İbtidai təhsil: İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına (kurrikulumuna) əsasən həyata keçirilir. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlayır və birinci-dördüncü sinifləri əhatə edir.
Ümumi orta təhsil Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurrikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi - şəhadətnamə verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil Tam orta təhsil pilləsində şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının (kurrikulumların) tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.
Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu - on birinci sinifləri əhatə edir və bu pillədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.