqli dialektlərin mövcudluğundan danışmaq olar. Areal baxımdan dil hadisələrinin yayılma xüsusiyyətlərinin «dalğa nəzəriyyəsi»nin mahiyyətində dəqiq izahını dialektlərdə dil hadisələrinin yayılma istiqamətini və dərəcəsini izləməklə görmək olar. Məlumdur ki, bu nəzəriyyəyə görə, bir nöqtədən başlayaraq yayılan dil hadisəsi kənara getdikcə zəifləyir – bu isə variantlılığın meydana gəlməsi və areal şəraitlə şərtlənən fərqli dil vahidlərinin formalaşmasına şərait yaradır. Beləliklə, tarixi inkişafın müəyyən mərhələsində dildaxili amillərlə yanaşı, dilxarici faktların da şərtləndirdiyi dialektlər meydana gəlmiş olur. Dil hadisələrinin tədrici keçidi müxtəlif dialektlər arasında «xüsusi zona»nın formalaşması ilə müşahidə olunur ki, bu şivələr «keçid» və ya «aralıq» şivə terminləri ilə ifadə olunur. Dialektlər eyni dilə aid olduğundan əvvəldə qeyd etdiyimiz kimi, əsas dialektlər arasında sərt keçid olmur və demək olar ki, dialektləri tədqiq olunmuş əksər dillərin başlıca dialektləri arasında «keçid zona»ların olması qeyd olunur. Bu aralıq zonada əsas şivələrin sərhədləri yox olur, əsas şivələrin hər birinə aid xüsusiyyətləri özündə əks etdirir – müxtəlif şivələrə aid variantların qarşılaşması və seçimi gedir. Bu isə tipoloji baxımdan ədəbi dilin formalaşma prosesini xatırladır. Aralıq şivələrdə «seçim» dildaxili qanunlara uyğun – sərbəst olaraq gedir və bu «daxili seçim» elə prinsiplərə əsaslanır ki, seçilmiş variantlar dil hadisələrinin sonrakı inkişaf xüsusiyyətləri və dil daşıyıcılarının istifadəsi üçün daha məqbuldur (məs., «qənaət» prinsipinə uyğundur) və bu prinsiplər, sözsüz ki, şüurlu şəkildə «seçmə və əvəzetmə yolu ilə» ədəbi dilin formalaşması üçün nəzərdə tutulan variantlarla üst-üstə düşür. Aralıq zonada isə bütün şivələrdən uzaqda olan «mərkəz» hissə daha «seçilmiş» və özünəməxsusdur. Beləliklə, «dalğa nəzəriyyəsi»nə görə bir nöqtədən başlayaraq yayılan dil hadisəsi kənara getdikcə zəifləyirsə, dil daxilində dialektlərin münasibət xüsusiyyətlərinin araşdırılması başlıca dialektlər arasında «dalğa nəzəriyyəsi»nin «geri» variantının getdiyini göstərmiş olur – mərkəzə doğru «nüvə»də dil hadisələrinin xüsusi «ağıllı» seçimi gedir ki, bu da son nəticədə ədəbi dil norması ilə üst-üstə düşür.
Şamaxı, Şəki, Qarabağ, hətta Qazax və Bakı dialektlərinin bəzi xüsusiyyətlərini özündə əks etdirən keçid şivələrdən bəhs edərkən A.Vəliyev şərq, qərb və şimal qrupu şivələri arasında yerləşən Göyçay, İsmayıllı, Ağdaş, Ucar kimi şivə qruplarının öyrənilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq qeyd edir ki, Azərbaycan ərazisinin mərkəz (orta) rayonları əhalisinin dialekt xüsusiyyətlərini əks etdirən bu şivələrdə (A.Vəliyev. «Azərbaycan dialektologiyasına aid materiallar» Bakı, 1960, s. 4-5) «dilin qrammatik quruluşu daha möhkəm və sabit olduğundan burada ayrı-ayrı dialekt qruplarına xas olan morfoloji hadisələrin bəzi ünsürləri ilə bərabər bütün qruplara məxsus olan ümumi cəhətlər – ədəbi dil normaları (kursiv bizimdir – N.Q.) da nəzəri cəlb edir. Beləliklə, keçid şivələrin qərb, şərq və şimal qrupları ilə ədəbi dil arasında körpü mövqeyində durduğunu müəyyənləşdirmək olar» (A.Vəliyev. «Azərbaycan dialektologiyası». Bakı, 1975, s. 3).
