4. Gözün şaquli hərəkəti ilə oxu. Bu, ənənəvi oxu zamanı görmənin çox kiçik bir sahəsində istifadə edilir. Görmə sahəsi dedikdə mətnin bir baxış zamanı dəqiq seçilən hissəsi nəzərdə tutulur. Ənənəvi oxu zamanı görmə sahəsində ən yaxşı halda 2-3 söz qeydə alınır. Strategiyalı oxu üçün bu göstərici çox aşağı hesab olunur. Şagirdlərin görmə sahəsi genişləndikcə bir baxışda oxunacaq sözlərin də sayı artır, oxu sürətlənir. Sürətli oxu zamanı göz daha qənaətlə hərəkət edir. Yəni şaquli istiqamətdə oxu daha çox söz və ifadənin əhatə olunmasını nəzərdə tutur. Bu halda mətnin müfəssəl və keyfiyyətli mənimsənilməsi və sürətli oxusu təmin edilir.
5. Dar görüş sahəsi.Görüş sahəsi dedikdə, mətnə bir dəfə nəzər yetirməklə gözlərin qavradığı hissə başa düşülür. Ənənəvi oxuda görüş sahəsi çox dar olur. Hərf, söz, ən yaxşı halda isə iki-üç söz qavranılır. Görüş sahəsi nə qədər genişdirsə, gözün hər dayanmasında bir o qədər çox informasiya qavranılır və bu cür dayanmaların sayı azaldıqca oxunun sürəti artır. Sürətli oxumağı bacaran adam nəzərini bir dəfə saxlamaqla iki-üç sözü deyil, bütöv bir sətri, cümləni, bəzən isə abzası qavraya bilir.
6. Diqqətlilik. Diqqət oxu prosesinin katalizatorudur. Yavaş sürətlə oxuduqda diqqət digər düşüncələrə, kənara yayınır və mətnə maraq azalır. Mətnin əksər hissəsi mexaniki oxunduğu üçün mənası dərk olunmur. Belə oxucu diqqətinin yayındığını hiss edən kimi çox vaxt həmin hissəni yenidən oxumağa məcbur olur, bu da oxu sürətini azaldır. Ona görə də mətnin oxusu zamanı maksimum diqqətli olmağın vacibliyi şagirdlərə çatdırılmalıdır.
7. Panoram sürətli oxu.Bu, sürətli oxunun daha da təkmilləşdirilmiş formasıdır. Stereo cədvəllərlə xüsusi məşq texnikasından istifadə edərək şagirdin görmə sahəsi əsaslı şəkildə artırılır. Bununla “fuziya divergensiyası” adlı bir effekt, yəni gözün görmə oxlarının ayrılması prosesi baş verir. Beləliklə də, oxunun sürəti və mənimsənilmə keyfiyyəti artır.
Dərinləşdirilmiş oxu və ya hərtərəfli (dərin) oxu.Dərinləşdirilmiş oxu zamanı bütün təfərrüatlara diqqət yetirilir, oxunun təhlili və qiymətləndirilməsi həyata keçirilir. Belə oxu forması analitik, tənqidi, yaradıcı oxu da adlandırılır. Dərinləşdirilmiş oxu tədris fənlərinin öyrənilməsində ən yaxşı oxu forması hesab edilir. Dərinləşdirilmiş oxu materialı asanlıqla yadda saxlamağa imkan verir, məşğələlərdə fəallığı yüksəldir. Şagirdlər əvvəllər əldə etdikləri biliklərə əsaslanaraq mətni oxuyur, özləri üçün yeni məlumatlar əldə edir, bir sıra nəticələr çıxarırlar ki, bu da yeni materialın daha asan mənimsənilməsinə kömək edir. Bu yolla tanış olmayan, həmçinin çətin mövzuda olan mətnlər oxunur.
Seçmə oxu. Seçmə oxu mətnin məqsədli şəkildə cəld nəzərdən keçirilməsidir. Seçmə oxu mətnin olduğu səhifəyə bir anlıq nəzər yetirmək və lazımi məlumatları görə bilmək bacarığıdır. Sürətlə oxu zamanı mətndən ad, soyad, söz, fakt və s. axtarmaq ənənəvi qaydada oxuyandan iki-üç dəfə daha tez icra edilir. Görmə aparatının, xüsusilə periferik görmənin inkişafı seçmə oxunun səmərəliliyini artırır. Mətnin şəxslərə görə oxusunun isə surətlərin xarakterini açmaqda mühüm rolu vardır.