S.Y. MƏMMƏDOVA
TELEVİZİYA APARICILARININ DİLİ HAQQINDA
Açar sözlər: televiziya, aparıcı, teleməkan, nitq, efir
Kлючевые слова: телевидение, ведущий, телепространства, речь, эфир
Кey words: television, presenter, TV place, speech, broadcast
Kütləvi informasiya vasitələri sistemində televiziyanın rolu böyükdür. Milli televiziyanı cəmiyyətin müasir tələbləri səviyyəsinə yüksəltmək ən vacib məsələlərdəndir. Televiziya KİV-lər arasında ən çeviyi, operatividir. O, cəmiyyətdə baş verən hadisələri, dövrümüzün aktual problemlərini dərhal kütləyə çatdırır və ictimai rəyin formalaşmasında misilsiz rol oynayır. Hər bir telekanalın qarşısında maarifləndirmə, məlumatlandırma, əyləndirmə durur. Bu funksiyanı yerinə yetirən isə televiziya aparıcılarıdır.
«Aparıcı» ifadəsi leksikonumuza son illər gəlib. Bu missiyanı yerinə yetirənlər əvvəllər «diktor» adlanırdı. Radio və televiziyamızın sözün əsl mənasında diktorları vardı: Aydın Qaradağlı, Sabutay Quliyev, Qara Tağızadə, Züleyxa Hacıyeva, Rafiq Hüseynov, Roza Tağıyeva, Sabir Ələsgərov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə, Natavan Hacıyeva, Tamilla Ələkbərova, Nailə İslamzadə, Nərgiz Cəlilova, Rafiq Həşimov, Aygül Qaradağlı səsləri, nitq və efir qabiliyyətləri hamıya örnək olacaq qədərdir. Onlar canlı efirdə necə işləmək nümunəsi idi. Bu diktorlar mətnləri elə məsuliyyətlə, ciddiliklə çatdırırdılar ki, efirdə, ekranda çox nadir hallarda çaşqınlıq baş verirdi. Səhvlər elə düzəldilirdi ki, tamaşaçı, yaxud dinləyici bunu duymurdu. Onların efirə, ekrana tamaşaçıya hörmətləri böyük idi.
Soltan Nəcəfovun, Mehdi Məmmədovun, Əli Zeynalovun, Müxlis Cəniza-dənin, Həsən Əblucun, Əminə Yusifqızının, Ofelya Sənaninin, Aydın Qaradağlının və başqalarının, neçə-neçə sənətkarların səsləri efirdən, ekrandan eşidiləndə, onların nitqləri, diksiyaları insana zövq verərdi və bu zövqdə bir qürur hissi vardı. Ahəngdar, zəngin, musiqili dil bizimdir və biz də bu dilin daşıyıcılarıyıq.
Aparıcılar kütləyə nümunə olmalıdır. Müasir aparıcılar özlərini sərbəst aparır, lakin sərbəst danışmaq qabiliyyətinə malik deyillər. Çünki Azərbaycan dilində ədəbiyyat oxumurlar və dünyagörüşləri yalnız xarici telekanallardan alma informasiyadır. Mənim fikrimcə, televiziya aparıcıları elitar və çox savadlı insanlar olmalıdır.
2003-cü il tarixdə imzalanan «Azərbaycan Respublikasında dövlət dili haqqında» qanunun 6-cı maddəsinin 2-ci bəndində oxuyuruq: «Azərbaycan Respublikasının ərazisində təsbit edilən və fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır».
Dövlət dilini dərinliyinə qədər bilən və ekrandan qüsursuz danışan aparıcılarımız əsasən xəbər proqramlarında görünürlər. Belə diktorlar hər kanalda var.
İctimai televiziyanın «Xəbər» proqramının aparıcısı Elnurə Cavadzadə, Azərbaycan televiziyasının aparıcısı Dilarə Səlim buna bariz nümunədir. Elnurə Cavadzadə həm görünüşünə, həm də nitq qabiliyyətinə görə müsbət mənada o biri aparıcılardan fərqlənir.
Təəssüf ki, bu gün Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribə məqamlar illərdir ki, davam etməkdədir. Xüsusilə də bu məsələdə bir sıra televiziya aparıcılarının günahı çoxdur. Hərdən aparıcıların dilindən qopan ifadələr ləhcə, şivə xarakterli olur. Bəzi aparıcılar elə bir səs tonu ilə danışırlar ki, adamın qulağı batır. Teleradio aparıcıları alınma sözlərin yerində işlənilməsini mütləq nəzərə almalıdırlar. Aparıcı o qədər sürətlə danışır ki, sözlər ya tamam anlaşılmır, ya da şəkilçilər unudulur. Aparıcıların nitqi nümunəvi olmalıdır. Bir çox hallarda peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların əyləncə xarakterli verilişlərin aparıcıları efir peşəkarlığı aşağı olan şəxslərdir.
Əgər o aparıcının gözəl nitq qabiliyyəti yoxdursa, efir görünüşü standartlara cavab vermirsə, onun efirə çıxarılması düzgün deyil.
Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi olmayan aparıcılarıın yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi və təhlükəlidir. Qüsurlu nitqin əsas səbəbləri sırasında rus dilinin, Azərbaycan dialektlərinin və türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı olmasını və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar.
«Ölümə piyada gedənlər» («Xəzər», «Xəzər-xəbər», 20. 47. 30.04.11). əslində cümlə belə olmalı idi: «Ölümə gedən piyadalar»; «Azərenerjinin sorcusu» (ATV, «Son xəbər», 20.35. 14.10.11); «Qarabağ» məsələsi çözülməsə, Türkiyə Ermənistan «yol xəritəsi» kağız üzərində qalacaq» («ANS», 21.25. 21.03.11); «Orucluqda düzgün qidalanmaya qulaq verin» («Xəzər», «Günə başlarkən». 08.55. 24.08.10); «Bu məsəldən hamı əndişələnəcək» («ATV», «Onun yarısı», 17.49. 20.04.11); «Qoy ana dilimizin təbliğinin əleyhinə çıxanlar özlərinə başqa sloqan tapsınlar» («ATV», «ATV səhər», 9.30. 24.09.12)
- «Yusif müəllim, sizin də fikrinizi alaq» («Xəzər», «Yeni gün». 11.50. 26.07.12)
Türkiyə türkcəsinin efirimizə təsiri göz qabağındadır. Aparıcılarımızın bir qismi, xüsusilə də bir müddət Türkiyədə yaşayıb fəaliyyət göstərənlər sanki Azərbaycanın ədəbi dil qaydalarının Azərbaycan xalqına lazım olmadığı qənaitinə gəliblər. Məsələn, Bu gün «helikopterlər»- (vertolyotlar) daşqın ərazisini səmadan izlədilər («Xəzər», «Xəzər-Xəbər», 16.07.10; 20.45). Sizdə «maydenuz» (cəfəri) neşəyədir? («Xəzər», «Xəzər-Xəbər»,30.10.10, 20.59). «Kalite» (keyfiyyət) elə bir səviyyədədir ki, ondan sonra hec nə dinləmək istəmirsən. Mən Ülviyyə xanıma «talib» (elçi) çıxmaq istəyirəm. (ATV, «Onun yarısı», 05.10.10. 17.50).
Efirə qonaq qismində dəvət alan bir sıra şəxslərin danışığı da bizim acı reallığı özündə əks etdirir. Aparıcılar rusdilli və ya türkdilli (Anadolu türkcəsi nəzərdə tutulur) qonaqların nitqinə uyğunlaşmalı olur, beləliklə, bəzən məcburiyyətdən ədəbi dil qaydalarını pozurlar.
Televiziya ekranı ilə tamaşaçı arasında təmas körpüsü yaradılmasında aparıcıların rolu böyükdür. Təqdim olunan mətnin, habelə öz düşüncələrinin, ağlının, fikrinin süzgəcindən keçənlərin tam təfərrüatı ilə tamaşaçı və dinləyiciyə çatdırılması missiyası ilk növbədə teleaparıcıların üzərinə düşür.
Səlis nitq mədəniyyətinə malik olmayan doğma dilimizin norma və qaydalarından xəbərsiz, davranış etikasından uzaq düşən aparıcılarımıza ekran, efir etibar etmək heç düzgün deyil.
Televiziya aparıcıları üçün nitq, səs və görünüş çox vacib şərtlər sayılır. Azərbaycan telekanallarına gəldikdə, aparıcıların böyük əksəriyyətinin ya efirə uyğun səsi yoxdur, ya da görünüşü. Ümumiyyətlə, aparıcılarımızın aparıcılıqla bağlı qüsurları kifayət qədərdir. ANS telekanalını misal göstərmək olar. ANS telekanalında «Kök altı» verilişinin aparıcısı Aytən xanım dəvət etdiyi qonaqlarla istehza ilə danışır.
Bizim fikrimizcə, aparıcı verilişin spesifikasına, məziyyətlərinə uyğun seçilməli, görkəmi, intellektual bazası, davranışı telejanra münasib gəlməlidir.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrin televiziyalarında aparıcı obrazı üzərində onlarla mütəxəssis işləyir. Azərbaycan telekanallarında isə bu təcrübə hələ yoxdur. Bu səbəbdən əyləncə verilişi və ciddi verilişin aparıcıları arasında fərq itir. Xəbər aparıcıları ciddi, sadə geyimdə olmalı, mümkün qədər makiyajdan az istifadə etməlidirlər. Bununla da onlar tamaşaçının diqqətini ötürdüyü xəbərdən yayındırmamalıdır. Əyləncə proqramlarının aparıcıları isə cazibədar qiyafələr geyinə bilər.
Televiziya və radio verilişlərinin əksər aparıcılarının nitqində dilimizin orfoepik (düzgün tələffüz) qaydaları demək olar ki, iki-üç cümlədən bir pozulur. Mətndəki sözlər, ifadələr, bütövlükdə mətnin oxu qaydaları, nitqin tembri, heca vurğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyəcanlı səs və s. nitq prosesində tez-tez müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məzmununun anlaşılmasına çətinlik törədir. Məsələn, bəzən isə aparıcıların bir-biri ilə, ya da dəvət etdikləri qonaqla yersiz söhbətləri, süni və şit gülüşləri, zarafatları dinləyicini yorur. Aparıcıların əksəriyyəti doğma dilimizdə söz tapa bilməyəndə tez alınma sözlərə müraciət edirlər. Məsələn, yes, super, superyek, mersi və s.
Aparıcıların efir mədəniyyəti, diksiyaları, nitq qabiliyyəti bəzən qıcıq doğurur. Bir də görürsən efirdə Azərbaycan dilində danışan aparıcı xanım birdən – birə keçir müsahibi ilə rus dilində danışmağa, halbuki ən azı bu efir mədəniyyəti üçün yolverilməzdir. Məsələn, Orta məktəblərdə «bezpredeldir» (ATV,» Səhər», 13.04.09). Bu gün heç «nastrayeniyam» yoxdur («Space», «Bizim mətbəx», 28.03.11). Azərbaycan dili dövlət dilidir və efirdə hər kəs bu dilə hörmətlə yanaşmalıdır. Efirə çıxan hər bir aparıcı özündə məsuliyyət hiss etməlidir. Bu məsuliyyətlə yanaşı, həmçinin aparıcı efirə çıxmazdan əvvəl müəyyən mənada hazırlıq keçməlidir. Verilişin daimi aparıcısı tamaşaçı qarşısına hər dəfə çıxarkən öncədən müəyyən mənada məşq etməli, efirdə qoyulan mövzunu daha maraqlı təqdim etmək üçün o mövzu barədə bilgi əldə etməlidir ki, efir vasitəsilə yeri gəldi-gəlmədi lazımsız sözlərdən istifadə etməsin, müəyyən yaranan boşluğu dəxli olmayan fikirlə tamamlanmasın. Bəzən aparıcının qonağını tanımaması və ya qonağın yaradıcılığı barədə məlumatsız olması gecikmiş sual verməyə vadar edir, ya da qonağa aidiyyəti olmayan mövzu barədə danışılır. Bu da aparıcının hazırlıqsızlığına içarə edir. Lakin bəzən hazırlıqlı aparıcılar da olur. Məsələn, 24 yanvar 2011-ci il tarixdə ATV kanalında Günay Qələndərli qonağı şair Baba Vəziroğlu haqqında o qədər geniş məlumat toplamışdı ki, (Baba müəllimin İsmayıllının Buynuz kəndində ilin hansı fəsillərində, hansı çayın kənarında oturub şeir yazdığını və s. məsələlər barədə), hətta verilişdə ondan başqa oturanlar da təəccübləndilər.
Əvvəllər televiziya aparıcısı, yəni diktor qəbul etmək üçün peşəkarların iştirakı ilə müsabiqə keçirilirdi və müəyyən parametrlər nəzərə alınmaqla, televiziyaya qəbul olunmaq mümkün idi. Bu gün isə bu amillər önəmli sayılmır. Hal-hazırda aparıcıların vizual görünüşü önəmli faktorlardan sayılır. Kanallardan yalnız AzTV-nin aparıcılar müsabiqəsi ciddi şəkildə keçirilir. Fikrimizcə, telekanallarda müəyyən qurum yaranmalıdır ki, aparıcıların seçiminə birbaşa nəzarət edə bilsin.
Dövlət başçısı, cənab İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair «Dövlət proqramı haqqında» imzaladığı 23 may 2012-ci il sərəncamı da dilimizə qayğıdan və onun qorunması, inkişaf etdirilməsi zərurətindən irəli gəlmişdir. Sərəncamda Azərbaycan dilinin imkanları yüksək dəyərləndirilir.
Fikrimizcə, telekanallarda müəyyən qurum yaranmalıdır ki, məhz aparıcıların seçiminə birbaşa nəzarət edə bilsin. Çünki hər bir telekanal ilk növbədə onu nəzərə almalıdır ki, efirə çıxardığı hər bir aparıcı həmin telekanalın imici, simasıdır.
Dostları ilə paylaş: |