İ.M. KƏRİMOVA
“GÖYÇAY” TOPONİMİNİN ETİMOLOGİYASI
Açar sözlər: hidrotoponim, hidronim, toponim, oykonim, oronim
Ключевые слова: гидротопоним, гидроним, топоним, ойконим, ороним
Key words: hidrotoponim, hidronim, toponim, oykonim, oronim
Göyçay 1872-1876-cı illərdə eyni adlı çayın sahilində salınmış oykonimdir. Toponim öz adını Göyçay hidronimindən aldığı üçün hidrotoponim hesab olunur. Göyçay oykonimi «göy» və «çay» komponentlərindən ibarətdir. «Göy» sözü ilə bağlı istər türkoloji, istərsə də Azərbaycan dilçiliyində müxtəlif araşdırmalar mövcuddur. Tarixi sənədlərdə, Kül Tiqin abidəsində VII-XIII əsrlərə aid mərhələlərdə «səma» həm də «tanrı» anlamında işlənmişdir. Əvvəllər dini termin kimi (yaradıcı, allah) mənalarını vermişdir. Sonrakı dövrlərdə, eləcə də orta əsrlərdə və Mahmud Kaşğari dövründə (XI əsrin axırları) «göy» sözü «səma» (неба) anlamında işlənmişdir. Bu söz Azərbaycan dilində göy, qazax dilində kök, tatar dilində kuk, özbək dilində kuk, türkmən dilində gook, qırğız dilində kök, altay dilində kök yazılışlarında işlənərək «mavi səma» mənasını bildirmişdir (2. 35).
A.N.Kononov «göy» sözünün mənasını izah edərkən kok//qok sözlərinin müasir türk dillərində bir neçə mənada işləndiyini qeyd etmişdir. Müəllif yazır ki, «göy» sözü a) göy, göyərçin, mavi, açıq yaşıl, tünd göy, açıq göy, yaşıl, boz, ağarmış göy; b) səma, cavan ot, göyərti və s. mənalarda işlənmişdir. O, həmçinin qeyd edir ki, «göy» sözü coğrafi adların birinci komponenti kimi hidronim və oronimlərin tərkibində iştirak edir. Orta Asiya və müxtəlif ərazilərdə Kok, Kok su adlı hidronimlər mövcuddur (8. 178).
E.Koyçubayev «göy» komponentli coğrafi adların geniş işləkliyə malik olduğunu və göy sözünün «səma» apelyativinin sinonimi olduğunu qeyd etmişdir. Müəllif səma cisimlərinin bir hissəsinin «göy rəngli» olması fikrini söyləmişdir (9. 186).
Azərbaycan dilçiliyində də «göy» komponenti ilə bağlı bir-birindən maraqlı mülahizələr vardır.
R.Eyvazova kök//kuk//gög tərkibli coğrafi adların Əfqanıstan ərazisində də olduğunu qeyd etmişdir. Müəllif «kök» sözünün mənasını izah edərkən kok - azad; kök (sifət) –göy anlamında işləndiyini göstərir. Bahəddin Ögələ istinad edən tədqiqatçı yazır ki, Orta Asiya tayfaları üçün «gög» hər şeydən üstün olmuşdur. Onlar yerə, yalnız atlarının ayaqları ilə bağlı idi. Türklərə görə, «gög» rəngində bütün gözəlliklər toplanmışdı. Əski türkcədə «gög» anlamına uyğun gələn ana söz «Tanrı (Tenqri)» idi. Odur ki, gögə hər rəngi ilə birlikdə «Göy tanrı» deyirdilər. Müəllif Göyçay hidro-toponiminin birinci komponenti olan “göy sözünü” tayfa adı ilə bağlamışdır. R.Eyvazova bu haqda yazır: «Bizə görə, kök//kuk//köy adını tayfa adı kimi də saymaq lazımdır. Belə ki, «kök» tərkibli kökər tayfaları da məlumdur. Kökərlər sakların ən böyük boyu olub, Qafqazda yaşamışlar. «Kök» tərkibli Kökçə//Göyçə adının mənşəyi də maraqlıdır. Belə ki, Gəncə adının izahında verdiyimiz şərhə əsaslanaraq cu//çjou//cou eyniliyini götürürük. Ola bilsin ki, gök tayfaları vaxtilə Çinin Çjou//cou adlanan yerlərinin sakinləri olmuşlar. Güman ki, Gök-çjou//Gökçay fonetik dəyişikliyə məruz qalaraq Gökçə//Gökçay şəklinə düşmüşdür» (5. 200-201).
Ə.Şükürlü «göy» komponentinin izahını verərkən yazır ki, Köktürk-oğuz türk qəbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar göy sözünü «səma» (V.Banq), bir qismi «şərq» kimi mənalandırır. Azərbaycan türk dilinin bəzi şivələrində həmin söz “xəsis”, “acgöz” mənasını bildirir. Ona görə güman etmək olar ki, göytürk qəbilə adı əslində «qarətkar türk», «işğalçı türk» mənasını ifadə edir. Lakin qəbilə adı kimi sabitləşməklə həmin etnonimin mənası silinib yox olmuşdur (13. 74).
F.Xalıqov isə «göy» komponenti haqqında bir qədər fərqli fikir söyləmişdir. Tədqiqatçı yazır: «göy» leksik vahidi ilə bağlı türkmən və Göycə formasında Azərbaycan dilində, Ad köke formasında isə monqol dilində işlədilir». Müəllif həmçinin Kök-türk, köke-monqol, göklen-türkmən tayfa adlarında «qloriosus» yəni, «qəhrəman» mənasının gizləndiyini bildirir. S.Dörferə əsaslanan müəllif «göy» sözünün səma mənası ilə bərabər müqəddəs göylərin mənasında təkcə «kök-türk», «kök-culut», «köke-monqol» etnonimlərində deyil, həm də şəxs adlarında tez-tez təsadüf olunan vahidlərdən biri olduğunu qeyd etmişdir. F.Xalıqov Göysu hidroniminin birinci komponenti olan göy leksik vahidinin burada «dəniz» mənasını bildirdiyini qeyd edərkən yazır ki, Göysu atı («Qurd oğlu əfsanəsi») zoonimində həmin mənanın saxlanıldığı inkaredilməzdir. Deməli, «göy» əlamət bildirən leksik vahidi istər ərazi, istərsə də su mənalı onomastik vahidlərin tərkibində rəng çalarlarından daha çox «böyüklük», «genişlik», «bolluq» mənası ifadə edir (6. 73-74).
«Göy» komponenti haqqında B.Budaqovun və Q.Qeybullayevin də fikirlərini qeyd etmək istərdik. Hər iki müəllif bir vaxtlar İrəvan quberniyasının Novoboyazid qəzasında mövcud olmuş Göysu toponiminin etimologiyasını izah edərkən yazmışlar: «Əsli Köy-Su. Türkcə köy «kənd» və su «çay» sözlərindən ibarət olmaq etibarilə «Çay kənd» mənasındadır» (3. 320).
Hər iki müəllifin izahından aydın olur ki, «göy» sözü rəng mənasını bildirməklə yanaşı, qədim türk dillərində «kənd» anlamında da işlənmişdir.
N.Tapdıqoğlu da Göyçay hidrotoponimi ilə bağlı bir sıra fikirlər söyləmişdir. Müəllif yazır: «Göyçay toponimi çayın yuxarı axınında suyunun duru və təmiz olması, göyümtül rəngə çalması ilə bağlıdır. Göyçay toponimini monqol və kalmık dillərindəki «ko//gö» komponenti ilə də («zireh, dəmir, polad geyim») əlaqələndirənlər var. Dağıstanda hazırda Koysu (Göysu) adlı bir neçə çay var. Göyçay, Göygöl toponimlərini də bu cür mənalandırmaq olar: Göyçay sözü «göy» etnonimindən və «çay» hidronimindən ibarətdir» (14. 190-191, 194).
Müəllifin Göyçay hidronimi ilə bağlı yuxarıda söylədiyi fikirlər göründüyü kimi ziddiyyətli xarakter daşıyır.
N.Nəbiyev Göyçay hidrotoponiminin heç bir tayfa adı əsasında yaranmadığını, toponimin öz adını eyni adlı çaydan götürməsi fikrini irəli sürmüşdür. Müəllif yazır ki, Göyçay sözünün mənası «göy çay», «duru çay» deməkdir (10. 130).
Ümumiyyətlə, «göy» sözü haqqında onu da deyə bilərik ki, qədim türklərdə Göy tanrı (allah) anlamında işlənmişdir (11. 163). Dilimizdə «göy» sözü bir sıra başqa mənalarda da işlənir: a) Göy – yer üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq; b) Göy – səma rəngi, mavi, göy rəng; c) Göy – yaşıl, göy meşə, göy çəmən və s. (1. 75).
Coğrafi adlarla yanaşı, türk xalqlarının onomastikasında «göy» tərkibli hidronimlərin də areallarına rast gəlmək olar. Erk Yurtsevər Qazaxıstan Respublikasında, eləcə də Türkiyənin Bismil-Diyarbəkir, Yeşilçay-Sile-İstanbul, Karadere-Hendek-Sakarya bölgələrində Göksu adlı hidronimlərə təsadüf edildiyini qeyd etmişdir (4. 103). Qırğızıstan Respublikasının İssıkkul vilayətində Köy say, Adıq (Çərkəz) onomastikasında Kueksu (Kugksu) «göy su» adlı hidronimlər də mövcuddur (12. 86; 7. 203).
Fikrimizcə, Göyçay hidrotoponiminin birinci tərəfi olan “göy” sözü suyun duruluğunu, şəffaflığını ifadə etdiyi üçün, həm də suyun rəngi göy rəngə çaldığı üçün çay Göyçay adlandırılmışdır ki, bu da hidronimin oykonimə (Göyçay şəhəri) transformasiya olunduğunu aydın şəkildə göstərir.
Dostları ilə paylaş: |