AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə2/16
tarix30.11.2016
ölçüsü1,08 Mb.
#515
1   2   3   4   5   6   7   8   9   ...   16

K.H. İMAMQULİYEVA
AZƏRBAYCAN XALQININ DİLİNDƏ VƏ

MƏİŞƏTİNDƏ DAŞ DÖVRÜNÜN İZLƏRİ

(Etnolinqvistik təhlil)
Açar sözlər: xart-, dibəx', məişətdə daş əşyalar, kök-morfem

Ключевые слова: xart-, dibəx', каменные вещи в быту, диалект, ко­рень-мор­фе­ма.

Key words: xart-, dibəx', the stone things in the life, subdialect, root-morhfem.
Azərbaycan xalqının məişətində bu gün belə daş alətlərdən istifadə olunması bu xalqın qədimliyindən xəbər verdiyi kimi, öz adət-ənənəsinə bağlı olduğunu da göstərir. Daş alətlərin mahiyyəti, onları ifadə edən sözlərin leksik anlamı (xartdaşı//xart “kəsici alətləri itiləmək üçün daş alət”, dibəx' “duz, yarma, çəltik və s. döymək üçün içi oyulmuş daş”, kəvər//çəfər “su süzmək üçün daş”, ətdaşı “üstündə ət döymək üçün alət”, əhdaş//əhdəş “həcət, gündəlik istifadə olunan hər hansı bir alət”, əldaşı//kirkirə//kilkilə “əldəyirmanı”, əpbəx'daşı “üzərində yuxa yaymaq üçün daş alət”, daş axur “üzümü əzib suyunu şıxartmaq üçün novlu daş alət” və s.) səs təqlidi (yamsılama) → hərəkət → ad → əlamət istiqamətində yeni mənaların yaranması kök morfemləri müəyyənləşdirən başlıca amildir.

Daş alətlərin müəyyən qismində “daş” ifadəsi saxlanıldığı halda, digər bir qismində bu sözün işlənməsinə ehtiyac qalmır. Əslində söz birləşməsi şəklində olan bu adlarda birləşmənin ikinci tərəfi həmin alətin nədən hazırlandığını, birinci tərəfi isə hansı məqsədlə işlənəcəyini bildirir. Lakin birinci tərəf dildə işlənmə gücünü artırdıqca ikinci tərəfə etiyac qalmamışdır: xart, dibəx', kəfər// çəfər və s.

Müasir Azərbaycan ədəbi dilində əşyanın hansı materialdan olduğunu bildirən söz birləşmələrində isim sifətləşərək söz birləşməsinin birinci tərəfi kimi çıxış edir: daş axur, taxta qapı, gümüş qaşıq və s. Belə olduqda birinci tərəf əlamət, ikinci tərəf isə əşyanı ifadə etməklə birinci növ təyini söz birləşməsini yaradır.

Əgər daş, taxta və s. sözlər ikinci tərəf kimi çıxış edirsə, onda əlamət deyil, ad mənasını bildirir və çox vaxt ikinci növ təyini söz birləşməsi olur: xart daşı, dibəx' daşı, ət daşı, əpbəx' daşı, əpbəx' taxdası və s.

Bu birləşmələrin birinci tərəfi ikinci tərəfdəki əşyanın hansı məqsədlə istifadə olunduğunu bildirən hərəkətlə bağlıdır və xart, dibəx', ət, əpbəx'// ətməx' kimi sözlərin fel əsaslı olduğu danılmazdır.

“Xart” sözü səs təqlidi yolu ilə hərəkət → ad istiqamətində formalaşan (xa + r + t) ad – morfemdir. Bu ad-morfem əsasında adlardan fel düzəldən –la şəkilçi mor­femi ilə “itilə-“ mənasında işlənən “xartlamaq” feli də yaranmışdır. –Xart çal­ğı­­nı itiləyən daşdı (Borçalı). –Xartı ver pıçağımı itilədim (Şərur). – Ot çalanda çal­­ğu:n ağzını xartdi:llər (Şəki).

Azərbaycan dilinin şivələrində “nazik daş” mənasında xirt, “çınqıl” mənasında isə xitz sözü işlənir. Həmçinin “yeyə” mənasında xirtdix'//xirtix', qavara//qəvərə, “əriyib balacalaşmış sabun” mənasında kirtix', “hanada ipləri nizamlayan alət” mənasında girgid, “təzə əyirilmiş ipin çıxıntılarını sıyırmaq, hamarlamaq üçün alət” mənasında xılxın//kirtiş sözləri işlənir ki, bunların da eyni kök-morfemlə bağlı olduğunu söyləmək olar. q//x//k//g//ç// + a//ə//o//ı//i səs axarında yaranan kök-morfem –r və -t şəkilçi morfemləri ilə birləşərək bir çox sözlərin yaranmasında rol oynamışdır. Qırtmaq, qopartmaq, qartdamaq, xartdamaq//qırtdatmaq//xırtdatmaq kimi fellər, qartmaq//qərtməx' kimi isimlər, həmçinin qaşımaq//qazımaq, qırmaq, qırtmaq, qaşıq, qazıq, qırıq, qırxıq və s. sözlər eyni kök-morfemdən törəmişlər.

