S.A. SADIQOVA
MƏTBUATIN ƏDƏBİ DİLİN İNKİŞAFINDA ROLU
Açar sözlər: termin, beynəlxalq söz, beynəlmiləl termin, ümumişlək söz, kommunikativ akt.
Ключевые слова: термин, интернациональное слово, интернациональный термин, общие слова, коммуникативный акт.
Key words: term, international word, international term, common word, communicative act.
Ədəbi dilin inkişafında, xüsusən də lüğət tərkibinin zənginləşməsində mətbuatın rolu olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, funksional üslublarla müqayisədə son dərəcə dinamik fəaliyyət göstərən publisistik dil öz inkşafı ilə ədəbi dilin ayrıca üslubuna çevrilir. Bu baxımdan kütləvi informasiya vasitələrindən olan mətbuat ədəbi dilin inkişafına, yazının cilalanmasına, yeni sözlərin yaranmasına çox böyük təsir göstərir. Cünki, qəzet gündəlik zəruri hadisələri əks etdirdiyindən burada sosial-siyasi həyatın bütün sahələri, ictimai-mədəni inkişaf, elmi-texniki tərəqqi ilə bağlı mühüm yeniliklər öz əksini tapır. Yeni dövrün hadisələrini əks etdirən dil vahidləri kütləvi informasiya vasitələrinin köməyi ilə daha tez ümumxalq xarakteri alır. Məsələn, müstəqilliyimizin ilk illərində müsavat, azadlıq, iqtidar, müxalifət, demokratiya tipli sözlər mətbuat vasitəsilə ümumişlək sözlərə çevrildi. Deməli, mətbuat ədəbi dilin formalaşması və inkişafı uğrunda mübarizənin önündə gedir. Xalq dili xəzinəsinin zənginliyi milli-mədəni inkişaf mətbuatda daha aydın öz əksini tapır. Eləcə də keçmiş ictimai quruluşla bağlı bir sıra dil vahidləri işləklikdən qalması, (sovet, kommunist, pioner, manqa və s.) yeni ictimai quruluşla bağlı dil vahidlərinin yaranması birinci növbədə qəzetlərdə öz əksini tapır. Ümumiyyətlə, kütləvi təbliğat vasitələrindən olan mətbuat ədəbi dilin üslublarının differensiallaşmasında, qrammatik normalaşmada, lüğət tərkibinin zənginləşməsində, alınmaların mənimsənilməsi prosesində mühüm rol oynayır.
Qəzetlərin sayının getdikcə artması mətbuat dilinin inkişafına böyük təkan vermiş oldu. İctimai həyatda baş verən dəyişikliklər, hadisələr jurnalistlərdən həm çeviklik, həm də milliliyə söykənməyi tələb edir. Əlifbanın dəyişməsini, rus, Avropa, türk mənşəli sözlərin paralel işlənməsini nəzərə alsaq, bu illərin mətbuatının dili ən ziddiyyətli dövr kimi qiymətləndirilməlidir. Bununla razılaşmamaq olmur. Belə ki, mətbuat dilində alınmaların çoxluğu, dialekt sözlərinin paralelliyi, imla texnikasındakı qüsurlar, üslublarda fərqli formalar özünü göstərir. 1988-ci ildən azadlıq uğrunda başlanmış mübarizə Azərbaycanda mətbuatın da xarakterini dəyişməyə başladı. Uzun illər sovet cəmiyyəti və onun ideologiyasına xidmət göstərən mediada artıq müstəqillik, demokratik prinsipləri əks etdirən yazılar dərc olunmağa başlandı. Bu illər ərzində Azərbaycanda «Ədalət», «Olaylar», «İki sahil», «Şərq», «Səs», «Palitra», «Kredo», «Yeni zaman», «Üç nöqtə» ümumiyyətlə, 700-ə yaxın qəzet, «Xatun», «Xəzər», «Kaspi», «İşıq», «Xəzər», «El», «Kəlam» kimi jurnallar «Turan», «Frend», «APA» kimi informasiya agentlikləri, «ANS», «Xəzər», «Lider», «Spece», «ATV», «AzTV» kimi müstəqil televiziyalar fəaliyyətə başladı. Təbii ki, kütləvi informasiya vasitələrinin çoxluğu dilə təsir göstərməyə bilməzdi. Bu təsirlər birinci növbədə dilin lüğət tərkibində, xüsusilə onun terminologiyasında öz əksini tapır. Bununla yanaşı mətbuatda baş verən hər hansı dəyişikliklər və inkişaf təbii ki, dil normalarına da təsir edir. Əslində inkişafın özü ədəbi dilin qayda-qanunlarından yan keçmir. Milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı: «Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyildi. Elə ki, qaranlıq otağın qapısı açıldı qeyri tayfalar elə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişdi, təzə sözlərin qədəri günü-gündən artacaqdır belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar» (1,148).
Bununla belə mətbuat dilində baş verən müstəqillik meyli ənənəvi qaydaları arxa plana keçirdi. Yeni nəşrə başlamış qəzetlər materialların təqdimatı zamanı mümkün qədər sadələşdirilmiş yeni dil-üslub elementləri tətbiq etməyə başladı. Bu isə yazılan materialların daha çox gündəlik həyat, məişət ilə bağlı olması idi. Bu zaman daha çox mətbuat dilini xeyli dərəcədə inkişaf etdirərək xalq dilinə yaxınlaşdıran, yeniləşmiş qəzet üslubunu formalaşdıran bu proses özlüyündə irəliyə doğru bir inkişafdır. Lakin bununla yanaşı forma və janr xüsusiyyətlərinə gəldikdə, bu gün əksər mətbuat orqanlarında, bir sıra janrlardan imtina edilməsi dilin inkişafına da təsir edir (feleyton, oçerk, elmi məqalələr). Eyni zamanda, mətbuat dilində özünü göstərən bir sıra proseslər mövcuddur: 1) Müasir mətbuatın dilində dialektlərdən istifadə; Ədəbi dilin lüğət tərkibinin ana dili hesabına zənginləşməsində dialekt və şivələrin mühüm cəhətlərindən biri xalq danışıq dilinə maksimum yaxınlaşmaqdır. XX əsrin əvvəllərində də mətbuatda özünü büruzə verən bu yaxınlaşma hər şeydən əvvəl müəyyən dialekt və şivələrdə işlənən sözlərin dilə axını və tədricən kütləviləşməsi ilə müşahidə olunur. Dialekt və şivələrdən müəyyən sözlərin publisistik üslub vasitəsilə ədəbi dilə keçməsi özlüyündə müsbət hadisədir. Lakin bütün bu hallarda olduğu kimi, bu məqamlarda da ifrata varmaq düzgün deyil. Daha çox qarşılığı olmayan dialekt sözlərdən istifadə etmək lazımdır ki, bu da dilimizin bütün sferaları üzrə artan termin yaradıcılığında xalq dilinə əsaslanmağa şərait yaradır. Bu barədə M.Adilov yazır ki, qəzet dilində danışıq dili ünsürlərinin rolu bir başqadır, dialektizmlərin rolu bir başqa. Ümumi ədəbi dilimizdə olmayan geniş oxucu kütləsinə qaranlıq qalan dialekt sözlərinə və ya ədəbi dil sözlərinin dialekt (məhəlli) variantlarına qəzetdə yer vermək, zənnimizcə, ümumiyyətlə, lazım deyil…. Əlbəttə, qəzet dilində dialektlərin hamısına bir ölçü ilə yanaşmaq və qəzetdə hər hansı dialektizmin şölələnməsi əleyhinə çıxış etmək düzgün deyil.
Bəzən isə dilçi alimlərimiz alınmaların funksiyasını azaltmaq üçün dialektlərdən istifadəni yeganə çıxış yolu hesab edirlər.
Bildiyimiz kimi müəllif sözlərdən istifadə edərkən sərbəstdir. Lakin müəl-liflərin dilin qayda-qanunlarını, ədəbi dil normalarını unudaraq dialektlərdən mənası olmayan kor-koranə istifadə etməsi qüsur kimi qiymətləndirilməlidir.
Məsələn: Dərhal bir siyasi gənəşik məclisi düzəldir. (Azadlıq, dekabr 1997). Yaltaqlıq sözü ucuzlaşdırır, onu urvatsız edir. (Yeni müsavat, 15 oktyabr 1996) Verilən misallarda işlədilən «urvat», «gənəşik» sözlərinin yalnız müəyyən dialektlərdə işlədilir, ona görə də onun mənası geniş oxucu kütləsinə məlum deyil. Belə sözlərin mənasının elə cümlə daxilində aydınlaşdırılması. Dialekt sözlərinin çox vaxt işləklik qazanıb ədəbi dildə işlək edir.
Xüsusilə, termin yaradıcılığında dialektlərdən istifadə olunur və son dövrlərdə mətbuatda işlənən bir çox dialekt sözləri, müxtəlif sahələrdə termin kimi işlənir. Məsələn, «yelcəkər», «çiyə», «tutma», «nəfəslik», «yel», «selbasar» kimi dialekt sözlərinin müvafiq sahələrin terminologiyasında istifadə edilməsi məqsədəuyğundur. M.Cəfər bu barədə yazır: Dünyanın bütün söz ustaları məhz ləhcə və dialektlərdən münasib sözlər alıb işlətməklə ədəbi-bədii dilin zənginləşməsinə kömək etmişlər. Belə bir axtarış seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı, alimi üçün xüsusilə vacibdir. Ona görə ki, məlum olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz, əcnəbi söz, ifadə tərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş üstü örtülmüş xəzinə halına salmışdır. Bu nöqteyi-nəzərdən Azərbaycan yazıçısının, aliminin lazım olduğu yerdə ləhcə, şivə, dialektlərə müraciət etməsi vacibdir” (2,36).
Bu gün bu fikirlər dövrlə səsləşir. T.Hacıyev yazır: “Bir yazıçı, bir şair bütün ömrü boyu üç-beş münasib söz hazırlaya bilsə, xalq dilinin boynuna böyük minnət qoymuş olar – bu, əvəzsiz xidmətdir, dəyəri heç nə ilə ölçülməyən böyük işdi” (3,14).
Dialekt sözlərinin də mətbuatda işlənməsini müəyyən mənada təbii hesab etmək olar. Bu sözlər işləndiyi mənada geniş şəkildə işlənsə də heç şübhəsiz ki, ədəbi dildə işlənə bilər. Lakin lazım olmayan dialekt sözlərini (mənası dərk edilməyən) mətbuata işlənməsi ədəbi dil normalarına təsir edir. Ona görə də dialektdən götürülmüş söz daha geniş ərazidə işlənən, anlaşılan söz olarsa, onun ədəbi dilə daxil olması da aşağı olur. 2. Mətbuatda alınmalar daha çox işlənir. Alınma sözlərin mətbuatda işlənməsi haqqında müxtəlif fikirlər diqqəti cəlb edir. Bu fikirlərdə iki meyl- alınma sözlərin işlənməsinin vacibliyi və belə söz-terminlərdən imtina daha qabarıq şəkildə özünü göstərir. Onu da nəzərə almaq lazımdır ki, hazırkı elmi-texniki tərəqqi dövründə alınmalardan qaçmaq qeyri-mümkündür. Çünki ötən əsrin axırlarından ölkəmizdə baş verən ictimai-siyasi və mədəni proseslər mətbuat dilində alınma sözlərin mövqeyini daha da genişləndirmişdir. Aydınlıq qəzetində yazıldığı kimi «Nə deyirlər desinlər, varam aşkarlığa». Bu ömrü uzun olmuş, el-obaya qədəm qoyandan qulaqlarımızın pası açılıb – kim nə istəyir, danışır, kim nəyi neçə istəyir yazır. Hələ löyün-löyün sözlər də düşüb ağızlara: konsolidasiya, alternftiv, konsensus nə bilim partokratiya, demblok, komblok… Çoxunu da adam qannamır ki, nə deməkdir» (15.04.1991).
Göründüyü kimi ictimai-siyasi hadisələrlə əlaqədar mətbuatda işlənən terminlərin daha çox hissəsini alınma terminlər təşkil edir. 90-cı illərdən başlayaraq mətbuatda işlənən alınmaları iki mənbəyə ayırmaq olar. 1) türk dilindən; 2) ingilis və Avropanın başqa dillərindən. Birinci mənbəyə meyl sürətlə başlamışdır. Bu dövrdə özək, nəşnə, ulus, yaşaq, suclu, orman, məmləkət, cümhuriyyət, qayğı, bilgisayar, dönəm, ün, toplum, durum, önəmli, toplu türk sözlərinin bir çoxu geniş şəkildə işlənməyə başlandı. Bu proseslə bağlı alınan bir çox sözlər işləklik qazanmağa başladı.
Onu da qeyd edək ki, türk dilindən alınan sözlərin dilimizdə variantlılığı mövcuddur. Məsələn, gərəkli (lazımlı), öndər (lider), öncül (başcı, öndə gedən), önəmli (əhəmiyyətli), özəl (xüsusi), öncə (əvvəlcə), yetərsay (kvorum), elçi (səfir), elçilik (səvrlik), dəstək (müdafiə), acıqlama (izah etmə, şərh etmə), anlaşma (müqavilə), amac (məqsəd), anayasa (konstitutsiya), basqı (təzyiq), baxım (nöqeyi-nəzər), yasa (qanun), yasaq (veto, qadağa), sonuc (nəticə), «sorun» (problem). Kütləvi informasiya vasitələrində işlənən bu dil vasitələrinin 90%-i demək olar ki, kütləvilik qazanmış və Azərbaycan dilinin lüğət tərkibinə daxil olmuşdur. Ona görə ki, işləklik qazanan bu terminlərin böyük əksəriyyəti ekvivalent variantından daha anlaşıqlıdır. Hər hansı ictimai-siyasi hadisələrin təbliğində belə ifadələrin rolu əvəzsizdir. Bu prosesdə diqqəti cəlb edən odur ki, mətbuat dilində ərəb və fars, o cümlədən rus və Avropa mənşəli terminlərlə türk mənşəli terminlər paralel şəkildə uzun müddət işləndikdən sonra işləklik qazanır. Yəni, türk dilindən alınan terminlər dilimizdə vaxtilə işlənmiş terminlərlə uzun müddət dublet (ikili) şəkildə işlənsə də işləklik qazanır, digər terminlər dilin passiv fonduna daxil olur.
İ.Mirtalıblı yazır: «Cəmiyyətdə gedən dəyişikliklər, sosial-iqtisadi vəziyyət, siyasi proseslər cəmiyyət üzvlərini ətrafda gedən prosesləri qavramağa məcbur edir. İctimai-siyasi terminlərlə kütləvi əlaqə də bu səbəbdən baş verir. Digər sahə terminlərindən fərqli olaraq ictimai-siyasi terminlər daha çox kütləviliyə meyllidir. Burada obyektiv və subyektiv amillər sosiolinqvistik amillərlə birgə çıxış edir (4,75)».
Məhz buna görə də mili mənşəli ictimai-siyasi terminlərin yaranmasında cəmiyyətdə gedən prosesləri təhlil edən, kütləyə çatdıran informasiya vasitələrinin qəzet, jurnal, televiziya və radionun rolu böyükdür. Bununla yanaşı belə terminlərin kütləvilik qazanmasında obyektiv və subyektiv amillər də ona təsir edir. Çünki yeni anlayışların ifadəsində xüsusilə neologizmlərin meydana gəlməsi fərdi yaradıcılıqla bağlıdır. Bu zaman yeni yaranan terminlərin cəmiyyətə, kütlələrə çıxış yolu informasiya vasitələridir. Burada yeni terminlərə münasibət həmin dil vahidlərinin işləklik qazanması üçün başlıca amildir.
Ədəbiyyat
-
Zərdabi H. Seçilmiş əsərləri. B., 1966, s.148.
-
Cəfərli M. Həmişə bizimlə. B., Yazıçı, 1980.
-
Hacıyev T. Şerimiz, nəşrimiz, ədəbi dilimiz. B., Yazıçı, 1990.
-
İlhamə Mirtalıblı. Azərbaycan dilinin ictimai-siyasi terminologiyası. B., 2003.
Z.Ə. SƏFƏROVA
AŞIQ YARADICILIĞINDA OYKONİMLƏR,
ASTİONİMLƏR, KOSMONİMLƏR
Açar sözlər: Aşıq poeziyası, onomastik vahidlər, toponim, oykonim, astionim, kosmonim
Ключевые слова: Поэзия ашуков, ономастические единицы, топоним, ойконим, астионим, космоним
Key words: Poetry of tuning peg, onomastik unique, toponim, oykonim, astionim, kosmonim
Aşıqlar öz şeirlərində müəyyən və müxtəlif hadisələrin təsviri, tərənnümü zamanı kənd, şəhər, ölkə adlarını bildirən toponimlərdən də məqsədəuyğun şəkildə istifadə etməli olmuşlar. Oykonimlər təbiətin, gözəllik məskənlərinin təsviri prosesində aşıq şerinin leksikasının zəruri tərkib hissələrinə çevrilmişdir. Xüsusi adlardan Azərbaycan ərazisinin və dünyanın müəyyən bölgələrinin aşığın mövzusuna müvafiq istiqamətdə təsviri məqamında istifadə edilmişdir. Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Musanın və başqa aşıqlarımızın yaradıcılığında kənd adlarına çox rast gəlirik:
Alının gəzdiyi üç Gözəldərə,
Şəqaylı, çiçəkli xoş Gözəldərə,
Şahdağdan görünür Bağözəldərə,
Üç dağ bizim o dağlara bənzərsən.
Və yaxud:
Bir gözəl görmüşəm Çayqılınclıda,
Toy-büsatı, hər novrağı şirindi.
Aşıq Musa deyir:
Bir yanda yaylardı Keçili, Dəllər,
Bir yanda yurd salır o ağır ellər.
Çayqılınclı, Keçili, Dəllər kənd adları uzaq tarixi keçmişi olan kənd adlarıdır və bu yerlərin sakinlərinin qədimdən bəri türk tayfalarından ibarət olduğunu bir daha təsdiq edir. Dəllər – İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı olmuşdur. 1918-ci ildə əhalisi ermənilər tərəfindən qovulmuş və kənd dağılmışdır. Qədim türk tayfasının adını əks etdirir.
Keçili - İrəvan xanlığının Sərdarabad mahalında və Rəvan əyalətində Ağcaqala nahiyəsində kənd adları olmuşdur. 1828-1832-ci illərdə azərbaycanlılardan ibarət əhalisi qovulmuş və kənd dağılmışdır. Keçili tayfası kəngərlərin bir qolu hesab olunur.
Tərənnüm edilən yerin, mahalın, kəndin öz sərvəti ilə məşhur olduğunu göstərməklə yanaşı, aşıq bir sıra toponimlərdən sənətkarlıqla cinas yaratma vasitəsi kimi istifadə etmişdir:
Çən gəlsə dağlara yellər əsdirər,
Qış da çətin gəlsə, dağ əyər-əyər.
Aşıq deyər Əyərdən,
Nə gətirdin Əyərdən?
Laçın getdi şikara,
Gətirirsə əyər dən.
Qurbanidən başlayaraq, X1X əsrdə, XX əsrin əvvəllərində el sənətkarları daim Bərdə, Gəncə, Şəki, Şirvan və s. kimi qədim şəhər adlarını zikr etmiş, xatırlatmış, əhalisi, təbiəti və təbii sərvətləri barədə söz açmışlar.
Aşıqlar bəzən gözəlin tayı-bərabəri olmadığını demək, onu yüksəltmək üçün təşbeh əvəzinə, toponimlərdən istifadə edərək böyük şəhərləri, ölkələri sevgilinin bir telinə qurban demişlər.
Misallar göstərir ki, toponim təsvir obyektinin relyefi, şəraiti, quruluşu, təbii sərvətləri və s. haqqında məlumat verir. Tərənnüm olunan şəxsin hansı yerə, hansı torpağa mənsub olduğunu bildirmək üçün işlədilir. Obrazı xarakterizə və tərənnüm etmək, yüksəltmək məqsədilə onu öz nemətləri, gözəllikləri və s. ilə məşhur olan yerlərlə müqayisə edirlər.
Azərbaycan torpaqları səkkiz yerə bölünmüş olsa da, el sənətkarları müxtəlif ölkələrin sərhədləri içərisinə salınmış ərazilərini, şəhərlərini daim özününkü bilmiş, öz qədim yurdu kimi tərənnüm etmişlər:
Bütün Azərbaycan odlar ölkəsi,
Səsinlə ucalır ellərin səsi,
Sarabın, Ürmünün igid nərəsi,
Kürdüstan tək var qardaşın, Qaradağ.
Bir yanı Naxçıvan, bir yan Dərələyəz,
Xof eylər səcdənə kimsənə gəlməz,
Alı qoynundasa, qəddi əyilməz,
Narəs qalar, olmaz qoca, Dəlidağ.
Qarışdırma Şəmsəddini, Göyçəni,
Kəndindən kəndinə yaz, şair Nağı!
Hərca dilin salar bəlaya səni,
Çox da bilsən, danış az, şair Nağı.
Azərbaycan, Sərab, Urmiya, Qaradağ, Naxçıvan, Dərələyəz, Şəmsəddin, Göyçə bir-birindən uzaq, lakin tarix boyu bir-birinə doğma olmuş ölkə, vilayət, şəhər adlarını bildirən sözlərdir.
Aşığın lirik qəhrəmanı bəzən daha uzaq ərazilərə nəzər salır, bütün Şərqi, Ön və Kiçik Asiyanı dilə gətirir, qəhrəmanını mübaliğəli şəkildə tərənnüm edərkən toponimlərdən ustalıqla istifadə edirlər:
Misir, İstanbul, Şam tamam yerisə,
Tək qabağa duran qoç Koroğluyam.
Aşıqlar tərənnüm etdikləri qızın, gəlinin həddindən artıq gözəl olduğunu vermək üçün onu ayrı-ayrı ölkələrdə, şəhərlərdə olan gözəllərlə müqayisə edir və bu zaman həmin toponimlərdən söz açırlar.
Həsrətini çəkir Hələb, Bağdad, Çin,
Camalı bir günəş, özü göyərçin,
Ağ üzündə siyah zülfü çinbəçin
Tərlan, avın alısından bəllidir.
«Həsrətini çəkir Hələb, Bağdad, Çin» sözləri güclü metaforadır. Adları qeyd olunan ölkələrin əhalisi, gözəllik vurğunu olan insanları nəzərdə tutulur, Hələb, Bağdad, Çin həsrətini çəkir – deyilir.
Aşığın yaşadığı dövrdə beynəlxalq hadisələrə münasibət ayrı-ayrı ölkələrdə, dövlətlərdə baş verən tarixi hadisələr aşığın gəzmədiyi, görmədiyi ölkələrin, şəhərlərin də qələmə alınmasına imkan yaratmışdır. Məsələn:
Necə oldu Serbiya, Çornuqoriya?!
Əl-ayaq altında itdi İtaliya.
German bomba atdı, qan oldu dərya,
Qırıldı, dünyada insan qalmadı.
Tədqiq edilən dövrün sənətkarları bir sıra mifoloji hadisələrlə bağlı toponimləri də qələmə almışlar. Mifoloji toponimin necə və kim tərəfindən yaranması, mahiyyəti barədə aşığın fikirləri də maraqlıdır. Aşıqlar bu barədə öz müəllimlərindən ətraflı dərs almış olduqlarından bu bilikdən öz rəqiblərini qıfılbəndlər vasitəsilə və ya insanları düşündürmək vasitəsi kimi istifadə etmişlər.
Aşıq dini-mifoloji mahiyyət daşıyan yerləri özünün qibləgahı, pərəstişgahı kimi tərənnüm edir. Ona görə də belə yerlərin adlarını daşıyan toponimlər aşıqların nəzərində müqəddəs məkan kimi qiymətləndirilir:
Bu təzə kalamdı, olsun yəqini,
Kəbə-qibləm, dinim Məhəmməd dini,
Atam Alməmməddi, Göyçə sakini,
Adım Ələsgərdi, yaxşı bil, tanı.
Qəhrəmanın qorxmaz, yenilməz, hər şeyə qadir olduğunu göstərmək üçün şair dini rəvayətlərdə daha çox zikr olunan toponimlərdən istifadə etmişdir. Məsələn:
Dərs alıb o Əliüyyü-əladan,
Xof eləmir Xeybər kimi qaladan,
Gəzən zəlzələdən, yaman bəladan,
Hifz eyləsin Kərəm kanı, Dəli Alı!
Müqəddəs yer adları, təbii ki, aşıq üçün cinas vasitəsi kimi də yararlı olmuşdur:
Aşıq gəzər Salsalı,
Yar qəddini sal salı,
Canan canı nəzərdən,
Əyər yaxşı salsalı.
Aşıqlar müqəddəs tarixi-dini toponimləri, xüsusən həzrət Əlinin adı ilə birgə zikr olunan Xeybər qala adını dərdlərin dərmanı, çətin işlərin açarı kimi qiymətləndirirlər. Çünki onların nəzərində Şahi-Mərdan həzrət Əli orada bütün dərdlərin qarşısında bir sipər kimi dayanmışdır:
Alıya can birdi, dərd ara verməz,
Malı beytül açar, dərd ara verməz.
Yoxsa Şahi-Mərdan, dərd ara verməz,
Saysız o Xeybərə yad əli dəysə.
Bu son bənddə toponimlər müəyyən coğrafi sərhədin – dağla aranın son nöqtəsi kimi verilir.
Heç şübhəsiz, aşıq poeziyasında işlənmiş xüsusi adların bir qismi tədricən arxaikləşmiş, sıradan çıxmışdır. Kəndlərin dağılması, adların dəyişdirilməsi ilə bağlı unudulmuş yer adları da vardır. Bunların hamısı toplu şəkildə toponimlərin öyrənilməsi işini zəruriləşdirir. Həm də arxaikləşən, işləklikdən düşən sözlər aşıq poeziyasında vaxtilə xalq arasında deyildiyi kimi, qorunub saxlanmışdır. Hətta bəzən öz adını yaşadan toponimin başqa bir qədim variantına da təsadüf edilir. Məsələn:
Durur nişanəsi Ağrı dağında,
Nuhun qiyaməti qaldı ki, qaldı.
Nümunə göstərilmiş dil faktlarından aydın olur ki, aşıq poeziyasında digər onomastik vahidlərlə yanaşı. toponimlərdən də geniş istifadə edilmişdir. Gözəldərə, Başgözəldərə, Çayqılıclı, Keçili, Dəllər, Kəlbəcər, Bərdə, Gəncə, Şəki, Şirvan, Dərbənd, Bayazid, Türkman, Şirazlı, Qaramanlı, Dərələyəz, Tufarqanlı, Alxatın, Bağdad, Ərəş, Savalan, Gürcüstan, Azərbaycan, Sarab, Urmu, Qaradağ, Naxçıvan, Dəlidağ, Şəmşəddin, Göyçə, Tovuz, Gülüstani-Rəm, Misir, İstanbul, Şam, Osmanlı, Hindistan, Firəngistan, İran, Turan, Hələb, Alosman, Çin, Kəbə, Xeybər, Salsal, Sarıyer və s. yer adları nə qədər rəngarəng ölkə, vilayət, şəhər, kənd adlarını birləşdirir. Bunlar bizim el sənətkarlarının gəzdikləri, gördükləri, eşitdikləri, öyrəndikləri, arzuladıqları yer adlarıdır. Azərbaycan ərazisi ilə bağlı toponimlərin hər biri, əksəriyyət etibarilə, bir tayfa adını özündə yaşatmaqdadır və tarixi izləri qoruyub saxlayır. Bunlar həm də bədiilik faktı kimi müxtəlif üslubi məqamlarda müəyyən məqsədlərlə işlədilmişdir.
Ağrı, Qaf, Bisütun, Mozə kimi dağ adlarının, Pitlis kimi yer adının aşıq poeziyasında qorunub saxlanması daha qədim izlərdən xəbər verir. Göründüyü kimi, aşıq poeziyasında toponimlər müxtəlif və rəngarəng olmaqla yanaşı, həm də intensiv şəkildə tez-tez işlənmişdir.
Beləliklə, Azərbaycan aşıq poeziyasının qədimliyini, zənginliyini təsdiqləyən dil vasitələri içərisində onomastik vahidlər xüsusi yer tutur. Onomastik vahidlər dedikdə bir-birindən fərqli müxtəlif leksik laylar nəzərdə tutulur. Toponimlər aşıq poeziyasında çox işlənən həmin leksik laylardan biridir. Bu leksik lay keçmişi öyrənmək, qorumaq üçün çox şey deyir.
Azərbaycan aşıq poeziyasının materialları üzrə axtarışlar, elmi müşahidələr göstərir ki, aşıqlar, el şairləri dövrün bütün əsas məsələlərinə öz münasibətlərini bildirmişlər. Onlar gəzmiş, görmüş, nəğmələr, mahnılar qoşmuşlar. Aşıqlar adətən gəzəri həyat keçirmiş, vətənin bütün hüdudlarını qarış-qarış gəzmiş, doğma yurdumuzun gözəl şəhərləri ilə, kəndləri, uca dağları, buz bulaqları, sərin yaylaqları, böyük tarixi qalaları, əzəmətli, coşğun çayları, sənətkarlıqla tikilmiş körpüləri ilə fəxr etmişlər. Həmin səbəbdən də Azərbaycanda və onun hüdudlarından kənarda bir çox toponimlər el nəğməkarlarının ilham mənbəyinə çevrilmişdir. Araşdırmada toponimlərin müqayisə, mübaliğə və təşbehlər üçün zəngin materiallara da toxunulmuşdur. Ayrı-ayrı aşıqların seçmə bəndlərindən verdiyimiz nümunələrə əsaslanıb deyə bilərik ki, aşıq poeziyası onomastik leksikanın zəngin yatağıdır. Ustad aşıqlarımız el həyatının ensiklopedik təsvirini verərkən onun zəngin təbiətinə, qədim yaşayış məntəqələrinə, dəniz, göl və çaylarına, tarlalarına, düzlərinə və yaylaqlarına biganə qala bilməzdilər. Bu səbəbdən də biz aşıq poeziyasında Azərbaycanın varlığı ilə bağlı xüsusi adların zəngin, çoxcəhətli qalereyası ilə üzləşirik. Yerlərimizin bir hissəsi düşmən tapdağı altında qalsa da, onların adları aşıq poeziyasında qorunub saxlanılır. Həmin adlar bizi yurdumuzun toxunulmazlığı uğrunda mübarizəyə səsləyərək vətənpərvərlik hisslərimizi coşdurur, doğma torpağa məhəbbətimizi artırır.
Klassik söz ustası Aşıq Alının “Təbriz gözəli” gəraylısında Təbriz oykoniminin adı çəkilir. Aşıq Alı bir çox ölkələri gəzməyi arzulayır:
İstərsən gəzərəm İran, Turanı,
Qürbət diyarlara yollanım Bəsti.
Bu şeirdə bizə ən çox maraqlı olan Turan oykonimidir. Turan oykoniminin, daha doğrusu, bu onomastik vahidin etnooykonim olması türkologiyada artıq qəbul olunmuşdur. Bu söz qədim türk lüğətində Alturan, Turanlıq - Turanın sakinləri kimi qeyd olunmuşdur.
S.V. ŞƏRİFOVA
MONOLOJİ VƏ DİALOJİ NİTQDƏ MÜRƏKKƏB CÜMLƏLƏR
Açar sözlər: M.F.Axundzadə, nitq, mətni mürəkkəb cümlə
Ключевые слова: М.Ф.Ахундзаде, речь, контекстное сложное предложение
Key words: M.F.Axundzadeh, speech, the text of the compound sentence
Tabeli mürəkkəb cümlələrin komponentləri arasındakı asılılıq, tabesiz mürəkkəb cümlələrin komponentləri arasındakı məna əlaqəsi vahid sintaktik strukturun formalaşmasında əsas rol oynayır.
Bütöv bir kompleksə çevrilən mürəkkəb cümlələr yeri gələndə tam bir mətni təşkil edə bilir. M.F.Axundzadənin dram əsərlərinin dilində müşahidə olunan bəzi mətnlər bu baxımdan maraq doğurur. Personajın özünəməxsus danışıq tərzi ilə onun fərdi keyfiyyətlərini göstərməyə, xarakterini açmağa çalışan M.F.Axundzadə real şifahi nitqi – monoloji və dialoji nitqi yazıya gətirmişdir.
“Hekayəti - xırsi - quldurbasan” əsərindən bir parçaya nəzər salaq:
Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!
Divanbəyi. Necə təqsirlisən? Nə danışırsan?
Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.
Divanbəyi. Niyə?
Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın.
Divanbəyi. Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib).
Bayram. Bəli, budur, başına dönüm!
Tarverdi. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir dinc adamam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər quldurluğa getdim.
Divanbəyi. Axmaq, sənə axmaq deyəndə nə olacaq idi ki, özünü xataya saldın?
Tarverdi. A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mənim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq eləməsən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, quldurluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim.
Semantik-sintaktik əlaqə baxımından Bayram→Divanbəyi dialoqunda tabeli mürəkkəb cümlənin komponentlərinin parçalandığını görmək mümkündür. Divanbəyinin dili ilə verilmiş sual cümlələri çıxarılarsa, Bayramın ifadə etdiyi cümlə belə alınar: “Ağa, təqsirli mənəm, Tarverdini mən öyrədib quldurluğa göndərdim, ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın”. Bu, qarışıq tipli mürəkkəb cümlədir. “Ağa, təqsirli mənəm” hissəsi baş cümlədir. Qalan hissə isə baş cümləyə intonasiya ilə bağlanan səbəb budaq cümləsidir. Budaq cümlənin tərkibində üç komponent birləşmişdir. 1-ci komponent – “Tarverdini mən öyrədib quldurluğa göndərdim” baş cümlədir. 2-ci (“istirdi”) və 3-cü (“mənim sevgilimi əlimdən alsın”) komponentlər isə birlikdə yenə səbəb budaq cümləsi yaradır (mənim sevgilimi əlimdən almaq istədiyi üçün). Bu səbəb budaq cümləsinin tərkibində isə inversiyaya uğramış tamamlıq budaq cümləsi (mənim sevgilimi istirdi əlimdən alsın − istəyirdi ki, mənim sevgilimi əlimdən alsın) işlənmişdir.
Deməli, bu dialoqda əsas fikir Bayrama məxsusdur. Divanbəyi isə yardımçı rolu oynayır.
Divanbəyi→Tarverdi dialoqunda isə fərqli bir mətnlə qarşılaşırıq. Divanbəyinin dilində işlənmiş “Axmaq, sənə qorxaq deyəndə nə olacaqdı ki, özünü xataya saldın?” cümləsində əvvəl nə sual əvəzliyi və köməkçi fellə işlənmiş baş, sonra isə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış nəticə budaq cümləsi işlənmişdir. Dialoqun qarşı tərəfini təşkil edən nitqdə isə (Tarverdinin nitqində) “A başına dönüm, onda mənə qız gəlmirdi” cümləsi işlənmişdir. Bu cümlənin yarımçıqlığı, bir komponentinin çatmadığı aşıq-aşkar hiss olunur: hansı halda? nə zaman? sualı ortaya çıxır. Bunun cavabı isə Divanbəyinin “sənə qorxaq deyəndə” ifadəsindədir.
Bayram→Divanbəyi dialoqunda əlaqələndirmə möhkəm olduğu halda, Divanbəyi→Tarverdi dialoqunda əlaqələndirmə zəifdir. Bunu müəllifin obrazyaratma üslubu ilə bağlamaq olar.
Mürəkkəb cümlə komponentlərinin müasir ədəbi dil baxımından yerdəyişməsi kimi anlaşılma halları da müşahidə olunur:
“Divanbəyi. Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdlikdə təqsirini iqraq elədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş eləmə!”
Bu dördkomponentli cümlənin tərəfləri arasında (1-ci və 3-cü, 3-cü və 4-cü komponentləri arasında) qarşılaşdırma əlaqəsi var: Sən çox pis iş eləyibsən, amma mən sənin günahından keçirəm. Mən sənin günahından keçirəm, amma bundan sonra belə iş eləmə. 2-ci komponentin iki bağlayıcı ilə − həm tabesizlik (amma), həm də tabelilik (çünki) bağlayıcısı ilə başlaması da maraqlıdır. Burada Divanbəyinin özünəməxsus ifadə tərzi ilə “amma” deməsi; bir qədər fasilədən sonra müasir ədəbi dildəki indi ki bağlayıcısının müqabiində işlənən çünki sözünü işlətməsi nəzərdə tutulan fikri oxucu üçün daha aydın edir: “Çünki (indi ki) mərdliklə təqsirini iqrar elədin, mən sənin günahından keçirəm” deməklə Divanbəyi sanki Bayramın qarşısında şərt qoyur. Belə olduqda birinci tərəf şərt budaq cümləsi, ikinci isə baş cümlə kimi anlaşılır. Halbuki budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır. Əgər bu cümlə müasir ədəbi dildəki səbəb bağlayıcısı çünki kimi anlaşılsa və səbəb budaq cümləsi hesab olunsa, gərək cümlə bu şəkildə işlənə: Mən sənin günahından keçirəm, çünki mərdliklə təqsirini iqrar elədin. Halbuki bu cümlənin tərəfləri arasında inversiya yoxdur.
Əslində şərt anlayışı yaransa da, cümlədə səbəb və nəticənin olması daha qabarıqdır. Birinci komponentdə səbəb (çünki mərdliklə təqsirini iqrar elədin), ikinci komponentdə isə nəticə (mən sənin günahından keçirəm) olduğu daha aydın görünür. Bunun nəticə budaq cümləsi hesab etmək olmaz, çünki asılı tərəfdə (birinci komponentdə) səbəb var. Müasir ədəbi dildə indi ki şərt bağlayıcısı kimi qəbul edilsə də, hər halda əgər, hərgah bağlayıcıları ilə tam sinonimlik yaratmır. Ona görə də yeri gələndə məna baxımından səbəb anlamı da verə bilir.
Azərbaycan dilinin şifahi xalq ədəbiyyatı nümunələrində də indi ki//çünki paraleli müşahidə olunur. “Koroğlu” dastanının müxtəlif variantlarında indi ki//çünki paraleli bu şəkildədir:
-
İndi oldıy dəgirmançi,
Hey çağır sən dən, Koroğlu (“Koroğlu”, Bakı, “Folklor İnstitutu”, 2009, səh. 47)
-
Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu (“Koroğlu”, Bakı, “Gənclik”, 1982, səh. 125)
M.F.Axundzadənin əsərindən verilən nümunədə olduğu kimi, burada da indi ki//çünki bağlayıcıları sinonim variant kimi çıxış edərək birinci cümlədə səbəb, ikinci cümlədə isə nəticə anlayışını yaratmışdır. Asılı tərəf səbəb anlamında olduğu üçün bu cümlələr səbəb budaq cümləsi hesab olunur.
Bu müqayisəyə nəzər saldıqda M.F.Axundzadənin əsərindəki cümlənin “çünki təqsirini iqrar elədin” komponentinin səbəb budaq cümləsi, “mən sənin günahından keçirəm” komponentinin isə baş cümlə olduğu anlaşılır.
“Tarverdi. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər, qulluğa getdim” – cümləsində 1-ci və 2-ci komponentlər tərəfləri bir-birinə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir, baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir (mənə dedilər ki, qorxaqsan). 3-cü, 4-cü komponentlər isə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir: “mən də qorxumdan ki mənə ürəksiz deməsinlər” komponenti səbəb budaq cümləsi, “qulluğa getdim” komponenti isə baş cümlədir. Tərəflər bir-birinə intonasiya ilə bağlanmışdır. Burada işlənən ki ədatı bağlayıcı vasitə olmasa da, cümlənin oxunuşunda və anlaşılmasında xüsusi rol oynayır.
M.F.Axundzadə personajların dili ilə müxtəlif xarakterli obrazlar yaratmışdır. Dil, cümlə quruluşu, fikrin ifadə tərzi oxucuya çox mətləbləri, mənəvi keyfiyyətləri aşılamış olur. Bu cəhətdən Pərzadın dili ilə verilmiş cümlələr daha dolğun və tamdır: “Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər məni ona verməli olsalar, şəksiz özümü öldürrəm!”
Bu cümlə quruluşu müasir Azərbaycan ədəbi dilində işlənən mürəkkəb cümlələrdən heç də fərqlənmir. Birinci cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləsi, ikinci cümlə əgər şərt bağlayıcısı və -sa şərt şəkilçisi ilə baş cümləyə bağlanmış şərt budaq cümləsidir.
Monoloji və dialoji nitqdəki cümlə modellərinin mətni sintaksisi semantik-sintaktik aspektdə daha düzgün anlaşılır. Bu cəhətdən mətni mürəkkəb cümlələrin tədqiqi vacib məsələdir.
Dostları ilə paylaş: |