Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


ELMİ İŞİN NƏTİCƏSİNİN PREZENTASİYASI



Yüklə 179,34 Kb.
səhifə35/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   31   32   33   34   35   36   37   38   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

ELMİ İŞİN NƏTİCƏSİNİN PREZENTASİYASI


Elmi işlərin qoyulmuş tələblərə uyğun hazırlığından sonra, iş mütəxəssislərdən ibarət komissiya qarşısında şifahi müdafiə olunmalıdır. Ali təhsil ocaqlarının profilindən və qoyulmuş məqsədindən asılı olaraq elmi işlərin prezenta­siyasına müxtəlif yanaşmalar ola bilər. Ancaq ümumilikdə aşağıda izah olunan mərhələlər çox zaman bütün elm sahələrinə xasdır.
Əlbəttə ki, uğurlu prezentasiyanın incəlikləri öyrənil­məlidir. Ali təhsili başa vurduqdan sonra elə sahə yoxdur ki, mütəxəssis fəaliyyəti zamanı hər hansı bir işin nəticəsini prezentasiya etməsin. Bəziləri bunu hər gün, digərləri isə işdən asılı olaraq lazım gəldikdə icra edirlər. Prezenta­siyanın əsas üsulları təhsil prosesində tədris olunur. Ona görə də, tələbələr əsasən ali məktəbdə keçirilən seminar­larda və həmçinin elmi işlərin nəticələrinin təqdimatında prezentasiya texnikasına yiyələnmək imkanından geniş istifadə edərək publika qarşısında inamlı, kompetensiyalı və inandırıcı çıxış vərdişlərinə yiyələnə bilərlər.
Təqdim olunan işin bu bölməsində dissertasiya işlə­rinin müdafiəsindən, elmi tədbirlərdə moderasiyanın va­cibliyindən, müzakirələrdə lazım olan məlumatların mə­nim­­sənilməsindən ibarət ritorik üsullardan söhbət açılır. Elmi işlərin prezentasiyası təhsil prosesinin tərkib hissəsi sayılır. Burada hərtərəfli hazırlıq və sərbəst çıxış etmək qabiliyyəti elmi nəticələrin dəqiq və yığcam təqdim edilməsi qədər vacibdir. Prezentasiyalar ritorik qabiliyyət və prezentasiya texnikasından mükəmməl istifadə vər­dişlərini tələb edir. Şifahi çıxış zamanı müəllim və ya digər dinləyicilər kiçik zaman kəsiyində elmi prezentasiyadan araşdırılan bütün elmi aspektlər haqqında qısa və yığcam məlumat əldə etmək istəyirlər. Kompakt çıxış dəqiq planlanmalıdır. Burada, işlənmiş mətnin sadəcə slaydlara köçürülməsi ilə işi bitmiş hesab etmək olmaz. Məzmun baxımından hazırlıqla yanaşı, aydın və maraqlı danışmaq qabiliyyəti uğurlu çıxışın tərkib hissəsidir.
Ritorika haqqında. Klassik ədəbiyyatda ritorika antik dövrdən başlamış günümüzə qədər geniş bir zamanı əhatə edir və qloballaşan dünyanın getdikcə daha vacib olan kütləvi kommunikasiyasında əhəmiyyətli rol oynayır. Rito­rikanın (la­tınca: danışmaq sənəti) vətəni qədim demok­ratiyanın mənbəyi olan Yunanıstan sayılır. Natiqlik sənəti o dövrdə Misir, Assuriya, Babil və Hindistanda da məlum idi. Lakin Yuna­nıstanda daha sürətlə inkişaf edir və onun nəzəriyyəsi haq­qında ilkin sistematik işlər yaranır. Şifahi nitqin mə­də­niləşməsinin əsaslarını ilk dəfə Sofistlər qoy­muşdur. Sofistlər həmin dövrdə natiq kimi tanınan və bunu başqalarına öyrədən müəllimlər idilər. Söz onların mək­təbində nitq öyrənmə obyektinə çevrilir, ritorika isə bütün sənətlərin başı sayılırdı. Onun öyrənilməsi antik təhsilin ən ali pilləsi hesab olunurdu. Sofistlər daimi olaraq sözün gücünü vurğulayır, buna həqiqətin axtarışına yarış xarakteri verirdilər. Yəni, onlar ritorikanı aqonal (yarışma) kommu­nika­siya kimi istifadə edirdilər. İnandırmaq – deməli, verilmiş ideya elə bir formada əsaslandırmalı idi ki, onun müzakirəsində iştirak edənlər gətirilən dəlillərlə razılaşsınlar.
Yunanıstan dövlətində hökm sürən demokratiya natiqliyin inkişafı üçün əlverişli şərait yaradırdı. Bu, ictimai həyatın əsas hissəsinə çevrilir və siyasi mübarizələrdə önəmli rol oynayırdı. Tədricən, adi vətəndaşların tələ­bat­larını ödəmək üçün praktiki cərəyanlar meydana gəlirdi.
Poeziyadan fərqli olaraq ritorikanın ilkin predmeti cəmiyyəti maraqlandıran bir çox məsələlərin demokratik diskussiyalarından ibarət idi. İlkin olaraq çıxışlar danışıq tərzinə görə üç yerə bölünürdü: məhkəmə, məsləhət və tərif çıxışları. Çıxışın növündən asılı olaraq natiq öz düşün­cələ­rini, sakitləşdirici söhbətlərini və ya həyəcanlarını publi­ka­ya çatdırmağa çalışırdı. Hermenevtikadan (yunanca: mətn­ləri aydınlaşdırmaq sənəti) ritorikanı fərqləndirən əsas cəhət mətnin inandırıcı gücünə olan maraqdan ibarət idi.
Bu günə qədər bizə gəlib çatan antik əsərlər arasında Aristotelin “Ritorika” əsəri ən vacibi sayılır. Aristotelin ritorikaya baxışı ondan qabaqkı yanaşmalardan prinsipial fərqlənir. O, ilk dəfə olaraq ritorikanı tək çıxış etmə incə­sənəti kimi yox, konkret bir elm sahəsinə aid olmayan ümumi bir anlayış kimi dəyərləndirir. Aristotel ritorikada üç əsas təşkiledicini vurğulayırdı: Loqos (sübutlar, arqu­mentlər sistemi); Etos (natiqin xarakteri, onun çıxışının sosial duruma uyğunluğu); Pafos (ifadə olunan predmet haqqında publikanın emosiyaları).
O dövrdən bəri loqos və pafos prinsipial dəyişikliyə məruz qalmadığı halda, etos zamandan, milliyyətlərdən, sosial və yaş kimi müxtəlif xarakteristikalardan asılıdır. Hər dövr öz ritorik idealını yaradır.
Yunanıstanda əsası qoyulan ritorika Roma imperi­yasında şagirdlərə dərs kimi tədris edilirdi. Şagirdlər çıxış etmə vərdişlərinə yiyələnir, tarixi və hüquqi problemlər haqqında nitq söyləyirdilər. Romalılar Kvintilian məktəbini yaratmaqla ilk dəfə olaraq ritorika kafedrasına da sahib idilər. Hal-hazırda çıxışın hazırlanması zamanı tətbiq olunan 5 əsas mərhələ də Kvintilianda tədris olunan klassik ritorikaya aiddir.
İlahiyyatçı filosof Avrelius Avqustinə qədər tədqi­qatçılar üçün ritorika vacib və inandırıcı çıxış sayılırdı. Yalnız feodalizmin başlanması ilə ritorikanın funksionallığı genişləndirilir və şifahidən yazılı kommunikasiya üsuluna keçid baş verir. Orta əsrlərdə ritorika orta məktəb və universitetlərin tədris predmetinə çevrilmişdi. 1350-1700-ci illər arasında hökm sürən Renessans və Barok dövründə ritorika bütün elmlərə, o cümlədən incəsənətə əhəmiyyətli təsir etmişdir. Ədəbiyyat qəhrəmanları natiqlik sənətinin bariz nümunələridir. Renessans dövrünün real personaj­larından məlum olan natiqlər azdır, bu dövrdə əsl çılğın nitqləri yalnız teatrda eşitmək olardı. Həmin dövrdə poeziya sahəsində ritorika poetik yazıya keçir. Maarifçilik dövründə də ritorika idrakın inkişafına xidmət edirdi. Ritorika bu şəkildə humanitar təhsilin tərkibi kimi XIX əsrə qədər bütün Avropa ölkələrində qalırdı. Siyasi və digər növ natiqliyin inkişafı və romantik ədəbiyyat natiqlik sənətinin qayda və şərtlərinin sadələşdirilməsinə gətirib çıxardı.
Çağdaş dövrdə sosial kommunikasiyanın müxtəlif sferaları arasında elə də böyük fərq qalmayıb. Ənənəvi ritorikanın tərkib hissəsi olan siyasi, hüquqi, bayram və dini çıxışlara yeniləri – akademik, iş və publisistik ritoriklar da daxil olur. Hal-hazırda nə qədər kommunikasiya növləri mövcuddursa, bir o qədər də ritorika növləri hökm sürür. Hər bir dövrdə ictimai şüura təsir edənlər arasında nitq kommunikasiyası dominantlıq edir. Ona görə də, bunu öyrənən fənlərə maraq artır. Hal-hazırda bu, kütləvi infor­masiya vasitələri, siyasi və işçi ritorikalardan ibarətdir.
Ritorika nəzəri, tətbiqi və tematik olaraq fərqlənir. Nəzəri ritorika keyfiyyətli nitqin təşkilinin elmi araşdırıl­ma­sı, tətbiqi ritorika isə qayda və qanunauyğunluqların, həmçinin ən uğurlu çıxış nümunələrinin axtarışı ilə məş­ğuldur. Tematik ritorika vacib bir mövzu ətrafında müxtəlif yazılı və şifahi ədəbiyyatın toplanmasından ibarətdir. Misal üçün ABŞ-da prezident seçkisində istifadə olunan ritorikanı göstərmək olar.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin