Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə26/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   22   23   24   25   26   27   28   29   ...   72
A.G. CƏFƏROV
AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİNİN

ƏHƏMİYYƏTİ VƏ HAZIRLANMA PRİNSİPLƏRİ
Açar sözlər: Orfofoniya, orfoqrafiya, tələffüz üslubu, eksperimental fonetika, tə­ləf­füz normaları

Ключевые слова: орфофония,орфография,стиль произношения, экс­пе­ри­мен­таль­ная фонетика, нормы произношения

Key words: orthophony, orthography, pronunciation style, experimental phonetics, pronunciation norms
Azərbaycan dilçiliyində müxtəlif lüğətlər hazırlansa da, lakin bu sahədə prob­lemlər də möv­cud­dur. Belə ki, müstəqillik əldə edildikdən sonra 2004-cü ildə Azər­baycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar tarixli mə­lum sərəncamından sonra bir sıra lüğətlər hazırlandı ki, onlardan biri və bəlkə də ən çox işlək olanı da «Azərbaycan dilinin orfoqrafiya lüğəti»dir. Lakin Azər­bay­can dilçiliyində hazırda digər lüğətlərə, xüsusən də orfofoniya lüğətinə kəskin eh­ti­yac duyulmaqdadır. Orfofoniya lüğəti, ümumiyyətlə, bu anlayışın özü dil­çi­li­yi­miz­də yenidir. Bu sahədə Azərbaycan dilçiliyində yalnız professor F.Vey­səl­linin el­mi nailiyyətləri vardır. Bu sahə ümu­mi­lik­də dilçiliyimizdə eks­pe­ri­men­tal fo­ne­ti­ka sahəsinin yaranması və inkişafı ilə bağlıdır. Belə ki, F.Veysəlli «Eks­pe­rimental fo­netika» kitabında orfofoniyanın izahını verir, orfoepiya və orfo­fo­ni­ya­­nın fəqli sa­hələr olduğunu elmi şəkildə əsaslandırır. Bundan başqa «Fonetika və fonologiya mə­­sə­lə­lə­ri» monoqrafik tədqiqatında F.Veysəlli bu məsələyə yenidən qayıdır, or­fo­epiya və orfofoniya elm sa­hələrinin fərqlərini kifayət qədər dolğun şəkildə izah edir. Orfofoniya lüğətinin üstün cə­hət­lə­rin­dən biri də, eyni zamanda həm or­foq­ra­fik, həm də vurğu lüğətlərinə olan ehtiyacı qarşılamasıdır. La­kin orfofoniya lü­ğə­ti­nin əsas mahiyyəti dildə olan ləhcə fərqlərini minimuma endir­mək, ədəbi dil­də düz­gün danışıq normalarını müəyyənləşdirmək, əcnəbilərin dili öy­rənərkən daha az səhvlərə yol verməsini təmin etmək, radio və televiziyada baş ve­rən normadan ya­yınmaları tənzimləməkdən ibarətdir. Orfofonik lüğətlər birbaşa canlı danışıq di­li əsasında hazırlandığından, dilin bütün incə­lik­lə­rini özündə ehtiva edə bilir. Bu mə­nada orfofonik lüğətlər dilçilik üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Bu tipli lüğət Azərbaycan dilçiliyində və ümumiyyətlə, dünyada ilk nəşr­lər­dən biri olacaq. Lüğət həm də təkcə orfofoniya sahəsində deyil, eyni zamanda or­fo­epiya və vurğu luğətləri sahəsindəki boşluqları da qismən dolduracaq. Eyni za­man­da lüğətdə Azərbaycan dilinin 100 mindən artıq sö­zü­nün həm orfoqrafik, həm or­fo­fonik formasının hazırlanması da dilçiliyimiz üçün olduqca böyük əhə­miy­yətə ma­lik­dir.

Orfofoniya lüğətinin hazırlanması iki mərhələdə aparılmalıdır. Birinci mərhələdə materiallar top­lanmalı, ikinci mərhələdə isə yığılan materialın təhlili və ümumiləşdirilməsi prosesi başa çat­dı­rıl­malı və lüğət çap olunmalıdır.

Lüğətin hazırlanmasında, əsasən, eksperimental metoddan istifadə olun­ma­lıdır. Ayrı-ayrı obyekt və hadisələrin əlamət və keyfiyyətlərinin öyrə­nil­məsi üçün elmi şəkildə təşkil olunan təcrübəyə eks­pe­riment deyilir. Eksperiment (ekspe­ri­men­tum) sözü latın mənşəli olub, «təcrübə» mənasını bildirir. Hə­lə keçmişdə təşkil olunmuş geniş təcrübələr eksperiment adlanırdı. Məhz eksperiment üsulu ilə hər hansı bir hadisə və ya proses öyrənilərkən ona aktual şəkildə müdaxilə edilir. Bu­nun vasitəsi ilə əl­də edilən nəticələri təkrar-təkrar yoxlamaq olur. Düzgün təş­kil olunmuş eksperiment tədqiqatçını hər cür şübhə və tərəddüdlərdən azad edir. El­mi şəkildə aparılan təcrübənin – eksperiment üsulunun kö­məyi əsasında müəy­yən obyektin əlamət və xüsusiyyətləri tam dəqiqliyi ilə öyrənilir. Eks­pe­ri­ment həm təbiət hadisələrinin, həm də ictimai hadisələrin tədqiqinə tətbiq olunur. Bu üsul­dan ilk də­fə təbiət elmlərində, o cümlədən fiziologiya, fizika və kimyada ge­niş istifadə olunmuşdur. Eks­pe­ri­mentin işlənilməsi daha çox istehsalla, texnika ilə bağ­lıdır. Lakin bu üsulla dilin hadisə və pro­ses­lə­rini də izləmək, tədqiq etmək, öyrən­mək mümkündür.

Dil hadisələrinin təbii vəziyyətinə müdaxilə edib tədqiqat aparılmasına linqvistik eksperiment üsulu deyilir. Eksperiment dilçilik tədqiqatlarında ayrıca üsul deyildir. Lakin bu üsul bir sıra dil ha­di­sələrinin elmi cəhətdən düzgün dərk edilməsi üçün vacibdir.

Dilçilikdə eksperiment üsulu XIX əsrin ortalarından tətbiq edilməyə baş­la­nıl­mışdır. XX əsrdə bu üsula xüsusi əhəmiyyət verilmişdir. Eksperiment əsa­sın­da bir sıra qiymətli tədqiqat əsərləri ya­ra­dıl­mışdır. Linqvistik eksperimentdən mü­asir dil­çilikdə daha geniş istifadə olunur. Hazırda dilçiliyin in­ki­şafında bu üsul öz müs­bət təsirini göstərməkdədir.

Linqvistik eksperiment üsulundan dilin müxtəlif sahələrinin tədqiqində isti­fa­də etmək müm­kün­dür.

1. Fonetik eksperiment. Fonetik hadisələrin araşdırılması, dəqiqləşdirilməsi və öyrənilməsində eks­perimentin rolu çoxdan elm aləminə məlumdur. Hələ XIX əsrdən başlayaraq bu üsulla müxtəlif dil­lərin fonetik quruluşu tədqiqata cəlb edilmiş, böyük fonoloji elmi nəticələr əldə edilmişdir. Mü­a­sir dilçilikdə fonetik eksperimentə daha geniş yer verilir. İndi eksperimentsiz aparılan fonetik təd­qi­qat­lar yüksək qiymətləndirilmir və bəlkə də mənasız hesab olunur.

2. Orfofonik eksperiment həm orfofoniya, həm də orfoepiya sahəsində aparılır. Bu sahədə tətbiq olunan hər bir eks­pe­ri­ment, yəni orfofonik eksperiment ayrı-ayrı fonemlərin müəyyən fonetik mövqedə, digər fonemlərlə qonşuluqda, eləcə də vurğu və intonasiyanın təsiri nəticəsində baş verən dəyişiklikləri öyrənməyə xidmət edir. Məsələn; «tar» sözündə 3 fonem ˗ /t/, /a/, /r/ vardır. Bu fonemlərin sözdə necə deyilməsi orfoepiyanın yox, orfofoniyanın işidir. Н.Д.Андреев rus dilində -кий şəkilçisinin iki variantda (-kği, -kci) işləndiyini yoxlamaq üçün 2280 ada­mın nitqini eksperiment üsulu ilə yoxlamışdır. Bunlardan yalnız 3 nəfərin sərt (k) ilə tələffüz et­di­yini müəyyənləşdirmişdir [4, 51].

Bundan başqa, elmi üsul kimi linqvistik eksperimentin 2 forması da vardır:

1. Linqvistik laborator eksperiment. Dil hadisələrinin xüsusi laboratoriya şəraitində öy­rə­nil­mə­si­nə laborator eksperiment deyilir. Bu formada aparılan eksperimentlərdə cihazlardan istifadə edilir. Bu baxımdan dilçilikdə fonetik hadisələr məhz laborator eksperimentlə asanlıqla öyrənilir. Lin­qvi­s­tik eksperiment üsulu ilə dilin fonetik sisteminin tədqiqində palataqrafiya, rentgenoqrafiya, fo­to­qra­fi­yaya və səsi analiz edən spektran aparatına geniş yer verilir.

Xüsusi şəraitdə - fonolaboratoriyalarda yerinə yetirilən işlərin nəticələri da­ha dəqiq olur. Bu növ eks­periment şəxs üzərində aparılır. Buna görə də infor­ma­to­run düzgün seçilməsi ən vacib mə­sə­lə­lər­­dəndir. Təcrübə göstərir ki, belə təqiqatın təş­­kilində informator monodilli olanda, yəni qeyri-dil­lə­ri bilməyən, yalnız öz doğ­ma dilində danışan şəxs seçilərkən daha inamlı və etibarlı nəticələr əldə edi­lə bi­lər. Müasir dilçilikdə bir çox dillərin fonetik hadisələri bu üsulla ətraflı tədqiq edil­­mişdir. Bu üsul­la aparılan tədqiqatlar bəzən «eksperimental fonetika» da ad­la­nır.

2. Linqvistik təbii eksperiment təbii şəraitdə aparılan eksperimentə deyilir. Burada laborator eks­­perimentdən fərqli olaraq cihazlardan istifadə edilir. Bu eksperimentdə tədqiqatçı daha sərbəst olur. Təbii eksperiment öz mahiyyətinə görə müşahidə üsuluna daha yaxındır. Linqvistik eks­pe­ri­ment üsulun səmərəsi onun düzgün təşkili və aparılması ilə bağlıdır. Burada da obyektin mü­əy­yən­ləş­dirilməsi, məqsədin dəqiqləşdirilməsi əsas şərtlərdəndir. Dilçilikdə eksperimentin məqsədyönlü plan­laşdırılması işin gedişini asanlaşdırır, düzgün nəticə əldə etməyə imkan verir. Ümumiyyətlə, dil sahəsində təşkil edilən hər bir eksperiment müşahidə üsulu ilə sıx bağlı olur. Tədqiqatçılar bu üsul vasitəsilə eksperimentin gedişinə nəzər yetirir, oradakı hər bir ünsürü, vəziyyəti öyrənə bilir.

Beləliklə, tədqiqatın nəticəsində hazırlanacaq lüğətdən həm dilçilik, həm də digər sahələrdə isti­fa­dəsi mümkün olacaq. Tədqiqatın nəticələrindən eyni zamanda bu sahədə gələcəkdə aparılacaq təd­qi­qatlarda istifadə etmək olar.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin