AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə14/16
tarix30.11.2016
ölçüsü1,08 Mb.
#515
1   ...   8   9   10   11   12   13   14   15   16

H. XOŞBATİNİ
İKİDİLLİLİK VƏ ARQOLAR
Açar sözlər: arqo, gizli dil, ikidillilik, sosial qruplar

Ключевые слова: arqo, тайный язык, болтливость, социальных групп

Key words: argo - secret language, bilingulism, social qroups
Dil xalqın yaddaşıdır və hər xalqın yaddaşının modeli həmin xalqın dilində gö­rü­nür. Dil bir format kimidir ki, onun vasitəsilə xalqın fikirlərini, eks­pe­ri­ment­lə­rini və təcrübələrini onda yerləşdirərək nəsildən-nəsilə ötürmək olar. Hər bir xal­qın sosial təbəqələri arasında çoxlu fərqlər ola bilər. İş, peşə, yaşayış məkanı, təh­sil dərəcəsi, pirinsip, etnik mənsubiyyət, mədəni təcrübə, din və məzhəb insanlar ara­sında qruplar yaranmasına səbəb olur. Bu qruplar və ya siniflərin özlərinə aid olan danışıq normaları vardır. Məhz bu normalara görə o qrupların üzvləri bir-bi­ri­ni qəbul edirlər.

Dil ictimai davranışdır. Hər xalq vahid bir dillə danışır. Vacibdir ki, bu dav­ra­nı­şa əməl edilsin. Hər xalqın qrupları həmin xalqın dilinin qaydalarına bağlıdır. Çün­ki bir tərəfdən özlərinə məxsus olan normalar var, onlarla bağlı xalq dilində də­yişiklikləri və bu dilin xalq tipləri yaranma yollarından biridir. Bu o de­mək­dir ki, xalq dili xalq qruplarının niyyətlərinə, fikirlərinə və intizamlarına bağ­lı ola­raq ya­vaş-yavaş bərabərliklərini itirir və o dildə fərqli tiplər yaranır. Hər bir xal­qa məx­sus olan dilin özünəməxsus qaydaları var. Bu qaydalar səslər, onların bir-biri ilə əlaqəsi və kəlmələrin daxili quruluşu, onların şivələri və məna əla­qə­lə­ri­dir. İc­ma qruplarının üzvləri qrup normalarına bağlıdırlar. O yerə qədər ki, o nor­malar, on­lara xalqın dilini dəyişməyə icazə verir. Bu dəyişikliklər məhduddur, bu­na gö­rə­dir ki, dilin xalq tipləri xalq dilinin qaydalarında dəyişiklik yarada bil­mir­lər və da­nışanların dil bilikləri hər xalqda eyni formada bağlı qalır. Qeyd edil­di­yi kimi dil, xalq qruplarında öz normalarına mütənasib dəyişdirilə bilir. Bu dəyi­şik­liklər, əsa­sən, kəlmələrdə və sözlərdədir.

Gizli dil (arqo) xalq dilinin tiplərindən biridir. Dialekt və peşə-sənət lek­si­ka­sı, çox işlənən və az işlənən sözlər, jarqon, arqo, picin və s. hadisələr hər dilin da­xi­lin­də yaranır və dilin inkişafına səbəb olur.

Ən mühüm rol oynayan hadisələrdən biri dil daxilində arqodur. ARGO, bir ic­timai sinfin, bir peşə qrupunun və ya bir cəmiyyətin üzvlərinin istifadə etdiyi, ümu­mi dilin sözlərinə yeni mənalar verərək, ya da yeni sözlər, deyimlər qataraq ya­radılan xüsusi bir dildir. (2, c. 2, s. 266.) Arqo, ana dili içində sonradan yaradıl­mış köməkçi dil olaraq danışılır. Əslində şifahi və təbii bir dildir. Arqo davamlı də­yişən və inkişaf edən xüsusi bir dil olmaqla birlikdə, onun meydana gəlməsini bə­zi ümumi prinsiplərə bağlamaq mümkündür. Şərti dil, gizli dil arqonun başqa ad­­ları sayılır. Gizli dilin hədəfi eşidənə xüsusi mesajı yetirməkdir. O istəyir ki, me­saj başqalarına məlum olmasın və ya onu çətin anlasınlar. Bu kəlmələrin ha­ra­da yaranmasını, hansı niyyətlərlə nə vaxt ifadə olunmasını, necə yayılıb və nə­ha­yət, kimə təsir etməsini siyasət, hökumət, ideologiya müəyyən edir (3. 16 s.). Bu kəl­m­ələr analogiya, şəkilçiləşmə, törəmə, fleksiya və s. yollarla yaranır. İlk nü­mu­nələr bu dilin tiplərindən yaranıb, onlar oğrulara və quldurlara aiddir. Onlar qa­nun­suz fəaliyyət göstərirdilər, sirləri gizli qalmaq üçün bir rabitə obzarına ehti­yac­la­rı var idi. Fransız dil mətnlərində elə kəlmələr vardir ki, XIV əsrə aiddir. (4. s. 21). Bu cür dil bir çox xalqların meyar dilinin yanında sirləri gizlətmək üçün is­ti­fa­­də olunurdu. Beləliklə, fikir və niyyətləri gizli saxlamaq bu dilin yaranmasına əsas səbəb hesab olunur. Hal-hazırda da elə həmin səbəbə görə arqolar yaranır. Ar­­qo və yaxud gizli dil bütün dillərdə yaranır və demək olar ki, dil daxilində hər sin­­fin və qrupun üzvünə aid ola bilir. V.D.Bondaletov yazır ki, “müxtəlif peşələr ara­­­sında 30-40 peşə adını çəkmək olar ki, onların sahibləri öz nitqlərində şərti dil­dən istifadə edirlər. Şərti arqoların daşıyıcıları, əsasən, sənətkarlar (dərzilər, də­mir­­­çi­lər, malakeşlər, rəngsazlar, arabaçılar, yunçular və s.), satıcılar (əsasən, səy­yar sa­tıçılar) və peşəkar dilənçilərdir. Y.S.Stepanova görə, XIX əsrdə Rusiyada 70 be­­­lə dil olmuşdur” (4, 36 s.).