Dibəx' // dibəy // dibəx' daşı (Naxçıvan, Şahbuz, Şərur, Ordubad) − duz, yar­ma, çəltik və s. döymək ücün içi oyulmuş daşdır. Bu məişət əşyası həvəngdəstənin il­kin formasıdır. Daha çox duz döymək üçün istifadə olunmuşdur. Naxçıvan əra­zi­sin­də Duzdağın yerləşməsi, oradan çıxarılan duzun kristal halında olması, kristal du­zun dibəkdə döyülməsi bu məişət əşyasının daha qədim olmasından xəbər verir. “Dibək” sözünün leksik mənasından törəyən və məcazi məna daşıyan “evin dibək daşı” ifadəsi də diqqəti cəlb edir. Evin, ailənin yüz yaşdan yuxarı olan üzvü haq­qın­da (bəzən mənfi anlamda) söylənilən bu ifadə dibək daşının yaşının çox ol­ma­sı­­na bir işarədir. “Ömrün duz dağına dönsün” alqışı da təsadüfən işlənməmişdir.

İfadənin həm dibək, həm də dibək daşı formasında işlənməsi diqqəti cəlb edir. Dibək daşı ifadəsində ikinci tərəfin işlənməsi birinci tərəfin ad kimi tam formalaşmadığını göstərir. Belə olduqda dibəyin sonrakı inkişaf prosesində yeni bir modeli─çölmək yada düşür.

Çolmə (Culfa) // çölməx' (Gədəbəy, Şərur, Naxçıvan, Ordubad) // çölməy (Göyçay, Masallı, Lənkəran) xörək bişirmək üçün saxsı qabdır.

Görünüş etibari ilə dibək və çölmək bir- birinə oxşayır, lakin dibək daşın içərisi oyularaq düzəldilən məişət əşyasıdır, çölmək isə gildən hazırlanmış saxsı qabdır. Birinci kök-morfem hərəkətlə ─ “döymək” feli ilə bağlıdır: di-// dö-// döy. İkinci kök-morfem isə dö-//çö- fonetik dəyişməsi ilə bağlıdır. –yıl//-l məchul növün əlaməti, -bək//-mək isə məsdər şəkilçisidir.

Sadəcə olaraq dibək sözü öz struktur quruluşu, morfoloji anlamı ilə deyil, əşyanın zahiri görünüşü ilə yeni bir əşyaya keçid almışdır.

Ətdaşı (Naxçıvan) üstündə ət döymək üçün alətdir. İlkin mətbəx əşya­la­rın­dan sayıla bilər. Sonradan “ət taxdası” ifadəsinə keçid almış, əti döymək, yaxud doğ­ramaq üçün istifadə olmuşdur. Ət daşı yeni bir məna kəsb edərək alət, həcət, bir sözlə, məişətdə işə yarayan hər hansı bir əşya (çapacaq, balta, bıçaq, mişar, kət­mən və s.) mənasında işlənən əhdaş (Mingəçevir, Şəki)//əhdəc (Oğuz)//əhdəş (Şəki)//Əhtəc (Oğuz) variantlarını da almışdır. “Daşda əti döymək” məz­munu isə ye­ni məzmunlu fel variantının – ətdəməx' (Naxçıvan) – “kimisə döy­mək” felinin ya­ran­masına səbəb olmuşdur.

Əldaşı (Dərbənd) əldəyirmanıdır. Əldəyirmanının kilkilə (Qazax, Şa­ma­xı)//kirkirə (Bərdə, Bolnisi, Cəbrayıl, Salyan, Culfa) formasında işlənməsi də dia­lekt və şivələrimizdə müşahidə olunur.

Əpbəx'daşı (Şərur, Naxçıvan) üstündə yuxa yaymaq üçün alətdir. Düzəldiyi materialdan asılı olaraq ifadənin ikinci komponenti dəyişməyə başlamışdır. Belə ki, ilkin forma daşla bağlı olduğu üçün əpbəx'daşı, sonradan daş kəclə əvəz olunsa da, daşlaşmış kəc olduğu üçün yenə də əpbəx'daşı, material taxtadan olduğu üçün əpbəx' taxdası (Naxçıvan), zahiri görünüşünə görə dördə:x (Kəlbəcər, Tərtər)// dördəyağ//dördəyax (Ağdam, Ağdərə, Bakı, Cəbrayıl, Göy­çay, Səlyan, Tərtər) şəklində işlənmiş, hətta üçayaqlı olsa belə, sonradan yenə də “dör­dayaq” adlanmışdır. Həmin sözün ə:axlı (Gədəbəy, Göranboy)// ə:xlı (Ba­sar­ke­çər, Tovuz) variantlarına da dialekt və şivələrində rast gəlirik.

Ümumiyyətlə, daşla bağlı olan, daşdan düzəldilən məişət əşyalarının daş döv­rünə aid olması heç bir mübahisə doğurmur. Hətta məişətimizdə daş axur­dan − üzümün suyunu çıxartmaq üçün daş alətdən də istifadə olunmuşdur.



Bununla da dil vahidləri insanın təşəkkül dövrünün öyrənilməsində bir vasi­tə­yə çevrilir.

N.Q. QAZIYEVA
ƏDƏBİ DİL VƏ DİALEKT MÜNASİBƏTLƏRİ
Açar sözlər: ədəbi dil, dialekt, keçid şivə, qarışıq şivə.

Ключевые слова: литературный язык, диалект, говор.

Key words: literary language, dialect, subdialect.
Daxili qanunları ilə idarə olunaraq sistem təşkil edən dil varlıq kimi nizam və prinsipial da­xi­li ardıcıllığa malikdir. Hətta tipoloji baxımdan müxtəlif dillərin mövcudluğu onların təbiətən va­hid prinsiplər əsasında idarə olunması faktlarını inkar etmir. Bunu müxtəlif dillərin timsalında ümu­mi qanunauyğunluğu əks etdirən nəzəriyyələr də sübut etmişdir. Təsadüfi deyil ki, dillər üçün ümu­mi, universal nəzəriyyələr ortaq cəhətlərin müəyyən olunması ilə ümumilikdə dil qanunlarını və ümumi inkişaf meyillərini müəyyən etməyə imkan verir. Bir zamanlar «dalğa nəzəriyyəsi»nin irəli sürülməsi (X.Şuxardt, G.Şmidt) areal dil­çi­lik­­də bir sıra həlli vacib problemlərin müəyyənləşməsi və dilçilik sahəsi kimi bu sa­­hədə araşdırma perspektivlərinə aydınlıq gətirilməsinə yol açmışdı. Dillərin in­ki­­şaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərin öyrənilməsində dilin və xalqın ta­ri­­xini vəhdət halında özündə birləşdirərək əks etdirən dialektlərin dərindən araş­dı­rıl­ması və eləcə də dillərin müasir inkişaf mərhələsində ədəbi dil və dialekt mü­na­si­bətindəki bəzi məqamların meydana çıxarılması vacib məsələlərdəndir. Lakin dia­­lekt faktlarının araşdırılması ilə bağlı, ümumiyyətlə, metodologiyanın də­yi­şil­mə­sinə, burada struktur metodların tətbiqinə ehtiyac hiss olunur. Dialektlərə məhz be­lə ciddi münasibət bir sıra ümumi dil qanunlarının aşkar olunmasına şərait ya­ra­da bilər. Əvvəla, «dialekt» termininin anlayış kimi doğurduğu assosiasiyaya ay­dın­lıq gətirmək lazımdır, bunun «qapalı, konkret, sərt sərhədləri olan areal» kimi an­laşılması bəzən bir sıra məsələlərlə bağlı yanlış fikirlərin irəli sürülməsinə sə­bəb olur. Dialektlər eyni bir dilin daxilində olduğundan burada, təbii ki, dil ha­di­sə­ləri baxımından sərt keçidlər, qapalı sərhədlərdən söhbət gedə bilməz. Sadəcə izoq­losların aydın xətlə seçildiyi sahələrdə fərqli dialektlərin mövcudluğundan da­nış­maq olar. Areal baxımdan dil hadisələrinin yayılma xüsusiyyətlərinin «dalğa nə­zəriyyəsi»nin mahiyyətində dəqiq izahını dialektlərdə dil hadisələrinin yayılma is­tiqamətini və dərəcəsini izləməklə görmək olar. Məlumdur ki, bu nəzəriyyəyə gö­rə, bir nöqtədən başlayaraq yayılan dil hadisəsi kənara getdikcə zəifləyir – bu isə variantlılığın meydana gəlməsi və areal şəraitlə şərtlənən fərqli dil vahidlərinin for­malaşmasına şərait yaradır. Beləliklə, tarixi inkişafın müəyyən mərhələsində dil­daxili amillərlə yanaşı, dilxarici faktların da şərtləndirdiyi dialektlər meydana gəl­miş olur. Dil hadisələrinin tədrici keçidi müxtəlif dialektlər arasında «xüsusi zo­na»nın formalaşması ilə müşahidə olunur ki, bu şivələr «keçid» və ya «aralıq» şi­və terminləri ilə ifadə olunur. Dialektlər eyni dilə aid olduğundan əvvəldə qeyd et­diyimiz kimi, əsas dialektlər arasında sərt keçid olmur və demək olar ki, dia­lekt­lə­ri tədqiq olunmuş əksər dillərin başlıca dialektləri arasında «keçid zona»ların ol­ma­sı qeyd olunur. Bu aralıq zonada əsas şivələrin sərhədləri yox olur, əsas şi­və­lə­rin hər birinə aid xüsusiyyətləri özündə əks etdirir – müxtəlif şivələrə aid va­ri­ant­la­­rın qarşılaşması və seçimi gedir. Bu isə tipoloji baxımdan ədəbi dilin for­ma­la­ş­ma prosesini xatırladır. Aralıq şivələrdə «seçim» dildaxili qanunlara uyğun – sər­bəst olaraq gedir və bu «daxili seçim» elə prinsiplərə əsaslanır ki, seçilmiş va­ri­ant­­lar dil hadisələrinin sonrakı inkişaf xüsusiyyətləri və dil daşıyıcılarının isti­fa­də­si üçün daha məqbuldur (məs., «qənaət» prinsipinə uyğundur) və bu prinsiplər, söz­­süz ki, şüurlu şəkildə «seçmə və əvəzetmə yolu ilə» ədəbi dilin formalaşması üçün nəzərdə tutulan variantlarla üst-üstə düşür. Aralıq zonada isə bütün şi­və­lər­dən uzaqda olan «mərkəz» hissə daha «seçilmiş» və özünəməxsusdur. Beləliklə, «dal­­ğa nəzəriyyəsi»nə görə bir nöqtədən başlayaraq yayılan dil hadisəsi kənara get­­dikcə zəifləyirsə, dil daxilində dialektlərin münasibət xüsusiyyətlərinin araş­dı­rıl­­ması başlıca dialektlər arasında «dalğa nəzəriyyəsi»nin «geri» variantının get­di­yi­­ni göstərmiş olur – mərkəzə doğru «nüvə»də dil hadisələrinin xüsusi «ağıllı» se­çi­­mi gedir ki, bu da son nəticədə ədəbi dil norması ilə üst-üstə düşür.

Şamaxı, Şəki, Qarabağ, hətta Qazax və Bakı dialektlərinin bəzi xü­su­siy­yət­lə­rini özündə əks etdirən keçid şivələrdən bəhs edərkən A.Vəliyev şərq, qərb və şi­mal qrupu şivələri arasında yer­ləşən Göyçay, İsmayıllı, Ağdaş, Ucar kimi şivə qrup­larının öyrənilməsinin xüsusi əhə­miy­yə­ti­ni vurğulayaraq qeyd edir ki, Azər­bay­can ərazisinin mərkəz (orta) rayonları əhalisinin dia­lekt xüsusiyyətlərini əks et­dirən bu şivələrdə (A.Vəliyev. «Azərbaycan dialektologiyasına aid ma­teriallar» Ba­kı, 1960, s. 4-5) «dilin qrammatik quruluşu daha möhkəm və sabit olduğundan bu­­rada ayrı-ayrı dialekt qruplarına xas olan morfoloji hadisələrin bəzi ünsürləri ilə bə­rabər bütün qruplara məxsus olan ümumi cəhətlər – ədəbi dil normaları (kursiv bi­zimdir – N.Q.) da nəzəri cəlb edir. Beləliklə, keçid şivələrin qərb, şərq və şimal qrup­ları ilə ədəbi dil arasında kör­pü mövqeyində durduğunu müəyyənləşdirmək olar» (A.Vəliyev. «Azərbaycan dialekto­logiya­sı». Bakı, 1975, s. 3).

Ədəbi dil normaları ilə «mərkəz» dialektə məxsus dil vahidlərinin uy­ğu­n­luğu müxtəlif dillərlə bağlı tədqiqatlarda qeyd olunmuşdur. Komi-zıryan ədəbi di­li­nin əsasında duran Sıktıvkarətrafı şivə sısol şivəsindən viçeqod şivəsinə keçid təş­kil edir («Общее языкознание». M., 1970, s. 456). Tatar ədəbi dilinin əsasında mər­kəzi dialekt dayanır («Современной татарский литературный язык», s. 6). Mü­asir belorus milli dilinin əsasında Belorusiyanın mərkəzi hissəsinin dialekti da­ya­nır (Виноградов В.В. Проблемы литературных языков и закономерностей их образования и развития. М., 1967, с. 61). Müasir Makedoniya dili mərkəzi Ma­kedoniya şivələri əsasında qurulur, onların heç biri ilə üst-üstə düşmür (yenə ora­da, s. 61). «Zonalararası şivələr» termini ilə verilən mərkəzi rus şivələrinin ədə­bi dilə məxsus xüsusiyyətləri, digər dialekt zonalarının isə ədəbi dildəki va­ri­ant­larla qarşılıq təşkil edən variantları əks etdirdiyi qeyd olunur. «Mərkəz» ten­den­­siyası ilə bağlı A. Meyenin fransız dili ilə əlaqədar fikri də maraq doğurur: «Mər­­kəzi Fransanın şivələri əsl dialektdən çox, «pozuq fransız dili» təəssüratı oya­­dır. Odur ki, dəqiq demək çətin olur: qarşımızdakı fransız dilidir, yoxsa yerli dia­­lekt». Zənnimizcə, «mərkəz» tendensiyasının dillərin müəyyən inkişaf mər­hə­lə­­sində ədəbi dil – dialekt müstəvisində ümumi – universal proses olduğunu söy­lə­­mək üçün kifayət qədər əsas var. Azərbaycan dili şivələri əsasında bu prosesin əya­­ni göstəricisi «Azərbaycan dilinin dialektoloji atlası»nda toplanmış dəyərli xə­ri­­tələrdir (xəritələrdə ədəbi dillə uyğunluq təşkil edən xüsusiyyətlər qara işarələrlə ve­­rildiyindən mənzərə çox aydın görünür). Bu məsələ ilə bağlı diqqətimizi cəlb edən bir məsələni də qeyd etmək istərdik. Məlumdur ki, dialektlər tarixi pro­ses­lə­rin izlərini, eləcə də tayfa dil elementlərini qoruyub sax­la­maq­dadır və bu ele­ment­lə­­rin üstünlüyü baxımdan da dialektləri fərqləndirmək olar. M.Şirəliyevin «Azər­bay­­can dilinin dialekt və şivələri» kitabının sonunda ver­diyi xəritədə oğuz və qıp­çaq elementlərinin yayılma arealı göstərilmişdir. Diq­qə­təlayiq haldır ki, keçid şi­və­­lərin yerləşdiyi mərkəzi zonada oğuz və qıpçaq ele­ment­ləri də qarışıq halda özü­­nü göstərir.

