Şifahi prezentasiyaya qoyulan tələblər. Şifahi ifadə və yazılı mətn bir-birindən kəskin fərqlənir. Yazılı mətnin vahidi ayrı-ayrı sözlər və cümlələr olduğu halda, şifahi mətndə ifadələr, şərh və bəyanatlar önəmli rol oynayır. Burada, ifadə təkcə sözlə yox, həmçinin jest, gülümsəmək, hətta susmaq da ola bilər. Yazılı mətn məlumatı sadələşdirir, onu daha konkret və hətta səthi edir. Şifahi dilə isə paralinqvistik vasitələr (intonasiya, sifətin mimikası, jestikulyasiya və bədənin hərəkəti) də daxil olur və onu daha canlı edir.
Şifahi çıxış zamanı natiqləri üç qrupa bölürlər: bəzilərini dinləmək mümkün deyil, bəzilərini dinləmək olar, digərlərini isə dinləməmək mümkün deyil. Prezentasiya zamanı çıxışçının gözlərini mətnə zilləyərək onu monoton oxuması auditoriyaya qarşı hörmətsizlik sayılır. Belə halda emosional ifadə və çıxışın aydınlığı itir.
Hələ qədim Yunanıstanda kağız əsasında danışmaq yüksək olmayan siyasi mədəniyyətin əlaməti sayılırdı. Ona görə də, orada şagirdlərə nitq mədəniyyətini, publika qarşısında inamlı və dəlillərlə çıxış etməyin vərdişlərini öyrədən sofistika və ritorika müəllimləri yüksək qiymətləndirilirdilər.
Şifahi prezentasiya elmi-tədqiqat işinin nəticələrinə maraq oyatmalı, işin əsas nəticəsinin asan başa düşülməsinə kömək etməli və elmi diskussiyaya şərait yaratmalıdır. İxtisas üzrə bilikdən əlavə tədqiqatçının çıxışı zamanı onun çıxışetmə və prezentasiya qabiliyyəti də publika tərəfindən qiymətləndirilir. Şifahi prezentasiya üç əsas amildən asılıdır: mətn, vizual köməkçi vasitələr və çıxış stili.
Prezentasiyanın əsas məqsədi elmi işin dəyərini publikaya yüksək şəkildə nümayiş etdirməkdir. Prezentasiyanın keyfiyyəti hər şeydən öncə onun quruluşu və struktur tərkibindən asılıdır. Eyni zamanda prezentasiya yüksək dərəcədə məntiqi və konsekutiv (ardıcıl) şəkildə tərtib olunmalıdır. Çıxışın əvvəlində tədqiq olunan problem və tədqiqat hipotezi təyin olunur və çıxışın gedişində vizuallaşdırılmış nəticələrin köməyi ilə dinləyicilərin diqqətini cəlb edəcək şəkildə nümayiş etdirilir.
Dinləyiciləri çıxışa maraqlandırmaq üçün auditoriyada oturanların orta bilik səviyyəsi prezentasiyanın hazırlanması zamanı nəzərə alınmalıdır. Bu, nə qədər dəqiq aparılsa, bir o qədər maraqlı çıxışa nail olmaq olar. Çıxış zamanı verilmiş vaxt limitinə riayət olunmalıdır. Birinci dəfə çıxış edənlərə öncədən sınaq çıxışını məşq etməsi məsləhət görülür. Vaxtın uzadılmasına yol veriləndə dinləyicilərdə müsbət fikir yaratmır. Sonda vaxt darlığını hiss edən məruzəçi danışıq tempini artırmaqla vaxtı idarə edə bilər.
Hazırlıq zamanı aşağıdakı köməkçi suallardan istifadə etmək məsləhət görülür: Kimlər prezentasiyada iştirak edəcəklər (iş yoldaşları, elmi işçilər, konfrans iştirakçıları və s.)? Publikanın xüsusi bilik səviyyəsi necədir və hansı sahələrə üstünlük vermək olar? Prezentasiya üçün hansı köməkçi vasitələrdən istifadə etmək olar (proyektor, bimer, poverpoint, flipçart, və s.)? Prezentasiya üçün nə qədər vaxt ayrılıb? Sonda müzakirə nəzərdə tutulubmu?