Çapa tövsiyə edən: Azərbaycan Müəllimlər İnstitutu
Rəyçilər: filologiya elmləri doktoru,professor F.Xalıqov
filologiya elmləri doktoru,professor İ.Məmmədli
Gülnur Mahmudova
Bakı Dövlət Universiteti,
filologiya üzrə fəlsəfə doktoru
İŞTİQAQ DİL HADİSƏSİ İLƏ BAĞLI İLK TERMİNLƏRİN
MEYDANA GƏLMƏSİ
Açar sözlər: Ərəb qrammatika elmi, Bəsrə qrammatika məktəbi, söz yaradıcılığı
Ключевые слова: Басрийская грамматическая школа, словообразование, начальная форма глагол
Key words: word formation, Basrah grammar school, infinitive verb forms
Ərəb qrammatika elminin yaranması və onun qayda qanunlarının meydana çıxmasından sonra müxtəlif şəhərlərdə, müxtəlif qrammatika məktəblərində hökm sürən söz mübarizəsinin hüdudları məhdudlaşmadı, əksinə, bu qrammatika məktəblərinə mənsub qrammatiklərin bir sıra dəlillərinə baxmayaraq, daha da artdı.
Maraqlı cəhət həm də burasıdır ki, qədim zamanlardan bəri ərəb alimləri iştiqaqın mənşəyi barədə fikir ayrılığında olmuşlar. O məsdərdir, yoxsa feil? Məsələn, bəsrəlilərin fikrinə görə məsdər əsasdır, feil isə ondan törəmişdir. Ola bilsin ki, onlar Sibaveyhinin bu barədə yürütdüyü “Feillər ən yeni isimlərdən götürülmüş nümunələrdir” fikrinə istinad olaraq bu cür iddia etmişlər. Kufəlilər isə bunun əksinə olaraq fikir yürütmüşlər. Bütün bunlar onu deməyə əsas verir ki, hər iki firqənin nümayəndələri İbn əl Ənbarinin “Bəsrə və Kufə qrammatika məktəbləri arasında ixtilaflı məsələlərə xidmət” əsərində müfəssəl şəkildə toxunduğu müəyyən dəlillərə istinad etmişlər. Bəsrəlilərin gətirdikləri dəlillər əsasən aşağıdakılardan ibarətdir:
Məsdərin məsdər olaraq adlanması ona dəlalət edir ki, o, əsasdır, feil isə ondan törəmişdir:
-
Məsdər mütləq zamanı, feil isə müəyyən zamanı ifadə edir. Həmçinin, mütləq zaman sərhədli zamandan daha əvvəl yaranıb. Beləliklə də, məsdər feildən daha əvvəl meydana gəlib.
-
Məsdər isimdir, isim isə yalnız özünü icra edir və felin məna çərçivəsini, demək olar ki, ixtisara salır, feil yalnız özünü icra etmir və hər an ismə ehtiyac duyur.
-
Feil öz forması ilə, əsasən iki şeyə dəlalət edir: yeniliyə və düzəltmə zamana. Məsdər isə öz formasına görə yalnız bir şeyi ifadə edir ki, o da yenilikdir. Belə ki, onlardan biri digərindən daha əvvəl yaranmışdır. Beləliklə, məsələyə daha böyük anlamda yanaşsaq, məsdər feilin mənşəyidir.
-
Əgər məsdər feildən düzəlmiş olsaydı, onda o, feildə olan yenilik, zaman və digər bir üçüncü bir mənaya dəlalət edərdi.
-
Əgər məsdər feildən düzəlmiş olsaydı, onda, onun yalnız və yalnız bir metodla müəyyənləşməsi qaçılmaz olardı və fail və məfullarının adlarının fərqlənmədiyi kimi o da fərqlənməzdi.
-
Əgər məsdər öz mənasını feildən əxz etmış olsaydı, o zaman hər bir məsdərin ilk rüşeyminin götürülmüş olduğu bir feil olardı. Ərəbdilli lüğətlərə nəzər salsaq, o zaman biz, feil mənşəyi olmayan çoxlu məsdərlərə rast gəlirik. Buna nümunə olaraq biz, عبودية، رجولية النبوة، الامومة və s. kimi sözləri misal gətirə bilərik. Ərəb sözləri arasında qeyri-feil mənşəli sözlər tipli məsdərlər də yox deyildir. Məsələn, الكرامة، العطاء və s. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, feillər məsdərdən əvvəl yaranmamış, əksinə onların yaranması üçün məsdər ilkin mənbə rolunu oynamışdır.
-
Hər bir məsdər - qişanın, məsələn الضرب، القتل məsdərlərində olduğu kimi, yalnız bir modeli vardır. Bir feilin isə birdən çox modeli mövcuddur. Məsələn, məsdərləri “zəhəb” və “zuhub” olmaqla ذهب feilinin bir neçə növü vardır. İfadə etdiyi məna baxımdan da həmin feilin bir- birinə həm yaxın, həm də yaxın olmayan müxtəlif mənaları vardır.
-
Məsdər anlamı və onun bütün qişa hərflərinə, məsələn, صرَف felinin nümunəsində olduğu kimi, həmin feilin bütün bablarında təsadüf olunur. Lakin, hesab etmirik ki, فضة (gümüş) sözü və bu kimi digər isim mənşəli anlamlar ondan düzəlmiş bütün kəlimələrin əslidir. Belə ki, məsdərin mənası ondan düzəlmiş olan bütün feillərin əsasında var. Lakin, məsdərin özündə yalnız bir feilin mənası mövcud deyildir.
Ərəb ədəbi dilində söz yaradıcılığı - iştiqaqın mənşəyi haqqında Kufə qrammatika məktəbi alimlərinin gətirdikləri ən mühüm dəlillər aşağıdakılardan ibarətdır:
-
Məsdər hər anlamda, bir təzahür olaraq feilin nəticəsidir və müəyyən mənada nöqsanlıdır. “ قاوم قوام ” deyilməsi doğru, “ قام قيام ” kimi səslənməsi isə yanlışdır. Buna görə də birinci ikincidən daha üstündür.
Feil məsdəri işlək vəziyyətə gətirir. Şübhə yoxdur ki, işləyənin mövqeyi işlədilənin mövqeyindən daha əvvəl gəlir və nəticə baxımdan daha önəmlidir [7; 477].
Məsdər feilə, bir növ dəstək vəzifəsini icra edir. Heç şübhəsiz ki, bu baxımdan da dəstəklənənin mövqeyi də, dəstəkləyənin mövqeyindən daha əvvəl gəlir. Ona nəzər salan hər bir kəs aşağıdakı məsələləri aydın şəkildə müşahidə edə bilər:
-
Bəsrəlilərin dəlillərinin çoxunun səciyyələndiyi cəhət əsasən əqli və fəlsəfi cəhətdir. Kufəlilərin dəlilləri isə morfoloji və sintaksis amillər baxımından səciyyələnir. Bəsrə əhli məntiq və fəlsəfədən faydalanmaqda digərlərindən öndə olmuşlar. Çünki, fəlsəfi məzhəblərin təsiri digərlərinə nisbətən Bəsrədə daha əvvəl yayılmışdı.
-
Bəsrəlilərin əksər dəlilləri məsdərin mənasına, az bir hissəsi isə onun ifadəsinə əsaslanır. O, mənaya əsaslandıqda ağlabatan və daha məqbul görünür. Sözə əsaslandıqda isə zəif və nöqsanlı görünür. Kufəlilərin dəlilləri isə məsdərin ifadəsinə qətiyyən xələl gətirmir.
-
Bəsrəli alimlərin fikrincə, “məsdər” adının onun müstəqilliyinə dəlil olaraq götürülməsi dairəvi səbəblər qəbilindəndir. Belə ki, bəsrəlilərdə məsdər onun müstəqilliyinə olan inanc nəticəsində məsdər olaraq adlanır. Bir şeyin nəticəsinin ona səbəb olaraq götürülməsi isə səhv anlayış olardı.
-
Bəsrəlilərin 8 və 9-cu dəlilləri gücləndirdiyi misalları şübhə üçün yer qoymur, belə ki, bəsrəlilərin məsdər məfhumu güclü şəkildə Aristotelin ideyalar nəzəriyyəsindən təsirlənmişdir. Sanki məsdər onlar üçün modeldir, ondan törəyənlər isə sadəcə formalardır.
Fikrimizcə, hər iki qrupa mənsub olan alimlərin iştiqaq haqqındakı nəzəriyyələri qısa şəkildə aşağıdakı kimi ifadə oluna bilər:
Bəsrə məktəbi - məsdər (feil+ məşhur törəmələr)
Kufə məktəbi - feil ( məsdər+məşhur törəmələr)
Bəsrəli alimlərin fikrincə, məsdər əsasdır, Kufəli alimlərin fikrincə isə o, törəmədir. Kufəlilərdə fel əsasdır, bəsrəli müəlliflərin fikrinə əsasən isə o, əsas deyil, törəmədir [7; 78].
Qeyd etdiyimiz kimi, ərəb ədəbi dili sözdüzəltmə (iştiqaq) vasitələri ilə çox zəngindir. Ənənəvi ərəb dilçiliyində sözdüzəltmə üsulları (qəlb lüğəvi, ibdal lüğəvi, nəht və s.) geniş araşdırılmış, isimlərdən və feillərdən düzəlmiş sözlər haqqında ətraflı məlumat verilmişdir. İştiqaqın səğir, əsğər, kəbir, əkbər, eləcə də kübar, kubbar növlərindən geniş bəhs edən orta çağ və müasir ərəb dilçiləri bu növlərin hər biri haqqında müfəssəl məlumat vermiş, öz mülahizə və müddəalarını külli miqdarda faktik materiallarla əsaslandırmışlar.
Ərəb ədəbi dilində ismi sözdüzəltmə dedikdə, feillərdən, isim və ədatlardan (hərflərdən) düzəlmiş isimlər nəzərdə tutulur. Feili sözdüzəltmə isə feil, isim, və ədatlardan düzəlmiş feilləri əhatə edir.
Ərəb dilçiliyində feildən düzəlmiş isimlər bəhsinə feilin birinci babından düzələn məsdər, ismu -l-məsdər, ismu -l-mərrə, ismun-nauv, ismu -l-heyə, əl-masdər-mimi, zaman və məkan bildirən isimlər, ismul-fail (feili sifətin məlum növü), ismul- məful (feili sifətin məchul növü), əs-sifət -ul-muşəbbəhə, müqayisə və üstünlük bildirən sifət forması, mübaliğə bildirən sifətlər və alət bildirən isim formalar daxil edilir.
Birinci babdan müəyyən bir qaydaya tabe olmayan səmai üsulla düzələn məsdərlərin miqdarı barəsində ərəb dilçiləri arasında fıkir ayrılığı mövcuddur. Sibəveyhi onların sayım 32 göstərdiyi halda, İbn əl-Qutiyyə və Süyuti bu qəbildən olan məsdərlərin sayının 25 olduğunu qeyd edirlər.
İsimdən düzəlmiş isimlər bəhsinə əsasən aşağıdakılar daxil edilir, məsələn, fərəs “at”, ləbən “süd”, təmr “xurma”, dər‘ “zireh” və s. sözlərdən fail formasında düzəlmiş faris “at sahibi”, laabin “süd sahibi”; taamir “xurma sahibi”; daari‘ “zireh sahibi” kimi sahiblik, yiyəlik bildirən sözlər.
Mübaliğə ilə yanaşı, peşə, sənət, sahiblik, satıcılıq və s. bildirən (fə“älun) vəznli sözlər; məsələn, cəmmaalun “dəvə sahibi”; ‘əssaalun “bal sahibi”, “baltutan”; səyyaaf “qılınc sahibi”, “qılınc düzəldən”; nəccaar “dülgər”; həddaad “dəmirçi”; bəzzaaz “bezsatan”; şəvvaab “paltarsatan”. Yuxarıdakı sözlər cəməl “dəvə”, ‘əsəl “bal”, seyf “qılınc”, nicaaratun “dülgərlik”, hidaadətun, “dəmirçilik”, bəzz “bez”, şaub “paltar” isimlərindən düzəldilmişdir. Satıcılıq peşəsi bəzən fə`aal qəlibli isimlərə nisbi sifət şəkilçisinin əlavəsi ilə də ifadə olunur; məsələn, zəccaac “şüşəsalan”, zəccaaci “şüşəsatan”.
Ərəb ədəbi dilində (fə‘aalətun) forması adətən mübaliğə bildirən sifət formalarından hesab edilir; məsələn “allaamətun” “çox bilən”; “cəyyälətun”, “çox gəzən”, “çox səyahət edən” [9; 97].
Qeyd etmək lazımdır ki, müasir dövrdə elmi-texniki yeniliklər öz əksini, başqa dillərdə olduğu kimi, ərəb dilində də tapır. Belə ki, çağdaş dövrdə ərəb ədəbi dilində mübaliğə bildirən formasından alət bildirən isimlər düzəltmək üçün geniş istifadə olunur; məsələn səmmä‘ətun “telefon dəstəyi”; ğassälətun “paltaryuyan maşın”; raşşäşətun “suçiləyən alət”; kəssäratun “qozsın-dıran” və s.
Onu da qeyd etmək yerinə düşərdi ki, Qahirə Ərəb Dili Akademiyası üçköklü təsirli feillərdən formasında alət bildirən isim düzəldilməsinin mümkünlüyü barədə 1954-cü ilin mart ayının 22-də xüsusi qərar qəbul etmişdir.
Düzəltmə məsdər formasında yaradılan mücərrəd isimlərə isə, məs’uliyyətun “məsuliyyət”, fa‘iliyyətun “failiyyət”, “faillik”, hizbiyyətun “partiyalıhq”, cumhuriyyətun “respublika” isimlərini misal gətirmək olar.
Ərəb alimlərinin mülahizələrinə görə, feili sözdüzəltməyə isə aşağıdakılar daxildir:
-
üçköklü feillərin düzəltmə babları;
-
dördköklü feillərin II-IV bablan;
-
sadə dördköklü feillərə əlavə edilən feillər:
-
Bu qrupa əsas etibarilə yuxarıdakı altı qəlib daxildir. Lakin bəzi orta çağ ərəb qrammatikləri bura bir çox başqa qəlibləri də daxil edirlər ki, onların sayı on yeddidir
-
düzəltmə dördköklü feillərə əlavə edilən feillər
-
isimlərdən düzələn feillər. Ərəb lüğətlərində, o cümlədən müasir sözlüklərdə isimlərdən düzəlmiş çoxlu sayda feillər mövcuddur. Onlarm miqdarı feldən düzəlmiş fellərə nisbətən xeyli məhdud olsa da, hər'halda o qədər də az deyildir; məsələn: ’ibl “dəvə” - ’əbələ “yaxşı dəvə saxlamaq”; “dəvəçiliyi yaxşı bilmək”; bəqal “tərəvəz” - bəqalə “çoxlu tərəvəzi olmaq, “tərəvəzçiliyi yaxşı bacarmaq”; zəmən “zaman” -’əzmənə bilməkän “bir yerdə çox (uzun zaman) qalmaq”; yaym “gün” yävaməhu “onu bir günlüyə fəhlə tutdu”, “onu birgünlük işlətdi”; fuh “ağız” - fahə “danışmaq”, hiläl “təzə ay” - ’əhəllə “təzə aya baxmaq”, ğirbal “qəlbir” - ğarbələ “qəlbirləmək”, “qəlbirdən keçirmək”; hacər “daş” - istəhcəra “daşa dönmək”, turab “toz”, “torpaq” - təribət yədahu “əlləri toza bulaşdı, tozlu oldu” [7; 49].
Ədatlardan ('hərflərdən) düzələn feillər. Ərəb ədəbi dilində ədatlardan düzələn feillər, az da olsa, mövcuddur; məsələn: qeyri-real şərt bildirən “lau” bağlayıcından “laula” feili: “səəltukə haacətən fəlauleytə li” - “Səndən bir şey istədim, mənə “əgər... olmasaydı” dedin”; “lə” inkar ədatından “lələ” feili: “səəltukə haacətən fəlaleytə li” … “Bir şey xahiş etdim, sən də mənə “yox” dedin”; gələcək zamanı bildirən “saufə” ədatından “bir işi gələcəyə qoymaq” mənasında işlənən “savvafə” feili.
Bəzən əlifba hərflərindən də feillər düzələ bilir, məsələn “danışıqda” “fə” hərfıni (səsini) çox işlətmək, “fəyyənə”, “cəmmənə” - danışıqda “cim” hərfıni (samitini) çox işlətmək, “şəyyənə” - damşıqda (yazıda) “şin” hərfıni çox işlətmək və s.
Qeyd edək ki, dilin sinonim vahidlərlə zənginləşməsində sözün semantik baxımdan inkişafının bir növü olan xüsusinin ümumiləşməsi kimi, ümuminin də xüsusiləşməsi العام تخصيص və mənanın daralması تضييق المعنى kimi amillərin də rolu az deyildir. Məsələn, vaxtilə البعير (dəvə) sözü həm الجمل (erkək dəvə), həm də الناقة (dişi dəvə) anlamını ifadə etmişdir. Sonra bu sözün mənası daralmış və o, yalnız الجمل sözünün sinoniminə çevrilmişdir. Elə məşhur orta əsr dilçisi İbn Mənni əs-Səqlinin də bu xüsusda rəyi belədir ki, müəyyən səbəblərdən الغنم sözü yalnız الضأن vahidinin sinonimi olub ancaq «qoyun» məfhumuna aid edilsə də, vaxtilə o, həm “qoyun”, həm də «keçi» isminə şamil edilərdi. Zaman keçdikcə, insanlar bu sözlərin arasındakı fərqi unudaraq onların mənasını darlaşdırmış və nəticə etibarilə ümumi məna xüsusiyə keçərək dildə sinonim vahidlərin yaranmasına gətirib çıxarmışdır [8; 89].
Maraqlı cəhət burasıdır ki, bugün orta əsr dilçilərinin العامة لحن (qara camaatın səhvi) səpkisində yazdıqları əsərlərində bu növdən olan minlərlə sözün yer aldığından bəhs edən müasir dilçilər də yox deyildir. Belə müasir dilçilərin rəyinə görə bu əsərlərin müəllifləri olan orta əsr dilçiləri mənanın daralmasını sözün semantik inkişafında deyil, sözün istifadəsi zamanı buraxılan səhvlərində axtarırdılar. Buradan belə qənaətə gəlmək mümkündür ki, orta əsr dilçiləri sözün mənasına dəyişməz bir hal kimi baxır, sözün etimologiyası və bir sıra tarixi amillərin sözün özünə etdiyi təsiri qəbul etmir və ya etmək istəmirdilər [4; 138]. Məsələ burasındadır ki, ərəb dilçiliyinin özündə XX əsrin 30-cu illərindən sonra rəvac tapmış sözə semantik inkişaf baxımdan yanaşılma məsələsi və bu problemin tədqiqini orta əsr ərəb müəlliflərinin əsərlərində araşdırmaq nə dərəcədə doğrudur?! Zənnimizcə bu mümkünsüzdür.
Eyni məsələni müasir dövr ərəb dilçiliyində araşdırsaq görərik ki, sözün mənasının daralması və ya konkret mənanın ümumilik kəsb etməsi məcaz yolu ilə, ərəblərin özlərinin مجاورة adlandırdıqları «yaxınlıq» üsulu ilə baş verir. Semantik baxımdan yaxın mənaları ifadə edən sözlər arasındakı fərqlər zaman keçdikcə unudulur və onlar sinonim vahidlərə çevrilirlər. Müasir dilçilər də sözün vaxtilə daşımış olduğu mənanı yeganə meyar hesab etmək fikrindən daşınır və həmin sözlərin hazırda kəsb etdikləri mənalardan çıxış edirlər. Elə bu baxımdan, bu məqamda hörmətli alim əz-Ziyadinin rəyi olduqca böyük maraq kəsb edir – «sözün ilkin (həqiqi) mənası ilə sonrakı (məcazi) mənaları arasında qəti bir hədd qoymaq mümkün deyildir. Sözün məna dairəsi daimi olaraq «hərəkətdədir» [9; 103].
Məsələn, elə alimin bu mülahizələri iddia etdikdən sonra gətirdiyi misallarda - klassik ərəb dilində biri digərinə sinonim mənada işlədilən المزادة və ية و الرا sözlərinin timsalında da bunun bir daha şahidi ola bilərik ki,المزادة vahidi vaxtilə “içərisində su saxlanılan qab”ı, ية و الرا isə “üzərində su daşınan dəvə və ya uzunqulaq” anlamında işlənsə də, zaman keçdikcə ية و الرا öz ilkin mənasını itirərək o da, «su qabı» mənasını kəsb etmişdir. Müasir dilçi bu faktın İbn Düreyd, İbn Sikkit və İbn Qüteybə tərəfindən də qeydə alındığını və onların da bu hadisəni sözün semantik inkişafı ilə əlaqələndirməyərək, onu «qara camaatın səhvi» kimi qələmə verdiklərini iddia edir [8; 109].
Məsələ burasındadır ki, bu və ya digər cütlüklərin gələcəkdə də müəyyən semantik dəyişikliklərə uğrayaraq yeni mənalar kəsb edəcəyi istisna olunmur. Belə ki, barəsində söhbət açdığımız cütlükləri bu gün müasir lüğətlərin birində izləyərkən ية و الرا vahidinin qeyd olunan mənalarla yanaşı, hətta “içki” məfhumunu da ifadə etməsinin, ikincinin isə ümumiyyətlə, orada yer almadığının, özünün həm ilkin, həm də məcazi mənasının itirdiyinin şahidi oluruq.
Yuxarıda qeyd etdiyimiz kimi, orta əsr dilçilərinin bir qismi sözlərin mənalarının inkişaf edərək dəyişməsi nəticəsində əmələ gəlmiş sinonimlərlə yanaşı onların səs tərkibində baş verən dəyişmə nəticəsində əmələ gələn sinonimlərin də olduğunu qeyd edirlər. Bəzi müasir dilçilər sözün səs tərkibinin dəyişməsi və ya əvəzlənməsi nəticəsində sinonimlərin yarana bilməsi fikrini qəbul etmir və ona qarşı çıxırlar. Məsələn, hörmətli professor Sübhi Saleh məşhur orta əsr dilçisi İbn Cinninin هتفت السماء və هتلت السماء cümlələrində verilmiş هتل və هتف feillərini sinonim kimi hesab etməsi ilə razılaşmayıb, yazır ki, bu feillər bir-biri ilə sinonim ola bilməzlər, çünki burada ya هتف feli هتل feilinin ف – ل səslərinin əvəzlənməsi, ya da هتل feli ikincininل- ف əvəzlənməsi nəticəsində yaranmış variantıdır. Müəllif bu məqamda öz fikrini qüvvətləndirmək üçün daha bir neçə misal gətirir və دعس، طعس، طعز، دعز طحس، طحز، دعظ feillərinin də bu qəbildən olmasından və onların hamısının vahid دعس feilinin səs əvəzlənməsi yolu ilə yaranmış müxtəlif variantlarından biri kimi çıxış edə bilməsindən bəhs edir [8; 321].
Onu da qeyd etmək lazımdır ki, orta əsr dilçilərinin səs əvəzlənməsi ilə sinonimlərin yaranmasının mümkünlüyünə ifadə olunan etiraz tək doktor Sübhi Salehin mövqeyi deyildir. Onun bu mövqeyi ilə digər müasir dilçilər, o cümlədən doktor Fəthulla Saleh əl-Mısri də həmrəydir. Belə ki, sonuncunun «əl-Ləhəcat» əsərində biz belə fikrə rast gəlirik:
...من المترادفات عند اللغويين القدماء ما تشابه في مبناها مع اختلاف حرف واحد فقط او ما توجد مطابقة في مبناها وحروفها مع اختلاف ترتيب الحروف... [5; 31].
«Orta əsr dilçilərinin rəyinə əsasən quruluşuna görə bir-birindən bir hərflə fərqlənən oxşar sözlər və quruluşca kök samitlərinin ardıcıllığı baxımından bir-birindən fərqlənən eyniköklü sözlər sinonimlərdəndir».
Müəllif fikrini əsaslandırmaq üçün bu müddəaya misal olaraqألبت السماء və هلبت السماء cümlələrini misal gətirərək yazır ki, ألب və هلب feilləri bir-birinə sinonim hesab edilə bilməzlər, burada ya «ه» hərfi «ء» ilə, ya da «ء» hərfi «ه» ilə əvəzlənmişdir və onlar bir-birinin variantlarıdır. Belə hadisə dildə «ibdəl» (əvəzlənmə) adlanır. O, صاعقة- صاقعة , جبذ - جذب sözlərini də sinonim kimi qəbul etməyərək deyir ki, eyni məna ifadə edən صاعقة və صاقعة , جذب və جبذ vahidləri də bir-birinin sinonimi ola bilməzlər, çünki onlar eyni sözün kök hərflərinin yerdəyişməsi nəticəsində meydana gəlmişlər və bu القلب «əl-qəlb» (yerdəyişmə) adlanan qrammatik hadisənin nəticəsidir [9; 31].
Biz orta əsr və müasir dövr ərəb dilçilərinin mülahizələri arasında bu cür ziddiyyətin səbəbi olmuş bu məsələyə müəyyən mənada aydınlıq gətirmək istəyirik.
Məlumdur ki, ərəb dilçilik tarixində «əl-qəlb» istilahından ilk dəfə istifadə edən dilçi Xəlil ibn Əhməd əl-Fərahidi olmuşdur [8; 297]. Lakin bu gün müasir ərəb dilçiliyində artıq formalaşmaqda olan rəyə görə, o, bu leksik hadisəyə semantik baxımdan yanaşmamış, ondan formal olaraq, yəni bir növ statistik vasitə kimi istifadə etmişdir. O, göstərmişdir ki, hər bir üç samitli kökdən metateza yolu ilə orta hesabla altı, hər bir dörd samitli kökdən isə iyirmi dörd söz yaratmaq olar. Beləliklə də əl-Fərahidi ərəb dilində milyonlarla sözün mövcudluğu fikrini məhz bu mülahizə ilə irəli sürmüş və ərəb dilində olan bütün sözləri المستعمل (işlənən) və المهجور (potensial) olmaq üzrə iki qismə bölmüşdür [8; 208].
Ərəb dilçiliyində «əl-qəlb» hadisəsinə ilk dəfə semantik baxımdan yanaşan alim isə məşhur orta əsr dilçisi ibn Cinni hesab olunur. Konkret dil materialları əsasında o, belə bir nəticəyə gəlmişdir ki, üç və ya dörd kök samitli sözlər, samitlərin ardıcıllığından asılı olmayaraq ümumi bir məna ifadə edirlər. Ədəbiyyatda bu mülahizəni sübuta yetirmək üçün çox zaman nümunə olaraq İbn Cinnidən bu məşhur misallar gətirilir:
...فمن ذلك تقليب ( ج، ب، ر) فهي اين وقعت للقوة والشدة. منها ( جبرت) العَظْم والفقير، إذا قويتها وشددت منها. والخبر الملك لقوته وتقوية غيره ومنها رجل (المجرب) إذا جرسته الأمور ونجدّته فقويت منته واشتدت شكيمته ومنه الجراب لأنه يحفظ ما فيه وإذا حفظ الشيء وروعى، اشتد وخوي وإذا أغفل وأهمل، تساقط ورذى ومنها (الأبجر والبجرة) وهو القوي السرة… ومنها (البرج) لقوته في نفسه وقوة ما يليه به. البَرَج لنقاء بياض العين وصفاء سوادها، هو قوة أمرها وانه ليس بلون مستضعف ومنها (رجبت) الرجل إذا عظمته وخويت أمره ومنه رجب لتعظيمهم اياه عن القتال فيه وإذا أكرمت النخلة على أهلها فمالت، دعموها بالرجبة وهو الشيء تسنده إليه لتقوى به والرجبة أحد فصوص الأصابع وهي مقوية لها ومنها (الرجاجى) وهو الرجل يفخر بأكثر من فعله … يعظم نفسه ويقوى أمره ...
Dostları ilə paylaş: |