AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ


b-İmamın Vəzifə Və Səlahiyyətləri



Yüklə 1,82 Mb.
səhifə9/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

b-İmamın Vəzifə Və Səlahiyyətləri

Müasir dövrümüzdə mehrab ilə minbər arasına sıxışdırılmış olan imamın təsir və səlahiyyətləri başlanğıcda bu qədər dar deyildi. O, sosial həyatın ən əhəmiyyətli ünsürlərindən biri olduğu üçün daha geniş səlahiyyətlərə sahib idi.

Xüsusilə Osmanlı dövrü şəhərinin toplum həyatında əhəmiyyətli bir mövqeyə sahib idi. Məhəllənin hər şeyi ondan soruşular, onun xəbəri olmadan məhəlləyə və ya kəndə xarici bir adam girə bilməzdi. Ölüm və doğumların qeydiyyatlarını o aparardı. Məhəllənin ümumi əxlaqi dəyərlərinin qorunmasına I dərəcəli məsul idi. Çünki məhəllə imamı hakimin vəzifə və təmsilçiliyini yerinə yetirirdi. Məkana görə bir vəzifə təqsimi ediləndə qazı-naib-imam sırası nəzərdə tutulurdu.

Osmanlılarda, məhəllə idarəçisi olan imamlar, müasir dövrümüzdə olduğu kimi namaz qıldırıb öz guşələrinə çəkilmirdilər. Onlar, məhəllənin görən gözü, eşidən qulağı idilər. Qəhvəxanalarda öyüd-nəsihət verər, uşaqlara dərs deyər, camaata yol göstərər, xəstə və kasıblarla əlaqə saxlayardılar. Bununla bərabər onlar, yalnız dini bir rəhbər, tələbələrə dərs deyən bir müəllim, qəhvəxana və minbərlərdə camaata yol göstərən bir bələdçi deyildilər. Onlar məhəllələrin nizam-intizamından xalq arasındakı ahəng və sülhə də məsul bir idarəçi idilər. Demək olar ki, məhəllələri onlar idarə edirdilər.186

Pis işləri aşkar olanlar, araq içənlər və namaz qılmayanların məhəllələrə buraxılmaması kimi bir sıra vəzifələr bilavasitə imamlardan tələb edilərdi. Onlara bu vəzifələrini bildirən əmrlər verilərdi.

Məhəllə xalqı tərəfindən yığılıb imama təqdim edilən və “əvariz axçası” deyilən bir növ yardım sandığı vardı ki, burada yığılan pul ilə məhəllədəki xəstə və fağırlara yardım edilərdi. İmamlar bu pulu işlətməklə fağırlara yardım etdikləri kimi, məscid və məscidin xırda ehtiyaclarını da ödəyərdilər. Son illərə qədər davam edən bu fəaliyyət sayəsində məmləkət fağırlarına mühüm dərəcədə yardım edilirdi. Az da olsa onların çətinlikləri azaltmağa çalışılırdı.

Müxtəlif bölgə və xronikaçıların bildirdiklərinə görə məhəllə aralarındakı küçələrin süpürülüb təmizlənməsinə məhəllə xalqı; bazardakı küçələrin təmizlənməsinə sahibkarlar məsul sayılardı. Keşik çəkərək və bəzən də iməciliklə xalqa bu xidməti gördürmək məhəllədə imam, bazarlarda isə sahibkar başçıları tərəfindən yerinə yetirilərdi.

İmamların bu vəzifələri o qədər mühüm və mütəmadi bir vəziyyət almışdı ki, şəhər mərkəzində qazılıq (hakimlik) müəssisəsi böyük bir sarsıntıya uğrayıb funksiyasını itirdiyi halda, həmin müəssisənin aşağı təbəqəsindəki təmsilçisi olan məhəllə imamlarının vəziyyəti o qədər sarsılmamışdı.187 Bununla bərabər məmləkətdə bu dərəcə mühüm xidmətləri yerinə yetirmiş olan imamların səlahiyyətləri vaxt keçdikcə kiçildilmişdi.

Qəzet, radio, televiziya və s. kimi media vasitələrinin olmadığı bir dövrdə dövlət hər cür əmr və qadağalarını imam ilə, məscid vastiəsi ilə xalqa çatdırardı. Bunun sayəsində dövlət, məmləkətin hər yerinə eyni zamanda (yatsı namazı vaxtı) istədiyi əmri çatdıra bilərdi. Çünki, məhəllədə yetkinlik yaşına çatmış olan bütün kişilərin yatsı namazı vaxtında məsciddə toplanacağı məlum idi. Bildirilməsi tapşırılan hər bir əmrin mövcud olması halında imam, günün son ibadəti olan yatsı namazından sonra belə deyərdi:

-Ey camaat! Dağılmayın. Hökümətin əmri vardır. İndi sizə elan edəcəyəm”

Bunula da dövlətin Tapşırığını yerinə yetirərdi.188

Müasir dövrümüzdəki vəzifə və səlahiyyəti çox yaxşı bildiyimiz imamlıq, əsrlərcə islam aləmində mühüm rol oynamış və çox əhəmiyyətli işlər görmüşdür.


3-NƏQİBUL-ƏŞRAFLIQ
a-Mahiyyəti
Bir tərəfi ilə idari digər tərəfi ilə ədli təşkilata bağlı olan müəssisələrdən biri də “nəqibul-əşraflıqdır.” Biz bunu dini təşkilatların tərkibində izah etməyi daha uyğun saydıq.

Bir cəmiyyət, bir camaatın və ya bir qəbilənin nəsəb və vəziyyətlərini, ən yaxşı bilən, onların başçısı və ya vəkili olan kimsəyə “nəqib” deyilir. İslam tarixində bunun ilk tətbiqi Hz. Peyğəmbərin (səs) “ikinci əqəbə bey’əti” sırasında onun vəzifə verməsi ilə başlamışdır. O, Xəzrəci təmsilən doqquz, Övsi təmsilən üç naqibə vəzifə vermişdi.

İslam tarixinin sonrakı dövrlərində Hz. Peyğəmbərin nəvələrinin soyundan gələnlərlə maraqlanan və bu istiqamətdə siyasi nüfuz ilə münasibətdə olanlara “Nəqibul-Əşraf” deyilmişdir.

Osmanlı dövründə alimlər qrupuna göstərilən hörmətdən daha çoxu Hz. Peyğəmbərin (səs) soyundan gələnlərə göstərilirdi. İslam dünyasının hər dövründə və hər ölkəsində buna riayət edilərdi. Bunun üçündür ki, Osmanlılar Misiri fəth etdikdən sonra Yavuz Sultan Səlim dövründə “Xadimül-hərəmeyni-şərifeyn” ünvanını almalarına və bu tarixdən sonra Məkkə və Mədinə (Hicaz) ilə sıx əlaqədə olmalarına baxmayaraq hələ Yıldırım Bəyazid (1389-1402) öz dövründə Nəqibul-Əşraf təyin etmişdir.189


b-Vəzifəsi

Vəzifəsi, Hz. Peyğəmbər nəslindən gəlmiş olan “seyyid”190 və “şərif”lərin191 işlərinə baxmaq, nəsəblərini qeyd və mühafizə etmək doğum və ölümlərini dəftərə qeyd etmək, onları adi bir sənətə girməkdən və pis hallarda olmaqdan qorumaq, hüquqlarını mühafizə etmək, sülalədən olan qadınların bərabəri olmayanlarla evlənmələrinə mane olmaq kimi xüsusları ehtiva edən naqibul-əşrafın bilavasitə özü də Hz. Peyğəmbərin (səs) soyundan gələnlərdən təyin edilərdi.

Hər bir müsəlman ölkədə varlığı bilinən nəqibul-əşraflıq təşkilatının gördüyü xidmətlər də demək olar ki, eynidir. Necə ki, Misirdə naqibul-əşraf Hz. Əlinin (ra) zövcəsi olan Fatimatüz-Zəhra (r.anha) övladından olanlara nəzarət edərdi. Onlar nəsəblərini təhqiq və təftiş edər, aralarındakı anlaşılmazlıqları həll edib qərar verər və onları qeyri-əxlaqi hallardan çəkindirərdi. Fatimilər dövründə həmin məqama “niqabətu-talibin” deyilərdi.192 Hz. Peyğəmbərin (səs) nəslindən gələnlərin Anadolu Səlcuqiləri zamanında da mövcud olduqlarını vəsiqələrlə təsbit edən bir araşdırmaçı onların yer üzünə dağılma səbəblərini belə izah edir:

“Vəsiqədə, Sədrəddin Yusifin əsaləti, nəsəbinin səhhəti və dindarlığı qeyd edilərək Səlcuqi Türkiyəsinin Seyyidləri rəisliyinə təyin edildiyi, keçmişdən olduğu kimi onun, övladı və nəvələri üçün məişət təmini olmaq üzrə daimi geniş təxsis edilib ona bağışlandığını, seyyidlərin əhvalını qorunması, nəsəbi səhih olan seyyidlərə riayət edilməsi... Əməvi və Abbasi dövründə meydana gələn xilafət mübarizələrindən ötrü bir çox təzyiqlərə düçar olan Hz. Peyğəmbər övladı (seyyid və şəriflər) İslam dünyasının hər bir tərəfinə yayılmışdı. Bunlar, çox etibar görür və dövlətlər onlara xüsusi maaş verirdilər.”193

İslam aləmində, seyyid və şəriflərə göstərilən bu rəğbətdən ötrü bir çoxları özünün seyyid olduğunu iddia edirlər. Hər yerdə və hər zamanda görülməsi mümkün olan bu cür iddiaların qabağını ala bilmək və həqiqi seyyid ilə mütəseyyidləri (seyyid olduğunu iddia edən) bir-birindən ayırmaq işinə çox əhəmiyyət verilməli oldu. Bunun üçün də yeni doğulan hər seyyidin nəsəb dəftərinin tutulması, adının qeyd edilməsi və ana-atasının da müəyyənləşdirilməsi lazım gəldi.

Osmanlı dövlətində bu iş daha ciddi aparıldı. Bunların (seyyid və şərif), dəftərlərə qeyd edildikləri kimi əllərinə də “təməssük” deyilən və onları tanıdan bir vəsiqə verilirdi.

Nəqibul-Əşraflıq gördüyü xidmətlərdən ötrü ən yüksək məqamlarda sayılardılar. Ona görə də xəlifələr tərəfindən həmin vəzifəni idarə edənlərə yazılan bəraat və fərmanlarda məqamın şanına uyğun ifadələr işlədilərdi. İslam tarixi boyunca müsəlman ərəb və türk dövlətlərində siyasi nüfuzlar nəqibul-əşrafa böyük hörmət göstərmişdilər. Necə ki, Osmanlı dövlət təşrifatında nəqibul-əşraf digər bütün dövlət ərkanına təqəddüm edərdi. Bu səbəblə padşah ilk taxta çıxanda onu ilk təbrik edən nəqibül-əşrafdır.

Osmanlı dövlət və cəmiyyət həyatında böyük bir yeri olan nəqibul-əşraflıq müəssisəsi, adı çəkilən dövlətlə birlikdə tarixə qovuşmuşdur.194


VIII F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNDƏ

HƏRBİ TƏŞKİLAT


SÜLH VƏ CİHAD
Müasir İslam dünyasındakı hərbi təşkilatın əsası “cihad” fikrindən qidalanır. Bu səbəblə biz təşkilatın tarixi gedişatı içindəki quruluş və inkişafına keçmədən əvvəl cihadın nə olduğuna və necə anlaşılması lazım gəldiyinə qısaca toxunmaq istəyirik ki onun həqiqi mahiyyətini açıqlayaq.

Cihad-adından da anlaşılacağı kimi “İslam”, “sülh”, “salamat” və “əmin-amanlıq” mənalarına gəlir. Bu baxımdan müsəlman olan hər kəs hər şeydə özündən əmin olan, özünə güvənən bir şəxsiyyətdir. Hz. Peyğəmbərin (səs) hədisi-şəriflərində də müsəlman belə qiymətləndirilir. Bu baxımdan dəyərləndirildiyi zaman İslam dini və bu dinə bağlı olan insanların meydana gətirdiyi cəmiyyət güvənilən bir toplum deməkdir. Həqiqətən, indi də anlayış fərqliliklərinə, əxlaqi dəyərlərin dəyişilməsinə baxmayaraq, əmr edilən şəkli ilə İslamı yaşayan bir insana güvənilir. Çünki, belə bir insan hər cür hərəkət və davranışlarının Allah tərəfindən yoxlanıldığını, yaxşılığın hər zaman yaxşılıq, pisliyin də kimə və nəyə qarşı işlədilərsə-işlədilsin həmişə pislik olaraq qalmasını və özünün buna görə əvəz görəcəyini bilir. Bu səbəblə o, bütün davranışlarında islamın qoyduğu prinsiplərə uyğun hərəkət etmək məcburiyyətindədir.

Bilindiyi kimi, İslam həyatın bütün mərhələlərini əhatə edən prinsipləri ortaya qoymuşdur. Bu səbəblə müsəlman həyatının hər bir mərhələsində ondan bir hissə tapır. Bax, bu prinsiplərdən biri də müasir dövrümüzdə ən çox yanlış başa düşülən “cihad”dır. Yanlış başa düşülən deyirik ona görə ki, cihad kəlməsini eşidən bir çox adam bunun sadəcə müharibə etmək və adam öldürmək olduğunu fikirləşir. Halbu ki, islam tarixinə baxdığımız zaman vəziyyətin heç də belə olmadığına şahid oluruq.

Necə ki, İslam peyğəmbəri, on il içində Mədinədən Ərəbistan yarımadasını tamamilə istər Fələstin, istərsə də İraqın cənub qismlərini fəth etdi. Bu, müasir dövrümüzdəki Rusiyadan savayı demək olar ki, Avropa qitəsi böyüklüyündə bir torpaq parçası deməkdir. Həmin dövrlərdə, üzərində milyonlarca insanın yaşadığı bu torpaqların fəth edilməsi, müharibələrdə 150 insan ömrü bahasına əmələ gəlmişdir. Bu müharibələrdə şəhid düşən müsəlmanların sayı isə orta hesabla ayda bir nəfərdir. İnsan qanına verilən bu dəyərin insanlıq tarixində başqa bir oxşarına daha rastlanmayacağı insaf sahibi ağıllı hər kəs tərəfindən qəbul edilir.

Bundan başqa, fəthlərin sürəti, fəth edilən yerlərdə yaşayan insanların isə tam mənası ilə bu yeni mədəniyyət və imana uyğunlaşdırılmaları, bu arada Hz. Peyğəmbərin (səs) vəfatından sonra 15 illik qısa bir müddət ərzində tam bir qarışıqlıq halından islam sülh və salamatının həqiqət olduğunu sübuta yetirmə şərəfi qazanmış və Mədinə baş şəhər olmaqla üç qitədə hökmran olmuş ordulara komandirlik edən zabit kadrlarının yetişdirilməsi kimi insanı heyrətə gətirən və bununla bərabər diqqətləri cəlb edən daha bir sıra xüsusiyyətlər vardır.195

Kəlmə olaraq “cihad”, insanın güc və enerjisini sərf etmək deməkdir. Termin olaraq isə ümumi və xüsusi olmaqla iki şəkildə işlədilir:

a-ümumi mənası:

Allahın dininə yardım etmək üçün cəhd etmək, mal və can daxil bütün vasitələrə əl ataraq Allahın dinini müdafiə etmək üçün çalışmaqdır. Quranın “Ənkəbut” surəsi 69-cu ayə buna işarə edir.

b-xüsusi mənası:

Meydana gələ biləcək müharibələrdə istər can, istər mal və istərsə də digər vasitələrlə çalışaraq bütün gücünü Allah yolunda sərf etmək deməkdir.

Hər iki mənanı da əhatə edən bir hədisi-şərif vardır ki, belədir:

“Bir dəfə “Ya Rəsulullah! İnsanların ən fəzilətlisi kimdir?”- deyə soruşulmuş o da belə cavab vermişdir:

Allah yolunda canı və malı ilə cihad edən mömindir.”196

Bu ifadədən də başa düşüldüyü kimi cihad, yalnız Allah yolunda və Onun rizası üçün edilir. Qur’anda bu mənada bir çox ayə mövcuddur. Deməli cihad, zorla başqalarına islamı qəbul etdirmə kimi bir məqsədi əsla güdmür. güdməməkdədir. Necə ki, Qurani-Kərimdə belə buyurulur:



“İnsanları, Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et.” Onlarla mücadiləni ən gözəl yol (metod, üsul) hansı isə onunla et.”197

Eyni şəkildə Qur’ani-Kərim belə bir prinsipi də güdür:

Dində zorakılıq yoxdur”198. Bu səbəblə İslam dini, tarix boyunca zorakılıq və güclə müsəlmanlaşdırma kimi bir hadisəyə yol verməmişdir. Zühurundan bu günə qədər keçən zaman ərzində bircə adam belə bundan kənara çıxma halı olan hadisəyə ahidlik etmək imkanına malik deyildir.

İslam müsəlmanların fəth etdiyi torpaqlarda yaşayan heç bir kimsənin zorakılıqla dinə daxil olmasına icazə verməz. O, hər kəsi inanc və fikirlərində azad buraxır. Haqq ilə batilin nələr olduğunu, inanclar arasındakı orta və doğru yolun hansı olduğunu bildirməklə kifayətlənir. Zorakılıq nəticəsində müsəlman olma keyfiyyətinin islami bir hərəkət olmadığını da izah etməkdən çəkinmir.

Hammer, Osmanlı padşahlarından Yavuz Sultan Səlimin bir əmrinə qarşı Şeyxülislam Əli Camali Əfəndinin Osmanlı torpaqlarındakı xristianları necə qurtardığını belə izah edir:

Padşahın bir gün durduğu yerdə, islamı öz nümunəviliyi iləmi, yoxsa təzyiqləmi dünyaya qəbul etdirməyin daha uyğun və doğru olacağı sualına cavab olaraq şeyxülislam tərəfindən ikinci bəndə üstünlük verilir hökmdar torpaqlarında xristianlığın qadağan edilməsini, müsəlman olmaq istəməyənlərin də edam edilməsini əmr edir. Gözləmədiyi bu nəticə qarşısında Əli Camali Əfəndi, Sədri-əzəm Piri Məhməd Paşa ilə razılaşaraq Rum patrikinin kollektivi ilə birlikdə Ədirnədə görüş təşkil edir. Patrik, Fateh Sultan Məhmədin İstanbulu fəth edəndə xristianlığa azadlıq verdiyini və heç bir kimsəni zorakılıqla müsəlmana çevirməyəcəyi təəhhüdünü irəli sürür. Fəqət bu icazəni bildirən təəhhüd fərmanı yandığına görə həmin vaxt Sultan Fatehlə bir yerdə olan üç qoca şəxsin şəhadətinə müraciət edir. Bundan sonra Yavuz Sultan Səlim verdiyi əmri geri götürür.199

Bütün bunlar İslam dininin başqalarına zorakılıqla qəbul etdirilməyəcəyinə və heç kim ilə öz əvvəlki dinini buraxıb müsəlman olması üçün müharibə (cihad) edilə bilməyəcəyinin sübutudur. Vəziyyət belə olanda nədən Hz. Peyğəmbər (səs) müharibə etmişdir? Bu suala doğru və tərəfsiz cavab verə bilmək üçün tarixin dərinliklərinə dalıb onun səhifələrini bir az varaqlamaq lazım gəlir.

Müsəlmanlar, Mədinəyə gəlib İslamın bir dövlət olmağa yönəldiyi və inandıqlarını yaşamağa başladıqları zamanda belə düşmənlərinin hücum etməyəcəklərinə əmin ola bilmədilər. Düşmənlərin maddi və mənəvi hücumları üzündən özlərini təhlükəsiz hiss etmədilər. Bu baxımdan müsəlmanların etdikləri müharibələrə nəzər saldığımız zaman bunların onlara edilən təərrüzə qarşı müdafiə müharibələri olduğunu görürük. Müsəlmanlar düşmən tərəfindən təcavüzə uğramasa cavab tədbirinə əl atmaz. Bədr, Ühüd və Xəndək döyüşlərində həmişə müdafiə zərurətinə görə müharibə edilmişdir.


Həqiqətən, islamın başlanğıcındakı müharibələrə nəzər saldığımız zaman bütün bunların kökündə müdafiə və ya hücuma keçmək istəyən düşmənə bu fürsəti vermədən onu yerində məhv etmək məqsədinin durduğunu görürük. Düşmən təcavüzünün qarşısını almaq üçün düşməndən əvvəl hərəkət etməyənlər çox dəfə müdafiədən də məhrum olurlar.

Bütün söylədiklərimizi yekunlaşdırsaq görərik ki, İslam, bəşəriyyətə dünya müharibə tarixində özündən əvvəlki dövrlərdə fikirləşilməsi mümkün olmayan bir sıra insani prinsiplər nümunəsi qoymuşdur. Buna görə müharibədə düşmənə qarşı da olsa müsəlman ədalətdən yayınmayacaqdır, təxribatdan çəkinəcəkdir,

feli olaraq müharibədə iştirak etməyənlərə (qadın, uşaq, qoca və din adamları və s.) toxunulmayacaqdır. Müharibədə insanlıq şərəfi və şəxsiyyətinə yaraşmayan hərəkətlərdən uzaq durulacaqdır. Əsirlərlə yaxşı davranılacaqdır.

Beləliklə İslam, döyüşü qanlı bir səhnə olmaqdan çıxarmış, ona müəyyən qaydalar gətirmişdir. Bu baxımdan islam müharibəni, hər istəyəni və ya gücü yetəni sadəcə torpaq qazanmaq və ya qənimətə nail olmaq üçün deyil, Allahın rizasına nail olmaq məqsədilə dözmək və ya haqqı müdafiə etmək halına gətirmişdir. Buna görə islami mənada cihadın əsas məqsədlərini belə sadalaya bilərik:



  1. İnsanları, Allaha qulluq etmələri lazım gəldiyindən xəbərdar etmək

  2. İslama və müsəlmanlara qarşı hücumları, təcavüzləri dəf etmək

  3. İnsanların bir maneə ilə qarşılaşmadan Quranı dinləmələrin təmin etmək

  4. İslam cəmiyyəti üçün kafirlər tərəfindən düşünülən, hiylə və tələləri dəf edib aradan qaldırmaq.200

İslam mədəniyyət tarixində mühüm yeri olan bəzi hərbi təşkilatlar aşağıdakılardır:

1-HZ. PEYĞƏMBƏR DÖVRÜNDƏ

HƏRBİ TƏŞKİLAT

İslamdan əvvəlki cahiliyyə ərəblərində, müasir dövrümüzdə olduğu kimi əskərliklə əlaqəli qayda və qurumlar yox idi. Hər hansı bir müharibə və ya ziddiyyətlilik əsnasında qəbilələrin kişiləri qılınc, ox və qalxan kimi o dövrün silahlarını götürüb piyada və ya süvari kimi iştirak edirdilər. Müharibənin nəticəsindən sonra da evlərinə qayıdıb, gündəlik işləri ilə məşğul olurdular.

Hətta Hz. Peyğəmbəri (səs) və müsəlmanları, məhv etməyə çalışan düşmənlərinə qarşı döyüş icazəsi verildiyi zamanda nizamlı bir orduları yox idi. Hətta daxili təhlükəsizliyi təmin edəcək bir mütəşəkkil (polis) qüvvə də yox idi. Bununla birlikdə Hz. Peyğəmbər (səs), silah daşımağa müqtədir hər yetkin müsəlman adamı, dininə xidmət, başqa bir sözlə “i’layi-kəlimətullah” üçün əskərlik etməyə məsul buyurmuşdur. Hz. Peyğəmbər bir yürüş əsnasında və ya xaricdən gələn hücumu dəf edərkən dövlət başçısı kimi könüllüləri çağırırdı. Belə bir vəziyyətdə qeydiyyat dəftərinin açıldığını və hər namizədin buraya adının yazıldığından bəhs edilir.201 Burada onu da qeyd etmək lazımdır ki, ilk dəfə əskərlərin adlarının yazıldığı dəftərin (divanül-cünd), Hz. Ömərin (ra) xəlifəliyi dövründə ortaya çıxdığı bütün mənbələrdə təsdiq edilir.

Hz. Peyğəmbər dövründə könüllülər, silahları, minikləri, ərzağı və s. ilə şəhər xaricində bir qərargahda toplanırdılar. Hz. Peyğəmbər (səs) orduya gələr, könüllüləri bilavasitə təftiş edər, kiçik yaşda olanları və ya mərkəzdə başqa işlərdə işləməsi lazım gələnləri geri qaytarardı. Hər yürüşə lazım gələn insan sayını özü qərarlaşdırardı. Öz imkanları ilə təchizat tapa bilməyənlər dövlət büdcəsindən təmin edilərdilər.

Əskərliyə çağırış işi qəbilələr vasitəsilə olurdu. Bu sistemdə qəbilə başçılarına müraciət edilirdi. Onların razılığı ilə qəbilənin könüllü şəxsləri müəyyən edilirdi. Mədinədə xaricə qarşı cihad halında “qardaşlıq” prinsipi adət halına gəlmişdi. Əgər döyüş, daxildə və müdafiə şəklindəydisə bunda hamı iştirak edirdi. Xaricə yürüşdə isə, qarşılıqlı olaraq özlərini qardaş qəbul edən iki şəxsdən birisi yürüşə gedir, digəri evində qalaraq həm öz evinin, həm də mənəvi qardaşının evinin ehtiyaclarını təmin edirdi.

Səfərə çıxan ordunun komandirini dövlət başçısı təyin edirdi. Əgər bilavasitə özü başa keçərsə o zaman ona bağlı komandirləri təyin edib, lazımi tədbirləri görürdü. Qədimdən bəri məlum olan klassik şəkli ilə ordu beş qismə ayrılırdı. Bunlar: rəhbər, ardcı, sağ cinah, sol cinah və mərkəzdən ibarət idi.

Rəsulullah (səs) düşməni çaşdırmağın əhəmiyyətini yaxşı bilirdi. Bu baxımdan Mədinəni tərk etməzdən əvvəl əsas məqsədi başqa bir şeymiş kimi hərəkət edər və bu mövzuda söhbətlərin çıxmasını təmin edərdi. Tarixçilərin bildirdiyinə görə Bizansa qarşı edilən uzaq və təhlükəli Təbük yürüşü istisna olmaqla qalanı uzaq yürüşlərdə Rəsulullah (səs) öz niyyəti haqqında səfərə çıxanlar arasında yuxarıda dediyimiz yanlış qənaətlər oyadardı. Məkkənin fəthi, bu söylənənlərin ən gözəli idi. Bütün bunlar Peyğəmbərimizi (səs) “Müharibə hiylədir”.202 məşhur hədisinin ifadə etdiyi həqiqəti bilavasitə özünün felən tətbiq etdiyini sübut etmişdir.

Bütün islam tarixi mənbələrinin ittifaqla verdikləri məlumatlara baxanda bunun şahidi oluruq: Rəsulullah (səs), öz davranışlarına dair xəbərlərin gizli tutulmasını təmin edib, ani basqınlar şəklində düşmənin qarşısına çıxardı. Ancaq o, döyüşə başlamazdan əvvəl düşməni islama dəvət edərdi. Eyni şəkildə o, gecə basqınlarına da icazə verməzdi. Necə ki, Xeybər fəthində bu vəziyyəti açıq bir şəkildə görürük. Həqiqətən o, yorucu bir yolçuluqdan sonra 1400-ə qədər piyada və 200 süvari ilə gecə vaxtında Xeybərə gəldi. Buna baxmayaraq gecə basqın etmədi. Çünki, gecə basqını onun adəti deyildi. O, bu şəkildə, qəflətən basqın etməzdi. O, səhəri gözləyirdi.

Hz. Peyğəmbər (səs) sülh zamanlarında möminləri əskəri hazırlıqları ilə yaxından maraqlanırdı. Həmin dövrün silah təlimi deyə biləcəyimiz oxçuluğun tətbiq edilməsini və yarışların keçirilməsini təmin edərdi. İnsanlar arasında qaçış müsabiqələri, at və digər minik heyvanlarında üçün yarışlar tərtib edərdi.

Hz. Peyğəmbər (səs) müharibə üsul və tətbiqatı baxımından hər inkişafa üstünlük verərdi. Hər şeydən əvvəl o, qan tökülmədən düşmənin təslim olmasını istəyərdi. Başlanğıcda xəndək qazma bilinmirdi. Mədinə ətrafında Salmani Farisinin təklifi ilə ilk dəfə Ərəbistanda bir xəndək qazılmışdı. Xeybər fəthi əsnasında mancanaqlardan istifadə edən yəhudilərin bu tətbiqatını görən müsəlmanlar, bir il sonrakı Taif mühasirəsində mancanaqlardan istifadə etdilər. İbn Hişam, bilavasitə Hz. Peyğəmbərin (səs) mancanaqdan istifadə etdiyini və İslamda ilk barrikadadan istifadə edənin Rəsulullah (səs) olduğunu rəvayət edir. Eyni şəkildə müsəlmanlar, mühasirə edilən şəhərin qala divarlarını yıxmaq üçün içəridən əllə təkan verilən və dərilərlə zirehləndirilmiş araba (dəbbabə) işlətməyə başladılar.203

Hətta Hz. Peyğəmbər (səs) zamanında müsəlman ordusunda səhiyyə birliklərinə rast gəlirik. Hicrətin III ilində meydana gələn Ühüd müharibəsində Rəsulullahın (səs) ailə üzvləri də daxil olmaqla, gənc qadınlar mücahidlərə içmə suyu verib, yaralananlara baxırdılar. Xəndək döyüşündə qurulan “Rüfeydə çadırı”, əskəri xəstəxana vəzifəsini görürdü. Bəsit bir şəkildə də olsa yaralılar burada müalicə edilirdilər.

Müharibə halı, düşməni can va mal məğlubiyyətinə uğratma kimi vəziyyəti caiz edir. Bu baxımdan düşmən öldürülə bilər, yaralana bilər, zərbə vurula bilər, əsir alına bilər və lazım gələn hər zərərə düçar edilə bilər. Fəqət, kobudluq, vəhşət və lüzumsuz təhqir, Hz. Peyğəmbər tərəfindən kəskin olaraq qadağan edilmişdi. Əsirlərə qarşı insani bir şəkildə davranmaq, onun tətbiq etdiyi və əshabının da istədiyi bir xüsusdur.204 Bir yazıçı müsəlman orduların silah, təcrübə, əskəri sövq və idarə kimi, müharibənin udulmasında birinci dərəcədə rol oynayan bu xüsusiyyətlər baxımından ərəblər ilə o dövrün iki böyük imperatorluğuna: Bizans və İran arasında müqayisə edilə bilməyəcək dərəcədə fərqlər olduğunu göstərirdi. O, maddi güc cəhətdən mühüm bir bəsitlik və imkansızlıqlar içində olmalarına baxmayaraq ərəblərin qalib gəlmə səbəbini də belə söyləmişdir.



“Bir çöl mühitində doğub yetişən ərəb döyüşçülərinin bədəni dözümlülüyü, müsəlman oluşlarının verdiyi yüksək mənəviyyat və döyüş meydanında davamlı və diqqətə dəyər, uğurunun yaratdığı etimad idi.”205


    1. RƏŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ

HƏRBİ TƏŞKİLAT
Hz. Peyğəmbərin vəfatından sonra xəlifə olaraq müsəlmanların başçısı seçilən Hz. Əbu Bəkrin (ra) dövrü, çox uzun sürməmişdir. O, daxili üsyanların yatırılması ilə məşğul olmuş və dindən dönənələr ilə mübarizə etmək məcburiyyətində qalmışdır. O, xalqı könüllü olaraq döyüşlərə dəvət etməkdə Rəsulullahın (səs) yolunu tutmuşdur. Bunun üçün sadəcə könüllü olanları döyüşə göndərdi, getmək istəməyənlərə toxunmadı. Hətta o, Şam və İraqın fəthi yürüşlərində olmaq istəyən komandirlərinə belə deyirdi “Qayıtmaq istəyənlərə icazə verin, istəməyərək gələnlərlə fətih edilməsin, mürtədlərlə vuruşanlar və Rəsulullahdan sonra müsəlmanlıqlarını mühafizə edib dinində səbat edənlər, düşmən üzərinə göndərilsin”.206

Hz. Ömər (ra) dövründə bu vəziyyətin dəyişməsi lazım idi. Çünki, Şərq və Qərbdən gələn cizyə ilə xərac vergilərindən ötrü, xalqda zənginlik yaranmış, mal qazanma həvəsi çoxalmışdı. Bu da “İ’layi Kəlimətullah” üçün edilməsi lazım gələn cihada böyük bir maneə təşkil edirdi. Bunun üçün Hz. Ömər (ra) valilərinə əmrlər göndərərək onların özünə əskər toplayıb göndərmələrini istədi. O, sadəcə könüllülərlə kifayətlənmədi. Xalqa ərəb yarımadasının qıtlıq və quraqlığına, İraq fəthlərinin tamamlanması ilə qazanacaqları hesabsız qənimət mallarını da xatırladırdı. O, əskəri divanları (divanül-ceyş) təsis edərək əskərliyi məcburi hala gətirdi. Həmin divanlar, sayəsində kimin əskər olub-olmadığını, özünü və ailəsinə nə qədər maaş ödəndiyini də təsbit etdirərdi.207 Bununla birlikdə Hz. Ömərin (ra) xəlifəliyinin başlanğıcında əskərin mübarizəsi, dini səy və islamın nəşri üçün göstərilən səy dururdu. İraq, Şam, Fələstin və Misir kim bölgələrin fəthi əskəri, mal toplamağa və bu bölgələrdə yerləşib kənd təsərrüfatı ilə məşğul olmağa sövq etmişdir. Belə bir vəziyyətin onları əskərlikdən uzaqlaşdıracağını dərk etməkdə gecikməyən xəlifə, onları cihada təşviq edərək həmin işlərdən uzaqlaşdırırdı. Ancaq, özlərinə, həmdə istərsə də ailələrinə dövlət xəzinəsindən, (beytül-mal) maaş kəsdi. Əgər belə bir tətbiqatda olmasaydı, əskərlər öz işlərini buraxıb, kənd təsərrüfatı və ticarətlə məşğul olacaqdılar. Bu da cihad ruhunun ölməsinə səbəb olacaqdı. Hz. Ömər (səs), əskərlər üçün ordu mərkəzləri təsis edib, onların təhlükəsiz bir şəkildə buralarda yaşamalarına imkan yaratdı.208

Hz. Osmanın xəlifəliyi dövründə baş verən üç daxili üsyanlar fətihlərin yavaşlamasına səbəb olmuşdur. Bununla bərabər xəlifə, Şam valisi olan Muaviyə ibn Əbi Süfyana dəniz döyüşləri üçün icazə vermişdi. Fəqət burada (donanmada), vəzifə alacaq adamlar da könüllülər arasından seçiləcəkdi. Beləliklə bu növ döyüşlərə hamı könül razılığı ilə gəlirdi. Amma quru ordusu Hz. Ömər (ra) zamanında olduğu kimi yenə nizami idi və maaş alanlar üçün məcburi idi.209

Müharibə sənəti baxımından hələ çox inkişaf etməmiş olan müsəlman ərəblərdə, onların müsləman olmalarının verdiyi yüksək bir mənəviyyat var idi. Bununla bərabər onlar, qonşularının bu sənətdəki metodlarına biganə qala bilməzdilər. Ən azında Bizans və Sasani imperatorluqlarında bəzi şeyləri almış ola bilərdilər. İlk fətih dövrlərindən bəhs edən Parri, bu dövrlə əlaqədar bunları yazır.

Şübhəsiz, Suriyaya yaxın yaşayan qəbilə mənsubları, Bizansda tətbiq olunan döyüş üsulundan müəyyən bir dərəcəyə qədər xəbərdar idilər. Digər tərəfdən İraqın qərb hüdudunda sakin olan qəbilələr, İranda işlədilən döyüş metodlarına azca öyrəşmiş olmalıydılar. Ancaq, çox ərəb döyüşçüsünün tətbiq etdiyi müharibə üsulu hələ adi bir formada idi. Onlar nə inkişaf etmiş bir döyüş təşkilatının, nə də irəli bir sövq və idarəyə və nə də Bizans və Sasani ordularında işlədilən silahlar səviyyəsində bir nizama sahib deyildilər. Hərəkətlərində çevik olan, lazım gələndə piyada da döyüşə bilən dəvələrə minmiş bu ərəblər, ani manevrlərlə həmişə hücumlara məruz qoymaq sənətlərində üstündülər. Müharibə meydanlarında müxtəlif qəbilələrə mənsub ünsurlar çox dəfə saflar halında və müstəqil birliklər olaraq döyüşürdülər. Ümumiyyətlə tətbiq olunan üsul rəhbər birliklərin təkrar-təkrar hücumu, çəkilmə və yenidən hücum etmə, birinci mizraq və harbə ilə hücum edilir, bundan sonra yaxın döyüşün əsas silahı olan qılınc böyük rol oynayırdı.

İslam bayrağı altında yeni və güclü bir dövlət qurmaq üçün Nəciddən çıxan döyüşçülər, özlərini vətənlərindən ayrılmış gördülər. Qazanılan müvəffəqiyyət ilə birlikdə İslam ordusu, fəth edilən bölgələrdə hakim qüvvələr halına gəldi. Bu qüvvələr İraqdakı Kufə ilə Bəsrə və ya Misirdəki Fustad kimi sürətlə böyüyüb, inkişaf edən ordugah şəhərləri halına gələn, əsgəri məntəqələrə yerləşdilər.210

İstər Hz. Peyğəmbər (səs), istərsə də ondan sonra gələn xəlifələr dövründə müharibələrdə işlədilən silahlar, tüfənglər, müasir dövrümüzə görə çox bəsit və sadə idilər. Bunlar cahiliyyə dövrlərində İslam öncəsi ərəb aləmində də işlədilmişdilər. Bu silahların başında oxla yay gəlirdi. Ərəblər bu silahı heyrətamiz dərəcədə bir məharətlə işlədirdilər. Çünki, onlar bu silahı sadəcə döyüş üçün deyil, ovçuluqda və dolanışlarını təmin etmədə də işlədirdilər. İslamiyyət gəldikdən sonra ərəblər, oxçuluqda daha da irəli getdilər. Hz. Peyğəmbərin bu barədə onları təşviq etməsi, bunda mühüm rol oynamışdı.

İslamiyyət zühur edəndə ərəblərin bu ox atmadakı məharətləri Rumların üstünə qalib gəlmələrinə səbəb olmuşdu. Beləliklə müsəlman oxçuları bizansa qarşı böyük zəfər hazırlamışdı.211

Bu dövrdə ərəblər tərəfindən işlədilən hücum və müdafiə silahları çox bəsit olub: bunlar idi: qılınc, mizraq, mancanaq, dəbbabə, qoçbaşı, zireh, qalxan, xəndək qazma, qala və surlar idi.
3-ƏMƏVİLƏR DÖVRÜNDƏ

HƏRBİ TƏŞKİLAT
İslam dünyasında xülafayi Raşidin (Rəşidi xəlifələrdən) sonra rəhbər olan Əməvilər dövründə hərbi təşkilat, başlanğıcda Hz. Ömər dövründəki sistemlə eyni idi. Əməvilər, onun dövründə gətirilən məcburi və pullu əskərlik sistemini davam etdirirdilər. Bundan başqa Bizans və İran döyüş üsulundan istifadə etməyi başlı-başına buraxmadılar.212 Divanül-cünd tərəfindən idarə edilən Əməvi ordusunun əsasını “mürtəziqə” deyilən nizami və daimi statusdakı müvəzzəf (vəzifəli) əskərlər təşkil edirdi. Həmin əskərlər dövlətdən maaş alırdılar. Cihadın fəzilətindən istifadə etmək üçün öz arzuları ilə cəbhəyə gedən və adına “mütətəvviə” deyilən könüllülərə isə maaş ödənilməzdi. Bunlar sadəcə ələ keçirilən qənimətdən pay alırdılar.

Əməvilərin ilk dövrlərində ordu, yalnız ərəb olan ünsurlardan meydana gəlirdi. Daha sonra ərəb soylu olmayan müsəlmanlar da (məvali) əskərliyə götürülməyə başlandı. İranlı, Bərbəri və Türk soylu müsəlmanlardan olan əskərlərin sayı son zamanlarda çoxalmışdı. Amma onların komandirlik məqamına gətirilmələri demək olar ki, mümkün deyildi. Ərəb olmayan bu ünsurlar, islam ordularını təşkil edən ərəb qəbilələri yanında “məhmi” (himayə və mühafizə edən) vəziyyətindən olur və onların yanında köməkçi qüvvələr olaraq döyüşürdülər. Ancaq özlərinə düşən qənimətlərdən öz paylarını alırdılar.

Əməvi ordusu, qılınc, qalxan və mizraq daşıyan piyadalar, qılınc, döyüş baltası, yay və ox işlənən süvarilər (fursan), oxçular (rumat), neft atəşi atan əskərlər (nəffatun), mühəndis və istehkamçılardan əmələ gəlirdi.

Əməvilər, quru qoşunlarında olduğu kimi, dəniz birliklərinə də əhəmiyyət vermişdilər. İslam dünyasındakı, ilk donanmanın təşkil edilməsində, başda gələn isim olaraq Muaviyə ibn Əbi Süfyanın təşkil etdiyi donanma, Bizansı məğlub etmişdi.213



4-ABBASİLƏR DÖVRÜNDƏ

HƏRBİ TƏŞKİLAT
Abbasilərin hərbi təşkilatı, Əməvilərinkindən çox fərqli deyildi. Divanul-Ceyş tərəfindən idarə edilən Abbasi ordusunun əsasını “Murtəziqa” (muzdlu) deyilən nizami və davamlı statusdakı müvəzzəf əskərlər təşkil edirdi. Bunlar gördükləri xidmət qarşısında dövlət büdcəsindən maaş alırdılar. Beləliklə öz ehtiyacları dövləti tərəfindən təmin edilirdi. Bunların yanında cihad dövlətinə uyaraq və öz istəkləri ilə orduya qatılıb qənimətdən pay alan ikinci bir qrup daha vardı ki, bunlara “Mütətəvviə” (könüllü) əskərlər daxil idi. Bunlara xəzinədən bir maaş ödənməzdi.

Abbasi ordusu beş qrupdan meydana gəlirdi.



  1. dövlət mərkəzində ( paytaxt) olan və bilavasitə xəlifəyə bağlı olaraq vəzifəli mühafiz bilriyi (harasul-xəlifə)

  2. yüksək rütbəli dövlət adamlarının əmrində işləyən birliklər

  3. vilayətlərdə olan qüvvələr

  4. avasim və suğur adı verilən sərhəd qarnizonlarındakı birliklər

  5. yardımçı qüvvələr

Abbasi ordusunda vəzifəli olan döyüşçü siniflər bunlar idi: Muşaat və ya Rəccalə (qılınc, qalxan, mizraqla təchiz edilmiş piyada birlikləri), fursan (mifərli və zirehli olub mizraq və döyüş baltaları daşıyan süvari birlikləri), rumat (oxçular), nəffatun (neft odu atanlar), mühəndislər (mühasirə silahlarının istehsalı və təmiri ilə məşğul olan texniki adamlar), istehkam (dülgər, tunel açan və divarçı kimi müxtəlif peşə ərbabından meydana gələn birliklər).

Müharibə əsnasında, ordu beşli tərtibi əsas götürürdü. Qəlbül-ceyş (paytaxtda baş komandirin əmrində olan birliklər), məymənə (sağ cinah birlikləri), məysərə (sol cinah birlikləri), taliə (zirehli və mifərli süvarilərdən meydana gələn rəhbər birliyi), saqa (arxa cəbhə birlikləri).

Döyüşlərdə işlədilən ən mühüm silah və ləvazimatlar da qılınc, ox, yay, xəncər, mizraq, topuz, balta, qalxan, zireh, mifər, tikanlı məftil, nərdivan, mancanaq, arrada və dəbbabə idi.

Abbasi hakimiyyətinin ilk dövrlərindən müntəzəm və müvəzzəf bölüklər, mizraq, qılınc və qalxan ilə təchiz edilmiş piyada, oxçular və başlarında mifər, göyüs hissələri zirehlə örtülü və uzun mizraq ilə döyüş baltaları daşıyan süvari birliklərindən əmələ gətirilmişdir. Xəlifə əl-Mutəvəkkil dövründə ərəbistanın qədim üsulu olan qılıncın çiyin üzərində daşınması əvəzinə İran dəbinə uyğun olaraq beldə asılı halda daşınması üsulu mənimsənib, oxçu bölüklər, yanar neft atan birlikləri ilə təqviyə edildi. Bunlar atəşə qarşı dözümlü paltarlar və düşmən üzərinə neft atəşi tullamada işlədilən ləvazimat ilə təchiz edildilər. Ordu, açıq əraziyə çıxdığı zaman yanında səhra xəstəxanaları və dəvələr tərəfindən daşına bilən sədiyyə biçimində xəstə daşıma vasitələri də aparırdılar. Digər bir çox şeydə olduğu kimi xəlifə Harun ər-Rəşid ordu və əskərlik xidmətinə bənzər yenilik və elmi inkişafları daxil edən xəlifə olaraq məlumdur.

Ordudakı rütbələr daha əvvəlki dövlətlərdə (türk, bizans, roma) olan onlu sistemə görə tənzim edilmişdi ki, bu daha çox türk qoşunlarının xilafət ordusunun saflarına daxil olmasından sonra yaranmışdı. Buna görə “arif” 10 əsgərə, “xəlifə” 50 əsgərə, “naqib” 100 əsgərə, “qaid” 1000 əsgərə, “əmir” 10 000 əsgərə başçılıq edirdi. 100 nəfərin təşkil etdiyi birlik, bölük yaxud fırqanı təşkil edir və bu cür çox saylı bölüklər isə taburu (qurdus) meydana gətirirdi.214

Abbasilər, quru qüvvələrinə olduğu qədər dəniz qüvvələrinə və dənizçiliyə də böyük əhəmiyyət vermişdilər. Müxtəlif şəhərlərdə təsis etdikləri tərsanələrdə, bizans gəmilərindən daha böyük gəmilər inşa etmişdilər. Hər gəmidə bir zabit olar və əskərin təlimi ilə yaxından məşğul olardı. Abbasilər, demək olar ki, hər limanda tərsanələr təsis edib, gəmi inşa edirdilər. Abbasilərdə donanma komandirlərinə “əmirul ma” və ya “əmirul-bəhr” deyilərdi ki, bu söz avropa dillərinə “admiral” və ya “amiral” şəklində keçmişdir.215


5-SƏLCUQLULAR DÖVRÜNDƏ

HƏRBİ TƏŞKİLAT
Xüsusilə, sultan Alpaslan (456-465/1064-1072) və oğlu Məlikşah (465-485/1072-1092) dövrlərində zamanının ən böyük hərbi qüvvəsi halına gələn səlcuqlu ordusu müasir dövrümüzün müdafiə nazirliyi keyfiyyətində olan və adına “divani-arizül-ceyş” deyilən bir təşkilat tərəfindən idarə edilərdi. Ordunun ən böyük komandirinə də “Sipahsaalar” deyilirdi.216

Böyük səlcuqlu ordusu müxtəlif qövmlərdən alınaraq xüsusi saray tərbiyəsi ilə yetişdirilmiş mərasim, üsul və qaydalarını bilən, bilavasitə sultana bağlı olan “qulamani-saray”, ən çox seçilən komandirlərin təlimi altında hər an əmrə hazır olan, “xassə ordusu” ilə məlik, vəzir və vali kimi yüksək dövlət böyüklərinin əskərləri ilə bağlı hökumətlərin əskərlərindən təşkil edilmişdi. Adları, divan dəftərində yazılı olan, “ğulamani-saray” fərdləri, ildə dörd dəfə maaş alırdı. Dövlətin əsas hərbi gücünü təşkil edən, döyüşlərdə iştirak edən, düşmənə ağır itkilər verən və verdirən xaassa ordusu əskərləri də maaşlı idi. Bundan başqa hərbi bölüklərdə yaşayan, güzəranını ərazi gəlirlərindən təmin edən və hər zaman döyüşə hazır böyük bir süvari qüvvəsi (sipahiyan) da mövcud idi.

Səlcuqlu dövrü hərbiyyə təşkilatında edilən ən mühüm yeniliklərdən biri də hərbi iqta sistemi idi. Bir tərəfdən böyük orduların dövlətə yük olmadan saxlanmasını təmin edərkən digər tərəfdən də məmləkətin abad bir hala gəlməsinə yardım edən bu üsul bilavasitə Vəzir Nizamul-Mülkün (vəfatı 485/1092) bir əsəri deyildir. Bu həm Abbasilərdə olan, həm də qədim türk torpaq hüququnun yeni şərtlərə uyğunlaşdırılmış tədqiqindən ibarət idi. İqta sistemi, dövlətin hərbi olduğu qədər idari və hüquqi təməllərindən birini təşkil edirdi. Bu sayədə səlcuqlu dövləti, böyük bir hərbi qüvvəni təmin etmək imkanına sahib olmuşdur. Qəznəlilər ilə Buveyhilər dövlətində əskərə iqta deyil, maaş verilirdi. İqtisadi və siyasi vəziyyətin uyğun olmadığı zamanlarda bəzən dövlət bu maaşı ödəyə bilmirdi. Belə hallarda komandirlər, vilayətlərin vergilərini öz ad və hesablarına toplayırdılar. Xalq ilə aralarında bir mənfəət birliyi olmadığından əskərin fəaliyyətləri vilayətlərin xarab olmasına qədər gedirdi. Halbuki, əsgər iqtalar sayəsində böyük səlcuqlu dövləti 400 min, anadolu səlcuqluları da 100 min nəfərlik bir oduya sahib idilər.217

Mövzunun daha çox uzanmaması üçün bəzi müsəlman dövlətlərin hərbi təşkilatına toxunulmadı, bəzilərindən də çox az bəhs edildi. Bununla bərabər, islam dünyasının ən qüdrətli dövləti olan Osmanlıların əsgəri təşkilatı üzərində bir az daha ətraflı dayanmaq istəyirik.


6-OSMANLILAR DÖVRÜNDƏ

HƏRBİ TƏŞKİLAT

Osman bəy dövründə bəyliyin qüvvələri, xidmətləri əvəzində qənimətdən hissə alan və fəth edilən yerlərə atlı əsgər vermək şərti ilə türkmən qüvvələri ilə pulları gündəlik ödənən Osman bəyin şəxsi əsgərlərindən ibarət idi.

Orxan bəyin səltənətinin ilk illərində əsgəri qüvvələr Osman bəy zamanında çox fərqli deyildi. Fətihlər artdıqca torpağa yerləşən türkmənlərin sayı da artmış, buna bağlı olaraq qoşunların sayı və qayğıları da çoxalmışdı.

Fətihlərin davamı üçün zəruri olan ordunun təşkil edilməsi, yəni, ilk nizamlı birliklər, Bursanın fəthindən sonra və İznikin fəthindən öncə vəzir Əlaəddin Paşa ilə Bursa qazısı Çandarlı Qara Xəlilin (vəfatı 1387) təkliflərinin özünü doğrultması doğrultusunda yaradılmışdı. Buna görə daimi döyüşə hazır piyada və atlı bir qüvvənin saxlanılması lazım gəlirdi. Bu məqsədlə türk gənclərindən təşkil edilən bu ordunun atsız əsgərlərinə “yaya”, atlı əsgərlərinə də “müsəlləm” adı verildi.

Orxan bəy dövründə xassa ordusu sayılan yaya və müsəlləmlər neçə sancaq varsa o qədər yaya və atlı sancağa bölünərək başına sancaqbəyi təyin edilirdi. Yaya deyilən piyada sinfinin hər on nəfəri üçün bir başçı (onbaşı), hər yüz nəfərə də daha bir başçıs (yüzbaşı) təyin edilmişdi. Müsəlləm adı verilən atlı birliyi hər otuz nəfəri bir “ocaq” meydana gətirirdi. XV əsrin ortalarına qədər felən silahlı xidmətdə olan bu yaya və müsəlləmlər, qapıqulu ocaqlarının inkişaf etməsiylə yerlərini onlara tərk edirdi.

Quruluş dövründən başlamaqla Osmanlı ordusu “Quru” və “dəniz” olmaqla iki qismdən ibarət idi.


A-Osmanlı Quru Qoşunları:
Orduyu-Hümayun deyilən Osmanlı quru ordusu ümumi olaraq iki qismə ayrılırdı: bunlardan biri qapıqulu əsgərləri, digəri də əyalət əsgəri adını daşıyırdı
1)-Qapıqulu Əsgərləri:

Qapıqulu deyilən bu hərbi birlik, Səlcuqlular və digər dövlərdə olduğu kimi Xassa ordunu meydana gətirirdi. Bu sinfə daxil olan əsgər, dövlətdən “Ülufə” adı ilə maaş alırdı.

Qapıqulu əsgərləri başlanğıcda dövlət mərkəzində olurdular. Ancaq, ölkə genişlənib mühafizəsi üçün hüdud boyunca qalalar inşa ediləndə oraları da da idarə etmək məcburiyyətində qaldılar.

2)-Əyalət Əsgərləri:

Osmanlı quru ordusunun ikinci qismini meydana gətirən, dövlətin böyüməsində, inkişafında və sərhədlərini genişləndirmesində mühüm rolu olan əskəri güc, əyalət əskərləri idi. Bunları üç qrup halında götürə bilərik:


B-Osmanlı Dəniz Donanması
Osmanlı dənizçiliyinin təməlində Anadolu Səlcuq Dövləti, Aydınoğulları və Karasi Bəyliyi kimi qonşu dövlət və bəyliklərin təsirləri var idi. Həqiqətən Osmanlı bəyliyi böyüyüb dənizlərə çatdığı və sahil sahibi olduğu zaman, qonşu Türk bəyliklərinin gəmilərindən istifadə etmişdi. O cümlədən Rumeliyə də həmin bəyliklərin gəmiləri ilə keçmişdi. Gəlibolunun fəthindən sonra burada bir tərsanə təsis edilərək dənizcilik yolunda ilk addım atılmış oldu.

Osmanlı hərbi gəmiləri, Gəlibolu və İstanbul tərsanələrindən başqa Qaradəniz, Mərmərə və Aralıq dənizi sahillərində bir çox liman və məvkidə inşa edilirdi. Osmanlıların quruluş dövründən başlayaraq XVI əsrin sonlarına qədər işlətdikləri gəmilərin əsasını “Çəkdiri” sinfindən gəmilər təşkil edirdi. Bunlar, kürəklə hərəkət edən gəmilərdi. Bundan başqa yelkənli gəmilər də mövcud idi. Osmanlılarda incə donanma deyilən və ümumiyyətlə çaylarda olan donanmalar da mövcud idi. Yelkənlə hərəkət edən gəmilər də iki və üç dirəkli olaraq iki qismə ayrılırdı. 218



IX F Ə S İ L

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin