Qeyri-ardıcıl (ordan-burdan) oxu. Ordan-burdan oxu sürətli oxunun elə bir növüdür ki, bu zaman mətnin ayrı-ayrı hissələri ordan-burdan oxunur. Belə oxu prosesində şagird diqqətini yalnız mətnin ona lazım olan tərəflərinin üzərində cəmləşdirir. Qeyri-ardıcıl oxu metodundan çox vaxt mətn (kitab) bir dəfə nəzərdən keçirildikdən sonra onun ikinci dəfə oxunması zamanı istifadə olunur. Təbii ki, bu cür oxunun sürəti əhəmiyyətli dərəcədə yüksəkdir, çünki mətnin (kitabın səhifələri) lazım olan hissəsi axtarılıb tapılana kimi izlənilir və həmin hissə dərinləşdirilmiş şəkildə oxunur.
Nəzərdən keçirməklə oxu. Nəzərdən keçirməklə oxu mətnlə ilkin tanışlıq üçün istifadə edilən oxunun son dərəcə mühüm üsuludur. Məsələn, məşhur rus kitab həvəskarı N.A.Rubakinin mükəmməl yiyələndiyi oxu texnikası belə təsvir olunur: “O, heyrətamiz şəkildə sürətlə oxuyurdu, daha doğrusu, kitabı, onun dəyərini müəyyənləşdirirdi. Onu əlinə götürürdü, ön sözə göz gəzdirirdi, mündəricatda müəllifin baxışları haqqında fikir yürütmək imkanı verən, nisbətən mühüm fikirləri axtarırdı, nəticəni nəzərdən keçirirdi, beləliklə, kitabın və onun məzmununun diaqnozu qoyulurdu”[47].
Çətin və maraqlı mətnləri bir neçə dəfə oxumaq təklifi ilə razılaşmaq olar. Dərsliklərin, çətin və mürəkkəb mətnlərin oxunması zamanı təkrar və dəfələrlə oxu təbiidir. Təəssüf ki, çox vaxt adi və asan mətnlərin oxunması zamanı gözlərin qayıdış hərəkətlərini müşahidə etməli oluruq. Əgər bu, mətnin hər sətrində baş verirsə, aydındır ki, belə mətn iki dəfə oxunur. Bu cür qayıdışlar, reqressiyalar ənənəvi ləng oxunun əsas nöqsanlarından biridir. Bəzən elə qayıdışlar da vardır ki, onları əsaslandırılmış hesab etmək olar. Belə ki, onlar yeni fikirlərin əmələ gəlməsi zamanı ortaya çıxır.
Qeydlər aparmaqla oxu.Bu cür oxu prosesində məqsəd şagirdlərin fəallığını artırmaq, onlar üçün vacib olan məlumat, fikir və hadisələri yadda saxlaya bilmələrinə imkan yaratmaqdır. Səsli və səssiz oxu zamanı şagirdlərdən oxunun məqsədi ilə bağlı qeydlər aparmaq tələb olunur. Şagirdlərə qeyd apardıqları zaman diqqət etməli olduqları məqamlar (mətnin növü, mövzusu və s.) haqqında məlumat verilir. Oxu bitdikdən sonra şagirdlərin qeydləri dəyərləndirilir. Səssiz oxu zamanı şagirdlər iş vərəqlərinə onlara əhəmiyyətli görünən məsələləri qeyd edirlər.