Ədəbiyyat
-
Вандриес Ж. Язык. Лингвистическое введение в историю. М., 1937.
-
Верешагин Е.М., Костомаров В.Г. Лингвострановедческая теория слова. М., 1980.
-
Леонтьев А.А. Слово в речевой деятельности. М., 1965.
-
Титц Габриэле. Этикетные формулы обращения и привлечения внимания в современной русском языке. АКД. Воронеж., 1977.
-
Формановская Н.И. Употребление русского речевого этикета. М., 1982.
Ş.K. QOCAYEVA
AİLƏDƏ TABUDAN VƏ EVFEMİZMLƏRDƏN İSTİFADƏ
Açar sözlər: dil tabuları, dil və ailə, evfemistik ifadələr, nəzakətli danışıq.
Ключевые слова: языковые табу, язык и семья, эвфемистические выражения, вежливая речь
Key words: language taboos, language and family, euphemistic expressions, polite speech
Tabu-müxtəlif əşyalar və sözlərə qoyulan xüsusi yasaqdır. Hələ çox qədim dövrlərdə ailələr də inanırdılar ki, ad ilə həmin adı daşıyan insan arasında xüsusi üzvi əlaqə mövcuddur. Evfemizm isə predmet və prosesləri öz adı ilə deyil, tabuda olan semantikanı ehtiva edən digər söz və ifadələrlə adlandırmaqdır. Evfemizm tabunu məzmun etibarı ilə əks etdirir. Evfemizm tabunu əvəz edir, onda olan mənanı «nəzakətləşdirir». Tabunun əşyavi-məntiqi anlamı evfemizmə bərabər, uyğun gəlir. Lakin evfemizm tabunu- yasaq və qadağa olunan söz və ifadəni həddən artıq yumşaldılmış formada təqdim edir. Təhqiredici ekspressiya evfemizm vasitəsilə münasib, müsbət ekspressiya ilə əvəzlənir. Evfemizmlərin özündə yalana çevrilmək qorxusu da gizlənməkdədir.
Ailə cəmiyyətin kiçik bir hissəsidir, özəyidir. Bu hissədə dil bütün sferalarda fəaliyyət göstərir. Gündəlik məişət məsələlərindən tutmuş hər bir ailə üzvünün, fərdin problemləri ailədə dil vasitəsi ilə müzakirə olunur. Doğulmaq, evlənmək, ailə qurmaq və nəhayət, ölmək kimi tabu və evfemizm əmələ gətirən anlayışlar ailə çərçivəsində öz işlək xarakteri ilə seçilir. «Tabu və evfemizm lap ilkin dövrlərdə ailə içərisində formalaşmışdır» (B.A.Larin). Ailədə işlənən tabu və evfemizmlər ümumişlək xarakteri daşıyır. «Ümumişlək evfemizmlər iki anlayışın daxili münasibətləri ilə və bu münasibətləri nizama salan norma ilə təyin edilir» (Qorodekaə İ.L.)
Ailədə tabu və evfemizmlərin işləkliyi bir sıra məsələlərlə bağlı meydana çıxır:
a) evlənmək və evləndirməklə əlaqədar evfemistik ifadələr: Nəhayət ki, Orucun başını bağladılar, qonşu qızını ona aldılar (danışıq dilində); Həsənin ayağını yığdılar, küçələrdən çəkildi (danışıq dilində); -Ay arvad, səninlə düz əlli ildir ki, bir yastığa baş qoyuruq və s. Burada insanın bədən üzvlərinin adları (baş, ayaq) çoxmənalılıq keyfiyyəti qazanmış, evfemistik ifadələrin yaranmasında fəal iştirak etmişdir.
b) ailəyə verilən xəbərlərlə bağlı: Bəllidir ki, ölmək anlayışı ilə ötürülən xəbər daha sarsıdıcı xarakter daşıyır, belə xəbərlər ailəyə öz mənfi təsirini göstərir. Bu təsirin nəticəsində məyusluq, peşmançılıq, qəmginlik, kədər kimi ekspesiyalar üzə çıxır. Məs.: Ailənin böyük oğlu qəhrəmancasına həlak oldu. Atam Böyük Vətən müharibəsində gözlərini əbədi yummuşdu. Nənəm birdən çıraq kimi söndü və s.
Ailədə metafor əsasında yaranan evfemistik ifadələr də çox işlənir. Məsələn: Nənəmin beli bükülmüşdü. Az yaşı olsa da, qardaşımın birçəyi ağarmışdı. Xəstəlik babamı bir dəri, bir sümük etmişdi.
Evfemizm-pis, xoşagəlməz sözlərin yaxşı, xoşagələn sözlərlə verilməsi anlamında işlənir. Kobud sözlər yerinə yumşaq idadələrdən istifadə etmək evfemizmin əsas məğzini təşkil edir. Bəzi ailələrdə kobud xarakterli adamlarla rastlaşmaq olur. Ailədə xoşagəlməz hadisələr də baş verir ki, bu zaman həm tabulardan, həm də evfemizmlərdən istifadə olunur. Ədəbsiz fikir və niyyətlər bəzən mədəni olmayan ailələrdə istifadə olunur, amma bəzi ailələr nəzakət qaydalarına əməl edərək həmin söz və ifadələri yumşaldılmış şəkildə təqdim edir. Məsələn, ər hirslənir, ağzından kobuzd ifadələr çıxarır. Həyat yoldaşı ona ,-a kişi, nəzakətli danış, ayıbdır, uşaqlar eşidər-deyir.
Ailədə ər-arvad munasibətində tabu və evfemizmlər əmələ gəlir. Bu münasibətlər sakral həddə çata bilir. Yəni ər öz arvadının adını başqalarının, lap öz valideyn və uşaqlarının yanında çəkmir. Arvadın adı əvəzinə, «kül atan», «uşaqların anası», kişi əvəzinə «evin böyüyü», «evin dirəyi» və s. evfemistik ifadələr araya gəlir.
Dildə tabuların əmələ gəlməsinin səbəbləri də müxtəlifdir.Tabuların bəziləri ailə, məişətlə əlaqədar olan söz və ifadələrdir. Məsələn, Şərq aləmində belə bir adət mövcud idi ki, qadın öz ərinin adını söyləyə bilməz, bu onun üçün böyük qəbaət və hörmətsizlik sayılırdı. Qadın öz həyat yoldaşını təqdim edərkən, çağırarkən «uşaqların atası», «hacının atası», «evimizdəki», «evin sahibi», «evin böyüyü», «sahibim», «mənim qocam» və s. evfemistik söz və ifadələrdən istifadə edirdilər. Məs.: Mən kiməm, evin sahibi var (danışıq dilində), Başımın ağası var, a bala, imkan verməz ki...(danışıq dilində).
Ailədəki uşaqlardan biri o birini qorxutmaq üçün «cin gəldi», «şeytan gəlir», «xortdana bax, xotdana» və s. ifadələri işlədir ki, bu da dini-mifoloji anlayışların qorxu hissinin artmasına şərait yaradır.
Ailədə cins və yaşından, ailə üzvlərinin münasibətlərinin xarakterindən asılı olaraq bir çox söz və ifadələrin işlənməsi etik normaya sığmır və onlara uyğun gələn «təhlükəsiz sözlər»dən məqsədəuyğun şəkildə istifadə olunur. Buraya, əsasən, evlənmək, hamiləlik və doğum anlayışları ilə bağlı söz və ifadələr aid edilir.
Ailədə dialoji şəraitdə, mühitdə sözügedən ifadələrdən istifadə olunur. Bu, təbiidir. «Bir şəxs tərəfindən ifadə olunmuş qaba, xoşagəlməz sözlər dinləyənə-ailə üzvünün birinə pis təsir bağışladıqda və deyən subyekt (ailənin başqa üzvü) bunu həmin anda hiss etdikdə, ifadənin təsir qüvvəsini azaltmaq üçün təkrar onu yumşaldılmış formaya salır, əvvəlki qaba ifadənin ağır təəssüratını yüngülləşdirməyə səy göstərir» (T.Əfəndiyeva).
Dilin ailədə işlənən bu leksik layı slenqa da adlanır. Danışıq dili üçün xarakterik olan və ümumi danışıq leksikasına aid olan belə sözlər adətən qaba, xoşagəlməz ifadələrdən sayılır. Məsələn, ingilis ailələrində aşağıdakı tip ifadələr öz işləkliyi ilə seçilir: bed-sitter, zob, vooze, to-dry, hide, big-boy, dark, sleeper, shov, shink.
Ailədə bir sıra hallarda müəyyən səbəblərdən fərdlərdən biri və bir neçəsinin əhval-ruhiyyəsi pozulur. Bu, hal dildə tabuların işlənməsi ilə yaranır.Məhz evfemizm həmin mənfi təsiri ailə üzvlərinin üzərindən götürmək, pis təsiri müəyyən qədər azaltmaq məqsədilə yaradılır.
Dildə sözün təsirindən, bədii sözün təsirindən çox danışılıb. Burada söhbət pis sözün təsirindən gedir. Sözün təsiri davamlı xarakter daşıyır. İnsan həyatının bütün sahələrində söz böyük təsiredici gücə malikdir. Kobud, xoş əhval-ruhiyyə yaratmayan söz və ifadələr mənfi ekspressiya doğurur. «Söz vasitəsilə edilən təsir isə bir növ mənfi təsirdir. Mənəvi təsir insanın qəlbinə, ürəyinə, beyninə təsir edir. Belə təsir həm qüvvətli olur, həm də uzun müddət davam edir, qalır. Evfemizm ilə xəbərin, xoşagəlməz hadisənin dildə təsiri zəifləyir.Evfemizmlər vasitəsilə ailə üzvlərinə verilən xəbərdə əvvəlkindən fərqli emosional xarakter olur» (Aslanov A.)
Müəyyən tabuları ailədə əvəz edən evfemizmlər forma və məzmunca bir-biri ilə bağlı olmur. Belə tabuların yerinə paralinqvistik vasitələrdən də (mimika, jest və s.) istifadə olunur. Bəzi bioloji prosesləri ərlə arvad söyləməkdə çətinlik çəkirlər, bu, ədəb, nəzakət dairəsindən kənara çıxır. Tibbi aləmdə deyilməsi yasaq olan üzvlərin adı var, bu, latın mənşəlidir; gizli səslənən belə tibbi terminlərin mənası təkcə həkimlərə bəlli olur.
Beləliklə, ailədə işlənən evfemizmlərlə tabu arasında olan diferensiasiyanı başa düşmək lazım gəlir. Tabu sözlə cisim, sözlə hadisə arasında fiziki bağlılığın mövcudluğuna yol açan bir etiqada əsaslanır.
Dostları ilə paylaş: |