Z.M. KƏRİMOVA
NİTQ ETİKETLƏRİNİN ƏSAS ELEMENTLƏRİ
Açar sözlər: nitq etiketi, müraciət formaları, praqmalinqvistika, psixolinqvistika.
Ключевые слова: речевой этикет, формы обращения, прагмалингвистика, психолингвистика.
Key words: speech etiquette, forms of address, pragmalinguistics, psycholinguistics
Müasir dilçilikdə nitq etiketlərinin araşdırılmasına güclü bir maraq yaranmışdır ki, bunun bir səbəbi müasir dilçilikdə dilin kommunikativ funksiyasını öyrənməyə meylin artmasıdırsa, digər səbəbi müvafiq dil vahidlərinin ictimai dəyərinin xüsusi əhəmiyyət kəsb etməsidir. Dil bütün ictimai, o cümlədən, əxlaqi-etik münasibətləri öz formaları və kateqoriiyaları sayəsində əks etdirir. Bunların içərisində cəmiyyətin bütün üzvləri üçün zəruri hesab edilən etiket normaları xüsusi yer tutur. Buraya salamlaşma, təbriketmə, arzulama, təqdimetmə və s. daxildir.
Bir çox dilçilər dilin bir sistem kimi ictimai təbiətə malik olduğunu qeyd edirlər. Görkəmli dilçi alim J.Vandriyesin yazdığı kimi, «yalnız dilin ictimai rolunu öyrənməklə onun mahiyyəti haqqında təsəvvür əldə etmək mümkündür» [1, 221].
Nitq etiketi bu baxımdan zəngin material verir. Lakin bu problemin tədqiqi zamanı biz çox mürəkkəb proseslərlə qarşılaşırıq: bu prosesdə ictimai, iqtisadi, siyasi, elmi amillərin ən müxtəlif qarşılıqlı əlaqələri öz təsirini göstərir.
Hər bir xalqın adət-ənənələri, estetik zövqü, davranış normaları tarixən formalaşmış və dildə öz əksini tapmış, nitq etiketi kimi müəyyən edilmişdir. Cəmiyyətin inkişafının müəyyən mərhələsində dil daşıyıcıları kollektivinin qəbul etdiyi, sabit ifadələr sistemində təsbitlənmiş nitq davranışı insanlar arasında nəzakət münasibətlərinin verbal ifadə formalarından istifadə edir.
Müasir nəzakət ifadləri insanları məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıq və müxtəlif tipli rəsmi tədbirlərdə, qəbullarda, ziyafətlərdə, danışıqlarda və s. yerlərdə davranışlarda reqlamentləşdirir. Beləliklə, etiket ümumbəşəri mədəniyyətin, əsrlər boyu bütün xalqlar tərəfindən işlənib qəbul olunmuş insani dəyərlərin, maddi və mənəvi sahələrə aid qaydaların böyük və vacib hissəsini özündə birləşdirir.
Müasir həyatın əsas prinsiplərindən biri insanlar arasında normal münasibətlərin saxlanılması və konfliktlərdən qaçma meylidir. Öz növbəsində hörmət, diqqət, nəzakətliliyə, təmkinliliyə riayət etdikdə mümkündür. Buna görə də bizi əhatə edən insanlar tərəfindən heç nə nəzakətli və ədəbli olmaq qədər yüksək qiymətləndirilə bilməz. Lakin həyatda biz tez-tez digər insana qarşı hörmətsizlik, kobudluqla qarşılaşırıq. Buna da səbəb odur ki, biz insanın davranış mədəniyyətini və maneralarını düzgün qiymətləndirmirik.
Manera-özünüaparma üsulu, davranışın xarici forması, digər insanlarla münasibət, nitqində istifadə etdiyi ifadələr, ton, intonasiya, insan üçün xarakterik olan yeriş, əl-qol hərəkəti və hətta mimikadır. Cəmiyyətdə təmkinlilik və sadəlik, öz hərəkətlərinə nəzarət edə bilmək bacarığı yaxşı maneralar hesab olunur. Pis maneralar isə yüksəkdən danışmaq vərdişi, ifadələrdə utanmamazlıq, geyimdə pintilik, davranış və əl-qol hərəkətlərindəki zəhlətökənlik, kobudluq, başqalarının işinə qarışmaq, yersiz müdaxilə və sorğu-sual, başqalarını öz istəklərinə tabe etmək, nəzakətsizlik, başqalarına alçaldıcı adlar qoşmaq və s. hesab olunur. Manera insanın davranış mədəniyyətinə aiddir və etiketlə tənzimlənir. Etiket elə anlayış və ünsiyyət formasıdır ki, vəzifə və ictimai mövqeyindən asılı olmayaraq, bütün insanlara qarşı hörmət, müraciət və salamlaşma formaları, söhbət aparmaq qaydası, stol arxasında davranış və s. buraya daxildir. Bütövlükdə, etiket sivil cəmiyyətin humanizm prinsiplərinin əsasını təşkil edən nəzakətliliyin ümumi tələbidir. Elə buna görə də, nitq etiketi ifadəsinin «nəzakət ifadələri» adlandırılması daha düzgün olardı. Ünsiyyətin ən ümumi şərti nəzakətlilikdir. Nəzakətlilik həddini aşmamaqdır. Bu ifadələr hamıya məlumdur: “soyuq nəzakətlilik”, “buz kimi nəzakət”, “nifrətli nəzakət”. Bu zaman ən gözəl insani keyfiyyətlərin mahiyyəti nəinki ölür, hətta tamamilə əksinə çevrilir. Vereşaqin E.M. nəzakəti bu və ya digər həyati münasibətlərə girdiyimiz insanlar üçün etdiyimiz “kiçik məbləğli qurbanlar” kimi müəyyən edir (2, 131).
Təəssüf ki, Servantesin bu gözəl deyimi tamamilə unudulub: «Heç nə nəzakət qədər ucuz başa gəlmir və onun qədər yüksək qiymətləndirilmir.» Əsl nəzakət yalnız xeyirxah ola bilər, belə ki, insanın işdə, evdə, ictimai yerlərdə rastlaşdığı insanlara qarşı münasibətlərində səmimiyyətin, alicənablığın təzahürlərindən biridir. İşdə yoldaşlarla, məişətdə tanışlarla səmimi münasibət, dostluğa çevrilə bilən, eləcə də, insanlara qarşı təbii xeyirxahlıq məqsədi güdən münasibət nəzakətliliyin mütləq bazasıdır. Əsl davranış mədəniyyəti, onun məzmunu və xarici təzahürü mənəviyyatın əxlaq prinsiplərindən irəli gəlir.
Nəzakətliliyin əsas elementlərindən biri adları yadda saxlamaq hesab olunur. Bu barədə A.Leontyev belə deyir: «İnsanların əksəriyyəti adları ona görə yadda saxlamırlar ki, onlar adları yaddaşlarına həkk etməkdən ötrü vaxt və enerji sərf etmək istəmirlər. Onlar həddindən artıq məşğul olmaları ilə özlərinə haqq qazandırmağa çalışırlar. Lakin onlar çətin ki, Franklin Ruzveltdən daha çox məşğul olsunlar, o hətta rastlaşdığı mexaniklərin belə, adlarını yadda saxlamağa vaxt tapırdı... F.Ruzvelt bilirdi ki, ətrafdakıların hörmətini qazanmaq üçün ən sadə, ən səmərəli və ən fəal üsullardan biri insanların adlarını yadda saxlamaq və öz əhəmiyyətliliyini onların şüuruna yeritməkdir» (3, 97).
Ədəblilik və həssaslıq - bunlar ali insani keyfiyyətlərin tərkibinə diqqət, ünsiyyətdə olduğu insanların daxili aləminə dərin hörmət etmək, onları anlamağa istək və bacarıq, onlara nəyin zövq və sevinc verəcəyini hiss etmək və əksinə, nəyin onları əsəbiləşdirəcəyini və incidəcəyini bilməkdir.
Ədəblilik və həssaslıq dedikdə bizim sözümüzə və davranışımıza həmsöhbətlərimizin göstərdikləri reaksiyanı səhvsiz təyin etmək bacarığı, lazım olan hallarda buraxdığı səhvlərə görə yalandan utancaqlıq göstərmədən üzr istəmək, özünə tənqidi yanaşmaq qabiliyyətləri də başa düşülür. Bu, insanın ləyaqətini alçaltmır, əksinə, bu, əsl insani keyfiyyəti - təvazökarlığı göstərir və onun haqqında insanlarda yüksək fikir yaradır.
Psixolinqvistikada belə bir fikir var ki, insan yalnız özü haqqında danışırsa, o yalnız özü haqqında düşünür. Yalnız özü haqqında düşünən insan mədəniyyətsizdir, o, nə qədər yüksək təhsilli olsa da, yenə də mədəniyyətsizdir.
Təvazökar insan heç vaxt özünü başqalarından ağıllı, bacarıqlı, yaxşı göstərməyə çalışmır, öz kefiyyətlərini və üstünlüyünü qeyd etmir, özü üçün xüsusi rahatlıq, qulluq tələb etmir. Bununla yanaşı, təvazökarlıq utancaqlıqla, cəsarətsizliklə əlaqələndirilməməlidir. Bunlar tamamilə müxtəlif kateqoriyalardır. Sadə adamlar çox tez-tez, kritik vəziyyətlərdə daha aktiv və möhkəm olurlar, bununla yanaşı, həm də məlumdur ki, başqalarını mübahisə ilə özünün doğruluğuna inandırmaq mümkün deyil.
T.Qabriel yazır: «Siz insanın haqlı olmadığını ona baxışınızla, intonasiyanızla və ya jestlə söz ilə olduğundan daha yaxşı başa sala bilərsiniz, lakin siz ona haqsız olmadığını söylədikdə bununla onu sizinlə razılaşmağa məcbur edə biləcəksinizmi? Heç vaxt! Çünki bununla siz onun intellektinə, sağlam düşüncəsinə, onun mənliyinə və ləyaqət hissinə zərbə vurmuş olursunuz. Bu isə onu öz fikrini dəyişməyə deyil, sizə cavab zərbəsi vurmağa təhrik edəcək» (4, 14).
Yəqin ki, siz özündən çıxmış mübahisə edənləri müşahidə edən hansısa üçüncü şəxsin hər iki adamı başa düşməyə həssaslıqla yanaşıb, dostcasına və taktiki sözlərlə anlaşılmazlığa son qoyduğunun şahidi olmuşsunuz.
Heç vaxt danışığa bu cür başlamaq olmaz: «Mən sizə sübut edərəm». Psixoloqlar hesab edirlər: bu o deməkdir ki, «Mən sizdən ağıllıyam, mən sizə elə bir şey deyəcəyəm ki, siz fikrinizi dəyişəcəksiniz». Bu cür olmaz, çünki bu, həmsöhbətdə daxili müqavimət və mübahisə etmək istəyi yaradacaq. Nəyisə sübut etmək üçün bunu o qədər incə, ustalıqla etmək lazımdır ki, bunu heç kəs hiss etməsin. Məsələn, «Xahiş edirəm, bir dəqiqə mənə qulaq asın!» və s. N.Formarovskaya bunu qızıl qaydalardan biri hesab edərək yazır: «İnsanları elə öyrətmək lazımdır ki, elə bil heç nə öyrətmirsiniz və tanış olmayan şeyləri unudulmuş kimi təqdim edirsiniz» (5, 43). Sakitlik, diplomatiklik, həmsöhbətin dərindən başa düşülməsi, dəqiq faktlar əsasında yaxşı düşünülmüş əsaslandırma - diskussiya zamanı «yaxşı ton» tələbi və öz fikrini israretmədə inadkarlıq arasındakı ziddiyyətlərin həllidir.
Nitq etiketi geniş mənada linqvistik praqmatikanın ümumi problemi ilə birləşir və praqmalinqvistika sahəsində öyrənilməlidir. Praqmatik cəhətdən dil kommunikasiyası aktına kommunikasiyanın iştirakçılarının müxtəlif məqsədlərə nail olması baxımından yanaşılır. İfadəyə ayrıca yox, bu məqsədlərin konteksti baxımından yanaşılır. Məsələn: «Saatınız yoxdur?» - deyə sual verdikdə saatın neçə olmasını soruşmaq nəzərdə tutulur. Ona görə də bu suala qarşı «Bəli, var» - cavabı (saatın neçə olmasını göstərmədikdə) kontekstdən uzaqlaşmadan xəbər verir, nitq etiketi tələbləri pozulur.
Və yaxud: «Burada nə baş verir?» - sualı (xüsusən müəyyən konteksdə) baş verənlərə qarşı narazılıq hissinə işarə olub, etiketi poza bilər.
Hazırkı vaxtda ümumi vətəndaş etiketinə aid edilən bir çox şərtlərin sadələşdirilməsi meyilləri, demək olar ki, hər yerdə qeyd olunur. Bu, zamanın rəmzlərindən biridir: dəyişmiş həyat tempi və çevik dəyişməkdə davam edən sosial-məişət şəraiti etiketə güclü təsir edir. Buna görə də əsrin əvvəllərində və ya ortalarında qəbul edilmiş bir çox şeylər əsrin sonunda absurd görünə bilər. Bununla belə, ümumvətəndaş etiketinin əsas və yaxşı ənənələri hətta dəyişilmiş formada belə öz mövcudluğunu davam etdirir.
Dostları ilə paylaş: |