Ədəbi dil normaları ilə «mərkəz» dialektə məxsus dil vahidlərinin uyğunluğu müxtəlif dillərlə bağlı tədqiqatlarda qeyd olunmuşdur. Komi-zıryan ədəbi dilinin əsasında duran Sıktıvkarətrafı şivə sısol şivəsindən viçeqod şivəsinə keçid təşkil edir («Общее языкознание». M., 1970, s. 456). Tatar ədəbi dilinin əsasında mərkəzi dialekt dayanır («Современной татарский литературный язык», s. 6). Müasir belorus milli dilinin əsasında Belorusiyanın mərkəzi hissəsinin dialekti dayanır (Виноградов В.В. Проблемы литературных языков и закономерностей их образования и развития. М., 1967, с. 61). Müasir Makedoniya dili mərkəzi Makedoniya şivələri əsasında qurulur, onların heç biri ilə üst-üstə düşmür (yenə orada, s. 61). «Zonalararası şivələr» termini ilə verilən mərkəzi rus şivələrinin ədəbi dilə məxsus xüsusiyyətləri, digər dialekt zonalarının isə ədəbi dildəki variantlarla qarşılıq təşkil edən variantları əks etdirdiyi qeyd olunur. «Mərkəz» tendensiyası ilə bağlı A. Meyenin fransız dili ilə əlaqədar fikri də maraq doğurur: «Mərkəzi Fransanın şivələri əsl dialektdən çox, «pozuq fransız dili» təəssüratı oyadır. Odur ki, dəqiq demək çətin olur: qarşımızdakı fransız dilidir, yoxsa yerli dialekt». Zənnimizcə, «mərkəz» tendensiyasının dillərin müəyyən inkişaf mərhələsində ədəbi dil – dialekt müstəvisində ümumi – universal proses olduğunu söyləmək üçün kifayət qədər əsas var. Azərbaycan dili şivələri əsasında bu prosesin əyani göstəricisi «Azərbaycan dilinin dialektoloji atlası»nda toplanmış dəyərli xəritələrdir (xəritələrdə ədəbi dillə uyğunluq təşkil edən xüsusiyyətlər qara işarələrlə verildiyindən mənzərə çox aydın görünür). Bu məsələ ilə bağlı diqqətimizi cəlb edən bir məsələni də qeyd etmək istərdik. Məlumdur ki, dialektlər tarixi proseslərin izlərini, eləcə də tayfa dil elementlərini qoruyub saxlamaqdadır və bu elementlərin üstünlüyü baxımdan da dialektləri fərqləndirmək olar. M.Şirəliyevin «Azərbaycan dilinin dialekt və şivələri» kitabının sonunda verdiyi xəritədə oğuz və qıpçaq elementlərinin yayılma arealı göstərilmişdir. Diqqətəlayiq haldır ki, keçid şivələrin yerləşdiyi mərkəzi zonada oğuz və qıpçaq elementləri də qarışıq halda özünü göstərir.
Dilin dialekt bölgüsü uzunmüddətli və çoxtərəfli proses olduğundan bəzi məsələlərə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, bəzən tarixi proseslər, ictimai hadisələr dil mənzərəsinin dəyişilməsinə səbəb olur və diqqətsizlik yanlış nəticələrin çıxarılmasına gətirir. Bu məsələ aralıq (keçid) və qarışıq şivələrin fərqləndirilməsində nəzərə alınmalıdır. Fikrimizcə, bu terminlər tam fərqli anlayışları əks etdirir. Aralıq (keçid) şivələrin xüsusiyyətindən və sırf dildaxili proses nəticəsində formalaşmasından danışdıq. Nəzərə alaq ki, coğrafi baxımdan da, demək olar, bütün dillərdə bu zona mərkəzi hissəni əhatə edir. Qarışıq şivələr isə müxtəlif dilxarici faktorların təsirindən, xüsusilə miqrasiyalar nəticəsində əhalinin qarışması ilə dil faktlarında dəyişmələrin müşahidə olunmasını əks etdirir – müxtəlif ərazilərə kompakt halda köçmüş əhali tədricən məskunlaşdığı arealda «gətirdiyi» şivə xüsusiyyətlərini yayır və «qarışıq şivə»lər formalaşır. Məsələn, cənub-qərb hissədə bir zamanlar qərbi Azərbaycandan köçmələr nəticəsində müəyyən bir zolaq – cənub və qərb şivələrinin xüsusiyyətlərini əks etdirən qarışıq şivə (Cəbrayıl, Füzuli şivələri) özünü göstərir. Şamaxı ərazisindən (xüsusilə, zəlzələdən sonra) Salyan, Neftçala ərazilərinə kütləvi köçmələr məlumdur. Sözsüz ki, bunlar tarixi faktlarla daha dəqiq verilə bilər və dil xüsusiyyətlərinin açılması – qarışıq xüsusiyyətlər məhz bununla izah oluna bilər. Fikrimizcə, Lənkəran şivələri ilə bağlı dialekt bölgüsündə mübahisəli fikirlərin meydana gəlməsi məhz miqrasiyaların izi ilə əlaqədardır (müəyyən dövrlərdə Masallı, Yardımlı ərazilərinə Cənubi Azərbaycandan, xüsusilə Ərdəbil mahalından, eləcə də şərq şivələrinin başlıca daşıyıcısı hesab olunan Şamaxıdan miqrasiyaların olduğu məlumdur). Düşünürük ki, dialektoloji araşdırmalarda dil hadisələrinin inkişaf meyillərinin düzgün müəyyənləşdirilməsi üçün bu cür məsələlərə xüsusi diqqət yetirilməli və dərindən araşdırılmalıdır.
Dostları ilə paylaş: |