II fəsil. Komandirlərin və digər birbaşa rəislərin ümumi vəzifələri
46. Hərbi hissə, gəmi (bölmə) komandiri təkbaşçıdır, o ona həvalə edilmiş hərbi
hissənin, gəminin (bölmənin) daim döyüşə və səfərbərliyə hazırlığı üçün şəxsən
məsuliyyət daşıyır.
Komandir şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi
intizamına və mənəvi vəziyyətinə; silahların, döyüş texnikasının və digər texnikanın,
döyüş sursatının, yanacağın və başqa materialların qorunub saxlanmasına; hərbi
hissənin, gəminin (bölmənin) maddi, texniki, tibbi, ticarət-məişət və maliyyə təminatına
cavabdehdir.
Komandir ona həvalə edilən hərbi hissənin, gəminin (bölmənin) vəziyyətini
mükəmməl bilməli, onun döyüşə və səfərbərliyə hazırlığının artırılması üçün lazımi
tədbirlər görməli və zəruri təminatını təşkil etməlidir.
47. Komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və
möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi
və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim
təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf
etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin
səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata
keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə
nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli,
qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər
etməməlidir. O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi
andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə
tabeliyindəkilər üçün nümunə olmalıdır.
48. Komandir (rəis) şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına bilavasitə
rəhbərlik etməli, hərbi hissədə, gəmidə (bölmədə) hərbi intizamın yüksək səviyyədə
olmasını təmin etməli, şəxsi heyətin xidməti və məişəti ilə yaxından tanış olaraq onlara
bələd olmalı, özünün gündəlik fəaliyyətində tabeliyində olanların verdiyi təklifləri
nəzərə almalıdır. O, tabeliyində olanların işgüzar, mənəvi və digər şəxsi keyfiyyətlərini
yaxşı bilməli, onların döyüş ustalıqlarını fasiləsiz təkmilləşdirməli, əsgəri və hüquqi
tərbiyəsinə ciddi fikir verməlidir.
Komandir (rəis) zabit, gizir və miçman kadrlarını düzgün seçib yerləşdirməli,
attestasiyadan keçirməli, bu işə öz müavinlərini, qoşun və xidmət növü rəislərini cəlb
etməlidir.
49. Komandir (rəis) özünün hərbi və ictimai-siyasi biliklərini daim
təkmilləşdirməli, döyüş texnikasını və digər texnikanı, silahları onların istismar,
saxlanılma və təxliyə qaydalarını bilməli, hərbi-elmi, səmərələşdirmə və ixtiraçılıq
işlərinə rəhbərlik etməlidir.
50. Komandir (rəis) hərbi hissədə, gəmidə (bölmədə) möhkəm daxili intizam
yaratmalı, müəyyən edilmiş qayda-qanunun pozulması hallarının, hərbi hissənin,
gəminin (bölmənin) döyüş qabiliyyətinə ziyan vura biləcək hər bir hadisənin qarşısını
qəti surətdə almalıdır.
Hər bir komandir (rəis) tabeliyində olanların ciddi hərbi intizamın zəruriliyini
şüurlu surətdə dərk etmələrinə səy göstərməli, baş verə biləcək cinayətlərin,
xoşagəlməz hadisə və hərəkətlərin qarşısını vaxtında almalı və onların yaranmasına
səbəb ola biləcək amilləri vaxtında aşkar edib aradan qaldırmağa, hərbi intizamı və
ictimai qayda-qanunu pozanlara qarşı mübarizədə ictimaiyyətin gücündən də istifadə
etməyə diqqət yetirməlidir.
51. Komandir (rəis) ona verilən hüquqlar dairəsində müstəqil hərəkət etməli,
tabeliyində olan hərbi qulluqçulardan Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına əməl edilməsini, hərbi nizamnamələrin tələblərini, vəzifə borclarını,
verilən tapşırıq və sərəncamları dəqiq və vaxtında yerinə yetirmələrini tələb etməlidir.
Komandir (rəis) tabeliyindəki hərbi qulluqçuları ağlabatan təşəbbüslərinə, səylərinə və
nümunəvi xidmətlərinə görə həvəsləndirməli, xidmətə etinasız, qayğısız yanaşanları və
intizamı pozanları isə cəzalandırmalıdır.
52. Komandir (rəis) tabeliyində olanlarda hərbi andın müqəddəsliyi və
sarsılmazlığı şüurunu daim inkişaf etdirməyə və saxlamağa borcludur. O, şəxsi heyətdə
yüksək mənəvi və döyüş keyfiyyətləri, Vətənə sonsuz sədaqət, hərbi xidməti vicdanla
yerinə yetirmək, təşəbbüskar, təmkinli, fərasətli və sayıq olmaq, Vətənimizin
düşmənlərinə qarşı tam qələbəyədək döyüşməyə həmişə hazır olmaq, bu mübarizədə
öz qüvvəsini və hətta həyatını əsirgəməmək, müttəfiq dövlətlərin silahlı qüvvələri ilə
hərbi əməkdaşlıq etmək hisslərini tərbiyə etməlidir.
Hərbi hissənin (gəminin) döyüş ənənələrinə sadiq olmaq və onları artırmaq,
qabaqcıl təcrübə mübadiləsi aparmaq bütün komandirlərin (rəislərin) mühüm
vəzifəsidir. Bu məqsədlə hər bir hərbi hissədə Döyüş şöhrəti (tarixi) otaqları təşkil edilir
və hərbi hissənin, gəminin (bölmənin) Fəxri kitabı tərtib edilir (2 saylı əlavə).
53. Komandir, rəis tabeliyində olanların fiziki hazırlığı, sağlamlığı, məişət şəraiti
və ehtiyaclarına qayğı göstərməli, müəyyən edilmiş təminatlarla təchiz edilmələrinə
nəzarət etməli, zəruri hallarda onlara yardım göstərməli və onlar üçün böyük
komandirlər (rəislər) qarşısında vəsatət qaldırmalıdır.
54. Hərbi qulluqçuların şəxsi tələb və ehtiyaclarını vaxtlı-vaxtında ödəmək
məqsədilə komandirlər (rəislər) öz tabeliklərində olanlarla şəxsən söhbət
aparmalıdırlar. Bundan əlavə, hərbi hissə (gəmi) komandirləri hərbi qulluqçuları və
onların ailə üzvlərini şəxsi məsələlər üzrə günün nizam qaydaları ilə müəyyən edilmiş
vaxtlarda ayda iki dəfədən az olmayaraq qəbul etməlidirlər.
55. Silahlarla, döyüş texnikası və digər texnika və cihazlarla işlədikdə, marş,
təlim, döyüş atışları, uçuş, gəmi səfərləri, xüsusi məşğələlər aparıldıqda, qarovul və
daxili xidmət növbətçiliyi zamanı komandir (rəis) adları çəkilən hallar üçün zəruri
təhlükəsizlik tədbirlərini müəyyənləşdirib, tabeliyində olanlara çatdırmalı və bu
tədbirlərin ciddi surətdə yerinə yetirilməsini tələb etməlidir.
56. Komandirin (rəisin) hərbi hissənin, gəminin (bölmənin) siyahı ilə və mövcud
tərkibi haqqında, həmçinin hərbi hissədə, gəmidə (bölmədə) olan silahların, döyüş
texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və digər maddi vəsaitin
miqdarı və onların vəziyyəti haqqında həmişə düzgün və dəqiq məlumatı olmalıdır.
57. Komandir (rəis) başqa yerə müvəqqəti getdikdə, vəzifəsinin icrasını
müavininə həvalə edir. Ştat üzrə müavin yoxdursa və əgər komandir əmrlə əvəzedici
təyin etməmişsə, vəzifəsi, yaxud rütbəsi daha böyük olan hərbi qulluqçu komandirliyi
öz üzərinə götürür və bu barədə böyük komandirə (rəisə) məlmat verir.
58. Hərbi hissə (gəmi) komandirliyinə yeni təyin olunmuş şəxslər böyük
komandirin (rəisin) yazılı göstərişi və yaxud əmri ilə vəzifəni icra etməyə
başlamalıdırlar. Komandirliyi qəbul etməsini komandir əmrlə elan etməli və bu barədə
böyük komandirə (rəisə) xəbər verməlidir.
59. Hərbi hissə (gəmi) komandirləri işlərin və vəzifənin təhvil-təslimini şəxsən
böyük komandirin (rəisin) nümayəndəsinin iştirakı ilə aparmalıdırlar.
İşlərin və vəzifənin təhvil-təslimi üçün böyük komandirin (rəisin) əmri ilə
komissiyalar təyin edilməli və bu komissiyalar ayrı-ayrılıqda hərbi hissədəki
(gəmidəki) ümumi vəziyyəti, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş
sursatının sayını, vəziyyətini və uçotunu, həmçinin hərbi hissənin (gəminin) qoşun
təsərrüfatının vəziyyətini yoxlayıb aktlar tərtib etməlidirlər.
İşlərin və vəzifənin təhvil-təslim aktında hərbi hissənin (gəminin) siyahı ilə və
mövcud tərkibi, şəxsi heyətin mənəvi vəziyyəti, hərbi intizamın, döyüş və ictimai-siyasi
hazırlığın, döyüşə və səfərbərliyə hazırlığın vəziyyəti göstərilməlidir.
Silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının təhvil-təslim
aktında onların sənədlərə görə və faktiki sayı, keyfiyyəti və texniki vəziyyəti, qorunub
saxlanma şəraiti göstərilməlidir.
Qoşun təsərrüfatının təhvil-təslim aktında mənzil-məişət şəraiti, binaların,
qurğuların, inventar və avadanlığın olması və vəziyyəti, cari və toxunulmaz ehtiyat
məqsədli ərzaq, geyim, texnika və digər əmlakın, həmçinin pul vəsaitinin olması,
vəziyyəti, uçotunun aparılması, saxlanma qaydaları və şəraiti göstərilməlidir.
İşləri və vəzifələri təhvil və qəbul edən komandirlər, həmçinin komissiya üzvləri
aktları imzalamalı və onların təsdiq olunmaları üçün böyük komandirə (rəisə) təqdim
etməlidirlər.
60. Bölmə komandirləri işlərin və vəzifənin təhvil-təslimini hərbi hissə (gəmi)
üzrə verilmiş əmrə əsasən şəxsən aparmalıdırlar.
Bölmə komandirləri işlərin və vəzifənin təhvil-təslimi haqqında hərbi hissə (gəmi)
komandirinə komanda üzrə raport verməlidirlər.
Vəzifəni qəbul edən komandir (rəis) bu raporta bölmənin qəbul edilməsi
haqqında aktı əlavə etməlidir. Aktda bölmənin siyahı ilə və mövcud tərkibi, şəxsi
heyətin mənəvi vəziyyəti, bölmədəki hərbi intizamın, döyüş və ictimai-siyasi hazırlığın,
döyüşə hazırlığın vəziyyəti; uçot kitablarına əsasən bölmədə olan silahların, döyüş
texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və digər maddi vəsaitin
vəziyyəti göstərilməlidir.
Aktı vəzifəni qəbul edən və təhvil verən şəxslər tərtib etməli və imzalamalıdırlar.
61. İşlərin və vəzifənin təhvil-təslimi üçün müddətlər aşağıdakılardır: alay
(briqada) və əlahiddə tabor (3-cü dərəcəli gəmilər) divizionu komandiri üçün — ən
çoxu 10 gün; alay (briqada) komandirinin arxa xidməti üzrə müavini üçün — ən çoxu
20 gün; tabor və bölük (3-cü və 4-cü dərəcəli gəmilər) komandiri üçün — ən çoxu 5 gün.
Digər vəzifəli şəxslər üçün təhvil-təslim müddətini böyük komandir (rəis)
müəyyən etməlidir.
62. Bölük (4-cü dərəcəli gəmilərin) komandirindən yuxarı vəzifələrə yeni təyin
olunmuş hərbi hissə, gəmi (bölmə) komandirləri vəzifəni qəbul edərkən hərbi hissənin,
gəminin (bölmənin) hərbi qulluqçularının ərizələri və şikayətləri (təklifləri) ilə tanış
olmaq məqədilə onlarla sorğu aparmalıdırlar (3 saylı əlavə). Sorğunun aparılma vaxtı
və qaydası sorğuya 1-2 gün qalmış elan edilməlidir.
Sorğu aparan şəxslər əvvəlcə hərbi hissənin (gəminin) təkliflər, ərizələr və
şikayətlər kitabı ilə və onlara əsasən qəbul edilmiş müvafiq qərarlarla tanış olmalı,
sorğunun sonunda isə sorğu vaxtı meydana çıxan ərizələrin və şikayətlərin bu kitaba
daxil edilməsinə əmin olmalıdırlar. Hərbi qulluqçularla sorğuda onların inspeksiya
(yoxlama) vaxtı etdikləri şikayətlər hərbi hissənin (gəminin) təkliflər, ərizələr və
şikayətlər kitabına yazılmalıdır.
Dostları ilə paylaş: |