OXU DƏRSLƏRİNDƏ ƏDƏBİ TƏLƏFFÜZ VƏRDİŞLƏRİ ÜZRƏ İŞİN TƏŞKİLİ METODİKASI
Ədəbi tələffüz üzrə iş dedikdə, onun əsasında ilk növbədə nitqin səs cəhəti, səslərin düzgün tələffüzü və eşitmə vərdişlərinin aşılanması durur. Nitqin səs cəhəti (nitq səslərinin düzgün tələffüzü) və eşitmə qabiliyyəti bir-biri ilə əlaqədə olduğundan onlar üzərində iş paralel getməlidir. Nitqin səs cəhətinin və eşitmə qabiliyyətinin dörd komponenti məlumdur:
- nitq yüksəkliyinin müxtəlif diapozonlarda qavranma qabiliyyəti (fiziki eşitmə);
- nitq səslərinin dilin fonetik sistemi fonunda qəbulu (fonematik eşitmə) və tələffüz qabiliyyəti;
- nitq tembri rənginin duyulması (tembrli səsi eşitmə) və tələffüz qabiliyyəti;
- nitqin sürət və ritminin duyulması (sürətli və ritmik səsi eşitmə) və eyni cür tələffüz qabiliyyəti. Nitqin səslənməsi ilə şagirdin eşitmə analizatorunda müxtəlif səs çalarlıqlarının ayrılması baş verir, düzgün tələffüzün etalonu yaranır [40, s.8].
Bu problemi nəzəri cəhətdən prof.Ə.Əfəndizadə, ibtidai siniflərdə metodik aspektdə Ə.Məmmədov işləmişdir. Prof.Y.Kərimov isə 1969-cu ildən ədəbi tələffüz üzrə işləri ibtidai sinif dərsliklərinə gətirmişdir.
İbtidai siniflərdə oxu təlimi üzrə hər bir mövzunun tədrisi prosesində ədəbi tələffüz üzrə iş aparmaq imkanları mövcuddur. Bu imkanlardan səmərəli istifadə etmək başlıca tələb kimi müəllimin qarşısında durur.
Oxu prosesində orfoqrafiya üzrə işləri orfoepiya ilə əlaqələndirmək üçün də geniş imkanlar vardır. Oxunun tədrisində praktik yolla öyrənilmiş bir sıra tələffüz qaydaları ayrı-ayrı nitq hissələrinə aid olan söz və şəkilçilərin deyilişində özünü göstərir. Oxu prosesində aparılan orfoepik iş həm fonetika təlimində praktik yolla öyrənilmiş bir sıra tələffüz qaydaları üzrə mənimsənilən bilik və bacarıqların avtomatlaşmasına, həm də şəkilçilərin tələffüzünə aid yeni bilik və vərdişlərin qazanılmasına xidmət edir.
Ədəbi dil adi danışıq dilinə, o cümlədən, dialekt və şivələrə nisbətən daha geniş ictimai ünsiyyət vasitəsidir. Çünki danışıq dilindən (o cümlədən dialekt və şivələrdən) məişətdə istifadə edilir, ədəbi dil isə elmi ədəbiyyatın, məktəb və dövlət idarələrinin, mətbuatın dilidir. Bütün dövlət aktları, bütün elmi və bədii əsərlər ədəbi dildə yazılır. Məlumdur ki, tələffüz həmin dilin fonetik sistemi, o dildə danışanların nitq aparatının quruluşu, fəaliyyəti ilə sıx əlaqədardır.
Oxu mətnindən, şəraitdən asılı olaraq tələffüz dəyişir. Elmi məruzə, təntənəli yığıncaqda çıxış, dostluq şəraitində söhbət, ailədə və ya əmək prosesində danışıq bir-birindən fərqlənir. Uşaqların mətni oxuyarkən, dərs danışarkən, şəhərcikdə çıxış edərkən, yoldaşları və ailə üzvləri ilə söhbətində bu cəhət özünü göstərir. Ədəbi tələffüz və orfoepiya anlayışları metodik ədəbiyyatda sinonim kimi işlənir. Lakin orfoepiya konkret mənada, daha dar mənaya malik olur.
Orfoepik vərdişləri adi tələffüz vərdişləri ilə eyniləşdirmək linqvistik cəhətdən kobud səhvə aparıb çıxarır. Uşağın dil açdığı dövrdən təbii yolla formalaşan tələffüzü ilə orfoepik tələffüz arasında müəyyən eynilik və oxşarlıqla yanaşı kəskin fərqlər də mövcuddur. İstər uşağın yerli şivəyə əsaslanan tələffüzü, istərsə də orfoepik tələffüzü artikulyasiya, eşitmə vərdişi olsa da, müxtəlif əsaslara malikdir. Oxu prosesində tələffüz vərdişlərinə yiyələnmək şağirdin vahid dil normalarına yiyələnməsinə imkan verir. Bu normalar yalnız ardıcıl təlimin köməyi ilə öyrədilə bilər.
Tələffüz üzrə işlər, ümumiyyətlə, sözlərin düzgün tələffüzünün öyrənilməsini əhatə etdiyi halda, orfoepiya üzrə işlər sözlərin yazılışı ilə tələffüzü arasındakı fərqin öyrənilməsini əhatə edir.
İlk baxışda fonetik yazı asan görünür. Adama elə gəlir ki, hər hansı sözü yazmaq üçün hərfləri tanımaq, onların hansı səsləri ifadə etdiyini bilmək kifayətdir. Hətta bəzən belə düşünürlər ki, yazı prosesində sözün mənasını, qrammatik xassələrini, morfoloji hissələrini bilmək vacib deyil. Savadlı yazmaq üçün yalnız sözü eşitmək və ya düzgün tələffüz etmək kifayətdir. I sinif şagirdlərindən “pomidor” sözündə o səsinin yerində nə eşitdikləri xəbər alındıqda onlar [a] səsi eşitdiklərini bildirirlər. Lakin “budaq” sözündə b-nı p (putax) , “süd” sözündə d-nı t, “daraq” q-nı x kimi tələffüz etdiklərini hiss etmirlər.
Ümumiyyətlə, şagirdlər nitq səslərini ayrı-ayrılıqda düzgün tələffüz etdikləri halda, söz daxilində, başqa səslərlə birləşmədə heç də həmişə düzgün tələffüz edə bilmirlər. Azərbaycan dilinin tədrisində məqsəd yalnız oxumağı və yazmağı öyrətməkdən ibarət olsaydı, bəlkə də ədəbi vərdişlərin aşılanmasına, tələffüz-eşitmə vərdişlərinin dəqiqliyini gözləmək üçün səyə ehtiyac olmazdı. Çünki hər hansı bədii əsərin oxunması, həmçinin yazılı nitqə yiyələnmək ədəbi tələffüz sahəsində geniş məlumat və dəqiq vərdişlər tələb etmir. Lakin indiki dövrdə insanlar arasında ünsiyyət daha çox şifahi nitq vasitəsilə saxlanır. İndi söz böyük təsiredici və təbliğedici gücə malikdir. Danışanın fikrini dəqiq başa düşmək və öz fikrini ətrafdakılara incəliklərinə qədər çatdırmaq üçün ədəbi tələffüz normalarına yiyələnmək zəruridir.
Orfoepiya yalnız düzgün tələffüzə deyil, həm də savadlı yazıya xidmət edir. Yazı qaydalarını tələffüz vərdişlərindən təcrid olunmuş şəkildə aşılamaq olmaz, nitq səsləri yazıda hərfə dönür. Bu proses həmişə eyni getmir. Bu halda, qüvvətli mövqedə hərflər bilavasitə səslərə istinad edir. Bu halda sözlər eşidildiyi və tələffüz edildiyi kimi (fonetik prinsip üzrə) yazılır. Belə sözləri düzgün yazmaq üçün hər şeydən əvvəl düzgün tələffüz etmək lazımdır. Digər halda sözün bütün hərfləri onun səslərinə istinad edə bilmir. Onların bəziləri zəif, dəyişkən mövqedə olur. Belə hallarda lazımi hərfin yazılması üçün həmin sözün digər şəkildə, yaxud eyni köklü şəkilçili sözdə istinad edilən səsi axtarmaq lazım gəlir. Belə sözlər morfem oxşarlığına görə yazılır. Orfoqrafik eyniyyət fonetik müxtəlifliyə qarşı qoyulur. Ona görə də yazı ilə səslənməni qarşı- qarşıya qoymaq olar və yazı üçün istinadı tapmaq lazımdır. Burada orfoepiya bilavasitə orfoqrafiyaya xidmət edir: süd-südə, südü, ulduz-ulduzu və s.
Elə hallar olur ki, hərflər heç cür sözdəki səslərə istinad etmir. Bu zaman yazıya əks qoyulmuş səslənmə yoxlanmır. Bunu görmək və səslənməni yazıya əks qoymaq üçün orfoepiyaya uyğun tələffüz etmək və lüğətə baxıb düzgün yazmaq lazımdır. Məsələn: nəhayət, riayət və s.
Nitqin bütün növləri bir-biri ilə sıx əlaqədardır. Əgər sözü eşitmə ilə onun qavranması və nitq aparatı ilə yaranması, nitq yaddaşında möhkəmlənməsə, o, insan leksikonunda, daxili nitqdə əks olunmaz və yazıla bilməz. Düzgün tələffüzə yiyələnmədən düzgün fikirləşmək başqalarının fikrini başa düşmək mümkün deyil. Sözün dərin mənasını başa düşmədən düzgün fikirləşmək də çətindir.
Didaktik cəhətdən belə bir məsələ diqqqəti cəlb edir: Orfoepiya üzrə işə həsr olunmuş çalışmaların məzmunu necə olmalıdır? Bu məsələ orfoepiya üzrə işlərin mahiyyəti ilə əlaqədardır. Bəzi müəllimlər orfoepiya adı altında yalnız tələffüzün, yazının fərqləndiyi halları nəzərdə tutur, dialektizmlərə qarşı mübarizəni əhatə etmirlər.
Fikrimizcə, bunların hər birinin orfoepiya ilə sıx əlaqəsi var və həmin sahədə iş sırf orfoepik normaların başlanmasına təsir göstərir.
Bəzi müəllimlər orfoepiya təlimi üzrə işi yalnız dərslikdə orfoepik normaların öyrənilməsinə həsr olunmuş bir neçə çalışmanın yerinə yetirilməsi ilə məhdudlaşdırırlar. Belə çalışmalar isə dərslikdə yalnız fonetikanın tədrisi ilə əlaqədar verilmişdir.
Orfoepiya təlimi üzrə işin səmərəli təşkilini təmin etmək üçün bir neçə tələb gözlənilməlidir: Orfoepik normaları didaktikanın asandan çətinə prinsipi üzrə təqdim etmək: məsələn, fonetik, orfoepik normaları təqribən belə bir ardıcıllıqla vermək olar:
bu və ya digər səsin uzun, qısa tələffüz olunduğu sözlər (a:lim, mə:na, bı:çaq);
bir neçə səsin başqası ilə əvəz olunduğu sözlər (putax);
Bir səsin əlavə edildiyi və ya düşdüyü səslər (ay:lə, dostluq)
Orfoepik normalar imkan daxilində Azərbaycan dilindəki öyrənilən mövzuya öyrənilən şəkildə təqdim olunmalı, oxu materialları, digər fənlərin tədrisi, həmçinin sinifdənxaric işlərlə əlaqələndirilməlidir.
İbtidai siniflərdə orfoepik normaları bir dəfəyə öyrətmək olmaz. Şagirdlərin nəzəri hazırlığı, lüğət ehtiyatı, ümumi inkişafı buna imkan vermir. Təlimin bu mərhələsində uşaqların hazırlığına müvafiq, nitqdə çox işlənən hallarla əlaqədar qaydalar və eyni baxımdan seçilmiş sözlər öyrədilməlidir.
Çalışmalar həm şifahi, həm də yazılı olmaqla rəngarəngliyi və maraqlılığı ilə uşaqların diqqətini cəlb etməlidir. Sadə artikulyasiya qaydasının izahı, sözün fonetik təhlili, sözün tələffüzünün yazılışı ilə müqayisə edilməsi, buraxılmış orfoqramın yerinə qoyulması, qaydaya müvafiq sözlərin seçilməsi, bədii parçanın kitabdan və əzbərdən oxunması, yoldaşının tələffüzündəki nöqsana düzəlişin verilməsi və s. belə çalışmalardandır. Dərslikdəki çalışmalar müxtəlif orfoepik, orfoepik-orfoqrafik cədvəllərlə zənginləşdirilməlidir.
Yeni qaydaya aid sözlərin şagirdlərin fəal lüğətində möhkəmləndirilməsi üçün vaxtaşırı təkrar olunması və müvafiq vərdiş yarananadək davam etdirilməsi təmin olunmalıdır.
Orfoepik çalışmalar elə yerləşdirilməlidir ki, həddən artıq aludəçiliyə, şagirdlərin yüklənmələrinə, böyük fasilələrə yol verilməsin, ardıcıllıq, müntəzəmlik təmin edilsin.
Orfoepiya təlimi prosesində didaktikanın mövcud prinsip və metodlarından istifadə olunur. Şübhəsiz, orfepiyanın mənimsənilməsində əyani praktik metodlara nisbətən şifahi metod və priyomlardan daha çox istifadə edilir. Təcrübə göstərir ki, bu prosesdə bu və ya digər metoda üstünlük vermək, işə ancaq zərər yetirə bilər. Təlim metodlarından kompleks şəkildə istifadə olunması orfoepik bilik, bacarıq və vərdişlərin möhkəm və şüurlu mənimsənilməsini təmin edir.
Ədəbi tələfüz normaları yüzlərlədir. Bu normalar şagirdlərin yaş və bilik səviyyələrinə müvafiq olsa belə, hamısını onlara öyrətmək mümkün deyil. Deməli, artıq dilçilikdə işlənmiş orfoepik normalardan ibtidai sinif şagirdlərinə verilməsi nəzərdə tutulan normaları seçib müəyyənləşdirmək lazımdır.
İbtidai siniflər üçün orfoepik normaların məzmununu müəyyənləşdirərkən aşağıdakı şərtlərə riayət etmək lazımdır.
Orfoepik norma tələffüzcə şagirdlərin mənimsəmələri baxımından çətin olmasın;
Orfoepik norma çətin transkripsiya tələb etməsin və onu dərslikdə işlətmək mümkün olsun;
Orfoepik norma şagirdlərin nitqində işlənmə tezliyinə görə xarakterik olsun;
Hər bir qayda ibtidai siniflərdə qrammatik orfoqrafik qayda ilə əlaqədar olsun, həm də orfoqrafiya təlimi vəzifələri nəzərə alınsın.
İbtidai siniflərdə ədəbi tələffüz qaydaları öyrədilərkən, əsasən saitlərin tələffüzü üzərində dayanmaq mümkündür. İbtidai siniflərdə hansı qaydalar üzrə məlumatın verilməsi də konkret şəkildə işlənməyib və bu xüsusi tədqiqat tələb edir. Rəngarəng orfoepik normalar içərisində şagirdlərin gücünə, bilik səviyyəsinə uyğun olan normalar içərisində şagirdlərin gücünə, bilik səviyyəsinə uyğun olan normalar seçməkdə müəllimlərə praktik kömək məqsədilə aşağıdakı ibtidai siniflər üçün ədəbi tələffüz normalarının məzmunu təqdim edilir.
I.Saitlərin tələffüzü. Sözlərdə bəzi saitlərin uzun tələffüz olunması (alim, kitab, məsum, mənəvi, natamam).
A saiti. A saiti aşağıdakı qismdən olan sözlərdə bir qədər uzun (a:) tələffüz edilir;
İkinci və üçüncü hecada incə saitlər, xüsusilə, a, e, i gələrsə, əvvəlki hecada a bir qədər uzun tələffüz olunur. Belə sözlər, əsasən, ahəng qanununa tabe olmayan ərəb və fars mənşəli olur: ka: tib, Ra: hib, ta: cir, a: həng,Va: qif, Ma: hir, A: lim, sa: kit, sa: hil, Qa: bil, muha: ribə və s.
ərəb və fars dillərindən alınma sözlərin bəzisində ilk hecadakı a saiti azca uzun tələffüz olunmalıdır: na: mus, a: ram, da: va, na: dinə, qa: nun və s.
ədəbi dildə qoşa a ilə yazılan sözlərdə sa: t, ma:ş, cama:t, ma:rif, inşa:t və s.
Bəzi hallarda a saiti qısa tələffüz olunmalıdır: a saiti ilə düzələn cüt hecaların səslərin ilk qapalı hecasındakı vurğusuz a azacıq qısa tələffüz olunur: qa:rdaş, xa:la, ma:ral və s.
O saiti.
dilimizə rus dili vasitəsilə keçən bir sıra sözlərdə o saiti a ilə əvəz olunur. Məsəslən, komandir, motor və s.
Ö saiti.
İlk hecası öv səslərindən ibarət olan, ikinci hecası isə incə saitlərdən biri ilə (xüs. ö ilə) formalaşan ərəb dilindən alınma sözlərdə ö saiti azacıq uzun ö: ü çalarlığında tələffüz olunmalıdır: nö:vbə, tö:vbə, dö:vran, ö:vlad, lö:vhə, kö:vşər...
Ə saiti.
Ərəb dilindən alınma bir sıra sözlərdə ə saiti azaldılaraq tələffüz olunmalıdır: mə:na, ə:la, də:vət və s.
E saiti.
Bir neçə alınma sözün ikinci hecasındakı vurğusuz e səsi çox qısa halda tələffüz olunur, doğrusu, demək olar ki, tələffüz olunmur: tel:fon (telefon), tel:qraf (teleqraf) və s. Televizor sözündə isə e saiti i çalarlığında tələffüz olunur: teli:vizor.
ərəb dilindən alınma bəzi sözlərdə e saiti uzadılaraq tələffüz olunur: e:lan, e:tibar, ne:mət və s.
İ saiti.
Aşağıdakı hecalarda i saiti azacıq uzun tələffüz olunur:
dilimizə fars dilindən keçən bi şəkilçisi ilə düzələn sözlərdə həmin şəkilçidəki i saiti: bi:çarə, bi:savad və s.
bəzi alınma sözlərdə si:ma, şi:və, Nəsi:mi, Sə:li:mə, Fəri:də və s.
Bəzi alınma sözlərin son hecasındakı vurğulu qalın sait olarsa, ondan əvvəlki hecada i saiti qısa tələffüz olunur: ki:tab, xi:tab, si:fət, di:lək, bi:dək, xi:yar, xi:zək, inqi:lab və s.
İ saiti
İ saiti bəzi sözlərin ilk hecasındakı çox qısa tələffüz olunur: qı:sa, bı:çaq,sı:ra və s.
U saiti
Aşağıdakı hallarda u saiti azacıq uzun tələffüz olunur:
ərəb və fars dilindən alınmış bəzi sözlərdə incə saitlə formalaşan hecalardan əvvəlki hecada: nümu:nə, ümu:mi, Şüku:fə və s.
bəzi alınma sözlərdə: gu:şə, su:rət, Mu:nis, Tu:rə, Su:rə və s.
Sözün başında olan vurğusuz u ikinci hecadakı vurğulu qalın saitin təsiri ilə azacıq qısa tələffüz olunur: u*zun,u*dum,u*ca,u*zaq,u*tan və s.
Ü saiti.Aşağıdakı hallarda ü saiti qısa tələffüz olunmalıdır:
ilk hecası ü saiti olan sözlərdə:
ü*züm,ü*rək, ü*tü, ü*zük və s.
bəzi sözlərin ilk hecasında: Sü*sən,sü*mük, bü*töv, bü*tün, şü*şə, tü*tək, cü*cə, kü*çə və s.
Tərkibindəki aa sait qoşalığının olduğu sözlərdə həmin qoşa saitlər bir uzun a kimi tələffüz olunmalıdır: bədi*yi (bədii), təbi*yi (təbii).
Dilimizdə müxtəlif saitlərin qoşalığı daha çoxdur.
Tərkibindəki ai qoşalığı olan sözlər tələffüz olunarkən saitlərin arasında y samiti əlavə edilir. Bu zaman a uzun, i isə qısa deyilir: da:yi*rə, sa:yi*t, Na: yi*lə, şa:yi*rə və s.
Tərkibində aə sait qoşalığı olan sözlərdə qoşa saitlərin birincisi azacıq uzun, ikincisi azacıq qısa tələffüz olunmalıdır: qira:y*ət, qəna:y*ət, ita:y*ət və s.
Tərkibində əi sait qoşalığı olan sözlər tələffüz edilərkən saitlərin arasına y samiti artırılır: zəyif (zəif) , məyişət (məişət) , Səyid (Səid) və s.
Tərkibində ea sait qoşalığı olan sözlərdə həmin səslər qısa i ilə i-ya çalarlığında tələffüz olunmalıdır: ti:yatr, ri:yaktiv və s.
Tərkibində ya sait qoşalığı olan sözlərdə a saiti qısa u çalarlığında tələffüz olunur: mu*a:licə (mualicə) , mu*a:yinə (müayinə) , mu*a:vin (müavin) və s.
II. Samitlərin tələffüzü.
cingiltili samitlərin karlaşaraq tələffüz olunması(avtobus, avtomat, yeddi,).
kar samitin cingiltili çalarlıqda tələffüz olunması(taxta, usta, xəstə, isti, hətta).
samitlərin əvəzlənərək tələffüz olunması(əcdad- ə[j]dad, sünbül- sü[m]bül, zənbil- zə[m]bil, əgər-ə[y]ər) və s. [1, 20-21].
“Azərbaycan dili”(I-IV siniflər) dərsliyindəki mətnlərin oxusu prosesində müəllim yeri gəldikcə yazılışı və tələffüzü fərqlənən sözlər üzərində xüsusi iş aparmalıdır. Belə ki, hər bir mətnin oxusu zamanı müəllim orfoqrafik-orfoepik cəhətdən şagirdlər üçün çətinlik törədən sözləri seçir, dərsdə həmin sözlərin düzgün tələffüzü üzrə məşq-təmrinlər, çalışmalar və s. üzrə iş aparılır. Müəllim oxu dərslərində ədəbi tələffüz vərdişləri üzrə aparılacaq işin yerini düzgün müəyyənləşdirməyi bacarmalıdır. Oxu prosesində sözlərə qoşulan şəkilçilərlə bağlı söz sonunda və həmçinin şəkilçilərin tələffüzündə bir sıra fonetik dəyişikliklər baş verir ki, oradan da morfologiya ilə bağlı orfoepik normalar əmələ gəlir, məsələn, a, ə saiti ilə bitən feillərə, isimlərə(yönlük halda) saitlə başlanan şəkilçi artırıldıqda söz sonundakı həmin açıq saitlər qapalı saitlərlə (ı, i, u, ü) əvəz olunaraq tələffüz olunur: başlayıram -başl[ı]yıram, başlayırsan-başl[ı]yırsan, başlayır-başl[ı]yır və s.
Ədəbi tələffüz Azərbaycan dilinin digər bölmələrinə nisbətən fonetika ilə sıx bağlıdır. Bu bölmədə sait və samit səslərin tələffüz qaydaları öyrədilir. İbtidai sinflərdə qrammatika deyil, bütövlükdə Azərbaycan dili tədris olunur. Bu, dil dərslərində onun çoxcəhətli sahələrini əhatə etmək vəzifəsini irəli sürür. Odur ki, dil dərslərində qrammatika, orfoqrafiya, orfoepiya, leksika və s. arasında sıx əlaqə yaranır.
İbtidai siniflərdə oxu təliminin qarşısında duran mühüm vəzifələrdən biri də şagirdlərə düzgün orfoepik vərdişlər aşılamaq, onların şifahi nitq bacarıqlarını inkişaf etdirməkdir. İbtidai sinif müəllimi bu vəzifənin yerinə yetirilməsi üçün həm didaktikanın müəyyən etdiyi metodik yollardan, həm də fəal təlim priyomlarından istifadə etməlidir. O, şagirdlərdə oxu mətnlərinin tədrisi ilə əlaqəli düzgün orfoepik vərdişlər yaratmaq üçün Azərbaycan dili orfoepiyasının prinsiplərini dərindən bilməli, digər tərəfdən isə oxu dərslərində orfoepiyaya aid bilik, bacarıq və vərdişlərin verilməsinə nail olmaq üçün əyani vəsaitdən, tapşırıqlardan və interaktiv təlim üsullarından istifadəyə fikir verməlidir. Bunları aşağıdakı kimi göstərmək olar:
1. Bədii və elmi-kütləvi mətnlərin oxusu.
2. Ədəbi tələffüz üzrə cədvəllər.
3. Orfoepik çalışmalar.
4. İKT-dən istifadə.
Təkcə oxu mətnləri, epizodik çalışmaların köməyi ilə sözlərin düzgün tələffüzünü öyrətmək çətindir. Belə bir vəziyyətdə məktəbli yalnız yaddaşa, tək-tək sözlərin yadda saxlanılmasına istinad etməli olur. Halbuki ibtidai siniflərdə oxu prosesində orfoepiya üzrə iş aparmaq imkanları genişdir. Orfoepiyanın oxu ilə əlaqəli öyrədilməsi hər bir oxu mətni üzrə orfoepik materialı ümumiləşdirir, ondan ən mühüm faktları götürür, sonra isə düşünülmüş surətdə yüzlərlə mətnə tətbiq etmək imkanı yaradır. Məhz buna görə də ibtidai siniflərdə oxu təlimi ilə yanaşı, ədəbi tələffüz normaları üzrə sadə nəzəri məlumatların verilməsi, orfoqrafiya ilə orfoepiyanın əlaqəli öyrədilməsi zəruridir. İbtidai sinif “Azərbaycan dili” dərsliklərində oxu təliminə xidmət edən, çox işlənən tələffüz normaları haqqında qaydalar vermək faydalı olardı.
Orfoepiya üzrə ilkin anlayış, bacarıq və vərdişlərin yaranması üzrə çalışmalar fonetik, xarakter daşıyır. Bu, hər şeydən əvvəl, təlimin ilkin mərhələsinin savad təlimindən ibarət olması fonetik anlayışların əsasən, I sinifdə verilməsi ilə əlaqədardır.
Savad təliminin ilk mərhələsi olan əlifba təliminə hazırlıq dövründə uşaqların tələffüz vərdişlərinin təhlili göstərdi ki, onların tələffüz nöqsanları, nitq səslərinin eşitmə qabiliyyətinin zəifliyi ilə bağlıdır. Nitq fəaliyyəti üçün eşitmə, tələffüzetmə vərdişləri və onun başlıca müxtəlifliklərinin mənimsənilməsinin əhəmiyyəti böyükdür.
Bəzən şagirdlər eyni səsin müxtəlif şəraitdə necə səsləndiyini fərqləndirə bilmirlər. Hər bir samit özündən əvvəl və sonra gələn səsdən asılı olaraq müxtəlif cür səslənir: məsələn, araba, armud sözlərində r samiti qalın, tərəzi, mərkəz sözlərində isə incə tələffüz olunur. Yaxud az sözünə nisbətən öz sözündə z samiti c samitinə daha çox yaxındır. Bəzən səsin hansı məxrəcdə tələffüz olunduğunu dəqiq müəyyənləşdirmək uşaq üçün çox çətin olur: Məsələn, ağac sözündəki c səsini həm c, həm s, həm də j kimi eşitmək mümkündür.
Əlifba təlimi dövründə orfoepik vərdişlərin aşılanması baxımından ən mühüm məsələlərdən biri səslərin düzgün tələffüz məxrəcinin öyrədilməsidir: Bu və ya digər səsin tələffüz məxrəcinin başa salınması onu tələffüz edərkən dodaqların və dilin vəziyyətinin göstərilməsi zəruridir: Məsələn, m, b səslərinin tələffüz etməzdən əvvəl dodaqlar bitişdirilir, səsi buraxarkən onlar aralanır. A, ə, e səslərini tələffüz edərkən ağız geniş açılır, o, u, ö, ü səsləri tələffüz edərkən dodaqlar boru şəklində qabağa uzadılır. Bu cəhətlərlə əlaqədar sadə izahatlar və ilkin yanaşılmalar uşaqların səsləri düzgün tələffüz edəcəklərinə zəmanət verir. Bunun üçün uzun müddət rəngarəng təmrinlər aparmaq lazımdır. Bu təmrinlər o qədər davam etdirilməlidir ki, şagirdlər tərkibində öyrədilən səsin olduğu sözləri avtomatik şəkildə düzgün tələffüz edə bilsinlər. Savad təlimindən sonrakı dövrdə verilmiş mətnlərin oxu prosesində ədəbi tələffüz normalarının mənimsənilməsi imkanları daha da artır. Şagirdlər səs və hərflə tanış olarkən onları tutuşdurur, oxşar və fərqli cəhətlərini müəyyənləşdirir. Hərflə və səsin fərqi ilə tanışlıq şagirdlərin tələffüzdə orfoqrafiyaya istinad etməyin mümkün olmadığını başa düşmələrinə kömək edir. Onlar öyrənirlər ki, bəzən hərflər səsləri eynilə ifadə etmir. Belə hallarda özləri artıq müəyyən səs olmadan tələffüz etməyə alışırlar: dostluq, güzəşt, (t-sız və s.). Onlar bilirlər ki, çox hallarda sözlər, tələffüz edilərkən müəyyən səs artırılır: ayilə, Nayilə və s. Nəhayət, onlar öyrənirlər ki, bəzən səslərdə hərf bir, səs başqa olur, bəzən isə eyni səs müxtəlif hərflərlə ifadə olunur: ağac-ağaş, qaraj-qaraş. Bir sözlə uşaqlar öyrənirlər ki, sözləri deyildiyi kimi yazmaq, yazıldığı kimi tələffüz etmək, oxumaq olmaz. Tələffüz bir çox hallarda orfoqrafiyadan fərqlənir. Yerli şivə şəraitində səslərin tələffüzü xüsusi diqqət tələb edir.
Azərbaycan dilində söz sonunda cingiltili samitlər bir qədər karlaşır. Bəzən karlaşma o qədər də hiss olunmur. Söz ortasında cingiltili və kar samitlərin assimilyasiyası(samitin əvvəlki samitə bənzəməsi) mühüm yer tutur. Birinci sinifdən etibarən şagirdlər vurğu haqqında sadə məlumata yiyələnə bilirlər. Onlar vurğunun dəyişməsi ilə sözlərin mənasının necə dəyişməsi üzərində müşahidə aparırlar: alma, gəlmə, yazma, toxuma, vurma, süzmə, qırma, yazma və s. sözlərin hər birini isim və fel kimi cümlə içərisində işlətməklə yaz, gül, aş, qaz, at, yay, çal, süz və s. sözlərin cümlədə vurğusuz və vurğu ilə işlətməklə bunu bir daha yəqin edirlər, belə praktik vərdişlər tələffüzü qaydaya salır, oxunun aşılanmasını xeyli asanlaşdırır. Dilimizdə elə səslər var ki, tərkibindəki hərflərlə səslənməsinə görə çox yaxın, mənaca fərqlidir: qəlib-qəlb, süqut-sükut, əsir-əsr, eskalator-ekskavator, sürfə-süfrə, səfa-şəfa, müayinə-müalicə, əksi-əski, ahəng-əhəng və s. Oxu təlimi prosesində şagirdlərdə sözə həssas münasibət yaradılmadıqda onlar sözlərin səs-hərf tərkibini mükəmməl bilmir, sözlərə səs əlavə edir, bir səsi digəri ilə əvəz edir, bu və ya digər səsi buraxır, beləliklə də, təhrifə yol verirlər. Buna görə də oxu mətnlərindəki bu cür səslər və sözlərlə əlaqədar leksik çalışmaların aparılması şagirdlərin lüğətindəki yeni sözlərin mənalarının dəqiqləşdirlməsi hesabına genişləndirməyə imkan verir.
II sinifdə “Ahəng qanunu” mövzusu tədris edilərkən ədəbi tələffüz və oxu üzrə işin aparılması üçün daha geniş imkanlar açılır. Şagirdlər sözləri ahəng qanununa uyğun şəkildə tələffüz etməyi öyrənirlər. Lakin yerli şivə şəraitində qarşıya müəyyən çətinlik çıxır: məsələn, Qərb şivələri şəraitində ahəng qanununa əməl etməyə alışan uşaqların nitqində tarıx, aşıx, Samaya, Usuf, novatçı, xatır, xayiş, bafa, xoşvaxt, baravar və s. kimi xüsusiyyətləri aradan qaldırmaq mümkün olmur.
“Ahəng qanunu” mövzusunun tədrisi prosesində çətinliyin artması dilimizə xas olan həmin qanunun öyrədilməsi ilə bir çox sözlərin, xüsusilə, alınma sözlərin tələffüz və yazılışı arasında fərqin olmasıdır. Ahəng qanununa əsasən, hətta onu öyrənənədək şagirdlər praktik yolla sözlərdə qalın və incə sözlərin bir-birini izlədiyini öyrənir və buna əməl edirlər. Onlar hətta dodaq ahəngi(qoruqçu, quzunun, üzümçülük), damaq ahəngi(qapıçı, araba, əlcək, çiçək) haqqında da müəyyən məlumata malik olur, tərkibində eyni saitin işləndiyi sözləri düzəltmək üzrə didaktik oyun keçirirlər. Ona görə də şagirdlərdə belə bir fikir yaranır ki, elə sözlərin hamısı bu qanuna tabe olmalıdır. Onların tələffüz orqanları da uşaqlıqdan məhz belə bir ahəngdarlığa alışır.
Nitq səslərinin düzgün tələffüzünün öyrədilməsi üzrə planlı, məqsədyönlü işin təşkili uşaqlarda düzgün oxu vərdişlərinin yaranmasını təmin edir. Hər dəfə rast gələn nöqsanlara düzəlişin verilməsi ilə kifayətlənən müəllimlərin siniflərində isə nöqsanlar uzun müddət davam edir və getdikcə mürəkkəb şəkil alır. Ona görə də nitq səslərinin tələffüzünə xüsusi məşğələlər həsr etmək və bu məşğələlərlə ana dili üzrə digər məşğələləri və sinifdənxaric fəaliyyəti əlaqələndirmək vacibdir. Oxu təlimi zamanı işdə iki metoddan - bilavasitə, imitativ (yamsılama), artikulyar - akustik (fonetik) metoddan istifadə edilir. Birinci metod üzrə iş prosesində uşaqlardan müəllimin nümunəsi əsasında eşitdiyi sözləri (asta, usta, isti, stol, stul, traktor, kənd və s.) qavramaq və tələffüz orqanlarının köməyilə onları yenidən hasil etmək tələb olunur. Bu zaman müəllimin rolu şagirdlərin diqqətini sözlərin tələffüzünə, onların necə səslənməsinə cəlb etməkdən ibarət olur.
Yaşlılara nisbətən uşaqlarda tələffüzü yamsılamaq meyli daha güclüdür. Yamsılama prosesində şagirdlər hər hansı sözün nə üçün məhz belə tələffüz olunması üzərində düşünmür, bunu ənənəyə görə tələffüz edir və doğruluğuna əmin olurlar. Şüursuz yamsılama tədricən uşaqlarda dilə həssaslıq yaradır. Bununla belə uşaqları əbədilik yamsılama və çoxlu təkrarların köməyilə bütün səslərin düzgün tələffüzünü öyrənmək mümkün deyil. Bir çox hallarda artikulyasiya qaydalarını sadə yolla izah etmək, akustik təəssüratı təhlil etməklə (fonetik metodun köməyi ilə) səhvləri azaltmaq mümkündür.
Oxu və tələffüzün öyrənilməsi səslərin akustik effektinin fəal təlim metodları əsasında mənimsənilməsini tələb edir. Hər hansı çətin səsin tələffüzü üçün zəruri olan nitq orqanlarının hərəkətini dəqiq izah etməklə daha tez məqsədə nail olmaq mümkündür. Bir çox hallarda şagirdlərə öz nöqsanını başa salmaq və onları həmin nöqsanlara qarşı fəal mübarizəyə qaldırmaq lazımdır. Dərs ilinin ortalarında I sinif şagirdlərinin əksəriyyəti öz nitqini təhlil obyekti edə bilmir. Onun fonetik xüsusiyyətlərini şüurlu öyrənmirlər. Bu isə onların səsləri tələffüzetmə vərdişlərinin formalaşmasına və oxuya mənfi təsir göstərir.
Praktik çalışmalar şagirdləri orfoepik normaları mənimsəməyə hazırlayır: dəvə-dəfə sözlərini fərqləndirə bilən və hər hansı bir səsin ona bənzər səslə əvəzlənməsi nəticəsində mənanın dəyişməsini başa düşən şagirdlər sonralar avtomat-aftomat, avtobus-aftobus şəklində tələffüzü fərqləndirməkdə çətinlik çəkmirlər.
Şagirdlər bıçaq, qısa, qırov, sıfır, qıfıl, sırğa, fırça, pişik, və s. kimi onlarla sözdə birinci hecasındakı saiti tələffüz etmirlər. Ona görə də cədvəllərdə həmin saitləri qırmızı rənglə vermək, yaxud onların şəkillərini göstərib adlarını yazmaq məsləhət görülür.
Səs düzümü ilə əlaqədar cədvəldə tələffüz olunmayan saiti mötərizədə vermək məsləhətdir: artis (t), avqus (t), dos (t) , dəs(t). Bununla əlaqədar belə bir çalışma da faydalıdır: “Oxuyun, sözlərdə nöqtələrin yerinə hərf əlavə etmək lazımdırmı? Lazımdırsa, izah edin.
Səlis .., dos..luq, xahiş.., mətbəx.., düzəş.., dəs.., ..stansiya”.
Bir çox hallarda müqayisə və tutuşdurmalardan da geniş istifadə olunur. Adətən, müəllimlərin böyük əksəriyyəti belə tutuşdurmalardan qaçır, şagirdlərin oxşar halları qarışdıra biləcəklərini güman edirlər. Onlar bir orfoepik qaydanı öyrədib möhkəmləndirdikdən sonra digərinə başlanmağı məqsədə müvafiq hesab edirlər, lakin belə iş metodu vaxtın itməsinə səbəb ola bilər. Odur ki, hər zaman işə kompleks yanaşma, eyni zamanda inteqrativ şəkildə məlumatların əlaqələndirilməsi labüddür.
Ədəbi tələffüz normalarına yiyələnmə şagirdlərin dilə yiyələnmələrini, Azərbaycan dili üzrə proqram materiallarının mənimsənilməsini, ümumiyyətlə, təlimin keyfiyyətinin yüksəlməsini təmin edir. Məhz buna görə də şagirdlərin ədəbi tələffüz vərdişlərinə yiyələnmələri ibtidai siniflərdə Azərbaycan dilinin tədrisi qarşısında duran ən mühüm vəzifələrdən biri hesab olunur. Deməli, hər bir oxu mətni üzrə iş apararkən müvafiq leksik iş aparılır, ədəbi tələffüz, orfoepiya üzrə vəzifələr öz həllini tapır.
Oxu dərslərində, demək olar ki, hər bir mövzunun tədrisində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üçün imkanlar mövcuddur.
Dostları ilə paylaş: |