Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək misli-əməldən.
Bu əməl isə türklərin hürr və azad yaşamaq eşqidir ki, bunu da “xuni-şəhidan” və “himməti-türkan” ilə əldə etmək olar. Artıq bu azadlıq əldə edilib və şairin qəti inamına görə başqa millətlərdən daha yaxşı, daha firavan yaşamaq istəyən xalq (M. Hadidə “Yüksək yaşamaq istər isən cümlə miləldən-İ. Q.) qazandığı azadlığı qorumağı da bacarmalıdır.
M. Hadi orta məktəbin XI sinfində də tədris olunur və XI sinfin “Ədəbiyyat” dərsliyinin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı” icmalında ondan vətən və hürriyyət şairi kimi bəhs olunaraq iştirak etdiyi mətbuat orqanları və çap etdirdiyi kitablarla yanaşı, iki əsəri haqqında da bir neçə cümlə ilə məlumat verilir. Bunlardan biri dərslikdə adı çəkilməsə də, birinci və üçüncü bəndləri nümunə kimi göstərilən “El fəryadı” şeiri, digəri isə “Əlvahi-intibah” poemasıdır. Təbii ki, bu qısa məlumat nə müəllimləri, nə də şagirdləri M. Hadini tanımağa bəs etməz.
“El fəryadı” şeiri ilə bağlı müəllimin aşağıdakıları şagirdlərə mənimsətməyi məqsədəuyğundur. “El fəryadı” əsəri 1906-cı ilin 16 dekabrından 1907-ci ilin 26 martına qədər (cəmi 14 nömrə) Bakıda nəşr olunan, ilk vaxtlar Mehdi bəy Hacınıskinin, sonra isə Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxan “Təkamül” qəzetində “Həqiqətpərvər” imzası ilə dərc olunmuşdur. Dərslikdə “Vətəndir” rədifi ilə verilmiş iki bənd məhz bu şeirdəndər.
Altı bəndlik şeir bütünlüklə azadlığın tərənnümünə həsr olunmuşdur. Vətənin inkişafının hürriyyət və sərbəstliklə bağlı olduğunu söyləyən müəllif şeirin ilk bəndində bildirir ki, millət hürriyyət sayəsində inkişaf edərək yüksək fikirləri kəsb edə, hər mülk, məmləkət həqiqi qiymətini anlaya bilər. Avropalılar azadlıqlarını əldə etdiklərindən kamal sahibi olduqları halda, digər millətlər əsarət altında olduqları üçün maarif və mədəniyyətdən məhrum edilərək məhv edildi.
Sonrakı bəndlərdə M. Hadi qeyd edir ki, cəmiyyətdə şəxs, söz, fikir və qələm azad olmalıdır ki, “Hər kəs gələ hürriyyət ilə şövqə, xüramə”. Sərbəstlik olmalıdır ki, insan məramına çatmaq üçün qəti addımlar ata, vətənin çiçəklənməsi üçün işlərini davam etdirə bilsin. Bunun üçün elə bir cəmiyyət qurulmalıdır ki, o cəmiyyətdə:
Dostları ilə paylaş: |