N.E. HƏSƏNOVA
ANA DİLİNİN ORFOFONİYA MƏSƏLƏLƏRİ
Açar sözlər: dil, nitq, tələffüz, tədris .
Ключевые слова: язык, речь, обучение, произношение.
Key words: language, speech, educational, pronunciation
Azərbaycan dili dünya dilləri içərisində xüsusi yer tutan mütərəqqi dildir. Bu dilin elmin, texnikanın, fəlsəfi fikrin nailiyyətlərini dəqiq, aydın, mükəmməl ifadə etmək gücü vardır. Azərbaycan dili zəngin və rəngarəng söz ehtiyatına malikdir.
Nəsillər bir-birini əvəz edir. Lakin dildə onların həyatı, duyğuları, həyəcanları bizə miras olaraq qalır. Dil keçmiş, indiki və gələcək nəsilləri bir-birinə sıx bağlayan ən canlı bağlardan biridir. Dil olmadan mühakimə və təfəkkür üçün lazım gələn ünsürlər heç bir zaman əldə edilə bilməz.
Hər bir xalqın dili onun milli sərvətidir və bu sərvət abidə kimi qorunmalıdır. Buna görə də ana dilinə məhəbbət, bu dili qorumaq hissi kiçik yaşlarından uşaqlarda tərbiyə olunmalıdır. Ana dili nağıllarımızın, bayatılarımızın, laylalarımızın, oxşamalarımızın dilidir. Ana dili elə bir məhvərdir ki, uşağın öyrədilməsi və tərbiyələnməsi bu məhvər ətrafında toplanmalıdır. Bunun üçün evdə ata-ana, məktəbdə isə hər bir müəllim, xüsusilə Azərbaycan dili müəllimi bu məsuliyyətli işi müqəddəs, şərəfli bir borc kimi yerinə yetirilməlidir.
Dil məsələlərinin həlli üçün düzgün istiqamətləndirmədə, zəruri biliklər əldə edilməsində ana dili dərsliklərinin də rolu böyükdür. Şagirdin intellektual səviyyəsinin yüksəlməsində, nitq qabiliyyətinin və danışıq mədəniyyətinin inkişaf etməsində əvəzolunmaz vasitədir. Ona görə də ana dili dərslikləri müasir tələblərə cavab verməlidir. Bu gün kurikulum islahatı üzrə görülən işlər ana dili dərslərinin yeni məzmunda təşkilini, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmasını və s. ciddi vəzifə kimi qarşıya qoyur. Bu mərhələ ana dilinin tədrisi prosesində müəllimlərdən yaradıcı olmalarını tələb edir.
Orta məktəbdə Azərbaycan dilinin tədrisinin qarşısında qoyulan başlıca vəzifə şagirdləri mükəmməl ədəbi dilə -nitq mədəniyyətinə yiyələndirməkdən ibarətdir. Bunun əsas şərtlərindən biri şagirdlərə düzgün tələffüz vərdişlərinin aşılanmasıdır. Bu gün məktəblərimizdə şagirdlərin qiymətləndirilməsi zamanı orfoqrafik səhvlərin əsas götürüldüyünü müşahidə edirik. Lakin nəzərə alınmalıdır ki, orfoepik məsələləri həll etmədən bu sahədə uğur əldə edilməsi mümkün deyildir.
Orta məktəblərdə Azərbaycan dili nəzəri və praktik yolla tədris edilir, yəni həm nəzəri bilik verilir- dilin qanunları, normaları öyrədilir, həm də çalışmalar üzərində işlər aparılır. Ana dilinin tədrisinin mükəmməlliyi üçün zəruri praktik materiallar olmalıdır. Ana dili fənninin tədrisində fəal (interaktiv) təlimdən istifadə edilməsi şagird fəallığının artırılmasına, məntiqi təfəkkürün inkişaf etdirilməsinə, yaradıcılıq qabiliyyətlərinin formalaşmasına və bütövlükdə təlimin yaxşılaşmasına şərait yaradır. Hər bir dərsin gedişi şagirdlərin qavrama qabiliyyətlərindən asılıdır. Bu gün məktəbə qədəm qoyan şagirdin aldığı bilik dinləmə, eşitmə, müşahidəetmə yolu ilə əldə edilir. O fikirlərini danışaraq nümayiş etdirir. Şagirdin söz ehtiyatının zənginləşməsində, nitq bacarıqlarının formalaşmasında səlis, rəvan danışıq əsas rol oynayır. Məhz danışıq prosesində şagirdin nitqi formalaşır, inkişaf edir.Ana dili fənni şagirdlərin nitq mədəniyyətinin formalaşmasında aparıcı mövqe tutur. Dərs prosesində şagird diqqətlə dinlənilməli, söylədiyi fikrə hörmətlə yanaşılmalı, ona sərbəst mühakimə yürütmək imkanı yaradılmalıdır. Şagirdin fikirlərini yaradıcı şəkildə ifadə etməsi üçün zəngin söz ehtiyatına malik olması, bu fikirlərin yazılı ifadəsi üçün dil qanunlarına yiyələnməsi ana dili fənnindən gözlənilən təlimin nəticəsidir.
Bəlli olduğu kimi, dil ictımai hadisədir. Hər bir uşaq da başqalarına müraciət etmək ehtiyacından dildən ünsiyyət vasitəsi kimi istifadə etməyə məcburdur. Uşaq məktəbə gəldiyi ilk gündən onun əhatəsindəki insanların – valideynlərin, yaxınlarının, o cümlədən məktəbəqədər tərbiyə müəssisəsindəki müəllimlərinin tələffüzünü özü ilə gətirir.Əgər bu insanlar yerli şivədə danışırlarsa, birinci sinfə gələn şagird də o cür danışır. Yerli şivə şəraitində düzgün yazı və tələffüz qaydalarının öyrədilməsi müəllimdən xüsusi zəhmət tələb edir. Məsələn, Yevlax şivəsində danışan bir şagird cib əvəzinə civ, çoban əvəzinə çovan, alıb, gəlib əvəzinə alıf, gəlif, ağac əvəzinə ağaş söyləyəcək və yazacaqdır. Beləliklə, düzgün yazı qaydalarına riayət olunmasında, bu qaydaların mənimsənilməsində qarşıya çıxan maneələrdən biri kimi yerli şivələrin dilə sirayət etməsini göstərə bilərik. Bunun aradan qaldırılması, şagirdlərin düzgün ədəbi tələffüz qaydalarına yiyələnməsi üçün məktəbdə vahid nitq qanun-qaydalarının möhkəm olması vacib şərtdir. Çünki müəllim danışarkən onun nitqində şivə xüsusiyyətləri müşahidə edilirsə, şagirdlər də bunun səhv olmadığını düşünürlər. Müəllimin nitqi düzgün, dolğun, nümunəvi olarsa, tələffüz qaydalarına düzgün riayət edilərsə, bu, şagirdlərə müsbət təsirini göstərəcəkdir. Təkcə Azərbaycan dili müəllimləri deyil, bütün fənn müəllimlərinin şagirdlərin nitqinə nəzarət etməyi sayəsində istənilən nəticəni əldə etmək mümkün olar. Həmçinin sinifdə deyil, sinifdən xaricdə də şagirdlərin nitqinin düzgünlüyünə nəzarət edilərək, qüsurların yerindəcə düzəldilməsi vacibdir. Bu zaman şagirdin yoldaşlarının da bu işə cəlb edilməsi təsirli ola bilər. Belə ki, şagirdlər qarşılıqlı olaraq öz nitqləri üzərində müşahidə aparmaqla bir-birinin tələffüz səhvlərini düzəldə bilərlər.
B.Vahabzadənin öz övladını əcnəbi dildə oxudan ana dili müəlliminin dönüklüyündən bəhs edən “Riyakar” şeiri əsasında hərfi və ədəbi tələffüz arasnda müqayisə aparaq.
Hərfi tələffüzlə:
|
Ədəbi tələffüzlə:
|
Bir- nədir, beş-altı dil bilsin gərək,
|
Bir- nədir, beş-altı dil bilsin gərə[x`],
|
Bizim sabahımız – körpələrimiz.
|
Bizim sabahımız – körpələrimiz.
|
Vətən dilinə də dodaq büzməyək,
|
Vətən dilinə də doda[x] büzməyə[x`],
|
Burdan ayaq açıb, yola çıxaq biz.
|
Burdan aya[ğ] açıb, yola çıxa[x] biz.
|
Evdə ayaq açır əvvəlcə hər kəs,
|
Evdə aya[ğ] açır əvvəlcə hər kəs,
|
Sonra uzaqlara düşür qədəmlər.
|
Sonra uza[x]lara düşür qədəmlər.
|
Yazılı dil – kitab dili şagirdləri hərfi- orfoqrafik tələffüzə meyil etdirir. Nümunədən göründüyü kimi, oxu prosesində ədəbi tələffüz qaydalarını gözləmək qiraətin təbiiliyini təmin edir.Təəssüf ki, müəllimlərimizin çoxu bu məsələyə diqqət yetirmirlər, əsərin şifahi nitqdə təbii səslənməsinə xələl gətirən hərfi tələffüzlə oxumanın qarşısını almırlar. Halbuki şagirdlər yalnız sinifdə bu cür tələffüzdən istifadə edirlər. Dərsdən sonra isə yenə öz şivələrində danışırlar. Onu da qeyd edək ki, yazılı dil ədəbi tələffüzün mənimsənilməsinə,öyrənilməsinə əngəl olduğuna baxmayaraq, istiqamətverici rola da malikdir.
B.Çobanzadə türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi metodlarının öyrənilməsinə həsr olunmuş “Türk dili və ədəbiyyatının tədris üsulu” (Bakı, 1926-1927) kitabında yazır:”Dil tədrisindən məqsəd doğru oxuyub-yazmağı öyrətmək deyildir. Filvaqe bu da mühüm bir məsələdir, lakin bundan əvvəl dilin mexanizması, üzviyyatı və təşəkkülatı ilə tələbələri az-çox aşina etməkdir.Bu da ancaq cocuqların öz dilini, ana və ailə dillərini onlara tədqiq etdirmək, onların ruh və zehinlərinə, ictimai istedadlarına yaxın bir surətdə rəhbərlik və müəllimlikdə bulunmaqla olur.”
Bəli, dilin tədrisi zamanı təkcə orfoqrafiya və orfoepiya məsələləri deyil, dilin quruluşunu və bu quruluşu əmələ gətirən ayrı-ayrı ünsürlərin təhlil olunaraq öyrənilməsi gərəkdir. Dilimizin incəliklərini gənc nəslə sevərək öyrədək, ana dilimizin saflığını qorumaq naminə laqeydlik göstərməyək, onun təmizliyi uğrunda gedən mübahisələrdən və mübarizələrdən kənarda qalmayaq. Bu sahədə uğur əldə edilməsi üçün orta və ali məktəb auditoriyası qədər hər bir ziyalının həssas və diqqətli yanaşması əhəmiyyətlidir.
Ş.R. HƏSƏNLİ-QƏRİBOVA
ALINMA SÖZLƏR ETNOQRAFİK LEKSİKADA
Açar sözlər: Etnoqrafik leksika, alınma söz, assimilyasiya, etnoqrafizm, türkdilli abidələr
Ключевые слова: Этнографическая лексика, заимствованные слова, ассимиляции, этнографизм, тюркоязычные памятники
Key words: Ethnographic lexicon, borrowed word, assimilation, ethnographism, turkic monuments
Dil xalqı yaşadan ən mühüm amildir. Xalqın məişəti, yaradıcılığı, təsərrüfat fəaliyyəti, bir sözlə, bütün həyatı dil vasitəsilə əks olunur, tarixdə yaşama hüququ qazanır. Dil hər bir xalqın yaşam, təfəkkür xüsusiyyətlərini bütünlükdə əks etdirir. Dilin inkişafı xalqın elminin, mədəniyyətinin inkişafı ilə bağlıdır. İnkişafda olan dil müəyyən baxımdan inkişafda olan xalq deməkdir. Bu xüsusiyyətlər dilin bütün sferalarında, xüsusilə etnoqrafik leksikasında öz əksini tapır. Xalqın tarixini əks etdirən etnoqrafiik, onu özündə yaşadan dil vasitəsilə gələcək nəsillərə ötürülür. Etno-kulturoloji, etno-psixoloji, etno-iqtisadi amilləri nəzərə alaraq xalqın tarixdəki yeri və inkişaf vəziyyətini özündə əks etdirən etnoqrafiya yalnız dillə üzvi vəhdətdə inkişafını təmin edə bilər. Dilçilik elmi ilə tarix–etnoqrafiya elmini özündə birləşdirən etnoqrafik leksika bu baxımdan olduqca əhəmiyyətli yer tutur. Xalqın etnik simasını, milli xüsusiyyətlərini, mifik- mənəvi və maddi dünyasını özündə əks etdirən etnoqrafik leksika cəmiyyətdəki sosial-iqtisadi və maddi-mədəni sferaların inkişafından asılı olaraq formalaşır, dəyişikliklərə məruz qalır və yeniləşir. Ümumilikdə, cəmiyyət və həyatın inkişafı davam etdiyi müddətdə bütün tərəqqi və nailiyyətlərin əks olunduğu, ifadə olunduğu dil və onun lüğət tərkibi də formalaşır, inkişaf edir. Belə ki, cəmiyyətdə baş verən proseslər, xalqın maddi-mənəvi dünyasına inqilabi təsir edən yeni hadisələr, kəşf olunan yeniliklər, onlarla bağlı məfhum və anlayışlar təfəkkür süzgəcindən keçərək dildə yeni sözlərin yaranmasına səbəb olur. Ancaq bu heç də hər zaman eyni olmur və dil baş verən inkişafa hər zaman eyni münasibətdən çıxış etmir. Bəzən yeniliyi öz lüğət tərkibindəki hər hansı bir dil vahidi ilə əks etdirmək yolu ilə milliləşən dil bəzən də yeniliyə uyğunlaşa bilmir. Dildə həmin yeniliyi əks etdirə biləcək yeni söz hər zaman dilin daxili imkanları ilə yaranmır. Bu zaman başqa dillərə müraciət olunur və yeni anlayış və ya məfhumu ifadə edən söz dilə başqa bir dildən alınır. Qeyd etdiyimiz proses özünü dilin tarixi inkişafını özündə əks etdirən etnoqrafik leksikada da göstərir. Bu isə etnoqrafik leksikanın geniş əhatə dairəsinə malik olması ilə əlaqədardır. “Başqa dillərdən alınmalar, adətən, realilərlə, hadisə və predmetlərlə birlikdə gəlir, dil üçün yeni material olur. Alınmalar dilin öz vahidlərindən fərqli statusa malik olur və dil daşıyıcılarının diqqətini daha artıq çəkir.” [1.8] Ancaq etnoqrafik leksikada müşahidə olunan alınmalar dildəki digər alınmalardan bir qədər fərqli xüsusiyyət daşıyır. Belə ki, ədəbi dilin elmi, rəsmi və s. üslublarına xas olan alınmalarda dilə yad olma xüsusiyyəti özünü qoruyub saxladığı halda, etnoqrafik leksikada dilin belə sözləri assimilyasiya etməsi prosesi müşahidə olunur. B.A.Larin bu prosesi sözlərin məişətdə istifadəsilə əlaqələndirmişdir: “Sözlərin məişətlə daha artıq qovuşması dil assimilyasiyasını şərtləndirir.” [3.128] Bu isə etnoqrafik sözlərin daha qədim alınmalar olması və əksərən şifahi yolla keçməsi ilə əlaqədardır. “ Əcnəbi sözdə daha çoxlu köklü dəyişiklik o zaman baş verir ki, bu söz şifahi şəkildə alınmış olsun. Bu halda alınan sözün səs tərkibində ciddi dəyişiklik baş verir, onun mənası nəzərə çarpacaq dərəcədə dəyişir.” [2.97-98]
Bu baxımdan türk dillərində alınma sözlər məsələsini tədqiq edərkən yalnız müasir dövr deyil, tarixi inkişaf prosesi də nəzərə alınmalıdır. Alınmalar müasir dövrün məhsulu deyil və qədim dillərdə də çoxsaylı alınmalara təsadüf etmək mümkündür. Belə alınmalar isə sözsüz ki, etnoqrafik leksikada yaşamaqdadır. Etnoqrafik leksikadakı alınmalar cəmiyyət və məişətin əksər sahələrini əhatə etməklə yanaşı, onların alınma olub-olmadığını müəyyənləşdirmək bir qədər çətindir. XI-XII əsr türklərinin etnoqrafik leksikasına nəzər saldıqda, ilk baxışda türk mənşəli görünən sözlərin qədim dövrlərdə soğd, tibet, çin, hind dillərindən keçdiyi məlum olur. Düzdür, belə sözlər olduqca azdır. Bu barədə bizim üçün əsas qaynaq olan “Divanü-luğat-it-türk” əsərində bu sözlərin sayı azdır: kez, fagfuri, loxtay kimi Çindən ixrac edilən parçaların, irwi, uragun kimi Hindistandan gətirilən dərmanların, türklər tərəfindən əvvəllər istifadə olunmayan, qonşu xalqlarla əlaqələrin qurulması ilə süfrələrə yol tapan buxsım, bekni kimi içkilərin adları həmin mallarla birlikdə xalqın dilinə keçmiş burada yaşam hüququ qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, M.Kaşğarinin verdiyi qeydlərə əsaslanaraq demək olar ki, bu sözlər heç də bütün türklərdə işlənməmiş, həmin xalqlara qonşu olan türklərin dilində işlənmiş, lakin nisbətən uzaqdakı başqa türk xalqlarının dilinə keçməmişdir. Belə ki, areal baxımından sözün yarandığı dilə yaxın olan dil sözün məhz mənbə dildən mənimsəməyə üstünlük verirsə, nisbətən uzaqda yerləşən dil özünə daha yaxın olan vasitəçi dilin köməyilə yeni sözü lüğət tərkibinə qəbul edir. Bu baxımdan şərqdəki türklərin dilində çin, hind, soğd, xarəzm dillərindən alınmalara rast gəlinirsə, sonrakı dövrlərdə oğuz, qıpçaq kimi qərbdə yaşayan tayfaların dillərində ərəb-fars alınmalarına təsadüf edilir. Ümumiyyətlə, XI-XII əsr yazılı nümunələri arasında şamanizm və buddizmlə bağlı işlənən soğd, xarəzm dilindən keçmiş alınma sözlər yalnız M.Kaşğari tərəfindən toplanmışdır. Ancaq qeyd etmək lazımdır ki, XI-XII əsr türklərinin dilindəki ərəb-fars alınmaları da dini səciyyəli sözlərdir və yalnız Quran tərcümələri ilə əlaqədar olaraq, XII əsrdə dilə yol tapmağa başlamışdır. Bu isə ilkin dövrlərdə dini terminlərin kalkaetmə yolu ilə türkcə qarşılıqlarının işlədilməsi ilə bağlıdır. Bunun ən gözəl nümunəsini biz Y.X.Hacibin “Kutadgu Bilig” əsərində görə bilərik. Əsərdə Allahın vəsfini bildirən Törütgen (Xaliq), İgidgen (Rezzā), Keçürgen (Qafūr, Qaffār), İdi (Rəbb), Ugan (Qadir), Erklig (Muktedir), Munsuz (Samed) kimi adların verilməsi həmin dövr dinlə bağlı yazılan əsərlərdə kənar dilin təsiri ilə yeni söz modelləri əmələ gəlməsini göstərir. Beləcə, türklərin ideya-bədii düşüncə və təfəkkürünə hopmuş yüzlərlə söz işləkliyini itirmiş, arxaikləşərək dilə yeni daxil olmuş alınmalarla əvəzlənmişdir. “Kutadgu Bilig”, “Divani-Hikmət” və “Ətabətül-Həqaiq” islam dininin ənənələrini özündə əks etdirən əsərlərdə dini inancla bağlı islami anlayışlar və onları ifadə edən ərəb-fars mənşəli sözlər işlənilməyə başlayır.
Hətta islamla bağlı türk mənşəli yalawaç, sawçı, yek, yükünç, mük, yumışçı, uçmaq kimi sözlərin yerinə sonrakı dövr əsərlərində “peyğəmbər, rəsul, şeytan, mələk, namaz, rüku, cənnət, firdevs” kimi alınmalar işlənməyə başlamışdır. Bu barədə araşdırma aparan E.Üşenmez Qaraxani türkcəsində yazılmış əsərlərdən “Kutadgu Bilig”də 334 ərəb, 79 fars, “Ətabətül-Həqaiq”də 251 ərəb, 103 fars, “Divani-Hikmət”də isə 763 ərəb, 588 fars mənşəli sözün olduğunu qeyd edir. [4.251] Bu isə əsasən din və etika məsələlərinə həsr olunmuş əsərlərin yazılma dövrlərinə görə alınmaların dildəki mövqeyini əks etdirir. Verilən alınmaların təqribən 15%-in etnoqrafik leksikaya aid olduğunu nəzərə alsaq, alınmaların dilin bu sahəsindəki yerinin çox cüzi olduğunu görə bilərik. Ancaq onu da vurğulamaq lazımdır ki, XIII əsrə qədərki türk xalqlarının etnoqrafik leksikasının tədqiqi zamanı tədqiqatçıların bilərək və ya bilməyərəkdən sözün etimologiyasını türklərə qonşu xalqların dillərilə əlaqələndirmələri alınmaların sayının süni şəkildə artırılmasına səbəb olmuşdur. Bu baxımdan həmin dövrün etnoqrafik leksikasının hərtərəfli tədqiqi dildəki alınmaların və alınma sözlərin qəbul olunması və işlənməsi prinsiplərinin öyrənilməsi sahəsində də yeni imkanlar açır.
Ədəbiyyat
1. S.Xəlilova . İnternasional terminlər.Maarif.-1991 s.8
2. Н.А.Шанский. Лексикология современного русского языка. М.1978, с.97-98
3. Б.А.Ларин. О лингивистической характеристике города. История советского языкознания. Хрестоматия . М.1988., с.128
4. E.Üşenmez. Karahanlı eserlerindeki söz varlığı hakkında., Akademik İncelemeler Cilt:3 Sayı:1 Yıl:2008, s.247-253.
Q.Ş. KAZIMOV
BİR NEÇƏ ŞƏKİLÇİNİN İŞLƏNMƏSİ HAQQINDA
Açar sözlər: Şəkilçi, –ыш, –дакы, –lı. –сыз
Ключевые слова: Cуффикс, –ыш. –дакы. –лы. –сыз.
Kay words: Suffiks, –ыш. –дакы. –лы. –сыз.
Dilimizdə bir neçə şəkilçi var ki, onlardan ya morfologiya kitablarında bəhs edilmir, yaxud da onlar başqa cür izah edilir. Bura -ış, dakı, -lı və -sız şəkilçiləri daxildir.
1.-ış şəkilçisi dördvariantlı bir morfemdir. Dilimizin morfoloji quruluşundan bəhs olunan əsərlərdə bu şəkilçi həm feldən isim düzəldən şəkilçi, həm də felin qayıdış və birgəlik mənalarını ifadə edən şəkilçi kimi izah olunur. Məsələn: Bu iniltili çağırışa cavab verən olmadı.(M.Hüseyn) Öz atanla, ananla qucaqlaşıb görüşdün (S.Rüstəm) – cümlələrində -ış,-ş şəkilçisi fel kökünə və əsasına artırılmışdır:
Çağır(maq) – çağırış
Gör(mək) – görüş(mək)
Qucaqla(maq) – qucaqlaş(maq)
Bu sözlərdən birincisi isimdir, feldən düzəlmişdir, felin təsirlik, növ, inkarlıq xüsusiyyətlərini tamamilə itirmiş və düzəltmə ismə çevrilmişdir. İkinci misalda da -ış şəkilçisi felin kökünə artırılmışdır. Üçüncü misalda isə fel əsasına birləşmişdir. Bu sonuncu sözlər felin əsas əlamətləri olan təsirlik, növ və inkarlıq xüsusiyyətlərini saxlamışdır:
görüşmək – görüşdürmək – görüşdürülmək – görüşdürməmək; qucaqlaşmaq – qucaqlaşdırmaq – qucaqlaşdırılmaq – qucaqlaşdırılmamaq (görüş sözünün isim forması da var, onu fel forması ilə qarışdırmamalı).
Beləliklə, bu şəkilçi (-ış şəkilçisi) fellərə artırılaraq ya isim, ya da feldən başqa bir növü bildirən fel düzəldir.
Lakin dilimizdə -ış şəkilçisinin başqa bir funksiyası da var və həmin funkisiya ilə bu şəkilçi vasitəsilə çoxlu xüsusi isimlər düzəlir. Şəkilçinin bu funksiyası barədə morfologiya kitablarında danışılmır. Bu vəzifədə -ış şəkilçisini əvvəlki iki şəkilçidən fərqləndirən cəhət budur ki, bu şəkilçi isimlərdən isim düzəldir. Faktlar göstərir ki, xüsusi isimlərdən xüsusi isim düzəldən bu şəkilçi başdan-binadan kiçiltmə, əzizləmə çaları yaratmaq üçün yaranmışdır. Lakin bunun – bu şəkilçinin əsasında çoxlu şəxs adları yaranmış, həmin adlar geniş işləklik qazanmış və öz kiçiltmə çalarını, demək olar ki, itirmişdir. Məsələn: İbrahim – İbiş, Südabə – Suduş, Gülsəba – Gülüş, Əliverdi (Əliməmməd) – Əliş, Nurullah – Nuruş, Fərman – Fəriş, Fətulla – Fətiş, Sərxan – Səriş, Allahverdi – Alış, Göyalı – Göyüş, Baba – Babaş, Nənə – Nənəş, Fərəh – Fəriş, Dilarə - Diliş və s. İlkin müşahidələr göstərir ki, -ış şəkilçisi sözün (xüsusi adın) ilk qapalı hecasına artırılır və –ış,-iş,-uş,-üş variantları ilə yanaşı, -aş,-əş şəklinə də düşə bilir: Bab-aş, Nən-əş. Xüsusi adların bu cür yaranma tərzini bilmədən Nuruş, Alış, İbiş, Səriş və s. kimi sözlərin etimoloji cəhətini araşdırmaq mümkün deyil. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bu cür adlar ilk hecası eyni olan müxtəlif xüsusi addlardan da yarana bilər. Məsələn, Əliş xüsusi ismi Əliverdi sözündən də, Əliməmməd sözündən də, Əlisahib sözündən də yarana bilərdi. Bunun üçün birinci – qapalı hecanın uyğunluğu kifayətdir.
2.-dakı, -dəki şəkilçisi dilçiliyimizdə sifət düzəldən şəkilçi kimi izah olunur. «Azərbaycan dilinin qrammatikası» (1-ci hissə, Morfologiya) kitabında bu şəkilçi –kı,-ki,-ku,-kü şəkilçisinin bir forması kimi izah edilir. Ə.M.Cavadov yazır: «Bu şəkilçinin -kı,-ki variantı yerlik halda işlənən sözlərin axırına qoşularaq, məkan bildirən sifətlər düzəldir. Həmin sifətlər müəyyən bir məkan daxilində yerləşən hadisənin, əşyanın yerini bildirərək, onu məkanca təyin edir; məs.: yanındakı (uşaq), qazandakı (ət), yoldakı (maşın), bağdakı (ağac), küçədəki (adam)».(1,63) Vaxtilə M.Hüseynzadə də eyni şəkildə fikir söyləmişdir. (2, 95) Bu vaxta qədərki bütün əlaqədar yazılarda belədir.
Qeyd etməliyik ki, bu şəkilçi bir neçə formada işlənir:
-başqa şəkilçiyə ehtiyac olmadan sözlərə -kı,-ki,-ku,-kü şəklində birləşir: dünənki, səhərki, axşamkı, çoxdankı və s.
-yerlik halın şəkilçisindən sonra işlənir: evdəki, kənddəki, Həsəndəki, Bakıdakı, klubdakı və s.
-mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: başındakı (papaq), əlindəki (kitab), evinizdəki (samovar), qapınızdakı (öküz), həyətinizdəki (ağac), məktəbinizdəki (müəllim), yadınızdakı (hadisə) və s.
-kəmiyyət, mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: dağlarınızdakı (qar), bulaqlarınızdakı (duruluq) meşələrinizdəki (ağaclar) , çəmənlərinizdəki (çiçəklər) və s.
Dediyimiz kimi, bu şəkilçi çoxişlənən sözdüzəldici – sifət düzəldən şəkilçi sayılır. Bu mənada məktəb dərsliklərinə də daxil edilmişdir.
Qeyd etməliyik ki, bu şəkilçi kəmiyyət, mənsubiyyət və hal şəkilçisi olmadan bir sıra sözlərə artırılaraq işləndikdə söz isim xüsusiyyətlərini itirir və düzəltmə sifətə çevrilir. Belə sözlərə kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri artırmaq olmur; məs.: axşamkı əhvalat birləşməsini axşamlarınızdakı əhvalat, dünənki məsələ birləşməsini dünənlərinizdəki məsələ şəklində işlətmirik.
Bu şəkilçi (-kı,-ki,-ku,-kü şəkilçisi) yerlik halla yanaşı, yiyəlik haldan sonra da işlənir. Yiyəlik halla işləndikdə mənsubiyyət mənasına malik olur: Sahib şəxsi bildirir, mənsub əşyanı isə qeyri-müəyyən şəkildə ifadə edir. Mənsub əşyanı yalnız mətnə əsasən bilmək olur; məs. Sənin kitabın buradadır. Deyəsən, mənimki də buradadır. Yerlik halda olan sözə artırıldıqda isə başqa vəzifə daşıyır. Bu şəkilçidən əvvəl kəmiyyət, mənsubiyyət və hal (yerlik hal) şəkilçilərinin işlənməsi göstərir ki, bu məqamda -kı,-ki şəkilçisi sifət düzəldən şəkilçi deyil, çünki sözdə ismə məxsus morfoloji xüsusiyyətlər, qrammatik əlamətlər tam saxlanmış olur. Sözdüzəldici şəkilçi sözdəyişdiricidən sonra gələ bilməz. Faktlar göstərir ki, bu halda həmin şəkilçi feli sifət, feli bağlama şəkilçiləri tipində bir şəkilçidir. Elə sözlər düzəldir ki, həmin sözlərdə ismin əsas qrammatik əlamətləri qalır və sözlər həm də sifət xüsusiyyəti qazanır. Odur ki bu şəkilçini isim xüsusiyyətlərini (kəmiyyət, mənsubiyyət, hal) saxladıqda sifət şəkilçisi yox, atributivlik yaradan ismi sifət şəkilçisi adlandırmaq olar. (Bax: 3, 106-107)
3. -sız və -lı dördvariantlı şəkilçilərindən birlikdə danışmaq lazım gəlir. Antonim məna ifadə edən bu şəkilçilər də sifət düzəldən şəkilçilər hesab olunur: «…-lı,-li,-lu,-lü şəkilçisi bir qrup isimlərin sonuna bitişərək, ismin mənasına uyğun mənanı ifadə edən sifət düzəldir; məsələn bacarıqlı (adam), aynalı (tüfəng), hazırlıqlı (tələbə)…» «-sız,-siz,-suz,-süz… şəkilçili sifətlər bir şeyin müəyyən bir əşyada yoxluğunu bildirir; məs.: dadsız (xörək), səssiz (ev), susuz (səhra), ruhsuz (oğlan), sözsüz (mahnı)».(1,62) M.Hüseynzadənin fikrincə, dördvariantlı -lı şəkilçisi «keyfiyyət, dad, yer mənsubiyyəti, kəmiyyət çoxluğu, xasiyyət, əlamət və s. bildirən sifətlər düzəldir». (2, 91-92)
-lı şəkilçisi əksərən artırıldığı sözdə sözün mənasına uyğun keyfiyyətin, maddənin olduğunu göstərdiyi halda, bəzən bir qədər fərqli məna ifadə edir. Məs.: duzlu xörək – duzu olan xörək yox, duzu çox olan xörək mənasındadır. M.Hüseynzadə bu barədə qeyd edir ki, belə sözlərdə, «şübhəsiz, bu fərq o qədər də kəskin hiss edilmir və bu müqayisə də bütün misallara aid deyildir». (2, 92)
M.Hüseynzadə bu fikrini çox sözündən düzələn çoxlu sözündən danışarkən də söyləmişdir: «…çox sözü də bəzən -lu şəkilçisini qəbul edərək çoxlu şəklində işlənə bilir. Bu söz sifət şəkilçisini qəbul etsə də, tərkib daxilində yenə də say məzmunu ifadə edir». (2, 92) «-sız,-siz,-suz,-süz şəkilçisi vasitəsi ilə –lı,-li,-lu,-lü şəkilçisinin yaratdığı mənaların əksini, yəni mənfi məna ifadə edən sifətlər düzəldir… Bu şəkilçilərlə* əmələ gələn düzəltmə sifətlər birincilərin əks mənasını ifadə edir; yəni bunlar, başlıca olaraq, yoxluq məzmunu bildirir». (2, 93) Eyni fikir başqa kitablarda da söylənmişdir.(1, 62)
Bizim fikrimizcə, bu şəkilçilər morfologiya kitablarında öz təyinatını düzgün tapmamışdır. Bu şəkilçilər «bir qrup sözə» deyil, bir nitq hissəsindən, bir kateqoriyadan - isimlərdən ibarət bütün sözlərə artırıla bilir. Məs.: divarlı-divarsız, evli-evsiz, qapılı-qapısız, pəncərəli-pəncərəsiz, rəngli- rəngsiz, döşəməli – döşəməsiz, tavanlı-tavansız, havalı – havasız, adamlı – adamsız, süpürgəli – süpürgəsiz, rəngli – rəngsiz, işıqlı – işıqsız, künclü – küncsüz və s. Bu hal, yəni bir nitq hissəsinə daxil olan bütün sözlərə artırılması qrammatik şəkilçilərin, sözdəyişdiricilik əlamətlərinin xüsusiyyətidir. Sözdüzəldici şəkilçilər nə qədər məhsuldar olsa da, hər sözə artırılıb yeni söz düzəldə bilməzlər. Belə olsa idi, bu şəkilçilərin hesabına dilimizin lüğət tərkibinin böyük hissəsini təşkil edən bütün isimlərdən ikiqat sifət düzəltmək olardı. Bu isə mümkün deyildir. Bu şəkilçilər isimləri təsdiq və ya inkar mənada işlətmək üçün yaranmış qrammatik əlamətlərdir. Vaxtilə şumer dilində fellərin inkar mənada işləndiyini bildirən şəkilçi ilə yanaşı, təsdiq bildirən şəkilçi də olub. Sonralar sıradan çıxıb. Lakin adlarda bu forma qalıb. Bu şəkilçilər tədqiqatçını ona görə yanlış yola salır ki, eyni zamanda güclü atributivliyə malik şəkilçilərdir. Atributivlik isə sifət olmaq demək deyil. Atributiv sözlər sifət keyfiyyətinə malik olan sözlərdir və bunlardan -lı şəkilçisi hətta substantivləşə də bilir və nəticədə substantiv və mənsubluq bildirən isimlər yarada bilir: kəndli, şəhərli, Kəngərli, Abbaslı və s. kimi. -sız şəkilçisi bu keyfiyyətə malik deyil. (3, 104-105)
Dostları ilə paylaş: |