Kommunikasiya problemi haqqında bu gün müxtəlif elm sahələrinin tədqiqatçıları çox danışırlar və artıq “kommunikasiya” termini sosial-humanitar biliyin anlayışlar aparatına daxil olub. Aydındır ki, kommunikasiya prosesi cəmiyyətlə bərabər inkişaf edir və formalaşır. Çünki bu gün dünyada informasiyanın kəmiyyəti və keyfiyyəti durmadan dəyişir, yeni kommunikasiya vasitələri yaranır. Dəyişiklik bütün informasiya səviyyələrini əhatə edir. Artıq bu gün tədricən dünyəvi inforмasiya mübadiləsi sistemi formalaşır. Baş verənlərin təqdirəlayiq cəhətləri danılmazdır, lakin hadisənin total xarakteri sosial təhlükələrin də miqyasının artmasına, bu təhlükələrin cəmiyyətin bütün sahələrinə öz təsiрini göstərməsinə səbəb olur.
Modernləşmə prosesində sosial kommunikasiya problemi olduqca mühüm əhəmiyyət kəsb edir və demək olar ki, sosiomədəni gerçəkliyin bütün sahələrini əhatə edir. Bu kontekstdə modernləşmənin yaratdığı və bir-birini təkzib edən iki proses baş verir: bir tərəfdən sosial birliyə cəhd, digər tərəfdən isə mədəni özünəməxsusluğun qorunub saxlanması. Mövcud şəraitdə müasir dil siyasətinin əsas istiqamətlərindən biri linqvistik müxtəlifliklə bağlı problemlərin həlli yollarının aranması ilə yanaşı, fərqli identikliyə malik etnik qrupların siyasi iddialarına obyektiv münasibətin də nəzərdən qaçırılmamasıdır.
Müasir şəraitdə beynəlxalq münasibətlərdə yaranan açıqlıq istər-istəməz bütün sahələrə, o cümlədən, dil şəraitinə də, öz təsirini göstərir. Bunu daha çox xarici dillərin fəaliyyət dairəsi istiqamətində müşahidə etmək olar. Mövcud şəraitdə beynəlxalq ünsiyyət vasitəsi funksiyası daşıyan dillərə müxtəlif səviyyələrdə tələbat artmışdır. Nəticədə, alman, fransız dillərinin, xüsusilə, ingilis dilinin öyrənilməsinə geniş şərait yaranmışdır. Müşahidələr göstərir ki, müasir dövrdə ingilis dili xarici dildən daha çox ikinci aparıcı dilə çevrilir. Bu gün kommunikasiya şəraitində bu tendensiya getdikcə artır. Sözsüz ki, baş verənlərin müsbət cəhətləri ilə yanaşı mənfi tərəfləri də mövcuddur və bunlar diqqətdən kənarda qalmamalıdır. Bu, ilk növbədə milli dillərin müxtəlif çeşidli təsirlərdən qorunub saxlanması tələbatını önə çıxarır. İngilis dilinin dünyada sürətlə yayılması və iri korporasiyalarda ünsiyyət vasitəsinə çevrilməsi şəraiti insanda müəyyən mədəniyyətə aidlik hissini zəiflədir, dünyanın vətəndaşı olması hissini yaradır. Təbii ki, bunlar bir tərəfdən dünyanın qavrayışında bir sıra xüsusiyyətlərin unifikasıyasına və bəzi davranış nümunələrinin ümumiləşməsinə səbəb olsa da, digər tərəfdən mentallıqlarda mövcud olan üyğunsuzluqları üzə çıxarır, çünki fərd bu yeni şəraitdə psixoloji narahatlıq hiss edir. Buna səbəb isə ona xas olmayan davranış tərzləridir.
Məlumdur ki, insanın mənəviyyatı maddi ifadə tərzinə malik deyildir. Mənəviyyat daxili aləmlə, hər bir fərdin psixologiyası ilə bağlıdır və onun mahiyyətini müəyyənləşdirən amilləri əhatə edir. Ənənəvi fəlsəfi kateqoriyalar insanın mənəvi aləminin açılmasında mühüm mahiyyət daşıyırlar, lakin filosoflar insan fəaliyyətinin mənəvi-psixoloji məqamlarını təhlil edən zaman bunu yetərli hesab etmirlər. Ona görə də bu kontekstdə onlar mentalitet fenomeninə müraciət edirlər. Mentallıq nədir sualına bu gün adi insanlardan tutmuş, elm adamlarına qədər hamı cavab tapmağa çalışır. Lakin problemin təhlilinə dair aparılan araşdırmalarda fransız strukturalistlərinin xüsusi əməyi vardır. Burada M.Fukonu və K.Levi-Strosu, xüsusilə, qeyd etmək lazımdır. Ümumiyyətlə isə, metalitet anlayışı yarandığı zamandan bir sıra humanitar elmlərin mühüm tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilə bilər və bu tendensiya bu gün də davam edir. Problem ətrafında fikirlərin hər zaman aktual olması təsadüfi deyil, çünki onun təhlili fonunda hər bir tarixi epoxanın mahiyyətini qismən müəyyənləşdirmək mümkün ola bilir. Bu kontekstdə keçmiş dövrlərdə baş verənləri aydınlaşdırmağa imkan yaranır, çünki hər bir cəmiyyət özünün inkişaf mərhələlərində özünəməxsusluğu ilə seçilib, məhz bu xüsusiyyətlərin təhlili bu gün baş verən hadisələrin mahiyyətinin anlaşılmasına çox böyük yardım göstərə bilir. Həmçinin problemlərə bu şəkildə yanaşma məsələyə sxematik münasibəti aradan qaldırır. Mentalitet kateqoriyası insanın təsəvvürlərinin və onun unikal mənəvi dünyasının psixi proseslər fonunda nəzərdən keçirilməsinə imkan yaradır. Bu, mentalitet anlayışının birbaşa mahiyyəti ilə bağlıdır. Belə ki, mentallıq fərdi və kollektiv mədəniyyətin özünəməxsusluğunu ifadə etməklə yanaşı, onun özü konkret sosial və mədəni şərtlərin təsiri nəticəsində formalaşır. Bir mühüm fakt da ondan ibarətdir ki, o sosiumun və tarixin inkişafına əhəmiyyətli təsir gücünə malikdir. Mentalitetə birmənalı münasibət olmasa da (bəziləri, ümumiyyətlə, bu fenomeni inkar edirlər) onun dərindən öyrənilməsinə çox böyük ehtiyac vardır. Bunu dünyada baş verən hadisələr zəruri edir və problemin Azərbaycan reallığında da nəzərə alınması, dərindən təhlil edilməsi vacib məsələlərdən biridir. Çünki demokratikləşmə inkişaf istiqamətini seçən ölkəmizdə siyasi, iqtisadi, hüquqi, pedaqoji və s. islahatların həyata keçirilməsi üçün cəmiyyətin mental xüsusiyyətlərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Əks təqdirdə, həyata keçirilən novasiyaların reallaşdırılmasında psixoloji durğunluq hökm sürə bilər. Başqa sözlə, milli şüurun, özşüurun və milli xarakterin transformasiyası problemlərinə dair elmi əsasların və müvafiq təhlillərin yetərli olmaması sosial islahatların uğurla həyata keçirilməsində özünü göstərə bilər.
Azərbaycanda sosiomədəni proseslər tarix boyu eyni sürətlə həyata keçməsə də, həmişə inkişafa doğru istiqamətlənib. Bu kontekstdə ölkə bütün dövrlərdə həm Şərqin, həm də Qərbin təsirlərinə açıq olub. Bununla belə bu təsirlər Azərbaycanı digər ölkələrlə eyniləşdirməyib. Əksinə, hər yeni dövrdə burada yaşayan xalqlar öz tarixi keçmişlərinə, mədəniyyətlərinə, davranış stereotiplərinə, adət-ənənələrinə söykənərək, irəliyə getməyə cəhd ediblər. Başqa sözlə, sosiomədəni sistem öz inkişafinda proseslərə həmişə açıq olub.
Dostları ilə paylaş: |