Azərbaycan Respublikası, Şəmkir ş, Heydər Əliyev prs 5 Azerbaijan Republic, Shamkir city, Heydar Aliyev 5



Yüklə 164.42 Kb.
səhifə1/3
tarix02.12.2016
ölçüsü164.42 Kb.
  1   2   3


Azərbaycan Respublikası, Şəmkir ş, Heydər Əliyev prs 5

Azerbaijan Republic, Shamkir city, Heydar Aliyev 5

Tel: (+9942230) 5 2492; Faxs: (+9942230)5 2493;

E-mail: shamkirheydaraliyevcenter@yandex.ru, https://www.facebook.com/Shamkir-Heydar-Aliyev-Center/

www.Shamkirheydaraliyevcenter.az

Şəmkir Heydər Əliyev Mərkəzinin 2016-cı ilin yanvar-iyun aylarında fəaliyyəti haqqında

HESABAT

2013-cü ildə yeni binada fəaliyyətə başladığı dövrdən Şəmkir rayonunun ictimai həyatında, insanların sosial-mədəni aktivləşməsində Şəmkir Heydər Əliyev Mərkəzinin özünəməxsus rolu var. Bu da təsadüfi deyil, çünki Mərkəzin qarşısına da məhz nəinki rayonda, ümumiyyətlə regionda, sözün əsl mənasında əhəmiyyətli bir mərkəzə çevrilmək vəzifəsi qoyulmuşdur. Çox sevindirici haldır ki, artıq üç ilə yaxındır Mərkəz qarşısına qoyulan məsulliyyətli missiyanı yerinə yetirməyə müvvəffəq olur.

Məlumdur ki, hər bir müəssisə öz qarşısına fəaliyyət proqramı qoyur. Şəmkir Heydər Əliyev Mərkəzi də öz fəaliyyət proqramını hazırlayarkən Mərkəzin Əsasnaməsini rəhbər tutur. Bundan əlavə, Şəmkir Heydər Əliyev Mərkəzi də digər mərkəzlər kimi Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olduğu üçün öz fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, “Mədəniyyət haqqında”, “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunlarına, 2014-cü ildə qəbul edilmiş “Mədəniyyət Konsepsiyası”na, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarına, nazirliyin əmr və kollegiya qərarlarına, digər normativ aktlara da əsaslanır.

Şəmkir Heydər Əliyev Mərkəzi ilk növbədə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim, ulu öndər Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə inkişaf etdirilməsini təmin edən bir mədəniyyət, elmi-tədqiqat mərkəzidir.

Əsasnaməyə uyğun olaraq, Şəmkir Heydər Əliyev Mərkəzi həm ölkədə və rayonda fəaliyyət göstərən digər idarə və təşkilatlarla, bələdiyyələrlə, ictimai birliklərlə, eləcə də qanunvericiliyə uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici ölkələrin aidiyyatlı dövlət qurumları ilə sazişlər bağlaya, əməkdaşlıq edə bilər.

Şəmkir Heydər Əliyev Mərkəzi öz işini perspektiv və illik planlar əsasında qurur, hər yeni il başlayarkən bir illik iş planı tutulur, aidiyyatlı orqanlara təqdim edilir və ilin sonunda isə il ərzində həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat hazırlanır və yenə öz növbəsində aidiyyatlı orqanlara təqdim edilir.

Yuxarıda qeyd edildiyi kimi, 2013-cü ilin sonlarından fəaliyyətə balşayan Şəmkir Heydər Əliyev Mərkəzi bu iki ildən artıq müddət ərzində müxtəlif tədbirlərlə, mədəni, ictimai, sosial layihələrlə zəngin olub, eləcə də həm ölkə və regional miqyaslı tədbirlərə, həm də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Yeni, 2016-cı ilin başlanması ilə Şəmkir Heydər Əliyev Mərkəzi müxtəlif səpkili layihələrlə dolu yeni bir ilə qədəm qoymuşdur. İl ərzində nəzərdə tutulan tədbirlər planı hazırlanmış, prioritetlər müəyyənləşdirilmişdir. Bir Heydər Əliyev Mərkəzi olaraq il ərzində qarşıya qoyulacaq əsas vəzifə ilk növbədə ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, təbliğ edilməsidir, həmçinin Mərkəz bununla da kifayətlənmək istəmir və bu səbəbdən də rayonda elmi layihələrin, sosial, mədəni tədbirlərin həyata keçirilməsi, maarfilənmənin aparılması kimi prioritetləri də öz qarşısına qoyub.

Bu il Mərkəzin əsas fokuslandığı istiqamətlərdən biri vətənpərvərlik mövzusu, gənclərdə bu hissin yüksəldilməsi, Azərbaycan Respublikasının torpaqlarının qorunması üçün vuruşmuş vətən oğullarının tanıdılması üçün sistemli bir fəaliyyətin həyata keçirilməsidir.

Bundan başqa, uzaq məqsədlərə hesablanan sosial layihələrin də keçirilməsi kimi önəmli və məsuliyyətli planlar da nəzərdə tutulub.

