Abbasilərin dövründə memarlığın inkişafı



Yüklə 210,24 Kb.
tarix02.01.2022
ölçüsü210,24 Kb.
#38759
Abbasilərin dövründə memarlığın inkişafı


Abbasilərin dövründə memarlığın inkişafı

Abbasilər xilafəti Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti.

Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran, Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib.

Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8-9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi. Abbasilər xilafətində əsas təsərrüfat sahəsi suvarmaya əsaslanan əkinçilik idi, əsas istehsalçı isə təhkimli vəziyyətə salınan kəndli idi. Köçəri və oturaq maldarlıq əkinçilikdən sonra mühüm idi.

VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər.

Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadan­lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur. Ətraf qonşularının "ərəb" adlandırdıqlan Ərəbistan sakinləri bir xalq kimi yalnız VII əsrin I yarısında islam bayrağı altında birləşə bilmişdir.

Onu da qeyd edək ki, "ərəb" sözü əvvəllər etnik mənsubiyyəti bildirməmiş, yalnız «quraqlıq, xam torpaq» və onun sakinlərinə işarə kimi işlənmişdir. Sonralar bu sözün məna dairəsi genişlənmiş, "ərəb","Ərəbistan", "ərəb dili" terminləri meydana çıxmış və nəhayət "ərəb" sözü böyük bir xalqın adının ifadəçisinə çevrilmişdir.

Dilimizin, dinimizin, mədəniyyətimizin formalaşmasında müəyyən təsiri olmuş ərəb mədəniyyəti Azərbaycan alimlərini həmişə maraqlandırmışdır.

Ərəb mədəniyyətinin formalaşması əsasən VII əsrə təsadüf edir.Bu dövr tarixdə islam dininin meydana çıxdığı və ərəb istilaları nəticəsində Xilafət kimi böyük dövlətin yaranması ilə xarakterizə olunur. Xilafətə daxil olan xalqların mədəniyyətində ümumi formaların bərqərar olmasına həm dövlət, siyasət, həm də din, bəzi yerlərdə isə dil birliyi geniş imkan yaratdı. Ərəb mədəniyyətinin inkişafmda islamı qəbul etsələr də, milli müstəqilliklərini saxlayaraq, sonradan dövlət müstəqilliyini də qazanmış xalqların-Orta Asiyanın, İranın və Qafqaz xalqlarının da mühüm rolu olmuşdur.

Ərəblər ərəb mədəniyyətini islam dini, ərəb dili və bədəvi poeziyası ənənələri ilə daha da inkişaf etdirdilər.

VII əsrin sonundan VIII əsrin ortalarına qədər Əməvilərin paytaxtı Dəməşqlə bərabər Ərəbistanda Məkkə, Mədinə, İraq ərazisində Kufə və Bəsrə şəhərləri ərəb mədəniyyət mərkəzləri olmuşdur. 750-ci ildə Abbasilər xilafətinin yaranması ilə ərəb mədəniyyəti mərkəzi Suriyadan İraqa-Bağdad şəhərinə keçmişdir. Bu şəhərdə üç əsr müsəlman Şərqi mədəniyyətinin görkəmli nümayəndələri bir-birini əvəzləyərək fəaliyyət göstərmişlər.

Ərəb mədəniyyətinin daha da tərəqqi etdiyi dövr IX-X əsrlərdir. Belə ki, bu dövrdə bir çox elmlər, o cümlədən, fəlsəfə,təbabət, fizika, riyaziyyat, astronomiya, coğrafiya, tarix və s. inkişaf etmişdir. Yaradılan gözəl abidələr maddi mədəniyyət xəzinəsini daha da zənginləşdirirdi.

X əsrin ortalarında Abbasilər xilafətinin parçalanması və onun ərazisində müstəqil dövlətlərin yaranması ərəb mədəniyyətinin əhatə dairəsini, dünya mədəniyyətinin inkişafmdakı rolunu getdikcə azaldır. Belə ki, hələ VIII əsrdə Xilafətdən ayrılmış müsəlman İspaniyasında ayrıca ərəb-ispan mədəniyyəti, IX əsrin sonlarında xilafətin şəhər əyalətlərində İran mədəniyyəti və intibahı formalaşmağa başlayır. Fars dili getdikcə daha çox öz əhatə dairəsini
genişləndirərək, öncə ədəbiyyat və poeziya sahəsində, sonralar isə digər elm sahələrində də ərəb dilini sıradan çıxarır. Ancaq ərəb dili Quran dili, dini-hüquq və bəzi təbiətşünaslıq elmlərində, fəisəfədə hələ də öz əhəmiyyətini saxlayırdı.

VIII-X əsrlər ərəb mədəniyyətinin dünya mədəniyyəti tarixindəki yerini onu yaradanların dünyanın və insanın elmi-dini və bədii cəhətdən dərk olunması və yeni metodlar kəşf etməsi ilə müəyyənləşirdi. Sonralar ərəb mədəniyyəti nümayəndələrinin təşəbbüsü ilə bu irsin sistemləşdirilməsi və daha ətraflı tədqiqi başlandı. Ərəb mədəniyyətində elmi və bədii ənənələrin inkişafına baxmayaraq, XIII əsrin II yarısında epiqonçuluq geniş yayılmağa başlandı. Bəzi təşəbbüslər göstərilsə də, bu, ümumi mənəvi durğunluğa və bir sıra müsəlman ölkələrində XIV-XV əsrlərdə İran və Orta Asiyada, XVI əsrdə Osmanlı Türkiyəsində və Avropada ərəb mədəniyyətinin inkişafmm mədəni yüksəlişin sürətindən getdikcə geri qalmasına təsir edə bilmədi.

Ərəb-ispan mədəniyyətinin tərəqqi dövrü X-XV əsrlərdir. Bu mədəniyyətin mərkəzləri Kordova, Sevilya, Malaqa və Qranada şəhərləri idi. Təbiətşünaslıq elmləri sahəsində böyük nailiyyətlər əldə edilmişdi. İbn Rüşdün əsərlərində ərəb fəlsəfəsinin mütərəqqi qolu inkişaf etdirilirdi. Bu dövrdə poeziya və ədəbiyyatda sonralar ərəb mədəniyyətinə daxil edilmiş əvəzsiz nümunələr yaradıldı. Maddi mədəniyyətdə İspaniya Mavritaniya memarlığı və tətbiqi sənəti şöhrət qazandı.İbn Xəldunun ictimai inkişafa dair tarixi-fəlsəfi nəzəriyyəsi ərəb mədəniyyətinin böyük müvəffəqiyyəti idi.

Tarixdən məlumdur ki, XVI əsrdə ərəb ölkələri Osmanlı imperiyasının əyalətlərinə çevrilmişdir. Suriya, İraq və Misir qədim mədəniyyət mərkəzləri kimi müsəlman alimlərinin diqqətini cəlb etsə də, artıq ərəb mədəniyyəti tənəzzülə başlamışdı.

XIX əsrin I yarısından isə Ərəb mədəniyyətinin yeni inkişaf dövrü başlayır. Yeni və ən yeni tarixi dövrdə ərəb ölkələrinin həm iqtisadi və siyasi cəhətdən oyanması, milli azadlıq hərəkatının genişlənməsi, həm də müstəqil ərəb dövlətlərinin yaranması ilə müasir ərəb mədəniyyətinin təşəkkülü başlayır.
Abbasilər xilafəti dövründə Bağdad öz kitabxana və təhsil müəssisələri ilə beyük elm mərkəzinə çevrilmişdi. Sonralar bu sıraya Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və s. şəhərlər də əlavə olundu.

Hindlilərdən alınmış onluq say sistemi geniş yayılmağa başladı.Ərəb dilində hesaba dair ilk əsərin müəllifi Xarəzmidir. Cəbrin riyazi fənn kimi formalaşmasında Xarəzminin və Ömər Xəyyamın mühüm rolu olmuşdur.


Ptolemey və hind alimlərinin astronomiyaya dair əsərləri tərcümə edilərək öyrənildi və astronomiyanın inkişafi başlandı.Ərəblər göy cisimlərinin koordinatlarını təyin etməyi, istifadə olunan üç koordinat sisteminin birindən digərinə keçidi işlədilər.

Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə Xəlifə Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi, ər-Razi və s. mineralogiyaya dair əsərlər yazdılar. Biruninin «Məsudun qanunu»,«Mineralogiya» və İbn Sinanın «Bilik kitabı»nda atmosfer fizikasına və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin «Optika» əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı.


Tibb sahəsində də nailiyyətlər əldə edilmişdir. İbn Sinanın -Tibb elminin qanunu" orta əsr Şərq aləmində və Qərbi Avropada uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur.

Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini şifahi xalq yaradıcılığından götürmüşdür. İslama qədər yaradılmış ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır.

Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə əsas poeziya janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin - İmrəul- Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə əz-Zubyani, Zuheyr ibn Əbi Sulma, Əntərə ibn Şəddad, Əşa və Ləbid Rabiənin qəsidələrindən ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir.
Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə, Əmr ibn Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur. İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafmda Quranın müəyyən rolu olsa da, ədəbiyyatın əsas janrı poeziya idi.

Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli nümunələri isə Azərbaycan şairi Musa Şəhəvatin qələminə məxsus idi.

Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini ədəbiyyatın «qızıl dövrü» adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai-siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün tələbinə uyğun olaraq, yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli idi. Ancaq bu poeziyanın inkişafinda Azərbaycan şairlərindən İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur.
Yaranan poeziya nümunələri musiqi əsərlərində də öz əksini tapırdı. Ərəb musiqisi əsasən ərəb incəsənəti ilə bərabər işğal olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır.

İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq, Şimali Afrika, cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi mədəniyyətinin inkişafinda mühüm rol oynadı. Belə ki, yunan musiqi nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri altında ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı,əsas musiqi alətləri ərəbləşdirildi. 7 pərdəli 12 məqama əsaslanan ərəb musiqisi üçün spesifik kolorit, rəngarəng melizmlər, məqamdan yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi, əsasən vokal musiqisi ilə təmsil olunur.

İslam yarandıqdan sonra nəsx xətti məktublaşmalarda, kufi isə Quran nüsxələrində istifadə olunur. Kufi itibucaqlı xətt idi. Sonradan bir çox başqa xətlər yaransa da, daş oymaları kufi xətti ilə işlənirdi. Məscid və binaların dekorasiyasında ən çox kufi yazısından istifadə olunurdu. Sonradan kufi əsasında tumari xətti yaranır. Tumari kufi ilə müqayisədə ucu daha enli qələmlə yazılırdı. Tumari ən çox hökmdarların yazışmalarında istifadə olunurdu. Abbasilər dövründə bu xəttin daha incə variantı olan sülsi yaranır. Hökmdarların məktubları üçün bəzən tauqi xətt növündən istifadə olunurdu. Ümumiyyətlə, hələ Abbasilərin ilk dövründə müxtəlif yazılarda müxtəlif xətt növlərindən istifadə olunurdu. Bu xətlər bəzən o qədər gözəl olurdu ki, qeyri-ərəbləri heyrətə gətirirdi. Məsələn, xəlifə Məmun Bizans imperatoruna məktub göndərərkən, imperator həmin məktubun gözəlliyini o qədər bəyənir ki, onu bir incəsənət əsəri kimi sarayının divarına asdırır.

Yazı sənətinin təkmilləşməsi, ərəb hərəkələrinin və nöqtələrinin yaranması barədə Quranın yazıya alınması ilə bağlı idi. Məlumdur ki, Quran nazil ola-ola səhabələr onu əzbərləmiş, vəhy katibləri Quranı yazıya almışlar. İlk vaxtlar Quran ayələri perqament, papirus, xurma ağacı yarpaqları, heyvanların kürək sümükləri üzərində yazılırdı. İlk nümunələr kufi, bəzən də hicazi xətti ilə yazılıb.

Xəlifə Əbu Bəkrin dövründə Quran Zeyd ibn Sabitin başçılığı ilə kitab halında yazılıb tərtib olunur; yaddaşlarda, perqament, xurma yarpaqları, kətan parça və sümüklər üzərində olan suhufu kitab halına salırlar. Həmin nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərdə qalmış, Ömər dünyasını dəyişərkən onu saxlamağı Peyğəmbərin dul qadını, öz qızı Hafsəyə tapşırmışdır.

Quranın müxtəlif qiraət formaları uzun müddət cəmiyyətdə çaşqınlıq yaradırdı. Azərbaycanda olan yürüşlərin birində yarısı Abdulla ibn Məsudun, yarısı Ubeyy ibn Kəəbin qiraətini üstün tutan əsgərlər arasında çaxnaşma düşür, nəticədə onlarla əsgər həyatını itirir. Ümmət arasında fikir ayrılığına son qoymaq üçün Quranın vahid bir nüsxəsini yaratmaq zərurəti meydana çıxır. Bu nüsxənin əsasında Ömərin qızı Hafsədəki nüsxə dayanırdı. Osman nüsxəsi adlanan bu nüsxə indi əlimizdə olan müqəddəs kitabımızdır. Onun nüsxələri Kufəyə, Bəsrəyə, Dəməşqə, Məkkəyə, Misir və Orta Asiyaya göndərilir.

Görünür, Quranın Osman tərəfindən vahid nüsxədə tərtibi zamanı səhabədə müqəddəs kitabın səhifələr toplusu deyil, kitab olaraq bir çox  nüsxələri olmuşdur. Rəvayətə görə, Osman nüsxəsi tərtib edilməzdən əvvəl peyğəmbərin bəzi zövcələrində, eləcə də Əbu Bəkr, Ömər, Osman və Əlidə, müsəlman təfsir elminin banisi sayılan Abdulla ibn Abbasda, bəzi qarelərdə Quran nüsxələri var idi. Vahid nüsxə tərtib olunduqdan sonra bu nüsxələr Osmana verilmiş və onlar yandırılmışdır. Yalnız məşhur Quran qaresi, şiəliyə meylli Abdulla ibn Məsud öz nüsxəsini verməkdən imtina etmiş, “ağzından süd iyi gələn” Zeyd ibn Sabitin başçılığı ilə yeni nüsxə tərtib olunmasını bəyənməmişdir. Deyilənə görə, ibn Məsudun nüsxəsində əl-Fatihə surəsi və muavvazatən adlanan əl-Fəlaq və ən-Nəs surələri olmayıb. Kanonik nüsxədən fərqli olaraq, Abdulla ibn Məsudun nüsxəsində doqquzuncu surə bəsmələ ilə başlayır. Ubeyy ibn Kəəbin nüsxəsində isə iki əlavə surə olub; üç ayədən ibarət əl-Xəl və yeddi ayədən ibarət əl-Hafd surələri. Sonradan yaranmış xarici təriqəti nümayəndələri isə Yusuf surəsini bəyənməyib Qurandan çıxarmışlar.

Quran müshəf olaraq ilk vaxtlar perqament üzərində yazılmışdır. Adətən üst-üstə beş iri dəri qoyulur, ortadan bərkidilir, on səhifəli iri bir Quran alınırdı. Bəzi ilk Quran nüsxələri papirus üzərində hicazi xətlə şaquli yazılıb. Sonra Quranın kufi xətlə üfiqi istiqamətdə yazılmasına başlanıb. 

Quran-i Kərim yazı sənətinin inkişafına təkan verir. Quranın yazıya alınması ilə ilk öncə ərəb orfoqrafiyası təkamül etdi. Əvvəllər ərəb yazısında nöqtə və hərəkələr yox idi. Bu, bir sözün bir neçə oxunuşunu yaradır və Quranın düzgün qiraətini çətinləşdirirdi. Əbu l-Əsvad əd-Duali hərəkələri qırmızı mürəkkəblə nöqtələr şəklində təsvir edir; fəthəni hərfin üzərində, kəsrəni hərfin altında, dammanı hərfin yanındakı qırmızı nöqtə bildirirdi. Deyilənə görə, ona bu dəyişiklikləri etməyi Əli ibn Əbi Talib, başqa bir versiyaya görə, əməvi valisi Ziyad ibn Əbihi tapşırmışdır. Kufi əlifbası ilə iri hərflərlə yazılan qədim Quran nüsxələrində əd-Dualinin yazı sistemi müşahidə edilir. Ərəb orfoqrafiyasında ikinci böyük dəyişiklik hərflərin nöqtələrlə fərqləndirilməsi oldu. İlk nöqtələrin də əd-Duali tərəfindən tətbiqi göstərilir, amma indiki işlətdiyimiz şəkildə nöqtələmə sisteminin əməvi valisi Həccac ibn Yusufin göstərişi ilə Nasir ibn Asimin tərtib etməsi bildirilir. Üçüncü dəyişiklik Xəlil ibn Əhməd əl-Fərahidi tərəfindən edildi. O, Əbu l-Əsvad əd-Dualinin nöqtələri əvəzinə indi işlətdiyimiz hərəkələri - fəthə, kəsrə, damma, sukun, şəddə və məddəni yaratdı.

İlk vaxtlar katiblik sənəti ilə bağlı olan yazı işləri zaman keçdikcə incəsənətin bir növünün - xəttatlığın yaranması ilə yeni mərhələyə qədəm qoydu. Xəttatlıq katiblikdən yaranan xüsusi sənət növü olub yazıya estetik gözəllik ünsürləri daxil edir. Hər bir xəttat həm də katib olduğu halda, hər katib xəttat sayılmırdı. Xəttatlıq bir sənət növü kimi Abbasilər dövründə ərəb dünyasında, xüsusilə Bağdadda, sonra isə fars əyalətlərində, xüsusilə İsfahan, Herat, Təbriz kimi şəhərlərdə inkişaf etmişdi. Yazı sənətinin inkişafında ibn Əbu Əli Muhamməd ibn Muqla əş-Şirazinin xidməti böyük idi. O, xəlifə Muqtədirin vəziri idi. İbn Muqlanın həyatı çətin keçmiş, siyasi intriqaların qaynadığı Abbasilər dönəmində o, təqib və təhdidlərlə üzləşmişdir; düşmənləri onun sağ əlini kəsmiş, bundan sonra o, sol əli ilə yazmışdır.

İbn Muqla ərəb xəttinin on dörd növünü müəyyənləşdirdi. O, eləcə də, müxtəlif yazı növlərində fərqli qələmlərin işlənməsi, yazıya dairə ünsürlərinin daxil edilməsi ilə bağlı məsələləri gündəmə gətirdi. İbn Muqla qələmin yonulması və mürəkkəbin seçilməsi ilə bağlı bir sıra yeniliklər etdi. O, yazıya hərflərin ölçü mütənasibliyini gətirmişdir. Belə ki, hərflərin ölçüsü - əlif və ləmin uzunluğu, dairələrin ölçüsü ilə bağlı məsələni də məhz ibn Muqla gündəmə gətirdi. Ölçü vahidi kimi o, yan-yana düzülən nöqtələrin sayını əsas götürürdü. İbn Muqlanın Risalət əl-xətt va l-qaləm əsəri kalliqrafiya məsələlərini əks etdirən dəyərli mənbə rolunu oynadı. O, əsəri mürəkkəbin hazırlanması ilə başlayır, sonra qələmdən bəhs edir və onun yonulması qaydalarını göstərir. Daha sonra o, əlifbanın hər bir hərfinin yazı tərzini izah edir və hərflər arasında mütənasiblikdən bəhs edirdi. O, xəttatlığın on iki mühüm qaydasını müəyyənləşdirdi.

İbn əl-Bəvvab əl-Bağdadi ibn Muqlanın davamçısı kimi xəttatlıq sənətini daha da inkişaf etdirdi. Bağdadda dünyaya gələn ibn əl-Bəvvab ərəb dilini və ədəbiyyatını görkəmli dilçi alim ibn Cinnidən, xəttatlıq sənətini isə o dövrün görkəmli xəttatı ibn Əsəd əl-Xəttatdan öyrənmişdi. O, ilk vaxtlar evlərin divarlarını bəzəməklə məşğul olur. Zaman-zaman həm xəttat, həm də katib kimi məşhurlaşır.

İbn əl-Bəvvab müxtəlif xəttatların yazı tərzini mənimsədiyindən yeni yazılmış kitab nüsxələrini qədim xəttatlara məxsus nüsxə kimi qələmə verə bilirdi. Sonra xəttatlıqda bu hal geniş yayılır və xəttatlar köhnə vərəqlərdə məşhur xəttatların üslubunda yazıb saxta antik nümunələr yaradırdılar.

İbn əl-Bəvvabın kalliqrafiya ilə bağlı görüşləri “Raiyyə fi l-xətt” qəsidəsində əks olunub. Qəsidə bir çox görkəmli İslam alimlərinin, o cümlədən, ibn Xaldunun diqqətini cəlb edib.



Orta əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan əl-Kindi, İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əsərlərində Şərq musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur.

Ərəb tarixçiləri Dağıstanla yanaşı Şərqi Zaqafqaziyanın digər bölgələrində də ərəb əhalisinin yerləşdirildiyi barədə yazırlar. Bərdə şəhəri Zaqafqaziyada əksər ərəb valilərinin iqamətgahı idi və bura çox sayıda ərəb əhali köçürülmüşdü. Bundan başqa xəlifənin Azərbaycan valisi Yezid ibn Üsayd Şirvanda Böyük və Kiçik Arcil şəhərlərini qurdu və burada Fələstin ərəblərini məskunlaşdırdı. Ərəb komandiri Mərvan ərəb əsgərlərinin məskunlaşma mərkəzlərindən biri kimi Marağa şəhərini göstərirdi. Bundan başqa ərəb tarixçisi Əl-Yaqubi Bəsrədən olan minlərlə ərəbin Azərbaycanda məskunlaşdığını qeyd edir. Əməvilər dövründəki köçürülmə Abbasilər zamanında da davam etdirildi. Xəlifə Harun ər-Rəşidin hakimiyyəti dövründə Azərbaycanın şərq bölgələrində ərəb əhalisinin əsas hissəsini təşkil edən rəbiələrin köçü başlandı.

Qeyd etmək lazımdır ki, Əməvilər sülaləsinin hakimiyyəti dövründə şimalda yaşayan ərəb tayfaları, Abbasilər dövründə isə cənubda yaşayan ərəb tayfaları köçürülürdü. Məsələn, xəlifə əl-Mansurun dövründə Yəməndən Azərbaycana köç başlandı. 755-ci ildə Terek çayından Kür çayına qədər ərazidə Suriya və Ərəbistandan gətirilən 7 min ərəb ailəsi məskunlaşdırıldı. Belarus tarixçisi Karpoviçin fikrincə, ərəblər Azərbaycanın şimal-şərqinə ilk dəfə 763-cü ildə köçürülüb. İkinci kütləvi köç Arran hökmdarı Yusif ibn Rəşid və Yezid ibn Məzyədin dövründə başladı. Bu zaman Şirvana minlərlə ərəb ailəsi köçürüldü. Harun ər-Rəşidin dövründə ərəblərin Azərbaycana köçü zəiflədi. Xəlifə Məmunun Arrana hakim kimi Xalid ibn Yezidi təyin etməsindən sonra ərəb köçü yenidən sürətləndi. Ziya Bünyadovun fikrincə, bu ərəb ailələri Azərbaycana köçürülən sonuncu ərəblər idi.


ƏDƏBİYYAT

  1. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 5-6. ISBN 5-89968-070-9.

  2. 525-ci qəzet.- 2016.- 17 dekabr.- S.20.

  3. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.

Yüklə 210,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin