Elmi posterlərin tərtibi. Elmi poster, verilmiş mövzu haqqında informasiyanı qısa bir zamanda maraqlanan dinləyici qrupuna çatdırmağa xidmət edir. Posterdə elmi mövzu qısa və aydın şəkildə elə yazılır ki, onu əlavə izaha ehtiyac olmadan da anlamaq mümkün olsun. Posterlər konfrans və seminarlarda lövhədə asılır. Ali təhsil ocaqlarında bir çox hallarda aparılan elmi işlər haqqında qısa məlumat vermək üçün kafedraların yaxınlığında posterlər yerləşdilir.
Posterlərin tərtibində aşağıdakı meyarlara fikir vermək lazımdır:
Məzmun. Elmi posterlərin hazırlanması zamanı mövzunun vacibliyi və aktuallığı göstərilməlidir. Məzmunun tərtibinə xüsusi yanaşma tələb olunur. Burada mətn ümumiləşdirməyə yol verilmədən əsas və vacib aspektlərə söykənməlidir. Poster əvvəlki fəsillərdə söz açılan elmi işin məntiqi ardıcıllığını özündə əks etdirməlidir: problemin qoyuluşu, məqsədlər (hansı suallara cavab tapılmalıdır?), metodlar (lazımı biliyin əldə edilməsində hansı üsul və metodlardan istifadə edilir?), nəticələr (nə əldə olunub və qoyulmuş suallara necə cavab verir?) və xülasə (alınmış nəticələrin praktiki əhəmiyyəti nədədir?).
Bundan əlavə posterdə ali məktəbin ünvanı və müəllifin adı göstərilir.
Tərtibatı. Posterdə göstərilən vizual təsvirlər oxucuya müəyyən qədər az oxumaqla böyük informasiya əldə etməyə imkan verməlidir. Ona görə də, informasiyaların hansı formada (şəkil, diaqram, xəritə, cədvəl, mətn) daha yaxşı çatdırılması öncədən düşünülməlidir.
Quruluşu. Adətən poster A0 formatında (84x119 cm) hazırlanır. Posterin strukturlaşdırılması zamanı sütunların sayı ikidən artıq olmamalıdır. Mətndə nömrələmə aparmaqla oxucunu poster boyu istiqamətləndirmək olur.
Başlıq. Posterin başlığı onun məzmununu yüksək dəqiqliklə ifadə etməlidir. Şriftin ölçüsü elə seçilməlidir ki, təxminən 5 m məsafədən aydın oxuna bilsin (şriftin ölçüsü 72 pt.). Başlığın sual şəklində yazılması onu cəlbedici edir.
Mətn. Posterdə mətn ümumi materialın təxminən 30% təşkil etməlidir. Ayrılıqda verilən mətn blokların həcmi maksimal 10 sətri keçməməlidir. Mətn imkan daxilində açar sözlər şəklində tərtib olunur. Mətndə şriftin ölçüsü və sətirlərarası məsafə elə seçilir ki, onu 2-3 metr məsafədən oxumaq mümkün olsun. Adətən burada 36 pt. şrift ölçüsündən istifadə edilir. Simvollardan (sual işarəsi, nida işarəsi, ox və s.) istifadə etməklə, oxucunun fikrini xüsusi maraq doğuran yerlərə yönəltmək olar.
Dizayn. Posterin uğurlu tərtibi üçün əlverişli dizaynın seçilməsi önəmlidir. Estetik təsir əsas məzmuna yönəlməlidir. Səliqəli və gözəl tərtib edilmiş poster oxucunu cəlb edir və beləliklə, informasiyaları geniş oxucu kütləsinə çatdırmağa şərait yaradır. Bu səbəbdən, rənglərin seçilməsinə diqqət yetirmək gərəkdir. Rənglər aydın olmalıdır, ayrı-ayrı rəng tonları bir-birindən seçilməlidir. Arxa plan üçün solğun və göz üçün əlverişli olan rəng seçimi məsləhət görülür. Ayrı-ayrı bölmələr arxa rənglərin köməyi ilə fərqləndirilir. Onu da nəzərə almaq lazımdır ki, çox vaxt kompüterin monitorunda göstərilən rənglə çap qurğusunun kağıza işlədiyi rəng üst-ütsə düşmür. Posterdə cədvəllərin əvəzinə imkan daxilində şəkillərdən istifadə etmək məsləhət görülür, çünki çox informasiya daşıyan cədvəlin qısa zamanda başa düşülməsi çətindir. Bir posterdəki rəsmlərin sayı 5-i keçməməlidir. Onlar kifayət qədər böyük ölçüdə olmalıdır. Uzaqdan oxucunu cəlb etdiyi üçün posterdə şəkillərin tətbiqi əlverişlidir.