Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


BƏDİİ MƏTNLƏRİN OXUSUNDA ƏDƏBİ TƏLƏFFÜZ VƏRDİŞLƏRİ ÜZRƏ İŞİN TEXNOLOGİYASI



Yüklə 0,51 Mb.
səhifə78/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   74   75   76   77   78   79   80   81   ...   97
Oxu təliminin metodikası 18.03.23

BƏDİİ MƏTNLƏRİN OXUSUNDA ƏDƏBİ TƏLƏFFÜZ VƏRDİŞLƏRİ ÜZRƏ İŞİN TEXNOLOGİYASI
İbtidai siniflərdə Azərbaycan dilinin məqsədi şagirdlərə oxu və yazını öyrətməklə yanaşı, oxuduqları və dinlədiklərinə münasibət bildirmək, dilimiz, tariximiz, mədəniy­yətimiz, adət-ənənələrimiz haqqında məlumat əldə etmək bacarığı vermək, onların nit­qini inkişaf etdirməkdir. Azərbaycan dili təliminin başlıca məqsədi gözəl nitqlə danışmaq, özünü təqdimetmə bacarığı və s. formalaşdırmaqdır.
Bu baxımdan I-IV sinif “Azərbaycan dili” dərsliklərində diqqəti çəkən uğurlu cəhətlər çoxdur. Dərslikdə öz əksini tapmış oxu materialları, araşdırma, müzakirə, yaradıcı iş kimi tapşırıqlar şagirdləri düşündürmək, fəallığa sövq etmək, müqayisə edib nəticə çıxarmaq, münasibət bildirmək baxımından çox diqqətəlayiqdir. Aydındır ki, bədii əsərlərin məzmununun öyrənilməsində ifadəli oxunun əhəmiyyəti böyükdür. Xüsusən ifadəli oxu bacarığının formalaşdırılması şagirdlərə ədəbi tələffüz normalarına uyğun düzgün danışmağı öyrətmək üçün, onları yaxşı oxumağa alışdırmaq üçün faydalıdır. İfadəli oxu zamanı düzgün tələffüzə və diksiyaya ayrıca əhəmiyyət verilməlidir. Mətn üzərində iş gedərkən tələffüzü yazılışından fərqlənən sözlər seçilib şagirdlərin diqqətinə çatdırılmalı, məntiqi vurğulu sözlər müəyyənləşdirilməlidir.
İfadəli oxunun mahiyyəti ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi ilə sıx bağlıdır. Bədii oxu şagirdlərdə bədii ədəbiyyata, ədəbi dilə daha artıq məhəbbət oyadır və səsdən düzgün istifadə etmək, tələffüzü inkişaf etdirmək yollarını öyrədir. Təsadüfi deyildir ki, ifadəli oxu Azərbaycan dili fənn kurikulumunda standart kimi göstərilmişdir[46].
Bədii əsərlər janr etibarilə müxtəlifdir. İbtidai siniflərdə oxu təlimi prosesində müxtəlif ədəbi janrlardan istifadə edilir. Şagirdləri ifadəli oxuya, ədəbi tələffüz qaydalarına alışdırmaq üçün bədii mətnlərin(hekayə, təmsil, nağıl, şeir və s.) rolu böyükdür. Bədii mətnlər həmçinin dilimizin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməklə şagirdlərin nitqini lazımi söz və ifadələrlə zənginləşdirir. Bədii əsərlər üç növdə olur: epik, lirik, dramatik. Oxu dərslərində yeddilik, səkkizlik, beşlik, dördlük şeir formalarına tez-tez rast gəlmək olur. Nəzmlə yazılmış mətnlər bəndlərdən, bəndlər isə misralardan ibarət olur. Bəndlər də abzas kimi bitişmiş fikri ifadə edir. Nəsrlə olan mətnlər abzaslara bölünür. Hər bir abzas yeni sətirdən başlanır və orada müəyyən fikir və ya hadisə təsvir olunur.
Hekayənin oxunması. Hekayədə hadisələr müəyyən xətt üzrə ardıcıllıqla izlənilir. Müəllim çalışmalıdır ki, şagirdlər hekayədəki hadisənin baş verdiyi şəraiti, qəhrəmanları aydın təsəvvür etsinlər. Şagirdlərin hekayənin məzmununu dərk etməsində, əsərdə iştirak edən şəxslərin xüsusilə qəhrəmanların xarakterik əlamətlərini müəyyənləşdirməsində oxu zamanı ədəbi tələffüz qaydalarına əməl olunması səviyyəsindən asılıdır. İfadəli oxu əsərin ideyasının, məzmununun açılmasında mühüm rol oynayır.
Nağılların oxunması. Nağıllar quruluşuna görə hekayəyə yaxındır. Nağıllarda hekayədə olduğu kimi fabula, ideya həyata uyğun gəlməyən fantastik hadisələr, əşyalar vardır. Nağılda başlanğıc və sonluq təkrar olunur. Nağılların ifadəli oxusu şagirdlərin ədəbi tələffüz vərdişlərini və təxəyyülünü inkişaf etdirir. Nağıllarda hadisələr əyləncəli şəkildə kompozisiya və parlaq obrazlarla verilir. Nağılların dili sadə, zəngin və obrazlı ifadələrlə verilir ki, bu da şagirdlərin nitqini inkişaf etdirir.
Təmsillərin oxunması. Uşaqları maraqlandıran janrlardan biri də təmsillərdir. Təmsilin əsasında alleqoriya durur. Təmsil yazanlar heyvan, quş, həşərat, bitki və başqa əşyaların obrazlarında insanların tipik xüsusiyyətlərinə gülür, öyüd, nəsihət verirlər. Təmsildə hadisələr yığcam, fabula dinamik, əxlaqi nəticə ironik şəkildə verilir.
Şeirlərin oxunması. Şeirlərin öyrənilməsi şagirdlərin hafizəsini möhkəmləndirir, ədəbi tələffüz vərdişlərini, nitqini inkişaf etdirir, dünyagörüşünü gücləndirir, estetik zövqünü artırır.
Habelə ifadəli oxu işinə birinci növbədə nəzm əsərlərindən başlamaq lazımdır. Nəzmdə qafiyələr, bölgülər, misralar, bəndlər müəyyən bir sistem və qanuna tabe olduğu üçün çox zaman şeirdə vəzn, qafiyə, ahəng özü şagirdə kömək edir, daha səlis oxumasına, ritmə düşməsinə yol göstərir. Buna misal olaraq bir bayatıya nəzər salaq:
Ə-zi-zim, //və-tən yax-şı,
Gey-mə-yə //kə-tan yax-şı.
Gəz-mə-yə //qə-rib öl-kə,
Öl-mə-yə // və-tən yax–şı.
Bu bayatıda hər misrada 3 hecadan sonra fasilə verilir, sonra digər 4 heca söylənilir.
Digər tərəfdən şifahi nitqin ədəbi tələffüz normalarına cavab verməsi üçün səslərin, sözlərin orfoepik qaydalara uyğun tələffüzü labüddür. İbtidai siniflərdə şeirlərin oxusu ilə bağlı dərslərin müşahidəsi zamanı məlum olur ki, heç də müəllimlərin hamısı tələffüzün düzgünlüyünü nəzarət etmir.
Məsələn, şeirlərin oxusu zamanı ədəbi tələffüzün: orfoepiya və intonasiyanın necə gözlənilməsini A.Səhhətin “Yaz günləri” şeiri ilə diqqətə çatdırmaq olar:
Gəl, gəl, a yaz [günnəri],
İlin əziz [günnəri].
Dağda ərit [qarrarı],
Bağda ərit [qarrarı],
Çaylar [daşıp] sel olsun,
Taxıllar tel-tel olsun.
[Ağajdar] [aşsın] [çiçəx/]
Yarpağı [ləçəy], [ləçəy]. (A.Səhhət)
Göründüyü kimi, bu mətndə 26 sözdən 10-u orfoqram təşkil edən sözlərdir. Belə ki, onlardan 4-ü sonu n, r, c səsləri ilə bitən sözlərə -lar2 şəkilçisi artırılanda, səs uyuşması (assimlyasiya) hadisəsi baş verməli olan normadır. Eyni zamanda sonu ç ilə bitən sözlərə -sin şəkilçisi artırılanda baş verən ədəbi tələffüz hətta sonu x ilə bitən sözlərin düzgün tələffüzü vərdişə çevrilməlidir.
Oxu dərslərinin ədəbi tələffüzlə əlaqələndirilməsi hər bir mövzu­nun tədrisində mümkündür. Məsələn, tapmacaları düzgün tələffüzlə oxuyun.
1. Bir sürü atlar, Bir sürü at[d]ar,
Çəməndə otlar, Çəməndə ot[d]ar,
Vaxtı gələndə, Vaxtı gələndə,
Dərisi çatlar. Dərisi çat[d]ar. (pambıq)
2. Bir bölük atlar, Bir bölük at[d]ar,
Meşədə otlar, Meşədə ot[d]ar.
Gün dəyən kimi, Gün dəyən kimi,
Sağrısı çatlar. Sağrısı çat[d]ar. (göbələk) 3.Qara quşu quyruğundan asarlar,
Ələ alıb düz qazana basarlar.
Qara quşu quyruğundan asar[r]ar,
Ələ alıb düz qazana basar[r]ar. (çömçə)
Bu zaman həmçinin müvafiq tapşırıqlardan da istifadə etmək olar. Məsələn:
1.Verilmiş sözləri cəmdə işlədin və düzgün tələffüzlə oxuyun. Tələffüz qaydasını izah edin.
Qız, at, nar, qar, ot, ət, it, ağac.
2.Tələffüzü ilə yazılışı fərqlənən sözlərin altından xətt çəkin. Qanad, kitab, ağac, almaz, həftə, ürək, çiçək, hörümçək, müəllim, sinif, pəncərə, üfüq.
3.Hansı sözlərə cəm şəkilçisi artıranda şəkilçi tələffüzdə dəyişir? Yol, nal, tar, şan, qaz, gün, qardaş, şəhər, dil, gül və s.
Nəsrin oxunması nəzmin oxunmasından çətindir. Nəzm üzərində müəyyən vərdiş əmələ gəldikdən sonra, şagirdlərə nəsr əsərlərini ifadəli oxutmaq işinə başlamaq olar. Qeyd olunduğu kimi, oxunun ən mühüm keyfiyyətlərindən biri onun ifadəliliyidir. Oxunun ifadəliliyi həm anlamanın dərinləşdirilməsi, həm də emosiyanın, təxəyyülün inkişafı, estetik zövqün tərbiyəsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Bədii oxu əsərdə olan bir çox incə, gözəgörünməz cəhətləri açır. İfadəli oxu uşaqların diqqətini qavramalı olduqları başlıca fikrə cəlb edir, məzmununu tam aydın, obrazlı şəkildə çatdırır, Belinskinin sözü ilə desək, “bədii duyğunu fikir və düşüncə ilə yanaşı olaraq inkişaf etdirir”. Lakin etiraf edək ki, şagirdlərimiz bəzən buna çox laqeyd yanaşırlar. Cümlələri birnəfəsə oxuyur, cümlə daxilində fasiləyə yol vermir, əlavə nəfəs almırlar. Belə hal həm də məzmunun aydın çatdırılmasına və qavranılmasına əngəl törədir.
Dərslikdəki mətnlər üzərində işə keçməzdən əvvəl şagirdlərə ifadəli oxunun mühüm cəhətləri, şərtləri, faydası izah edilməlidir. Belə olduqda şagirdlər öyrənirlər ki, nəinki şeirlərin, həm də hekayələrin, nağılların, bir sözlə, bütün əsərlərin öyrənilməsində ifadəli oxunun tətbiqi mümkündür. İfadəli oxu zamanı ən mühüm şərt əsərdəki sevinci, kədəri, həyəcanı, təəssüfü və s. dinləyiciyə aydın çatdırmaqdır. Tanış olmayan mətni ifadəli oxumaq çətindir. Buna nail olmaq üçün əsəri dönə-dönə oxumaq, hər sözün, hər ifadənin daşıdığı mənanı anlamaq, təsvir olunan hadisələri sanki özləri yaşamış kimi xəyallarında canlandırmaq, qəhrəmanlar sevinirsə sevinmək, kədərlənirsə kədərlənmək lazımdır. Bütun bu deyilənləri reallaşdırmaq isə ədəbi tələffüz qaydalarına əməl etdikdə öz həllini tapır. Məsələn, “Bala dovşan” mətni üzrə ədəbi tələffüz vərdişlərinin mənimsənilməsinə dair işdə diqqət yetiriləcək məqamlar nəzərə çatdırılır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin