Analitik torpaq kimyası üç yarımbölmədə aşağıdakıları problemləri öyrənir:
a) elementlərin və maddələrin kəmiyyətcə təyini və identifikasiya metodları,
b) torpaq xassələrinin təyini metodları: aktual turşuluğun təyini, oksidləşmə-reduksiya potensialının təyini, kolloidal-kimyəvi xassələrin təyini,
c) spesifik torpaq göstəricilərinin təyini metodları: humusun fraksiyalar və qruplar üzrə tərkibi, mübadilə kationları, mineral komponentlərin qruplar üzrə tərkibi, torpaq turşuluğu və qələviliyinin növləri.
Yuxarıda şərh edilənlər müasir torpaq kimyasının öyrəndiyi problemlərin yalnız bir hissəsdir. Qarşıda hələ bunlardan heç də əhəmiyyəti az olmayan daha mühüm məsələlərin həlli durur. Məsələn, torpaq profilinin əsaslandırılmış analizi, hansı ki, bircinsli ana süxurlar üzərində formalaşan torpaqlar haqqında müxtəlif hipotezalar mövcuddur. Bu haqda əsaslı surətdə nəzəri və analitik tədqiqatların aparılması vacib problemlərdən sayılır (Hüseynov A.M., Hüseynov N.M-2015).
Mövzu 2: Torpaq kimyasının inkişaf tarixi. Azərbaycanda torpaq kimyasının inkişafı. Plan. 1. XVIII-XIX əsrlərdə torpaq kimyasının inkişafı. 2. XX əsrdə və XXI əsrin ilk onilliyində torpaq kimyasında aparılan tədqiqatlar. 3. Azərbaycanda torpaq kimyasının inkişafında H. Zərdabinin xidmətləri.
1. XVIII-XIX əsrlərdə torpaq kimyasının inkişafı. XV əsrdən etibarən münbitlik haqqında təsəvvürlərin formalaşmasında əsas aparıcı istiqamət kimi bitkilərin qidalanması problemi ön plana çəkilirdi. Bu problem XIX əsrin ortalarına kimi davam etmişdir. Bu istiqamətlərdə bitki qidalanmasının dörd əsas istiqaməti – duz, su, şora və humusla qidalanma nəzəriyyələri daha uzun ömürlü olmuşdur ( Q.Ş. Məmmədov, A.B. Cəfərov , L.Mustafayev, 2008 ) . Bitkinin duzla qidalanması nəzəriyyəsinin ən böyük tərəfdarı fransız rəssamı və təbiətşünası Bernar Palissi (1510-1589 ) idi. B. Palissi yazırdı ki, peyini torpağa verəndə “əvvəllər torpaqdan götürülən duz təzədən onun özünə qaytarılır... Bitki yananda şor adlanan kütlə külə çevrilir. Həmin kütlədə bitkininin torpaqdan mənimsədiyi duz vardır. Duzu torpağa qaytaranda onun münbitliyi artır”. Bununla belə Bernar Palissi alman alimi Libixdən üç yüz il əvvəl bitkinin mineral qidalanması ideyasını irəli sürmüş, torpağın münbitliyini bərpa etmək məqsədi ilə “Ondan götürülmüş duzları torpağa qaytarmaq“fikrini söyləmişdir. Aqrokimya elminin ilk banilər 1836-cı ildə alman alimi Libix , fransız alimi Busenqo və ingilis alimləri Looz və Hilbert hesab olunur. B. Palissinin duzla qidalanma nəzəriyyəsi 60 il sonra Qi de Brass tərəfindən müdafiə olunmuşdur. O, iddia edirdi ki, “duzsuz torpaq məhsul yetişdirmək üçün yararsızdır, duz münbitliyin atasıdır . “ Bitkinin qidalanması problemi ingilis matearilist fəlsəfəsinin atası Frensis Bekonun (1561-1626) tədqiqatlarından da görmək olar. O, belə bir nəticəyə gəlir ki, su bitkinin əsas qidasını təşkil edir və bitki torpaqdan özünün “xüsusi cövhərini” mənimsəyir. Van Helmont (1579-1644) və Robert Boyl (1627-1691) da bitkinin su ilə qidalanması nəzəriyyəsinin tərəfdarları idilər. 1629- cu ildə Van Helmont bitkinin su ilə qidalanması təcrübəsində belə bir nəticə çıxarır ki, bitki suyun hesabına öz çəkisini 33 dəfədən çox artırır. O , sobada qurudulmuş və çəkisi 200 funt ağırlığında olan torpağı saxsı qaba töküb, onda çəkisi 5 funt ağırlığında olan söyüd budağını əkir. Qabdakı torpağı yağış və distillə suyu ilə suvarır. Beş il sonra söyüdü qabdan çıxaranda onun çəkisi 169 funt idi. Van Helmont torpağı yenədə sobada qurudur və onun çəkisi yenə 200 funt gəlirdi. Bu təcrübədən müəllif belə bir nəticə çıxarır ki, bitki suyun hesabına öz çəkisini artırır. Oxşar təcrübələri R. Boyl da təkrar qoymuş, lakin o, təcrübə üçün balqabaq bitkisindən istifadə etmişdir. ( Q.Ş. Məmmədov , A.B. Cəfərov , Z. Mustafayev , 2008 ) .
XVII əsrin ortalarında ilk dəfə olaraq alman kimyaçısı Qlauber (1604-1670) bitkinin şora ilə qidalanması nəzəriyyəsini irəli sürür. O , şoranın bitkinin məhsuldarlığının artırılmasında böyük rol oynadığını, peyinin və sümük ununun səmərəliliyini tərkibində şoranın olması ilə əlaqələndirirdi. Qlauber bu nəzəriyyəni laboratoriya şəraitində əsaslandırdığı üçün ilk dəfə olaraq torpağın tərkibindəki azotlu birləşmələrin laborator tədqiqatlarda formalaşmasının, həmçinin münbitliyi yaradan parametrlərin torpağın özündə müəyyən edilməsinin əsasını qoydu. O, ilk dəfə olaraq laboratoriya şəraitində azot turşusunu əldə etmiş və belə bir fikrə gəlmişdir ki, bu birləşmə sidik cövhəri və peyində varsa demək bitkinin də tərkibində olmalıdır.
Bitkinin qidalanması haqqında təsəvvürlərin formalaşmasında ingilis tədqiqatçıları Cetro Tulun və Frensis Homun (XVIII əsr) tədqiqatları da xüsusi rol oynayır. Tulunin nəzərincə bitkinin “əsl qidasını “ torpağın şumlanmasından alınan torpaq hissəcikləridir. Hissəcikərin miqdarının artması onun münbitliyinin yüksəlməsinə səbəb olur. F. Hom (XVIII əsr) isə bitki qidasının altı maddədən (hava, su, torpaq hissəciyi, duz, yağ və od ) ibarət olması fikrini söyləmişdi.1761-ci ildə İsveç alimi Vallerius, “əkinçiliyin kimyəvi əsasları” əsəri nəşr olunur.
Beləliklə, XVIII əsrin ikinci yarısından etibarən ilk dəfə Avropada bitkinin humus ilə qidalanması nəzəriyyəsinin formalaşmasının əsası qoyulur. Bitkinin qidalanmasında əsas rol oynayan humusun ilk tərifini də Vallerius tərəfindən verilmişdir. Valeriusa görə “humus torpağın qara rəngə boyanmış narın hissəsidir, humus nəmdən şişir (genişlənir) , quru olduqda isə toz şəklinə düşür... humus bitkinin parçalanması nəticəsində yaranır...” Velleriusun nəzəriyyəsinə görə torpaqda humusdan (çürüntüdən ) başqa digər maddələr də var, lakin, həmin maddələr “çürüntünü həll etmək “ funksiyasını yerinə yetirirlər.
Bitkinin humus ilə qidalanması nəzəriyyəsinin inkişafında Albrext Daniyel Teyerin (1752-1828) müstəsna rolu olmuşdur. Torpağın ilk təriflərindən biri də Teyer vermişdir : “ Yer səthinin yumşaq qatına torpaq deyilir. Onun əsas tərkibini, Si, humus, gil, əhəng, Mg, Fe və başqa maddələr təşkil edir. “ XIX əsrdə də bitkinin humus ilə qidalanması nəzəriyyəsinin tərəfdarlarından olan Devi (1778-1829) və Berseliusun (1779-1849) tədqiqatları əhəmiyyətli rol oynamışdır. İngilis alimi Devinin fikrincə tərkibində gil hissəcikləri çox olan torpaqlar gübrənin təsirini uzun müddət özündə saxlamaq qabiliyyətinə malikdir.