Mövzu 1: Torpaq kimyası fənninin predmeti, metodları və məqsədi. Plan: Torpaq kimyası – torpaqşünaslığın bir bölməsi kimi onun məqsədi, vəzifələri və metodları.
Müasir torpaq kimyasının dörd başlıca istiqaməti: torpaq kütləsinin kimyası, torpaq proseslərinin kimyası, torpaq münbitliyinin kimyası, analitik torpaq kimyası
Ədəbiyyat 1. Hüseynov A.M., Hüseynov N.M / Torpaq kimyası. Ali məktəblər üçün dərslik. Baki-2015, S.583
2. Babayev A. H. / Torpaq keyfiyyətinin monitorinqi və ekoloji nəzarət. Bakı, “Qanun”nəşr.,2012, s.255
3. Gərayzadə A.P.,Gülalıyev Ç. G / Torpaqların istilik-fiziki xassələri. Bakı-2006, s. 203
4. Возбуцкая А.Е./ Химия почвы. Москва-1964. С.398
5. Морковкин Г.Г./ Антропогенная трансформация почвообразования и плодородия черноземов в системе агроценозов. Барнаул-РИО АГАУ,2012. С.271
Torpaq kimyası – torpaqşünaslığın bir bölməsi kimi onun məqsədi, vəzifələri və metodları.
Respublikamızda həyata keçirilən xüsusi mülkiyyətçiliyin inkişafı iqtisadiyyatın digər sahələri kimi aqrar sahənin də inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir etmişdir. Elmin nailiyyətləri kənd təsərrüfatında böyük maddi-texniki dəyişikliklər yaradır. Bununla yanaşı, həm də paralel olaraq əks proses-təbii komplekslərə və onların komponentlərəinə təsir güclənir. Günün ən vacib məsələlərindən biri kənd təsərrüfatının ən başlıca istehsal mənbəyi, təbii-tarixi landşaftın ayrılmaz hissəsi olan torpaqların münbitliyinin artırılması ilə konkret bir ərazi üçün xarakterik olan bitkilərin yetişdirilməsi və məhsulun keyfiyyətinin yüksəldilməsidir.Ölkə ərazisinin təbii şəraitinin mürəkkəbliyi və günü-gündən artan antropogen təzyiqlər nəticəsində eroziyanın müxtəlif növlərinin əmələ gəlib- genişlənməsinə, torpaq və bitki örtüyünün deqradasiyasına , kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının xeyli aşağı düşməsinə səbəb olmuşdur. Ona görə də torpaqların müasir vəziyyətinin dəqiq öyrənilməsi, onların indiki vəziyyəti haqqında operativ məlumatların alınması və təhlili həmişə diqqət mərkəzində olmalıdır. Bunula yanaşı əkinçilik rayonlarında məhsuldar kənd təsərrüfatı bitkilərinin aqroekoloji xüsusiyyətlərinə uyğun torpaq sahələrinin seçilməsi zəruri məsələlərdən biridir, çünki hər bir bitkinin normal inkişafı üçün onun yerləşdiyi ərazinin relyefi, iqlimi ilə yanaşı torpaq örtüyünün də seçilməsi çox vacibdir. Ona görə də bitkilərdən sabit və keyfiyyətli məhsul almaqdan ötrü torpaqların hərtərəfli kimyəvi və fiziki-kimyəvi xassələri də elmi əsaslarla öyrənilib təhlil edilməlidir. Torpağın belə kimyəvi xassələrindən biri də onun münbitlik göstəricilərinin, xüsusilə kimyəvi tərkibinin xüsusiyyətləridir.
Bununla yanaşı torpaqların münbitliyinin artırılması üçün elmi və mədəni səviyyədə fəlakətli eroziya prosesinə qarşı zonal mübarizə sistemləri tətbiq edilmir. Regionda kənd təsərrüfatı sahələrində təbii və antropogen amillərin təsiri nəticəsində deqradasiya prosesləri geniş yayılmışdır. Əkin sahələri hər il su və irriqasiya eroziyasına məruz qalır ki, bunların da nəticəsində kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaq yuyulub, dağılır, onun münbitliyi azalır, bu da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını xeyli aşağı salır və məhsulun keyfiyyətinə mənfi təsir edir.Təbii-coğrafi xüsusiyyətlərinin müxtəlifliyi ilə seçilən Respublikamızın ərazisi, tropik meşə və savanna tipli landşaftlar istisna olmaqla, Yer kürəsində yayılmış bütün torpaq-iqlim zonalarının mövcudluğu ilə səciyələnir. Bununla yanaşı, hər zona daxilində torpaqəmələgətirici ana süxurların, çöküntülərin, bioloji amillərin və insanın təsərrüfat fəaliyyətinin müxtəlifliyi burada çoxsaylı torpaq tipi və növlərinin formalaşmasına səbəb olmuşdur. Ərazidə relyefin morfogenetik və morfometrik xüsusiyyətlərin mürəkkəbliyi geosistemlərdə hidrotermik rejimin, maddələr mübadiləsinin və başqa amillərin kəskin dəyişilməsinə, beləliklə də torpağın zonallıq qanunauyğunluqlarının yaranmasına və bir-birini əvəz edən müxtəlif torpaq tiplərinin formalaşmasına, onların kimyəvi, fiziki-kimyəvi və mineraloji xassələrinin müxtəlifliyinə səbəb olmuşdur. Bu gün Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edən məsələlərdən biri də kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması və yüksəldilməsidir. Yeni iqtisadi sistemə keçidlə əlaqədar xırda və pərakəndə torpaq istifadəçiliyi şəraitində torpaqlarımızın münbitliyi son vaxtlar sürətlə azalır, ölkə ərazisində səhralaşma prosesi intensivləşir. Müasir torpaq kimyası torpağın istifadəsi, xassələri və mənşəyi ilə bağlı məsələləri həll etmək üçün meydana çıxmışdır. Ona görə də onun ümumi tərifini aşağıdakı kimi vermək olar: torpaq kimyası – torpaqşünaslığın bölməsi olub, torpaqəmələgəlməsinin kimyəvi əsaslarını və münbitliyi öyrənir. Bu məsələlərin həllinin əsasını torpağın tərkibini, xassələrini tədqiq etmək və torpaqda baş verən prosesləri ion-molekulyar və kolloidal səviyyədə öyrənmək təşkil edir. Torpaq kimyasının predmeti -xüsusi təbii-tarixi cisim olan torpaqdır. Torpaq kimyası da torpaqşünaslıq kimi müqayisəli-coğrafi və profil-genetiki metodlardan istifadə edir. Burada torpağın spesifik xassələrini xarakterizə edən metodlar və göstəricilər işlənib hazırlanmışdır. Məsələn, torpağın udma qabiliyyətinin göstəriciləri, humusun qruplar üzrə tərkibi, profil üzrə elementlərin yayılması, elementlərin mütəhərrikliyinə və bitkilər tərəfindən mənimsənilməsinə görə qruplara bölünməsi, torpağın nitrifikasiya qabiliyyəti və s. bu qəbildən hesab edilir
.