Elektron elm
Azərbaycan Respublikasında (AR) İnformasiya Cəmiyyətinin (İC) formalaşdırılması uğurla
həyata keçirilir. Ölkədə elektron dövlət quruculuğu prioritet istiqamət kimi qəbul olunmuş, onun
normativ-hüquqi bazası, əhatə dairəsi və həll etdiyi məsələlər daima genişləndirilir və inkişaf
etdirilir.
2003 (Cenevrə) və 2005-ci illərdə (Tunis) keçirilmiş İC üzrə Ümumdünya Sammitində (World
Summit on the Information Society - WSIS) İC-nin ümumi konsepsiyası qəbul olunmuş, onun əsas
prinsipləri və məqsədləri müəyyən edilmişdir. WSIS-in Fəaliyyət Planının (FP) C7 bəndinə əsasən
informasiya-kommunikasiya texnologiyalarının (İKT) həyatın bütün sahələrində tətbiqi nəzərdə
tutulur və bu e-hökumət, e-biznes, e-təhsil, e-səhiyyə, e-məşğulluq, e-ətraf mühit, e-kənd
təsərrüfatı və e-elm kimi səkkiz müxtəlif sahəni əhatə edir.
AR-də C7-də irəli sürülən müddəalar əsas götürülərək İC ideyaları göstərilən fəaliyyət sahələri
ilə yanaşı elmdə də uğurla həyata keçirilməkdədir.
“E-elm” termini ilk dəfə 1999-cu ildə Birləşmiş Krallığın elmi şuralarının baş direktoru Con
Teylor tərəfindən verilmiş və özündə kompüter modelləşdirilməsi və virtual eksperimental
mühitlərin təşkili də daxil olmaqla kollektiv eksperimental elmi tədqiqatların aparılmasının yeni
metodlarını əhatə edir. 2000-ci ildə Birləşmiş Krallıqda elan edilmiş “e-elm” proqramı bu yeniliyin
yayılmasında əhəmiyyətli dərəcədə rol oynamışdır.
Araşdırmalar göstərir ki, “e-elm”in inkişaf tarixi çox uzaqlardan başlanmışdır və ilk şəbəkə
texnologiyalarının yaranması ilə sıx bağlıdır. Belə ki, XX əsrin ortalarında ABŞ-ın Perspektiv Tədqiqat
Layihələri Agentliyinın (Advanced Research Projects Agency) ARPANET layihəsinin əsas
məqsədlərindən biri tədqiqat müəssisələrinin bir-birilə əlaqələndirilməsi olmuşdur. ARPANET
kompüter şəbəkəsi İnternetin prototipidir və hazırda İnternetdə verilənlərin ötürülməsinin əsas
protokolu olan TCP/IP ilk dəfə həmin layihədə istifadə olunmuşdur. Həmçinin Böyük Britaniyada elm
və təhsil sahələrini əhatə edən JANET-in (Joint Academic Network) və Avropa nüvə tədqiqatları
təşkilatı CERN-nin qrid kompüter şəbəkə infrastrukturunun, TERENA (Trans-European Research and
Education Networking Accociation) və CEENet (Central and Eastern European Networking
Accociation) şəbəkə assosiasiyalarının “e-elm”in inkişafına böyük töhfələri vardır. Trans-Avropa
Elmi-Tədqiqat və Təhsil Şəbəkə Assosiasiyası TERENA Avropa ölkələrində milli akademik, təhsil və
digər əlaqədar təşkilatların şəbəkələrini əhatə edir. TERENA-nın əsas məqsədi assosiasiyaya üzv
təşkilatların maraqlarını nəzərə almaqla, elmi məqsədlər üçün istifadə edilən beynəlxalq şəbəkələrin
işini təkmilləşdirməyə kömək etməkdir. Mərkəzi və Şərqi Avropa şəbəkələri assosiasiyası CEENet isə
akademik, tədqiqat və təhsil şəbəkələrini əhatə edən təşkilatdır.
E-elmin inkişafında UNESCO (United Nations Education, Scientific and Cultural Organization),
UNDP (United Nations Development Programme), WIPO (World Intellectual Property Organization),
ICSU (International Council of Scientific Unions), ISTC (International Scientific Technical Centre),
ICSTI (International Centre for Scientific and Technical Information), CODATA (Committee on Data
for Science and Technology), və s. kimi beynəlxalq qurumların mühüm rolları vardır və onlar bu
sahənin mövcud problemlərinin həlli ilə müntəzəm məşğul olurlar. Həmin qurumlar müvafiq
layihələr, proqramlar həyata keçirir, beynəlxalq konfranslar, forum və simpoziumlar təşkil edirlər.
Belə ki, UNESCO maraqlı tərəflərlə birlikdə mütəmadi olaraq WSIS-in FP-da nəzərdə tutulmuş
məsələlərin həlli vəziyyətinə nəzarət edir, forumlar və müsabiqələr keçirir. 2006-cı ildən başlayaraq
WSIS-in FP-nın C7 bəndinin e-elm istiqamətini dəstəkləyən yüksək səviyyəli toplantılar keçirilir. Bu
toplantılar çərçivəsində görülmüş işlər müzakirə olunur və növbəti il üçün aktual məsələlər
planlaşdırılır. ITU-nun (International Telecommunication Union) Cenevrə qərargahında 10-13 iyun
2014-cü il tarixdə keçirilmiş 9-cu WSIS+10 Yüksək Səviyyəli Tədbirdə isə ötən son 10 il ərzində əldə
olunmuş nailiyyətlərin icmalı verilmiş və 2015-ci ildən sonrakı dövr üçün perspektiv hədəfləri
müəyyənləşdirmək məqsədi ilə təkliflər hazırlanmışdır.
Ölkə Prezidentinin rəhbərliyi ilə respublikada e-dövlət quruculugu sahəsində həyata keçirilən
uğurlu islahatların – AR-in inkişafı naminə İKT üzrə Milli Strategiya (2003 - 2012-ci illər), “Elektron
Azərbaycan” Dövlət Proqramı (2010 - 2012-ci illər), AR-də “Elektron hökumət”in formalaşdırılması
üzrə Fəaliyyət Proqramı (2010 - 2011-ci illər), AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AR-də İC-nin inkişafına dair
2014 - 2020-ci illər üçün Milli Strategiyanın e-elmin formalaşdırılmasında öz yeri vardır.
AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya respublikada elmin vəziyyəti,
Azərbaycan elmi qarşısında duran əsas məqsəd və vəzifələr, innovativ və prioritet istiqamətlərin
müəyyənləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksək
ixtisaslı kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası və s. məsələləri əhatə edən 20
maddədən ibarətdir. Strategiyanın 19-cu maddəsi elmin informasiya təminatı məsələlərinə və
həmin maddənin bir bəndi isə “e - elm” modelinin işlənməsinə həsr olunmuşdur.
Strategiyada nəzərdə tutulmuş əsas hədəflərdən biri də elmi fəaliyyətdə islahatların
aparılması, İKT-nin geniş tətbiqi, e-elmin formalaşması prosesinin inkişaf etdirilməsidir.
Fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsini özündə əks etdirən strategiyada elm və
texnika sahəsində idarəetmə sistemini təkmilləşdirmək, normativ hüquqi bazanı yaratmaq, elmin
informasiya təminatını, beynəlxalq elm məkanına inteqrasiyasını gücləndirmək, elmi tədqiqatların
və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək kimi
vacib məsələlər nəzərdə tutulub ki, bu da elektron elmin formalaşması ilə bilavasitə əlaqəli
məsələlərdir.
Dostları ilə paylaş: |