AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə3/16
tarix30.11.2016
ölçüsü1,08 Mb.
#515
1   2   3   4   5   6   7   8   9   ...   16

İ.M. QURBANOVA
AZƏRBAYCAN DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ BƏZİ OMONİM SÖZ KÖKLƏRİNİN ETNOLİNQVİSTİK TƏHLİLİ
Açar sözlər: dialektlər, şivə, türk sözləri, etimologiya, leksem, məqalə, kök

Ключевые слова: диалекты, говоры, тюркские слова, этимология, лексема, статья, корень

Key words: dialects, subdialects, turkish language, etymology, leksem, article, root
Məlumdur ki, sözün müasir təbiətini və strukturunu başa düşmək üçün onun se­mantik təkamül prosesini izləmək lazımdır. Çünki sözün müasir mənasının tam adek­vat analizi üçün qədim mənasının bərpası zəruridir. Düşünürük ki, türk dilləri və dialektlərinin etnolinqvistik təhlili bir çox mübahisəli tarixi məsələlərə aydınlıq gə­tirir. Şübhəsizdir ki, dialektlər başqa dillərin təsirinə daha az məruz qalırlar. Bu ba­xımdan, dilin müxtəlif inkişaf mərhələlərinə aid söz və terminləri günümüzə qə­dər saxlamış dialekt və şivələrimizin lüğət fondu canlı və etibarlı mənbə kimi çı­xış edir. Bunları nəzərə alaraq, Azərbaycan dialektlərində omonim söz kök­lə­ri­nin mü­qayisəli-tarixi aspektdən öyrənilməsi üçün mövcud türk dilləri ilə (türk, öz­bək, xakas, türkmən, sarı uyğur, tatar, başqırd, uyğur, çüvaş, qaraqalpaq və s.) ya­na­şı, həmçinin imkan daxilində orta əsr bulqar-xəzər, peçenek, oğuz və qıpçaq dil­lə­rinin müxtəlif mənbələrdə qeydə alınmış materialları da tədqiqata cəlb edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan dilində və dialektlərində, həmçinin qohum olan türk dillərində “səs-küy” sözü -kü\\-qu\\- ğu\\- gu kök əsası ilə ifadə olunur. Məsələn, “Azərbaycan dilinin izahlı lüğəti”ndə səs-küy, səs, qalmaqal, külək mənasında, quş və heyvanların səstəqlidi əsaslı adlarında yuxarıda qeyd edilmiş kök əsaslı onlarla söz var: küy, küy-kələk, küyçü, küy-qalmaqal, gurultu, küşkürtmək, küş-küş, küşüldəmək, küşültü, külək, quq-qu, qurt-qurt, qurultu, qışqırdı, guppultu, gurlamaq, gurhagur, gumbultu, gumurlanmaq, qurbağa və s.

Həmçinin qeyd edək ki, bir çox türk dillərində eşitmə orqanı qulaq adlanır. Hə­min proses Mahmud Qaşqarlı və İbn-Mühənnanın lüğətlərində müşahidə olu­nur. Müqayisə edək: qar-qur, qı, qıqırdı, qıqrışdı, qurı qurı (1:234 ) kığırğıcı, kovuk (2:43).

Türk dillərinin materialları ilə müqayisə edək: kürqe (göy gurultusu), künürt-(guruldamaq)-oyrot dil. kumandin, tatar-çalkan dial. ; küyqelek (səs-küy) oyrot dil. tat. -çal. dial. qısır, quçqur (qışqırmaq) -uyğur dili və onun dial. kanıra (qışqırmaq) oyrot dil. kum. dial. və s.

Dilçilik ədəbiyyatlarından məlumdur ki, səstəqlidi leksika bir çox dillərin, o cümlədən türk dillərinin, söz fondunun inkişafında böyük rol oynamışdır. Məsələn, “Türk dillərinin etimoloji lüğəti”ndə qeyd edilir: “... Yuxarıda qeyd olunmuş bütün fellərin əsasında qədim səstəqlidi leksem durur ki, o, özünün ən qədim təsərrüfat fəaliyyəti ilə bağlı olan əhəmiyyətinə görə türk leksikasının ilkin təbəqəsinə məxsusdur. Fellərdə ikinci dərəcəli morfoloji formalar təqdim olunduğundan keçid əsasının varlığı türk dilinin ilkin mərhələsinə aid edilməlidir. A. Zayonçkovski “ma, ba” mimemləri ayırırdı. Ola bilsin ki, onlar mele (tür.) və mələ (Az.) formalarını qoruyub saxlayıblar... ”

Qeyd edilən ilkin təsviri əsaslardan (leksik köklərdən) fellər təqlidi fel­lə­ri­nin – ır, -ür, həmçinin universal şəkilçilərin – la; sr. man-ır-a – manla, köməyi ilə əmə­lə gəlir. Qeyd edilən halda kök-əsaslar, şübhəsiz ki, dil inkişafının ilkin təbə­qə­sinə aiddir.

Bu fikirimizi Azərbaycan dilinin dialekt və şivə, habelə qohum türk dilləri və yazılı abidə materialları da təsdiq edir: bılbılı-körpə buzov (Az. dil. Qazax ş.); bılbıl-ördək balası (Az. dil. Borçalı ş.); bılı-ördək balası (Az. dil. Kürdəmir ş.); мönire-qoyun (yakut); мörö- (qırğız.); мörə-(uyğur); man-dörd yaşı keçmiş qoyun ; mangradı-bağırdı (M.K).

Beləliklə, yuxarıda qeyd edilən misallardan da məlum olur ki, türk dillərində səstəqlidi leksika sözyaradıcılığında fəal iştirak etmişdir və tədqiq olunan \-qu-\\-ku\\-qa\\-ka\\ söz kökləri də bu qisimdəndir. Ancaq ədəbiyyatdan məlum olduğu kimi, -ku\\-qu leksemi ulu türk dilində su deməkdir. Azərbaycan dili və qohum türk dillərindən əldə etdiyimiz faktlar bizim bu fikrimizi təsdiqləyir. Müqayisə edək: Quyu, kuyu-(bildiyimiz məna )-əsasən bütün türk dilləri; qubaa (su körfəzi) - Yakut dili; qür (buz qırıntısı)- qaraqal. dili; kuyulqaak (su burulğanı )- oyrot dil. tat-çalkan. dial; kustur-Az. dil. , oy. dil. tat-çalkan. dial; kuduk (quyu)- uyğur dilinin priuss. dial. ; özbək dilinin karl. dial. ; qanturdu (susuzluğu söndürmək)- M. Qaşqarlı; qanoy , qanov- (xırda arx)- Az. dil. İrəvan şivəsi ; kıtıra - (hamilə heyvanın döşündən gələn maye)- az. dil. İrəvan şivəsi; kılıf (həyətin aşağısından keçən xırda arx) - Az. dil. İrəvan, Cəbrayıl, Ordubad şivələri; qaq-(gölməçə) - M. Qaşqarlı; kuy (nəm yer) - Az. dil. Şahbuz şivəsi və s.

Su lekseminin fonetik variantları məsələsinə toxunaraq K. Quliyeva Azərbaycan dialektlərində qu\\-(ku;- qa\\- ka kök əsaslı xeyli miqdarda söz qeyd edir. Həmçinin müəllif hesab edir ki, leksem su deməkdir.

N.Baskakovun təqdim etdiyi -Kuu kiji tatar-çalkan etnoniminin etimologiyası da maraq doğurur: “Çalkanlar “Qu quşu tatarları” adını Qu (Kuu) çayının adından almışlar – Qu çayı adamları (Kuu kiji)” (3:9)

Mövzuya davam edərək qeyd etmək lazımdır ki, bir çox türk dillərində Quu – Qu quşu deməkdir. Nəzərə alsaq ki, qu suda yaşayan quşdur Qu quşu – Su quşu anlamına gəlməsi məntiqidir. Həmçinin qeyd edək ki, İbn-Mühənna lüğətində qu quşunu koğu adlandırır. Fikrimizcə, etnonimdə saxlanılmış –Kuu fonetik variantı ilkindir. Etnonimlərin linqvistik analizi çox mühümdür, çünki onlar dilin əvvəlki halını özlərində saxlayıblar.

Qu\\ku\\ kökünün su semantikası daşıması ilə bağlı daha bir dil faktı diqqəti cəlb edir. “Kum” sözü Mahmud Qaşqarlının lüğətində və bir çox türk dillərində “sahilyanı qum” deməkdir. İbn-Mühənnanın lüğətində isə bu sözün daha bir mənası qeyd edilir – dəniz dalğası. Azərbaycan dilinin xalac ləhcəsində isə bu söz “arx” mənasını verir. Fikrimizcə bu variant ilkindir. “Sahilyanı qum” isə daha sonrakı variantdır, yəni dəniz dalğasının sahilə çıxardığı maddədir, çünki –ku kökü leksemdə su deməkdir (araşdırma apardığımız məqalədə bu leksemə bir daha qayıdacağıq). Yuxarıda sadalanan sözlərin arasında su anlamına gələn “-ка\\-qa”-lı variantlar da mövcuddur. Bildiyimiz kimi, -Ка qədim türk dilində bərk deməkdir. Bu məna bir çox sözlərdə saxlanılıb. Müqayisə edək: Katı, qatı, kadu, kaduu, kadıq-bərk, möhkəm; kaya-qaya; kadızın-bərkləşmək; koyu\\qatı; qalın\\kalın. Bu fərq özünü yemək adlarında da bariz göstərir. Müqayisə edək: korot, kurut, qurut (qış üçün dondurulmuş turş süd, qurudulmuş qatıq, pendir)-Az. dil. qərb dialektləri, başqırd dil. , tatar-çalk. dial; çuvaş dili; toc. dial. tuv. dili; özbək dilinin. kar. şivəsi; İbn-Müh. ; tatar dili və dialekti. ; uyğur dilinin prius. dialekti, oyrot dilinin kumand. dialekti; qatıx(saxlamaq üçün qızardılmış ət) - Az. dil. Ordubad şiv. ; kaymağ (qaymaq) Az. dili və dial. ; başqırd dili; tat-çalkan. dial, çuvaş dili; tuv. dil., toc. dial; özbək dilinin. kar. şivəsi; İbn.Müh., tatar dili; uyğur dilinin prius. dialekti; kayabuk (xama)- tatar-çalkan. dial; kuyultmaq (turş və şirin südün qarışığı)- tatar-çalkan. dial; küzəm(un sıyığı)- tatar-çalkan. dial; kolomuok (kökə)- yakut dili; kuvurdaq (ət yeməyi)- tatar dili və s.

Göründüyü kimi, yuxarıda qeyd edilmiş sulu yemək adlarının əsasında qədim türk kökü ku\\-qu durur, quru yeməklərin adlarının əsasında isə -ka\\-qa kökü durur. Bizim fikrimizcə, bu fakt birbaşa kökün semantikası ilə bağlıdır.

Azərbaycan dialektlərində yemək adlarında –qa\\-ka kök əsası, yuxarıda qeyd edildiyi kimi, daha çox quru qida növüdür. Fikrimizcə –ku\\-qu və –ka\\-qa arasındakı semantik differensiallaşma daha gec prosesdir ki, bunu dil faktları təsdiqləyir. Kökün özü isə dilin daha ilkin inkişaf mərhələsinə aiddir. Кuu-nun – su, ka-nın bərk qida anlamına gəldiyi yuxarıda qeyd edilən misallar qədim türk dilinin inkişafının sonrakı mərhələlərinə aiddir. Bu leksemin qədimliyi qədim türk dilinin sözyaratma prosesində fəal iştirak etməsində də əks olunur. Məsələn, bu, bəzi insan orqanlarının adlarında əks olunub: qarın, qursaq, qan (oyrot. dil və dialektlərində - mədə), qatqat – heyvanlarda qarınla mədə arsında yerləşən həzm orqanı (Azərbaycan dilinin Cəbrayıl, Kürdəmir, Şamaxı şivələrində), kuuk – sidik kisəsi (tat. çal. dial). Göründüyü kimi, sadalanan leksemlər birbaşa həzmlə bağlı olan orqan adlarıdı. Qeyd edək ki, bir çox türk dillərində və qədim yazılı abidələrdə yemək bişirilən qab mənasında qazan sözü işlənir.

Bu qədim leksem nağıllarda da iz qoyub. Məsələn, Məlikməmmədin nağı­lın­da zümrüd quşu Məlikməməmmədə deyir ki, “Mən sənə quu deyəndə mənə su, qaa deyəndə – ət verərsən”.

Beləliklə, yuxarıda qeyd edildiyi kimi, leksemin ən qədim mənasının rekonstruksiyası tam analiz üçün çox vacibdir. Lakin bu faktla bərabər ortaya linqvistika baxımından vacib yeni bir sual çıxır – əsasən etnolinqvistik mahiyyətə malik olan fonetik variantlar. Bununla bağlı Q.Kazımovun fikri maraq doğurur: “Danışıq səsləri əsasən sabit olur və nisbətən az dəyişikliyə uğrayır. Lüğət tərkibində inkişaf və yeniləşmə daha güclü olur”(4:15). Tədqiq olunan leksemlərdə türk dilləri üçün səciyyəvi olan \–k –q\ fonetik keçidi müşahidə olunur. Bildiyimiz kimi, anlautda samitlərin karlaşması və cingiltili samitlərin dəyişkən vəziyyəti bu dillər üçün tipik haldır. Ümumiyyətlə, türk dillərinin tam fonetik quruluşu onu göstərir ki, qədimdə fonematik samitlərin miqdarı çox məhdud olub: müasir türk dillərində müstəqil olan samitlərin bir çoxu qədimdə distributiv vahidlərin tərkibinə daxil edilirdi. Məsələn: j-y (dy, ty)-ny-n, b-p-m; z-s və s. kar və cingiltili samit cütləri.

Məsələn, müasir Azərbaycan dialektlərində bu fonetik fakt M. Şirəliyev tərəfindən aşağıdakı şəkildə qeyd edilir: “-k-q. -k foneminin -q. foneminə keçməsi Qazax və Naxçıvan şivələrinin bəzi sözlərində müşahidə olunur. Lakin bu fonemin anlautda istifadə edilməsində bu şivələr fərqlənirlər. Məsələn, Naxçıvan şivəsində \q\ səsi – incə, qapalı saitlərdən, Qazax şivəsində isə – qalın, qapalı saitlərin önündə işlədilir: qüçə, qişi (Az. dil.Naxçıvan ş.), quçə, qıççıx, qunc (Az. dil.Qazax.ş. ).

“Qu quşlu” tatar-çalkanların dialektlərini tədqiq edən N.Baskakov qeyd edir: “çalkan dialektində, ədəbi Altay dilində və həmçinin digər dialektlərdə müşahidə olunur ki, ilk növbədə, müstəqil fonem kimi kar və cingiltili samitlər zəif fərqlənirlər, yəni onların tam diferensiallaşması yoxdur; xüsusən bu hal özünü aşağıdakı kar və cingiltili samit cütlərində büruzə verir :\ b-p\,\ d-t\,\ q-k\,\ z-s.\ (3:19)”

Bu proses digər qıpçaq qrupu türk dillərində muşahidə olunur. Məsələn, özbək dilinin karluk şivəsindən misallar gətirmək olar: kürək-kürəq, yürək-yürəq. D. Nasırov qaraqalpaq dili materiallarını Mahmud Qaşqarlının lüğəti ilə müqayisə edərək qeyd edir: “Lüğətdə samit və sait sahəsində dil və dialekt arası bir sıra uyğunluqlar var. Bunların ən vacibi: cingiltili –\q\\- ğ\, və kar \- к\: bükte-büqde, bışık-bışığ samitlərin uyğunluğu. Bu uyğunluqların bəzilərində kar variant üstünlük təşkil edir: karğa, kümüş, kirpi, kerpiç, kertti. Qaraqalpaq dilinin dialektlərində cingiltili variant üstünlük təşkil edir ki, görünür bu da oğuz irsidir: qeme, qöpü ğarqa, qümüs, qertti. (5:164)

Oğuz qrupu türk dillərində əks proses müşahidə olunur.Mövzunun davamı olaraq qeyd etmək lazımdır ki,türk dilinin Ərzurum dialektini tədqiq edən Ə.Gemalmaz qeyd edir ki, söz başında damaq samitləri cingiltiləşir,məsələn,\ k-g\. Eyni fonetik hadisəni Adana ve Osmaniyə şivələrini tədqiq edən F.Yıldırım da qeyd edir: “ Bölgələrimizdə heca başında \ –k-g-\ dəyişməsi tez-tez rast gəlinir: eski-esgi.(6:119)

Beləliklə, linqvistik ədəbiyyatdan görürük ki, anlautda samitlərin karlaşması türk dillərinin qıpçaq yarımqrupu üçün, cingilitiləşməsi isə – oğuz yarımqrupu üçün səciyyəvi haldır. Bu fikri qıpçaq yarımqrupuna aid olan başqırd dilinin ma­te­ri­alları da təsdiq edir.

Etnolinqvistik təhlil sübut edir ki, Azərbaycan dialektlərində yuxarıda qeyd edi­lən leksemlərdə anlautda cingiltili samitlərin üstünlük təşkil etməsi oğuz dil­lə­ri­nin səciyyəvi cəhətidir.

Lakin bizi bu kökün omonimliyi maraqlandırır. Çünki \ku\\- kü\\-kı\\- qu\\- qa\\- gu\\- gü\ söz köklərinin omonim olduğunu qəbul etsək, məntiqi olaraq aşa­ğı­da­kı yeni bir sual ortaya çıxır – hansı qədim semantika belə bol sözyaradıcılığına im­kan yaratmışdır.

Əgər bir faktı da nəzərə alsaq ki, bəzi sözlərdə hər iki məna – həm səs, həm su, qorunub saxlanılıb, o zaman vəziyyət aydınlaşır: küşültü-dəniz dalğasının səsi (Az. əd. dili), qurt-qurt-qarında quruldama (Az. əd. dili).

Belə düşünməyimizə əsas var ki, ilkin olaraq –ku\\- kü\\-kı\\- qu\\- qa\\- gu\\- gü leksemi özündə təbiət hadisələrinin (göy gurultusu, külək və s. ), həmçinin suyun yaratdığı səs-küyü daşıyırdı. Tədricən leksem semantik baxımdan daralaraq müstəqil şəkildə bu və ya digər təbiət hadisələrini ifadə etməyə başladı. Daha sonra müxtəlif türk dillərində fonetik dəyişikliklərə uğramış və omonim sözlər cərgəsi yarada bilmişdir .
Ədəbiyyat


  1. Mahmud el- Kaşgari. Divanü Lügat-it Türk. Serab Tuba Yurt Sevər ve Seçkin Erdi. İstanbul, 2005.

  2. İbni – Mühenna Lüğati. Aptullah Battal. 3 Baskı. Ankara, 1997.

  3. Баскаков Н. А. Диалект лебединских татар-чалканцев (куу-кижи). Москва, 1985.

  4. Kazımov Q. Müasir Azərbaycan dili. Bakı, 2010.

  5. Насыров Д. С. Становление каракалпакского общенародного разговорного языка и его диалектная система. Казань, 1977

  6. Faruk Yıldırım.Adana ve Osmaniye illeri ağızları. Ankara, 2006.


M.Ə. MAHMUDOV
AZƏRBAYCAN DİLİ QLOBALLAŞMA ŞƏRAİTİNDƏ*
Açar sözlər: qloballaşma, Azərbaycan dili, tətbiqi dilçilik, internet, dövlət dili

Ключевые слова: глобализация, азербайджанский язык, прикладная линг­вис­­тика, интернет, государственный язык

Key words: globalization, the Azerbaijani language, applied linguistics, internet, the state language
Azərbaycan dili bizə ulu babalarımızdan miras qalmış ən qiymətli milli sər­vət, ən möhtəşəm, əbədiyaşar tarixi abidədir. Azərbaycan dilinin saflığını, tə­miz­liyini qorumaq, ona dərin ehtiram və qayğı ilə yanaşmaq hər bir azərbaycanlının və­təndaşlıq borcudur.

Azərbaycan dili indiki inkişaf səviyyəsinə çatana qədər yüz illər boyunca mürəkkəb, ziddiyyətli, çətin bir yol keçmişdir. Dəfələrlə yadellilər torpaqlarımıza göz dikmiş, bizi əsarət altında saxlamağa, adət-ənənələrimizi, dilimizi unutdurmağa cəhd göstərmiş, lakin uğursuzluğa düçar olmuş, istəklərinə nail ola bilməmişlər.

IV-V əsrlərdə Azərbaycan dili artıq ümumxalq danışıq dili kimi geniş fəaliyyət göstərmiş və həmin dildə “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidə yaranmışdır.

Bu dili qorumaq, onu inkişaf etdirmək hər bir azərbaycanlının həm də övladlıq vəzifəsidir.

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanında qeyd olunduğu kimi, dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına imkan verir.

Azərbaycanda dilçilik sahəsində başlıca elmi-tədqiqat mərkəzi olan Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin tarixi, müasir vəziyyəti, inkişaf istiqamətləri, qohum və qohum olmayan dillərlə əlaqəsi, digər elm sahələri ilə həmhüdud sahələri, informasiya texnologiyalarından istifadə olunmaqla internet məkanında işlənməsi məsələləri həmişə prioritet hesab olunmuşdur.

Nəzəri və tətbiqi dilçilik məsələləri, müasir qloballaşma şəraitində dillərin, o cüm­lədən Azərbaycan dilinin internet məkanında işlənməsinin tətbiqi-linqvistik tex­nologiyalarının hazırlanması, dilçiliyin dünya elmi kontekstində öyrənilməsi gü­nümüzün vacib məsələlərindəndir. Lakin, hər şeydən əvvəl, doğma Azərbaycan di­­­linin hərtərəfli öyrənilməsi ön planda olmalı, ana dilimiz daha dərindən və ciddi araş­­­dırılmalıdır. Məhz buna görə də, Azərbaycan dilinin müasir vəziyyəti, funk­si­o­nal üslubları və nitq mədəniyyəti, tarixi, qədim yazılı abidələrin və ayrı-ayrı klas­­­siklərin dili, eləcə də respublikada və respublikadankənar ərazilərdə Azər­bay­can dilinin və şivələrinin öyrənilməsi məsələlərinə xüsusi diqqət yetiril­mə­lidir. Azər­­­baycan dilinin dünya dilləri və Azərbaycanda yaşayan azsaylı xalqların dilləri ilə qarşılıqlı əlaqədə öyrənilməsi, türk dillərinin fonetik, leksik və qrammatik qu­ru­­luşunun müqayisəli tədqiqi, bu dillər arasında Azərbaycan dilinin yerinin mü­əy­yən­­ləşdirilməsi, Azərbaycan ərazisində və respublikadankənar ərazilərdə, türk (Azər­­baycan) mənşəli onomastik vahidlərin tədqiqi də dilçiliyimizin vacib sahə­lə­ri­n­­dəndir.

Azərbaycan dili leksikasının öyrənilməsi, Azərbaycan dilinin izahlı, ensik­lo­pe­­­­dik, ikidilli və çoxdilli tərcümə lüğətlərinin, eləcə də terminoloji lüğətlərinin tər­­­ti­bi, terminologiyanın tarixi və inkişaf qanunauyğunluqlarının araşdırılması da çox vacibdir.

Azərbaycan dilinin dünya dilləri ilə əlaqəli şəkildə tədqiqi kontekstində ger­man və roman dilləri xüsusi yer tutur. Bu, qloballaşan dünyada ingilis dilinin get­dik­cə daha çox yayılması, beynəlxalq ünsiyyət dilinə çevrilməsi ilə səciy­yələn­diri­lə bilər. Biz unutmamalıyıq ki, dünyanın heç bir elmi mərkəzində Azərbaycan dili biz­də olduğundan yaxşı və dərindən araşdırıla bilməz. Nəzərdə tutmaq lazımdır ki, dövlət dilimiz olan Azərbaycan dilinin inkişafı, öyrənilməsi, saflığının qorun­ma­sı dövlət tərəfindən tənzimlənir və “Azərbaycan Respublika­sın­da dövlət dili haq­qında” Qanun Azərbaycan dilinin dövlət dili kimi hüquqi statu­su­nu nizam­la­yan rəsmi sənəddir.

Yaşadığımız XXI əsr qloballaşma əsridir. Qloballaşma həyatın bütün sferalarına olduğu kimi milli dillərə, adət-ənənələrə, dünyagörüşə, xalqın ruhunun və vərdişlərinin təzahürü olan mentalitetə də güclü təsir göstərir. Bu təsirin əlamətləri, hətta nəticələri artıq özünü qabarıq şəkildə büruzə verməkdədir.

Qloballaşma latın mənşəli “qlobal” sözündən olub “yer kürəsini bürüyə bilən, əhatə edən” mənasını verir. Bu kontekstdə qloballaşma – bütün yer kürəsinə aid hadisənin, prosesin baş verməsi kimi izah oluna bilər.

Qloballaşma obyektiv olaraq baş verən qarşısıalınmaz prosesdir. Biz onun qarşısını alıb saxlaya bilmərik. Ən yaxşı halda biz qloballaşma şəraitində milli mənliyimizi, mentalitetimizi, dilimizi qoruyub saxlamağın yollarını axtara bilərik.

Qloballaşmanı doğuran səbəblər kimi dünya iqtisadiyyatında, siyasətində, mənəviyyatında gedən inteqrasiya, birlik meyilləri (Avropa İttifaqı, Avropa Birliyi, Ümumi bazar, MDB, GUAM və s.), informasiya texnologiyalarının sürətli inkişafı, internet şəbəkəsinin getdikcə daha çevik və əhatəli olması, dəyişən dünyada ingilis dilinin rolunun və nüfuzunun artması göstərilə bilər.

Qloballaşmanın ziyanı nə ola bilər? Milli dillərin işləkliyi getdikcə azala bilər, bir çox azsaylı xalqların dilləri yox ola bilər, adət-ənənələr, vərdişlər unu­du­la bilər. Bu proses tədricən baş verəcək, yəni burada qəfil inqilabi sıçra­yış­dan söh­bət gedə bilməz. Qloballaşmanın bu mənada təsiri artıq hiss olunmaqdadır. Şadlıq ev­lərinin, restoran və kafelərin adlarına diqqət yetirsək, dövlət dilimizə eti­na­sız­lı­ğın şahidi olarıq.

Televiziya verilişlərində, mətbuatda da belə hallar kütləvi şəkil almaqdadır. Adı ingiliscə olan və ingilis tələffüzü ilə deyilən “Space” kanalında görkəmli incəsənət xadimlərinin şair, bəstəkar, müğənnilərin yubileyləri, ad günləri qeyd olunur. Tortun üzərində şamlar yandırılır, “səbəbkar” üfürüb onları söndürür və hamı bir yerdə ingilis dilində “Ad günün mübarək” mahnısını oxumağa başlayırlar. Halbuki, Azərbaycan dilində də ad günü ilə bağlı gözəl bir mahnımız var və onu da oxumaq olardı.

Qloballaşmanın nəticəsi nə ola bilər? Dünyada vahid dil, vahid əlifba, vahid adət-ənənənə, vahid qayda-qanun bərqərar olacaq. Əslində, bəşəriyyət həmişə belə vahidliyə meyilli olub. Beynəlxalq hüquq normaları hər bir konkret ölkənin hüquq normalarından üstün sayılır. Bəşəriyyət həmişə beynəlxalq ünsiyyət vasitəsi kimi vahid dil yaratmaq arzusunda olub. Esperantonun yaradılması və rəsmən bey­nəlxalq dil kimi təqdim olunması təşəbbüsü təsadüfi deyil. Axı, vaxtilə yer üzündə bir dilin mövcud olması, sonradan həmin dilin diferensiasiyası nəticəsində milli dillərin yaranması fikri də məlumdur. Bu, obyektiv olaraq baş verən inteqrasiya və diferensiasiya prosesidir və onun nəticəsində nə vaxtsa parçalanmış xalqların yenidən yaxınlaşması baş verə bilər. Yenidən yaxınlaşma, birləşmə, inteqrasiya nəticəsində vahid dil, vahid əlifba məsələsi aktuallaşa bilər. Riyaziyyatçılar de­miş­kən, fərz edək ki, dünyada bir dil olacaq və bir vahid əlifbadan istifadə olu­nacaq. Bu halda bizi nə kimi fəlakət gözləyir. Bütün dünya bir dildə danışacaqsa, bir əlifbadan istifadə edəcəksə, planetin sakinləri bir-birlərini daha yaxşı anlayar, kon­fliktlərə, müharibələrə son qoyulacaq. Bunun nəyi pisdir? Bəlkə, qloballaşma ya­xınlaşan fəlakət deyil!

Qloballaşma əks prosesi doğurur – fərdiləşmə, xüsusiləşmə, regionlaşma, mər­kəzdənqaçma və s. Ana dili müqavimət göstərir, yox olmaq istəmir, xalq öz adət-ənənələrini, milli mentalitetini, varlığını qoruyub saxlamaq üçün mübarizə apa­rır.

Mənə elə gəlir ki, bəlkə də qloballaşma olmasaydı, ana dilinin qorunması mə­sələsi bu qədər qabardılmazdı, aktuallaşmazdı.

Paradoksal bir vəziyyət – ana dilinin qorunması uğrunda mübarizəyə görə, biz haradasa həm də qloballaşmaya borcluyuq. Əksliklərin vəhdəti və mübarizəsi fəl­səfi qanununun inikaslarından biri də buna aid edilə bilər.

Ortaq dil, ortaq terminologiya, ortaq əlifba sahəsində gedən müzakirələri də qlo­ballaşmanın təsiri hesab etmək olar. Konkret dil beynəlxalq səviyyəyə çıx­maq­da çətinlik çəkir, təkbaşına özünü qorumaq iqtidarında deyil. Dil ailəsi top­lu­mun­da vahid dil funksiyasında müqavimət daha effektli olardı. Ortaq türk dili, ortaq türk əlifbası və ortaq türk terminologiyası və s. bu qəbildən olan mə­sə­lə­ləri “ya­rım­qloballaşma meyli” kimi səciyyələndirmək olar. Ortaq türk əlif­ba­­sına ke­çidin re­a­l­laşmadığı bir vaxtda ortaq türk dili ideyası nə dərəcədə realdır? 2012-ci ilin no­yabrında Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq kon­frans­da or­taq türk dili kimi, leksik tərkibcə Abayın dilinə yaxın olan qazax türk­cə­si tək­lif olun­du.

Çox qəribədir, nədənsə, ortaq slavyan dili, ortaq german dili problemi gündəmdə deyil. Görəsən, digər dil ailələrinin nümayəndələri, məsələn, slavyan dilləri ailəsi niyə ortaq dil yaratmaq məsələsini qaldırmır?

Ana dilinin, dövlət dili olan Azərbaycan dilinin yox olmasından söz gedə bil­məz. Söhbət onun işləklik dərəcəsinin azalmasından gedə bilər. Səylərimiz onun kütləvi informasiya vasitələrində, internet məkanında daha çox işlənməsi, da­ha çox təmsil olunması ilə bağlı ola bilər. Burada bir məqama da diqqət ye­tir­mək lazımdır. Bu və ya digər dil internetdə böyük həcmdə, geniş şəkildə təmsil olu­na bilər. Bu, heç də həmin dilin aparıcı olmasından irəli gəlmir. Məsələn, əha­li­sinin və internet istifadəçilərinin sayına görə çin dili hətta ingilis dili ilə rəqabətə gi­rə bilər. Bu o demək deyil ki, çin dili ingilis dilindən daha çox yayılmış, daha ge­niş istifadə dairəsinə malikdir. İngilis dilindən bir ünsiyyət vasitəsi, informasiya ötü­rücüsü kimi bütün dünya istifadə edirsə, bu sahədə çin dilinin imkanları məh­dud­dur. Çin dilindən daha çox çin dilini və əlifbasını bilən yerli istifadəçilər isti­fa­də edirlər. İnternet istifadəçilərinin sayının çox olması başqa bir müzakirənin möv­zusu ola bilər.

Azərbaycan dili qloballaşma şəraitində zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirilir, öyrənilir və tətbiq olunur.

Qeyd etmək lazımdır ki, respublikamızda Azərbaycan dilinin inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Qısa müddət ərzində Azərbaycan dilinin inkişafı və qorunması ilə bağlı verilmiş fərman və sərəncamların xronologiyasının nəzərdən keçirək:



  1. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” AR Prezi­den­ti­nin 18 iyun 2001-ci il tarixli fərmanı;

  2. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi ilə bağlı AR Prezidentinin 09 avqust 2001-ci il il tarixli fərmanı;

  3. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanun (30 sentyabr 2003-cü il);

  4. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə fərman (02 yanvar 2003-cü il);

  5. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə” (12 yanvar 2004-cü il tarixli sərəncam);

  6. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (12 yanvar 2004-cü il tarixli Sərəncam).

Nəhayət, Azərbaycan dilinə dövlət səviyyəsində qayğının, sonsuz sevginin da­vamı olaraq 2012-ci ildə AR Prezidentinin daha iki sərəncamı oldu. “Azər­bay­can dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Res­pub­likası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı Azərbaycan dilinin in­ki­şafı tarixinin ən əlamətdar hadisələrindən birinə çevrildi. 29 may 2012-ci il ta­rix­də isə ölkə rəhbərinin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Nə­simi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haq­qın­da” digər Sərəncamla AR Prezidentinin ehtiyat fondundan AMEA-ya bu mə­q­səd­lə 2 milyon manat vəsait ayrıldı. Azərbaycan dilinin qloballaşma şəraitində za­ma­nın tələblərinə uyğun istifadəsini və ölkədə dilçiliyin inkişafını nəzərdə tutan bu sənədlər, ilk növbədə, AR Prezidenti İlham Əliyevin xalqın ən böyük milli də­yər­lərindən olan ana dilimizə sevgisinin, diqqət və qayğısının daha bir nü­mu­nə­si­dir.

Ana dilini sevən, onun incəliklərinə bələd olan bütün ziyalılarımızın ümumi bir narahatlığının – bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında, küçə və meydanlardakı afişalarda ədəbi dil normalarının pozulması, Azərbaycan dilinin leksik və qrammatik qaydalarına əməl olunmaması kimi halların Prezident sərəncamı səviyyəsində aktuallaşdırılması, dilçi mütəxəssislər üçün sevindirici faktdır. Bu məsələlər həmişə Dilçilik İnstitutunun diqqət mərkəzində olmuş, həmin arzuolunmaz halların aradan qaldırılması məqsədi ilə mövcud imkanlar daxilində müəyyən tədbirlər görülmüşdür.

2010-cu il iyunun 25-də Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Mətbuat Şurası ilə birgə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı keçirmişdir. Konfransın materialları çap olunmuş, radio və tele­vi­zi­ya işçilərinə tövsiyələr verilmişdir. Həmin konfransda reklamların dili də ayrıca mü­za­kirə mövzusu olmuşdur.

2010-cu il dekabrın 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda ke­çi­ril­miş respublika elmi konfransında isə ali məktəblərdə dilçilik üzrə dərsliklərin dili mü­z­akirə obyekti olmuşdur. Həmin konfransda respublikamızın aparıcı ali mək­təb­lə­rinin mütəxəssisləri iştirak etmiş, konkret nöqsanlar araşdırılmış, onların ara­dan qaldırılması yolları göstərilmişdir.

2011-ci ilin iyununda “Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri” respublika elmi konfransı təşkil edilmişdir. Həmin konfransda etiket və nitq mədəniyyəti, televiziya və radio aparıcılarının nitqi, nitq mədəniyyəti və orfoqrafik norma, düzgün tələffüz qaydaları kimi məsələlər hərtərəfli təhlil olunmuş, tövsiyələr verilmişdir.

Bütün bu tədbirlərdə mütəxəssislər tərəfindən verilən təkliflərin, irəli sürülən tövsiyələrin nəzərə alınması peşəkarlıqdan əlavə, həm də vətəndaşlıq məsuliyyəti məsələsidir. Bu baxımdan ümid edirik ki, Azərbaycan Respublikası Prezidentinin yeni Sərəncamı dil normalarına əhəmiyyət verməyən kəslərin məsuliyyətini artıracaqdır.

AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Nəsimi adına Dilçilik İnstitutunun keçirdiyi “Ölkədə dil situasiyası” Respublika elmi konfransı da bu sahədə görülmüş məqsədyönlü işlərin məntiqi davamı və qloballaşma ilə bağlı məlum Prezident sərəncamının yerinə yetirilməsi sahəsində daha bir addımdır.

Azərbaycan dilində internet resurslarının formalaşdırılması, elektron və in­te­­raktiv dərsliklərin hazırlanması ilə bağlı Sərəncamda öz əksini tapmış müd­də­a­lar Azərbaycan dilçilik elmi qarşısında mühüm vəzifələr müəyyənləşdirir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu AMEA Kibernetika İnstitutu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu sahədə bir neçə ildir ki, müəyyən layihələr həyata keçirməkdədir. “Azərbaycan qəzet dilinin tezlik lüğəti”, “Azərbaycan dilinin əks-əlifba lüğəti”, “Kitabi-Dədə Qorqud”un statistikası”, “Mə­həmməd Füzulinin nəzm əsərlərinin statistikası”, “Azərbaycan dilinin üç­cil­d­lik tezlik lüğəti” kimi tədqiqatlar dilçilərlə kibernetiklərin və informasiya tex­no­lo­gi­yaları mütəxəssislərinin birgə əməyinin məhsuludur.

Azərbaycan dilinin internet məkanında işlənməsi, Azərbaycan dilində tətbiqi-linqvistik texnologiyaların yaradılması problemləri İnstitutun elmi-tədqiqat planlarında da öz əksini tapmışdır. Eləcə də elmi-tədqiqat planlarının tərtibində dilçiliyin başqa elmlərlə həmhüdud sahələri, fənlərarası əlaqələrə yer ayrılmışdır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazir­li­yi­nin dəstəyi ilə həyata keçirilən “Dilmanc” maşın tərcüməsi layihəsi çərçivəsində də birgə əməkdaşlıq davam etdirilir. Bütün bu sadalananlar qloballaşma dövrünün ru­huna aid yeni istiqamətlərin elmi-tədqiqat planlarında nəzərə alındığını göstərən nü­mu­nələrdir. Sərəncam bu qəbildən olan araşdırmaların daha da ge­niş­lən­di­ril­mə­si­nə, müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun problemlərin işlənməsinə bö­yük töhfə verəcəkdir.

Qloballaşma dövründə Azərbaycan dilçilik elminin dünya elmi, texnikası və tex­nologiyalarının prioritet istiqamətlərinə uyğun təşkili və planlaşdırılmasına bö­yük ehtiyac vardır. Fəlsəfə, psixologiya, tarix, coğrafiya, informasiya texnolo­giya­la­rı ilə bağlı müştərək tədqiqatlar genişləndirilməlidir. Müasir elmi araşdırmalar zə­mi­nində dilin tədrisi ilə əlaqəli tədqiqatlara diqqət artırılmalıdır. Dil və cə­miy­yət, sosioloji amillərin dillərə təsiri məsələləri kompleks şəkildə işlənməlidir. Dil­çi­lik elminin təhsil və istehsalatla inteqrasiyası təmin edilməlidir. Qloballaşma döv­ründə qarşıda duran əsas vəzifələr dilçiliyin informasiya təminatının güc­lən­di­ril­məsi, dilçilik tədqiqatlarının xalqımıza məxsus milli-mənəvi dəyərlərlə əla­qə­lən­dirilməsi və azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, dilçi­likdə azər­baycançılıq məfkurəsinin konseptual əsaslarının işlənilməsidir.

Əminəm ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” AR Prezidentinin 23 may 2012-ci il və “Azərbaycan Milli Elmlər Akademiyasının Nə­simi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 29 may 2012-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrin uğurlu icrası Azərbaycan dilinin inkişafında yeni bir mər­hə­lənin əsasını qoyacaqdır.



B. MƏMMƏDOV
ETNOTOPONİMLƏRİN TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ TƏDQİQİ

(Xaçmaz rayonu toponimləri əsasında)
Açar sözlər: etnonim, toponim, linqvistik, oykonim

Ключевые слова: этноним, топоним, лингвистик, ойконим

Key words: etnonim, toponim, linguistic, oykonim
Şimal-Şərq rayonlarımızdan sayılan Xaçmaz rayonu onomastik vahidlərlə zən­gin ərazilərindəndir. Xaçmaz rayonunda yerləşən etnotoponimlər aşağıdakı­lar­dır: Padar, Qaracik, Qaracik Zeyid, Qaradağ Buduq, Yergüc, Şıxhaput, Cığatay, Qa­ra­qurdlu.

Padar. Padar oykoniminə Ağsu, Dəvəçi, Hacıqabul, Qubadlı, Oğuz və Xaçmaz rayonlarında rast gəlinir. Bu oykonimlərin adı oğuz-səlcuq tayfalarından biri olan padarların adı ilə bağıdır. Tədqiqatçıların fikrincə, padar tayfaları Elxa­nilər dövründə (XIII əsr) Orta Asiyadan Cənubi Azərbaycana gəlmiş, Səfəvilər dövründə isə dağlı tayfaların basqınlarının qarşısını almaq məqədilə Azərbaycanın şimal bölgələrinə köçürülmüşdür. Sonralar padar tayfaları Azərbaycanın müxtəlif əra­zilərinə səpələnmişlər. Mənbələrin məlumatına görə, XIX əsrdə Cavad qəza­sın­da yaşayan padarlar ilxıçı, qaraçörüklü , axtaçı, pölüklü, küyülçü və s. kimi 20 tirə­dən və 218 ailədən ibarətdir. (1.səh,150)

Qaracıq, Qaracıq Zeyd. Bu oykonimlərin hər ikisi Xaçmaz rayonundadır. Qa­­racıq oykoniminin etimologiyası haqqında “Azərbaycan toponimləri ensik­lo­pe­dik lüğəti”ndə yazılır: Mənbələrin məlumatına görə, XVIII əsrdə Qarabağ xanı Pə­nahəli xanın Naxçıvanın Qaracuq (Qaracıq) kəndindən Qarabağa köçürdüyü kən­gər­lilərin bir hissəsini sonralar Qubalı Fətəli xan öz xanlığının ərazisinə apar­mış­dı. Kənd də həmin ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qaracıq (Qa­racuq )“qalın çubuqluq” mənasını bildirir. Naxçıvanda cığ müstəqil söz kimi in­di də qalmaqdadır. Cığ söyüd çubuqlarından toxunulur, yayma lavaş çörəyini onun üstündə aparırlar. (1.səh, 21).

Bəzi tədqiqatçılar oykonimlərin tərkibində işlənmiş cıq elementinə şəkilçi ki­mi yanaşır. Qalibə Hacıyeva “Şərqi Azərbaycan Ostanının toponimləri” mövzu­sun­da yazdığı avtorefaratda cıq hissəciyi barədə yazır; “-cıq,(-cik, -cuq,-cük). Di­li­mizdə müəyyən leksik vahidlərə qoşularaq kiçiltmə mənasını bildirən bu şəkilçi bə­zən toponimlərin də tərkibində həmin anlamı ifadə edir. Məsələn, Meydancıq, Bağ­çacıq, Dərəcik, Mollacıq, Qalacıq(Təbrizdə), Alacıq (Meşkində), Əfşarcıq (Mi­yanada) .”

Fikrimizcə, qeyd olunan qaracıq oykonimi mürəkkəb quruluşlu etno­to­po­nim­dir. Buradakı “qara” sözü “böyük” cıq sözü isə qədim türk tayfalarından birinin, Çik tayfasının adıdır. Çik tayfa adı kimi Orxon Yenisey abidələrində də işlədilmişdir.

Qaradağ, Buduq. Qaradağ Buduğ oykonimi Xaçmaz rayonu Samur-Dəvəçi ovalığındadır. Bu kəndin sakinləri Qubanın Buduq kəndindən Ağyazı Buduq kəndinə, oradan da Qaradaq Buduq kəndinə gələrək məskunlaşmışlar. Qaradağ Buduq oykoniminin formalaşmasında Buduq xalqı mühüm rol oynamışdır. Buduq etnik qrupu tarixi və etnoqrafik cəhətdən az araşdırılan xalqlardandır.

Tədqiqatçıların fikrincə, Quba rayonu ərazisində yerləşən Buduq kəndi Qafqaz Albaniyası dövründə salınıb Buduq etnonimi mənası türk dillərində “dəliqanlı hirsli” anlamında işlənir. Buuduqlular isə özlərinə “budad” deyirlər.

Buduqlular haqqında tarixi mənbələrdə də danışılır. XIII əsrin sonu, XIV əsrin əvvəllərində yaşamış Fəzlullah Rəşidəddin “Came ət-təvarix” (Tarixlərin toplusu) əsərində buduqlular haqqında məlumat verir.

1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın buduqlular haqqında fərman verməsi də məlumdur. XVIII-XIX əsrlərdə Quba xanlarının Həsənəli və Fətəli xanın, Şeyxəli xanın buduqlular haqqında fərmanlar verməsi faktları da məlumdur.

A.A. Bakıxanov “Gülüstani-İrəm” əsərində buduqlular haqqında məlumat verir. Buduqlular buduq dilində danışır və onları islam dininə inanırlar. Bəzi mənbələrdə isə buduqluların türk tayfalarından biri olması göstərilir.

Yergüc. Yergüc kəndini Quba rayonu ərazisindən köçüb gəlmiş azsaylı yergüc xalqı salmışdır. Yergüc oykonimi də həmin azsaylı xalqın adı ilə bağlıdır.

Tədqiqatçıların fikrincə, oykonim “güclü yer”, “münbit torpaq” mənasındadır. Eyni zamanda tədqiqatçıların bir qismi er güc sözünün birinci komponentini qırazların ümumi adı hər etnonimi ilə əlaqələndirir və yer sözünü həmin etnonimin fonetik şəkli hesanb edirlər. Oykonimin ikinci komponenti isə qədim türk dillərində Kuç, quc sözündən olub, “zolaq”, “qurşaq”, “dairə”, “əhatə” mənalarına bildirir. Fikrimizcə, sonuncu yanaşma daha məntiqlidir.

Şıxhapıt. Şıxhapıt oykonimi Quba rayonunun Hapıt kədindən gələn ailələr tərəfindən salınmışdır. Tədqiqatçıların fikrincə, Hapıt kəndindəki Baba Dilim adlı şeyxin övladlarından ibarət olan ikinci oba isə Şıx Hapıt adlanır. Verilmiş izahda Şıx sözünün mənasına aydınlıq gətirilsə də Hapıt sözü izah olunmur. Fikrimizcə, Şıxhapıt oykoniminin ikinci komponenti haput sözü etnonimdir. Hapıtlılar isə “Şahdağ etnik qrupları”ndandır.

Prof.Ə.B.Qubatov “Şahdağlılar və dilləri” əsərində bu haqda yazır: “Xınalıqlar, buduqlular, qırızlar, yergüclülər, haputlular və ceklər tədricən özlərinin qədim ata-baba yurdlarından daha əlverişli təbii iqlim şəraiti olan qonşu Xaçmaz rayonuna da köçmüş, burada yeni yaşayış məskənləri salmışlar.

Haputluların xeyli hissəsi isə Azərbaycanın bir sıra rayonlarında – İsmayıllıda, Ağdaşda, Qəbələdə və başqa yerlərdə məskumlaşmışlar”.

Cığatay, Cığatay oykonimi etnotoponimdir. Toponim türkdilli ca­ğ­a­tay/cığatay tayfasının adı ilə bağlıdır. Qeyd etmək istərdik ki, tədqiqatçılar Xaç­maz rayonu ərazisində Cığatay kəndinin salınmasını Qubalı Fətəli xanın adı ilə bağ­­la­yırlar. Belə ki, elmi ədəbiyyatda Cığatayları XVIII əsrdə Fətəli şahın Qa­ra­bağ­dan köçürüb Quba xanlığında yerləşdirilməsi kimi fikirlər yer almışdır.



Qaraqurdlu. Qaraqurdlu oykonim Xaçmaz rayonu ərazisində yerləşən et­no­­toponimlərdəndir. Tədqiqatçıların fikrincə, oykonimi XVIII əsrin sonlarında Qu­­ba xanı Fətəli xanın Qarabağdan köçürdüyü kəngərlilərin qurdlu tayfasına mən­­­sub ailələr salmışlar. Başqa bir versiyaya görə isə kəndin tam adı Qarasu Qurd­­lu olmuşdur. Fikrimizcə, Qaraqurdlu mürəkkəb quruluşlu toponim olub Qa­ra-böyük, Qurdlu-tayfa nəsil mənaları bildirən sözlərin birləşməsindən ya­ran­mış­dır.


Ş.X. MƏMMƏDOV
SADƏ CÜMLƏNİ GENİŞLƏNDİRƏN VASİTƏLƏRİN

İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: dialekt, şivə, ara sözlər, bağlayıcı

Ключевые слова: диалект, говоры, вводные слова, союзы

Key words: dialect, subdialect, parenthetical words, conjunction
Dialekt və şivələrimizdə, o cümlədən yazılı abidələrimizdə, klassiklərimizin əsər­lərində müşahidə etdiyimiz sadə cümləni günişləndirən vasitələrə aid çox zən­gin materiallar vardır.

Abidələrimizdə, klassiklərimizin əsərlərində vaxtilə işlənmiş bəzi bağla­yı­cı­lar bu gün öz işləkliyini itirmişdir. Məsələn, vəli, və lakin// və leykin, leyk, əmma (in­diki forma amma) bağlayıcıları XIX əsrin sonu, XX əsrin əvvəllərindən iş­lə­k­li­yi­ni itirməyə başlamışdır: -Cansən yəqin və lakin arif biliür bu cani; -Müflis ti­ca­rət eylər sərmayəsiz və lakin (vəleykin), Səyi əbəsdir anın sövdası cümlə xəsran (Nə­simi). Nuru eyni həq kitabidir vəli, Surətin nəqşi durur quranımız (Nəsimi); Gər­çe gün xoşdur vəli, Rüxsarin ondan yaxşıdır (Xətai) və s. H.Mirzəzadə yazır ki, nəsr əsərlərinin dilinə nisbətən şeir dilində və lakin/ və leykin bağlayıcısının bə­sit forması olan vəli bağlayıcısı daha çox işlənmişdir. Klassik şeir dili nor­m­a­la­rı­na münasib olan bu bağlayıcı XIX əsrin əvvəllərindən zəif­ləməyə başlamışdır. Əm­ma və vəli bağlayıcıları Cənubi Azərbaycan soy­daş­la­rı­mızın dilində də öz iş­lək­liyini saxlamaqdadır: Baxdı gördü şəhər yo­xundu, gö­rü­kür, əmma acınnan ge­dən­miri; -Tacir dedi: arvad, beş gün tez, beş gün gec axır öla­cağam, əmma/amma ürə­gim yanır mənim oğluma və s.

XIX əsrin ortalarına qədərki ədəbi dilimizdə həmcins üzvlü cümlələrin bəzi qu­­ruluş modelləri indikindən fərqlənir. Məsələn, tabesiz bağlayıcılar qrupuna da­xil olan və bağlayıcısı cümlədə həmcins üzvün sayı qədər işlənmişdir. Lakin di­li­miz in­kişaf etdikcə bağlayıcısının işlənmə dairəsi tədricən məhdudlaş­mışdır. Ərəb­­cə­dən gələn bu yad modelin orta əsr Azərbaycan yazı dilində bu qədər sabit şəkil al­masına baxmayaraq, folklar janrına və danışıq dilinə dərin nüfuz edə bil­mə­­miş­dir. Təsadüfi deyildir ki, şifahi ədəbiyyatımızın qədim abidəsi “Kitabi-Dədə Qor­­qud” dastanlarının dilində - ilə başlayan və onun təkrarı ilə qurulan cüm­lə­lə­rə tə­sadüf edilmir. Orta əsrlərin şeir dilində və bağlayıcısına az hallarda rast gə­li­nir. Bu barədə H.Mirzəzadə yazır ki, şübhəsiz, bunun əsas səbəbi həmin bağ­la­yı­cı­nın şe­ir dili üçün münasib olmaması və ifadədə ağırlıq törətməsidir. Nəsr dilində bu­­nun tamamilə əksini görürük. Bir neçə əsr davam edib gələn nəsr dili ma­te­ri­al­la­­rı­nın dili bu cəhətdən maraqlıdır; məs.: Bu bir hikayətdür diməlü və bir qissədür eşi­t­­m­əlu və bivaqiədür olmalu (Şühədanamə) -Yasəmən iyləmək bəlğəmdən və söv­­dadan və yeldən olan (baş ağrılarını) dəf edər, təcrübədən keçibdir; -Sonra şə­ra­bi nilufər və yaxud bənövşə şərabın içirələr və yaxud təməri-hindi və ya ərik şər­bəti içirələr. Göstərən saətdə dövrani fələk bir inqilab, Həm özi fani olur, həm ləş­kəri, həm kişvəri (Füzuli).

Dialekt və şivələrimizdə ədəbi dilimizdəki birləşdirmə -ilə, və bağlayıcıları –nan, -nən şəkilçiləri ilə ifadə olunur: məs.: Odnan otunki tutmaz (yəni, odla ot bir yerdə olmaz); Əmimnən qonşımız hər il yaylağa çıxeylər və s. Nitq sahibinin məqsəd və məramından asılı olaraq işlənən belə cümlələrdə baş və ikinci dərəcəli üzvlər tələb olunduğu səviyyədə bir neçə dəfə təkrar olunur.

Dialekt və şivələrimizdə həmcins üzvlü sadə cümlələrə daha çox nağıllarda rast gəlmək olur. Tiplərinə gəlincə qeyd etməliyik ki, dialekt və şivələrimizdə həm­cins xəbərli sadə cümlələr o biri tiplərə nisbətən daha çox işlənir. Məsələn: -Uni gətürrüg, buğur teşti gətürrüg, tökürüg, əliyirüg, sui gətürrüg, tökürüg unun üs­sə, xəmir yoğurrug, asırruğ saci, oxloyi gətürrüg, nazig-nazig yayıruğ, təpitmə təp­dürüg (Şamaxı, Göyçay);-Sə:r durruğ, üzimizi, əlimizi yü:rüğ, çörə:mizi yi:rük, gəllük pambığ yığmağa (Şir.)

Dilimizin Çənbərək və Karvansaray şivələrində də həmcins üzvlərin işlən­mə­sində maraqlı xüsusiyyətlər müşahidə edirik: Bəzən həmcins mübtədalı cüm­lə­lər­də xəbər işlənmir. Məs.-Mən də dağa, Piri də; -Hasan da yola, Afdoy da; -Mal da arxaca, buzoy da. Bu şivələrdə həmcins üzvlər aşağıdakı şəkildə özünü gös­tə­rir: 1.Cümlənin həmcins üzvləri –dı, -di şəkilçiləri ilə işlənir; məs.: -Əlidi, Məm­mət­di, Hasandı, Hajıdı boş gəzillər buralarda; -Taxıldı, otdu, tütündü yığılması bir yerə düşdüyünə örə çətinnix çəkirix. 2.Bəzi hallarda həmcins xəbərli cümləl­ər­də həm xəbər şəkilçiləri saxlanılır, həm də bağlayıcı işlədilmir; məs.: -İrəli k­ö­mürdən dolduracağdılar, aparacağdılar, satacağdılar, bir tə:r dolan­a­cağ­dı­lar (Ağkilsə.). –Armıdı çuallara yığacağdılar, üxlə:cəydilər, Yelnofa apa­ra­cağ­dı­lar. 3. Bəzən yainki, yainki də bağlayıcıları ilə düzələn həmcins üzvlü cümlələrdə xə­bər­lə yanaşı olaraq, yer zərfliyi də sadalanır; məs.: -Ehtiyacım olanda yainki Ecevana edirəm, yainki Çarxac edirəm, yainki də Qazağ e:dirəm; - Savax yainki Cıvıxlıy (a) edəjəm, yainki də dağ edəjəm; - Biri varıydı, biri yoxuydu, Əhməd şah ad­dı bir paccah varıydı; - Ay camahat, məni öldürmüyün, sürgün eliyin ar­va­dı­m­nan, uşağımnan çıxım gedim; -Bir özüydü bir arvadıydı, iki də oğlan uşağ; - İraq-türkman ləncəsində söz birləşmələrinin asılı və ya əsas tərəflərinin həmcins olması hallarına da rast gəlinir: Məsələn: Gəlinin sağdış, solduşu olur; Kərkük öiləri, camələri rəngarəng boya ilə suslanırdı; -Palançılar, suvağçılar, pinəçilər və digər ismlərlə tanınmış pazarlarımız vardır və s.

Ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə bağlayıcılı həmcins üzvlü sadə cümlələrə az təsadüf edilir. Həmcins üzvlü sadə cümlələrdə ən çox ən çox aşağıdakı bağlayıcılara rast gəlmək olur. Məsələn: -Gah oxiyir, gah oxımır, heç onun işinnən baş çıxartmağ olmır (Bakı); -Nə oxiyir, nə işdi:r (Bakı) – Nə özi yiyər, nə özgiyə verər, iylədər itə verər (Şərur); Ədəbi dildə olduğu kimi, dialekt və şivələrimizdə də bəzən həmcins xəbər buraxılır. Məsələn: Toyçi, sazandar cətirillər. Xörəyi ye:llər, çay içillər, cedillər cəlini cətirillər (Ord.) -Səbəhnən duracam, əlimi, yüzümü yuvacam, çay içəcam, qapirativə gedacam, növüt alacam, so:ra evə qayıtacam. Mən Qaxda işliyam, qaprativin təsərrüfat müdiriyəm, qoyun, mal, əkin işlərinə baxıyam (Zaq.Qax.); -Dədəm Qorqud boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdü, qoşdu, böylə dedi. Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı; -Bir gün Ulaş oğlu, Tulu quşunyavrusu, bizə miskin umudu, ümmət soyunun arslanı; -Dədə Qorqud gəlibəni boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdü, qoşdu, böylə dedi; -Beyrək, Yeynək, Qazan bəy, Qarabudaq, Dəli Dondar, Qazan oğlu Uruz bəy-bunlar hasara yürüş etdilər; –Vallah, bəy yigit, allah taaladan buyruq oldu, al qanatlı Əzrail ol yigidin canını aldı; -Aruz Təpəgözü döydü, söydü, yasaq elədi, uslamadı; Cümlənin xitabla genişlənməsi: Gəlimli-gedimli dünya! Son ucu ölümlü dünya!; –Çağırıb ağaca söyləmiş, görəlim, xanım, nə söyləmiş. –Səni parça-parça doğrayaydılar, ağac;

Verib dil sərvi sarə, qönçə xarə, yar əğyarə, Cəhan bağında, ey bülbül, vəfayi-gülzar gördünmü? və s. Başqa nitq hissələri və atributiv söz birləşmələri xitab vəzifəsində işləndikdə substantivləşmiş olur; məs.: Mustafa Zərirdə: - Kim hacət qapusi açuq idi məgər Hacəti oldı qəbul, ey mötəbər, ey təmiz, ey əziz , ey könlü toq , ey yəra, ey sahibi-cəmal, ey ulu, ey bəxtlü, ey dilnəvaz; - Bulmadı çarə bunlərdən ol zəman, Yalvarurdı, ey Yəhuda, ey cəvan ; - Ey üzü gül, köynəyi gülgünü donu qırmızı! -Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım və s.

Xitabları mənşəyinə və ifadə vasitəsinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Azərbaycan (türk) mənşəli, yəni xalis xitablar: Ey göz, göz ol nigarın söhbətində, Ey yüz, ayağına döşən bu gecə; - Nə qəhri- Qahirə gərək, nə misr israrı Şəkər yetər bu cəhanə sözün ilə, çələbi; 2. Ərəb və fars mənşəli olanlar: 1.Ey səba, dəprətməgil zülfi qılın, Dəxi can oynamağa car olmadı;- Bülbül inilərü vəli gül gülə qarşu xoş gülər, Gəl gülşənə, ey əhli-dil, eylətəfərrüc gül-gülə; 3. Tərəflərdən biri xalis Azərbaycan, digəri isə ərəb və ya fars mənşəli olanlar. Məs.:Ey ləbün xəmrü gözlərün xəmmar, Zülfinə irəli səba bimar; - Ey bəni dəlü qılan, hicran edərsən, eyləmi? və s.

S.Ə.Nəbatinin dilində də xitablar çox güclü təsirə və tezliyə malikdir: Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox! Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb? Qəm yemə, şad ol, könül, olma bu sözdən məlul, Ey, səni Tari, genə etmə pərişan məni, Bir də mənə söyləmə zülfi-çəlipayə bax! və s.(31).

Q.Kazımov yazır ki, əgər müraciət vasitəsi kimi işlənmiş söz və ifadələri, misraları boylardan çıxarsaq, «Kitab» öz bədii-estetik keyfiyyətini xeyli itirmiş olar. Dastan şe’rləri əksəriyyət e’tibarilə xitablardan ibarətdir. Çox zaman danışanın münasibəti cüttərkibli və ya təktərkibli cümlələrlə deyil, xitablarla ifadə olunmuşdur: Qaranqu axşam olanda güni toğan! Qar ilə yağmur yağanda ər kibi turan! Qaraquc atları kişnəşdirən! Qızıl dəvə gördügində bozlaşdıran! Ağca qoyun gördügində quyruq çırpub qamçılayan! Arqasını urub bərk ağılın ardın sökən! Qarma-bügəc simüzin alub tutan! Qanlu quyruq üzüb çap-çap yudan! Avazı qaba köpəklərə qovğa salan! Çaqmaqluca çobanları dünlə yügürdən!

Qul Əlinin “Qisseyi-Yusif” əsərində semit və türk kökənli xitablar daha geniş yayılmışdır: “Yə Cəbrail, ol Yusifə qılğıl dərman, Həm risalət,bəşarəti kəltür imdi; -Ol Cəbrail aydır: Yusif, imdi turğıl, Bu qovağa yabuşuba tışra varğıl; - Munlar aydır: Əya Məlik, bizə inan! Tilimizə gəl tutmaqıl hərgiz güman; -Qardaşların bu işləri nədən qıldı? Oğlum, sən bu hala netə düşdün imdi.

Türk dillərinin ən qədim yazılı abidələri olan Göytürk Orxon-Yenisey kitabələrinin dilində xitablara bol-bol rast gəlinir Məsələn: ...tokuz oğuz bəgləri, bodunı, bu sabımın edgüti esid, katığdı tinlə! (...doqquz oğuz bəyləri, xalqı, bu sözümü yaxşıca eşid, möhkəmcə dinlə!; -Ol yirgərü barsar, türk bodun, öltəçisən (O yerə doğru getsən, türk xalqı, öləsisən); –Ögün! Kərgünin üçün igidmiş bilgə kağanına, ermis, barmıs edgü ilinə kəntü yanıltığ, yablak kigürtik (Ayıl! İtaət etdiyin üçün (səni) yüksəltmiş müdrik xaqanına, axar-baxarlı yaxşı elinə özün yanıldın, pislik gətirdin) və s.

Ara sözlər və birləşmələr əksərən cümlənin əvvəlində müşahidə olunsa da, cüm­lənin daxilində və sonunda da işlənir. Məs.: Xülasə, oruş bayramına yoxun, qə­r­dəşdər Təbrizdə görüşüllə; Əlqəza, padşah gejə vəsiyyət elədi; Beləlığnan, şah ca­nın əldən verip; Də:sən, yağış yağajax; Əttöbə, mənimişdən xəbərim yoxdu və s.

Dilimizdə bir sıra sözlər var ki, onlar başqa nitq hissələrindən, demək olar ki, tam təcrid olunmuş və modal sözə çevrilmişdir. Əlbəttə, beləliklə, nəhayət, təəs­­süf, yəqin, güman ki, sanki, həqiqətən və s. belə sözlərdəndir. Bunlar sin­tak­sis­­­də yalnız ara söz vəzifəsində çıxış edir; məs.:şübhəsiz, doğ­ru­dur, /do­ğır­dan/doğırdannan, deməli,/deməlu, deyəsən, görünür/görükey, görəsən, bi­lir­sənmi /bi­leysən/ bileysenmmi və s. belə sözlərdəndir.

Dialekt və şivələrimizdə onların müxtəlif fonetik variantları ilə yanaşı, ədəbi dildən fərqli modallıq ifadə edən sözlər də geniş yayılmışdır. Əsas nitq hissələri ilə əlaqəni kəsməmiş bu cür ara sözlərə morfoloji tərkibinə görə həm adlarda, həm də fe`llərdə rast gəlirik: doğrusu/doğrisi, lamahlıma/namahlıma, allahvara, şəhsız, həlbət, qəhəti budu, öləciyəm axı (sözün düzü), əlgərəz, xılasa, sən bilən/sən biləni, mənə qalsa/mənnən olsa, deməmişgən, uzun sözun güdəsi, əlqəza, beləlığnən, dordan da, do:rdan-do:risi; qərəz, düzülü, gerçəxli, mənim varanıma, mənim vaz(d)ıma, həlvət, yaqın, birimci; doğrısi, doğırdən, hökman, sözsız, namahlımə, nabədə, mağıl, gavar/gava, sözgəlişi, muxdəsər, mənım zəndımə; incavara(yaxşı ki), vaynaçarı (heç olmasa), fərəzən (tutaq ki), yanıkı-yanı, əqəllən (heç olmasa), nağılı-tül (nəhayət), eyhanə (təsadüfən), kürə sözü (türkün sözü), məxləs (xülasə), məğəl (yaxşı ki), gərəx, mətləb, illa, hağət, düezi, incəvara, hərvət, düzdihdən, bəlkəm, diyənə, fərəzü Feli ara sözlər: qaldı-yetişdi, deyəsən/diəsən, demək/deməy, deməli/deməlu, sən demə/demə, tutağ/tutax, görəsən, görünür/görükey, açığin desöy (ək.ş.).

Göründüyü kimi, ədəbi dildə olduğu kimi dialekt və şivələrimizdə də ismi ara sözlərin sayı feli ara sözlərin sayına nisbətən çoxdur. Ara sözlərin bir qismində modal münasibət qoşmaların iştirakı ilə formalaşır; eşitdiyimə görə/eşitdi:mə gora, ümumiyyətcən, məncə, bir söznən, dediyim kimi/dedığım kimi və s. Məsələn: Eşitdığımə gorə, kəndə qar qarreyip; Mənim zəndımə görə, yağışyağəcəğ; Deyilənə görə, yazığun ağli çaşıb.

Dialekt və şivələrimizdə işlənən ara sözlər və birləşmələr, əsasən modal söz­lər adı altında izah edilmişdir. Dialekt və şivələrdə işlənmə tezliyinə görə bunlar ayrı-ayrı məna növləri ilə verilir: gerçəkliyə münasibətin dərəcəsini bildirənlər: Ədətdi, gərəx hamıyı çağırax toya bizdərdə;-Düzülü, piyad essəx havax çatarıx Çaltəpiyə; Cümlədəki fikrə özünün və başqasının şəxsi münasibətini bildirənlər: Mənim varanıma, süntürüxdən yeməli pencər olmaz; -Mənim vadıma, camahatın gözünnən düşməxdənsə, başını yötürüf geniməx da: yaxşıdı; Nəticə və davamiyyət bildirənlər; -Nə başın ağrıdım, salamac ə:ldix öymüzə çıxdıx, indi də güzəranımız keçir xoş; Sıra və ardıcıllıq bildirənlər;Birimci, gejəhamı öyn ə:lir, heş yan e:tmə, ikimci gedirsən, eytiyatdı yet və s. Bu şivələrdə ədəbi dildə müşahidə olunmayan modal sözlər bunlardır: lamahlıma/namahlıma (heç olmasa), qəhəti budu, gafa/gafar, uzun sözün güdəsi, mənə qalsa, nabədə, muxdəsər və s.

Dialekt və şivələrimizdə sadə cümləni genişləndirən vasitələrdən biri də ara cüm­lələrdir. Ara cümlələr əsas cümləni-cümlədə iştirak edən şəxsin xüsu­siy­yət­lə­ri­ni, hadisələri, hadisələrə münasibəti və s. aydınlaşdırmaq üçün işlədilir. Mə­sə­lən: -Tezdən Məşə Məmmədinən (baş:o dönüm Məşə Məmməd) yola düşdüx; -Rəh­mətdix dədəm (Allah cəmi:zin ölənnərinə rəxmət eləsin) biz boci-qərdəşin hom­mısın çux isdeydi;-Şəqqıldaxları (bəx hammı:za diyerəm) yünə qatman; -Bir də­fə (keçən gündi, yadımnan çıxıp) gede:x Urdıbada bəlgə satmağa; Qədimi adət­də­rimiz vardı (indi ayru zamanadu), hami bir-birinə gedeydi, bir-birrərin yox­ley­d­i­lər. (Yar.) və s.

Dilimizdə məna yükünü nəzərə çarpdırmaq üçün xüsusi intonasiya ilə tə­ləf­füz edilən, fasilə və durğu ilə ayrılan üzvlərdən, yəni xüsusiləşmiş üzvlü cüm­lə­lər­dən də çox istifadə olunur. Yalnız ikinci dərəcəli üzvlərə aid olan qoşmalı xüsusi­ləş­mələr daha çox müşahidə edilir. Bura tamamlığın, zərfliyin və təyinin xüsusi­ləş­məsi daxildir. Tamamlıqlar daha çox başqa, savayı, özgə, qeyri, əlavə qoş­m­a­la­rının köməyi ilə xüsusiləşir. Dialekt və şivələrimizdə onların fonetik variantlarına da rast gəlirik: Məs. Dua eləməydən svay, əlimnən nə gəley; -Qaş düzəltməy əvə­zi­nə, vurub göz çıxardey (qoşma və zərfliyin xüs.-Yar.) və s. Qoşmaların xüsu­si­ləş­mə­sinə bədii əsərlərin dilində də çox rast gəlinir: Ey sevdiyim səndən qeyri, kimim var (Vidadi); Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-sə­badan qeyri (Füzuli); Dialekt və şivələrimizdə sadə cümləni genişləndirən va­si­tə­lərə əlavələr və qoşulma konstruksiyalar da daxildir. Bunlar aid olduğu sözdən xü­su­si fasilə ilə ayrılır və daha aydın nəzərə çarpdırılır və xüsusiləşir; məs.: Bizim k­o­l­at yerimiz var meşədə- Çobançağıran daşda; Rəhmətdiy kişini sədr qoydilər kətd­ə-qəlxoz sədri; -Bu daşdari çox ücüz almişdi-yadımda döyü və s.

A. RÜSTƏMOVA
MODERNLƏŞMƏ ŞƏRAİTİNDƏ KOMMUNİKASİYADA DİL AMİLİ
Açar sözlər: modernləşmə, kommunikasiya, mentalitet, novasiya, ənənə, sosio­mə­də­ni proseslər

Ключевые слова: модернизация, коммуникация, менталитет, новация, тра­ди­­ция, социокультурные процессы

Key words: modernization, communication, mentality, novation, tradition, sociocultural processes
Modernləşmə mürəkkəb xarakterə malik prosesdir və həyatın bütün sa­hələrini əhatə edir. Modernləşməyə xas olan sosiomədəni dinamklik cəmiyyəti mo­difikasiya edir, onu dəyişdirir. Sosiomədəni təcrübənin stereotipləşməsi ənə­nə­vi mexanizmlər zəminindən kənarlaşır, getdikcə daha çox innovasion yaradıcı təc­rü­bənin sayəsində formalaşır. Ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid, bü­töv­lükdə, istər cəmiyyət, istərsə də ayrı-ayrı fərdlər üçün təzadlı xarakter daşıyır. De­mək olar ki, həyat haqqında bütün təsəvvürlər, prioritetlər sistemi və s. dəyişir. Bu­nunla yanaşı modernləşmənin cəmiyyətin, mədəniyyətin inkişafının ümumi po­ten­sialının artırılmasında mühüm rolu vardır.

Müxtəlif sosiomədəmi sahələrdə həyata keçən modernləşmə prosesləri eyni sə­viy­yədə reallaşdırıla bilmir. Lakin uğurlu inkişafın əldə edilməsi üçün so­si­o­mə­də­ni dinamikanın ahəngdarlığının təmin edilməsi mühüm şərtlərdən biridir. Qeyd edi­lən inkişafdan geri qalan sahələr bu və ya digər şəkildə inteqrasiya proseslərinə ma­ne olurlar. Bu baxımdam cəmiyyətin ümumi inkişafı naminə bütün sahələrin mo­dernləşdirilməsinin həyata keçirilməsi məqsədyönlü nəticələrin əldə edil­mə­si­nə şərait yarada bilər. Müvafiq şəraitin formalaşmasında və inkişafında kom­mu­ni­ka­siyanın rolu ölçüyəgəlməzdir. Bu gün sosial fenomen kimi kommunikasiya mə­sə­lələrinə maraq olduqca artmışdır. Kommunikasiya problemləri müxtəlif səviyyə və konsepsiyalarda tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu istiqamətdə fəl­səfi, linqvistik, sosioloji, kibernetik, siyasi, psixoloji, kulturoloji və s. sahələri qeyd etmək olar. Mövcud şərait tamamilə qanunauyğundur. Belə ki, müasir dün­ya­da sənaye cəmiyyətinin sürətlə informasion-kommunikativ cəmiyyətə keçidi pro­sesi həyatın bütün sahələrinə kommunikasiyanın sirayət etməsi ilə müşayiət olu­nur. Həmçinin sosial reallığın kommunikativ təbiətinin yenidən dəyər­lən­di­ril­mə­si zərurəti cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyan kom­mu­ni­ka­si­ya­nın yerinin və rolunun müəyyənləşdirilməsini aktuallaşdırır.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin