d-Möhtəsibin Təyini:
İslam dünyasında möhtəsib, səlahiyyətli olduğu sahələrdə və bu sahəyə daxil olan hadisələrdə davamlı olaraq Müsəlmanları nəzarət altında tutmaq məcburiyyətindədir. Belə ağır bir vəzifəni icra etməsi səbəbdən onun özündə fərqli xüsusiyyətləri olmalıdır. Bu hal, keçmişdən bəri bir çox müəllifin diqqətini çəkdiyi üçün onların əsərlərinə166 mövzu təşkil etmişdir. Bəzi xırda fərqliliklər nəzərə alınmasa, demək olar ki, bütün müəlliflərin ortaq fikrə gəldikləri bu şərtləri; müsəlmanlıq, mükəlləfiyyət, kişi olmaq, ədalət, icazə, qüdrət, elm, elmilə amil olmaq, Allah rizası, vəra və təqva, gözəl əxlaq sahibi olmaq kimi maddələr halında yaza bilərik. Nəticə olaraq deyə bilərik ki, Möhtəsib, ağıllı, zəki, ziyalı, savadlı və üzü nurlu şəxslərdən seçilməlidir.
İslam dünyasında böyük bir səlahiyyətə sahib olan möhtəsib, bütün bu vəzifələri təkbaşına yerinə yetirə bilməzdi. Onun üçün, keçmişdən bəri möhtəsiblər, onlara tabe olaraq işləyən bəzi köməkçilər götürmüşlər.167 Fərqli ixtisasa sahib olan bu köməkçilərə “arif”, “əmin”, “qulam”, “avn”, və “xəbərçi” kimi adlar verilirdi. Bu köməkçilərin seçilməsi də şəxsən möhtəsib tərəfindən olurdu.168
Köməkçiləri, vəzifələrində diqqət göstərmələri, hərəkət və davranışlarında həddi aşmamalı idilər. Şəhərlər böyüyüb, iqtisadi həyat inkişaf etdikcə möhtəsibin köməkçiləri də çoxalırdı. Bu səbəbdən daha əvvəllər bir və ya bir neçə nəfər olan köməkçi sayı, Osmanlılar dövründə getdikcə artmışdır. Demək olar ki, iqtisadi və ictimai həyatın inkişafı ilə əlaqəli olan və təzə-təzə ortaya çıxan sənət və peşələr, ihtisaba tabe olan qrupun sayında artıma səbəb olurdu.
İhtisab Nəzarəti təşkil edildikdən sonra, hər yönü ilə inzibatı təmin etmək məqsədilə bir qism başqa vəzifəli qrupun da köməkçi qəbul edildiyi görünür. Ehtisab Rəisliyi nizamnaməsində bildirildiyinə görə bunlar: Bostançıbaşı, memarbaşı, hamam işçiləri, hamballar və yazıçı kimi vəzifəlilərlə, məhəllələrin əhali sayı və yoxlamasını aparan məhəllə qeydiyyatçıları, bəzən də məhəllə imamlarıdırlar.
Nəticə olaraq bunu deyə bilərik ki, İslamiyyətin doğuşundan etibarən bütün müsəlman dövlətlərdə davam edən İhtisab təşkilatlarının bünövrəsi, Qur’andakı “əmr bil-maruf və nəhy anil-münkər” prnsipinə əsaslanır.
Bütün bu söylənilənlərdən başa düşüldüyünə görə İslam, ədalət anlayışının yayılması və haqsızlıqların ortadan qalxması üçün lazımlı tədbirlər görməkdən çəkilməmişdir. Bu anlayışın (ədalətin) yerləşməsi üçün də bir-birinə bağlı üç mühüm təşkilatı hərəkət etdirmişdir. Bunlar qəza (məhkəmə), məzalim və hisbədir. Beləliklə cəmiyyət və təşkilatlar bunların səmərəsinə hər cür haqsızlıq və zülümdən qurtulmuş olurdu. Bu üç təşkilat, İslam cəmiyyətinin ədliyyə və məhkəmə ehtiyaclarını təminat altına almaq məqsədilə müştərək işləyib ortaq nöqtələrdə birləşirdi.169
VII F Ə S İ L İSLAM MƏDƏNİYYƏTİNDƏ DİNİ TƏŞKİLAT
1-ŞEYXULİSLAMLIQ
A-Şeyxülislamlığın Mahiyyəti
Hicri IV (miladi X) əsrin ikinci yarısında meydana çıxan “Şeyxülislam” sözü, fəqihlər arasındakı ixtilaflı məsələləri həll edə bilən İslam alimləri üçün, bir şərəf ünvanı olaraq işlədilmişdir.
Həmin adı almağa haqq qazananları üç kateqoriyada incələyə bilərik:
-
Sadəcə öz zamanlarındakı bir şəhər xalqı tərəfindən bu ünvan verilənlər.
-
“Şeyxülislam” ünvanı ilə hər tərəfdə məşhur olanlar.
-
Fitva ilə icazətnaməni birgə verə bilən və həmin adla məşhur olanlar.170
Bu müəssisənin yaranmasını, tək və müəyyən bir səbəbə bağlamaq mümkün olmadığı kimi başqa dinlərdəki ruhani riyasətin təqlid edilməsi ilə izah etməyə səy göstərmək tamamilə xüdpəsənd bir fikir olar. Çünki İslamın din və dövlət anlayışı ilə Xristianlığın din və dövlət anlayışı arasında böyük fərqlər vardır. İslam, müntəsiblərindən həm dini, həm də dünyəvi vəzifələr gözləyərkən; xristianlıq sadəcə üxrəvi vəzifələr gözləyir. Bunun üçün, bu iki müəssisəni bir-biri ilə müqayisə etmək heç vaxt doğru olmadığı kimi, şeyxülislamlığın, patrikliyin bir təqlidi olaraq ortaya çıxdığını söyləmək, əsla düzgün sayıla bilməz.
Şeyxülislamlığın yaranma səbəbini tək bir məsələ ilə əlaqələndirmək əvəzinə, tarixi hadisələri incələmək və bu yolla bir nəticəyə gəlmək daha doğru olar. Bunun üçün də məsələyə tarixi hadisələr cəhətdən baxmaq lazımdır. Osmanlı dövründə II Murad dövründə yaşayan və ilk şeyxülislam olaraq qəbul edilən Molla Fənarinin (1424-1431),171 belə bir vəzifəyə təyin edilməsi, diqqəti cəlb edir. Dövlətin, dini və siyasi bir xaos içində olduğu bir dövrdə taxta keçen II Murad belə şəraitdə, əxlaqi, elmi və dini səlahiyyəti bütün məmləkət tərəfindən qəbul edilən böyük bir alimə ehtiyac olduğunu fikirləşmişdi. Eyni şəkildə həmin şəxsin, xalqı bütün yanlış cərəyanlardan qoruya biləcək bir nüfuza sahib olması və camaat ilə dövlətin dini məsələlərini həll etməsi lazım gəldiyinə inanmış olmasıydı. Digər tərəfdən Fitvaların tək kanaldan və rəsmi sifəti olan bir şəxs tərəfindən verilməsi ehtiyacı hiss edilirdi.
Beləliklə ilk dəfə bu vəzifəyə təyin edilən Molla Fənarinin şəxsində “Şeyxülislamlıq” ünvanı ilə bir müəssisə təsis edilmiş oldu.
Tarix arxivlərindən aydın olur ki, Şeyxülislam, digər dövlət ərkanı üzərində böyük bir nüfuza malikdir. Buna əsaslanaraq, Fateh Sultan Məhməd və Sultan Süleyman Qanuni dövründə şeyxülislamın bütün məmurlar sinfinin ən yüksək nöqtəsində olduğu qeyd edilir.172
XVI əsrdən etibarən əhəmiyyəti daha da artan şeyxülislamlıq məqamı, mənən sədrəzəmlikdən (başnazirlik) daha üstün qəbul edilirdi. Təyini bilavasitə padşah tərəfindən olan şeyxülislam, xüsusən idarənin zəif zamanlarında və ya hər hansı bir üsyan baş verəndə, padşah əleyhinə Fitva verə biləcək qorxusuyla daima ondan çəkinmişlər. Çünki Osmanlı padşahları, xalq üzərində keyfi istəyən təsərrüfatçılıq haqqına sahib deyildilər. Üzdə hədsiz səlahiyyətlərə malik kimi görsənsələr belə, həqiqətdə bəzi qanunlar ilə səlahiyyətləri məhdutlaşırdı.173
İdari məxanizmdə dini əsl, dövləti də onun fəri qəbul edən bir dövlətdə bu vəziyyət normal qarşılanmalı idi. Həmin anlayışın bir nəticəsi o olmuşdu ki, tətbiq edilməsi istənilən hər cür qanun və nizam haqqında, birinci şeyxülislamdan, bunun şəriətə uyğun gəlib-gəlmədiyinə dair Fitva alınardı.174
İlk şeyxülislam Molla Fənarinin təyin tarixi olan 1424-1425-ci il tarixdən etibarən, Mədəni Məhmət Nuri Əfəndinin (1920-1922=1339-1341) istefa tarixi olan 26 Sentiyabr 1922- ci ilə qədər “Məşihatı-İslamiyyə müəssisəsi, fasiləsiz 498 il davam etmişdir.
Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. 175 Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Məhməd Nuri Əfəndinin (1920-1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi.
Elmiyyə sinfinin rəisi və dini lider olmaqla birlikdə, şeyxülislamın təyini, şəxsən dövlət başçısı olan padşah tərəfindən edilirdi. Bu təyində çox vaxt sədri-əzəmin da (baş nazir) müəssir olduğu məlumdur. Şeyxülislamın kim olacağı qərarlaşdırıldıqdan sonra, vəziriəzəm, o şəxs haqqında təlhis deyilən ərizəni padşaha təqdim edər; bundan sonra, şeyxülislam olacaq şəxs, saraya və ya Paşaqapısına dəvət olunub sədriəzəmlə birlikdə saraya gedərdilər. 176
Bəzi şəxslərin bu vəzifədə uzun müddət qalmalarının əksinə olaraq başqa bir qismi də çox az müddət bu vəzifədə qala bilmişdir.
Başlanğıcda vəzifəsi, sadəcə dini məsələlər üzərindəki tələblər haqqında Fitva verməkdən ibarət olan şeyxülislamın, bu hökmlər haqqında heç bir icra səlahiyyəti yoxdu. Bununla birlikdə, heç bir hakim, onun verdiyi Fitvanı rədd etməyə cürət edə bilməzdi.177
b-Şeyxülislamın Vəzifə və Səlahiyyətləri:
Başlanğıcda vəzifəsi, sadəcə şəriət məsələləri üstündə tələblər haqqında Fitva verməkdən ibarət olan şeyxülislamın, bu hökmlər haqqında heç bir səlahiyyəti yox idi. Bununla bərabər heç bir qazı (hakim), onun verdiyi Fitvanı rədd etməyə cürət edə bilməzdi. 178
Şeyxülislamın Fitvaları, daha sonra sadəcə ümuma xitab edən siyasi sahələrə həsr edilmişdir deyə bilərik. Bundan ötrü dövlətdə, bütün xalqı əlaqələndirən xüsuslarda mütləq şeyxülislamın Fitvası lazım idi. Beləcə şeyxülislam, Fitvaları ilə dövlətdə qanunların qoyulması vəzifəsini də üstünə götürmüşdür deyilə bilər.
Qərarnamələri tətbiq edə bilmə imkanına malik olmayan və eyni zamanda Divan üzvü də olmayan şeyxülislama, mühüm məsələlərin qaldırılması və müzakirəsi əsnasında müraciət edilərdi. Hətta bəzi dəfə, şeyxülislamlar heç kimə xəbər vermədən divana girib istədikləri mövzu haqqındakı söhbətlərdə iştirak edə bilərdi.179
Dövlət təşkilatında içindəki vəzifəsi, əvvəlləri sadəcə Fitva vermək kimi bir sahəyə təxsis edilən şeyxülislamların bu vəzifəsi, İbn Kamal və Əbüs-Süud Əfəndi kimi hər tərəfli elmi biliyə malik alimlərin yetişməsi ilə daha da əhəmiyyət kəsb etməyə başladığı üçün səlahiyyət sahəsi də buna parelel olaraq genişlənmişdir. Bundan sonra, xüsusən XVI əsrin ikinci yarısından etibarən elmi nüfuzun şeyxülislamlara verildiyinə şahid olunur.180
Şeyxülislamlığın ən yüksək bir müəssisə olduğunun bilinməsi və qadıəskərlərlə vəziri-əzəmlərin haqsızlıq etmələrinin qabağını almaq üçün qadılar və qadıəskərlərin təyin işləri şeyxülislamlara verilmişdi. XVII əsr sonları ilə XVIII əsrdə vəziriəzəmin müvafəqətinin alınması sadəcə məvali və qadıəskərlərin təyinlərinə həsr edilmiş ancaq digərləri üçün belə bir şərt olmamışdır.181
Beləcə şeyxülislam, günümüzün həm ədliyyə, həm də təhsil nazirlikləri vəzifələrini icra etdiyi kimi, Dini İşlər İdarəsinin başçılığını da yerinə yetirirdi. Bütün bu vəzifələrə məsul olan şeyxülislam, sadəcə müəyyən bəzi təyin və Fitva işlərinin tədvini ilə də kifayətlənmirdi. O, mədrəsələrin (məktəblərin) idarə və yoxlanışına da məsul idi.182
Divanı-hümayün üzvi olmayan şeyxülislamların məclisə daxil olması, II Murad (1808-1839) dövrünə təsadüf edir. Bu dövrdə qadıəskərlər məclisdən çıxarılmış, onların yerinə şeyxülislam gəlmişdir. Tənzimatın elanından 1908–ci ilə qədər nazirlər kimi dəyişdirilə bilən şeyxülislamlar, bu tarixdən sonra qəbinət ilə dəyişdirilməyə başlanmışdır. 183
Tənzimatla birlikdə bir nazirlik dərəcəsinə endirilən şeyxülislamlıq müəssisəsi məqamı, 1876-cı ildə Mithət Paşa tərəfindən elan edilən Qanuni-Əsasinin 27-ci maddəsinə görə ona tanınan səlahiyyətə əsasən o biri nazirlərə olan üstünlüyü muhafizə edildi.
Şeyxülislamlıq məqamının dövlət təşkilatı daxilində əhəmiyyəti, çox yüksək səviyyədə idi. Həmin əhəmiyyət dövlət protokolunda öz əksini tapırdı. Bu mənada şeyxülislam, zamanın İmam Əbu Hənifəsi (H. 80-150) kimi təşrifat üstü qəbul edilərdi.
c-Şeyxülislamın Kollektivi:
Osmanlı dövlət təşkilatında mühüm bir yeri olan şeyxülislamların, XVIII əsrə kimi bəlli və hərkəs tərəfindən bilinən xüsusi bir məkanları (ofisləri) yox idi. Şeyxülislam olaraq təyin edilən şəxsin yaşadığı yer uyğundursa öz yerində, deyilsə uyğun başqa bir məkana keçərək orada vəzifəsini icra edərdi.
Osmanlılarda XVIII əsrin sonlarına doğru başlayan idari müasirləşmənin nəticəsi olaraq, zaman-zaman rəisi şeyxülislam olan idari bir bölmə meydana gəldi. Daha əvvəl müəyyən bir otağı olmayan şeyxülislama, Tənzimat dövründə Yeniçəri Ağasının ofisi təxsis edildi. Sonralar buraya “Şeyxülislam qapısı” və ya “Babı-Fitva” deyilməyə başlandı.184
Dövlət təşkilatı içindəki vəziyyət, səlahiyyətinə və vəzifəsinə paralel olaraq şeyxülislamın idarəsi altında işləyən bir çox məmurlar kadrı təşəkkül etmişdi. Bir çox məmurun yanında, başlarında “Fitva Emini”olan və çox mühüm bir ofis olan Fitva qələmi vardı. Bu ofisdə müxtəlif işlərə baxan məmurlar vardı. İdarənin başında olan “Fitva Əmini”, fiqh, yəni İslam hüququnu mükəmməl bilən bir şəxs olardı ki, istənilən Fitvanı tapmağa məsul idi. Bu şəxsin idarəsində də iyirmiyə qədər katib olar və bunlar verilən Fitvaları yazardılar.185
2-İMAMLIQ
a-İmamlığın Mahiyyəti
İnsanları doğru yola sövq etmək və başqa sözlə onlara dünya və axirət səadətini daddırmaq üçün, zaman-zaman peyğəmbər adı verilən elçilərini göndərən Allah, insanlara bu elçiləri vasitəsilə əmrlərini bildirmişdir. Bu əmrlər Allah tərəfindən göndərilən Kitab və Səhifələrdə yazılmışdı. Peyğəmbərlərin vəfatlarından sonra da əmr və qadağalarına uyulması üçün bəzi adamlara bu sahədə çalışma imkanı və asanlığı verilmişdi. Müxtəlif dinlərə görə müxtəlif adlar alan bu zümrə ümumiyyətlə “Din xadimi” sinfi adlandırıla bilərdi.
Qurani-Kərimin yeddi yerində müfrəd (tək), beş yerində də cəm olaraq keçən “imam” kəlməsi lüğətdə “qabağa keçmək”, “rəhbərlik etmək” və “idarə etmək” mənalarına gəlir. Başqaları tərəfindən rəhbər qəbul edilən, eləcə də tabe olunan şəxslərə imam deyilir.
İslami ədəbiyyatda dövlət başçısı, dini elmlərdə cığır açmış, yaxud məzhəb qurmuş şəxsiyyətlər, ictimai və dini işlərdə rəhbərlik edənlərə, eləcə də camaata namaz qıldıran şəxslərə də imam deyilir. Bütün bu fərqli vəzifə və funksiyalara baxdığımız zaman hansısa bir mövqedən insan birliyinə-camaata rəhbərlik etmə kimi ortaq bir nöqtənin olduğunu görürük. Dini ənənə imamət terminiylə dövlət başçılığı (imaməti-kubra) və camaatla namaz qıldırma (imaməti-suğra) nəzərdə tutulur.
Ayələrin işığı altındakı mənasına gəlincə bu: “Nümunə, işarət, misal və rəhbər”dir. Elmi istilah olaraq da müxtəlif mənalar ifadə edən həmin kəlmənin bütün bu yönlərini indilik bir kənara qoyub sadəcə namazda müsəlmanların tabe olduğu adam (imaməti-suğra) mənalarına toxunacağıq.
Fiqh termini olaraq imam, camaatın önünə keçib namaz qıldırandır. İmamın bu vəzifəsinə də “imamət” deyilir. İstər Hz. Peyğəmbər (səs), istərsə də ondan sonra gələn Rəşidi xəlifələr bu vəzifəni etmişlər. İmamlıq, fəzilətli bir vəzifədir. Bu səbəblə də o, dini nöqtəyi-nəzərdən ən xeyirli və şərəfli məsləklərdən biri sayılmışdır. Bu baxımdan toplumda, bilikli, əxlaqlı, dirayətli (hər tərəfli elmi biliyə malik) və qiraəti düzgün olan kimsələrin bu vəzifəni öhdəsinə götürməsi lazımdır. Beləliklə o, müsəlmanların tərbiyə və irşadında təsirli rolunu yerinə yetirmiş olur. İmam ola bilmək üçün bəzi xüsusiyyətlərə malik olması lazımdır.
Dostları ilə paylaş: |