OXU DƏRSLƏRİNDƏ ƏDƏBİ TƏLƏFFÜZ VƏRDİŞLƏRİNİN AŞILANMASI METODİKASI
İbtidai siniflərdə oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə əsas işlər ardıcıl və sistemli olaraq Azərbaycan dili dərslərində həyata keçirilir. Bu baxımdan ibtidai sinif şagirdlərinin oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə işin sistemini düzgün qurmaq üçün ilk növbədə mövcud ana dili proqram və dərslikləri araşdırılmalıdır.
İbtidai siniflərdə “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)” özündə dinləyib-anlama-danışma, oxu, yazı və qrammatik qaydaları birləşdirir. Bu bölmələr tədris prosesində bir-biri ilə sıx şəkildə bağlıdır[45].
Azərbaycan dili fənni şagirdlərə sözlərin fonetik, orfoqrafik, orfoepik, leksik normaları və qrammatik quruluşu haqqında ilkin anlayışlar verir. Eyni zamanda şagirdlərin rabitəli nitq vərdişlərinə yiyələnmələrinə zəmin yaradır. Oxu təlimi ibtidai siniflərdə ədəbiyyat kursunu sadə şəkildə öyrədir, şagirdlərin oxu vərdişinə və nitq inkişafına zəmin yaradır. İbtidai siniflərdə oxu vərdişlərinin: düzgün, rəvan, şüurlu və ifadəli oxunun tələbləri şərti olaraq qarşıya qoyulur. Bu oxu vərdişlərinin tələbi şagirdləri ucadan, rəvan, aydın, ahəngdar oxumağa hazırlayır, şifahi nitqin zənginləşməsinə şərait yaradır. Mövzunun ideya istiqamətini düzgün anlamağı öyrədir, söz ehtiyatını zənginləşdirir, ədəbi tələffüz vərdişlərinə praktik şəkildə yiyələnməsini təmin edir və şagird təfəkkürünü inkişaf etdirmək məqsədini güdür.
Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində oxu dərslərinin rolu danılmazdır. Oxu dərslərində mətni oxumaq, oxunmuş mətnin məzmunu üzrə müsahibə aparmaq, suallara cavab vermək, məzmuna aid illüstrativ şəkillər çəkmək, mətni nəql etmək və s. işlərlə yanaşı, sözlərin, cümlələrin mənasının izahına, ədəbi tələffüz qaydalarına, ifadəli oxuya, obrazlı nitqə yiyələnmək kimi işlər də nəzərdə tutulur.
Bu baxımından “Azərbaycan dili” fənni üzrə məzmun xətləri içərisində oxu ikinci yerdə durur. Məzmun xətləri: 1. Dinləyib-anlama və danışma. 2. Oxu. 3. Yazı. 4.Dil qaydaları[46 20].
Oxu nədir? Əvvəldə qeyd etdiyimiz kimi, D.B.Elkonin oxunu sözün səs formalarının onların qrafik (hərf) modeli üzrə yenidən hasil olması prosesi kimi dəyərləndirir[16, 17].
Oxu təlimi ana dilinin tədrisinin mühüm funksiyalarından biridir. Oxu şagirdlərin nitqini inkişaf etdirir, onların lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir. Oxu şagirdlərin nitq bacarıqlarını inkişaf etdirir. Nitqi dinləmək, ayrı-ayrı nitq səslərini düzgün tələffüz etmək, oxu prosesində səs, heca və sözlərin deyilişində səhvə yol verməmək oxu texnikasının müvəffəqiyyətlə həyata keçməsini təmin edir. Oxu prosesində şagirdin fikrini sadə şəkildə ifadə edə bilmək, oxunmuş materialın məzmununu nəql etmək, təhlil etmək, öz münasibətini bildirmək, həyatla əlaqələndirmək və digər bacarıqlar formalaşır.
Savad təlimi dövründə asandan çətinə, sadədən mürəkkəbə prinsipi gözlənilməklə oxu vərdişlərinin yaradılması istiqamətində ciddi iş aparılır. Bu zaman onlar səslərlə (hərflərlə) tanış olur, səs-heca tərkibi nisbətən asan sözlərin oxunması üzrə məşq edirlər. Şagirdlərin məktəbə qədəm basdığı gündən sözlərdə səslərin ardıcıllığını bilməklə sözlərin tələffüz normalarını gözləmək, səs təhlil-tərkib metodunun tətbiqi, fonoloji təhlil və s. onların düzgün oxu texnikasına yiyələnməsi üçün zəruri şərait yaradır. Şagirdlər ilk oxu texnikasına savad təlimi dövründə yiyələnirlər. Fonematik eşitmə qavrayışına yiyələnmiş şagird nitq səslərini düzgün eşidir və düzgün tələffüz edir və onda ilkin ədəbi tələffüz vərdişləri formalaşmağa başlayır. Savad təlimi dövründə fonematik eşitmə qavrayışının formalaşdırılması oxu təlimində çox mühüm əhəmiyyət kəsb edir.
Psixoloq D.B.Elkoninin təbirincə, fonematik eşitmə sözdə ayrı- ayrı səslərin eşidilməsi və daxili düzgün tələffüz prosesində sözlərin səs formasının təhlilinin aparılması bacarığıdır. Səslərin hərflərlə işarə olunduğu andan görmə qavrayışının müstəsna rolu üzə çıxır. Səsləri eşitmə və hərfləri görmə qavrayışı arasında assosiasiya yaranır. Bu zaman sözlərin, mətnin oxunmasında, dərk olunmasında düzgün tələffüz mühüm rol oynayır.
Oxu vərdişlərinin psixologiyası məsələləri üzərində işləyən L.M.Şvarts yazırdı ki, sözləri hecalara ayırmağı bacarmayan adam heç vaxt düzgün oxuya bilməyəcəkdir, onun yazmağı bacarması haqqında isə danışmağa dəyməz.
Oxunun ən mühüm komponenti hecadır. Hecaların düzgün və ahəngdar tələffüzü-diksiyası sözlərin ədəbi tələffüz şəraitində mənimsənilməsini təmin edir. Şagirdlər ədəbi tələffüz şəraitində oxu zamanı bütöv sözü, hecanı, yaxud onun hissəsi olan səsi “görməyi”, dərk etməyi öyrənirlər. Onlar başa düşürlər ki, səslər sözün və hecanın elementləridir, lakin bir qayda olaraq ayrılıqda tələffüz edilmir.
İbtidai siniflərdə oxu üzrə iş apararkən aşağıdakı cəhətlər nəzərə alınmalıdır:
oxu təlimi dilin səs sisteminə uyğunlaşdırılmalıdır;
səs və hərflər arasındakı münasibətlər nəzərə alınmalıdır;
oxu prosesində dilin ədəbi tələffüz qaydaları gözlənilməlidir;
oxu təlimində düzgünlüyə, sürətə, şüurluluğa və ifadəliliyə diqqət yetirilməlidir.
“Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramında (kurikulumunda) (I-IV siniflər)” Azərbaycan dili fənni üzrə ümumi təlim nəticələri və standartlar ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə aşağıdakı kimi verilmişdir.
Şagird:
mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur;
müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur;
oxuduğu mətnlərin məzmununa münasibət bildirir;
mətnin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir;
bədii və elmi–kütləvi mətnləri fərqləndirir[46, 21].
Deməli, “mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur” ümumtəlim nəticəsi ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi şəraitində öz həllini tapır. Eyni zamanda bu prosesin əksi kimi ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində oxu dərsləri, yəni oxu materialları üzrə iş mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dili fənn kurikulumunda oxu standartlarında (I-IV siniflər) tələffüz üzrə iş diqqət mərkəzində saxlanılmışdır: 2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur (I sinif); 2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur (II sinif); 2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur; 2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir (III sinif); 2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə uyğun) oxuyur (IV sinif) standartları ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi ilə müvazi olaraq həyata keçirilir [46, 21-28].
Ümumiyyətlə, ibtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin mənimsənilməsinin effektivliyini oxu prosesindən kənarda təsəvvür etmək mümkün deyildir. Odur ki, şagirdlərin təlim nəticələrinin yüksəldilməsinə nail olmaq üçün müvafiq strategiyalar, metod və üsullardan istifadə etmək, mətnin oxusunun düzgün təşkilinə nail olmaq lazımdır.
K.D.Uşinskinin ardıcıllarından biri olan V.A.Flerov oxu dərslərinin təşkilinin başlıca prinsiplərini belə formalaşdırmışdır. “Bizim vəzifəmiz uşaqlara oxuyub düşünməyi, oxuyub hiss etməyi, oxuyub yaşamağı öyrətməkdir”.
Oxu şagirdlərin nitqini inkişaf etdirir, onlarda formalaşmış konkret təsəvvür və anlayışlar əsasında lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir və fəallaşdırır, ədəbi tələffüz vərdişlərinin mənimsənilməsinə şərait yaradır, fikirlərini həm şifahi, həm də yazılı şəkildə ifadə etmək bacarığını artırır. Oxu şagirdlərdə şüurlu, düzgün, sürətli və ifadəli oxumaq, oxunmuş materialın məzmununu yaxşı nağıletmə bacarığı yaradır. Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsini yüksək səviyyədə təşkil etmək üçün müəllim yalnız Azərbaycan dili dərslərində deyil, digər fənlərin tədrisində həmçinin şagirdlərin sinifdənxaric fəaliyyətində də ona xüsusi əhəmiyyət verməlidir.
Oxu dərsində şagirdlər tədricən oxunun ən mühüm keyfiyyətinə-ədəbi tələffüz vərdişlərinə yiyələnirlər.
Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə işlər həm savad təlimi, həm də savad təlimi başa çatdıqdan sonrakı dövrdə, həmçinin II-IV siniflərdə təşkil olunan oxu dərslərində müəllimin diqqətində olan mühüm məsələdir. İbtidai siniflərdə oxu bacarıqlarının inkişaf etdirilməsi üzrə işlər sadə süjetli bədii əsərlər, folklor nümunələri üzrə və məlumat xarakterli mətnlər üzrə aparılır. “Azərbaycan dili” dərsliyində verilən mətnlər şagirdlərin təxəyyülünün, təfəkkür və nitqinin inkişaf etdirilməsində, onların mənəvi aləminin formalaşmasında və həmçinin ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində, oxu vərdişlərinin inkişaf etdirilməsində mühüm rol oynayır.
Savad təlimi dövründən başlayaraq mütəmadi davam etdirilən oxu təlimi nəticəsində müəyyən müddət keçdikdən sonra oxu bacarıqları oxu vərdişinə çevrilir. Mətnlərdə əks olunan hadisələr, obrazlar öyrənildikcə şagirdlər mənəvi cəhətdən zənginləşir, mətnlərdəki məsələlər onları düşündürür və onların oxuya marağı artır. Mətnlərin məzmunu və həcmi dəyişdikcə şagirdlərin oxu vərdişlərinin keyfiyyəti də dəyişir.
Azərbaycan dili (I-IV siniflər) kurikulumunda şagirdlərin oxu bacarıq və vərdişlərinə yiyələnməsi ilə bağlı standartların reallaşdırılması oxu dərslərindən məqsədyönlü istifadəni zəruri edir.
M.A.Rıbnikova oxunun sistemli aparılması tələbini irəli sürərək qeyd edirdi ki, metodik sistem materialın bütövlükdə və onun ayrı-ayrı hissələrinin başa düşülməsi, şagirdlərin qavrama və inkişaf qanunauyğunluqlarının nəzərə alınması, sinifdən-sinfə keçdikcə ifadəli oxu vərdişlərinin mürəkkəbləşdirilməsi əsasında yaradılmalıdır.
I-IV siniflərdə bir neçə variantlı oxu vərdişlərindən istifadə olunur. Ucadan oxu, rəvan oxu, sərbəst oxu, müstəqil oxu, şüurlu oxu, səssiz oxu, dialoqlu oxu, nəqli, sual, nida, əmr, müxtəsər və geniş cümlələr üzrə oxu, ton, ritmli oxu, məntiqi vurğu üzrə oxu, təbiət təsviri və təbiət hadisələri üzrə oxu, epizodlar üzrə oxu, rollar üzrə oxu, müşahidə məqsədli nəzarətli oxu, suallar üzrə oxu, şəkil əsasında oxu, qəhrəmanın həyat səciyyəsi üzrə oxu, xorla oxu, maraqlandığın hissə üzrə oxu, arzu və istəyə görə oxu, bədii təsvir və yaradıcılıq üzrə oxu, leksik oxu, orfoqrafik, fonetik, qrammatik oxu və s. Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində hər bir oxu dərsi özünəməxsus səciyyə daşıyır.
Əlbəttə, məktəblərdə şagirdlərin oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi yeni məsələ deyildir. Adətən, oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi məsələsinə təsadüfi bir hal kimi baxılmamış, əksinə, dövrün görkəmli ziyalıları, mütəfəkkirləri ona böyük dəyər vermişlər. Dilə, nitqə, dilimizdən düzgün istifadəyə diqqət və qayğı bu gün də davam etməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 23 may 2012-ci il tarixli Sərəncamı bunun bariz nümunəsidir. Qeyd olunan proqramın məqsədlərindən biri də dil və nitq mədəniyyətinin yüksəldilməsidir [51].
Oxu dərslərində şagirdlər yeniliklərlə tanış olur, onları yadda saxlayır və növbəti dərslərdə müəllimin yeni mövzunu köhnə mövzu ilə əlaqələndirməsi zamanı, yəni motivasiya mərhələsində artıq aldığı biliyi möhkəmləndirir.
Möhkəmləndirmə prosesinə istiqamət verən müəllim şagirdin qarşısında elə təlim vəziyyəti yaratmalıdır ki, şagirdi düşünməyə yönəltsin, tədqiqata cəlb etsin, müstəqil nəticə çıxarmaq qabiliyyətini və məntiqi təfəkkürünü inkişaf etdirsin və öyrənilmiş materialın möhkəmlənməsi şagirdin şəxsi bacarığına əsaslansın. Bu prosesi həyata keçirmək və materialın daha yaxşı mənimsənilməsi üçün interaktiv təlim metodları müəllim və şagirdlərin köməyinə gəlir. Təlim müəllimlə şagird arasında qarşılıqlı təsirə malik məqsədyönlü prosesdir. Bu prosesdə müəllim və şagirdlərin əməkdaşlığı ilə bilik, bacarıq və vərdişlər əldə edilir. Fəal təlimdə psixoloji mühitinin hörmət və etibar əsasında qurulması şagirdlərdəki inamsızlıq hissini aradan qaldırmaqla bərabər, ən zəif şagirdlərin belə yaradıcı prosesə qoşulmasına təkan verir. Müəllimin hər bir şagirdə hörmət və ehtiramla yanaşması şagirddə özünə inam yaradır, o dərk edir ki, işi yaradıcı bir işdir. Bu zaman şagirdin uğursuzluq qorxusu, səhv fikir söyləyəcəyinə görə tənbeh ediləcəyini fikirləşmək təhlükəsi yoxdur. Belə şəraitdə şagirdin idrak fəallığı dərs boyu lazımi səviyyədə saxlanılır. Şagird dərs prosesində özünü sərbəst hiss etməli əsas fikrini tədris olunan mövzuya yönəltməlidir. Dərs mühiti göstərilən əsasda həyata keçirilməlidir.
Ümumi başlıqlar altında verilmiş oxu materialının ümumiləşdirilməsi tədris vahidində olan mövzuların ümumiləşdirilməsinə həsr edilməlidir. Məsələn:
mətndə verilmiş əşyanın və ya obrazın xarici əlamətlərini saymaq;
mətndə göstərilən fakt və hadisənin təsvirini vermək;
mətndə əşyanın nə dərəcədə verildiyi, bunu daha necə vermək mümkün olduğunu öyrənmək;
mətndə əşyaların ümumiləşdirilməsi və onların əlaqəsi haqqında danışmaq;
mətndə iki əşyanın oxşar və fərqli cəhəti, həmçinin onların ümumi cəhətini araşdırmaq;
mətndə əşyaya tələb olunan qiyməti vermək;
mətndə iştirak edən surətlərə tələb olunan dərəcədə qiymət vermək;
mətndə təsvir olunan bu və ya başqa bir hadisəyə tələb olunan səviyyədə qiymət vermək və oxuyarkən həmin hadisəni səs tonu ilə dinləyiciyə çatdırmaq;
mətndə iştirak edənlərin bir-birinə olan münasibətlərini müəyyənləşdirmək;
mətndə az cizgi ilə verilmiş hadisə və faktları üzə çıxarmaq;
mətndə təsvir edilən hadisənin səbəbini aydınlaşdırmaq;
mətndə göstərilən surətlərin bir-birinə olan əks münasibətlərinin səbəbini izah etmək və əsaslandırmaq;
mətndə verilmiş şəklə plan tutmaq (şifahi), şəklə daha nələr əlavə etmək lazım olduğunu söyləmək;
sərlövhə ilə mətnin planının tutulması (nəqli cümlələrdən ibarət);
mətnin planını tutmaq (mətndən götürülmüş ifadələrdən işlətməklə).
İnteraktiv təlim müəllim və şagirdlərin qarşılıqlı əlaqəsi, ünsiyyət prosesidir. Bu cür qurulmuş dərs nə şagirdləri, nə də müəllimi yormur. Dərsi şagirdin ixtiyarına vermək əsas amildir. Fəal təlimlə qurulmuş dərsdə şagirdlər dərsdə tam hüquqlu tərəf kimi iştirak edirlər. İnteraktiv təlim metodları müəllimin bələdçiliyi ilə şagirdlərin müxtəlif informasiya mənbələri hesabına və ya qarşılıqlı ünsiyyət zamanı yeni biliklər əldə etmələrinə imkan verir. Bu yolla qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət yaşayır.
Materialın möhkəmləndirilməsi prosesində şagirdlərin həmin materialı qavramaları, sualların düzgün verilməsi əsas şərtdir. Möhkəmləndirmə diqqət, maraq, qavrayış, təfəkkür və s. psixoloji amillər əsasında qurulmalıdır. Möhkəmləndirmə prosesində üç mərhələ əsas götürülməlidir(düşünməyə yönəltmə; düşünmə; dərketmə).
Birinci mərhələdə iş elə qurulmalıdır ki, şagirdlərin hər biri fikrini deyir, söylənilən fikirlər arasında daha düzgün olan fikirlər seçilib, böyük ölçülü ağ kağıza yazılır, yazı taxtasından asılır. Bu mərhələdə şagirdlərə mövzu ilə bağlı suallar verilməlidir, bildikləri haqqında düşünmək tapşırılmalıdır.
İkinci mərhələdə şagirdlər keçmiş mövzuların mahiyyətini dərk etməlidir.
Üçüncü mərhələdə şagirdlər əvvəllər öyrəndiklərini yada salır. Bu prosesdə düşündürücü suallar verilməlidir. Tətbiqetmə işlərinə geniş yer verilməlidir. Oxu dərslərində möhkəmləndirmə işləri aparılarkən şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün tapmacalardan, yanıltmaclardan istifadə etməyin böyük əhəmiyyəti vardır. Möhkəmləndirmə prosesində izahlı oxu dərslərində şagirdlərin müstəqil işi, biliklərin şüurlu qavranılmasına təkan verir. Onlarda əqli qabiliyyətin, müstəqil çalışma bacarığının inkişafına xidmət göstərir, qazanılmış bilik və vərdişlərin əməli tətbiqinə şərait yaradır. Möhkəmləndirmə prosesində evristik müsahibədən geniş istifadə edilməlidir. Bu müsahibə şagirdləri axtarışa cəlb edir, onları mühakiməli fikirlər söyləməyə imkan verir. Mühakimə yürüdən şagird bu zaman yoldaşlarının fikrinə hörmət etməyi, onları sözlərini kəsmədən dinləməyi, yeri gəldikdə icazə alaraq fikrə münasibət bildirməyi öyrənir. İnteraktiv metodların oxu dərslərində tətbiqi də elə insanlar arasında qarşılıqlı münasibətlərin milli dəyərlər əsasında qurulmasını təmin edir.
Təlim prosesində şagirdlər tədricən mürəkkəbləşən yaradıcı şəraitə düşürlər. Bu zaman əldə edilmiş biliklər yeni biliklərlə uzlaşmır. Yaranmış vəziyyəti bir qədər də aktivləşdirmək lazımdır ki, sinifdə yüksək fəallıq yaransın. Belə ziddiyyət şagirdlərin təfəkkürünü hərəkətə gətirir, fikirlərini irəli aparır, onları tədqiqata həvəsləndirir. Şagird problemin müstəqil həlli yolunu axtarır. S.L.Rubinşteyn yazır ki, fikri prosesin başlanğıcı adətən problemli situasiyanın yaradılması hesab olunur. İnsan nəyi tapmaq istəyirsə, düşünməyə başlayır. İnsan düşünə-düşünə öyrənir, öyrənə-öyrənə düşünür. Problemli situasiyanın yaradılması interaktiv metodların tətbiqi mərhələsidir. Belə situasiyanın yaradılması tədris prosesinin səmərəliliyini, məhsuldarlığını, müstəqilliyini təmin edir.
Ümumiyyətlə, oxu dərslərinin yeni məzmunu dünya təcrübəsindən də məlum olan XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətin inkişafına kömək göstərməyi əsas məqsəd kimi qarşıya qoyur. Təhsil prosesi uşaqda özünüinkişaf qabiliyyəti formalaşdırmalıdır. Bu da öz növbəsində fəallığa, ətraf aləmin cisim və hadisələrinə tənqidi yanaşmaya; müstəqil olaraq qərar çıxarmaya; məntiqi düşünməyə; ətrafda olanları yaradıcı surətdə dəyişməyə; bilikləri müstəqil əldə etməyə; praktiki problemləri həll etməyə; şəxsiyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoymağa, dərketmə tələbatına və qabiliyyətinə əsaslanır.
Dostları ilə paylaş: |