Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1
4.Elmi sahələrin informasiyalaşdırılması.
Məlumdur ki, elmi-tədqiqat fəaliyyətinin əsas elementləri tədqiqatçı (tədqiqatçılar qrupu), tədqiqat obyekti və tədqiqat vasitələridir. Elmin təkamülü: a) informasiyanın toplanması (qeydiyyatı); b) yadda saxlanması; c) informasiyanın emalı (məntiq və hesablama vasitələri) və d) ötürülməsi (əldə olunmuş biliklərin üzaq məsafəyə yayılması) kimi problemlərin həlli vasitələri və yollarının təkmilləşməsi və inkişafı ilə sırf bağlıdır. Elmin tarixi insan sivilizasiyasının yaranması ilə başlamış və məhz qeyd olunmuş problemlərin həllindən asılı olaraq bu günə kimi müxtəlif mərhələlərdən keçmişdir. Hazırki mərhələ e-elmlə xarakterizə olunur. Elmi sahələrin informasiyalaşdırılması və informasiya təminatlarının formalaşdılması e-elmin əsas prioritet istiqamətlərindəndir. İnformasiyalaşdırmanın məqsədi İKT-nin tətbiqi ilə istifadəçilərin informasiya tələbatlarının ödənilməsi üçün optimal şəraitin yaradılmasıdır. İdarəetmə metod və vasitələri, həmçinin qabaqcıl İKT onun əsasını təşkil edir. Bu baxımdan, elmi qurumların strateji məqsədlərinə cavab verən etibarlı və səmərəli infrastrukturun yaradılması, korporativ verilənlərə çıxışın standart üsullarının tətbiqi, müxtəlif informasiya resurslarının yaradılması və onlardan asan istifadə vasitələrinin inkişaf etdirilməsi informasiyalaşdırılmada və onun inkişafında əsas tədbirlərdir. E-elm geniş və sonsuz imkanlara malikdir. Onun elm sahələrinə tətbiqi ilə bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır və beləliklə də, e-tibb, e-coğrafiya, e-kimya, e-tarix, eastronomiya, və s. yaranır. ELMİ FƏNN + İNFORMATİKA = E-ELMİ FƏNN: Tibb+ İnformatika = E-Tibb (Tibbi informatika); Coğrafiya+ İnformatika = E-Coğrafiya; Kimya + İnformatika = Kimyəvi informatika; Tarix + İnformatika = E-Tarix; Geologiya + İnformatika = Geoinformatika; Dilçilik + İnformatika = Linqvistik informatika; Biologiya + İnformatika = Bioinformatika və s. Tibbi müayinələr, müalicələr, əməliyyatlar vaxtı toplanan məlumatların axtarışı getdikcə mürəkkəbləşir və əksər hallarda onların itirilməsi ilə nəticələnir. Bütün bunlar isə qərarların operativ qəbuluna, tibb elminin inkişafına mənfi təsir edir, səhv diaqnozlara, insanların ömrünün azalmasına, ölüm faizinin artmasına və s. səbəb olur. E-tibb isə e-sağlamlıq kartının yaradılması, sensor şəbəkələrindən istifadə etməklə tibbi diaqnostika və müalicə proseslərinin təkmilləşdirilməsi, loqfaylların psixoloji nöqteyi-nəzərdən təhlili, tibbi məlumatların toplanması, analizi və diaqnostikası, e-konsilium keçirmək, e-tibbi məsləhətlər vermək və s. kimi imkanlar yaradır. Yer kürəsinin istənilən nöqtəsini e-xəritələrdə, saytlarda GPS və GİS texnologiyaları vasitəsi ilə əks etdirmək mümkün olduğuna görə daşqınların, yağıntının, meşələrin vəziyyətini, yanğını, relyefi və s. asan tədqiq etmək imkanı yaranır, bununla da, belə coğrafi araşdırmalar üçün ənənəvi ekspedisiyalar təşkil etmək lazım gəlmir və beləliklə, e-coğrafiya meydana çıxır. Ekoloji cəhətdən ziyanlı, iqtisadi nöqteyi-nəzərdən heç də səmərəli olmayan araşdırmalar elmi laboratoriyalarda kompüter modelləşdirilməsi yolu ilə aparılır və yalnız müsbət nəticə əldə olunduğu halda həmin proses uzaq məsafədən, xüsusi şəraitdə sınaqdan keçirilir (məs., kompüter kimyası, fizikası və s.). İnsanların yaddaş və məlumatları emal etmək imkanları məhdud olduğuna görə məkan və zaman göstəricisində aparılan ənənəvi tarixi araşdırmalar mürəkkəbliyi ilə seçilir və böyük zəhmət tələb edir. Lakin e-tarixdə isə bütün məlumatlar kompüterin yaddaşına daxil edilir, məkan və zaman məhdudiyyətləri olmadan xüsusi araşdırma alqoritmləri ilə tarixi ziddiyyətlər, qeyri-dəqiq məlumatlar aşkarlanır, tarixi faktlar dəqiqləşdirilir, həqiqətlər üzə çıxarılır. Beləliklə, əgər ənənəvi tarix elmi keçmişdə qalmış həqiqətləri arxivlər, arxeoloji qazıntılar və s. vasitəsilə aşkara çıxarırsa, indi bu məlumatlar (audio, video, mətn, foto faylları şəklində) İnternetdə, kompüterdə asan yerləşdirilib emal olunursa, onda onun yerini e-tarix fənni əvəz edir. Astronomik müşahidə qurğularını bilavasitə kompüterə, ondan da şəbəkəyə qoşaraq uzaq məsafədən real müşahidə aparmaq (e-astronomiya) imkanı əldə olunur və s. AMEA-da elmin informasiyalaşdırılması və informasiya təminatının formalaşdılması istiqamətində müxtəlif təyinatlı və məqsədli işlər görülür: AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılmışdır. AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır. 1995-ci ildə ölkənin ilk veb-saytı kimi AMEA-nın www.science.az yaradılmışdır. AMEA-nın elmi müəssisələrində müxtəlif təyinatlı informasiya resursları yaradılır, eyni zamanda, onların hər birinin veb-saytı fəaliyyət göstərir. AMEA üzrə elektron sənəd dövriyyəsi sisteminin yaradılması istiqamətində işlər aparılır. E-elmin şəbəkə platforması olan AzScienceNet şəbəkəsi AMEA-nın bütün elmi müəssisələrini əhatə edir. Böyük yaddaş və hesablama resurslarına malik (yaddaş - 200 Terabayt, hesablama məhsuldarlığı - 14 Tflops) AzScienceNet şəbəkəsinin Data Mərkəzi yaradılmışdır. Fəaliyyətdə olan bu şəbəkə və hesablama e-infrastrukturu elmi qurumlar arasında sürətli əlaqə yaradır, istifadəçilərə çoxsaylı xidmətlər (hostinq, AzCloud, AzStorage, e-poçt, e-kitabxana, distant təhsil, AzScienceCERT, eduroam və s.) təqdim edir və eyni zamanda Beynəlxalq şəbəkələrlə inteqrasiya imkanları yaradır.