Köməkçi işlərə anbar, nəql etmə, alətlərin və tərtibatların saxlanması və verilməsi, avadanlığın təmiri və saxlanması, istilik və enerji təchizatı, tullantıların ləğv edilməsi işləri aiddir.
Yuma, qəbul və diaqnostikadan sonra avtomobil bilavasitə TQ və təmir zonasına daxil olur, burada işlər növündən və təşkil üsulundan asılı olaraq müxtəlif istehsalat sahələri arasında paylanaraq yerinə yetirilir.
Avtomobillərin TQ və CT-nin işçi postlarda aparılması üçün nəzərdə tutulmuş istehsalat sahələri əsas istehsalat sahələri sayılır, müxtəlif növ postdan kənar sex işlərinin (məsələn, elektrik avdanlığının, qida sistemi cihazlarının, akkumulyator batareyalarının, şinlərin, aqreqatların təmiri, tənəkəçi, rəngləmə işləri və s.) yerinə yetirlməsi üçün ixtisaslaşdırılmış və bununla da əsas sahələrin səmərəli işini təmin edən sahələr köməkçi istehsalat sahələri hesab edilir.
Avtonəqliyyat müəssisəsində işlərin təşkili üçün əsas Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq hüquqi sənədləridir. İstehsalat prosesinin nümunəvi ardıcıllığı aşağıda göstərilir.
Avtomobil qəbul-nəzarət məntəqəsindən keçərək yuma zonasına daxil olur. Gələn avtomobillərin sayı çox olduqda onlar gözləmə zonasına gələrək, sonra növbə ilə yuma zonasına verilə bilər. Yumadan sonra avtomobillər tələbata görə diaqnostika zonasına, TQ postlarına, CT postlarına və ya saxlanma zonasına göndərilir.
Avtomobilin qəbulu ona xarici baxış yolu ilə yerinə yetirilir, qəbul prosesində müvafiq sənədlər, məsələn, naryad-sifariş doldurulur. Dispetçer şöbəsində naryad-sifarişlər istehsalat sahələri, briqadalar üzrə çeşidlənir və avtomobilin istehsalat sahələrindən keçmə ardıcıllığı dəqiqləşdirilir. Bu zaman CT işləri TQ-dən qabaq nəzərdə tutulmalıdır. Briqadaların yüklənmə dərəcəsini və avtomobillərin TQ və təmiri üzrə işlərin yerinə yetirilməsinin gedişini bilərək dispetçer naryad-sifarişdə göstərilmiş işlərin yerinə yetirilmə ardıcıllığını və avtomobilin hərəkət marşrutunu planlaşdırır. Dispetçer şöbəsində lazımi məlumatlar olduğundan dispetçer istehsalata rəhbərlik edir, onun işini planlaşdırır və işlərin yerinə yetirilməsinin gedişinə nəzarət edir.
Sahə ustaları və briqadirlər daxili rabitə vasitələri ilə dispetçerə işlərin gedişi, hər bir avtomobil üzrə işin faktiki başlanma və qurtarma vaxtı haqqında məlumat verir. Dispetçer bu məlumatdan istifadə edərək avtomobillərin istehsalat zonasında optimal yerdəyişməsini təmin edir.
Avtomobil müvafiq istehsalat sahəsinə gələn kimi usta və ya briqadir işi icraçılar arasında bölür, onlar haqqında məlumatı (soyadı və ya tabel nömrəsini) naryad-sifarişdə göstərir. Müvafiq işləri qurtardıqdan sonra icraçı avtomobili briqadirə təqdim edir və o, yerinə yetirilmiş işlərin keyfiyyətini yoxlayaraq naryad-sifarişə imza atır.
İşlərin yerinə yetirilməsi gedişində icraçı yüksək keyfiyyti təmin etmək üçün əlavə işlərin aparılmasının tələb olunduğunu aşkar edə bilər, bu hallar haqqında dərhal briqadirə, ustaya, dispetçerə məlumat verilir. Ancaq bundan sonra avtomobildə işlər davam etdirilə bilər. Əlavə iş həcmi əməliyyatların siyahısı göstərilməklə naryad-sifarişə qeyd olunur.
İşləri qurtardıqdan sonra briqadir dispetçerə məlumat verir və onun göstərişlərinə əsasən avtomobili növbəti sahəyə ötürür. Avtomobilin bir sahədən digərinə ötürülməsi avtomobildə qalan qəbul aktında müvafiq qeydlər aparmaqla həyata keçirilir. Avtomobilin texniki qulluğu və təmiri üçün lazım olan ehtiyat hissələri və materiallar anbardan tələbnamə əsasında alınır, tələbnamənin bir nüsxəsi avtomobildə saxlanılır, o biri isə anbarda qalır.
Bütün işlər qurtardıqdan sonra avtomobil təhvil sahəsinə göndərilir, burada işlərin keyfiyyəti yoxlanılır. Qüsur aşkar edilmədikdə avtomobil hazır avtomobillər üçün dayanacağa qoyulur.
Hər hansı bir qüsur aşkar edildikda naryad-sifarişdə müvafiq qeyd aparılır və avtomobil qüsurun aradan qaldırılması üçün həmin təmir briqadasına qaytarılır. Təkrar işlər də qurtardıqdan sonra avtomobil yenidən yoxlanılır. Nəzarətçi-usta müvafiq qeydiyyat apararaq dispetçerə məlumat verir. Avtomobil gözləmə zonasına verilir, avtomobili müşahidə edən sənədlər isə yekun tam tərtib üçün mühasibatlığa göndərilir
Sənədlər işləndikdən sonra əmək məsrəfləri, ehtiyat hissələrinə və materiallara xərclər hesablanır. Bu sənədlərin birinci nüsxəsi mühasibatlığa və ya arxivə verilir.
Avtomobilin TQ və təmirinə çəkilən əmək və maddi məsrəflər, imtinalar və nasazlıqlar haqqında informasiya toplamaq üçün naryad-sifarişin xüsusi bir forması da istifadə edilə bilər. İmtina və nasazlıqların xarakterinin öyrənilməsi, onların baş vermə tezliyinin səbələrinin aşkarı böyük maraq kəsb edir.
Avtomobillərin texniki vəziyyəti haqqında müvafiq informasiyanın olması avtoservis müəssisəsində TQ və CT istehsalatının təşkilini və texnologiyasını təkmilləşdirrilməyə imkan yaradır, keyfiyyətin yüksəldilməsi üçün tövsiyələrin işlənməsinə imkan verir.
Avtoservis müəssisəsinin spesifikası bu müəssisənin əsas göstəricilərinin anlayışlarına müəyyən şərtlər qoyur.
Ədəbiyyat
Положение о техническом обслуживании и ремонте легковых автомобилей, принадлежащих гражданам / Минавтопром СССР. М.: НАМИ, 1987.-58 с.
Отраслевые нормы технологического проектирования предприятий автомобильного транспорта: ОНТП-01-91 / Росавтотранс. М.: Гипроавтотранс, 1991. -184 с.
Ведомственные строительные нормы. Предприятия по обслуживанию автомобилей: ВСН 01-89 / Минавтотранс РСФСР. М.: ЦБНТИ Минавтотранса РСФСР, 1990. - 52 с.
Перечень категорий помещений и сооружений автотранспортных и авторемонтных предприятий по взрывопожарной и пожарной опасности и классов взрывоопасных и пожароопасных зон по правилам устройства электроустановок / инавтотранс РСФСР. М.: ЦБНТИ Минавтотранса РСФСР, 1989. -37 с
Dostları ilə paylaş: |