Dilin dialekt bölgüsü uzunmüddətli və çoxtərəfli proses olduğundan bəzi mə­sələlərə xüsusi diq­qət yetirmək lazım gəlir. Belə ki, bəzən tarixi proseslər, ic­ti­mai hadisələr dil mənzərəsinin də­yi­şil­məsinə səbəb olur və diqqətsizlik yanlış nə­ti­cələrin çıxarılmasına gətirir. Bu məsələ aralıq (keçid) və qarışıq şivələrin fərq­lən­dirilməsində nəzərə alınmalıdır. Fikrimizcə, bu terminlər tam fərqli an­la­yış­ları əks etdirir. Aralıq (keçid) şivələrin xüsusiyyətindən və sırf dildaxili proses nəti­cə­sin­də for­ma­laşmasından danışdıq. Nəzərə alaq ki, coğrafi baxımdan da, demək olar, bütün dillərdə bu zona mər­kəzi hissəni əhatə edir. Qarışıq şivələr isə müxtəlif dil­xarici faktorların təsirindən, xüsusilə miq­ra­siyalar nəticəsində əhalinin qa­rış­ma­sı ilə dil faktlarında dəyişmələrin müşahidə olunmasını əks et­di­rir – müxtəlif əra­zi­lərə kompakt halda köçmüş əhali tədricən məskunlaşdığı arealda «gətirdiyi» şi­və xüsusiyyətlərini yayır və «qarışıq şivə»lər formalaşır. Məsələn, cənub-qərb his­sə­də bir zamanlar qər­bi Azərbaycandan köçmələr nəticəsində müəyyən bir zolaq – cə­nub və qərb şivələrinin xü­susiy­yət­lərini əks etdirən qarışıq şivə (Cəbrayıl, Fü­zu­li şivələri) özünü göstərir. Şamaxı ərazisindən (xü­su­silə, zəlzələdən sonra) Salyan, Neft­çala ərazilərinə kütləvi köçmələr məlumdur. Sözsüz ki, bunlar ta­rixi faktlarla da­ha dəqiq verilə bilər və dil xüsusiyyətlərinin açılması – qarışıq xüsusiyyətlər məhz bu­nunla izah oluna bilər. Fikrimizcə, Lənkəran şivələri ilə bağlı dialekt böl­gü­sündə mübahisəli fi­kir­lərin meydana gəlməsi məhz miqrasiyaların izi ilə əla­qə­dar­dır (müəyyən dövrlərdə Masallı, Yar­dım­lı ərazilərinə Cənubi Azərbaycandan, xü­susilə Ərdəbil mahalından, eləcə də şərq şivələrinin baş­lıca daşıyıcısı hesab olu­nan Şamaxıdan miqrasiyaların olduğu məlumdur). Düşünürük ki, dialek­to­loji ara­ş­dırmalarda dil hadisələrinin inkişaf meyillərinin düzgün müəyyənləşdirilməsi üçün bu cür məsələlərə xüsusi diqqət yetirilməli və dərindən araşdırılmalıdır.


Q.G. QƏMBƏROVA
AZƏRBAYCAN DİALEKTOLOGİYASININ İNKİŞAFI
Açar sözlər: monoqrafik tədqiqat, dialekt və şivələr, Azərbaycan dialektologiyası, dil xüsusiyyətləri, dialektoloji atlas, ekspedisiyalar

Ключевые слова: монографическое исследование, диалекты и говоры, Азер­байд­жанская диалектология, лексическое особенности.

Key words: monographic investigatron, dialekt and subdialekt, Azerbaijan dialectology, lexical features, dialectological atlas
Bu gün ədəbi dilinin varlığı ilə “öyünən” hər bir xalqın dili öz mövcudluğu ilə dialektə “borclu” sayılır. Dialektlər dilin ən saf və etibarlı mənbəyidir. Vaxtilə L.V.Şerba yazırdı ki, hər hansı bir ədəbi dili dialekt əsasından məhrum etmək, Anteyin ayağını torpaqdan ayırmaq kimidir.

Azərbaycan Respublikasında dialektologiya elminin “təməl daşları” XX əsrin 20-ci illərində qoyulmuşdur. Keçmiş SSRİ-nin yaranması nəticəsində qurulan SSRİ Elmlər Akademiyası o zamankı dövlət siyasəti ilə öz milli ucqarlarını da diqqətindən yayındırmırdı. Bu siyasətin nəticəsi olaraq professor N.İ.Aşmarin Azərbaycan şivələrini öyrənmək məqsədi ilə Azərbaycana ezam olu­nur. O, keçmiş Nuxa (indiki Şəki) şəhəri əsas olmaqla onun ətraf kəndlərini də əha­­tə edən “Obşiy obzor narodnıx qovorov qor. Nuxi” adlı əsərini 1926-cı ildə çap etdirir. Sonralar bu tədqiqatların davamı kimi 2 cilddən ibarət olan “Azər­bay­can xalq şivələri lüğəti” (1930-1931) adlı sözlük nəşr edilir. Beləliklə, dia­lek­to­lo­gi­ya elmində həm monoqrafik, həm də müqayisəli-tutuşdurma metodu isti­qa­mə­tin­də araşdırmalara start verilir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətin tap­şı­rığı ilə N.İ.Aşmarinin hazırladığı proqram və göstərişlər əsasında başqa şivələrin də öyrənilməsi başlanır. Bu məsul vəzifə o zaman görkəmli türkoloq B.Ço­ban­za­də­yə həvalə olunur. Onun 1927-ci ildə nəşr etdirdiyi “Türk-tatar dialektologiyası” əsə­ri Azəbaycan dilçiliyində bu sahəyə həsr olunmuş ilklərdən biri sayılır. Müəllif bu əsərdə türk dillərinin dialektlərini müqayisəli planda tədqiq edir. O həm də ilk də­fə olaraq dialekt və dialektologiya, türk dialektologiyası elminin tarixi, türk dil­lə­rinin qarşılıqlı münasibəti məsələlərini xüsusi araşdıraraq türk-tatar şivələrini qeyd etmiş və bu sahəyə aid əsas tədqiqatları işıqlandırmışdır. O zamana qədər Azər­baycan şivələri tam öyrənilmədiyindən müəllif türk dillərini bütöv şəkildə gö­türmüşdür.

Dialektologiyanın bir elm kimi sistemli inkişafı Azərbaycan Elmlər Aka­de­m­i­yasının 1945-ci ilin martın 27-də təsis edilməsindən sonra başlayır. Eyni vaxtda ya­ranan İctimai Elmlər bölməsində 4 elmi-tədqiqat İnstitutundan biri kimi Dilçilik İns­titutu mayın 21-də təsis olunur.

­Azərbaycan xalqının tarixində qaranlıq səhifə kimi qalan 37-ci il represiya qur­banları içərisində özü və əsərləri məhv olmuş dilçi alimlər X.S.Xocayev, V.Xu­luflu, C.Hacıbəyli və başqalarının da dialektoloji tədqiqatları olmuşdur.

Dialektologiya elminin Azərbaycanda tədqiqat tarixini geniş sferada gö­tür­dük­də iki dövrə bölmək olar: 1. Sovet dövrü tədqiqatları. 2. Müstəqilliyin yenidən bər­pası dövrü tədqiqatları. Daha geniş əhatədə isə bu bölgünü xırdalamaq müm­kün­dür. Məsələn: 1. Böyük Vətən müharibəsi dövrünə qədərki tədqiqatlar. 2. Bö­yük Vətən müharibəsi dövründəki tədqiatlar. 3. Milli Akademiyanın təşkili və dinc quruculuq dövründəki tədqiqatlar və s.

Azərbaycan dialektologiyası öz tədqiqatlarına dialekt və şivələrin mo­noq­ra­fik şəkildə öyrənilməsi ilə başlamışdır. Bu iş iki yolla getmişdir: 1. ekspedisiya yo­lu ilə 2. fərdi öyrənmə - tədqiqat yolu ilə

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təşkil etdiyi eks­pe­di­si­ya­lar 1933-cü ildə Şamaxı, 1934-cü ildə Quba dialektlərini, 1985-ci ildə isə Zaqa­ta­la və Qax şiələrini araşdırmışdır. Akademiya nəzdində Dilçilik İnstitutu isə 1945-ci ildə də Zaqatala-Qax, 1946-cı ildə Sabirabad, 1947-ci ildə Əli Bayramlı, 1951-ci ildə indiki Şərur, 1953-cü ildə Şahbuz, 1958-ci ildə Ağstafa rayonlarına dia­lektoloji ekspedisiyalar təşkil etmişdir. Bu işdə M.Şirəliyevin rəhbərliyi ilə R.Rüs­təmov, K.Ramazanov, B.İbrahimov, T.Həmzəyev, R.Süleymanov, M.İs­la­mov, R.Kərimov, A.Vəliyev, E.Əlibəyzadə və başqa dilçilər iştirak etmişlər.

Azərbaycan dilalektlərinin monoqrafik tədqiqatında ekspedisiyaların uğurlu nə­ticəsi kimi dialektlərin fərdi tədqiqatı da həyata keçirilmişdir. Bu sahəyə ilk də­fə olaraq M.Şirəliyev 1941-ci ildə “Bakı dialekti” adlı namizədlik dissertasiyası ilə möhür vurmuşdur. Elmi Şura əsərin böyük əhəmiyyətini yüksək qiymətə layiq bi­lərək müəllifə birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsi vermişdir. Keç­miş SSRİ məkanındakı türkdilli respublikalarda bu hadisə geniş rezonans do­ğur­muşdur. 1942-ci ildə isə alimin iki hissədən ibarət yazdığı “Azərbaycan dia­lek­to­logiyası” əsərinin birinci hissəsi nəşr olunmuşdur. Tədqiqatın “Qazax dialekti haq­qında ümumi obzor” adı altında olan ikinci hissəsi isə 1943-cü ildə çapdan çıx­mışdır. Beləliklə, Azərbaycan dialektologiyası şöbəsində dialektlərin həm mo­noq­rafik öyrənilməsi davam etmiş, həm də dialektoloji lüğətin tərtib prinsiplərini əha­tə edən vəsait çap olunmuşdur. Bu xüsusi proqram əsasında toplanan mat­e­ri­al­lar üzərində şöbə əməkdaşaları tərəfindən yazılmış “ Azərbaycan dilinin Muğan qru­pu şivələri” 1955-ci ildə, “Azərbaycan dilninin Naxçıvan qrupu şivələri” 1962-ci ildə, “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri” 1967-ci ildə, Azərbay­can dilinin dialektoloji lüğəti” 1964-cü ildə çap edilmişdir.

Dialektoloji ekspedisiyalar və monoqrafik tədqiqat işləri Azərbaycan dialekt və şivələrinin dialektoloji atlasını hazırlamaq zərurətini ortaya qoymuşdur. Keçmiş SSRİ tərkibindəki türkdilli respublikalar içərisində ilk təşəbbüs göstərən və onu uğurla başa vuran Azərbaycan dialektoloqları olmuşdur. Dialektoloji atlas Azərbaycan dilinə məxsus dialekt faktlarının real mənzərəsini tam və dolğun şəkildə əks etdirən qiymətli bir tədqiqat işidir. Atlas nəinki dilçilər üçün, eyni zamanda tarix, arxeologiya, etnoqrafiya, regionşünaslıq, türkologiya və s. elmlər üçün əvəzsiz istinad mənbəyidir.

Ümumi götürdükdə 40-50-ci illər ərzində dilçilik sahəsindəki elmi işlər bir­mə­nalı şəkildə dialektoloji araşdırmalardan ibarət olmuşdur. Namizədlik disser­ta­si­yaları ayrı-ayrı rayon şivələrinə və dialektlərə həsr olunmuşdur. M.Şirəliyevin 1941-ci ildə yazdığı “Bakı dialekti” dissertasiyasından sonra 1947-49-ci illərdə R.Rüs­­təmov Quba dialektini, B.İbrahimov Mərəzə rayonu şivələrini, İ.Hacıyev İs­ma­yıllı rayonu şivələrini, 1949-50-ci illərdə A.Vəliyev Abşeron yarımadasının qərb şivələrini, A.Hüseynov indiki Oğuz rayon şivələrini, K.Ramazanov Salyan ra­yon şivələrini, T.Həmzəyev Ordubad rayon şivələrini, İ.Məmmədov indiki Fü­zu­li rayon şivələrini, H.Cəfərov Tovuz rayon şivələrini, 1955-56-cı illərdə M.İs­la­mov Nuxa (indiki Şəki) dialektini dissertasiya işi səviyyəsində tədqiq etmişlər.

Bu səpkidə gedən elmi işlərin yekunu kimi, nəhayət, 1962-ci ildə M.Ş.Şi­rə­li­yev özünün “Azərbaycan dialektologiyasının əsasları” adlı əsərini çap etdirir. Bu qiy­mətli əsər Azərbaycan dilinin dialekt bölünməsini ilk dəfə olaraq ortaya qoy­ma­la sonrakı elmi işlərə həm də istiqamət verdi. Nəticədə 1962-ci ildə çapdan çıx­mış “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri, 1967-ci ildə nəşr olun­muş “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri (I cild) kitablarında sə­ri­ştəli tədqiqat göz qabağındadır. Təsadüfi deyildir ki, dialektologiya bu gün də hə­min yolu davam etdirir.

Azərbaycan dialektlərinin öyrənilməsi işi həm də respublikadan kənarda ya­şa­yan azərbaycanlıların dili üzərində də ardıcıl şəkildə aparılmışdır. Əslində bu işin əsası ötən əsrin 50-ci illərindən başlamışdır. Ermənistan, Gürcüstan, Dağıstan, Cə­nubi Azərbaycan, İraq ərazisindəki Azərbaycan şivələri monoqrafik tədqiqata cəlb olunmuşdur. 1958-ci ildə Z.Vəliyev Basarkeçər rayonu, 1966-cı ildə Q.Ba­ğı­rov Qarakilsə rayonu, 1972-ci ildə Ş.Kərimov Çənbərək və Karvansaray rayonu, 1988-ci ildə T.Babayev Zəngibasar rayonu şivələrini və s. Qərbi Azərbaycan əra­zi­sində öyrənmişlər. Gürcüstanda yaşayan soydaşlarımızın şivə xüsusiyyətləri də qis­mən öyrənilmişdir. 1955-ci ildə V.Canqidze “Azərbaycan dilinin Dmanisi (Baş­keçid) şivələrinin xüsusiyyətləri”ni, 1973-cü ildə M.Çobanov “Gürcüstan SSR Bolnisi rayonunun Azərbaycan şivələrinin leksikası”nı, 1989-cu ildə M.Məm­mədov Azərbaycan dilinin Təbriz dialekti”ni dissertasiya kimi müdafiə et­miş­lər.

Azərbaycan dialektologiyası şöbəsi vətəndən kənarda yaşayan həmvə­tən­lə­ri­nin dil xüsusiyyətlərinə həsr etdiyi monoqrafiyaları da çap etdirmişdir. “İraq-türk­mən ləhcəsi” (2004) və “Azərbaycan dilinin Dərbənd dialekti” (2009) kitab­la­rı şöbə əməkdaşlarının kollektiv əməyinin nəticəsidir.

Akademik M.Ş.Şirəliyevin 1991-ci ildə vəfatından sonra bu sahəyə profes­sor M.İslamov rəhbərlik etmişdir. Məlum 90-cı illər keçmiş ittifaq respublikalarla el­mi əlaqələrin “soyuması” ilə xarakterizə olunur. Lakin milli müstəqilliyimizin ye­ni­dən bərpası bu sahədəki aparılan işləri yenidən canlandırmışdır. Tədqiqat işlə­ri­nə yeni yanaşma tərzi bu dövrü xarakterizə edir. “Azərbaycan dilinin qıpçaq qru­pu dialekt və şivələri” (1990), “Azərbaycan dilinin Yuxarı Qarabağ şivələri” (1995), “Azərbaycan dili dialekt və şivələrinin antologiyası” (1996) və s. kimi qiy­mətli əsərlər öz çapını gözləyir.

2000-ci ildən etibarən Azərbaycan dialektlərinin öyrənilməsinə etno­linq­vis­tik aspektdən yanaşma meyli güclənmişdir. Belə ki, son illərdə şöbənin plan işlə­ri­nin mövzusu və tədqiqat istiqamətində yeni metodların tədqiqi həyata keçirilir. Azər­baycan dialekt və şivələrinin öyrənilməsində ilk növbədə tarixi-müqayisəli me­tod əsas götürülür. Tarixi-dialektoloji metodunun tətbiqi də dil tarixi məsə­lə­lə­ri­nə bir aydınlıq gətirməyə xidmət edir. Bu istiqamətdə yazılmış ilk monoqrafiya və müdafiə edilmiş dissertasiya “Nəsimi dilinin dialekt leksikası”dır (Q.Məm­mə­do­va). Əsər ilk konkret tekstoloji tədqiqat olmaqla İ.Nəsiminin simasında XIV-XV əsrlərdə Azərbaycan yazılı ədəbi dilinin əsasında dayanan Nəsimi dilinin şivə xü­su­siyyətlərini təyin etməklə, həm də koyne faktını ortaya çıxarmağa müvəffəq ol­muşdur. Məlum olduğu kimi, hər bir ədəbi dil canlı xalq danışıq dilindən seçmə və əvəzetmə yolu ilə yaranan, normaya salınan “süni” dildir. Azərbaycan ədəbi di­li də dialekt əsasına malikdir. Norma məsələsi üzərində də şöbədə dissertasiya ye­ri­nə yetirilmişdir. N.Qazıyevanın yazdığı “Azərbaycan ədəbi dilinin nor­ma­laş­ma­sın­da dialektlərin rolu” dissertasiyası bu aktual məsələyə həsr olunmuş yeni təd­qi­qat işi kimi qiymətlidir.

Müstəqilliyin yenidən bərpası dövründə Azərbaycanın cənub şivələri də təd­qi­qata cəlb olunmuşdur. Şöbə əməkdaşları G.Binnətovanın “Azərbaycan di­linin Le­rik rayon şivələri” (2006) və Ş.Məmmədovun “Azərbaycan dilinin Yar­dımlı ra­yon şivələri” (2007) monoqrafiyaları buna nümunədir.

Ümumi götürüldükdə 2001-2012-ci illər ərzində şöbədə “Azərbaycan dia­lek­tologiyası” seriyasından prof. Q. Kazımovun rəhbərliyi ilə 13 kitab çap olun­muş­dur. Qeyd etmək lazımdır ki, şöbə əməkdaşlarının tədqiqatları dilçiliyin digər sa­hələrinə də nüfuz etmişdir. Məsələn, şöbənin aparıcı elmi işçisi Z.Xasiyevin “To­vuzun toponim dünyası (2010) əsəri” toponomik tədqiqatlara dialektoloji ya­naşma istiqamətindədir.

Dialektologiya şöbəsində dilçiliyin bu qədim sahəsinin praktik istiqaməti də da­im diqqət mərkəzindədir. Hələ əsası ötən əsrin 30-cu illərində qoyulmuş dia­lek­to­loji lüğətlərin hazırlanması işi bu gün də uğurla davam etdirilir. Belə ki, hələ 1999-2003-cü illərdə şöbə əməkdaşlarının hazırladıqları “Azərbaycan dialektoloji lü­ğəti” 2 cilddə Ankarada çapdan çıxmışdır.

Son 10 il ərzində şöbənin əməkdaşı S.Behbudovun iki lüğəti nəşr olun­muş­dur: 2003-cü ildə “Azərbaycan dili şivələrinin omonimlər lüğəti” və 2011-ci ildə “Azə­rbaycan dili şivələrinin frazeologiya lüğəti”. Bu sahəyə həm də, “Azərbaycan dialektoloji lüğəti”nin şöbə əməkdaşları tərəfindən yenidən hazırlanmış nəşrini də əlavə etmək vacibdir. Yeri gəlmişkən, bu əsər və M.Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyaları Respublika prezidentinin xüsusi sə­rən­camı əsasında yenidən nəşr edilmişdir (2008).

Hələ tərtib proqramı 1958-ci ildə hazırlanmış dialektoloji atlasın ərsəyə gəl­mə­si uzun illəri və böyük zəhməti unutdurdu. 1990-cı ildə 128 xəritədən ibarət “Azər­baycan dilinin dialektoloji atlası” nəşr olundu. Tədqiqatın təkrar və yenidən iş­lən­miş variantı 2010-cu ildə ərsəyə gəldi.

Hal-hazırda şöbədə şöbə əməkdaşlarının kollektiv əməyi olan “Azərbaycan dialektologiyası” monoqrafiyası çapa hazırlanır. Alimlərin elmi yara­dı­cı­lı­ğı dilçiliyin bu qədim sahəsinə yenilik gətirməkdə davam edir. Əməkdaşların istər res­publikada, istərsə də xaricdəki elmi konfrans və simpoziumlarda iştirakı qurur do­ğurur. Türkiyədə, Polşada, Macarıstanda, Rusiyada Azərbaycan dialektologiya el­minin nailiyyətləri təmsil olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik M.Kərimov ötən ilin hesabatında şöbənin fəaliyyətini müsbət qiymətləndirmişdir. 2012-ci il 23 may tarixli Respublika prezidentinin Azərbaycan dilinin “Qloballaşma şəra­i­tin­də zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Döv­lət proqramı” haqqında 23 may 2012-ci il tarixli sərəncamında Azər­bay­can­da dialektologiya elminin aktuallığı bir daha vurğulanır. Bu da şöbə əməkdaşları qar­şısında yeni perspektivlər açmağa imkan yaradır.

Dialektologiya şöbəsinin bu sərəncamdan irəli gələn təklifləri rəhbərliyə təq­dim olunmuşdur. Burada yeni ekspedisiyalardan başlamış yeni istiqamətli mo­noq­rafik tədqiqatlara qədər bir çox məsələlər əhatə olunmuşdur. Çünki mənəvi irsin ən kamil nümunəsi olan dialekt və şivələrin qorunması və öyrənilməsi əsl vətəndaşlıq işidir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin