İ.M. QURBANOVA
AZƏRBAYCAN DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ BƏZİ OMONİM SÖZ KÖKLƏRİNİN ETNOLİNQVİSTİK TƏHLİLİ
Açar sözlər: dialektlər, şivə, türk sözləri, etimologiya, leksem, məqalə, kök
Ключевые слова: диалекты, говоры, тюркские слова, этимология, лексема, статья, корень
Key words: dialects, subdialects, turkish language, etymology, leksem, article, root
Məlumdur ki, sözün müasir təbiətini və strukturunu başa düşmək üçün onun semantik təkamül prosesini izləmək lazımdır. Çünki sözün müasir mənasının tam adekvat analizi üçün qədim mənasının bərpası zəruridir. Düşünürük ki, türk dilləri və dialektlərinin etnolinqvistik təhlili bir çox mübahisəli tarixi məsələlərə aydınlıq gətirir. Şübhəsizdir ki, dialektlər başqa dillərin təsirinə daha az məruz qalırlar. Bu baxımdan, dilin müxtəlif inkişaf mərhələlərinə aid söz və terminləri günümüzə qədər saxlamış dialekt və şivələrimizin lüğət fondu canlı və etibarlı mənbə kimi çıxış edir. Bunları nəzərə alaraq, Azərbaycan dialektlərində omonim söz köklərinin müqayisəli-tarixi aspektdən öyrənilməsi üçün mövcud türk dilləri ilə (türk, özbək, xakas, türkmən, sarı uyğur, tatar, başqırd, uyğur, çüvaş, qaraqalpaq və s.) yanaşı, həmçinin imkan daxilində orta əsr bulqar-xəzər, peçenek, oğuz və qıpçaq dillərinin müxtəlif mənbələrdə qeydə alınmış materialları da tədqiqata cəlb edilmişdir.
Məlum olduğu kimi, Azərbaycan dilində və dialektlərində, həmçinin qohum olan türk dillərində “səs-küy” sözü -kü\\-qu\\- ğu\\- gu kök əsası ilə ifadə olunur. Məsələn, “Azərbaycan dilinin izahlı lüğəti”ndə səs-küy, səs, qalmaqal, külək mənasında, quş və heyvanların səstəqlidi əsaslı adlarında yuxarıda qeyd edilmiş kök əsaslı onlarla söz var: küy, küy-kələk, küyçü, küy-qalmaqal, gurultu, küşkürtmək, küş-küş, küşüldəmək, küşültü, külək, quq-qu, qurt-qurt, qurultu, qışqırdı, guppultu, gurlamaq, gurhagur, gumbultu, gumurlanmaq, qurbağa və s.
Həmçinin qeyd edək ki, bir çox türk dillərində eşitmə orqanı qulaq adlanır. Həmin proses Mahmud Qaşqarlı və İbn-Mühənnanın lüğətlərində müşahidə olunur. Müqayisə edək: qar-qur, qı, qıqırdı, qıqrışdı, qurı qurı (1:234 ) kığırğıcı, kovuk (2:43).
Türk dillərinin materialları ilə müqayisə edək: kürqe (göy gurultusu), künürt-(guruldamaq)-oyrot dil. kumandin, tatar-çalkan dial. ; küyqelek (səs-küy) oyrot dil. tat. -çal. dial. qısır, quçqur (qışqırmaq) -uyğur dili və onun dial. kanıra (qışqırmaq) oyrot dil. kum. dial. və s.
Dilçilik ədəbiyyatlarından məlumdur ki, səstəqlidi leksika bir çox dillərin, o cümlədən türk dillərinin, söz fondunun inkişafında böyük rol oynamışdır. Məsələn, “Türk dillərinin etimoloji lüğəti”ndə qeyd edilir: “... Yuxarıda qeyd olunmuş bütün fellərin əsasında qədim səstəqlidi leksem durur ki, o, özünün ən qədim təsərrüfat fəaliyyəti ilə bağlı olan əhəmiyyətinə görə türk leksikasının ilkin təbəqəsinə məxsusdur. Fellərdə ikinci dərəcəli morfoloji formalar təqdim olunduğundan keçid əsasının varlığı türk dilinin ilkin mərhələsinə aid edilməlidir. A. Zayonçkovski “ma, ba” mimemləri ayırırdı. Ola bilsin ki, onlar mele (tür.) və mələ (Az.) formalarını qoruyub saxlayıblar... ”
Qeyd edilən ilkin təsviri əsaslardan (leksik köklərdən) fellər təqlidi fellərinin – ır, -ür, həmçinin universal şəkilçilərin – la; sr. man-ır-a – manla, köməyi ilə əmələ gəlir. Qeyd edilən halda kök-əsaslar, şübhəsiz ki, dil inkişafının ilkin təbəqəsinə aiddir.
Bu fikirimizi Azərbaycan dilinin dialekt və şivə, habelə qohum türk dilləri və yazılı abidə materialları da təsdiq edir: bılbılı-körpə buzov (Az. dil. Qazax ş.); bılbıl-ördək balası (Az. dil. Borçalı ş.); bılı-ördək balası (Az. dil. Kürdəmir ş.); мönire-qoyun (yakut); мörö- (qırğız.); мörə-(uyğur); man-dörd yaşı keçmiş qoyun ; mangradı-bağırdı (M.K).
Beləliklə, yuxarıda qeyd edilən misallardan da məlum olur ki, türk dillərində səstəqlidi leksika sözyaradıcılığında fəal iştirak etmişdir və tədqiq olunan \-qu-\\-ku\\-qa\\-ka\\ söz kökləri də bu qisimdəndir. Ancaq ədəbiyyatdan məlum olduğu kimi, -ku\\-qu leksemi ulu türk dilində su deməkdir. Azərbaycan dili və qohum türk dillərindən əldə etdiyimiz faktlar bizim bu fikrimizi təsdiqləyir. Müqayisə edək: Quyu, kuyu-(bildiyimiz məna )-əsasən bütün türk dilləri; qubaa (su körfəzi) - Yakut dili; qür (buz qırıntısı)- qaraqal. dili; kuyulqaak (su burulğanı )- oyrot dil. tat-çalkan. dial; kustur-Az. dil. , oy. dil. tat-çalkan. dial; kuduk (quyu)- uyğur dilinin priuss. dial. ; özbək dilinin karl. dial. ; qanturdu (susuzluğu söndürmək)- M. Qaşqarlı; qanoy , qanov- (xırda arx)- Az. dil. İrəvan şivəsi ; kıtıra - (hamilə heyvanın döşündən gələn maye)- az. dil. İrəvan şivəsi; kılıf (həyətin aşağısından keçən xırda arx) - Az. dil. İrəvan, Cəbrayıl, Ordubad şivələri; qaq-(gölməçə) - M. Qaşqarlı; kuy (nəm yer) - Az. dil. Şahbuz şivəsi və s.
Su lekseminin fonetik variantları məsələsinə toxunaraq K. Quliyeva Azərbaycan dialektlərində qu\\-(ku;- qa\\- ka kök əsaslı xeyli miqdarda söz qeyd edir. Həmçinin müəllif hesab edir ki, leksem su deməkdir.
N.Baskakovun təqdim etdiyi -Kuu kiji tatar-çalkan etnoniminin etimologiyası da maraq doğurur: “Çalkanlar “Qu quşu tatarları” adını Qu (Kuu) çayının adından almışlar – Qu çayı adamları (Kuu kiji)” (3:9)
Mövzuya davam edərək qeyd etmək lazımdır ki, bir çox türk dillərində Quu – Qu quşu deməkdir. Nəzərə alsaq ki, qu suda yaşayan quşdur Qu quşu – Su quşu anlamına gəlməsi məntiqidir. Həmçinin qeyd edək ki, İbn-Mühənna lüğətində qu quşunu koğu adlandırır. Fikrimizcə, etnonimdə saxlanılmış –Kuu fonetik variantı ilkindir. Etnonimlərin linqvistik analizi çox mühümdür, çünki onlar dilin əvvəlki halını özlərində saxlayıblar.
Qu\\ku\\ kökünün su semantikası daşıması ilə bağlı daha bir dil faktı diqqəti cəlb edir. “Kum” sözü Mahmud Qaşqarlının lüğətində və bir çox türk dillərində “sahilyanı qum” deməkdir. İbn-Mühənnanın lüğətində isə bu sözün daha bir mənası qeyd edilir – dəniz dalğası. Azərbaycan dilinin xalac ləhcəsində isə bu söz “arx” mənasını verir. Fikrimizcə bu variant ilkindir. “Sahilyanı qum” isə daha sonrakı variantdır, yəni dəniz dalğasının sahilə çıxardığı maddədir, çünki –ku kökü leksemdə su deməkdir (araşdırma apardığımız məqalədə bu leksemə bir daha qayıdacağıq). Yuxarıda sadalanan sözlərin arasında su anlamına gələn “-ка\\-qa”-lı variantlar da mövcuddur. Bildiyimiz kimi, -Ка qədim türk dilində bərk deməkdir. Bu məna bir çox sözlərdə saxlanılıb. Müqayisə edək: Katı, qatı, kadu, kaduu, kadıq-bərk, möhkəm; kaya-qaya; kadızın-bərkləşmək; koyu\\qatı; qalın\\kalın. Bu fərq özünü yemək adlarında da bariz göstərir. Müqayisə edək: korot, kurut, qurut (qış üçün dondurulmuş turş süd, qurudulmuş qatıq, pendir)-Az. dil. qərb dialektləri, başqırd dil. , tatar-çalk. dial; çuvaş dili; toc. dial. tuv. dili; özbək dilinin. kar. şivəsi; İbn-Müh. ; tatar dili və dialekti. ; uyğur dilinin prius. dialekti, oyrot dilinin kumand. dialekti; qatıx(saxlamaq üçün qızardılmış ət) - Az. dil. Ordubad şiv. ; kaymağ (qaymaq) Az. dili və dial. ; başqırd dili; tat-çalkan. dial, çuvaş dili; tuv. dil., toc. dial; özbək dilinin. kar. şivəsi; İbn.Müh., tatar dili; uyğur dilinin prius. dialekti; kayabuk (xama)- tatar-çalkan. dial; kuyultmaq (turş və şirin südün qarışığı)- tatar-çalkan. dial; küzəm(un sıyığı)- tatar-çalkan. dial; kolomuok (kökə)- yakut dili; kuvurdaq (ət yeməyi)- tatar dili və s.
Göründüyü kimi, yuxarıda qeyd edilmiş sulu yemək adlarının əsasında qədim türk kökü ku\\-qu durur, quru yeməklərin adlarının əsasında isə -ka\\-qa kökü durur. Bizim fikrimizcə, bu fakt birbaşa kökün semantikası ilə bağlıdır.
Azərbaycan dialektlərində yemək adlarında –qa\\-ka kök əsası, yuxarıda qeyd edildiyi kimi, daha çox quru qida növüdür. Fikrimizcə –ku\\-qu və –ka\\-qa arasındakı semantik differensiallaşma daha gec prosesdir ki, bunu dil faktları təsdiqləyir. Kökün özü isə dilin daha ilkin inkişaf mərhələsinə aiddir. Кuu-nun – su, ka-nın bərk qida anlamına gəldiyi yuxarıda qeyd edilən misallar qədim türk dilinin inkişafının sonrakı mərhələlərinə aiddir. Bu leksemin qədimliyi qədim türk dilinin sözyaratma prosesində fəal iştirak etməsində də əks olunur. Məsələn, bu, bəzi insan orqanlarının adlarında əks olunub: qarın, qursaq, qan (oyrot. dil və dialektlərində - mədə), qatqat – heyvanlarda qarınla mədə arsında yerləşən həzm orqanı (Azərbaycan dilinin Cəbrayıl, Kürdəmir, Şamaxı şivələrində), kuuk – sidik kisəsi (tat. çal. dial). Göründüyü kimi, sadalanan leksemlər birbaşa həzmlə bağlı olan orqan adlarıdı. Qeyd edək ki, bir çox türk dillərində və qədim yazılı abidələrdə yemək bişirilən qab mənasında qazan sözü işlənir.
Bu qədim leksem nağıllarda da iz qoyub. Məsələn, Məlikməmmədin nağılında zümrüd quşu Məlikməməmmədə deyir ki, “Mən sənə quu deyəndə mənə su, qaa deyəndə – ət verərsən”.
Beləliklə, yuxarıda qeyd edildiyi kimi, leksemin ən qədim mənasının rekonstruksiyası tam analiz üçün çox vacibdir. Lakin bu faktla bərabər ortaya linqvistika baxımından vacib yeni bir sual çıxır – əsasən etnolinqvistik mahiyyətə malik olan fonetik variantlar. Bununla bağlı Q.Kazımovun fikri maraq doğurur: “Danışıq səsləri əsasən sabit olur və nisbətən az dəyişikliyə uğrayır. Lüğət tərkibində inkişaf və yeniləşmə daha güclü olur”(4:15). Tədqiq olunan leksemlərdə türk dilləri üçün səciyyəvi olan \–k –q\ fonetik keçidi müşahidə olunur. Bildiyimiz kimi, anlautda samitlərin karlaşması və cingiltili samitlərin dəyişkən vəziyyəti bu dillər üçün tipik haldır. Ümumiyyətlə, türk dillərinin tam fonetik quruluşu onu göstərir ki, qədimdə fonematik samitlərin miqdarı çox məhdud olub: müasir türk dillərində müstəqil olan samitlərin bir çoxu qədimdə distributiv vahidlərin tərkibinə daxil edilirdi. Məsələn: j-y (dy, ty)-ny-n, b-p-m; z-s və s. kar və cingiltili samit cütləri.
Məsələn, müasir Azərbaycan dialektlərində bu fonetik fakt M. Şirəliyev tərəfindən aşağıdakı şəkildə qeyd edilir: “-k-q. -k foneminin -q. foneminə keçməsi Qazax və Naxçıvan şivələrinin bəzi sözlərində müşahidə olunur. Lakin bu fonemin anlautda istifadə edilməsində bu şivələr fərqlənirlər. Məsələn, Naxçıvan şivəsində \q\ səsi – incə, qapalı saitlərdən, Qazax şivəsində isə – qalın, qapalı saitlərin önündə işlədilir: qüçə, qişi (Az. dil.Naxçıvan ş.), quçə, qıççıx, qunc (Az. dil.Qazax.ş. ).
“Qu quşlu” tatar-çalkanların dialektlərini tədqiq edən N.Baskakov qeyd edir: “çalkan dialektində, ədəbi Altay dilində və həmçinin digər dialektlərdə müşahidə olunur ki, ilk növbədə, müstəqil fonem kimi kar və cingiltili samitlər zəif fərqlənirlər, yəni onların tam diferensiallaşması yoxdur; xüsusən bu hal özünü aşağıdakı kar və cingiltili samit cütlərində büruzə verir :\ b-p\,\ d-t\,\ q-k\,\ z-s.\ (3:19)”
Bu proses digər qıpçaq qrupu türk dillərində muşahidə olunur. Məsələn, özbək dilinin karluk şivəsindən misallar gətirmək olar: kürək-kürəq, yürək-yürəq. D. Nasırov qaraqalpaq dili materiallarını Mahmud Qaşqarlının lüğəti ilə müqayisə edərək qeyd edir: “Lüğətdə samit və sait sahəsində dil və dialekt arası bir sıra uyğunluqlar var. Bunların ən vacibi: cingiltili –\q\\- ğ\, və kar \- к\: bükte-büqde, bışık-bışığ samitlərin uyğunluğu. Bu uyğunluqların bəzilərində kar variant üstünlük təşkil edir: karğa, kümüş, kirpi, kerpiç, kertti. Qaraqalpaq dilinin dialektlərində cingiltili variant üstünlük təşkil edir ki, görünür bu da oğuz irsidir: qeme, qöpü ğarqa, qümüs, qertti. (5:164)
Oğuz qrupu türk dillərində əks proses müşahidə olunur.Mövzunun davamı olaraq qeyd etmək lazımdır ki,türk dilinin Ərzurum dialektini tədqiq edən Ə.Gemalmaz qeyd edir ki, söz başında damaq samitləri cingiltiləşir,məsələn,\ k-g\. Eyni fonetik hadisəni Adana ve Osmaniyə şivələrini tədqiq edən F.Yıldırım da qeyd edir: “ Bölgələrimizdə heca başında \ –k-g-\ dəyişməsi tez-tez rast gəlinir: eski-esgi.(6:119)
Beləliklə, linqvistik ədəbiyyatdan görürük ki, anlautda samitlərin karlaşması türk dillərinin qıpçaq yarımqrupu üçün, cingilitiləşməsi isə – oğuz yarımqrupu üçün səciyyəvi haldır. Bu fikri qıpçaq yarımqrupuna aid olan başqırd dilinin materialları da təsdiq edir.
Etnolinqvistik təhlil sübut edir ki, Azərbaycan dialektlərində yuxarıda qeyd edilən leksemlərdə anlautda cingiltili samitlərin üstünlük təşkil etməsi oğuz dillərinin səciyyəvi cəhətidir.
Lakin bizi bu kökün omonimliyi maraqlandırır. Çünki \ku\\- kü\\-kı\\- qu\\- qa\\- gu\\- gü\ söz köklərinin omonim olduğunu qəbul etsək, məntiqi olaraq aşağıdakı yeni bir sual ortaya çıxır – hansı qədim semantika belə bol sözyaradıcılığına imkan yaratmışdır.
Əgər bir faktı da nəzərə alsaq ki, bəzi sözlərdə hər iki məna – həm səs, həm su, qorunub saxlanılıb, o zaman vəziyyət aydınlaşır: küşültü-dəniz dalğasının səsi (Az. əd. dili), qurt-qurt-qarında quruldama (Az. əd. dili).
Belə düşünməyimizə əsas var ki, ilkin olaraq –ku\\- kü\\-kı\\- qu\\- qa\\- gu\\- gü leksemi özündə təbiət hadisələrinin (göy gurultusu, külək və s. ), həmçinin suyun yaratdığı səs-küyü daşıyırdı. Tədricən leksem semantik baxımdan daralaraq müstəqil şəkildə bu və ya digər təbiət hadisələrini ifadə etməyə başladı. Daha sonra müxtəlif türk dillərində fonetik dəyişikliklərə uğramış və omonim sözlər cərgəsi yarada bilmişdir .
Dostları ilə paylaş: |