İran İslam Respublikasında 36 milyondan artıq Azərbaycan dilində danışan in­san yaşayır. Fars dili dövlət dili olaraq, bütün xalq yazıları və məktəbləri bu dil­də olur, lakin gündəlik danışıq dili İran Azərbaycanında, türkcədir – azərbaycan­ca­dır. Bu iki dildə yazmaq, dərs keçmək və danışmaq həmin ərazidə ikidillilik şə­ra­itini yaratmışdır.

Arqo və yaxud gizli dil yazılı forması olmayaraq güney Azərbaycanda geniş formada işlənilir. Fars dilindən, yaxud başqa dillərdən alınma sözlər ilə, bu dilin söz köklərindən yaranma sözlər ilə və başqa metodlar ilə düzələn sözlər ilə, müxtəlif qruplar və siniflər tərəfindən arqo sözləri işlənilir. Televizordan yayılan kinolar və seriallar fars dilində olarkən aktyorların dialoqlarından farsca olan kələmələr və sözlər alınır və müxtəlif mövqelərdə məna və məfhumunu semantik baxımından dəyişir və sosial qruplar tərəfindən arqo və gizli dil formasında işlənilir. Misal üçün, Həzrəti Yusif serialından "yuzarsif" sözü tələbələr qrupunun tərəfindən o tələbə haqqında işlənilir ki, çoxlu müddət idi, ondan səs-soraq yox idi. Arqo formasında olan alınma sözlər əksinə də olur. Farsca danışanlarda, Azərbaycan dilindən cöxlu sözləri alıb və arqo formasında ifadə edirlər. Misal üçün, farslar "öldürrəm – büldurrəm" sözünü əsəbiləşən insana və həmçinin polislər haqqında farsca olan cümlələrində işlədirlər. Bu iki qarşılıqlı söz azərbaycancadır amma farslar da onu özünə aid olan mövqelərdə bir arqo sözü kimi ifadə edirlər. Məsələn: Tələbələr sinifdə oturarkən bir qaşqabaqlı müəllim sinifə girəndə bir tələbə başqasına deyir: - ey vay çeqəd in öldürrəm – büldurrəme! ( واي جقد الدوررم بولدوررمه!)

Bu anlamda ki, bu nə üçün bu boyda öldürrəm – büldurrəmdir!

Universitet tələbələri tərəfindən arqo ifadələri geniş formada istifadə olunur. Farsdilli tələbələr azərbaycanca danışılan şəhərlərdə təhsil alırlar, yaxud azərbaycanca danışanlar farslar yaşayan şəhərlərdə qalırlar, arqo sözlərin yaranıb və yayılmasında çox önəmli bir rol oynayırlar. Yataqxanalarda qalan tələbələr günbəgün bu sözləri müxtəlif sözdüzəltmə yolları ilə yaradıb və universitet işçilərinə, o cümlədən, rektor, müavinlər, müəllimlər və hətta bir-birləri haqqında işlədərək yayırlar. Oğlan tələbələrin işlətdikləri arqoların çox hissəsi, tələbə qızlar haqqında və qız tələbələrin yaratdıqları arqolar, müəllimlər və özləri haqqında olur. Misal üçün, "fışqa" sözü Türk mənşəli olaraq, arqo kimi o tələbə qız haqqında işlənilir ki, çöx açıq-saçıq olur və hicaba bürünməyə riayət etmir, halbuki bu arqo sözünü hər iki dildə danışan tələbələr ifadə edirlər. Əksinə, farsca olan "biya bala" sözü gəl yuxarı mənasında hər iki dildə danışan tələbələr tərəfindən o oğlanlar haqqında ifadə olunur ki, kənddən şəhərə gələrək öz əsil-köklərini yaddan çıxarıb "şəhərləşirlər" – qınlarından çıxıb qınlarını bəyənmirlər.

Bu ikidilli arqo sözlərin yaranma və yayılmasına çoxlu amillər səbəb olur ki, onlardan biri avtobus sürücüləridir. Minlərcə sərnişinin gündə Azərbaycandan farsca olan şəhərlərə və əksinə, səyahət edərək, istər-istəməz arqo sözlərindən istifadə edib bir-birindən təsirlənirlər.

O amillərdən biri də texnologiya, internet və kompüter leksikasına aid olan sözlərdir. Bu sözlər hansı bir dildən alınmış olsa da, həmçinin hansı bir dildə danışılan yer olsa da, istər azərbaycanca ola, istər farsca ola ancaq arqo məna və anlamları eynidir. Misal üçün, "up to date" sözü (deyiliş şivəsi ap tu deyt) və "on line" sözü (deyiliş şivəsi an layn) müasir olan bir şəxsə müraciət olunur.

Bəzən görünür ki, iki dil arasında illərcə alınan sözlər baxmayaraq ki, öz leksik mənasını ikidillilik şəraiti olan yerlərdə, həmçinin yalnız farsca danışılan yerlərdə ifadə edərkən, müxtəlif şəraitə aid arqo sözü kimi ifadələrdə gizli dil, yaxud ikinci mənanı daşıyır. Onlardan biri meyvə adlarıdır. Meyvə adları hansı dildən alınmış olsalar da, bəzi sosial qruplar tərəfindən arqo mənası daşımaqla, eləcə də, o adı ilə ifadə olunurlar. Misal üçün, farsca "sib" sözü alma deməkdir, amma arqo mənası anlamında hər iki dildə danışılan yerlərdə o qızlara aid olunur, üzlərini makiyaj ilə qıpqırmızı eləyirlər. Haşiyə çıxım ki, bədii xalq düşüncəsində qızların gözəlliyi "alma yanaqlı" ifadəsilə tapıp ki, bu ifadənin də həmin arqonun formalaşmasına dolayısı da olsa təsiri şübhəsizdir. Yaxud azərbaycanca "daş kələm" sözü hər iki dildə danışanlar tərəfindən arqo sözü ifadə olaraq onlar üçün istifadə olunur ki, beyinləri xarab və işləmir, yaxud özlərin bir ağılsız insan kimi aparırlar. Qeyd edək ki, müasirlikdən kənar adamlara da daş kələm arqosunu aid edirlər.

İran Azərbaycanında müxtəlif xalq qrupları müxtəlif mövqelərə aid cürbəcür sözlərdən və adlardan arqo formasında istifadə edirlər, istər bu sözlər başqa dillərdən alınsın, istər morfoloji baxımından müxtəlif üsullarla düzəlsin, əsas odur ki, bu arqo sözləri gizli şəkildə ikinci mənanı daşısın.


Ədəbiyyat
1. Samayi M. Farsca arqo sözlər, Tehran: 2006.

2. Ana Britannica Genel Kültür Ansiklopedisi, c.2, s. 266.

3. Xoşbatini H. Turkcəmizdə gizli dil. Əxtər: 2008, 16 s.

4. Əliyev. Ə. Azərbaycan dilində jarqonlar. Bakı, 1998.


İ.E. QƏRİBLİ
ORTA MƏKTƏBLƏRDƏ KLASSİK İRSİN TƏDRİSİ MƏSƏLƏLƏRİ

(Məhəmməd Hadinin əsərləri əsasında)
Аçar sözlər: klassik irs, tədris, azadlıq, birlik, müharibə, cəmiyyət, vətən

Ключевые слова: классическое наследие, преподавание, свобода, единство, вой­на, общество, родина

Key words: classic heritage, teaching, freedom, unity, wor, Society, motherland

Orta ümumtəhsil məktəblərinin tədris proqramında klassiklərin öyrənilməsi və onların əsərlərinin tədrisi mühüm yer tutur. Bir həqiqətdir ki, klassik Azər­bay­can ədəbiyyatı nümunələrinin öyrədilməsi müəllimdən xüsusi hazırlıq hələb edir. Be­lə ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti, şeir vəznləri, adət-ənə­nələri ilə ya­xından tanış olmayan, lüğətlərlə işləmək vərdişlərinə yiyələn­mə­yən müəllimlər klas­sikləri tədris edərkən çətinliklərlə üzləşir, mövcud dərsliklərdə verilmiş mə­lu­mat­larla kifayətlənməli olurlar. Bu da mövzunun yarmçıq mənimsənilməsi ilə nəti­cələnir.

Orta məktəbdə əsərləri bu və ya digər dərəcədə tədris olunan klassiklərdən biri də Məhəmməd Hadidir. Təcrübə göstərir ki, digər klassiklərə baxmış M. Hadinin əsərlərinin tədrisi müəllimlər üçün daha çox çətinlilklər törədir. Bu isə, hər şeydən əvvəl müəllim və şagirdlərin sənətkarın dünyagörüşü, ideyalar aləmi, əsərlərinin dil və üslub xüsusiyyətlərilə bağlı olan məsələləri qavramaqda çətinlik çəkməsi ilə əlaqədar olur.

Müəllim hər şeydən əvvəl bilməli və şagirdlərə də öyrətməyi bacarmalıdır ki, XX əsrin ilk onilliklərində yazıb-yaratmış M. Hadi Azərbaycan tarixinin çox qarmararışıq bir zamanında yaşamış sənətkardır. Klassik Şərq və Azərbaycan ədəbiyyatı ənənələri əsərlərində apaydın hiss olunan M. Hadi mükəmməl şəkildə bildiyi ərəb-fars dilləri və osmanlı türkcəsi vasitəsi ilə Qərbi Avropanın ədəbiyyat və mədəniyyəti, tarixi, ictimai-siyasi fikrinə də aşina idi və bu aşinalıq onun istər ədəbi, istərsə də elmi-fəlsəfi irsində özünü aydın şəkildə göstərirdi. Belə demək mümkünsə, M. Hadi irsi Şərq və Qərb mədəniyyətinin qovuşağında formalaşan zən­gin ədəbi-elmi irsdir. Deməli, M. Hadinin əsərlərini tədris edənin, yəni müəl­li­min həm Şərq, həm də Qərb mədəniyyətinə vaqif olması başlıca şərtlərdən biridir.

İkinci məsələ dil məsələsidir. M. Hadinin dili müasirləri ilə müqayisədə ərəb-fars və osmanlı türkcəsindən gələn söz və ifadələrlə daha zəngindir. Amma ora­sı da var ki, M. Hadi əsərlərinin sintaksisi müasirləri ilə müqayisədə daha möh­kəm və konstruksiya baxımından ədəbi dil normalarına uyğundur.

Üçüncü məsələ türkçülük məsələsidir. M. Hadinin mənsub olduğu və Əli bəy Hüseynzadənin rəhbəri olduğu “Füyuzat ədəbi məktəbi”nin prinsiplərini bil­mə­dən M. Hadini başa düşmək nisbətən çətinləşir. Bura milli dövlətçilik, Şərq ilə Qər­bi müqayisə, müasirlik, azadlıq mübarizələri, bərabərlik, müsavatçılıq və c. bu ki­mi məsələlər daxildir.

Təbii ki, bir yazıda bütun yuxarıda qeyd olunanlara münasibət bildirmək mümkün olmadığından, biz burada orta məktəb müəllimlərinin M. Hadi haqqında təsəvvürlərini genişləndirmək və tədris zamanı onlara yardım etmək niyyəti ilə müəllifin orta mətəbdə tədris olunan əsərləri barədə nisbətən ətraflı məlumat vermək, onların ideya-bədii xüsusiyyətləri barədə danışmaqla kifayətlənəcəyik.

M. Hadinin orta məkrəbdə bir neçə əsəri tədris olunur. Bunlardan birincisi VIII sinifdə tədris olunan “Türkün nəğməsi” şeiridir.

Müəllim bilməli və şagirdlərin nəzərinə çatdırmalıdır ki, Azərbaycan De­mok­ratik Cümhuriyyətinin tarixi zərurət ucbatından bir müddət Gəncədə fəa­liy­yət gös­tərməsi ilə əlaqədar olaraq Cümhuriyyətin rəsmi orqanı olan “Azər­bay­can” qə­ze­ti də Gəncədə nəşr olunmağa bəşlamış, paytaxt Bakıya köçürüləndən sonra isə fə­aliyyətini Bakıda davam etdirmişdir. Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüs­təm­bəy­linin müştərək redaktorluğu ilə çıxan qəzetin ilk nömrəsi ( Ş. Rüstəmbəyli həm də qəzetin rus variantının redaktoru idi) 1918-ci ilin sentyabr ayının 15-də işıq üzü gör­müş və qəzet dörd nömrəsi Gəncədə, qalan nömrələri Bakıda çıxmaqla 1920-ci ilin 27 aprelinə, XI ordunun Bakını işğal edib demokratik hakimiyyəti qəsb et­mə­si­nə qədər davamlı şəkildə nəşr olunmuşdur.

Azərbaycanın Rusiya imperiyasının yüz ildən artıq davam edən dırnaqarası himayədarlığından qurtularaq öz müstəqilliyini elan etməsini sevinc və böyük ümidlərlə qarşılayan M. Hadinin “Türkün nəğməsi” şeiri “Azərbaycan” qəzetinin ilk nömrəsində dərc olunmuşdur. Oxuculara hər bəndin sonunda nəqarət kimi təkrarlanan:



Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?,-

müraciəti ilə başlanan və bir marş, himn təsiri bağışlayan “Türkün nəğməsi” şeiri həcmcə cəmi on doqquz misradan ibarət olsa da, şair bu on doqquz misraya böyük bir kitaba sığacaq mənanı sığışdırmağa müvəffəq olmuşdur( Şeirin birinci bəndinin səkkiz, ikinci bəndinin doqquz misra kimi verilməsi redaksiya xətası da ola bilər. Bizcə, birinci bənd də doqquz misradan ibarət olmuş, çap prosesində mexaniki olaraq misraların biri unudulmuşdur. Şeirin avtoqrafı əldə olunmadığından hansı misranın düşməsini qəqiqləşdirmək mümkün deyil- İ. Q.).

Birinci Dünya müharibəsinin iştirakçısı olan və dağıdıcı, bəşəriyyətə fəlakətlər gətirən müharibəni dönə-dönə lənətləyən, müharibənin onda oyatdığı təəssüratlar barədə romantik poeziyanın şah əsərlərindən biri hesab edilən “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poemasını yazan şair bu şeirində müharibəyə yeni bir qiymət verir. Rusiya imperiyasının dağılmasının birbaşa cahan savaşı və Rusiyanın bu müharibədə uduzması ilə bağlı olduğu qənaətində olan müəllif ələ düşmüş fürsətdən bəhrələnərək illər boyu arzusunda olduğu, uğrunda can və qan verdiyi azadlığını elan etmiş milləti qazandığı hürriyyəti qorumaq üçün birliyə və tarixin dərslərindən ibrət götürməyə şağırır. M. Hadi bildirir ki, türk qövmünün dörd ildə müharibə meydanlarında axıtdığı qan və verdiyi can öz məfkurəsi, istiqlalı uğrunda olmuşdur və bunlar nə hədər getməz, nə də unudulmaz. Zəfərini qan ilə qazanan türk milləti nə dəhşət, od püskürən dövlətlərin hədə-qorxularından, nə də “dəsti-əcəldən”, ölüm və məhv olmaq təhlükəsindən zərrə qədər çəkinməz. Dünya təməlindən tərsinə çevrilsə belə:

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək misli-əməldən.

Bu əməl isə türklərin hürr və azad yaşamaq eşqidir ki, bunu da “xuni-şə­hi­dan” və “himməti-türkan” ilə əldə etmək olar. Artıq bu azadlıq əldə edilib və şai­rin qəti inamına görə başqa millətlərdən daha yaxşı, daha firavan yaşamaq istəyən xalq (M. Hadidə “Yüksək yaşamaq istər isən cümlə miləldən-İ. Q.) qazandığı azad­lığı qorumağı da bacarmalıdır.

M. Hadi orta məktəbin XI sinfində də tədris olunur və XI sinfin “Ədəbiyyat” dərsliyinin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı” icmalında ondan vətən və hürriyyət şairi kimi bəhs olunaraq iştirak etdiyi mətbuat orqanları və çap etdirdiyi kitablarla yanaşı, iki əsəri haqqında da bir neçə cümlə ilə məlumat verilir. Bunlardan biri dərslikdə adı çəkilməsə də, birinci və üçüncü bəndləri nümunə kimi göstərilən “El fəryadı” şeiri, digəri isə “Əlvahi-intibah” poemasıdır. Təbii ki, bu qısa məlumat nə müəllimləri, nə də şagirdləri M. Hadini tanımağa bəs etməz.

“El fəryadı” şeiri ilə bağlı müəllimin aşağıdakıları şagirdlərə mənimsətməyi məqsədəuyğundur. “El fəryadı” əsəri 1906-cı ilin 16 dekabrından 1907-ci ilin 26 martına qədər (cəmi 14 nömrə) Bakıda nəşr olunan, ilk vaxtlar Mehdi bəy Hacınıskinin, sonra isə Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxan “Təkamül” qəzetində “Həqiqətpərvər” imzası ilə dərc olunmuşdur. Dərslikdə “Vətəndir” rədifi ilə verilmiş iki bənd məhz bu şeirdəndər.

Altı bəndlik şeir bütünlüklə azadlığın tərənnümünə həsr olunmuşdur. Vətənin inkişafının hürriyyət və sərbəstliklə bağlı olduğunu söyləyən müəllif şeirin ilk bəndində bildirir ki, millət hürriyyət sayəsində inkişaf edərək yüksək fikirləri kəsb edə, hər mülk, məmləkət həqiqi qiymətini anlaya bilər. Avropalılar azadlıqlarını əldə etdiklərindən kamal sahibi olduqları halda, digər millətlər əsarət altında olduqları üçün maarif və mədəniyyətdən məhrum edilərək məhv edildi.

Sonrakı bəndlərdə M. Hadi qeyd edir ki, cəmiyyətdə şəxs, söz, fikir və qələm azad olmalıdır ki, “Hər kəs gələ hürriyyət ilə şövqə, xüramə”. Sərbəstlik olmalıdır ki, insan məramına çatmaq üçün qəti addımlar ata, vətənin çiçəklənməsi üçün işlərini davam etdirə bilsin. Bunun üçün elə bir cəmiyyət qurulmalıdır ki, o cəmiyyətdə:



Hər kəs həqi-məşruinə sahib gərək olsun,

Qayətdə ədalətli qəvanin qoyulsun,

Ən faidəli qaidələr cari olunsun,

Mizani-ədalət və müsavat qurulsun.

M. Hadinin təsvirində yaşadığı məmləkətdə bunlar olmadığından “Fasid olub əlhəqq vətənin abü havası” və bu vətənin əvvəlki əmin-amanlığından əsər-əlamət yoxdur. Məmləkətdəki hərc-mərcliyə son qoymaq üçün yeni qanuni-əsasi – konstitusiya meydana qoyulmalı, orada elə maddələr olmalıdır ki, onların sayəsində vətənin dərdlərinə çarə tapılsın.

Şerin beşinci bəndi məzmununa görə əvvəlki bəndlərdən fərqlidir. Bu bənddən anlaşılan məna bundan ibarətdir ki, “milləti şahrahi-fünunə” sövq etmək üçün minlərcə vətənpərvərlər canlarından keçib, al-qanlarına qərq olaraq hürriyyətin dadını kütlələrə dadızdırmağa cəhd etmişlər. Millətin xoşbəxtliyi üçün iş görmək əvəzinə boş-boş danışıb özlərini millət qəhrəmanı kimi gözə soxmağa çalışanlara vətən uğrunda şəhid olanları nümunə göstərən şairin qəti qərarı belədir: danışmaqdansa iş görmək, sözdən əmələ keçmək lazımdır.

Sözdən əmələ keçməməyin nəticəsidir ki, məmləkətdə:



Zülm atəşi hər yanə saçır dudeyi-zülmət,

Biçarə vətən sanki olub məhşəri-şərrət,

Səhrayi-bəladə gəzir avarə rəiyyət.

“Vətən ana, vətəndaşları isə onun övladlarıdır”, - deyən şair sual edir:



Övladını bəslərmi belə madəri-şəfqət?

Cavab aydındır: Nə vətən övladının bu halına dözməli, nə də övlad vətənin bu kökə qüşməsinə pazı olmamalıdır. Bəs nə etməli? Cavab aydındır: - Ayağa qalxıb əl-ələ verməli, vətənin və millətin hürriyyətini qazanmalı!

Dərslikdə adı çəkilən, “milli ideyalar və şeiriyyət, sənətkarlıq baxımından ədəbiyyatımızın şah əsərlərindən biri sayılmağa layiq” əsər kimi qiymətləndi­rilən “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması Birinci Dünya müharibəsinin ifşasına həsr olunmuş əsərdir.

Bu əsər 1918-ci ildə Bakıdakı “Turan” mətbəəsində üç kitabça halında çap olunmuşdur.

İnsan və onun əməlləri barədə dərin düşüncələrin məhsulu olan bu po­man­tik-fəlsəfi poemada əvvəldən axıradək ardıcıl şəkildə belə bir konsepsiya izlənilir və şərh olunur: İnsan yer üzünün sahibi, yaranmışların ən kamili və ən gözəli, ən güc­lüsü, ən xoşbəxtidir. Eyni zamanda onun kimi yırtıcı və vəhşi məxluq yoxdur. Bü­tün tərəqqilərə də, faciələrə də səbəb yalnız insandır. İnsan ürəyinin iki daimi sa­kini var: mələk və şeytan.

Şairin fikrincə, bəşər tarixindəki faciələrin törənməsinin başlıca səbəbi müx­tə­lif xarakterli insanların ürəyində ümumi məhəbbətin yurd-yuva qura bil­mə­mə­si­dir.

M. Hadinin qənaətinə görə, beyni maarif ziyası ilə işıqlanmayan şəxs bütün ömrü böyu səfalət içində yaşamağa məhkumdur. Cəmiyyət nə qədər ədalətsiz qanunlarla idarə olunarsa, insanın nəsibi dərd, qəm və müsibət olacaqdır.

Keçmiş, hazırkı dövr və gələcəyi nəzərlərində canlandırıb onlarla həmsöh­bət olan şair bügünkü zülmü dünənki məşəqqətlərin məntiqi davamı kimi qəbul edir, düşünür və düşündürür. Bu düşüncələri ilə həm həməsrini, həm də gələcək oxu­cusunu hərcmərcliyin, naqisliyin, geniş mənada bəşəriyyəti fəlakət girdabına doğ­­ru sürükləyən müharibələrin qarşısını almağa çağırır.

Yekunlaşdırsaq belə bir nəticəyə gəlmək olar ki, orta məktəbdə klassik ədə­bi nümunələri, xüsusilə dili ərəb-fars və osmanlı türkcəsindən gələn ibarələrlə zən­gin olan M. Hadini tədris etmək üçün peşəkarlıqla yanaşı, ədəbi fikir tariximizi də kifayət qədər mənimsəmək, klassik nümunələrlə işləmək vərdişlərinə də yi­yə­lən­mək lazımdır.


S.H. MEHDİYEVA
QEYRİ -AZƏRBAYCANDİLLİ AUDİTORİYADA AZƏRBAYCAN DİLİ
Açar sözlər: rus dili, alman dili, ingilis dili, fransız dili, Azərbaycan dili, öy­rən­mək.

Ключевой слова: русский язык, немецкий язык, английский язык, фран­цузс­кий язык, азербайджанский язык, исследование

Key words: russian language, german language, english language, french language, azerbaijani language, research.
Tarixən Qafqazda müxtəlifdillilik şəraitində Azərbaycan türk dilinin xalqlar ara­sında ən geniş istifadə vasitəsi olunması XX əsrin sonu XXI əsrin əvvəllərində, yə­ni bu gün də öz mahiyyətini saxlamış və hətta bir qədər də artmışdır. Respub­l­i­ka­mız müstəqillik əldə etdikdən sonra Azərbaycan Demokratik Respublikasının dün­yaya inteqrasiya etməsi ölkənin əsas kommunikativ vasitəsi kimi Azərbaycan di­linin həm xarici ölkələrlə münasibətlərin qurulmasında, həm də ölkə və region da­xi­lində mədəni-iqtisadi məsələlərin həllində həlledici vasitəyə çevrilməsi zə­ru­rə­tini yaratdı. Respublika əhalisinin əsas hissəsini təşkil edən Azərbay­can türk­lə­ri­nin Ana dili olan Azərbaycan türk dili və onun istifadə qanunauyğunluq­la­rının təd­risi müstəqillik illərində sözün həqiqi mənasında dövləti səviyyəyə qaldırıldı ki, bu da, haqlı olaraq, müstəqilliyimizin ən ümdə uğurlarından biri kimi qiymət­lən­dirildi: Azərbaycan dilinin respubli­kanın ictimayi və siyasi həyatının bütün sa­hə­lərində uğurlu tətbiqi ilə əlaqəli qarşıya qoyulan vəzifələri və vacib proyektlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Döv­lət dilinin tətbiqi üzrə dövlət Komissiyası yaradıldı və “Azərbaycan dili Dövlət Proq­ramı” hazırlanıb, Milli Məclisdə müzakirədən sonra ölkə Preziden­ti­nin təs­di­qi­nə təqdim edilmişdir.

Proqramda Azərbaycan dilinin Dövlət Dili kimi vacib və ümdə məsələləri –Döv­lət dilinin təlimi, ali və orta məktəblərin rus dilli bölmələrində Azərbaycan di­li­nin tədrisi və bu məqsədlə dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, onların nəşr olunması məsələləri əksini tapmışdır. Bütün bunlar müstəqilliyimizin bərpa edil­məsindən sonra Azərbaycan dilinin tədrisi və təbliği işində görülən işlər ol­muş­dur. Müstəqilliyimizdən sonra həm ölkə daxilində, həm də ölkə sərhəd­lərin­dən kənarda, Azərbaycan Demokratik Respublikasının inteqrasiya etdiyi Av­ropa ölkələrində Azərbaycan dilinin mahiyyəti əsl vətəndaşlıq qayəsi ilə dərk et­diril­miş, Dövlət dili olaraq onun nüfuzu, hüquq dairəsi genişlənmiş, yüksək sə­viyyəli Avropanın siyasi məclislərində səslənməyə başlamışdır. Bunun üçün biz azər­baycanlılar Ana dilimizə göstərdiyi bu böyük və görünməmiş qayğıya görə xal­qımızın ümummilli lideri Heydər Əliyevə və onun səriştəli davamçısı möh­tə­rəm Prezidentimiz İlham Heydər oğlu Əliyevə öz dərin minnətdarlığımızı bil­di­ri­rik.



Xatırladaq ki, rusdilli orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisinə hə­lə Demokratik Azərbaycan Respublikasının ilk təşkilati məsələlərindən biri ki­mi baxılmış, respublikada, xüsusən ölkənin mərkəzi Bakı şəhərində çoxsaylı rus mək­təblərində Azərbaycan dili –ölkənin milli dili kimi geniş dairədə tədris edil­miş­dir. Ədalət naminə demək lazımdır ki, bu iş Azərbaycanda Demokratik res­pub­likanın süqutundan sonra Sovet sistemi şəraitində də davam etdirilmişdir. La­kin necə? Bu suala cavab vermək üçün hamımızın oxuduğumuz məktəblərin rus böl­mələrində, yaxud övladlarımızın, tanışlarımızın övladlarının oxuduqları rus mək­təblərində Azərbaycan dilini tədris edən müəllim kadrları xatırlamaq məncə ki­fayət edər. Kimlər idi bu müəllimlər? Bu gizli deyil ki, ən bəsit, ən zəif (həm fi­zi­ki, həm zehni, elmi baxımdan!) müəllim kadrları işlə təmin etmək üçün rus böl­mə­sində Azərbaycan dili müəllimi işləmək yada düşürdü. Mən bu vəzifədə iş­lə­yən ixtisasca filoloq olmayan kadrları hələ demirəm. Rus bölməsində Azərbaycan di­li fənninin tədrisi probleminin “faciəsi” məhz buradan başlayırdı. Qeyd etmək is­tə­yirəm ki, şəhərlərimizdə və bəzi rayon mərkəzlərində mövcud olan rus mək­təb­lərində Azərbaycan dilinin tədrisini tənzimləyən sovet dönəmində mövcud olan “Maarif” idarəsi bu işin siyasi –ideoloji mahiyyətinə varmadan icra edirdisə, əksər hal­larda bu, milli-siyasi məqsəd kimi sovet şovinizminin nəticəsi idi: bunu izah et­mək üçün, rus ali və orta məktəblərində həm də Azərbaycan dilini 20 il tədris et­miş və bu sahədə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş bir vətəndaş –mü­əllim kimi, müşahidə etdiyim bir cəhətə diqqətinizi yönəltmək istəyirəm: Azər­bay­can dili dərsini tədris etdiyim qruplarda çoxluğu bizim öz milli ailələrimizdən gə­lən Azərbaycan gəncləri təşkil edirdi və bu gənclər yüksək intellektuallıqları ilə se­ç­ilirdilər. Deməli, bunlar orta məktəblərdə də seçilmiş, öz intellekt səviyyəsi ilə fərq­li şagirdlər olmuşlar. Lakin siyasi-ictimayi və çox vaxt da rus təhsil sisteminin da­ha mükəmməl olması ilə əlaqədar olaraq, ziyalı ailələr (yazıçılar müstəsna ol­maq­la) övladlarını rus bölməsində oxudurdular və bu, indi də vardır. Uzaqgörən so­vet şovinist siyasəti bunu nəzərə alaraq, rus bölməsində oxuyan gənclərdə öz di­li­nə, ədəbiyyatına, ümumən mədəniyyət tarixinə hörmətsizlik vasitəsi kimi bu yol­dan, yəni rus bölməsində Azərbaycan dilini bəsit şəkildə tədris etməkdən bir va­si­tə kimi istifadə etmişdir. beləliklə də, bizim intellektual səviyyəli övladlarımıza ana dili bəsit şəkildə təqdim edilmişdir. Təəssüflər olsun ki, uzun müddət rus böl­mə­lərində Azərbaycan dili fənni dövlətin rəmzi olaraq yox, lazımsız, bəsit ikinci də­rəcəli, fakültativ bir fənn kimi tədris edilmiş, Azərbaycan dili və ədəbiyyatı bü­tün zənginliyi ilə yox, bəsit, “kasıb” bir fənn kimi təqdim edilmişdir. Əslində, rus böl­məsində Azərbaycan dili fənni qeyri-azərbaycandilli auditoriyaya ayrılmış ilk cı­ğır, necə deyərlər, “ön cəbhədir”. Rus bölmələrində Azərbaycan dili mükəmməl proq­rama əsaslanmalı, qeyri-azərbay­can­dilli auditoriya Azərbaycan dilinin bütün zən­ginliyi və gözəlliyi ilə bu proq­ram­­da əksini tapmalıdır.

Qeyri-azərbaycandilli (rus, alman, ingilis, fransız və s.) auditoriyalarda Azərbaycan dilinin uğurlu tədrisi üçün bir incə amil son dərəcə vacibdir.

Əvvəla, rus (alman, ingilis, fransız) auditoriyası ilə işləyən müəllim savadlı, ge­­niş erudisi­yalı, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, coğrafiyasını, tə­bi­ə­ti­ni, etnoqrafiyasını, musiqi tarixini, çağdaş durumunu, perspektivlərini, ümu­mən “Azər­baycanşünaslıq” elmini gözəl bilmə­li, eləcə də “Azərbaycançılıq” ideolo­gi­ya­sına sadiq olmalıdır. Mən öz təcrübəmdən deyirəm ki, belə xətlər üzrə qurulan dərs­lər, xüsusən I yarımilliyin ilk, yəni sentyabr-oktyabr ayında oxunan “Azər­bay­canşünaslığa giriş” adlandırdığımız ilk mühazirə sonrakı uğurlu dərslərin baş tut­masına zəmanət verir. Özü də, bu ilk mühazirə auditoriyanın dilində – yəni rus di­lində aparılarkən daha gözəl effekt verir.

Deməli, rus (alman, ingilis, fransız) bölməsində Azərbaycan dilini tədris edən müəllim həm də rus dilini –auditoriyanın dilini mükəmməl, mühazirə oxu­maq səviyyəsində bilməli, nitqi gö­zəl, tələffüzü düzgün olmalıdır, çünki müəllim bir sözü düzgün tələffüz etməzsə, bu onun elmi nüfuzunu aşağı salar. İlk mü­ha­zi­rə­­nin – “Azərbaycanşünaslığa giriş” hissəsinin uğurlu alınması üçün mü­əl­lim yu­xa­­rıda sadaladığımız fənləri yüksək səviyyədə bilməli və bu mühazirəni gö­zəl, sə­lis, təmiz tələffüzlü rus (alman, ingilis, fransız) dilində oxumağı bacar­ma­lı­dır. Özü­­nü bu şəkildə auditoriyaya təqdim edən müəllim, qeyd edim ki, tədris et­di­yi 2 il müddətində öz nüfuz dairəsini təmin etmiş olur.

Tədrisin uğurlu aparılması üçün dərsliklərin səviyyəsi mükəmməl olmalıdır. Dərs­lik fənnin tədrisində və dilin mənimsənilməsində ikinci əsas amildir. Dərs­lik­lər aydın, anlaşıqlı dillə yazılmalı, tələbənin, şagirdin Azərbaycan dilini mə­nim­sə­mə­si üçün özünə cəlb etməlidir. Aşağı siniflərdə bu rəngli şəkillər vasitəsilə edi­lər­sə, ali məktəb səviyyəsində bunlar hər bir konkret mövzu ilə əlaqədar olan cəd­vəl­lər, diaqramlar, məzmunlu informasiyalar vasitəsilə edilə bilər.

Təcrübə göstərir ki, rus məktəbləri üçün “Azərbaycan dili” dərslikləri, xü­su­sən orta məktəblər üçün, texniki ali məktəblər üçün yazılan dərsliklər öy­rənənlərin di­­lində – yəni rus (al­man, fransız, ingilis) dilində olması daha müna­sib­dir. Belə ol­­duğu halda şagird, tələbə Azər­bay­can dili qanunauyğunluqlarının izahını daha tez və daha səmərəli qavraya bilir. Bu təcrübəni biz Azərbaycan Dövlət Neft Aka­de­­miyasının rus bölmələrində Azərbaycan dilini tədris edərkən sınaqdan ke­çir­mi­şik və nəticəsi də Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar Akademiyanın ke­çir­­diyi yubiley tədbirlərində keçirdiyimiz açıq dərsimizdə öz səmərəsini göstərdi: Fü­­zulinin “Məni candan usandırdı...” qəzəlini tələbələrin (əsasən qeyri-azər­bay­can­lı tələbələrin) necə mənimsəmələrini Akademiyanın keçirdiyi sessiyasında biz Fü­­zuli haqqında çıxışımızı həmin açıq dərs vasitəsilə təqdim etdik və bu dərsi Aka­­demiyanın akt zalında iştirak edən çoxsaylı auditoriya çox yaxşı qarşıladı. Yə­ni “Azərbaycan dili” dərsliyi, yaxud dərs vəsaiti rus dilində olduqda tələbələr çox az müddətdə öyrəndikləri dilin qanunlarını bildikləri dil vasitəsilə daha tez mə­nim­səyirlər.

Azərbaycan dili dərsliklərində ədəbi oxu – qiraət materialları xüsusi həssas­lıq­la seçilməli və ayrıca kitab şəklində əsas dərsliyə əlavə kimi çap olunmalıdır: yə­ni “Азербайджанский язык” adlı dərsliyə köməkçi vasitə kimi oxu mate­ri­al­la­rı da əlavə çap olunmalıdır.

Möhtərəm Prezidentimizin 24 may 2012-ci il sərəncamında xüsusi vur­ğu­lan­dığı kimi, Azərbaycan dilinin öyrənilmə sahələrinin genişləndirilməsi məq­sə­di­lə təklif edirik ki, Respublikamızda mövcud texniki ali məktəblərdə “Azərbaycan ədə­bi dili tarixi”, “Nitq mədəniyyəti” ayrıca fənlər kimi tədris olunsun.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin