AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə11/16
tarix30.11.2016
ölçüsü1,08 Mb.
#515
1   ...   8   9   10   11   12   13   14   15   16

Ədəbiyyat
1. Budaqov R.A. Dilçiliyə dair oçerklər. Bakı, Azərnəşr. 1956.

2. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, «Elm» nəş­riy­ya­tı, 1980.

3. Aslanov A.Ə. Evfemizmlər\\Müasir Azərbaycan dili. I cild, «Elm» nəş­riy­yatı, Bakı, 1978.
H.A. MİRZƏYEV
POEZİYADA ÜSLUBİ AXTARIŞIN ESTETİK SƏCİYYƏSİ

(H. Arif poeziyasının materialları əsasında )
Açar sözlər: janr, poeziya, şeir, üslub, dil.

Ключевые слова: жанр, поэзия, стихотворение, стиль, язык.

Key words: genre, poetry, poem, style, language.
Poeziya janrında söz duyumu, ondan münasib mətn mühitində sərrast isti­fa-də böyük estetik hadisədir. Söz şeir janrında daha ciddi poetik vəzifələr yerinə ye­ti­rir. Onun yeni-yeni məna çalarlarını kəşf etmək gərgin yaradıcılıq səylərinin nə­ti­cəsi kimi meydana çıxır. Görkəmli yazıçımız Mirzə İbrahimovun təbiri ilə desək, “Bə­dii yaradıcılıq- kəşfiyyatçılıqdır, həmişə yeni söz deməkdir. Bir adam ki, yeni söz axtarmağın iztirabını çəkməyə, ondan sənətkar olarmı?” (3,12)

Poeziyanın ilkin materialı kimi sözün elastikliyindən yararlanmaq olduqca mürəkkəb bədii prosesdir. Adi danışıq funksiyasından fərqli olaraq şeir nitqindəki sözdə, onun daxili semantikasında əsrarəngiz mənalar gizlənir. Onun aşkarlanması poeziyanın spesifik cəhətlərini və estetik fəallığını təşkil edir. Xüsusi bədii sənət növü kimi poeziya sözün məğzinə və təbiətinə daha dərindən nüfuz edib onun poetik enerjisini üzə çıxarmaqda, obrazlı mahiyyətini orijinal söz işlətmə məharəti ilə aşkarlamaqda müstəsna rol oynayır. “ Üslubi kamillik ifadə vasitələrinin özünə məxsusluğunu, hər bir konkret məqamda onların seçimini tələb edir” (5,81). Sərrast seçim forma əlamətləri sisteminin mükəmməlliyinin təminatçısı kimi çıxış edir. Sözün yeni üslubi-semantik mənalarını kəşf etmək mühüm bədiilik qaynağı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu məziyyətli əlamət Hüseyn Arifin poeziya dilində xüsusi çalarlarla təzahür edir.

H. Arifin şeir dilində sözün üslubi elastikliyi bütün incəlikləri ilə görünür. Onun istifadə etdiyi hər bir sözün semantik mütəhərrikliyi poetik forma ka­mil­li­yi­nə yönəldilir. Mətn mühitində gözlənilməz üslubi rənglər ifadə edən adi ümu­mişlək leksik vahidlərdən o dərəcədə məharətlə istifadə olunmuşdur ki, öz tə­ra­vəti ilə həmin sözlər ilk dəfə səslənməsi təəssüratı formalaşdırır. Düşdüyü nitq mü­hi­tin­də fikir və duyğuların poetik şərhini yerinə yetirmə vəzifəsini uğurla yeri­nə ye­tirir. Bədii obrazın həyati cizgilərini, təsvir obyektinin xarakterik xüsusiyyətlərini, po­etik təəssüratları dolğun canlandırmaq üçün şair sözün semantik imkanlarını hə­rə­kətə gətirir. Sözə həssas münasibət onun obraza keçid imkanlarına yol açır. Bu­nu H.Arifin dilində işlədilən “ötmək ” feilinin işlənmə məqamlarının oriji­nal­lı­ğın­da aydın sezmək olur. Şairin əsərlərindən götürülmüş fraqmentlərdən aydın- aşkar gö­rünür ki, müxtəlif illərin məhsulu olan şeirlərdə bu söz şairin ifadə etmək is­tə­di­yi mənaları incəliklərinə qədər açmağa qadirdir.

H.Arif “ötmək” felinin omonimliyindən, onun şeir nitqində yaratdığı üslubi ef­fektdən yararlanmış, fonetik tərkibcə üst-üstə düşən sözün imkanlarından bə­dii­lik meyarları dairəsində sənətkarlıqla faydalanmışdır.

Mövzuya, şeirin mündəricəsinə və emosional-ekspresiv mahiyyətinə uy­ğun­laş­dırmaqla müəllif omonimlərin yaratdığı səs ahənginə, musiqililiyə xüsusi diq­qət yetirmişdir. “Ötmək” omoniminin uğurlu formalarda işlədilməsi H.Arif üslu­bun­da səs və məna əlaqələrinin birliyindən xəbər verir, dilin rəvanlıq və axıcılıq im­kan­larını nəzərə çarpdırır. Şairin “Günlər olaydı” şeirində bu söz rədifdən əvvəl müx­təlif məna yükü daşımaqla işlədilməsi forma gözəlliyi, bədii mükəmməllik ba­xımından da diqqətəlayiqdir:

Fikir haralarda gəzdirir məni

Hər kəsin ilk yurdu, əzəl məskəni.

Qazaxdan çıxanda Daşkəsəməni

Yel kimi ötdüyüm günlər olaydı
Xoşladım şənliyi, eşqi, məzəni,

Sevmədim sənətə ağız büzəni,

Aşkara dinləyib Aşıq Mirzəni

Xəlvəti ötdüyüm günlər olaydı (1,152)


İki müxtəlif mənada – “bir yerin , sahənin ortasından, içindən keçmək ” və “oxu­maq, cəh-cəh vurmaq ” (7,556) anlamında omonimliyinin bədii nitqə daxil edil­məsi yaradıcılıq aktı kimi daha güclü təəssürat doğurur. Omonimin fəallığı təs­vir obyektini dərindən duyumun spesifik ifadə formasına çevrilir. Bu söz şeir­dən- şeirə keçdikcə digər məna yükü ilə dolğunlaşır, yeni çalarlar, poetik məzmun əks edir.

Xüsusi qeyd etmək lazımdır ki, H. Arif “ötmək” feli ilə daha çox canlı danı­şıq­da işlənən “keçmək”, “aşmaq”, “sovuşmaq”, “addamaq”, “qurtarmaq” anla­m­la­rı­nı ifadə edir. Zaman, mövsüm, yaş, ömür haqqında bədii mühakimələr və düşün­cə­­lərin təsvirində bu sözə tez- tez müraciət edir:

Həftə ötdü, il dolandı,

Vədə çatdı, neyləyəsən?!

Bar töküldü, meyvə yandı,

Bağın batdı, neyləyəsən?! (1,48)


Ötən çağımı düşünək,

Gələn çağımı, ay oğul.

Möhnət solumu qurudub

Həsrət sağımı, ay oğul. (1,80)

Qövr edir yaramda min yara yeri

Ay ötən günlərim, ötən günlərim. (1,150)


Dedilər: - Ay Hüseyn

Qınama təbiəti.

Bu sirri, bu hikməti

Yaş ötüb, yaşdan soruş (1,146) və s.

Sözün mətn mühitinə semantik- üslubi uyğunluğu şeir janrının dili üçün olduqca çevik, rasional və təsirli ifadə üsuludur. Məna rənginin kontekstə müvafiqliyi lirik strukturda incə detaldır və buna görə də H. Arifin qələmində eyni sözün rəngarəng üslubi çalarları şeir dilinin ayrılmaz xassəsidir.

Söz duyğusu, dil faktlarının seçimi və onun ayrı- ayrı mətn müstəvisində mü­x­t­əlif mənalarda işlədilməsi H.Arif yaradıcılığının əsas atributlarındandır. Bu mənada “ötmək” feli də öz kommunikativ funksiyasını saxlamaqla estetik gücə yiyələnir, mətnə xüsusi ifadəlilik verir. Sözün estetik- emosional funksiyası daha qabarıq şəkildə təzahür edir. Onun çoxmənalılığı, mütəhərrikliyi müxtəlif asso­si­a­tiv təsir oyadır, şairanə mətn mühitinin yaranması üçün stimul rolunu oynayır. Aşa­ğıdakı nümunələrdə “ötmək” feilinin hər misradakı mənaya uyğun üslubi bo­ya­sı vardır. Ümumi dominant məna “ötüb keçmək”, “keçib- getmək”, “geridə bu­rax­maq” və s. mənalarla bağlı olsa da, bu söz hər misrada ifadə olunan poetik hiss və ahənglə bağlanır, daxilən bir-birini tamamlayan sözlərin ümumi ahəngində xü­su­si mövqe qazanır. Bu söz həm poetik nitqin ritmik struktur əsasında mühüm möv­qeyə malik olduğu kimi, üslubi- poetik ifadə vasitəsi kimi də əhəmiyyət kəsb edir. Məsələn,

Karvanım ötmədi səssiz- səmirsiz

Harayım bir ümman, ünum bir dəniz (1,149)

Şeirin istək və ehtiyaclarını ödəmək işinə xidmət göstərən sözün yararlılıq dərəcəsi əhatəsindəki linqvistik vahidlərlə üslubi ahəngdarlığından irəli gəlir. Şeir dilində sözün forma gözəlliyinin əsas ünsürü olması üçün onun digər elementlərlə struktur- funksional bağlılığı, əsas amildir. Buna görə də sözün heç bir nüansı poeziyaya biganə deyil:

Tükənən istəyim, bitən sevincim

Çəkilən marağım, ötən sevincim

Tapılan kədərim, itən sevincim

Gövdədən süzülən budağım mənim (1,74)

Buradakı mükəmməl bir üslubi şəbəkədə “ötmək” feli “tükənmək”, “bitmək”, “itmək” situativ sinonimlərlə bir cərgədə “tapmaq” sözü ilə antonim mövqedə qərarlaşmış, sintaktik paralelizmin tərtibində fəal iştirak edərək poetik sistemin vacib bir komponentinə çevrilmişdir. Bununla da şair mətnin liqvistik quruluşu ilə fikri istiqamətini bir- birinə möhkəm tellərlə bağlamağa müvəffəq olmuşdur.

H. Arifin dilində sözün məcazlaşması da olduqca diqqətçəkən üslubi prosesdir. Bu, dil şeiriyyətinin gözəlliklərini nümayiş etdirməklə yanaşı bədii qayəni kamil formalarda canlandırmaq tələbindən doğur. Məcazlaşan söz poetik kontekstin hissi- emosional əsasını təyin etdiyi zaman müstəsna assosiasiyalar törədir, sezilən cizgiləri ilə şairin lirik düşüncəsinin strukturuna daxil olur. “Ötmək” feili də gözlənilməz üsülubi mənalarla poetik mətnə daxil olmaqla yığcam ifadə formalarına sığışdırılan misraların fəallığını artırır.

Şairin əsərlərindən gətirilən bədii nümunələrdən yəqin etmək mümkün olur ki, “metaforikləşmənin özü də həm ümumdil səciyyə daşıyır, həm də müəllifin fərdi yaradıcılıq məhsulu kimi çıxış edir ” (6,22)

Nizami kamına yetmədi getdi,

Füzuli başadək ötmədi getdi,

Vaqiflə, Vurğunla bitmədi getdi

Bitməz Hüseynlə sözü dünyanın (1,110)


Qurbani, Abbası, Əmrahı anıb,

Kərəmlə alışıb, Dilqəmlə yanıb,

Tütəklə uyuyub, sazla oyanıb

Kamanla dil açıb ötdü babalar (1,147)


Dedilər: - Gözləmə o gülyanağı

Dedim: - Ürəyimə çəkməyin dağı,

Dedilər: - Toyudur bu axşam çağı

Dindi saz, ötdü tar, mən inanmadım (1,65)

Göründüyü kimi, sözün obrazlı bünövrəsi şairin düşüncə tərzindən qay­naq­la­nır. Şair sözü bədii mətnin ovqatına müvafiq tənzimləyir. Xalq danışıq dilinin adi sözlərinə dərindən nüfuzetmə H. Arif poeziyasına rövnəq, onun fərdi üsuluna zənginlik gətirir. Bu keyfiyyət H. Arif üslubunun əsas atributu kimi , onun bədii dil özünəməxsusluğu kimi qəbul edilir. Çünki “müğənni öz səsi ilə doğulduğu kimi, hər bir söz sənətkarı da özünəməxsus dili ilə dünyaya gəlir” (4,59)

Poeziya dilinin canlı ünsiyyət dili ilə yaxınlaşması olduqca mürəkkəb pro­ses­dir. Bu problem H. Arifin şeir təcrübəsinin timsalında özünün mühüm cəhət­lə­ri­nə aydınlıq gətirmişdir. Onun şeir poetikasının qaynaqları və bədiilik sirləri söziş­lətmə ustalığının özünəməxsusluğu fonunda meydana çıxmışdır.

“Şeir dili onu yaradanlardan zərgər işi gözləyən zərif bir aləmdir” (2,58). Məhz bu zəriflik sayəsində H. Arif poeziyası bədii təfəkkir və dilin qarşılıqlı dia­lektik əlaqəsini əks etdirən çox vacib faktordur.
Ədəbiyyat


  1. H. Arif . Seçilmiş əsərləri. “Şərq- Qərb” nəşriyyatı, Bakı, 2004,

  2. B. Nəbiyev. “Tənqid və ədəbi proses” Azərbaycan Dövlət Nəşriyyatı, Ba­kı, 1976.

  3. M. İbrahimov. “Ədəbi qeydlər” Azərbaycan Dövlət Nəşriyyatı., Bakı, 1970,

  4. С. Залыгин. Интервью у самого себя. Москва, «Советский пи­са­тель», 1970.

  5. В. Гофман. Язык литературы. Ленинград, 1936.

  6. А. И. Ефимов. Об изучении языка художественных произведений, Минск, 1953.

  7. Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə, “Şərq- Qərb” nəşriyyatı, III с. Bakı, 2006.



S.Y. MƏMMƏDOVA
TELEVİZİYA APARICILARININ DİLİ HAQQINDA
Açar sözlər: televiziya, aparıcı, teleməkan, nitq, efir

Kлючевые слова: телевидение, ведущий, телепространства, речь, эфир

Кey words: television, presenter, TV place, speech, broadcast
Kütləvi informasiya vasitələri sistemində televiziyanın rolu böyükdür. Milli t­e­leviziyanı cəmiyyətin müasir tələbləri səviyyəsinə yüksəltmək ən vacib mə­sə­lə­lər­dəndir. Televiziya KİV-lər arasında ən çeviyi, operatividir. O, cəmiyyətdə baş ve­r­ən hadisələri, dövrümüzün aktual problemlərini dərhal kütləyə çatdırır və ic­ti­mai rəyin formalaşmasında misilsiz rol oynayır. Hər bir telekanalın qarşısında ma­a­rifləndirmə, məlumatlandırma, əyləndirmə durur. Bu funksiyanı yerinə yetirən isə televiziya aparıcılarıdır.

«Aparıcı» ifadəsi leksikonumuza son illər gəlib. Bu missiyanı yerinə ye­ti­rən­lər əvvəllər «diktor» adlanırdı. Radio və televiziyamızın sözün əsl mənasında dik­torları vardı: Aydın Qaradağlı, Sabutay Quliyev, Qara Tağızadə, Züleyxa Ha­cı­ye­va, Rafiq Hüseynov, Roza Tağıyeva, Sabir Ələsgərov, Ofelya Sə­na­ni, Şərqiyyə Hü­seynova, Həqiqət Əsgərzadə, Natavan Hacıyeva, Tamilla Ələkbərova, Nailə İs­lam­zadə, Nərgiz Cəlilova, Rafiq Həşimov, Aygül Qaradağlı səsləri, nitq və efir qa­biliyyətləri hamıya örnək olacaq qədərdir. Onlar canlı efirdə necə işləmək nü­mu­nəsi idi. Bu diktorlar mətnləri elə məsuliyyətlə, ciddiliklə çatdırırdılar ki, efir­də, ekranda çox nadir hallarda çaşqınlıq baş verirdi. Səhvlər elə düzəldilirdi ki, ta­ma­şaçı, yaxud dinləyici bunu duymurdu. Onların efirə, ekrana tamaşaçıya hör­mət­lə­­ri böyük idi.

Soltan Nəcəfovun, Mehdi Məmmədovun, Əli Zeynalovun, Müxlis Cə­ni­za-də­nin, Həsən Əblucun, Əminə Yusifqızının, Ofelya Sənaninin, Aydın Qara­dağ­lı­nın və başqalarının, neçə-neçə sənətkarların səsləri efirdən, ekrandan eşidiləndə, on­ların nitqləri, diksiyaları insana zövq verərdi və bu zövqdə bir qürur hissi vardı. Ahəng­dar, zəngin, musiqili dil bizimdir və biz də bu dilin daşıyıcılarıyıq.

Aparıcılar kütləyə nümunə olmalıdır. Müasir aparıcılar özlərini sərbəst apa­rır, lakin sərbəst danışmaq qabiliyyətinə malik deyillər. Çünki Azərbaycan dilində ədə­­biyyat oxumurlar və dünyagörüşləri yalnız xarici telekanallardan alma infor­ma­siyadır. Mənim fikrimcə, televiziya aparıcıları elitar və çox savadlı insanlar ol­ma­­lıdır.

2003-cü il tarixdə imzalanan «Azərbaycan Respublikasında dövlət dili haq­qın­da» qanunun 6-cı maddəsinin 2-ci bəndində oxuyuruq: «Azərbaycan Respub­li­ka­­sının ərazisində təsbit edilən və fəaliyyət göstərən, mülkiyyət formasından asılı ol­mayaraq, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının apa­rı­cı­ları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti ol­ma­­lıdır».

Dövlət dilini dərinliyinə qədər bilən və ekrandan qüsursuz danışan apa­rı­cı­la­rı­­mız əsasən xəbər proqramlarında görünürlər. Belə diktorlar hər kanalda var.

İctimai televiziyanın «Xəbər» proqramının aparıcısı Elnurə Cavadzadə, Azərbaycan televiziyasının aparıcısı Dilarə Səlim buna bariz nümunədir. Elnurə Cavadzadə həm görünüşünə, həm də nitq qabiliyyətinə görə müsbət mənada o biri aparıcılardan fərqlənir.

Təəssüf ki, bu gün Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribə məqamlar illərdir ki, davam etməkdədir. Xüsusilə də bu məsələdə bir sıra te­leviziya aparıcılarının günahı çoxdur. Hərdən aparıcıların dilindən qopan ifadələr ləhcə, şivə xarakterli olur. Bəzi aparıcılar elə bir səs tonu ilə danışırlar ki, adamın qulağı batır. Teleradio aparıcıları alınma sözlərin yerində işlənilməsini mütləq nəzərə almalıdırlar. Aparıcı o qədər sürətlə danışır ki, sözlər ya tamam anlaşılmır, ya da şəkilçilər unudulur. Aparıcıların nitqi nümunəvi olmalıdır. Bir çox hallarda peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların əyləncə xarakterli verilişlərin aparıcıları efir peşəkarlığı aşağı olan şəxslərdir.

Əgər o aparıcının gözəl nitq qabiliyyəti yoxdursa, efir görünüşü standartlara cavab vermirsə, onun efirə çıxarılması düzgün deyil.

Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi ol­ma­yan aparıcılarıın yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi və təhlükəlidir. Qüsurlu nitqin əsas səbəbləri sırasında rus dilinin, Azərbay­can dia­lektlərinin və türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı ol­ma­sı­nı və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar.

«Ölümə piyada gedənlər» («Xəzər», «Xəzər-xəbər», 20. 47. 30.04.11). əslində cümlə belə olmalı idi: «Ölümə gedən piyadalar»; «Azərenerjinin sorcusu» (ATV, «Son xəbər», 20.35. 14.10.11); «Qarabağ» məsələsi çözülməsə, Türkiyə Ermənistan «yol xəritəsi» kağız üzərində qalacaq» («ANS», 21.25. 21.03.11); «Orucluqda düzgün qidalanmaya qulaq verin» («Xəzər», «Günə başlarkən». 08.55. 24.08.10); «Bu məsəldən hamı əndişələnəcək» («ATV», «Onun yarısı», 17.49. 20.04.11); «Qoy ana dilimizin təbliğinin əleyhinə çıxanlar özlərinə başqa sloqan tapsınlar» («ATV», «ATV səhər», 9.30. 24.09.12)

- «Yusif müəllim, sizin də fikrinizi alaq» («Xəzər», «Yeni gün». 11.50. 26.07.12)

Türkiyə türkcəsinin efirimizə təsiri göz qabağındadır. Aparıcılarımızın bir qismi, xüsusilə də bir müddət Türkiyədə yaşayıb fəaliyyət göstərənlər sanki Azərbaycanın ədəbi dil qaydalarının Azərbaycan xalqına lazım olmadığı qənaitinə gəliblər. Məsələn, Bu gün «helikopterlər»- (vertolyotlar) daşqın ərazisini səmadan izlədilər («Xəzər», «Xəzər-Xəbər», 16.07.10; 20.45). Sizdə «maydenuz» (cəfəri) neşəyədir? («Xəzər», «Xəzər-Xəbər»,30.10.10, 20.59). «Kalite» (keyfiyyət) elə bir səviyyədədir ki, ondan sonra hec nə dinləmək istəmirsən. Mən Ülviyyə xanıma «talib» (elçi) çıxmaq istəyirəm. (ATV, «Onun yarısı», 05.10.10. 17.50).

Efirə qonaq qismində dəvət alan bir sıra şəxslərin danışığı da bizim acı real­lı­ğı özündə əks etdirir. Aparıcılar rusdilli və ya türkdilli (Anadolu türkcəsi nəzərdə tu­tulur) qonaqların nitqinə uyğunlaşmalı olur, beləliklə, bəzən məcburiyyətdən ədə­bi dil qaydalarını pozurlar.

Televiziya ekranı ilə tamaşaçı arasında təmas körpüsü yaradılmasında apa­rı­cı­ların rolu böyükdür. Təqdim olunan mətnin, habelə öz düşüncələrinin, ağlının, fik­rinin süzgəcindən keçənlərin tam təfərrüatı ilə tamaşaçı və dinləyiciyə çat­dı­rıl­ma­sı missiyası ilk növbədə teleaparıcıların üzərinə düşür.

Səlis nitq mədəniyyətinə malik olmayan doğma dilimizin norma və qay­da­la­rın­dan xəbərsiz, davranış etikasından uzaq düşən aparıcılarımıza ekran, efir etibar etmək heç düzgün deyil.

Televiziya aparıcıları üçün nitq, səs və görünüş çox vacib şərtlər sayılır. Azərbaycan telekanallarına gəldikdə, aparıcıların böyük əksəriyyətinin ya efirə uy­ğun səsi yoxdur, ya da görünüşü. Ümumiyyətlə, aparıcılarımızın aparıcılıqla bağlı qüsurları kifayət qədərdir. ANS telekanalını misal göstərmək olar. ANS tele­k­a­nalında «Kök altı» verilişinin aparıcısı Aytən xanım dəvət etdiyi qonaqlarla is­teh­za ilə danışır.

Bizim fikrimizcə, aparıcı verilişin spesifikasına, məziyyətlərinə uyğun se­çil­mə­li, görkəmi, intellektual bazası, davranışı telejanra münasib gəlməlidir.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrin televiziyalarında aparıcı obrazı üzə­rin­də onlarla mütəxəssis işləyir. Azərbaycan telekanallarında isə bu təcrübə hələ yox­dur. Bu səbəbdən əyləncə verilişi və ciddi verilişin aparıcıları arasında fərq itir. Xə­bər aparıcıları ciddi, sadə geyimdə olmalı, mümkün qədər makiyajdan az isti­fa­də etməlidirlər. Bununla da onlar tamaşaçının diqqətini ötürdüyü xəbərdən ya­yın­dı­r­­mamalıdır. Əyləncə proqramlarının aparıcıları isə cazibədar qiyafələr geyinə bi­lər.

Televiziya və radio verilişlərinin əksər aparıcılarının nitqində dilimizin or­fo­e­pik (düzgün tələffüz) qaydaları demək olar ki, iki-üç cümlədən bir pozulur. Mətn­dəki sözlər, ifadələr, bütövlükdə mətnin oxu qaydaları, nitqin tembri, heca vur­ğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyəcanlı səs və s. nitq pro­se­sin­də tez-tez müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məz­mu­nunun anlaşılmasına çətinlik törədir. Məsələn, bəzən isə aparıcıların bir-biri ilə, ya da dəvət etdikləri qonaqla yersiz söhbətləri, süni və şit gülüşləri, zarafatları din­ləyicini yorur. Aparıcıların əksəriyyəti doğma dilimizdə söz tapa bilməyəndə tez alınma sözlərə müraciət edirlər. Məsələn, yes, super, superyek, mersi və s.

Aparıcıların efir mədəniyyəti, diksiyaları, nitq qabiliyyəti bəzən qıcıq doğurur. Bir də görürsən efirdə Azərbaycan dilində danışan aparıcı xanım birdən – birə keçir müsahibi ilə rus dilində danışmağa, halbuki ən azı bu efir mədəniyyəti üçün yolverilməzdir. Məsələn, Orta məktəblərdə «bezpredeldir» (ATV,» Səhər», 13.04.09). Bu gün heç «nastrayeniyam» yoxdur («Space», «Bizim mətbəx», 28.03.11). Azərbaycan dili dövlət dilidir və efirdə hər kəs bu dilə hörmətlə ya­naş­ma­lıdır. Efirə çıxan hər bir aparıcı özündə məsuliyyət hiss etməlidir. Bu mə­su­liy­yət­lə yanaşı, həmçinin aparıcı efirə çıxmazdan əvvəl müəyyən mənada hazırlıq keç­məlidir. Verilişin daimi aparıcısı tamaşaçı qarşısına hər dəfə çıxarkən öncədən mü­əyyən mənada məşq etməli, efirdə qoyulan mövzunu daha maraqlı təqdim et­mək üçün o mövzu barədə bilgi əldə etməlidir ki, efir vasitəsilə yeri gəldi-gəlmədi la­zımsız sözlərdən istifadə etməsin, müəyyən yaranan boşluğu dəxli olmayan fi­kir­lə tamamlanmasın. Bəzən aparıcının qonağını tanımaması və ya qonağın ya­ra­dı­cılığı barədə məlumatsız olması gecikmiş sual verməyə vadar edir, ya da qonağa ai­diyyəti olmayan mövzu barədə danışılır. Bu da aparıcının hazırlıqsızlığına içarə edir. Lakin bəzən hazırlıqlı aparıcılar da olur. Məsələn, 24 yanvar 2011-ci il ta­rix­də ATV kanalında Günay Qələndərli qonağı şair Baba Vəziroğlu haqqında o qə­dər geniş məlumat toplamışdı ki, (Baba müəllimin İsmayıllının Buynuz kəndində ilin hansı fəsillərində, hansı çayın kənarında oturub şeir yazdığını və s. məsələlər ba­rədə), hətta verilişdə ondan başqa oturanlar da təəccübləndilər.

Əvvəllər televiziya aparıcısı, yəni diktor qəbul etmək üçün peşəkarların iş­ti­ra­kı ilə müsabiqə keçirilirdi və müəyyən parametrlər nəzərə alınmaqla, tele­vi­zi­ya­ya qəbul olunmaq mümkün idi. Bu gün isə bu amillər önəmli sayılmır. Hal-ha­zır­da aparıcıların vizual görünüşü önəmli faktorlardan sayılır. Kanallardan yalnız AzTV-nin aparıcılar müsabiqəsi ciddi şəkildə keçirilir. Fikrimizcə, telekanallarda mü­əy­yən qurum yaranmalıdır ki, aparıcıların seçiminə birbaşa nəzarət edə bilsin.

Dövlət başçısı, cənab İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şə­ra­i­tin­də zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair «Döv­lət proqramı haqqında» imzaladığı 23 may 2012-ci il sərəncamı da dili­mi­zə qay­ğıdan və onun qorunması, inkişaf etdirilməsi zərurətindən irəli gəlmişdir. Sə­rən­­camda Azərbaycan dilinin imkanları yüksək dəyərləndirilir.

Fikrimizcə, telekanallarda müəyyən qurum yaranmalıdır ki, məhz apa­rı­cı­la­rın seçiminə birbaşa nəzarət edə bilsin. Çünki hər bir telekanal ilk növbədə onu nə­zərə almalıdır ki, efirə çıxardığı hər bir aparıcı həmin telekanalın imici, sima­sı­dır.


A.H. NƏZƏROVA
ALINMA FƏLSƏFİ TERMİNLƏRİN DİLİMİZƏ

UYĞUNLAŞDIRILMASI YOLLARI
Açar sözlər: alınma terminlər, üslub, terminlərin qarşılığı, istifadə qaydaları

Ключевые слова: заимствованные термины, стилъ, соотествие тер­ми­нов, пра­­­­вила исполъзования

Key words: borrowings, style, equivalent of terms, rights of using
Müasir dövrün qanunauyğunluğunu nəzərə alaraq, deyə bilərik ki, artıq is­tə­ni­lən elm sahəsinə aid mətnləri terminlərsiz təsəvvür etmək mümkün deyil. Lakin bu, o demək deyil ki, hər söz termindir. Termin - hər şeydən əvvəl, müəyyən elm sa­hə­sinə aid olub, məhz bir anlayışı ifadə edir; formaca yığcam və istifadə qay­da­sı olduqca rahatdır.

Azərbaycan dilində, eləcə də dünya dillərinin çoxunda alınma terminologiya mil­li mənşəli terminologiyadan daha geniş yayılmışdır. Müasir Azərbaycan di­lin­də alınma fəlsəfi terminlərin işlənmə qaydalarında bəzi problemlərin də olduğu diq­qətdən yayınmır. Bu problemlərdən başlıcası, alınma mənşəli terminlərdən isti­fa­də edərkən, qarşılığının verilməməsidir.

Dilimizdə tez-tez rast gəldiyimiz alınma terminlər var ki, onların Azər­ba­y­can dilində qarşılığı var. Məsələn: konfort – rahatlıq, tolerant –dözümlü; sillabus - təd­ris proqramı; bonus – pay, hədiyyə; fundament – özül, kontrol – yoxlama; abs­trakt - mücərrəd; natura - təbiət; perespektiv – gələcək; unversal – hərtərəfli və s. Bədii və elmi əsərlərdə bu terminlərin işlədilməsi daha məq­sə­də­uy­ğun­dur.

Məlum olduğu kimi, terminlər hər hansı bir elm sahəsi ilə əlaqədar olur. Sö­zün elmi üslubdakı əsas işinə, vəzifəsinə onun terminoloji funksiyası deyilir. Mətn­də bilavasitə terminoloji funksiya daşıyan söz, yaxud ifadə isə termindir. Əs­lin­də terminlər bütün elm sahələri üçün xarakterikdir və elmi üslubu terminsiz tə­səv­vür etmək olmaz. Bədii və elmi əsərlərdə milli terminlərin daha çox işlə­dil­mə­si məq­sədəuyğundur. Lakin milli terminlərin dilimizə tətbiq edilməsi üçün mü­əy­yən ədə­biyyatlar və bu ədəbiyyatların təhsildə tətbiqi yolları haqqında proq­ram­lar, la­yi­hələr işlənib hazırlanmalıdır.

Elmi tədqiqatlar göstərir ki, getdikcə dünyada fəlsəfi təfəkkürün inteq­ra­si­ya­sı güclənir. Hər bir tədqiqatçı çalışdığı sahə üzrə bütün təlimləri, konsepsiyaların ad­larını, mülahizələri və onların mahiyyətini mənimsəməyə cəhd göstərir. Ona gö­rə də dünyanın əsas dillərini bilmək, daha doğrusu, ixtisasa aid müxtəlif dil­lər­də məlumatları bilavasitə qəbul etmək lazım gəlir. Bu baxımdan milli termi­no­lo­gi­­yanı yaymağın və alınma terminlərin dilimizə uyğunlaşdırılmasının təmin olun­ma­sı məsələlərinin həlli yollarından biri də tədqiqat işlərində həmin terminlərin düz­gün istifadə qaydalarıdır.

Odur ki, dilçi alımlərimiz öz ideya və nəzəriyyələrini geniş miqyasda təq­dim edərkən milli söz və terminlərdən ən yüksək dərəcədə istifadə etməlidir. Öl­kə­mizdə inkişafda olan bütün sahələrdə hər hansı bir layihəni təqdim edərkən onun mətnində dilimizin imkanları hesabına yaranmış terminlərdən istifadəsi va­cib­dir. Bu baxımdan qarşıya çıxan problemləri həll etmək və terminlərin istifadə qay­dalarını müəyyənləşdirmək üçün dilçi mütəxəsislərlə, dilçi alimlərlə məs­ləhət­ləş­mələr aparmaq zəruridir.

Bildiyimiz kimi, terminlərin əsas xüsusiyyətləri aşağıdakılardır:


  1. hər bir dilin elmi üslubunda beynəlmiləl terminlər milli terminləri sı­xış­dı­­rır;

  2. elmi üslub get-gedə daha çox formullara, şərti işarələrə, müxtəlif xalq­lar­­dan olan mütəxəssislərin hamısı üçün anlaşıqlı digər vasitələrə meyil edir;

  3. müxtəlif araşdırmaların nəticələrinin daha çox elan edildiyi dillər (mə­sə­lən, ingilis, alman, fransız, rus və s.) müəyyənləşir.

Azərbaycan ədəbiyyatında istifadə olunan terminologiyanın böyük bir his­sə­si məhz ərəb və fars dillərindən keçən söz və ifadələrdir. Avropa dilindən keçən ter­mi­­nologiya, əsasən, rus dili vasitəsilə dilimizə keçmişdir. Bunun bir neçə tarixi-qne­seoloji səbəbləri vardır: belə ki, ilkin orta əsrlərdə Azərbaycanın da daxil ol­du­ğu İslam mədəni bölgəsində fəlsəfi, xüsusilə də elmi dil olaraq ərəb dilinə üs­tün­lük verilirdi. Bu dilin ifadə imkanları olduqca geniş olduğundan sözlərin əmə­lə­gəl­mə, törəmə prosesi imkan verirdi ki, üç və ya dörd samitli feillərdən müxtəlif for­­malarda xeyli miqdarda söz əmələ gəlsin. Bu səbəbdən ərəb ədəbi dilində min­lər­­cə söz ehtiyatı, hər bir kəlmənin çoxsaylı sinonimi vardır. Keçən əs­rin əvvəl­lə­rin­­də Azərbaycanda ərəb əlifbası mövcud olduğu üçün dil və ədəbiyyat sa­hə­sində də ərəb mənşəli terminlər daha üstünlük təşkil edirdi. Bu dövrdə şeir, ümu­miy­yət­lə, poeziya sahəsində fars dili digər dillərlə müqayisədə xeyli öndə idi. Da­nışıq di­li olaraq isə bölgədə türk dili geniş yayılmışdı. Türk dilindən danışıqda çox isti­fa­də edilməsi bu dövrə aid dastanların dilinə, şifahi xalq ədəbiyyatı nümu­nə­lərində öz əksini tapır.

Müasir Azərbaycan dilində milli terminologiyanı mövcud dil bazası və hə­min elm sahəsinə müvafiq söz və ifadələrə şəkilçilər artırmaqla zənginləşdirmək olar. Beləliklə, terminlərin izahında sözün mahiyyəti və mənbəyi aydın göstə­ril­mə­lidir. Alınma terminlərdən istifadə zamanı həmin terminin yazılışı və deyilişi Azər­baycan ədəbi dilinə uyğunlşdırılmalıdır. Bu zaman dilçi alimlərin kö­mə­yin­dən istifadə olunması daha səmərəli nəticələr verər.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin