A.G. CƏFƏROV
AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİNİN
ƏHƏMİYYƏTİ VƏ HAZIRLANMA PRİNSİPLƏRİ
Açar sözlər: Orfofoniya, orfoqrafiya, tələffüz üslubu, eksperimental fonetika, tələffüz normaları
Ключевые слова: орфофония,орфография,стиль произношения, экспериментальная фонетика, нормы произношения
Key words: orthophony, orthography, pronunciation style, experimental phonetics, pronunciation norms
Azərbaycan dilçiliyində müxtəlif lüğətlər hazırlansa da, lakin bu sahədə problemlər də mövcuddur. Belə ki, müstəqillik əldə edildikdən sonra 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar tarixli məlum sərəncamından sonra bir sıra lüğətlər hazırlandı ki, onlardan biri və bəlkə də ən çox işlək olanı da «Azərbaycan dilinin orfoqrafiya lüğəti»dir. Lakin Azərbaycan dilçiliyində hazırda digər lüğətlərə, xüsusən də orfofoniya lüğətinə kəskin ehtiyac duyulmaqdadır. Orfofoniya lüğəti, ümumiyyətlə, bu anlayışın özü dilçiliyimizdə yenidir. Bu sahədə Azərbaycan dilçiliyində yalnız professor F.Veysəllinin elmi nailiyyətləri vardır. Bu sahə ümumilikdə dilçiliyimizdə eksperimental fonetika sahəsinin yaranması və inkişafı ilə bağlıdır. Belə ki, F.Veysəlli «Eksperimental fonetika» kitabında orfofoniyanın izahını verir, orfoepiya və orfofoniyanın fəqli sahələr olduğunu elmi şəkildə əsaslandırır. Bundan başqa «Fonetika və fonologiya məsələləri» monoqrafik tədqiqatında F.Veysəlli bu məsələyə yenidən qayıdır, orfoepiya və orfofoniya elm sahələrinin fərqlərini kifayət qədər dolğun şəkildə izah edir. Orfofoniya lüğətinin üstün cəhətlərindən biri də, eyni zamanda həm orfoqrafik, həm də vurğu lüğətlərinə olan ehtiyacı qarşılamasıdır. Lakin orfofoniya lüğətinin əsas mahiyyəti dildə olan ləhcə fərqlərini minimuma endirmək, ədəbi dildə düzgün danışıq normalarını müəyyənləşdirmək, əcnəbilərin dili öyrənərkən daha az səhvlərə yol verməsini təmin etmək, radio və televiziyada baş verən normadan yayınmaları tənzimləməkdən ibarətdir. Orfofonik lüğətlər birbaşa canlı danışıq dili əsasında hazırlandığından, dilin bütün incəliklərini özündə ehtiva edə bilir. Bu mənada orfofonik lüğətlər dilçilik üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Bu tipli lüğət Azərbaycan dilçiliyində və ümumiyyətlə, dünyada ilk nəşrlərdən biri olacaq. Lüğət həm də təkcə orfofoniya sahəsində deyil, eyni zamanda orfoepiya və vurğu luğətləri sahəsindəki boşluqları da qismən dolduracaq. Eyni zamanda lüğətdə Azərbaycan dilinin 100 mindən artıq sözünün həm orfoqrafik, həm orfofonik formasının hazırlanması da dilçiliyimiz üçün olduqca böyük əhəmiyyətə malikdir.
Orfofoniya lüğətinin hazırlanması iki mərhələdə aparılmalıdır. Birinci mərhələdə materiallar toplanmalı, ikinci mərhələdə isə yığılan materialın təhlili və ümumiləşdirilməsi prosesi başa çatdırılmalı və lüğət çap olunmalıdır.
Lüğətin hazırlanmasında, əsasən, eksperimental metoddan istifadə olunmalıdır. Ayrı-ayrı obyekt və hadisələrin əlamət və keyfiyyətlərinin öyrənilməsi üçün elmi şəkildə təşkil olunan təcrübəyə eksperiment deyilir. Eksperiment (eksperimentum) sözü latın mənşəli olub, «təcrübə» mənasını bildirir. Hələ keçmişdə təşkil olunmuş geniş təcrübələr eksperiment adlanırdı. Məhz eksperiment üsulu ilə hər hansı bir hadisə və ya proses öyrənilərkən ona aktual şəkildə müdaxilə edilir. Bunun vasitəsi ilə əldə edilən nəticələri təkrar-təkrar yoxlamaq olur. Düzgün təşkil olunmuş eksperiment tədqiqatçını hər cür şübhə və tərəddüdlərdən azad edir. Elmi şəkildə aparılan təcrübənin – eksperiment üsulunun köməyi əsasında müəyyən obyektin əlamət və xüsusiyyətləri tam dəqiqliyi ilə öyrənilir. Eksperiment həm təbiət hadisələrinin, həm də ictimai hadisələrin tədqiqinə tətbiq olunur. Bu üsuldan ilk dəfə təbiət elmlərində, o cümlədən fiziologiya, fizika və kimyada geniş istifadə olunmuşdur. Eksperimentin işlənilməsi daha çox istehsalla, texnika ilə bağlıdır. Lakin bu üsulla dilin hadisə və proseslərini də izləmək, tədqiq etmək, öyrənmək mümkündür.
Dil hadisələrinin təbii vəziyyətinə müdaxilə edib tədqiqat aparılmasına linqvistik eksperiment üsulu deyilir. Eksperiment dilçilik tədqiqatlarında ayrıca üsul deyildir. Lakin bu üsul bir sıra dil hadisələrinin elmi cəhətdən düzgün dərk edilməsi üçün vacibdir.
Dilçilikdə eksperiment üsulu XIX əsrin ortalarından tətbiq edilməyə başlanılmışdır. XX əsrdə bu üsula xüsusi əhəmiyyət verilmişdir. Eksperiment əsasında bir sıra qiymətli tədqiqat əsərləri yaradılmışdır. Linqvistik eksperimentdən müasir dilçilikdə daha geniş istifadə olunur. Hazırda dilçiliyin inkişafında bu üsul öz müsbət təsirini göstərməkdədir.
Linqvistik eksperiment üsulundan dilin müxtəlif sahələrinin tədqiqində istifadə etmək mümkündür.
1. Fonetik eksperiment. Fonetik hadisələrin araşdırılması, dəqiqləşdirilməsi və öyrənilməsində eksperimentin rolu çoxdan elm aləminə məlumdur. Hələ XIX əsrdən başlayaraq bu üsulla müxtəlif dillərin fonetik quruluşu tədqiqata cəlb edilmiş, böyük fonoloji elmi nəticələr əldə edilmişdir. Müasir dilçilikdə fonetik eksperimentə daha geniş yer verilir. İndi eksperimentsiz aparılan fonetik tədqiqatlar yüksək qiymətləndirilmir və bəlkə də mənasız hesab olunur.
2. Orfofonik eksperiment həm orfofoniya, həm də orfoepiya sahəsində aparılır. Bu sahədə tətbiq olunan hər bir eksperiment, yəni orfofonik eksperiment ayrı-ayrı fonemlərin müəyyən fonetik mövqedə, digər fonemlərlə qonşuluqda, eləcə də vurğu və intonasiyanın təsiri nəticəsində baş verən dəyişiklikləri öyrənməyə xidmət edir. Məsələn; «tar» sözündə 3 fonem ˗ /t/, /a/, /r/ vardır. Bu fonemlərin sözdə necə deyilməsi orfoepiyanın yox, orfofoniyanın işidir. Н.Д.Андреев rus dilində -кий şəkilçisinin iki variantda (-kği, -kci) işləndiyini yoxlamaq üçün 2280 adamın nitqini eksperiment üsulu ilə yoxlamışdır. Bunlardan yalnız 3 nəfərin sərt (k) ilə tələffüz etdiyini müəyyənləşdirmişdir [4, 51].
Bundan başqa, elmi üsul kimi linqvistik eksperimentin 2 forması da vardır:
1. Linqvistik laborator eksperiment. Dil hadisələrinin xüsusi laboratoriya şəraitində öyrənilməsinə laborator eksperiment deyilir. Bu formada aparılan eksperimentlərdə cihazlardan istifadə edilir. Bu baxımdan dilçilikdə fonetik hadisələr məhz laborator eksperimentlə asanlıqla öyrənilir. Linqvistik eksperiment üsulu ilə dilin fonetik sisteminin tədqiqində palataqrafiya, rentgenoqrafiya, fotoqrafiyaya və səsi analiz edən spektran aparatına geniş yer verilir.
Xüsusi şəraitdə - fonolaboratoriyalarda yerinə yetirilən işlərin nəticələri daha dəqiq olur. Bu növ eksperiment şəxs üzərində aparılır. Buna görə də informatorun düzgün seçilməsi ən vacib məsələlərdəndir. Təcrübə göstərir ki, belə təqiqatın təşkilində informator monodilli olanda, yəni qeyri-dilləri bilməyən, yalnız öz doğma dilində danışan şəxs seçilərkən daha inamlı və etibarlı nəticələr əldə edilə bilər. Müasir dilçilikdə bir çox dillərin fonetik hadisələri bu üsulla ətraflı tədqiq edilmişdir. Bu üsulla aparılan tədqiqatlar bəzən «eksperimental fonetika» da adlanır.
2. Linqvistik təbii eksperiment təbii şəraitdə aparılan eksperimentə deyilir. Burada laborator eksperimentdən fərqli olaraq cihazlardan istifadə edilir. Bu eksperimentdə tədqiqatçı daha sərbəst olur. Təbii eksperiment öz mahiyyətinə görə müşahidə üsuluna daha yaxındır. Linqvistik eksperiment üsulun səmərəsi onun düzgün təşkili və aparılması ilə bağlıdır. Burada da obyektin müəyyənləşdirilməsi, məqsədin dəqiqləşdirilməsi əsas şərtlərdəndir. Dilçilikdə eksperimentin məqsədyönlü planlaşdırılması işin gedişini asanlaşdırır, düzgün nəticə əldə etməyə imkan verir. Ümumiyyətlə, dil sahəsində təşkil edilən hər bir eksperiment müşahidə üsulu ilə sıx bağlı olur. Tədqiqatçılar bu üsul vasitəsilə eksperimentin gedişinə nəzər yetirir, oradakı hər bir ünsürü, vəziyyəti öyrənə bilir.
Beləliklə, tədqiqatın nəticəsində hazırlanacaq lüğətdən həm dilçilik, həm də digər sahələrdə istifadəsi mümkün olacaq. Tədqiqatın nəticələrindən eyni zamanda bu sahədə gələcəkdə aparılacaq tədqiqatlarda istifadə etmək olar.
Ədəbiyyat
1. F.Veysəlli. Eksperimental fonetika. Bakı, 1980.
2. F.Yadigar. Fonetika və fonologiya məsələləri. Bakı, 1993.
3. F.Veysəlli. Seçilmiş əsərləri. I cild. Bakı, 2009.
4. Н.Д.Андреев. Об одном эксперименте в области русской орфоэпии. «ВР». вып. 4, М., 1963
A.M. ƏSGƏROVA
QƏDİM PAREMLƏRDƏ İŞLƏNƏN BƏZİ ÇOXMƏNALI SÖZLƏRİN TARİXİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: türkologiya, çoxmənali, fellər, leksika
Ключевые слова: тюркология многозначные глаголы, лексика
Key words: turkology, polisemantic, verbs, lexica
İctimai hadisə olan dilin hər bir vahidində, o cümlədən sözdə tarixi inkişafin izləri müşahidə olunur. yəni zamanla sözün həm məna, həm də formasında dəyişiklik baş verə bilir. bu inkişaf xüsusiyyətləri tarixi abidələrdəki sözlərin diaxron üsulla təhlilində daha aydin nəzərə çarpir.
Azərbaycan dili zəngin qrammatik və leksik-semantik quruluşa malik olduğu üçün, «söz və onun məna qabığı» məsələsi dilçiliyimizin bütün dövrlərində aktual olmuş, leksikoloqların tədqiqat obeyktinə çevrilmişdir. Dildə hər bir sözün mənası vardır. Lakin hər leksik vahidin məna dərinliyi, çaları eyni deyil.
Dilin inkişaf strukturu göstərir ki, təkmənalı sözlər çoxmənalılığa meyllidir. Yəni çoxmənalılıq bir mənaya malik sözün sonradan bir neçə əşya, keyfiyyət bildirmək xüsusiyyətləri kəsb edərək çoxlu mənalar ifadə etməsidir.
Çoxmənalı sözlərdə sözün məna çalarlığı nə qədər zəngin olsa da, bunlardan biri ilkin-əsas, digərləri isə ondan törəmə mənalardır. Və bu məna çalarları fikrin ifadəsində dəqiqləşir, yəni sözün müxtəlif mənalara malik olmasına baxmayaraq, məhz mətn onun real mənasını konkretləşdirir.
Çoxmənalılıq bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də hələ qədim dövrlərdən mövcud olmuş və dilimizin qanunauyğunluqlarından birinə çevrilmişdir. XVI-XVII əsrin yazılı nümunəsi olan «Oğuznamə»də də çoxmənalı sözlərə aid onlarla misal vardır. Həmin misallar kəmiyyət etibarilə daha çox ismə, sifətə və felə aid olduğu üçün bu nitq hissələri üzrə qruplaşdırmağa çalışdıq:
İsimlərdə çoxmənalılıq nisbətən azdır və bunlar əsasən insan orqanizminin adları və oxşar funksiyalı sözlərdən ibarətdir. Məsələn:
Yüz: –Əl əli yuvar, iki əl yüzi yuvar (47). 2. Şərait-güzəran mənasında: Allah yüzi yoxsulluğun göstərməsin (19) (Allah yoxsulluğun üzün göstərməsin). 3. Abır, həya mənasında: Ər oldur ki, yüzi suyun satın ala.
Göz; – 1.İnsan, şəxs mənasında: Allah sağ gözü sol gözə möhtac eyləməsin (19). 2. Hava mənasında: Qış gözü qarağu olur. 3. Fikir mənasında: Odunçu gözü umacda (42). 4. Zövq mənasında: Ulu gözülə qız al, ərgən gözilə at al (50).
Əl;– Dilənmək mənasında: Nakəsə əl açmaqdan ac olmaq yegdir (49). 2.Hörmət, münasibət mənasında: Əl əli yuvar, iki əl yüzü yuvar (147).
Oyun;– Oğlanın (uşağın) dərdi oyundur (46). 2. Dostluq, mehribanlıq mənasında: Od ilə pambuğun nə oyunu var. Ət ilə bıçağın nə oyunu var (19).
Ad; – İftira, şər mənasında: Bir kişinin adı çıqıncayadək göni çıqar (77). 2. namus mənasında: Arx arınar, ad arınmaz. Ad altında ər ölür. Ad işlər, işi sən işləməzsən (62). 3. Hörmətli, tanınmış mənasında: Adlu kişi adından qorqar, adsuz kişi tanrıdan qorxmaz (63).
Sifətlərin çoxmənalılığı. Məlumdur ki, sözdə çoxmənalılığı yaradan əsas səbəblərdən biri əlamətin oxşarlığıdır və təbii olaraq, sifətlərdə bu proses daha güclüdür. Abidənin dilində belə sifətlərin çoxluğu bu prosesin qədimliyindən xəbər verir.
Rəng bildirən «qara» sifətinin çoxmənalılığı daha maraqlıdır. Bu sözdən törəyən yeni mənalar əslindən uzaqlaşmış olsa da, ilkin mənanı nisbətən özündə saxlayan müxtəlif sözlər əmələ gəlmişdir. Məsələn: qara (rəng mənasında): Qara düzən ev bozmaz (qara geyinən ev artmaz, sevinməz) (142). 2. Ölüm, zülüm mənasında: Qara xəbər yerdə qalmaz (148). Ər də düşər qərə bəxtə, övrət də düşər qərə bəxtə (45). 3. Kədər, qəm mənasında: Ər qararar, könli qararmaz (20). Bulutlu gündə könül qaradır (71).
Bundan başqa, aşağıdakı ifadələrdə işlənən qarasınca (ardınca), qaramaq (baxmaq) sözlərinin də əsasında, bizcə,qara sifəti durur: Güc gücə kötü qaradır (158). Çün yoldaşın simüz sevməz sən gir yüyür qarasına (140).
Qara sifətinin polisemik imkanları «Dədə Qorqud Kitabı»ndan başlayaraq bu günümüzə qədər ədəbi dilin bütün mərhələlərində izlənir və təfəkkürün təkamül nəticəsi kimi qiymətləndirilir.
Qara köklü sözləri təhlil edən H.Quliyev göstərir ki, «Kıpçaqqruputürkdillərindəbaxmaq, görmək mənalı fellərin əsasında qara feli durur. Qara kökü Azərbaycan dilindəki qaravul, qaravulçu sözlərində də izini qoruyur, Oğuz dillərindən türkmən və bir çox başqa türk dillərində (qazax, qaraçay, balkar, qaraqalpaq, qırğız, uyğur, tatar və s.) qara feli baxmaq, diqqət etmək mənasında ifadə olunur». Azərbaycan dilinin şivələrində də gözünü zilləmək mənasında qaralamax sözü işlədilir. Bu sözlərdəki qara (rəng) semantikası ya göz bəbəyi, ya da hədəflə bağlıdır. Bizcə ikinci daha inandırıcıdır. Çünki ardınca mənasında işlənən qarasına sözündə kölgənin tünd rəngdə olması bu fikri əsaslandırır. Hətta qədim abidələrimizdə «böyük», qüvvətli, əzəmətli mənasında işlənən «qara» sözünün də rənglə bağlılığını ehtimal etmək olar, çünki bu sifət (qara) əsasən böyük kölgələr yarada bilən, qaraya çalan əşyalarla daha çox işlənmiş və bəzi onomastik vahidlərdə izini qorumuşdur.Məsələn: Qarşu yatan qarlu qara tağlar qaruyubdur otu bitməz (KDQ, 49). Müasir dilimizdə izincə, arxasınca mənasında işlənən «qarabaqara» sözünün də eyni semantik kökdən törəndiyi qənaətindəyik.
Müasir ədəbi dilimizdə «qara» – sifəti rəng bildirmə funksiyasını saxlamış, qalan məna çalarları isə nisbətən arxaikləşmişdir.
Qarağı (kor); – Qarağıqutsuzu bir düşdügi yerə yenə düşər (144).
Kor mənasında işlənən qarağı arxaizmi də, fikrimizcə, qara köklü sözlərdən olub, qaranlıq məfhumu, qara sifəti ilə bağlıdır.
Quru; – Quru gön bit arturar (153). 2.Hörmətsiz mənasında: Quru salamı yel alur. 3. Ac mənasında: Qışın çırağı quru olanın, yazın tamağı quru olar (152). 4. Günahkar mənasında: Quru qatında yaş da yanar (141).
Toğru; – Müasir dilmizdə bu söz «t-d» səs əvəzlənməsi ilə sabitləşib. 1. Toğru derlər: İttifaq etsə kişi aləmi dutar. 2. Haqlı, düz danışan mənasında: Toğruya zəval yoqdur (135). 3. Yol mənasında: Toğrudan gedən gec gəlür, tolamçadan tez gəlür (135). 4. Günahsız mənasında: Toğru tutulmayınca əgri bulunmaz (132).
Ağır (əziz); – Taş qopduq yerdə ağır olar (134). 2. Hörmət etmək mənasında: Qonağın enisi endicək ev issin ağırlar (147). Toq ağırlamaq güc olur (135).
Yuxarıda göstərilən işləkliyini saxlamış sifətlərlə yanaşı, mənbədə arxaikləşmiş sifətlər də zəngin məna çalarları ilə ifadə olunmuşdur. Məsələn: tatlı (şirin), qarağu (kor), ulu (böyük) və s.
Tatlu (şirin); – Tatlu suyu kim içməz (134). 2. Ürəkaçan mənasında: Tatluyu tatlu söylə (135). Övrətə bir ətək aqçadan bir tatlu dil yegdir (138). 3. Əziz, qiymətli mənasında: Adəm oğlanı yaşadıqca canı tutlu olur(31).
Ulu (böyük); – ulu-ulu tağları keyiklər bilür (37). 2. Qoca, müdrik mənasında: Ulular sözin tutmayan ylayu qalar (59).
Fellərin çoxmənalılığı abidənin dilində çox geniş şəkildə nəzərə çarpır. Çünki obrazlılıq gücü yüksək olan paremilərdə müxtəlif məfhumlara aid hərəkətlərin oxşadılması və köçürülməsi nəticəsində fellərin polisemantik əlaməti ortaya çıxır. Məsələn, düşmək, almaq, kəsmək, aşmaq, qoparmaq, çəkmək, çıxmaq və s. bu kimi fellər, «Oğuznamə»nin dilində də, bu gün müasir dilimizdə olduğu kimi işlənməkdə və çoxmənalılıq ifadə etməkdədir.
Almaq: – götürmək, istəmək mənasında: Danışməndlər vermək sevməz, almaq sevər (107), Yoqludan tanrı da almaz (193). 2. Evlənmək mənasında: Qız almaq, hasar almaq kibidir (153), Gənc alan aldanmaz (106). 3.Sevmək mənasında: Könül alan güvəndi (162), 4. Çatmaq mənasında: Yorğa yolda qalır, yelədən mənzil alır (190), 5. İncitmək mənasında: Yılanın öcün kərtənkələdən alma (196). 6. Javab vermək mənasında: Yenilə bay olan salam almaz (189).
Çəkmək:– çəkmək, vurmaq mənasında: Birəgünün beş ağçalıq yayın çəkməkdən beş yüzlıq qılıncın çəkmək yegdir. 2.Qalxmaq mənasında: Nərdübanı tam üstünə çəkmə, aqibət sarqup enərsən (181). 3.Qəmlənmək mənasında: Üç nəsnə adamı arıqladır: sini çınğırtısı, övrət yavuzlığı, intizar çəkmək (37). 4. Qaldırmaq mənasında: Qurd boynuna çəkər: assın dönüb, nəsnə umma (142).
Çıxmaq: – Ət ilə dırnaq arasına girən yeyüp çıqar (65). 2. Qalxmaq, eşidilmək mənasında: Köpək üni gögə çıqmaz (165). 3. Kor olmaq mənasında: Kəndü düşən ağlamaza ağlamaq degil, amma gözi də çıqar (169). 4. Qazanmaq mənasında: Ər olan rizqin taşdan çıqarur (61). 5.Səhv etmək mənasında: Niylərsən eylə, yoldan çıqma (180). 6. Şərlənmək mənasında: Bir kişinin adı çıqıncayadək gönü çıqar (77).
Düşmək: – Qarağı qutsuzu bir düşdügü yerə yenə düşər (144). 2. Qaçmaq mənasında: Keçmiş yağmurun kəpənək kibi ardına düşmə (156). Quyuyu boyunca qaz, şayəd kəndin düşərsən (155). 3. Olmaq mənasında: Ümməti-Məhəmmədin sözi kəsadlığa düşməsin (37).
Kəsmək: – Sürçinatın ayağın kəsməzlər (76). 2.Paylaşmaq mənasında: Ətmək kəsmək hünərdir (30). 3. Uzaqlaşdırmaq mənasında: Övrət kişiyi atadan-anadan ayırar, eşindən-dostundan kəsər (137). 4.Doymaq mənasında: Qurd qoyundan tamaın kəsməz (154). 5. Məğlub olmaq mənasında: Kəsəmədigin əli öp, başına qo (162).
Vermək:– Qaşığ ilə aş verüp, sapıyla gözün çıqarma (141). 2. Göstərmək mənasında: Almaq qolay, vermək gücdür (61). Oğlana üz versən başdan aşar (36). 3. Ölmək mənasında: İllətlə dirilən möhnətlə can verər (137). 4. Həsib etmək mənasında: Tanrı kişiyə kəndiyə müti olmaz oğul versin (85). 5. Danışmaq mənasında: Sən qazan, qonşun hesabın verə, sənin gözündəki çopi görməyə (113).
Yapmaq: – tikmək mənasında:Məscid yapılmadan, ğərib qapısına gəlir. 2.Nəsib etmək mənasında: Qarağı legləgin yuvasın haq yapar (142). 3. Sevindirmək mənasında: Könül yapdun, əriş yapdın, könül yıqdın, əriş yıqdın (163).
Bulmaq: – tapılmaq mənasında:Verəcək ucundan alacaq bulmadım (183). At bulunar, əyər bulunmaz (20). 2. Yaşamaz mənasında: İyəvən qız ərə varmaz, varırsa da bəxt bulmaz (33). 3. Söyləmək mənasında: Toqun önünə aş qosan, bin qurlü bəhanə bular.
Arınmaq: – təmizlənmək, hörmət qazanmaq mənasında:Arx arınar, ad arınmaz.
Urmaq: – Döymək mənasında: Eşəgə gücün yetməsə, qoduğun urma (46). 2. Ovlamaq mənasında: Bir taş ilə iki quş urulmaz (70). 3. Etmək, eləmək mənasında: Qurd ilə quzu yeyib, qoyun ilə şivən urma (143). 4. Hesablamaq mənasında: Hiç hiçə vursan, yenə hiç (185). 5. Qoymaq mənasında: Qara esəgə yular (yəhər, yedək) ursan, qatır olmaz (149).
Bayımaq: – varlanmaq mənasında:Kişi bir uğurdan bayımaz (162). 2. Böyümək, şöhrətlənmək mənasında: Oğuz yumundan bayımışdır. (Oğuz xeyir-duadan varlanar, böyuyər) (150).
«Oğuznamə»də ümumişlək olan bu fellər digər tarixi mənbələrimizdə də tez-tez işlənmiş, lakin XVII-XVIII əsrlərdən sonra sabitliyini itirmişdir. Bu arxaizmlərin yeni variantları da eyni polisemantikanı saxlamaqdadır.
Abidənin lüğət tərkibindən gətirdiyimiz kifayət qədər nümunələraforistik ifadə tərzində polisemiyanın nə qədər güclü olduğunu təyin edir.
Eyni zamanda dilin inkişafından doğan çoxmənalılığın yaranış yaşı bəlli olmayan atalar sözlərində bu qədər möhkəm mövqe tutması, Azərbaycan dili tarixində «Oğuznamə»ni tamamən öyrənməyin aktuallığını bir daha hiss etdirir.
Xüsusilə, dilin inkişafından doğan polisemiyanın yaranış yaşı bəlli olmayan atalar sözündə bu qədər möhkəm mövqe tutması prosesin qədimliyini göstərməklə yanaşı, alınan nəticələr həm də türk dillərinin semasioloci inkişafı baxımından maraqlıdır.
Ədəbiyyat
1.Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, səh, 15;
2. Müasir Azərbaycan dili. I c., Bakı: Elm, 1978, səh, 141.
3. Ж.Вандриес Язык: лингвистическое введение в историю. М.,1937, стр. 171.
4. Г.К.Кулиев Сравнительно-исторический аннализ лексико-семантического развития глаголов зрения в тюркских языках огузской группы. // Советская тюркология. Баку,1976, № 4, стр. 9-10.
5. Dialektoloji lüğət. Bakı: AEA-nın nəşri, 1964, səh, 115.
6. Т.Гаджиев Восстановление древних морфем в тюркских языках.//Этимологические и историко-морфологические исследования тюркских языков. Баку: АГУ, 1987, стр. 7;
7. Məmmədova A.«Dədə Qorqud kitabı»nda milli leksikanın arxaik qatı. //Tədqiqlər. Bakı: Elm, 2004, № 1, səh, 184;
8. Quliyev Ə.A.Qədim türk onomastikasının leksik-semantik sistemi. I hissə. Bakı: Elm, 2001, səh, 65.
T.M. ƏSGƏROVA
XALQ ƏDƏBİYYATI ÖZƏLLİKLƏRİ NƏSİMİ DİLİNİN
ƏSAS VASİTƏLƏRİ KİMİ
(İSMİ, FELİ VƏ ƏRƏB, FARS QURULUŞLU
FRAZEOLOJİ VAHİDLƏR)
Açar sözlər: Nəsimi, Azərbaycan, fel, frazeologiya, mili
Ключевые слова: Насими, глагольные, фразеологизмы, Азербайджанского, народного, языка
Key words: Nasimi, verb, phraseology, Azerbaijan, nation
Qloballaşma mühitində klassik irsimizin tədqiqi, xüsusən orta məktəblərdə onun tədriri məsələsi günün ən vacib məsələlərindəndir.
Böyük şairimiz Nəsimi Azərbaycan ədəbi dilinin inkişaf, mərhələsində ən yüksək səviyyəni fəth etmiş, bədii yaradıcılığında ana dili söz və ifadələrini aparıcı mövqeyə qaldırmaq məqsəd ilə xalq dili incilərini və Azərbaycan xalq dilində mənimsənilmiş ərəb və fars sözlərini ana dili sözləri ilə qoşalaşdırıb, XIV-XV əsrin əvvəllərində klassik poeziyanın təkrarsız nümunələrini yaratmış nəhəng bir şairdir.
Nəsimi Azərbaycan ədəbi dilini xalq ədəbiyyatı materiallarından istifadə etməklə yüksək, zirvəyə qaldırdı onu xalq dili incilərinin rəngarəng semantik çalarları ilə zənginləşdirdi və xalq ədəbiyyatından alıb işlətdiyi söz və ifadələrlə həqiqi mənada poetik möcüzələr yaratdı. Azərbaycan xalq dilini XIV əsr Azərbaycan ədəbi dilinin əsas istinad mənbəyinə çevirməklə ədəbi dilin milli, xəlqi vasitələrlə inkişafına rəvac verdi.
Nəsimi dilində milliliyin əsas mənbəyi Azərbaycan türk xalqının özü ilə həmyaşıd olan frazeoloji vahidlər, xalq dili ifadələri, canlı xalq dili vasitələri olan idiomlar şairin dilinin xəlqi bədii ifadə vasitələri ilə zənginləşməsini təmin edir.
Şairin dilində külli miqdarda ismi və feli frazeoloji vahidlər mövcuddur. Bu ifadələr Nəsimi dilini bədii cəhətdən gözəlləşdirmiş, keyfiyyətcə xəlqiləşdirmişdir.
Nəsimi dilinin leksik – semantik zənginliyinin mühüm bir hissəsini ismi frazeoloji vahidlər təşkil edir. Bunların böyük bir qismi qrammatik quruluş etibarilə ismi söz birləşmələri şəklində olub, semantik – məzmun etibarilə rəngarəng, çoxçeşidli frazemlər silsiləsi kimi XIV əsr Azərbaycan ədəbi dilini zənginləşdirmiş, onun xəlqi əsasını gücləndirmişdir. Qeyd etmək lazımdır ki, Nəsiminin dilində geniş miqyasda işlənmiş və sonrakı dövrlərdə eyni intensivliklə Azərbaycan klassiklərinin dilində bədii dilin obrazlar sisteminin inkişafında və zənginləşməsində ən əlverişli ifadə vasitəsi olan ismi frazeoloji vahidlər ədəbi dili bəzəyən, onun bədii vüsətini və bədii effektini yüksəldən bədii təyinlər, bədii epitet kimi qəzəl qəhrəmanlarının tam, bütöv obraz kimi formalaşmasında əsas vasitə olmuşdur. Bunların elə çeşid-çeşid növlərindən Nəsimidən sonra gələn dahi söz ustadları da istifadə etmişdir; bunlar sanki bədii təfəkkürün formalaşmasında əsas vasitə - əsas atributlar kimi orta əsr Azərbaycan qəzəl janrının ən qüvvətli, ən gözəl nümunələrinin yaramasında standartlaşmış, şablonlaşmış bədii ifadə vasitələri kimi ədəbi dildə sabitləşmişdir.
Tədqiqat göstərir ki, Nəsimi dilində işlənmiş frazeoloji vahidlərin əsas qismi türk mənşəli Azərbaycan türk sözlərindən yaranmışdır. Bununla belə, şairin poeziyasında onlarla məcazlaşmış fars dili izafət birləşmələri mövcuddur ki, Nəsimi dilinin poetik vüsətinin yüksəlməsində bunların da xüsusi əhəmiyyəti vardır. Bunlar elə ənənəvi izafət birləşmələrdir ki, onlar ümumən Şərq poeziyasında, eləcə də Azərbaycan klassik ədəbi dilində, klassik poeziyasında bədii personajın, lirik qəhrəmanının – Gözəlin təsvirində onlardan geniş dairədə istifadə edilmişdir. Bunlar göstərir ki, orta əsrlər Azərbaycan ədəbi dilində – orta əsr Azərbaycan klassik poeziyasının formalaşmasında və ədəbiyyatımızın ən bəzəkli janrı (Mir Cəlal) qəzəl janrının formalaşmasında rəngarəng ismi frazeoloji vahidlər ən gözəl obrazların yaranmasında ən əlverişli vasitə olmuşdur. Əsrimizin əvvəllərində fransız alimi Şarl Ballinin dediyi “frazeoloji vahidlər obyektiv gerçəkliyi sadəcə əks etdirmir, obyektiv gerçəkliyi rəsm edir” sözləri sanki ismi frazeoloji vahidlər üçün deyilmişdir.
Tədqiqat göstərir ki, Azərbaycan ədəbi dili tarixində “sevgi janrının-qəzəl janrının” (Mir Cəlal) formalaşmasında ismi frazeoloji vahidlər ən münasib və ən gözəl vasitə olmuşdur. Bu prosesdə türkmənşəli söz birləşmələri qəlibində olan ismi frazemlərlə yanaşı, fars və ərəb dili izafətlərinin də çox böyük mövqeyi olmuş, bu bəzəkli janrın türk dilləri zəminində yüksək inkişaf etməsində türkmənşəli ismi söz birləşmələri kimi ərəb, fars dillərinə məxsus izafətlərin də mühüm əhəmiyyəti olmuşdur. Nəsimi, bir xalq şairi kimi, xalq dilinin özünə məxsus incəliklərinə yaxından bələd olan şair kimi, xalq dilinin yığcam formalarından yeri gəldikcə əsərlərində istifadə etmiş, qəzəllərinin milli zəminə əsaslandığını nümayiş etdirmişdir. əcəl yeli (ölüm), vücud evi (iç. daxil aləm), can parəsi (sevgili), cavidan evi (əbədiyyət), kamil günəş (sevgili, dilbər), qəmər dövrü (cavanlıq, gənclik), çürük söz (mənasız danışıq), quş dili ( sehirli, bəlagətli nitq), can quşu (ruh, nəfəs), hicrin cəfası, hicrin bəlası, zülfün səvadı, hicrih narı, məninin vüsalı, könlüm şişəsi, vücuddim evi tipli klassik ədəbiyyatımızın dilində geniş yayılmış həmin frazeoloji ismi vahidlər əslində(sənin) hicrinin cəfası (ayrılıq hicri), sənin hicrinin bəlası (ayrılığın dərdi, kədəri), (sənin) zülfünün səvadı, (sənin) hicrinin narı (ayrılıq odu, atəşi), (sənin) məninin vüsalı, (mənim) könlümün şişəsi, vücudumun evi (içim, daxilim) ismi frazeoloji vahidlərin budanmış formalarıdır ki, klassik Azərbaycan ədəbiyyatında belə poetik, ixtisar olunmuş söz və ya şəkilçilərdən, sözdən qənaətlə istifadə etmək məqsədilə, (poetik vasitə kimi), geniş dairədə istifadə olunmuşdur. İlkin olaraq xalq dili lakonizmi (yığcamlığı) ilə bağlı olan belə hallar tarixən ədəbi dil materiallarında, poeziya nümunələrində tez-tez müşahidə edilir; onun izləri bu gün xalq dilində yaşamaqdadır: xalam qızı, əmim oğlu tipli birləşmələr əslində mənim xalamın qızı, mənim əmimin oğlu olduğuna baxmayaraq, xalq dilində birinci variantlar sabitləşmişdir.
Nəsiminin frazeoloji yaradıcılığı ondan sonra yazıb - yaradan Azərbaycan ədəbi dili nümayəndələri, söz sahibləri, Azərbaycan ədəbi dili klassiklərinin bədii yaradıcılıqlarında da davam etdirilmiş və onlar bədii cəhətdən qüvvətli, orijinal vahidlər yaratmışlar. Bu prosesdə Azərbaycan klassikləri ilk mənbə olaraq xalq dilindən istifadə etməklə yanaşı, eyni zamanda çeşid – çeşid fərdi, yeni frazeoloji vahidlər yaratmaqla Azərbaycan ədəbi dilini bədii dil vahidləri ilə zənginləşdirmişlər.
Tədqiqatlar göstərir ki, Nəsiminin dilində işlənmiş ismi frazeoloji vahidlər əsas etibarilə semantikasına görə məcazlaşmış ifadələrdir və bu səbəbdəndir ki, onlar Nəsiminin poetik dühasının, bədii – estetik təfəkkürünün gözəl nümunələri kimi onun özünə məxsus dilini, fərdi üslubunu nümayiş etdirir. Çünki “üslubi – estetik məcazların əksəriyyəti fərdi xarakter daşıyır. Sənətkar sözün dərinliklərində gizlənən müxtəlif məna çalarlarını üzə çıxarır və bunun sayəsində qüvvətli ekspressiyaya malik məcazlar yaradır”. Bu mənada Nəsimi Azərbaycan ədəbi dili tarixində yalnız M. Füzuli ilə müqayisə oluna bilər.
Nəsimi dilində külli miqdarda ismi (substantiv) frazeoloji vahidlər olduğu kimi feli (predikativ) o cümlədən ərəb, fars quruluşlu frazeoloji vahidlər də vardır.
Şair poetik təsvirləri daha təsirli, daha aydın etmək üçün feli frazeoloji vahidlərə aydınlaşdırıcı, izah edici sözlər əlavə edir ki, bu da son məqamda feli frazemin izahedici üzvünə çevrilir; canını tərk etmək (ölmək), içindən tütünü çıxmaq (yanmaq), su olub axmaq (poetik mənada tabe olmaq):
Belə feli frazemlər ən azı üç komponentdən ibarət olur: dudi göylərə çıxmaq, tüstüsü göylərə çıxmaq (yanmaq), yarın ətəgin itirmək (ayrı düşmək), boynuna fəraqin (şövqün, həsrətim) ipini taxmaq, tozlu cahana ətək silkinmək, yuca yerdən dəm urmaq (qas-qas danışmaq - KDQ), dilini ənsəsindən çəkmək (cəzalandırmaq), başına xumarı çıxmaq (məst olmaq, kefli olmaq), qəlbini ocağa atmaq (öldürmək, məhv etmək), nəfsin çərisin basmaq (nəfsini cilovlamaq), nəfsin oda atmaq (yandırmaq), əcəl yeli əsmək (ölmək, dünyasını dəyişmək), axirətin sarayına getmək (ölmək, dünyasını dəyişmək), eşq odilə aşını bişirmək (eşqə mübtəla olmaq), taqəti taq olmaq (qanı qaralmaq), basaratı bağlı olmaq, doğruya zaval olmamaq, cigəri tutuşub yanmaq və s.
Eləcədə ərəb və fars izafət quruluşlu şəbi-yelda (sevgilinin uzun və qara saçları), sərvi-xuraman (sevgilinin boyu. qəddi), lölöyi-mərcan (sevgilinin dişləri), abi-kövsər (sevgilinin dodaqları) və s. kimi ismi frazeoloji vahidlər şairin dilində məcazi məna kəsb edərək, metaforik məna qazanır, obrazlı ifadələr sistemini yaradır.
Dostları ilə paylaş: |