Şəmkir Heydər Mərkəzinin il ərzində həyata keçirilməsi nəzərdə tutulan əsas fəaliyyət istiqamətlərindən biri müxtəlif təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsidir. Sevindirici haldır ki, 2016-cı il Mərkəz üçün bu mənada uğurla başlayıb. Şəmkir Heydər Əliyev Mərkəzi 2016-cı ilin yanvar-iyun aylarında Mədəniyyət Haqqında Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli, 273 nömrəli Sərəncamı ilə təsdiq edilən Mədəniyyət Konsepsiyasının müddəalarını rəhbər tutaraq və Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə, “Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin Şəmkir filialı ilə, Şəmkir rayon Gənc Müəllimlər Birliyi ilə əməkdaşlıq sazişləri imzalayıb.

2016-cı ilin əvvəlindən başlayaraq Şəmkir Heydər Əliyev Mərkəzi öz planlarında Mərkəzin Fondunun zənginləşdirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə də xüsusi yer ayırıb. 2013-cü ildən 2016-ci ilin yanvar-iyun aylarına qədər Mərkəzin Əsas Fondundakı eskponatların sayı 1.798 ədəddən 4.653 ədədə qədər artıb.

2016-cı ilin əvvəlindən Şəmkir Heydər Əliyev Mərkəzinə gələn ziyarətçilər üçün daha keyfiyyətli, maraqlı bələdçi məlumatlarının və muhazirələrin hazırlanması işi də Mərkəzin öz fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıya qoyulan vəzifələrdəndir.



2016-cı ilin yanvar-iyun aylarında Heydər Əliyev Mərkəzinə 8893 nəfər ziyarətçi gəlmişdir.



Aylar

Fəxri qonaqlar

Qrup şəklində gələnlər

Fərdi gələnlər

Əcnəbilər

Eks.s

1.

Yanvar

6

869

225




17

2.

Fevral

21

1316

193

4

22

3.

Mart

2

520

180

4

16

4.

Aprel

3

860

146

1

8

5.

May

25

1743

260

30

19

6.

İyun

8

2210

261

6

17

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxanası 2016- ci ilin yanvar-iyun aylarında yeni kitablarla kitabxana fondunu zənginləşdirmiş, bir sıra uğurlu layihələr həyata keçirmişdir. Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxana fondu formalaşarkən elmin, texnikanın, iqtisadiyyatın, mədəniyyətin, incəsənətin, bədii yaradıcılığın son nailiyyətləri nəzərə alınmış, xalqın tarixinə, soykökünə, mənəviyyatına aid kitabların toplanmasına xüsusi diqqət yetirilmişdir.

Mərkəzin Elmi Kütləvi Kitabxanası ümumilikdə 97 bölmədə yerləşən 17 min kitab və digər qəzet, jurnal və çap materialları ilə oxuculara xidmət edir. Həmçinin kitabxana 15 ədəd kompyuter dəsti ilə təchiz edilmiş, internet sisteminə qoşulmuş, oxuculara daha keyfiyyətli və sürətli xidmət məqsədilə müasir texnologiya vasitələri ilə də təmin olunmuşdur. Eyni zamanda elektron kitabxana vasitəsilə də oxuculara xidmət göstərilir.



Ötən ildən etibarən Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi-Kütləvi Kitabxanası dünya üzrə kitabxanaçı mütəxxəssislərinin əlaqələndirilməsi üçün təşkil olunmuş asanlaşdırılmış peşəkar şəbəkə proqramı – Beynəlxalq Kitabxanaçılar Şəbəkəsinin üzvüdür. Beynəlxalq Kitabxanaçılar Şəbəkəsinin 103 ölkədən 1500 – dən çox üzvü vardır. Qısa olaraq (BİŞ) dünya üzrə kitabxanaçı mütəxəssislərinin əlaqələndirilməsi üçün təşkil olunmuş asanlaşdırılmış peşəkar şəbəkə proqramıdır. BİŞ informasiya əldə olunmasını və kitabxana sahəsində mütəmadi olaraq müxtəlif proqramlar həyata keçirir. Şəbəkəyə üzv olmaq kitabxanaya digər ölkələrin göstərilən sahədə təcrübələrindən yararlanma imkanı vermişdir.

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxanasında  “Gənc ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyi ilə əməkdaşlıq nəticəsində gözdən əlillər üçün xüsusi kitabxana sistemi qurulub. Bu əməkdaşlıq çərçivəsində İctimai Birlik tərəfindən Şəmkir Heydər Əliyev Mərkəzinin kitabxana fonduna görmə qabiliyyəti məhdud və itirilmiş uşaqların istifadəsi üçün “Jaws for Windows” səsli proqramlı komputer, audio kitablar, qulaqcıqlar və digər avadanlıqlar təqdim edilmişdir. Bu proqram vasitəsilə görmə qabiliyyəti olmayan və ya zəif olan insanlar kitabxanadan, komputerlərdən istifadə edə, maariflənə bilər, öz gələcək həyatının müəyyənləşməsi, təhsillərinin artırılması, sosiallaşması üçün yararlana bilərlər. Məhz bu səbəbdən, 2016-cı ilin ilk üç ayı ərzində xüsusi qayğıya ehtiyacı olan, görmə qabiliyyəti məhdud olan gənclərə komək məqsədilə Şəmkir Heydər Əliyev Mərkəzində komputer kursları keçirilib.

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi Kütləvi Kitabxanasının nəzdində yaradılan “Yaradıcı yazarlar” klubu öz sıralarında şairlik, yazıçılıq qabiliyyətləri olan 10-dan çox istedadlı gənci birləşdirir. Klubda birləşən gənclər mütəmadi olaraq Mərkəzin kitabxanasında toplaşaraq Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndələrinin yaradıcılıqlarını, müxtəlif əsərləri, hansısa ədəbi cərəyanları müzakirə edir, maraqlı fikirlər ortaya qoyurlar. Yarandığı gündən etibarən “Yaradıcı Yazarlar” Mərkəzin tədbirlərində yaxından iştirak edir, müxtəlif görüşlər keçirir, daha çox gənclərin, yeniyetmələrin öz sıralarında toplanmasına, onlardakı bacarıqların üzə çıxarılmasına dəstək olurlar. Altı ay ərzində “Yaradıcı yazarlar” bir sıra tədbirlərin keçirilməsində yaxından iştirak etmişlər.

Şəmkir Heydər Əliyev Mərkəzinin Elmi-Kütləvi Kitabxanası nəzdində 29 yanvar 2016-cı i tarixdən “Kinoklub”un fəaliyyətinə start verilib.

Kinoklubun fəaliyyətində əsas məqsədlərdən biri də Azərbaycan milli filmləri ilə yanaşı müxtəlif festivallarda qalib gəlmiş filmlər ilə yerli izləyicilərimizi tanış etmək, sənətsevər insanların bu məkana yığışaraq filmlə bağlı fikir və düşüncələrini bölüşmək üçün imkan yaratmaqdır. Yanvar ayından başlayaraq həftənin müəyyən günlərində “Kinoklub”da müxtəlif kateqoriyalı izləyicilər üçün uşaq filmlərinin, elmi-kütləvi, sənədli filmlərin, xarici filmlərin nümayiş etdirilib.

İlin əvvəlində nəzərdə həyata keçirilən bu layihə inkişaf etdirilərək iyun ayından etibarən artıq “Şahmkir City Cinema” kimi kinosevərlərə xidmət göstərməyə başlayıb. İyun ayının 10-dan etibarən fəaliyyətə başlayan Shamkir City Cinemanın yaradılması rayonda mədəni həyatın daha da yüksəlməsinə dəstək, əhalinin səmərəli, maraqlı istirahətinin təşkil edilməsi, onları milli və dünya kinosunun ən gözəl nümunələri ilə tanış etmək məqsədi daşıyır.

Cinemanın yaradılması balacaların da marağına səbəb olub. Uşaq seanslarında film seyr etməyə gələn ilk qonaqlar Şəmkir rayon Dəllər qəsəbə "Müasir Uşaqlar Təhsil Mərkəzi" körpələr evi- uşaq baxçasının körpələri olub. Onlar "Shamkir City Cinema" kinozalında “Zootopia" cizgi filmini maraqla seyr ediblər.

28 yanvar 2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzi ilin əvvəlindəki daha bir uğuruna imza atıb. Həmin gün Şəmkir Heydər Əliyev Mərkəzi ilə Gənc Müəllimlər Birliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş Şəmkir Heydər Əliyev Mərkəzi ilə Gənc Müəllimlər Birliyi arasında elmi, hərbi vətənpərvərlik, sosial, mədəni, təhsil, dini maarifləndirmə sahəsinə dair layihələrin həyata keçirilməsini, tərəflərin qarşılıqlı informasiya mübadiləsini, birgə konfransların, maarifləndirici tədbirlərin təşkilini və qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur. Bu sazişdən irəli gələn əməkdaşlıq çərçivəsndə bir sıra layihələr nəzərdə tutulur ki, bunlardan yanvar-fevral ayları ərzində artıq ikisi həyata keçirilib. Bu layihələrdən biri “Açıq dərs” lahiyəsidir. Qeyd etmək lazımdır ki, ötən il Müasir Azərbaycan Tarixi mövzusunda Açıq dərslər ölkə üzrə bütün Heydər Əliyev Mərkəzlərində sistematik olaraq keçirilib. Bu il Şəmkir Heydər Əliyev Mərkəzi mövzunun önəmliliyini nəzərə alaraq məktəblilər üçün müasir Azərbaycan tarixi ilə baqlı açıq dərslərin keçirilməsini yenidən bərpa edib. Yanvar – fevral aylarında Şəmkir Heydər Əliyev Mərkəzində bir neçə açıq dərs keçirilib. Bunlar - 04.02.2016- cı il tarixdə “Hərbi and və sədaqət” mövzusunda keçirilən açıq dərs, 11.02.2016-cı il tarixində "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin qurucusu və memarıdır" mövzusunda açıq dərs və 25.02.2016- cı il tarixdə Xocalı soyqırımının 24-cü ildönümü mövzusunda və 17.03.2016-cı il tarixdə “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda keçirilən açıq dərslər olublar.

Şəmkir Heydər Əliyev Mərkəzinin Gənc Müəllimlər Birliyi ilə başladığı digər bir layihə isə “Dahilərin divanı” layihəsidir. Layihə Azərbaycan tarixində görkəmli rol oynamış şəxsiyyətlərin ziddiyətli fəaliyyətinə həsr olunub, gənc müəllimlərdən ibarət olmaqla ayda bir dəfə nəzərdə tutulur. Debat formasında nəzərdə tutulan “Dahilərin divanı”nın ilk tədbiri 12.02.2016-cı ildə Şəmkir Heydər Əliyev Mərkəzində debat formatında keçirilən görüşdə bu dəfə iki böyük türk sərkərdəsi - Şah İsmayıl Səfəvi və Sultan I Səlim Yavuz müzakirə edilib.
Layihənin məqsədi şagirdlərdə debat mədəniyyəti formalaşdırmaq və onlara öz fikrini sərbəst ifadə etmək bacarığını aşılamaqdır.

Yuxarıda qeyd edildiyi kimi, Şəmkir Heydər Əliyev Mərkəzinin bu il üçün əsas prioritetlərindən biri vətənpərvərlik mövzusuna həsr edilmiş tədbirlərin keçirilməsidir. Bu məqsədlə Mərkəz “Vətən mənə oğul desə..” adlı layihənin ilboyu keçirilməsini nəzərdə tutub.

Vətən mənə oğul desə” layihəsinin əsas məqsədi rayonun yeniyetmə gənclərinə vətənpərvərlik hislərinin aşılanması, onların əsl Azərbaycan vətəndaşı, Azərbaycan əsgəri kimi yetişməsində aparıcı rol oynamaq, məktəblilərin müharibə veteranları ilə görüşlərini təşkil etmək, onların treninq-seminarlarını həyata keçkirməkdir. Bu layihə eyni zamanda məktəblilərin, yeniyetmələrin fərdi inkişafı, onların hərbi motivasiyanın yüksəldilməsi üçün nəzərdə tutulub.

27 yanvar 2016-cı ildə tarixində Şəmkir Heydər Əliyev Mərkəzinin “Vətən mənə oğul desə” layihəsinin ilk tədbiri – “Qarabağ Əlilləri, Veteranları, Şəhid ailələri” İctimai Birliyi Şəmkir filialının üzvləri ilə görüşü keçirilib. Bu görüş həm də Mərkəzin imzaladığı ilk əməkdaşlıq sazişi ilə də əlamətdardır.

Həmin gün, 27 yanvar 2016-cı il tarixdə Şəmkir Heydər Əliyev Mərkəzi öz Əsasnaməsində göstərilən müddəalara əsasən “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri” İctimai Birliyi Şəmkir filialı ilə əməkdaşlıq sazişi bağlayıb. Sazişə əsasən tərəflər birgə fəaliyyət çərçivəsində qarşılıqlı maraq doğuran sənəd və məlumat materiallarının müntəzəm mübadiləsini təşkil edə, birgə konfranslar, maarifləndirici tədbirlər keçirə, elmi araşdırmalarda qabaqcıl nailiyyətlərin və innovasiyaların tətbiqi üzrə qarşılıqlı təcrübə mübadiləsini həyata keçirə bilərlər.

Vətən mənə oğul desə…” layihəsi çərçivəsində ikinci görüş 23.02.2016-cı ildə Şəmkir Heydər Əliyev Mərkəzi ilə “Qarabağ əlilləri, veteranları, şəhid ailələri ” İctimai Birliyi ilə birlikdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində müharibə veteranı, “Azərbaycan bayrağı” ordenli Xaqani Nəbiyevlə keçirilib.



Tədbir Azərbaycanın azadlığı uğrunda şəhid olmuş, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Natiq Süleymanovun adını daşıyan 2 saylı Çinarlı qəsəbə orta məktəbində keçirilib.Tədbir zamanı Qarabağ müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli Xaqani Nəbiyevin döyüş yoldaşları onun haqqında xatirələrini iştirakçılarla bölüşüb, keşməkeşli döyüş yollarından danışıblar.

14.03.2016- cı il tarixdə növbəti belə görüş Qarallar kəndində keçirilib. Şəmkir Heydər Əliyev Mərkəzi “Qarabağ Əlilləri, Veteranları, Şəhid ailələri” İctimai Birliyi ilə birgə Şəmkir rayon Qaralar kəndində şəhid, Milli qəhrəman Zaur Sarıyevin xatirəsinə anım tədbiri keçirib. Görüş zamanı Milli qəhrəmanın ailə üzvləri ziyarət edilib, qəhrəmanın büstü və kəndin digər şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə çiçəklər qoyulub, Zaur Sarıyevin adını daşıyan kitabxana ziyarət edilib. Daha sonar şəhid A. Bağırovun adına Qarallar kənd orta məktəbinin akt zalına toplaşan tədbir iştirakçıları, şəhidin ailə üzvləri Zaur Sarıyev və kəndin digər şəhidləri ilə bağlı xatirələrini bölüşüblər.

Şəmkir Heydər Əliyev Mərkəzi irəliləyən planlarında belə görüşlərin davam etdirilməsini nəzərdə tutur. Çünki canlı qəhrəmanı görmək, tanımaq həm yetişməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinin artırılması, həm də torpaqlarımız uğrunda vuruşmuş veteranların qarşısında mənəvi borcumuz baxımından çox zəruridir.

Məlum olduğu kimi, 2016-cı ilin aprel ayının əvvləli cəbhə bölgəsində ordumuzun şanlı döyüş əməliyyatları tarixə düşüb. Döyüşlərdən sonra 07.04.2016- cı il tarixində, Şəmkir Heydər Əliyev Mərkəzi və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin birgə həyata keçirdiyi “Vətən mənə oğul desə” layihəsi çərçivəsində ayın ilk görüşü Şəmkir rayon Zəyəm qəsəbəsində keçirilib. Müharibə veteranları, kənd sakinləri, gənc və məktəblilərin iştirak etdiyi tədbirdə cəbhə xəttində şəhid olanların xatirəsi anılıb, ordumuzun cəbhədə əldə etdiyi qələbələrdən məmnunluq ifadə edilib. İştirakçılar hər an döyüşə hazır olduqlarını və ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliklərini qeyd ediblər.

Vətənpərvərlik mövzusunun davamı olaraq növbəti tədbir isə 08.04.2016- cı il tarixdə Şəmkir rayon İrmaşlı kəndində şəhid Vüqar Alırzayevin adını daşıyan orta məktəbdə keçirilib. Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Gənc Müəllimlər Birliyinin birgə əməkdaşlıq fəaliyyətləri çərçivəsində keçirilən “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı açıq dərsdə Birliyin üzvü Ceyhun Məmmədov Azərbaycanda ordunun formalaşdırılması prosessi haqqında məktəblilərə tarixi faktlar əsasında müfəssəl məlumat verib.



Şəmkir Heydər Əliyev Mərkəzində aprel döyüşlərinə, bu döyüşlər zamanı Azərbaycanın şəhid olmuş övladlarına həsr olunmuş ən böyük tədbir isə 13 may 2016-cı ildə keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi Polkovnik Abdulla Qurbani, rayon ictimayətinin nümayəndələri, şəhid ailələri və hərbiçilər iştirak ediblər. Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı Milli Ordumuza güvənir, xalqla ordu daima birlikdədir və Prezident İlham Əliyevin apardığı düzgün siyasət və qudrətli ordumuz tərəfindən tezliklə işğal altında olan torpaqlarımız azad olacaq, Azərbaycanın dövlət bayrağı Xankəndində, Şuşada və digər işğal edilmiş ərazilərimizdə dalğalanacaq.

Sonra aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribatının qarşısın alarkən şəhid olmuş polkovnik Yüsifov Vüqar Nurəddin oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətinə görə” ordeni, çavuş Əsgərov Təbriz Hamlet oğlunun, əsgər Əliyev Vüsal İlham oğlunun, əsgər Qasımov Nurlan Cəmil oğlunun və əsgər Dəmirli Altun Fərman oğlunun ölümündən sonra Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Naziri Zakir Həsənov tərəfindən təltif olunduqları 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları onların ailə üzvlərinə təqdim olunub.

Vətən mənə oğul desə..” layihəsi çərçivəsində Şəmkir Heydər Əliyev Mərkəzinin ilin əvvəlindən başladığı silsilə tədbirləri iyun ayında da davam etdirilib. 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Mərkəz bu münasibətlə 25.06.2016-cı il tarixində “Qarabağ Əlilləri, Veteranları, Şəhid ailələri” İctimai Birliyi ilə birgə bayram tədbiri keçirib. SHXÇDX Şəmkir rayon şöbəsinin rəisi Şaiq Məmmədovun, müharibə veteranlarının, Şəmkir Gənc Müəllimlər Birliyinin üzvlərinin, gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər Silahlı Qüvvələrin yaranması tarixi, müxtəlif dövrlərdə ordumuzun vəziyyəti, müasir Azərbaycanda günü-gündən daha da inkişaf edən ordu quruculuğu məsələlərindən danışıblar.

Şəmkir Heydər Əliyev Mərkəzi aprel ayının 25-dən may ayının 10-dək Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar kəndlərdə silsilə tədbirlər, səyyar mühazirələr, açıq dərslər həyata keçirib. Belə səyyar mühazirələr Şəmkir rayonunun Bayramlı kəndində, Qasım İsmayılov, Dəllər Cırdaxan, Şiştəpə kəndlərinin ictimaiyyəti, müəllim və şagird kollektivi ilə keçriilib.

Şəmkir rayon T.Cəfərov adına Bayramlı kənd tam orta məktəbində keçirilən səyyar mühazirədə məktəbin tarix müəlliməsi, Gənc Müəllimlər Birliyinin üzvü Günel İsmayılova Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermiş, müasir Azərbaycan dövlətinin quruculuğu yolunda Heydər Əliyevin gördüyü işlərdən danışıb.

27.04.2016-cı il tarixində Mərkəz Ulu Öndərin anadan olmasının 93 illiyi münasibəti ilə Şəmkir rayon Sahib Əliyev adına Qasım İsmayılov kənd tam orta məktəbində şagirdlər üçün səyyar mühazirə keçirilib. 29.04.2016- cı il tarixində isə növbəti səyyar mühazirə Şəmkir rayon Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbində təşkil edilib. Mühazirələr zamanı məktəblilərə Ümumilli liderin keçdiyi həyat yolu, gördüyü işlər, müasir Azərbaycanın formalaşması prossesində rolu mövzularında geniş məlumat verilib, çıxışlar dinlənilib.

Silsilə tədbirlər may ayında da davam etdirilib. Belə ki, mayın əvvəlində Söhrab Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş açıq dərs keçirilib. Tədbirdə iştirka edən Şəmkir Gənc Müəllimlər Birliyinin sədri Hafiz Pənahov və Birliyin üzvləri Ceyhun Məmmədov, Turanə Məmmədova və Seymur Qurbanov Ulu Öndərin həyat və siyasi fəaliyyəti, müasir Azərbaycan dövlətinin yaradılmasında rolu, ölkədə apardığı gənclər siyasəti mövzularında məktəblilərə məlumat veriblər.

Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən açıq dərs isə Şiştəpə kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə birlikdə keçirilib. Tədbirdə xüsusi qonaq qismində “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri" İctimai Birliyinin Şəmkir filialının nümayəndələri də iştirak ediblər. Şiştəpə kənd orta məktəbinin tarix müəllimi Zivər Hacıyeva Ulu Öndərin keçdiyi həyat yolu, fəaliyyəti, müasir Azərbaycanın qurulmasında onun rolu mövzusunda məktəblilərə geniş məlumat verib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Müsahib Zeynalov isə məktəblilərə o dönəmdə ölkədəki siyasi və hərbi vəziyyət barədə məlumat verib. Şagirdlər Ulu Öndərin anadan olmasının 93-cü il dönümü münasibəti ilə hazırladıqları maraqlı ədəbi bədii kompozisiyalar nümayiş etdiriblər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şəmkir Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi silsilə tədbirlərin yekunu olaraq 04 may 2016-cı il tarixdə Mərkəzdə YAP Şəmkir rayon təşkilatı ilə birgə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda YAP Şəmkir rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və digər idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Tdəbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, Millət vəkili Sona Əliyeva, Şəmkir rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlıniski, Şəmkir rayon Mərkəzi xəstəxanasının Baş həkimi Nürəddin Əhmədov, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri, Aftolmoloq həkim Nüşabə Seyidova, Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə Aybəniz Nəsibova Heydər Əliyev və Azərbaycan dövlətçiliyi mövzusunda çıxışlar ediblər. Çıxışlar zamanı Ulu Öndərin hər zaman vətənin dar günündə xilaskar missiyasını yerinə yetirdiyi qeyd edilmiş, müasir Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən bəhs olunmuşdur.
Şəmkir Heydər Əliyev Mərkəzinin maraq doğuran layihələrindən biri, ötən ilin sonlarından davamlı olaraq keçirilən “Uğur hekayəsi” İnkişaf Məktəbidir. Şəmkir Heydər Əliyev Mərkəzi “Uğur hekayəsi” layihəsi çərçivəsində, mütəmadi olaraq rayonun ictimai və sosial həyatında mühüm yer tutan gənc kadr və mütəxəsislərlə məktəblilərin görüşlərini təşkil edir. Məqsəd tutduqları yolda məktəblilərə stimul vermək, onların gələcək planları, peşə və ixtisas seçimlərində daha mətin addımlamalarına dəstək olmaqdır.

“Uğur hekayəsi” İnkişaf Məktəbinin 2016-cı ildə ilk qonağı Şəmkir Rayon Gənclər və İdman İdarəsinin Sədri Emin İsmayılov olub. Şəmkir Heydər Əliyev Mərkəzində 09.02.2016-cı ildə keçirilən görüşdə Emin İsmayılov, öz uğur hekayəsini həmsöhbətləri ilə bölüşüb. Söhbət zamanı Emin İsmayılov Şəmkirin “Gənclər paytaxtı” seçilməsini xüsusilə vurğulayıb. Bu uğurun nəinki şəmkirli gənclərə, bütün ümumrespublika gənclərinin inkişafına zəmin yaradacağını, ümumilikdə Azərbaycanda aparılan gənclər siyasətinin uğuru, gənclərə dəstəyin göstəricisi olduğunu bildirib.

Mart ayının 11-də keçirilən növbəti “Uğur hekayəsi”nin qonağı isə Şəmkir rayon Sarıtəpə kənd bələdiyyəsinin sədri Aytəkin Musayeva olub. Gənc bələdiyyə sədri öz uğur hekayəsini məktəblilərlə bölüşüb, ölkəmizdə aparılan uğurlu qadın siyasətinin məntiqi davamı kimi bələdiyyə sahəsində qadınlara göstərilən qayğı, qadın bələdiyyə sədrlərinin gördüyü işlər haqqında məlumat verib.

Şəmkir Heydər Mərkəzi Azərbaycanın mədəniyyət, incəsənət aləmində baş verən ən maraqlı hadisələrin Şəmkir ictimaiyyətinə çatdırılmasında, müxtəlif təqdimatların, sərgilərin Mərkəzdə də keçirilməsində maraqlıdır və bununla da mədəni həyatın inkişafına öz dəstəyini verməkdədir. Bunun bariz nümunəsi kimi, 22 fevral 2016-cı ildə son dövrlərdə Azərbaycan mədəniyyətində baş verən ən maraqlı hadisənin – Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Əbədi ezamiyyət” filminin Mərkəzdə Şəmkir rayon ictimaiyyəti üçün keçirilən təqdimatını göstərmək olar.

Əbədi ezamiyyət” filmi Azərbaycan tarixinin ən şərəfli, lakin təəssüf ki, hələ kifayət qədər araşdırılmamış dövrünə – cəmi 23 ay fəaliyyət göstərmiş ilk müstəqil respublikamızın tarixinə, Azərbaycanın nümayəndə heyyətinin Paris Sülh Konfransında iştirakına həsr olunub.

Tədimatdan sonra, filmə geniş marağı nəzərə alaraq Şəmkir Heydər Əliyev Mərkəzi mart ayının 1-də Bakı Oksford Məktəbinin Şəmkir filialında da filmin nümayişini təşkil etdi.

Ilk aylar ərzində Mərkəzi nüfuzlu xarici qonaqlar da ziyarət ediblər. Mart ayının 10-da Türkiyə Respublikasının Gəncə şəhərində fəaliyyət göstərən konsulu Orhan İşık Şəmkir Heydər Əliyev Mərkəzinin qonağı olub. Konsul Orhan İşık Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, Millət vəkili Sona Əliyeva ilə görüşüb. Qonağa Şəmkir Heydər Əliyev Mərkəzinin fəaliyyəti və nəzərdə tutulmuş gələcək layihələrlə bağlı məlumat verilib, qarşılıqlı əməkdaşlıq prespektivləri müzakirə edililib. 

Bütün respublika üzrə həyata keçirilən “Ölkəmizi taniyaq” layıhəsi çərçivəsində ölkəmizin müxtəlif yerlərindən olan çoxlu sayda məktəblilər bu ilin mart ayında Şəmkir Heydər Əliyev Mərkəzinin qonağı olublar. 18.03.2016- cı il tarixində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Şəmkirdə qonaq olan Saatlı, Sabirabad və Nefçala rayonlarından, 26.03.2016-cı ildə isə Beyləqan, Kürdəmir, İmişli rayonlarından olan məktəblilər Şəmkir Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşları məktəblilər üçün Mərkəzdə gəzinti təşkil edib, elmi- kütləvi kitabxana, kinozal, muzey, təqdimat və konfrans zalları şagirdlərə nümayiş etdirilib, Mərkəzin fəaliyyəti və nəzərdə tutulmuş gələcək layihələr haqqında onlara geniş məlumat verilib. Gəzintidən sonra hər üç rayonun nümayəndəsinə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı tərəfindən “Şəmkir 2003- 2013 hədəflər, inkişaf və nəticələr” və “Şəmkir arxeoloji qazıntılar və artefaktlar” kitabları hədiyyə edilib.

2016-cı ilin əvvəlindən iyun ayına qədər Mərkəzə çoxlu sayda ziyarətçilər gəlmiş, məktəblilər, bağça uşaqları dəstə- dəstə gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad etmişlər. Onların arasında Şəmkir Heydər Əliyev Mərkəzini müntəzəm olaraq ziyarət edən Şəmkir Oksford məktəbinin şagirdləri, Şəmkir rayon Sahib Əliyev adına Qasım İsmayılov kənd tam orta məktəbin müəllim və şagird heyəti, Rövşən İsmayılov adına Plankənd kənd tam orta məktəbin, Düyərli kənd tam orta məktəbin müəllim və şagird heyəti də olub. Məktəblilər Mərkəzin fəaliyyəti və nəzərdə tutulmuş gələcək layihələrlə bağlı geniş məlumat alıb, kitabxana ilə tanış olub, filmə tamaşa ediblər.

May ayının 2-də isə məşhur azərbaycanlı fotoqraf, Rusiya Federasiyasındakı Azərbaycan Gəncləri Koordinasiya Şurasının üzvü, Böyük Britaniya Kral fotoqrafiya cəmiyyətinin həqiqi üzvü Rüfət Əliyev Şəmkir Heydər Əliyev Mərkəzində qonaq olub. Tanınmış qonaq Mərkəzlə tanışlıq keçirib, burada həyata keçirilən tədbirlər və layihələrlə maraqlanıb.

May ayında Ulu öndərin anım günüylə bağlı Şəmkir Heydər Əliyev Mərkəzini ziyarət etməyə gələn qonaqlar arasında Şəmkir sərhəd dəstəsinin şəxsi heyətini də qeyd etmək lazımdır. Yeni xidmətə cəlb edilmiş sərhədçiləri burada fəaliyyət göstərən kinozal, qalereya zalı, muzey, kitabxana, təqdimat və konfrans zalları ilə tanış edilib, Şəmkir Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihələr və gələcək planlar barəsində məlumatlandırılıblar.

Bundan başqa, Şəmkir Heydər Əliyev Mərkəzi əlamətdar tarixləri, bayram və anım günlərini, yubileyləri də xüsusi olaraq qeyd edir, müəyyən tədbirlər keçirir. Yanvar-iyun aylarında bir neçə bu tipli tədbirlər keçirlmişdir.

İlk növbədə 20 Yanvar Hüzn Günüylə bağlı 18 yanvar 2016-cı ildə keçirilən “20 Yanvar qürür və kədər günümüzdür” adlı tədbiri qeyd etmək lazımdır. Tədbirdə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilib. Qanlı yanvar hadisələrinin səbəbləri, o zamankı tarixi şərait, hadisəyə verilən hüquqi qiymət haqqında çıxışlar edilib.

Digər tədbirlər kimi, 2 Fevral Şəmkir Heydər Əliyev Mərkəzində ümumrespublika Gənclər gününə həsr olunmuş tədbiri, 16 Fevral tarixində Şəmkir Heydər Əliyev Mərkəzində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbiri qeyd etmək lazımdır. Bu tədbirlərdə ölkəmizdə mədəni müxtəlifliyin yayılmasına dəstək olmaq, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək ideyaları səslənir, ölkəmizdə aparılan gənclər siyasətinə, multikulturalizmə, mədəniyyətimizin, dilimizin qorunub saxlanılmasına həsr olunmuş çıxışlar səsləndirilib. Tədbir həmçinin bədii hissə ilə davam etdirilib, şer, mahnı, səhnəcik və digər ifalar maraqla qarşılanıb.



24.02.2016- cı ildə Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Rayon Gənc Həkimlər Birliyinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində “Məktəbli gigiyenası” adlı elmi seminar keçirilib. Seminarda gənc həkim və müəllimlər, valideynlər iştirak ediblər. Seminar zamanı iştirakçılara məktəblinin düzgün qidalanma, gimnastika, gündəlik rejim, parta arxasında düzgün əyləşmə qaydaları haqqında məlumat verilib. İrəliləyən aylarda Şəmkir Heydər Əliyev Mərkəzinin Gənc Həkimlər Birliyi ilə əməkdaşlığı daha da artırılacaq. Gənc Həkimlər Birliyinin hər ay Mərkəzdə davamlı olaraq konfranslar və seminarlarının təşkil edilməsi planlaşdırılır.

İlin ilk üç aylığında məktəblilər üçün keçirilən maraqlı tədbirlərdən biri də 18.03.2016- cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mərkəzin həyətində məktəblilər üçün təşkil etdiyi təlim oldu. Dövlət Yanğından Mühafizə Xidməti yanğın avtomobillərinin nümayişini keçirmiş,təhlükəsizlik qaydaları ilə bağlı məktəbliləri maarifləndirmişlər.

Mərkəzin aprel ayında keçirdiyi maraqlı mədəni tədbirlərdən biri də 18.04.2016- cı il tarixində Nizami Gəncəvi adına məktəbdə keçirilən “18 aprel- Tarixi abidələrin mühafizəsi günü” ilə əlaqədar maarifləndirici seminar olub. Seminarda Azərbaycanda mövcud olan tarixi abidələr, onların qorunması və əhəmiyyəti haqqında məktəblilərə geniş məlumat verilib, Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış, Azərbaycanın tarixi abidələrini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Elə həmin mövzunu inkişaf etdirərək Şəmkir Heydər Əliyev Mərkəzi 21.04.2016- cı il tarixində “22 aprel- Beynəlxalq yer kürəsi günü” ilə bağlı maarifləndirici tədbir keçirib. Bütün dünyada aprelin 22-si yer kürəsinin mühafizəsinə, problemlərinə diqqəti cəlb edən tədbirlər keçirilir. Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən və maraqlı sərgi ilə müşaiyət olunan tədbirdə rayonun Məhəmməd Füzuli adına tam orta məktəbin şagirdləri və biologiya müəllimi Lalə Bilalova maraqlı bir dərs prosesi nümayiş etdiriblər. Məktəblilərə yer kürəsinin yaranması, bəşəriyyətin təkamül prossesi, ekoloji çirklənmələr, ekologiyanın qorunması qaydaları haqqında məlumatlar verilib, mövzuları geniş əhatə edən videoçarxlar nümayiş etdirilib, məktəblilərin fikirləri dinlənilib.

2016-cı ilin ilk altı aylığının sonlarına yaxın Şəmkir Heydər Əliyev Mərkəzinin məktəblilərlə bağlı keçirdiyi daha bir tədbir isə abituriyentlərin qarşıdan gələn imtahanları ilə bağlı olub.

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şəmkir Bilik Evi, Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Abituriyentlərin qəbul imtahanlarına hazırlanması” mövzusunda keçirilən maarifləndirici tədbirdə Şəmkir rayon Təhsil şöbəsinin və Şəmkir Gənc Müəllimlər və Gənc Həkimlər Birliyinin nümayəndələri, TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, həkimlər, “Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin nümayəndəsi Elmira Mirzəyeva, müəllimlər, valideynlər və rayon və kənd məktəblərindən çox sayda abituriyentlər iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir. 

Məlum olduğu kimi, fevral ayının sonlarında bütün ölkədə, idarə və təşkilatlarda Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Şəmkir Heydər Əliyev Mərkəzi də Xocalı faciəsinin ildönümü ilə bağlı bir neçə silsilə tədbir keçirib.

Bu məqsədlə 25 fevral 2016 -cı il tarixindən Mərkəzin Elmi-Kütləvi Kitabxanası 26 fevral Xocalı soyqırımının ildönümünə həsr edilən, faciəni özündə əks etdirən kitab sərgisi təşkil etmiş, həmçinin kitabxananın nəzdində fəaliyyət göstərən KinoKlubda Vahid Mustafayevin “Xoca” bədii filmi nümayiş etdirilmişdir. “Xoca” bədii filminin nümayişində başlıca məqsəd, əsrlər boyu Azərbaycan torpaqlarında yaşayan, əzab- əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanların, ümumiyyətlə, Xocalı soyqırımı qurbanlarının faciəsini bir daha gənc nəslə çatdırmaqdır.
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə